Səudiyyə Ərəbistanı şahzadəsi Turki əl-Faysal mart ayında Bakıya gələcək.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən Axar.az-a verilən məlumata görə, o, VII Qlobal Bakı Forumunda iştirak edəcək.

Türki əl-Faysal Səudiyyə Ərəbistanı Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədridir. O, Səudiyyə Ərəbistanının Amerika Birləşmiş Ştatları və Böyük Britaniyada səfiri vəzifəsində də çalışıb. Turki əl-Faysal 2017-ci ildə Bakıda keçirilmiş V Qlobal Forumda da iştirak edib.

Xatırladaq ki, mart ayının 14-16-da keçiriləcək VII Qlobal Bakı Forumunun əsas mövzusu “Dünyanın yeni xarici siyasəti” olacaq. 450-dək qonağın iştirak edəcəyi Forumda “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu”, “Davamli inkişaf çağırışları”, “Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı”, “Müasir qərarların qəbul edilməsində elm və mədəniyyətin rolu” və digər mövzularda panel iclasları olacaq.


12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə naziri Oqtay Şirəliyev respublikada qızılca xəstəliyinə qarşı immunlaşdırma tədbirlərinin keçirilməsinə dair əmr imzalayıb.

Axar.az xəbər verir ki, 2018-ci ildə Avropanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstan və Rusiya Federasiyasında qızılca xəstəliyinin alovlanması və həmin ölkələrdən Azərbaycana gətirilmə halları qeydə alınıb.

Qabaqlayıcı tədbirlərlə xəstəliyin qarşısını almaq məqsədi ilə imzalanan əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə 2019-cu ilin mart-aprel aylarında qızılca xəstəliyi qeyd olunan Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında 20-40 yaşlı əhali arasında qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi tapşırılır.

Ambulator-poliklinik müəssisələrdə briqadaların təşkili, peyvənd aparılacaq tibb məntəqələrində müvafiq şəraitin yaradılması əks olunub. Eyni zamnda əmrdə immunlaşdırma tədbirlərinin həyata keçirilməsində yerli tibb müəssisələrinə metodiki köməklik göstərilməsi, bölgüyə əsasən qızılca məxmərək vaksininin yerlərə çatdırılmasının təminatı tapşırıqları da verilib.


Mehriban Əliyeva Zurabişvili ilə görüşdü

 

Fevralın 27-də Birinci vitse-prezident Mehriban Əliyeva ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Salome Zurabişvilini Azərbaycanda görməkdən məmnunluğunu bildirən Birinci-vitse prezident bu səfərin dost ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

Azərbaycana səfərindən şad olduğunu deyən Salome Zurabişvili burada keçirilən görüşlərin əlaqələrimizin inkişafı baxımından əhəmiyyətini qeyd edib. 

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələr üzrə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 


 

 

Prezident pensiyaların artımıyla bağlı qanunu imzalayıb

Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:

“Bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2019-cu il 1 mart tarixindən 160 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Qanun 2019-cu il martın 1-dən qüvvəyə minir.

“Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov Bakıya səfər edəcək.

Axar.az xəbər verir ki, bu məlumatı “İnterfaks” yayıb. Məlumata görə, Ələkbərov martın 18-də “OPEK+”un monitorinq komitəsinin iclasında iştirak etmək üçün Bakıya gələcək.

Qazaxıstanın “Veçerni Taldıkorqan” qəzetinin rəhbərliyi NTV-nin qadın aparıcılarının açıq-saçıq geyimlərə üstünlük verməsinin səbəbini aydınlaşdırmaq üçün sözügedən telekanalın rəhbərliyinə məktub ünvanlayıb.

Axar.az xəbər verir ki, həmin məktubun surətini RT və Sputnik-in rəhbəri Marqarita Simonyan Teleqram hesabında yayımlayıb.

Qəzetin baş redaktoru Yelena Burluçkaya məktubu telekanalın direktoru Aleksey Zemskoma göndərib.

“Nə üçün və hansı səbəbdən aparıcıların geyimlərinin üst hissəsində dərin dekolte var?” - deyə xanım redaktor müraciətində bildirib.

Zemskomun qazaxlı həmkarına cavab məktubu göndərib-göndərməməsi ilə bağlı məlumat verilməyib.

Leyla Əliyeva “Ağrı”nın təqdimatında

 

Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iştirak edib.

Əvvəlcə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində lentə alınmış videoçarx nümayiş olunub.

Yəhudi və Azərbaycan xalqlarını böyük faciələr və qəhrəmanlıqların birləşdirdiyini deyən Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev vurğulayıb ki, Holokost kimi Xocalı soyqırımı da insanlığa qarşı törədilmiş cinayətdir. Holokost və Xocalı faciələri mahiyyətcə eynidir. 

Romanın həmmüəllifi Arye Qut əsərin yazılması səbəbləri haqqında danışaraq, əsas məqsədin dünya ictimaiyyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı və ötən əsrin ən dəhşətli etnik təmizləmələrindən biri olan, 1992-ci il fevralın 26-da Xocalıda dinc azərbaycanlı əhalinin məruz qaldığı soyqırımı haqqında geniş məlumat vermək olduğunu bildirib. 

“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. 

