DYP sürücülərə müraciət etdi — BU YOLVERİLMƏZDİR


Baş Dövlət Yol Polisi İdarəsi texniki cəhətdən nasaz olan nəqliyyat vasitələrinin sürücülərinə müraciət edib.
Müraciətdə avtomobil yollarında bəzi şəxslər tərəfindən yüklərin daşınmasında texniki cəhətdən nasaz və istismara yararsız nəqliyyat vasitələrindən istifadə edildiyi qeyd edilib: "Bir sıra hallarda isə yük daşıyan nəqliyyat vasitələrində nasazlıq yarandığı zaman yol kənarlarında və ya yolların hərəkət hissəsində saxlanılır. Bu cür hallar hərəkətin digər iştirakçılarının həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla, ağır yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Xatırladırıq ki, yüklərin daşınması zamanı təhlükəsizlik tədbirlərinə riayət olunmalı, texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları, təkərləri, şinləri, mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitələrinin istismarı yol verilməzdir.
Belə faktlar aşkar olunaraq müvafiq tədbirlərin görülməsi istiqamətində DYP əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.
Prezident Baba Vəziroğlunu təltif etdi


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Baba Vəzir oğlu Məsimovun (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Baba Vəzir oğlu Məsimov (Baba Vəziroğlu) “Şöhrət” ordeni ilə təltif edilib.
Ağsu dolaylarında sürüşmə aktivləşdi
Ağsu dolaylarında sürüşməyə meyilli ərazilərdə aktivlik artıb.

"Yol-xeber.az" oxu.az-a istinadən xəbər verir ki, bu yolda mövcud olan dörd sürüşmə nöqtəsi xüsusilə aktivləşib.

Sürüşməyə səbəb havaların son günlərdə yağışlı keçməsidir. Yolda iri çatlar yaranıb, bəzi nöqtələrdə yolun sağ və sol çiyinlərində çökmə baş verib. 

Yoldan istifadə edən sürücülər sürüşmənin günü-gündən artdığını deyirlər. Sürüşmə hər dəfə təkrarlandığında isə yolun asfalt-beton örtüyündə mövcud olan çatlar genişlənir. 

Hazırda ərazi nəzarətdə saxlanılır, bəzi nöqtələr lentlənib. Bu yoldan istifadə edən sürücülərin  qarlı-şaxtalı, dumanlı havalarda diqqətli olmağı vacibdir.

Son günlər bəzi elektron kütləvi informasiya vasitələrində “Cavid Qurbanov yanlış proqnoz verir: dəmir yollarına ayrılan milyonlarla vəsaitə təhlükə yaranıb” başlığı altında heç bir həqiqətə söykənməyən məlumatlar yayılmaqdadır.

Bununla bağlı aşağıdakıları bildirməyi vacib sayırıq. Əvvəlcədən qeyd edək ki, bu informasiyalar tamamilə yanlışdır və əsassızdır. Belə məlumatları yaymaq dəmiryolçuların işgüzar imicinə ləkə atmaqla yanaşı, həm də oxucular arasında yanlış fikir yaratmaq məqsədi daşıyır.

Yazıda özünü tanınmış mütəxəssis və ekspert  kimi təqdim edən Bayram Abbasov heç olmazsa, dəmiryolunun peşəkar işinə qərəzli yanaşmadan öz fikirlərini ifadə edə bilərdi. Onun harada və necə tanınmış olduğunu uzun illər bu sahənin fəaliyyətinə ömür həsr etmiş dəmiryolçular yaxşı xatırlayırlar. Əgər tarixin yaddaşında mövcud olan və onun dəmir yolunda fəaliyyəti ilə bağlı faktlara ehtiyac duyarsa, onları xatırlada bilərik. Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dövründə orta texniki peşə təhsili ilə Bakı lokomotiv deposunda tutduğu sıravı vəzifədən o vaxt Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini vəzifəsinə yüksəldilmiş B.Abbasov bunlardan niyə danışmır? Ümumiyyətlə qabiliyyət, haqqa güvənc, zəhmətsevərlik və istedad insanın mahiyyət məsələsidir. Cəmi bir il Azərbaycan Dövlət Dəmir Yolu rəisinin müavini vəzifəsində işləməklə Bayram Abbasov hansı nailiyyətlərdən və genişmiqyaslı layihələr barədə danışır?

