|
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Rəşad Xudiyevin Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Report-un məlumatına görə, sərəncamla Rəşad Xəlil oğlu Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.
Bu gün Aktual.az saytının fəaliyyətə başlamasından beş il ötür.
Axar.az xəbər verir ki, bu xəbər portalı 2014-cü ilin mart ayının 18-də yaradılıb. Sayt qısa bir zamanda öz oxucu auditoriyasını toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Artıq beş ildir ki, ölkənin bir sıra tanınmış imzaları – siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.az-la əməkdaşlıq edir. Saytda Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.
Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.
Saytın baş redaktoru tanınmış jurnalist Əli Həziquliyevdir.
Axar.az saytının kollektivi Aktual.az-ı təbrik edir.
Prezident İlham Əliyevin 16 mart tarixli Sərəncam ilə 431 nəfər məhkum əfv olundu. Bu gün dörd cəzaçəkmə müəssisəsində həmin insanlara buraxılış vərəqələri təqdim etdik. Onlar ikiqat bayram sevinci yaşadılar. Eyni zamanda, cəzaçəkmə müəssisələrinin yanında toplaşmış məhkumların ailə üzvlərinə, yaxınlarına və qohumlarına gözaydınlığı verdik.
Axar.az xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Aydın Mirzəzadə qeyd edib ki, belə əfv Sərəncamları Prezident İlham Əliyev tərəfindən vaxtaşırı imzalanır. Son illərdə dövlətimizin başçısı 35 əfv Sərəncamı imzalayıb, beş mindən çox məhbus həbsdən azad edilib. Bu, böyük humanistlikdir. Heç bir ölkədə vətəndaşa belə humanistcəsinə yanaşılmır. Prezidentimiz həmin insanlara özlərini həyatda bir daha sınamaq imkanı verir. Onları öz ailələrinə, öz mühitinə qaytarır. Bu bir daha göstərir ki, hər bir vətəndaşın probleminin həlli, onların qayğıları ölkə rəhbərliyinin diqqətindədir.
Azadlığa çıxan məhbuslar Prezident İlham Əliyevə dərin minnətdarlarını bildirdilər. Dedilər ki, bir daha səhv etməyəcək, qanuna riayət edən nümunəvi vətəndaşlar olacaqlar. Azərbaycan xalqı üçün əziz olan Novruz bayramı ərəfəsində belə bir humanist addımın atılması və belə bir tədbirin keçirilməsi Azərbaycanda insan hüquqlarının yüksək səviyyədə təmin olunmasından, humanizm prinsiplərinə sadiqlikdən xəbər verir. Bunun qarantı dövlətimizin başçısıdır.
“Çıxarış vərəqələri təqdim edilən andan həmin məhbuslar cəzaçəkmə müəssisələrindən azad edildilər. Onlar tezliklə öz doğmalarının yanında olacaqlar. Bütün bu prosesə əvvəlcədən hazırlıq görülür. Dünən Prezidentin Sərəncamından dərhal sonra müvafiq sənədlər hazırlandı. Bu prosesdə təkcə penitensiar sistemin əməkdaşları deyil, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, tanınmış ziyalılar, mətbuat nümayəndələri iştirak edirlər. Bu məsələnin ictimailəşməsi dövlətin hər bir vətəndaşına diqqətlə yanaşmasını göstərir”, - deyə deputat bildirib.
Cəzaçəkmə müəssisələrində məhbuslar üçün lazımı şərait yaradıldığının şahidi olduğunu deyən Aydın Mirzəzadə vurğulayıb ki, son illərdə penitensiar sahədə qanunvericilik aktları liberallaşdırılıb, saxlanma şəraiti, qida rejimi, cəza çəkən şəxslərə qarşı rəftar yaxşılaşıb, onlara tibbi yardım göstərilir və islah olunma prosesində təkmilləşmə müşahidə olunur. Bu göstərir ki, vətəndaşlarımızın hüquqların qorunmasında bütün aspektlər nəzərə alınır, o cümlədən məhbuslar öz səhvlərini başa düşdükdə, cəmiyyət üçün artıq təhlükə törətmədikdə onlar həbsdən azad oluna bilərlər.
Ermənistanın bəzi kütləvi informasiya vasitələrində Azərbaycan vətəndaşının sərhəd pozucusu qismində saxlanılması barədə məlumat yayılıb.
