Sürücülərə şad xəbər: bu yolda işıqlandırma bərpa olundu - VİDEO - FOTO
Yol polisinin müraciəti müsbət nəticə verib

Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda yolların işıqlandırmasına başlanılıb. Avtosfer.az xəbər verir ki, Kürdəmir və Hacıqabul rayonlarının Muğanlı, Qarasu, Padar və Sığırlı kəndlərindən keçən Respublika əhəmiyyətli yolun 45 km ərazisi son bir həftə ərzində işıqlandırılıb. Həmin ərazilərdə bir neçə nöqtədə piyadavurma təhlükəsi yarandığı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı yolun işıqlandırılması ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib. Agentlik yol polisinin müraciətini müsbət qiymətləndirərək ərazidə işıqlandırmanı bərpa edib. Qeyd edək ki, həmin ərazidə işıq dirəkləri 5-6 il əvvəl qurulub. Amma təəssüflər olsun ki, cəmi bir neçə ay işıqlandırma mümkün olub. Sonradan isə işıq dirəkləri istifadəsiz qalıb. Yol polisinin müraciətindən sonra AAYDA əməkdaşları işıq dirəklərini təmir edərək yeni lampalar quraşdırılıb və elektrik xətlərini bərpa ediblər. Artıq bir həftədir ki, sözügedən kəndlərin ərazisində yollar tam olaraq işıqlandırma ilə təmin olunub. Prosesin davamlı olacağı bildirilir. Baş Dövlət Yol Polisi İdarəsindən Avtosfer.az-a bildirilib ki, yaxın vaxtlarda digər qəza təhlükəli nöqtələr təhlil ediləcək və həmin ərazilərin də işıqlandırması bərpa olunacaq. Ümumilikdə isə bütün yolların işıqlandırması məsələsi aktual olaraq qalır. Qısa zamanda həllini tapacağı gözlənilir.

 

Rusiyanın paytaxtı Moskva şəhərində, Belarusun Rusiya Federasiyasındakı səfirliyinin binasında bu ölkənin tranzit potensialına həsr olunmuş dəyirmi masa keçirilib. “Rusiya xarici ticarət yüklərinin nəql edilməsində Belarusun tranzit potensialı” adlı tədbirdə, bu ölkənin dəmir yolunun imkanları, təklif etdikləri logistik məhsulları, yük terminalları və müvafiq dəmir yolu infrastrukturu diqqət mərkəzində olub.
Belarusun dəmir yolunun rəisi Vladimir Morozovun sədrliyi ilə keçirilən tədbirə Rusiyanın dəmir yollarının rəhbər heyəti və aparıcı logistik və ekspedisiya şirkətlərinin nümayəndələri qatılıblar. Dəyirmi masanın işində “Azərbaycan Dəmir Yolları” QSC-nin rəis müavini İqbal Hüseynov və cəmiyyətin törəmə şirkətləri olan “ADY Express” və “ADY Container” MMC-lərin rəhbərləri iştirak ediblər. Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb və yüklərin bu ölkə vasitəsi ilə Şimali Avropa dövlətlərinə daşınması yollarını araşdırıblar. Müzakirələri izləyən Azərbaycan dəmir yolunun nümayəndələri, ikitərəfli formatda bir sıra görüşlər keçirərək, ikitərəfli münasibətlərin inkişafına dair danışıqlar aparıblar.
Xatırladaq ki, Belarus və Azərbaycan eyni zamanda “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin iştirakçıları olmaqla, bu dəhliz vasitəsi ilə yüklərin nəqlində birgə mexanizmin işlənilməsində sıx əməkdaşlıq edirlər. Bu yaxınlarda isə, beynəlxalq dəhliz çərçivəsində ilk dəfə olaraq İrandan Belarusa polietilen yükünün nəqlinə başlanılıb.

Prezidentdən 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında — Sərəncam

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimləri keçirilməlidir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planını hazırlamalı və onun həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz il keçir. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı.

Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü.

Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi.

Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.
Metropoliten işçiləri həmkarlar ittifaqının məclisi keçirilib - FOTO
"İlin peşəkar gənci" nominasiyası üzrə və spartakiada qaliblərinə mükafatlar təqdim olunub

Dekabrın 6-da Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) IV Məclisi keçirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov iştirak edib. 
Prosedur qaydalarına görə, iclasa sədrliyin Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) sədri Arif Mərdanovun, katibliyinə Hərəkət Xidməti Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri Bəhruz Əhmədovun namizədlikləri irəli yekdilliklə təsdiq olundu.
İclası açıq elan edən təşkilatın sədri Arif Mərdanov bildirdi ki, müzakirə üçün yığıncağın gündəliyinə iki əsas məsələ təklif olunur. 
Birinci məsələ ilə bağlı, 2019-cu il ərzində işçilərin sosial-iqtisadi, sağlamlıq problemlərinin həllində MİHİ-nin gördüyü işlər və qarşıda duran vəzifələr haqqında əsas məruzəçi kimi MİHİ sədrinin müavini Əlisəfa Bağırov çıxış edib.
O qeyd edib ki, Azərbaycan həmkarlar hərəkatında metropolitençilərin özünəməxsus yeri formalaşıb. Bunun bir səbəbi ənənəvi metropolitençi birliyi, digəri isə AHİK və "Bakı Metropoliteni" QSC-nin rəhbərlikləri ilə arasında tam qarşılıqlı hörmət əsasında qurulmuş münasibətlərdir. Cari ildə imzalanmış kollektiv müqavilədə razılaşdırılmış öhdəliklər də bunun əyani nümunəsidir. İşçilərin maddi rifahı, sosial-iqtisadi problemlərin həllində güzəşt, mükafat və imtiyazlar, təhlükəsiz əmək şəraiti, işçilərin və onların ailə üzvlərinin istirahəti, asudə vaxtının təşkili xüsusi nəzərə alınıb. Cari il noyabr ayının 18-də bütün işçilərin aylıq vəzifə maaşı 10% artırılıb.
Metropolitendə iş sahələrinin müxtəlifliyi və yüksək təhlükəli iş yerlərinin olmasını nəzərə alaraq baş verə biləcək qəzalarının qarşısının alınması məqsədilə MİHİ-nin əməyin texniki müfəttişi ictimai müfəttişlərlə birgə vaxtaşırı olaraq iş yerlərində yoxlamalar aparıb, nəticələri barədə aktlar tərtib edilib və işəgötürən və MİHİ-nin sədrinə təqdim edilib. Görülən işlərin və edilən nəzarətin nəticəsidir ki, 2019-cu ilin 11 ayı ərzində cəmi 1 istehsalat xəsarəti qeydə alınıb. Qarşıya qoyulan məqsəd isə istehsalat xəsarətlərinin sayının sıfıra endirilməsidir.
Müəssisədə ən böyük sosial xarakterli layihə 7 daimi yeməkxananın fəaliyyət göstərməsidir. Bunlarla yanaşı, digər iş yerlərini bu imkanlara yaxınlaşdırmaq diqqətdədir. Bu mənada, "Xətai" stansiyasında təmir işlərinin aparıldığı dövr xüsusi qeyd oluna bilər. Burada həmin müddət ərzində yeməkxana qurulmuşdu. İşçilər naharın təxminən yarısının qiymətini, həm də nağd olmadan ödəyirdilər. Bu tip tədbirlərdən bəhs edərkən, cari il Bilgəhdəki sağlamlıq mərkəzində 2 mindən artıq metropolitençi və ailə üzvləri dincəlməsi, profilaktik müalicə alması qeyd oluna bilər. Burada müalicə avadanlıqları və şəraitin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Həmçinin müəssisənin əmək və müharibə veteranlarına, əlillərə, maddi vəziyyəti ağır olan keçmiş metropolitençilərə xüsusi güzəştlərlə burada dincəlməyə şərait yaradılıb. Onlar da daxil olmaqla 114 nəfərə Respublika sanatoriyalarına yollayışlar verilib. Torpaqlarımızın müdafiəsi və Azərbaycanın müstəqilliyinin əldə olunmasında xüsusi rol oynamış metropolitençilər və onların ailələrinin qayğıları diqqətdən kənar saxlanmayıb. Onu xüsusi qeyd etmək olar ki, 2015-ci ildən MİHİ metropolitençi övladlarının təhsilə marağını artırmaq və həvəsləndirmək məqsədilə 600 və daha çox bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrə birdəfəlik mükafatlar verir. Bu il də istisna olmayıb və 5 belə gənc təltif olunub. Bu xüsusda bir mükafatın çəkisi ildən ilə artmaqdadır. Artıq 5-ci ildir metropolitendə "İlin qatar maşinisti" seçilir, ona peşə bayramı günü təntənəli şəkildə mükafat və diplom təqdim edilir.
“Bakı Metropoliteni” QSC-nin və MİHİ-nin təşkilatçılığı ilə 119 nəfər metropolitençi İstanbul şəhərinə turist səfərində olublar. Qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl bayramı da istisna olmayacaq. Ölkənin tarixi və turizm regionlarına səfərlər isə daha kütləvi şəkildə müntəzəm təşkil edilib.
Mədəniyyət ocaqlarına, muzey, konsert və tamaşalara, kütləvi-mədəni tədbirlərə, uşaq əyləncə mərkəzlərinə kollektiv səfərlər də il boyu müntəzəm təşkil edilib.
Respublika əhəmiyyətli sosial layihələrdə də MİHİ fəaldır. “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” devizi ilə hər il AHİK-in xətti ilə keçirilən müsabiqədə davamlı olaraq, metropolitenin əmək kollektivləri də fərqlənir. Bu dəfə nəqliyyat və xüsusi texnika departamentinin avtomotonəqliyyat kolonu qalib sayılıb. AHİK-in digər bir layihəsi "İlin peşəkar gənci" nominasiyası üzrə fəxri ada 3 metropolitençi layiq görülüb. Elə tədbir zamanı bu layihə üzrə qaliblərə mükafatlar təqdim edilib. AHİK-in sədr müavini Aqil Dadaşov, "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov və insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov fəxri adla bağlı mükafatları insan resursları şöbəsinin rəisi Əli Əliyevə, eskalator xidmətinin baş mühəndisi Vasif Dadaşova, “Bakımetrolayihə” İnstitutunun tikinti konstruksiyaları və arxitektura şöbəsinin mühəndisi Faiq Mehdiyevə təqdim ediblər.
Əsas məruzəçinin çıxışında metropolitençilərin idman nailiyyətləri xüsusi qeyd olunub. Metropolitençilər “Zenit” İdman Cəmiyyətinin hər il keçirdiyi Respublika spartakiadasında fəal iştirak edir və yüksək nəticələr əldə edirlər. Son 4 ildə iki dəfə qalib, iki dəfə ümumi komanda hesabında 3-cü yeri tutublar. Cari ildə də yarışlar başa çatıb. 10 növ üzrə yarışlarda 70-dən artıq metropolitençi iştirak edib və ümumi komanda hesabında 2-ci yeri tutublar. Məclisdə AHİK sədr müavininin iştirakı ilə metropolitenin komanda üzvlərinə kubok və diplomlar təqdim edilib.