B.Abbasov qeyd edir ki, sovet hakimiyyətinin süqutundan sonra 30 mindən artıq yük vaqonu, minlərlə lokomotiv və sərnişin vaqonları Azərbaycan Dəmir Yoluna qalıb. Həmin əmlakın hansı vəziyyətdə olduğunu görəsən unutmayıb ki? O ki, qaldi refrijerator vaqonların istismarına, 1992-ci ildə Bayram Abbasovun da rəhbərlərindən biri olduğu dəmir yolu tərəfindən yüzlərlə vaqon hansısa marağa görə Gürcüstan Respublikasına icarəyə verildi və Azərbaycan Dəmir Yolu illərlə bu problemin ağrılarını yaşadı. Silnmiş vaqonlara gəldikdə isə bu artıq istismar ömrü bir neçə dəfə başa çatmış tam yararsız vəziyyətə düşmüş vaqonlar idi.

Yaxud, yollarda sürət həddinin aşağı olmasından gileylənən “tanınmış mütəxəssis” niyə dəmir yolunda aparılan əsaslı islahatları görməzdən gəlir. 2015-ci ilin yazından üzü bəri dəmir yolunun Bakı-Böyük Kəsik, Bakı-Sumqayıt, Bakı-Astara istiqamətlərində 1000 kilometrdən artıq yol əsaslı təmir edilmiş, təxminən o sayda yoldəyişən qurğular yeniləri ilə əvəzlənmişdir. Son illər dəmir yolunda mütərəqqi standartların tələblərinə cavab verən innovativ texnologiyaların tətbiq olunması dövrü başlanmışdır. Buna misal kimi, enerji təchizatının sabit cərəyandan dəyişən cərəyana keçirilməsi, işarəvermə və rabitə sisteminin  modernləşdirilməsi, yol təsərrüfatının sağlamlaşdırılması, lokomotiv və vaqon parklarının yenilənməsi və s. sahələrin müasir tələblər səviyyəsinə çatdırılması üzrə bir çox irimiqyaslı layihələri qeyd etmək kifayətdir.

Hazırda 10 ədəd Qazaxıstanda yeni istehsal edilmiş TE33A Evalution tipli teplovoz alınaraq istismara verilmişdir. Bu TE33A “Evalution” tipli teplovozlar müasirliyi və dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli olmaqla yanaşı dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilib.

Şərq-Qərb Nəqliyyat Dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsini təşkil edən Bakı-Böyük Kəsik dəmir yolu xəttində elektrik təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçidi ilə əlaqədar “ADY” QSC-də həyata keçirilən layihələrdən biri də dəyişən cərəyanla işləyən Fransanın “Alstom Transportation S.A.” şirkətinin istehsalı olan 50 ədəd yeni elektrovozun alınmasına başlanılmış, dəyişən cərəyanla işləyən 11 ədəd yük lokomotivi və ikili elektrik təchizatı sistemində (sabit və dəyişən cərəyanlı) işləyən 10 ədəd sərnişin lokomotivi ölkəyə gətirilmişdir. Bu lokomotivlərin mütərəqqi istismar standartlarına uyğun saxlanılmasına və texniki baxışına imkan yaradan Biləcəri və Gəncədə iki müasir lokomotiv deposunun tikintisi və quraşdırılması üzrə tikinti işlərinin icrasına başlanılıb.

Eyni zamanda “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən Rusiyadan 3000-dən artıq müasir müxtəlif növlü yük vaqonları alınaraq istismara verilib. 

