DİN Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb
Araşdırma aparılır

Daxili İşlər Nazirliyi Gəncədə baş verən ağır qəza ilə bağlı məlumat yayıb. Nazirliyin Mətbuat xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, oktyabrın 29-da saat 2 radələrində Nizami (Gəncə) rayonunun İ.Qayıbov küçəsində şəhər sakini Z.Məmmədov idarə etdiyi “Priora” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişinləri - Saatlı rayon sakini Eldar Məmmədov və Tərtər rayon sakini İkram Bayramlı hadisə yerində ölüblər.

 

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Bu xəstəliyi olanlara sürücülük vəsiqəsi verilməyəcək - Azərbaycanda
Sürücülük vəsiqəsi almağa mane olan xəstəliklərin siyahısı hazırlanacaq

Azərbaycanda nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı təsdiq ediləcək. Yol-xeber.az xəbər verir ki, “Sputnik Azərbaycan”a bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu, məsələ "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün" Dövlət Proqramında yer alıb. Proqramda qeyd edilib ki, Səhiyyə Nazirliyi tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsinə mane olan xəstəliklərin və fiziki məhdudiyyətlərin siyahısı hazırlanmalıdır. Məsələnin həlli istiqamətində müvafiq işlərin görülməsi üçün digər məsul qurumlar Daxili İşlər, Nəqliyyyat, Rabitə və Yüksək Texnologiyalar, Fövqəladə Hallar nazirlikləri, eləcə də Bakı Nəqliyyat Agentliyidir.

 

Qeyd edək ki, "Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında" Təlimatın təsdiq edilməsi barədə qərarda bununla bağlı müvafiq bənd var. Həmin bənddə qeyd edilir ki, siyahısı Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən xəstəliklərlə əlaqədar psixiatriya və ya narkoloji dispanserlərin uçotunda olan şəxslər imtahanlara buraxılmır.

Toy kortejlərində olan avtomobillərin sayının azaldılması təklif edilib
Buna səbəb isə digər hərəkət iştirakçıları üçün yaranan təhlükədir

Çeçenistanda toy kortejlərində olan avtomobillərin sayının azaldılması təklif edilib. Yol-xeber.az xəbər verir ki, buna səbəb isə digər hərəkət iştirakçıları üçün yaranan təhlükədir.

Bu barədə Dövlət Yol Təhlükəsizliyi Müfəttişliyinin rəisi İdris Çerxiqov bildirib.

Onun sözlərinə görə, “Toy tədbirində iştirak edən avtomobillərin sayının azaldılması məsələsinə baxılır”.

 

Qeydə edək ki, oktyabrın 21-də Kurçaloevskom rayonunda toy kortejində olan avtomobillərdən birinin əks yol çıxaraq ağır yol-nəqliyyat hadisəsinə səbəb olmuşdu. Nəticədə 6 aylıq körpə və 39 yaşlı qadın dünyalarını dəyişmişdi, daha 7 nəfər isə xəsarət almışdı.

Daha bir deputat plyonka qadağasının ləğvini TƏLƏB ETDİ
Tahir Kərimli avtomobillərdə plyonka qadağasının aradan qaldırılmasını təklif edib

Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli avtomobillərə tətbiq edilən plyonka qadağasının aradan qaldırılmasını təklif edir. T.Kərimli “Report”a açıqlamasında deyib ki, plyonkaya görə cərimələrin yazılması vətəndaşları narazı salır. Deputat qeyd edib ki, qanunvericiliyə dəyişikliklər edilməli, qadağa götürülməlidir: “Bu qadağanın tətbiq edilməsi absurddur. Beynəlxalq qanunvericiliyə əsasən, avtomobilin ön şüşələri istisna olmaqla, arxa şüşələrə plyonka və ya digər vasitələr vurula bilər. Belə bir qadağa yoxdur. Tutaq ki, biri ailəsinin gizliliyini təmin etmək istəyir, digəri görünmək istəmir, yəni bu, insanların seçim hüququdur. İnsanlar var ki, günəş şüasına qarşı allergiyası var, onlar nə etməlidir? Azərbaycanda milyonlarla insan avtomobilində ilin 6 ayında plyonkadan istifadə edir, digər 6 ayında isə plyonkanı sökür. Bu, həddindən artıq xərc tələb edir.

Dövlət qurumlarından xahiş edirik ki, bu absurd qərarı aradan qaldırsınlar. Dövlət Yol Polisi İdarəsinin əməkdaşları avtomobilləri saxlayırlar, plyonkaları sökürlər, sonra da cərimə yazırlar. Bu, biabırçı səhnədir. Müavinlərimdən birinin avtomobilinin pylonkasını sökərkən şüşəni tərləməkdən qoruyan texniki vasitəni də söküblər... Belə olmaz axı. Ölkəyə xarici vətəndaşlar gəlir, onların da avtomobillərinin plyonkasını sökürlər. Bir absurd qərar beynəlxalq münasibətlərdə də narazılıq yaradır. Bilmirəm, bəlkə də kimsə plyonka biznesi ilə məşğuldur, ona görə bu cür hallara yol verilir...”.

Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may tarixindən 15 noyabr tarixinədək həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.

Maşınınızla bağlı bu qaydalara riayət etməsəz... - 2000 manat cəriməsi var
Şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir

Yol polisi əməkdaşları bu günlərdə sürücülük vəsiqəsi olmadan icarə avtomobil götürən şəxsi saxlayıb. Onun narkotik maddənin təsiri altında olduğu məlum olub, hətta avtomobilin yük hissəsindən marixuana da tapılıb. Məsələnin əsas tərəfi isə sürücülük vəsiqəsi olmayan şəxslərə avtomobil icarə şirkətlərinin maşın verməsidir. Müştərilərə icarə avtomobil verilmə prosesi qanunlarla necə tənzimlənir? Sürücülük vəsiqəsi olmayan şəxslərə maşın verən şirkətləri hansı cəzalar gözləyir?

Mövzu ilə bağlı yol-nəqliyyat eksperti Ərşad Hüseynov Lent.az -a danışıb. Ekspert şirkətlərin sürücülük vəsiqəsi tələbinin vacibliyini vurğulayıb: "İcarə avtomobil verən bütün fiziki və hüquqi şəxslər öz avtomobillərini yalnız sürücülük vəsiqəsi olan şəxslərə verə bilərlər. Yəni, kiminsə sürücülük hüququ və ya vəsiqəsi yoxdursa, ona icarə avtomobil verilə bilməz. Əks halda, bu həmin şirkətlərin özləri üçün böyük məsuliyyət yarada bilər. Onlar bilərəkdən avtomobili sürücülük vəsiqəsi olmayan şəxslərə versələr, həm inzibati məsuliyyətə cəlb olunarlar, həm də sığorta hadisəsi baş versə, heç bir sığorta təminatı olmayacaq. Proses belədir: icarə avtomobil götürmək istəyən şəxs sürücülük vəsiqəsini və tələb olunduğu təqdirdə şəxsiyyət vəsiqəsini təqdim etməlidir”.

Ərşad Hüseynov avtomobil icarə şirkətlərinin hər hansı sənəd tələb etmədiyi və sürücülük vəsiqəsi olmayan şəxsə avtomobil verdiyi halda ziyanın daha çox şirkətə dəyəcəyini bildirib. Ekspert hətta sənəd tələb olunandan sonra da baş verə biləcək bəzi qanunsuz hərəkətlərdən də söz açıb: "Məndə olan məlumata görə, avtomobil icarəyə verən şirkətlər bu qaydalara riayət edirlər. Çünki bu onların özü üçün maraqlıdır. Hər müraciət edənə maşın versələr, sonra bir sıra problemlərlə üzləşəcəklər. Ola bilər ki, kimsə tələb olunan qaydalara riayət edərək maşın götürür, ancaq sürmək üçün dostuna verir. Əksər "Rent a car”lar da bunu nəzərə alaraq müştərilərinə şifahi xəbərdarlıq edərək baş verəcək xoşagəlməz hallardan özlərini sığortalayırlar”.

 

Ərşad Hüseynov bundan əlavə icarəyə maşın verən şirkətlərin müştəriyə etibarnamə verdiklərini də deyib. Ekspert bunun əslində etibarnamə yox, icarə müqaviləsi olmasını qeyd edib. Onun sözlərinə görə, etibarnamə verilən adamın sürücülük vəsiqəsi olmasa, Dövlət Yol Polisi protokol tərtib edərək məhkəməyə göndərir. Bununla da icarə şirkəti 2000 manat cərimələnir.