 

 
Yolunu "tanımayan" sürücü ardıcıl olaraq qəza şəraiti yaratdı - VİDEO
Ardıcıl olaraq manevr qatdalarını pozub

Bakıda qaydaları kobud şəkildə pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Ziya Büynadov prospektindən Qara Qarayev prospektinə gedən körpüdə baş verib. 90 OV 584 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü körpünün üstündə əvvəlcə sağ zolaqdan sola keçərək digər sürücü üçün təhlükə yaradır.

Ardınca körpünün sonunda yolayrıcında qəfildən sol zolaqdan sağa manevr edir. Bu zaman öz yolu ilə hərəkətdə olan "Ford Tranzit" markalı avtomobili sıxır. "Ford"un sürücüsünün peşakar davranması son anda qəzadan xilas olmağa imkan verir. Qayda pozan sürücü isə heç nə olmamış kimi yoluna davam edir. Görüntüləri təqdim edirik:

 

Dar yolda "protiv" gedib təhlükə yaradan daha bir avtobus sürücüsü - VİDEO
113 nömrəli marşurut avtobusun sürücüsü qaydaları belə pozur

Son günlərdə avtobus sürücülərin qayda pozuntuları ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılır. Şəhərin mərkəzi küçələrində belə kobud qayda pozuntuları edən bu sürücülər sərnişinləri və digər yol hərəkəti iştirakçılarını təhlükəyə atır. Dekabr ayının 12-si, saat 07:54 radələrində 113 nömrəli müntəzəm marşurut xətti ilə hərəkət edən, 99 XS 844 dövlət nömrə nişanlı avtobusun sürücüsü əks istiqamətə çıxaraq digər sürücülərin yolunu kəsir. Daha sonra isə yolda hərəkəti bağlayaraq öz zolağına keçir. Ümid edirik ki, DYP və BNA sürücü barəsində müvafiq tədbirlər görəcək. Videonu təqdim edirik:

 

BDYPİ yayılan video ilə bağlı açıqlama yayıb

Bəzi KİV-də və sosial şəbəkə hesablarında yük avtomobilini idarə edən əlil sürücünün YPX əməkdaşları tərəfindən saxlanılmasını əks etdirən video görüntü yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) sözügedən faktla bağlı AYNA-ya bildirilib ki, dekabrın 11-də Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan 99-SH-688 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Seyidov Ramiz Bayram oğlu yol hərəkəti qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Lakin R.Seyidov polisin qanuni göstərişinə tabe olmayıb və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan manevrlər etməklə hərəkətini davam etdirib.