Bakı dairəvi dəmir yolunun inşası ilə bağlı Bayram Abbasovun dediklərinə gəlincə, görünür onun reallıqdan xəbəri yoxdur. Belə ki, bu gün dairəvi yolla bağlı gecikmiş təklifi ilə əlaqədar bildiririk ki, Biləcəri, Xırdalan marşrutundan Sumqayıt sərnişin stansiyasına birbaşa gediş üçün 2015-ci ildə 1,6 km uzunluğunda birləşdirici iki xətli dəmir yolu çəkilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, əvvəlki dövrdə bu marşrutla Sumqayıt sərnişin stansiyaına çıxmaq üçün qatar Sumqayıt Baş stansiyasına girməli, sonra manevr edərək Sumqayıt sərnişin stansiyasına daxil olurdu və 1 saat 30 dəqiqəyədək vaxt itirilirdi. Məhs Cavid Qurbanovun təklifi və təşəbbüsü ilə bu yeni birləşdirici dəmir yolu xətti tikildi və bu gün Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlar 38 dəqiqəyə mənzil başına çatmağa malikdir. Buda öz növbəsində sərnişinlərin rahatlığını təmin edərək, sərnişin axınının artmsına səbəb olmuş və nəticədə bu istiqamətdə orta sutqalıq 15000-ə yaxın sərnişin daşınmaqdadır. Abşeron yarımadasında mövcud dəmir yolu xətlərinin yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi, stansiya binalarının yenidən qurulması prosesi sürətlə davam etdirilir. Belə ki, 2018-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Bakı şəhərətrafı dəmir yolu xəttinin layihə-smeta sənədlərinin hazırlanması, əsaslı təmiri və tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır. Sərəncama əsasən, Abşeron yarımadasında mövcud dəmir yolunun bütün infrastrukturunun yenidən qurulması və dəmir yolu şəbəkəsinin təkmilləşdirilməsi üzrə mühüm işlər görülmüşdür:

“Bakı sərnişin – Sabunçu – Pirşağı – Sumqayıt sərnişin – Xırdalan – Biləcəri – Bakı sərnişin dairəvi dəmir yolu xəttinin yenidən qurulması” layihəsi üzrə artıq Zabrat 1, Zabrat 2, Məmmədli, Pirşağı, Görədil, Novxanı stansiyaları və xətt üzrə dayanacaqlarda inzibati və vağzal binaları, platforma və turniket məntəqələri, telefon şəbəkəsi və liftlərin quraşdırılması işləri tamamlanmışdır. Hərəkətin tam təhlükəsizliyini və sərnişinlərə göstərilən yüksək xidmət səviyyəsini təmin etmək məqsədilə Sabunçu, Muxtarov, Məmmədli, Kürdəxanı, Saray və Sumqayıt stansiya boğazlığında avtomobil alt keçidləri, Nərimanov, Bakıxanov, Zabrat 1, Muxtarov, Məmmədli, Pirşağı, Görədil  və Novxanıda piyadalar üçün müasir alt və üst keçidləri inşa edilmişdir. Bakı şəhərinin müasir mənzərəsinə cavab verən Bakı sərnişin vağzalı yenidən qurulmuşdur.

Dairəvi dəmir yolunda görülən işlərin nəticəsi olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 may 2019-cu ildə Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışında iştirak etmiş, yeni inşa edilən Bakı sərnişin - Sabunçu dəmir yolu xətti üzrə görülən işlərlə tanış olmuşdur. Cari ilin noyabr ayında dairəvi dəmir yolunun Sabunçu-Pirşağı xəttinin yenidənqurmadan sonra açılışı olmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev açılışda iştirak etmişdir. 2019-cu ilin dekabr ayının əvvəlində Bakı-Pirşağı-Bakı istiqamətində İsveçrənin “STADLER Rail Group” şirkətinin istehsal etdiyi ikimərtəbəli yüksək komfortlu qatarlar sərnişinlərin istifadəsinə verilmişdir. Sərnişinlərin rahatlığı üçün Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına bilet satışı plastik kartlar vasitəsilə təşkil edilmişdir.

Bundan əlavə İsveçrənin (Stadler Rail Group) şirkətindən 2 ədəd yeni ikimərtəbəli KİSS tipli 4 vaqonlu elektrik qatarı alınaraq Bakı-Gəncə-Bakı marşrutunda istismara buraxılmışdır. Hal-hazırda bu məsafəni (dayanacaqlar nəzərə alınmaqla) sürət elektrik qatarlarının sürətinin saatda 135 km-rə qaldırmaqla 4 saat 15 dəqiqədən 3 saat 45 dəqiqəyə çatdırılmışdır. Qatarın yolda olma vaxtının 3 saat 30 dəqiqəyə çatdırılması qarşıya hədəf qoyulmuşdur. Hal-hazırda alınmış 9 ədəd yeni ikimərtəbəli KİSS tipli 4 vaqonlu elektrik qatarı ölkənin dəmir yollarında istismar olunur.

2018-ci ildən Slovakiya Respublikasında əsaslı-bərpa təmir olunmuş 8 (səkkiz) ədəd komfortlu oturacaq tipli sərnişin vaqonları Ordubad-Naxçıvan-Şərur marşrutunda istismara buraxılmış, eyni zamanda Naxçıvan Muxtar Respublikasının Ordubad stansiyasında yeni vağzal binası inşa edilərək istismara verilmişdir.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzrə Bakı-Tbilisi-Ankara marşrutunda istismar ediləcək sərnişin qatarı üçün İsveçrənin “STADLER Rail Group” şirkətinin istehsal etdiyi 10 ədəd sərnişin vaqonu cari ilin mart ayında ölkəyə gətirilmişdir. Alstom şirkətinin istehsal olan yeni Az4A tipli elektrovozla bu vaqonlardan ibarət qatarla Bakı-Tbilisi-Qars marşrutunda sınaq testi keçirilib.

Bayram Abbasov bildirir ki, İsveçdən  alınmış vaqon və qatarlar təmirdən çıxmışdır, yeni deyil. Abbasovun nəzərinə çatdırırq ki, bu vaqon və qatarlar İsveçin yox, İsveçrənin dünyada tanınmış və öz sözünü demiş yüksək texnologiyaya malik “Stadler Rail Group” şirkətinin istehsalıdır, yeni və innovativ hərəkət tərkibləridir. Artıq 4 ildən çoxdur ki, ADY-də istismar olunan bu elektrik qatarları yüksəkkomfortu və rahatlığı sərnişinlərin rəğbətini qazanıb.

 Məlumat üçün bildiririk ki, 1994-cü ilədək Bakı sərnişin stansiyasından Şimal istiqamətində beynəlxalq sərnişin qatarından: 7 qatar hər gün, 1 qatar günaşırı, 1 qatar həftədə iki dəfə və 1 qatar həftədə üç dəfə hərəkət edirdi. Lakin Çeçenstan və Dağıstan Respublikalarındakı müharibə vəziyyəti nəticəsində 1994-cu ildən 1997-ci ilədək Şimal istiqamətində  bütün sərnişin qatarlarının hərəkəti dayandırılmış və dəmiyol blokadası baş verib.

Sərnişin qatarlarının təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə  ikitərəfli razılığa əsasən Rusiya Federasiyası və Ukrayna Respublikasına gedən sərnişin qatarlarının 1997-ci ildən Həştərxan stansiyasından buraxılması qərara alınıb.

Kizlyar-Həştərxan sahəsində birxətli dəmi yolu olduğunu və bu sahədə qatarların buraxma qabiliyyətinin məhdudluğunu nəzərə alaraq, yuxarıda qeyd olunan sayda sərnişin qatarlarının bərpası mümkün deyildi. Belə ki, 1997-ci ilin may ayından Bakı-Moskva, iyul ayından Bakı-Kiyev və oktyabr ayından Bakı-Rostov sərnişin qatarlarının hərəkəti bərpa edilib.

İnfrastrukturun yenilənməsində əvəzsiz olan müasir dəmiryol təmiri maşın və mexanizmləri alınaraq yenidənqurma və cari işlərdə iş məhsuldarlığını kəskin surətdə artırmışdır. Keçmiş həmkarımıza xoş olmasa da bütün bunlar məhz Cavid Qurbanovun rəhbərliyi dövründə həyata keçirilib.

Həmin yazıda o da qeyd olunur ki, Cavid Qurbanovun rəhbərliyi dövründə bir çox peşəkar mütəxəssis işdən uzaqlaşdırılıb. Hal-hazırda dəmir yolunda uzun illərlə çalışmış və bu gün də fədakar əməyi ilə ön sırada gedən minlərlə dəmiryolçunun adını çəkə bilərik. Gənc kadrlara gəldikdə isə: bu gün dəmir yoluna gəlmiş və artıq öz həyatını bu sahə ilə bağlamış yeni kadrlar bir neçə xarici dil və müasir kompyuter proqramı bilən innovativ düşüncəyə malik olan yüksək mədəniyyət və davranış nümayiş etdirən gənclərdir. Dəmir yolu nəqliyyatında böyük bilik və təcrübəyə malik olan dəmiryolçular bu gənclərlə bilik və bacarıqlarını həvəslə bölüşürlər.

Qeyd olunan texniki inkişafla yanaşı məhs Cavid Qurbanovun rəhbərliyi dövründə dəmiryolçuların rifahını artırmaq və həyat şəraitini yaxşılaşdırmaq məqsədilə son dörd il ərzində 200-dən artıq mənzil verilmişdir. Mənzil alanların sırasında hətta hal-hazırda təqaüddə olan insanlara da şamil olunmuşdur. Bu addımlar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Eyni zamanda işçilərin orta aylıq əməkhaqqı 95 faizədək artırılaraq 130 manatdan 583 manatadək artırılıb.

Azərbaycanda turizmin inkişafı məqsədilə, eyni zamanda dəmiryol şəbəkəsinin genişləndirilməsi üçün bu gün Ləki-Qəbələ xəttinin tikintisi davam etdirilir və Xudat-Şahdağ xəttinin layihələndirilməsi üzrə işlər başa çatdırılmaqdadır. Qeyd etmək lazımdır ki bu tədbirlər sosiyalyönümlü xarakter daşıyan dövlət siyasətidir. 

Xatırladırıq ki, informasiya əldə etmək haqqında Azərbaycan Respublikasının Qanununun 10.4.8-ci bəndinə əsasən, informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.

Son olaraq bildiririk ki, dəmir yolunda bir çox irihəcmli layihələr icra olunmaqdadır. Bakı-Tbilisi-Qars, Şərq-Qərb, Şimal-Cənub,  Cənub-Qərb kimi beynəlxalq və regional nəqliyyat layihələrinin reallaşması prosesində, ölkənin tranzit potensialının artırılması istiqamətində atılan uğurlu addımlar ölkə ictimaiyyətinə yaxşı məlumdur. KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları araşdırmadan belə yazıları yaymaq qeyri-peşəkarlıqdır. Belə  müəlliflərin yazdıqları “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində aparılan əsaslı islahatlara kölgə salmaqdan başqa bir şey deyildir.

Əlirza Süleymanov,
“Azərbaycan Dəmir Yolları”
Qapalı Səhmdar Cəmiyyəti sədrinin
birinci müavini

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədi ilə “Bibiheybət yolu”nda hərəkət istiqaməti dəyişdiriləcək.

"Yol-xeber.az" xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yayıb.

Məlumata görə, yanvarın 10-11-i tarixlərində sözügedən ərazidə AAYDA-nın və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətllənmə işləri aparılacaq.
Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Nişanlanma və xətlənmə işləri bitdikdən sonra 2019-cu ilin dekabrın 31-də şəhər istiqaməti üzrə açılmış 2 hərəkət zolağından birinin sırf avtobuslar üçün ayrılması nəzərdə tutulur.

Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılmış olacaq.

Bakıda DİN-in hospitalının qarşısında eyni anda iki qəza olub
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib

Hazırda Ziya Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində sıxlıq müşahidə edilir.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Avtosfer.az-a səbəb DİN-nin Hospitalının qarşısında eyni anda iki qəzanın baş verməsidir.

Rəşadət Babayev də işdən çıxarıldı
Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri polkovnik Rəşadət Babayev işdən çıxarılıb.

"Yol-xeber.az" bildirir ki, baku.ws-in əldə etdiyi məlumata görə, bununla bağlı əmr imzalnıb.

Digər bir əmrlə Bakı Şəhər Dövlət Yol Polisinin Alay komandiri vəzifəsinə polkovnik-leytenant Malik İbrahimov təyin edilib.

Yol-xeber.az cəmiyyətdə xüsusi nüfuzu olan namizədlərə “Niyə deputat olmaq istəyirsiniz?”, “Deputat necə olmalıdır” sualları ilə müraciət edir.

 

Bu dəfə isə suallarımızı Azərbaycan Dəmir Yolları QSC-nin Maliyyə rəisinin müavini,  99 saylı Şəmkir kənd seçki dairəsindən namizəd Vəsilə Abulova cavablandırdı.

 

Vəsilə xanım deyir ki, əsas məqsədi daha çox insanlara kömək etməkdir:

 

“Ümumiyyətlə, mən harada çalışmışamsa, orada təkcə vəzifəmi icra etməklə qane olmamışam. Hər zaman çalışmışam ki, daha çox insanlara kömək edim. Bilirsiniz, ehtiyacı olan hər kəsə kömək etmək bizim xalqa məxsus dəyərdir. Bu mənada düşünmüşəm ki, insanın vəzifəsi artdıqca daha çox ehtiyacı olanlara kömək edə bilər. Yəni, mənim üçün vəzifə vasitədir. Deputatın da daha çox insanlara kömək etmək imkanları var və mən da qarşımda məqsəd qoydum ki, əgər mənsub olduğum bölgənin insanları mənə etimad göstərib səs verərlərsə, arzumu gerçəkləşdirim”.

 

O, “Deputat necə olmalıdır?” sualını isə belə cavablandırıb:

 

“Mənim fikrimcə, deputat hər bir seçicinin problemini öz problemi hesab etməlidir. Deputat hər bir seçiciyə əl çatan olmalıdır, hər bir seçicisini doğma adamı kimi sevməlidir. Mən imza vərəqələrini doldururkən müraciət etdiyim insanlarla təmasda olduqca bu fikirlərin nə qədər doğru olduğunun bir daha şahidi oldum”.

Kart sistemi ilə bağlı 1500-ə yaxın avtobusda kabelləşmə işləri yekunlaşıb
“Tələbata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək"

Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobuslarında kart sisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız formada BakıKartla ödənişinə keçid qarşımızda qoyulan əsas tapşırıqlardandır: "Vətəndaşlarımıza keyfiyyətli və təhlükəsizlik sərnişindaşıma xidmətinin göstərilməsi baxımından bu olduqca vacibdir. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə çox mühüm tədbirlər görülüb. Bu çərçivədə biz hazırda istismarda olan avtobuslarda müəyyən texniki işləri vardı ki, onları yerinə yetirib başa çatdırdıq. İşin ən çətin tərəflərindən biri məhz bu mərhələydi. Çünki avtobuslar gündəlik xətlərdə olur və işlər elə aparıldı ki, gündəlik sərnişindaşımada hər hansı bir axsama olmadı. 1500-ə yaxın avtobusda kabelləşmə işləri tam olaraq yekunlaşıb. Dekabrın 25-dən başlayaraq kabelləşməsi bitən xətlər bir-bir BakıKarta inteqrasiya olunur. Hər bir xəttin inteqrasiyasından əvvəl isə təbii məlumatlandırma aparılır ki, sərnişinlərimiz buna hazır olsunlar. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi BakıKartla aparılır. Lakin dediyim kimi bu rəqəm qarşıdakı günlərdə dəyişəcək".

Avtobus sayına gəldikdə isə M.Ağayev bildirib ki, artıq istismarda olan avtobusların 600-ə yaxınında gediş haqqı məhz nağdsız qaydada aparılır: "Sərnişindaşımada göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə eyni zamanda müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması da davam etdirilir. Ötən il dekabrın əvvəlində 5 müntəzəm marşrut xətti üzrə müsabiqə elan olundu. Qarşıdakı günlərdə digər xətlərlə bağlı da müsabiqə elan olunacaq. Bunun özü də nəqliyyat sahəsində aparılan tərkib hissəsidir. Əsas hədəfi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına nail olmaqdır və bu işlər tam hədəfə nail olunanadək davam edtiriləcək. Sərnişindaşıma qaydalarına əməl etməyən, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən daşıyıcılar müvafiq qaydada sərnişindaşımalardan kənarlaşdırılacaqdır. Avtobusların alınması işi də davam olaraq aparılır. Bu məsələ bildiyiniz kimi daim dövlətin diqqətində olan məsələdir. Tələbata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək".

Azərbaycanda onların silah gəzdirməsinə icazə verilir - Qohumları belə qorunur
Əsasnamə birbaşa dövlət təhlükəsizliyi ilə bağlı olduğu üçün məxfi qrifli sənəddir

“Deputatların xüsusi toxunulmazlığı var. Hər bir deputat müraciət etdiyi təqdirdə ona fərdi silah verilir. Hansısa nazirin və ya komitə rəhbərinin toxunulmazlığı yoxdur və onlar dövlət tərəfindən mühafizə olunmur. Ancaq istənilən şəxsin özəl mühafizə şirkətlərinə müraciət edərək öz mühafizəsini təmin etmək hüququ var”. Bu sözləri lent.az-a “Müvəkkil” hüquq mərkəzinin rəhbəri, hüquqşünas Səməd Vəkilov deyib. Hüquqşünas, Azərbaycanda prezident və ailə üzvlərinin dövlət tərəfindən qorunması barədə əsasnamə olduğunu dilə gətirib:

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında 2012-ci il 26 dekabr tarixində əsasnamə təsdiq edilib. Əsasnamə ölkə prezidenti tərəfindən konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinə əsasən, qərara alınıb. Bu qanuna görə, prezident və onun ailə üzvləri Dövlət Xüsusi Mühafizə Xidməti tərəfindən qorunur. Həmçinin sözügedən əsasnamə birbaşa dövlət təhlükəsizliyi ilə bağlı olduğu üçün məxfi qrifli sənəddir və ictimaiyyət üçün qapalıdır. Bundan əlavə, Azərbaycanda «Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında» qanunla özəl təhlükəsizlik şirkətləri fəaliyyət göstərir. Bu da kommersiya fəaliyyəti hesab edilir”.

 

Səməd Vəkilov cinayət prosesində iştirak edən şəxslərin də dövlət tərəfindən mühafizə edildiyini vurğulayıb. O, bununla bağlı “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” dövlət qanunu olduğunu qeyd edib:

“Azərbaycanda cinayət prosesində iştirak edən xüsusi şəxslər də mühafizə edilir. Bu haqda qanunun 7-ci maddəsinə əsasən, müdafiə olunan şəxslər barəsində tətbiq edilən təhlükəsizlik tədbirlərinin bir neçə növü var. Müdafiə olunan şəxs, onun mənzili və əmlakı mühafizə edilməlidir. O, xüsusi fərdi müdafiə vasitələri ilə təmin edilməli, mövcud təhlükə barədə xəbərdar olunmalıdır. Müdafiə olunan şəxs müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilməli, barəsində olan məlumatların məxfiliyi qorunmalıdır. Onun iş və ya təhsil yerini dəyişdirilməsinə, başqa yaşayış yerinə köçürülməsinə, sənədlərinin və xarici görkəminin dəyişdirilməsinə icazə verilir. Müdafiə olunan şəxsin iştirak etdiyi məhkəmə baxışı qapalı keçirilməlidir. Təhlükəsizlik tədbirlərinin tətbiq edilməsi qaydaları bu qanunla və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir. Həmin qanunun 8-ci maddəsinə görə, müdafiə edilən şəxs, onun mənzili və əmlakı zəruri hallarda təhlükəsizliyi təmin edən orqanlar tərəfindən həyata keçirilir. Onların razılığı ilə mənzili və əmlakı yanğın təhlükəsizliyinə qarşı vasitələr və mühafizə siqnalları ilə təchiz edilə bilər. İstifadə etdikləri telefon nömrələri və nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları dəyişdirilə bilər. Real təhlükə hiss olunduqda müdafiə olunan şəxslərə silah verilməsi və onların xəbərdar edilməsi 9-cu maddədə göstərilib. 10-cu maddəyə əsasən, zərurət yaranarsa müdafiə olunan şəxslər müvəqqəti olaraq təhlükəsiz yerdə yerləşdirilə bilər. Bu zaman şəxs yetkinlik yaşına çatıbsa özündən, əks halda isə valideynlərindən icazə alınmalıdır”.

Hüquqşünas həmçinin “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında” qanundan söz açaraq, ölkədə həmin şəxslərin də mühafizə edildiyini dilə gətirib. Səməd Vəkilov həmin şəxslərin hətta ailə üzvləri və yaxın qohumlarının da qorunduğunu bildirib:

“Cinayət prosesində iştirak edən şəxslərlə yanaşı məhkəmə və hüquq mühafizə orqanlarının işçiləri də mühafizə edilir. Həmin şəxslərin dövlət müdafiəsi haqqında qanunun 4-cü maddəsinə əsasən, bütün məhkəmə hakimləri, andlı iclasçılar, prokurorlar, müstəntiqlər, təhqiqat aparan və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər dövlət tərəfindən mühafizə olunur. Həmçinin ictimai qaydanın mühafizəsini və milli təhlükəsizliyi təmin edən, gömrük işini, miqrasiya sahəsində idarəetməni həyata keçirən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təmin edən, habelə cinayət işləri üzrə məhkəmə hökmlərini, qərarlarını və qərardadlarını, istintaq orqanlarının və prokurorların qərarlarını icra edən müvafiq icra hakimiyyəti orqanlarının əməkdaşları da dövlətin mühafizə etdiyi şəxslər sırasındadır. Bundan əlavə, maddənin 1-6-cı bəndlərində nəzərdə tutulan şəxslərin valideynləri, uşaqları, övladlığa götürənlər, övladlığa götürülənlər, doğma qardaş və bacıları, babaları, nənələri, nəvələri, habelə ər-arvadı da mühafizə olunur. Məhkəmə və hüquq mühafizə orqanları işçiləri işdən çıxdıqda və ya başqa işə keçdikdə əvvəlki xidmət vəzifələrinin icrası ilə əlaqədar olaraq həyatına və sağlamlığına, mənzilinə, əmlakına təhlükə yarandıqda onların barəsində təhlükəsizlik tədbirləri tətbiq edilir. Bundan əlavə hərbi məhkəmələrin, Azərbaycan Respublikasının ağır cinayətlərə dair işlər üzrə hərbi məhkəmənin, apelyasiya məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi məhkəmələrinin işləri üzrə kollegiyalarının və hərbi prokurorluğun hərbi qulluqçularının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə də bəzi tədbirlər həyata keçirilir. Onlar digər hərbi hissəyə və ya hərbi idarəyə ezam edilə və yeni xidmət yerinə köçürülə bilər”.

Xəbər lenti