DYP uşaq-məktəb-valideyn tədris formatı “üçbucağı”nı dəstəklədi ile ilgili görsel sonucu

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramında nəzərdə tutulan təbliğat-təşviqat və maarifləndirmə tədbirlərini vətəndaş cəmiyyəti institutları ilə birgə əməkdaşlıq mühitində davam etdirir.

Müasir yanaşma metodlarının, tədris üsullarının, təbliğat və maarifləndirmə vasitələrinin yol hərəkəti təhlükəsizliyi sahəsində tətbiqinə çalışan, yol hərəkəti mədəniyyətinin daha da inkişaf etdirilməsinə təkan verən platformaların yaradılmasında maraqlı olan Baş Dövlət Yol Polisi İdarəsi bu qəbildən olan növbəti tədbirini Azərbaycan Milli Avtomobil Klubu (AMAK) ilə birgə Xəzər rayonu ərazisində yerləşən 8 nömrəli sanatoriya tipli internat məktəbində həyata keçirib.

Əsasən internat tipli təhsil müəssisələrindən tədbirə qatılan 30-dan çox müəllimin iştirakı ilə keçirilən maarifləndirmə sessiyasında çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev ümumi təhsil müəssisələrində yol hərəkəti təhlükəsizliyinə dair biliklərin tədris edilməsini uşaq və yeniyetmələrin yolda üzləşdikləri risklərin azaldılması və yol-nəqliyyat hadisələrində uşaq travmatizminin minimuma endirilməsi məqsədilə həyata keçirilən dövlət strategiyanın tərkib hissəsi olduğunu bildirmiş, yol hərəkəti təhlükəsizliyi üzrə bilik və vərdişlərin müasir metodlardan istifadə etməklə uşaq-valideyn-məktəb “üçbucağında” tərəflərə aşılanmasının, bu sahədə mövcud olan qabaqcıl təcrübənin ölkəmizdə yayılmasının əhəmiyyətindən danışmışdır.

Sessiyada AMAK-ın Baş Meneceri Vəfa Hüseynli EASST və AMAK tərəfindən hazırlanmış Tədris Paketinin müxtəlif yaş kateqoriyaları üçün istifadə qaydaları və onun metodikasına dair iştirakçılara ətraflı məlumat vermiş, interaktiv təlim üsullarından istifadə etməklə ustad dərsi keçmişdir.

Qeyd edək sözügedən Tədris Paketi konkret yaş quruplarına mənsub təhsilalanlara yol hərəkəti təhlükəsizliyi üzrə əsas bilik və bacarıqların aşılamasını, habelə müəllim, valideyn və DYP əməkdaşlarının təlimini, bu sahədə daha effektiv tədrisə nail olunmasının üsul və metodlarını özündə ehtiva edir.
Deputat plyonka qadağasının ləğv edilməsini yenidən GÜNDƏMƏ GƏTİRDİ
Çingiz Qənizadə: "Bu qərarın heç bir əhəmiyyəti qalmayıb"

Azərbaycanda avtomobillərin arxa yan şüşələrinə sənaye üsulu ilə hazırlanmış jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-nə kimi qanunla icazə verilib. Lakin arxa yan şüşələrə plyonka vuran sürücülərə də yol polisi cərimə tətbiq etmir. Sürücülər redaksiyamıza çoxsaylı müraciətlər edərək noyabrın 15-dən sonra plyonkaya icazə verilib-verilməyəcəyini də soruşurlar. 
Yol-xeber.az saytı millət vəkili Çingiz Qənizadənin fikrini öyrənməyə çalışıb.
O, açıqlamasında bir daha bildirib ki, "avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməlidir. İndi demək olar ki, əksər avtomobillərin arxa yan şüşələrində plyonkadan istifadə edilir. Təcrübə də göstərir ki, burada heç bir təhlükə yoxdur. Arxa yan şüşəyə vurulan plyonka sürücüyə heç bir təhlükə yaratmadığı üçün ilin bütün fəsillərində istifadəsinə icazə verilməlidir". Millət vəkili bir daha bildirib ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir: “Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Ölkəmizin qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydalarında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır. Yəni qabaq yan şüşələrdən başqa digər arxada qalan yan şüşələri sürücü istədiyi faizdə tündləşdirə bilər. 
Alın şüşəyə və qabaq yan şüşələrə plyonka vurulması birmənalı qadağandır və çox təhlükəlidir. Qabaq yan şüşələrə vurulan plyonkadan bayırı görmək çox çətin olur. Gecə vaxtı demək olar ki, heç nə görünmür. Bu isə bir başa qəzalara və ölümlərə yol aça bilər. Ona görə də alın şüşəyə və qabaq yan şüşələrə plyonka və pərdədən istifadə edən sürücülər güzəştsiz məsuliyyətə cəlb edilməlidir.