Qayda pozan sürücünün saxlanılması üçün qanuna müvafiq tədbirlər görülsə də, o, BDYPİ-nin digər stasionar postlarında da YPX əməkdaşlarının həyatı üçün təhlükə yaradaraq növbəti dəfə əmrə tabe olmayıb.

Nəhayət, paytaxtın “20” Yanvar dairəsində idarə etdiyi yük avtomobilini saxlamağa məcbur olan R.Seyidov burada YPX əməkdaşlarına qarşı aqressiv davranış nümayiş etdirib, hadisəni izləyən insanların həqiqətdən xəbərsiz olmasından istifadə edərək emosional çağırışlar edib və bununla da törətdiyi qanunazidd əməlləri pərdələməyə çalışıb.

Digər hərəkət iştirakçılarının daha çox zərər çəkə biləcəyi ehtimalını nəzərə alaraq, zəruri tədbirlər görülüb və hal-hazırda sözügedən faktla bağlı müvafiq araşdırma aparılır.    /Ayna.az/

Burada qayda pozanları cərimə etmirlər? - Sürücü belə deyir - VİDEO
20 yanvarın bitməyən dərdi davam edir

Bakının 20 yanvar kimi tanınan ərazisində taksi sürücülərinin qayda pozntuları, yolun hərəkət hissəsində avtomobil saxlayaraq yolu bağlaması adi hal alıb. Avtosfer.az xəbər verir ki, dəfələrlə bu ərazidə reydlər həyata keçirilsə də təssüf ki, sürücülər yenidən qayda pozuntularına davam edirlər. Bu dəfə özü qaydaları pozaraq digərlərini də buna məcbur edən sürücü kameraya düşüb. Belə ki, 90 KC 206 dövlət nömrə nişanlı avtomobilin sürücüsü cəmi iki zolağı olan yolun hərəkət hissəsində saxlayıb maşından düşür.

Digər ürücülərdən biri 1.1 xəttinin tələblərini pozaraq yoluna davam etməyə məcbur olur. Lakin videonu qeydə alan sürücü irad bildirərək burada maşın saxlamağın qadağan olduğunu və buna görə qayda pozmayacağını deyir. Sürücünün cavabı isə qəribə olur. "Burda belə şey yoxdur. Cərimə yazmırlar." Sürücünün iddasına görı burada 1.1 xətti artıq qüvvədən düşüb. Görünən odur ki, qayda pozan sürücülər buna adət etdikləri üçün qanunları da özlərinə uyğun "dəyişiblər." Görüntüləri təqdim edirik:

 

Fəxri Xiyabana gedən sürücülər küçədə xaos yaradır - FOTO
Öz rahatlığınızı düşünərək digər insanların yolunu kəsməyin

Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Fəxri Xiyabana ziyarətə gələn dövlət işçiləri öz avtomobillərini harada gəldi park edərək yolu zəbt ediblər. Avtosfer.az xəbər verir ki, Mikayıl Müşviq küçəsində ("Unibank"ın qarşısında) həmin şəxslər avtomobillərini səkiyə çıxararaq piyadaların yolunu kəsiblər. Yaxınlıqda olan avtobus dayanacağı da avtomobillər tərəfindən zəbt olunmuşdu. 

Sürücülərə tövsiyə edirik ki, bu cür hallarda tək öz rahatçılıqlarını düşünərək digər hərəkət iştirakçılarının yolunu kəsməsinlər. Siz harasa daha yaxın məsafədə piyada hərəkət etmək istədiyiniz kimi, digər insanlar da, səkidə rahat getmək və dayanacaqda avtobusa rahat minib-düşmək istəyir.

 

DİN özünü metroda qatar yoluna atan şəxslə bağlı məlumat yayıb
Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib

Daxili İşlər Nazirliyi (DİN) ötən gün metronun “Neftçilər” stansiyasının platformasında özünü qatar yoluna atan şəxslə bağlı məlumat yayıb. DİN-in Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, dekabrın 11-də saat 18 radələrində metronun “Neftçilər” stansiyasının platformasında bir nəfər özünü qatar yoluna atıb. Bu zaman orada olan DİN BİTİ-yə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin Mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları tərəfindən dərhal görülən tədbirlərlə həmin şəxs qatar yolundan çıxarılıb.

Onun Masallı rayon sakini V.Əzimov olması müəyyən edilib.

Xəbər lenti