 





 

Azərbaycana bir ayda 191 min turist gəlib

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2019-cu ilin yanvarında Azərbaycana dünyanın 143 ölkəsindən 191,6 min və ya 2018-ci ilin yanvar ayı ilə müqayisədə 2,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"Qafqazinfo" xəbər verir ki, gələnlərin 29,4 faizi Rusiya Federasiyası, 29,1 faizi Gürcüstan, 11,2 faizi Türkiyə, 5,4 faizi İran, 4,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,7 faizi Ukrayna, 1,3 faizi İraq, 17,3 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini isə qadınlar təşkil edib.

Ölkəmizə yanvar ayında gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan (2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz), Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınıb.

Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,3 faiz azalaraq 28,5 min nəfər olub.

2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin  63,8 faizi dəmir yolu və avtomobil, 35,4 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.


Bu gün həyat 1 dəqiqəlik dayanacaq

Bu gün Xocalı soyqırımının 27 ili tamam olur.

“Qafqazinfo” xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ikinci böyük yaşayış məntəqəsi olan Xocalı Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbçiləri və döyüş texnikasının fəal iştirakı ilə erməni qüvvələr tərəfindən silahlı nəzarətə götürülüb.

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 

Xocalı faciəsi barədə faktlar yerli və xarici jurnalistlər tərəfindən çəkilmiş foto və videokadrlarda əksini tapıb.

Hazırda Xocalı soyqırımının tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Azərbaycandan başqa, Xocalını tam səviyyədə qətliam kimi Pakistan və Sudan tanıyır. Faciəni parlament səviyyəsində qətliam kimi Meksika, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Cibuti, Peru, Honduras, Panama, İordaniya, Rumıniya və Şotlandiya tanıyır. İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliam kimi tanıyan sənəd qəbul edib. 

Heydər Əliyev 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Milli Məclisin qərarı ilə 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. 

Xocalı soyqırımına aid ilk abidə 1993-cü ildə Bakıda inşa olunsa da, 2008-ci il fevralın 26-da həmin abidənin yerinə təzə "Ana Harayı" adlı abidə ucaldılıb. 

Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını "müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər" kimi müəyyən edib.

Prezident İlham Əliyev beynəlxalq səviyyədə keçirilən “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini nəzərə alaraq, “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında” 13 fevral 2014-cü il tarixli sərəncam imzalayıb.

Qeyd edək ki, bu gün Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək. Saat 17:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq, avtomobillər siqnal, gəmilər, metro və yerüstü qatarlar fit verəcəklər.

Eyni zamanda Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində dövlət bayraqları endiriləcək.

 




Qardaş Azərbaycan xalqı 20-ci əsrin ən böyük qırğınlarından olan Xocalı soyqırımının ağrısını yaşayır. Bu soyqırım təkcə Azərbaycan türklərinə deyil, insanlığa qarşı törədilmiş qətliamdır.

Xocalı soyqırımı ermənilərin təxminən 200 ildir davam edən “Dənizdən dənizə Böyük Ermənistan” xəyallarının ən qanlı hissəsidir.

Xocalıda yaşananları ayrı bir hadisə kimi yox, ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinin bir hissəsi kimi qiymətləndirmək lazımdır. Buna görə də Xocalı qırğınına gedən prosesi Çar Rusiyasının Cənubi Qafqaza yönəlməsi və Qarabağın işğalı prizmasından dəyərləndirmək zəruridir. Bu soyqırım ermənilərin Rusiyanın himayəsi altında Anadoluda, Azərbaycanın şimal və cənubunda 1895-1896, 1905-1906, 1915, 1918-1920-ci illərdə törətdikləri soyqırımların davamıdır.

Xocalı 27 ildir ədalət gözləyir. Faciə qurbanlarından bəziləri yaşayır, qatillər bəllidir. Foto və videoları çəkilmiş bu vəhşət hələ də beynəlxalq ictimaiyyətin diqqətini çəkmir.

Bu gün Azərbaycanla yanaşı, Meksika, Pakistan, Macarıstan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlərarası Birliyi Xocalıda yaşananları soyqırım kimi tanıyıb. Həmçinin ABŞ-ın 13 ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib. Əlbəttə, belə parlament qərarlarının hüquqi qüvvəsi yoxdur, lakin bu qərarlar qırğının digər ölkələrdə bilinməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Beynəlxalq ictimaiyyət Xocalı soyqırımını gözardı edərək, dünya sülhünə böyük bir zərbə vurmaqdadır. Çünki Xocalını unutmaq, ilk növbədə, bu cür qırğınları həyata keçirmək istəyənləri həvəsləndirmək və təşviq etmək deməkdir.

Xocalını unutmaq şiddəti qanuni bir vasitə kimi görən işğalçılara “insanları öldürərək aldığınız torpaqlar sizin haqqınızdır” mesajını verməkdir.

Soyuq müharibədən sonrakı dövrdə, etnik və dini münaqişələrin, sərhəd mübahisələrinin bütün dünyada sürətlə yayıldığı bir vaxtda erməni işğalını və Xocalı soyqırımını inkar etmək qonşu ölkələrdən torpaq tələb edən ölkələri təşviq etməkdir.

Sonda Xocalı soyqırımında şəhid olanları, bu faciəni bütün dünyaya çatdırmaq üçün fədakarlıq edən və 1992-ci il iyunun 15-də ermənilər tərəfindən şəhid edilən Çingiz Mustafayevi rəhmət və hörmətlə anıram.

Başın sağ olsun, Can Azərbaycan!

Hörmətlə,

Burdur Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müəllimi Dr. Əsma Saraç Özdaşlı

Xəbər lenti