Millət vəkili xatırladıb ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb: “Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi. Mən bu məsələni parlamentdə də gündəmə gətirəcəm. Düşünürəm ki, Avropa İqtisadi Komissiyasının 43 saylı qərarını Azərbaycanda tətbiq etmək mümkündür. Buna, Konstitusiyasımız, “Yol hərəkəti haqqında” qanun və ötən ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Yol hərəkətinin təhlükəsizliyinə dair” 2019-2023-cü illər üzrə Dövlət Proqramı da imkan verir”

Nişanın olmaması sürücülərə təhlükə yaradır: BNA-nın diqqətinə - VİDEO
Nişanlar qəza zamanı yararsız hala düşüb

Bakının Heydər Əliyev prospektində nişanların olmaması sürücülərə təhlükə yaradır. Bu barədə oxuculardan biri Yol-xeber.az-a məlumat verərək həmin ərazidən video görüntülər göndərib.

Qeyd etdiyimiz prospektin şəhər istiqaməti girişindən üzü Koroğlu metrostansiyasına gedən hissəsində (geriyə dönmə yerində) və əks tərəfdə Gülarə Qədirbəyova küçəsi ilə kəsişməsində yol nəqliyyat hadisəsi zamanı ayırıcı zolağa qoyulmuş 4.2.3 (maneəni sağdan və ya soldan keçmə) nişanları yararsız hala düşüb. Bu səbəbdən yararsız hala düşmüş nişanlar yoldan götürülüb, lakin yerinə yenisi quraşdırılmayıb. Sürücülər nişanların olmamasına görə təhlükəli vəziyyətlə üzləşirlər. Ümid edirik ki, aidiyyəti qurumlar bu problemi aradan qaldırmaq üçün lazım olan nişanları həmin əraziyə quraşdıracaq.

 

Azərbaycanda yol çəkilişi zamanı dağı belə partlatdılar - VİDEO
Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır

Tovuz rayonunda dağların partladılması üsulu ilə yeni yol salınır. Rayonun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Yol-xeber.az-a qurumdan verilən məlumata görə, bir-neçə istiqamət üzrə yenidən qurulan 52 km-lik yolun 15 km-lik Qovlar-Əyyublu-Alakol hissəsi 2016-cı ildə əsaslı şəkildə təmir edilərək istifadəyə verilib.  Tikinti layihəsi çərçivəsində yolun 820 m-lik hissəsi I, qalan hissəsi isə  III  texniki dərəcəyə uyğun yenidən qurulub. Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9.5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Sözügedən yolun qalan 37 km-lik hissəsinin isə IV və V texniki dərəcəyə uyğun yenidən qurulması aparılara yekunlaşdırılır. 37 km-lik yolun 13.9 km-i asfalt-beton, qalan 23.1 km-lik hissəsi isə çətin relyefə malik dağlıq ərazidən keçdiyi üçün çınqıl örtüklü olmaqla inşa edilir. Bu çərçivədə Alakol-İbrahimhacılı, Qoçdərə-Çobansığnaq, Çobansığnaq-Sarıtala, Çobansığnaq-Yoğunbulaq, Sarıtala-Dondarlı, Sarıtala-Haçaqaya (ziyarətgah) və Ağacqala-Yanıqlı yolları, həmçinin Əyyublu, Qaraboyunlar, Dönük Qırıqlı və Qırıqlı kəndlərinin giriş yolları çınqıl və asfalt örtüklü olmaqla əsaslı şəkildə təmir edilir. Sözügedən layihənin yalnız Ağacqala-Yanıqlı hissəsinin yenidən qurulması qalıb ki, bu işlər də yekunlaşmaq üzrədir. Belə ki, 8 km uzunluğa malik bu hissədə ümumiyyətlə yol olmayıb və hazırda yeni yolun tikintisi aparılır. Çətin relyefə malik dağlıq ərazidən keçən yolun layihə eninin alınması üçün dağların partladılması üsulu ilə yol yatağı inşa edilir. Artıq yolun 7 km-lik hissəsində bu işlər yekunlaşdırılıb.

Ümimilikdə layihə boyu atmosfer sularının təsirindən və hərəkətin intensivliyi nəticəsində Yolların torpaq yatağında aşınma və dağılmalar əmələ gəlmişdir. Bu isə xüsusən payız-qış mövsümündə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə maneə yaradırdı. Artıq bu problem demək olar ki, geridə qalıb.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yollar boyu aparılan yenidənqurma işlərinin ardıcıllığı bundan ibarətdir. İlk növbədə yollar boyu yolun normativ eninin alınması üçün yararsız qrunt qazılıb çıxarılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və texniki dərəcəyə uyğun yeni yol yatağı və küvet hissələr inşa edilib. İstismar nəticəsində sıradan çıxmış suötürücü borular sökülərək kənarlaşdırılıb, əvəzinə yeni, standartlara uyğun 298 paqon-metr uzunluğunda suötürücü borular quraşdırılıb.

 

Bunun ardınca isə yeni yol əsası inşa edilib. Bunun üçün qum-çınqıl və optimal-çınqıl qarışığından əsasın hamarlayıcı, alt və üst layı salınıb. Daha sonra layihədə nəzərdə tutulmuş yollara əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli asfalt-betonla örtüyün alt və üst layı inşa edilib, çiyin hissələr lazımi qarışıqdan istifadə edilərək bərkidilib, yol birləşmələri təmir edilib.

Layihənin sonuncu mərhələsində təbii ki, avtonəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təşkili üçün lazımi yerlərdə yol nişanları və məlumatverici lövhələr, həmçinin km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər, o cümlədən piyada zolaqları çəkilib. Bununla da Tovuz rayonunun Qovlar–Əyyublu–Alakol–İbrahimhacılı–Yanıqlı–Ağacqala–Qoçdərə–Çobansığnaq–Yoğunbulaq–Sarıtala avtomobil yolunda yeni yol infrastrukturu yaradılmaqla vətəndaşların istifadəsinə verilir.

 Bununla da 50 min nəfərə yaxın əhalinin yaşadığı 16 yaşayış məntəqəsini birləşdirən Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun yenidən qurulması həm yol boyu yaşayan vətəndaşların neçə illərdir ki, üzləşdikləri problemi aradan qaldırmış olacaq, onların Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etməklə rayon mərkəzinə və qonşu rayonlara gediş-gəlişini xeyli asanlaşdıracaq, bu isə  yük və sərnişin daşımasının rahatlaşmasına gətirib çıxarmış olacaq.

Rahat şəkildə hərəkətin təmini isə kənd təsərrüfatı və turizmin inkişafına müsbət təsir etməklə, yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə, həmçinin müxtəlifyönlü, səmərəli işlərin reallaşmasına zəmin yaradacaq.

Qeyd edək ki, bundan öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılaraq yekunlaşdırılıb. Söhbət 31.9 km uzunluğa malik Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayıb. 

 

Bakıda bu yollar bağlıdır
25-26 oktyabr 2019-cu il tarixlərdə Bakı şəhərində Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşünün keçirilməsi ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib

Tədbirlər başa çatanadək "Azneft" dairəsi, Niyazi küçəsi, Neftçilər prospekti, R.Rza, Bakıxanov, Y.Səfərov, K.Rəhimov, Ü.Hacıbəyov, Z.Əliyeva küçələri, İnşaatçılar, N.Nərimanov prospektləri, 10-cu zavod dairəsi, H.Əliyev prospekti, M.Hüseyn və T.Elçin küçələrinə bitişən və kəsişən digər küçələr üzrə avtomobillərin hərəkəti qısa fasilələrlə məhdudlaşdırılıb.

Xüsusilə Xətai prospekti və Təbriz küçəsinə Həsənoğlu küçəsi kəsişməsindən Qədirbəyov küçəsi kəsişməsinədək olan hissəsi tam məhdudlaşdırılıb.

Xəbər lenti