Azərbaycan Dövlət Sərhəd Xidmətindən Axar.az-a verilən məlumata görə, mart ayının 15-dən 16-a keçən gecə Azərbaycan Respublikası ərazisindən müqabil istiqamətdə 1 nəfər naməlum şəxsin dövlət sərhədini pozması qeydə alınıb, həmin şəxsin Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu olması müəyyən olunub.
Araşdırma zamanı həmin şəxsin ruhi əsəb xəstəliyi ilə əlaqədar 2-ci qrup əlil olması məlum olub.
Hazırda araşdırma işləri davam edir.
Qeyd edək ki, Ermənistan mediası onun sərhədi keçərkən ayağından vurulduğu və yaralı halda saxlanıldığını açıqlayıb.
Azərbaycanda istirahət gününə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a bildirilib ki, martın 17-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.
Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.
Azərbaycanın rayonlarında sabah qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.
Sinoptiklər xəbərdarlıq edir ki, martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən qatarlarda qiymətlər endirilib.
Bu barədə Axar.az-a Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
Məlumatda qeyd edilir ki, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan təlabatı təmin etmək məqsədi ilə Bakıdan 20.03.2019-cu il tarixində, bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilir. Qatar Bakıdan saat 09:45-də yola düşəcək və Gəncəyə saat 14:00-da çatacaq.
Həmçinin Novruz bayramı münasibəti ilə “Azərbaycan Dəmir Yolları” QSC sərnişinlərə bayram töhfəsi olaraq 17.03.2019-cu il tarixindən 31.03.2019-cu il tarixinədək qatarın bizness yerlərinə Bakıdan-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manatdan 25 manata endirilib. Standart və Birinci klass yerlərinə gediş haqqı dəyişilmədən saxlanılıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ilə görüşüb.
Kult.az xəbər verir ki, görüşdə Azərbaycanla İSESKO əlaqələri, həmçinin birgə əməkdaşlıq layihələri barədə fikir mübadiləsi aparılıb.
Nazir Əbülfəs Qarayev Azərbaycanla İSESKO arasında əlaqələrin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın səyləri nəticəsində davamlı olaraq inkişaf etdiyini, əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, qeyd edib ki, “Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009” Mədəniyyət ili çərçivəsində 13-15 oktyabr 2009-cu il tarixində Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının, 2015-ci ilin 23-27 noyabr tarixində İSESKO-nun 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 36-cı iclasının keçirilməsi, 2018-ci il Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə əlaqədar həyata keçirilən tədbirlər buna bariz nümunədir.
Nazir İSESKO-nun “Bakı Prosesi” və 2011-ci ildən etibarən təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının əsas tərəfdaşı olduğunu, cari ilin 2-3 may tarixində Bakıda keçiriləcək V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO-nun 2 panel sessiyasının keçiriləcəyini bildirib.
Əbdüləziz Osman əl-Tüveycri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, İSESKO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın Azərbaycan və İSESKO arasında əlaqələrin inkişafında müstəsna rolunu yüksək qiymətləndirdiyini bildirib və qeyd edib ki, cənab İlham Əliyevlə görüşü zamanı əməkdaşlığın vəziyyəti barədə dövlət başçısına məlumat verib.
Bakı şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs ifşa edilib.
DİN-in mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Qazaxıstan vətəndaşı əvvəllər məhkum olunmuş Sahil Həsənov narkotik vasitə olan 0,510 qram heroini satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman satış üçün nəzərdə tutulan hazır qablaşdırılmış formada olan 11,706 qram heroin, 5,239 qram tiryək, 10,119 qram metamfetamin aşkar edilərək götürülüb. Saxlanılan şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Əməliyyat tədbirlərinin davamı olaraq S.Həsənovun paytaxtın Xətai rayonunda kirayədə yaşadığı mənzilə də baxış keçirilib. Oradan isə əlavə olaraq 503,292 qram narkotik vasitə heroin və 49,881 qram metamfetamin aşkar edilib.
Faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakı Dövlət Universitetinin tələbəsi itkin düşüb.
Trend-in məlumatına görə, Qəbələ rayon sakini, Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Aysun Pərviz qızı Rəsulova martın 11-də Bakıdan Türkiyənin Ankara şəhərinə gedib, həmin vaxtdan ondan xəbər olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb.