|
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
FHN-dən Avtosfer.az-a verilən məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.
Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Yeni dərs ilinin başlanması ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən 2019-cu ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə start verilmişdir.
Sözügedən tədbirlə əlaqədar olaraq, kütləvi informasiya vasitələrində elan və məlumat xarakterli materiallar yayımlanmış, dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən xidməti ərazidə uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılmış, onların baş verməsinə səbəb olan amillərin aradan qaldırılması, bu sahədə profilaktik və maarifləndirmə tədbirlərinin daha gücləndirilməsi istiqamətində əməli addımlar atılmışdır.
Belə ki, respublikanın təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdığı yerlərdə, onların hərəkət marşrutlarında yol şəraiti müayinə olunmuş, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər, o cümlədən yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, eləcə də silinmiş və ya ümumiyyətlə mövcud olmayan nişanlanma xətlərinin çəkilməsi təmin edilmişdir.
Təhsil işçiləri, valideynlər, ictimai qurumların nümayəndələri də cəlb edilməklə ümumi təhsil müəssisələrində təbliğat-təşviqat və maarifləndirmə xarakterli tədbirlərin keçirilməsi isə təhlükəsizlik aylığının əsas leytmotivini təşkil etmişdir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aidiyyətli qurumlarının bilavasitə iştirakçılığı ilə baş tutan belə görüşlər zamanı innovativ üsul və vasitələrdən istifadə etməklə təhsilalanlara mövzu ilə bağlı geniş məlumatlar verilmiş, maraqlı diskusiyalar, viktorinalar təşkil olunmuş, fəallıqları ilə fərqlənən məktəblilərə hədiyyələr təqdim edilmişdir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır kənd 5 nömrəli tam orta məktəbdə keçirilən növbəti görüş isə "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının başa çatmasına həsr olunmuşdur.
Məktəb rəhbərliyinin, eləcə də Abşeron rayon Təhsil Şöbəsinin nümayəndəsinin iştirakçılığı ilə keçirilən tədbirdə çıxış edən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi, polis polkovnik-leytenantı Mübariz Ağayev, "Diqqət uşaqlar!" adlı təhlükəsizlik aylığının keçirilməsinin əhəmiyyətindən danışmış, təşkilati-hüquqi və ələlxüsus maarifləndirmə xarakterli tədbirlərin həyata keçirilməsini özündə ehtiva edən bu tip tədbirlərin uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına mühüm töhfələr verdiyini qeyd etmişdir.
Şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı məktəblərdə öyrəndikləri biliklərin, yiyələndikləri vərdişlərin hər zaman onların köməyinə çataçağına əmin olduğunu xüsusilə vurğulayan M.Ağayev, ölkəmizdə həyata keçirilən yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının məqsədlərinə uyğun olaraq bu sahədə daha səmərəli və innovativ tədbirlərin tətbiqi ilə bağlı DİN-in Baş DYP İdarəsi tərəfindən zəruri addımlar atıldığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Natiqlərlə maraqlı diskusiya şəraitində keçən görüşdə şagirdlərin sualları cavablandırılmış, onların yol hərəkəti qaydaları və yol nişanları ilə bağlı bilikləri yoxlanılmışdır.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi, “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq, eləcə də cari ilin sentyabr ayının 15-dən oktyabr ayının 15-dək Respublika ərazisində “Diqqət uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilməsi barədə Daxili İşlər Nazirliyinin, 28.08.2019-cu il tarixli müvafiq göstərişinin icrası ilə əlaqədar şəhər ümumtəhsil məktəbləri arasında yol hərəkəti qaydaları barədə şeir müsabiqəsi elan edir.
Məqsəd, yol hərəkəti təhlükəsizliyinin təbliği ilə bağlı təhsil müəssisələrində aparılan maarifləndirmə işlərini daha da gücləndirmək, eyni zamanda bu işdə uşaq və yeniyetmələrin aktiv iştirakçılığa cəlb olunmasıdır.
Müsabiqə Şəki Şəhər Təhsil Şöbəsi ilə razılaşdırılmış şəkildə 14 oktyabr 2019-cu il tarixdə saat 16:00-da Təhsil Şöbəsinin akt zalında keçiriləcəkdir.
Müsabiqənin şərtləri:
Ümumilikdə, Təhsil Şöbəsi tərəfindən şəhər məktəblərindən 8 şagird seçilərək müsabiqəyə təqdim ediləcəkdir.
Hər məktəbdən 1 nəfər (5-8 sinif şagirdləri arasından seçməklə).
Yarışda yol nişanları, svetofor və ya digər yol hərəkəti qaydaları barədə şeir səsləndiriləcəkdir.
Ən yaxşı şeir səsləndirən 3 şagird (I, II, III yer) Dövlət Yol Polisi tərəfindən mükafatlandırılacaqdır.
Qaliblər, şeirin əzbər söylənilməsi, məzmunu və deyiliş qaydasına görə müəyyən ediləcəkdir.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sözügedən yolda yenidənqurma işləri davam etdirilir. Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 km-dir.
Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.
Uzun müddət təmir olunmadan istismarı və təii faktorların təsiri nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yolun yenidən qurulması işləri mövcud problemləri aradan qaldırır.
Layihəyə uyğun olaraq, yolun 36 km-i asfalt-beton, 10 km-i isə çınqıl örtüklü olmaqla yenidən qurulur. Bu çərçivədə sözügedən yol boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılır, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilir.
Texnoloji ardıcıllığa uyğun olaraq, bu işlərin ardınca yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülür. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilir. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 220 min kv.m sahəni əhatə edir. Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri də nəzərdə tutulur.
Yol boyu mövcud suötürücü borular sınmış və çökərək yararsız vəziyyətə düşdüyündən, yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac yaranmışdı. Bu səbəbdən 46 dairəvi dəmir-beton suötürücü boru, iki yerdə düzbucaqlı su keçidinin və 2 nöqtədə 1 aşırımlı dəmir-beton konstruksiyalı körpülərin tikintisi layihə üzrə aparılır.
Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol boyu yol nişanları və məlumatverici lövhə, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhainin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Sözügedən yolda yenidənqurma işlərinin 2020-ci il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
«Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı»nda sərnişindaşıma fəaliyyətində təhlükəsizlik məsələləri ilə bağlı qarşıya qoyulmuş məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinin göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılıb.
Yol-xeber.az xəbər verir ki, bu qəbildən olan növbəti tədbir Bakı Beynəlxalq Avtovağzal Kompleksində baş tutub. Lakin bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər.
Belə ki, Dövlət Avtomobil NəqliyyatıXidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təmsilçilərinin, eləcə də Avtosfer.az saytının rəhbərliyinin qatıldığı tədbir kompleks daxilində və avtobuslarda bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar.
Məlumat üçün qeyd edək ki, sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara: həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.
Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal Baş Dövlət Yol Polisi İdarəsinin “902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur.
Təsadüfi deyildir ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanmış və müsbət rəy alıb.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir.