Fevralın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, Bakıda gecə 3-5° isti, gündüz 9-11° isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 %olacaq.

Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi şimal və şərq rayonlarında yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

Fevralın 18-i axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 5-7° aşağı enəcək.


İranın Ərdəbil şəhərinə güclü qarın yağması nəticəsində ali və orta ixtisas məktəblərinin fəaliyyəti dayandırılıb.

Ardını oxu...

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, borclar silinsin.

Axar.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Qalib Toğrul bələdiyyələrin vəziyyəti, onların borcları barədə qeyd edib. Ekspert bildirib ki, Azərbaycanda yerli özünüidarəetmə orqanlarının ən kəskin problemlərindən biri Dövlət Sosial Müdafiə Fonduna (DSMF) olan borclardır:

“İllərdir bələdiyyələr borcun neqativ təsirlərindən qorunmaq üçün bir neçə bankda hesab açmaqdan tutmuş dotasiyaların birbaşa Fonda yönəldilməsinə, məhkəmə çəkişmələrinin müxtəlif səbəblərdən uzadılmasına kimi bir çox müvəqqəti tədbrilərə əl atırlar. Ancaq bunlar məhz müvəqqəti tədbirlərdir. Borcların yaranmasında və şişməsində bələdiyyələrin də günahı çoxdur. Əksər bələdiyyə rəhbərliyi özündən əvvəlki rəhbərliyin verdiyi məsuliyyətsiz qərarları düzəltmək, yığılmış borcları ödəmək üçün (hətta imkanı olsa belə) real addımlar atmaqda həvəsli deyil.

Rəsmi statistikaya görə, bugün Azərbaycan bələdiyyələrinin 80%-nin DSMF-yə borcu var. Və rəsmi statistika təsdiq edir ki, bu borclar bir neçə yüz manatdan tutmuş bir neçə yüz min manata kimi geniş aralıqda dəyişir”.

Q.Toğrul bildirib ki, məcburi dövlət sığorta haqlarının hesablanması və ödənilməsi ilə bağlı funksiyaların Vergilər Nazirliyinə verilməsi bələdiyyələrin borc problemini aktuallaşdıra və onsuz da maliyyə təminatı zəif olan bələdiyyələri daha pis duruma sala bilər:

“Nəzərə alaq ki, borcların toplanması məsələsində Vergilər Nazirliyi DSMF-dən fərqli olaraq daha ciddi və israrlı tədbirlər görmək təcrübəsinə sahibdir.

Səalahiyyətlər Vergilər Nazirliyinə verilmişkən, təklif edirəm ki, bələdiyyələrin sosial sığorta ödənişləri üzrə borcları bağışlanılsın, silinsin və yeni nəzarətçi qurumla münasibətlər, obrazlı desək, ağ vərəqdə yeni sətirdən başlasın. Məncə, bir neçə milyon manat məbləğində qiymətləndirilən borcu bağışlamaq Azərbaycan dövləti üçün böyük maliyyə yükü yaratmaz və artıq subvensiya layihələrinin icrasına başlanılacaq 2019-cu ildə bələdiyyələrə böyük maliyyə dəstəyi olar”.

Millət vəkili Qənirə Paşayeva Tovuzun kənd məktəblərində şagirdlər üçün “Tariximizi öyrənək və təbliğ edək!” adlı tədbir keçirib.

Axar.az xəbər verir ki, millət vəkili məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatı, Qarabağ və dünya ədəbiyyatına dair, həmçinin özünün müəllifi olduğu çoxlu kitab və jurnallar hədiyyə edib.

Q.Paşayeva məktəbliləri öz daxili dünyalarını zənginləşdirməyə, özəlliklə Azərbaycan tarixini və ədəbiyyatını daha geniş mütaliəyə etməyə səsləyib:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç nə ola bilməz. Harada doğulmasından və yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”.

Azərbaycanın işğal altında olan əraziləri barədə danışan millət vəkili qeyd edib ki, hər bir vətəndaş Azərbaycan Ordusunun könüllü əsgəri olmalıdır.

Deputat daha sonra hər bir uşaqla ayrıca söhbət edib, yay tətilinə baxmayaraq, onları bu zamandan faydalı istifadə etməyə çağırıb.

Q.Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova təhsildə fərqlənən şagirdlərə kitab və hədiyyələr təqdim ediblər.

Nazirlər Kabineti 2006-cı il 9 yanvar tarixli qərarla təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”na dəyişikliklər edib.

Report-un məlumatına görə, müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci hissəsinin on birinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəzlənib və on ikinci “gömrük orqanlarından xidmətinə xitam verilmiş əməkdaş iki il ərzində yenidən xidmətə qəbul edilərsə, gömrük orqanlarında əvvəl xidmət etdiyi müddət.” abzası əlavə olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sahibkarlara müraciət edib.

Agentlikdən Axar.az-a bildirilib ki, müraciətdə istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələrinin istehsalı, saxlanması, satışı və tətbiqinin yolverilməz olduğu bildirilib.

“Agentlik tərəfindən istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlərin, bioloji preparatların, onların birləşmələrinin və qablarının mövcudluğunu yerində müəyyənləşdirmək üçün Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə inventarlaşdırma komissiyası yaradılıb.

Əgər sahibkarların öhdəsində istifadəyə yararsız, vaxtı keçmiş və istifadəsi qadağan olunmuş pestisidlər, bioloji preparatlar, onların birləşmələri və qablaşmaları varsa, dərhal bu barədə agentliyə məlumat versinlər. Əks halda qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək”, - müraciətdə qeyd edilib.

Bir neçə gün öncə Yasamal rayonunda yerləşən "Gəncə Cake House” adlı şirniyyat mağazasının vitrinində, şirniyyatların üzərində siçovulun gəzdiyini əks etdirən video yayılıb. Bu görüntülərdən sonra mağaza rəhbəri açıqlama yayaraq bildirib ki, siçovul dəyən şirniyyatlar mağazadan atılıbdır. Lakin rəhbərliyin mağazada belə bir hadisənin növbəti dəfə yaşanmayacağına zəmanət verən hər hansı ciddi tədbirlərin görülməsindən söz açmaması və fəaliyyətini hələ də davam etdirməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.

Şikayətlərin çox olması səbəbilə Axar.az sözügedən hadisənin yaşandığı mağaza rəhbərliyi ilə əlaqə saxlasa da, qarşı tərəf bu barədə açıqlama vermək istəmədiyini bildirdi.

Məsələ münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov dünya təcrübəsində əsasən belə mağazaların bağlanaraq, orada yenidənqurma işləri həyata keçirdiyini və istehsal prosesini tam dəyişdirdiyini qeyd edib:

“Buna oxşar hadisə ilə Kanadada rastlaşdım. Restoranı tarakan basmışdı deyə, rəsmi səhifələrində bu barədə məlumat verilmişdi və fəaliyyətini dayandırdığını bildirmişdi. Ertəsi gün həmin restorana gedəndə isə restoranın qapısının bağlı olduğunu və orada yenidənqurma işləri aparıldığını müşahidə etdim. Düşünürəm ki, bu, bizdə də belə olmalıdır. “Gəncə Cake House” adlı şirniyyat mağazasının rəhbərliyi yaşanan hadisəyə görə ictimaiyyətdən üzr istəməlidir və mağaza bağlanmalıdır. Orada istehsal prosesi tamam dəyişməlidir. Bu işdə Qida Təhlükəsizliyi Agentliyi də onlara kömək etməlidir ki, onlar müasir tələblərə cavab verən istehsal həyata keçirsinlər. Çox təəssüflər olsun ki, AQTA-nın yaradılmasına baxmayaraq, belə hadisələr yenə yaşanır. Bu, effektsiz işin nəticəsidir. Agentliyin əsasnaməsində göstərilir ki, AQTA Azərbaycanda istehsal olunan bütün malların tarladan və ya fermadan istehlakçıların masasına qədər izlənməsini həyata keçirməlidir. Biz özümüz də AQTA-ya 7 illik təcrübəsi olan birlik kimi müraciət etdik ki, əməkdaşlıq edək. Əhalinin maarifləndirilməsinə təmannasız olaraq, könüllü kömək etməyə hazırıq. Lakin agentlik Azad İstehlakçılar Birliyini savadsızlıqda günahlandırır”.

Qeyd edək ki, AQTA "Gəncə Cake House” adlı şirniyyat mağazasında sanitar və gigiyenik qaydalara əməl olunmaması səbəbindən araşdırmalara başlayıb. Nəticənin yaxın günlərdə ictimaiyyətə təqdim ediləcəyi qeyd olunub.

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub.

Nazirlər Kabinetindən Axar.az-a bildirilib ki, təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb.

Belə ki, bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır.

Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib.

“Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı”na əsasən, ixtisas qrupları üzrə aşağıdakı dəyişikliklər olub:

“Təhsil ixtisasları” qrupunda olan 22 ixtisasdan biri (“Rəqs müəllimliyi”) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var.

“Humanitar və sosial ixtisaslar” qrupunda olan 17 ixtisasdan biri (“Antropologiya”) çıxarılıb, 2 ixtisas (“Kitabşünaslıq” və “Kitabxanaçılıq və informasiya”) isə bir ad altında birləşdirilib, “İslamşünaslıq” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var.

“Mədəniyyət və incəsənət ixtisasları” qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, “Solo oxuma”, “Estrada sənəti”, “Kinoşünaslıq”, “Teatrşünaslıq” və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara“sahələr üzrə” sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var.

“İqtisadiyyat və idarəetmə ixtisasları” qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, “Dünya iqtisadiyyatı”, “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” və “Kommersiya”), onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. “Mühasibat uçotu və audit” ixtisasının adı “Mühasibat” olub, “Beynəlxalq ticarət və logistika” adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var.

“Təbiət ixtisasları” qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız “Biotexnologiya” adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var.

“Texniki və texnoloji ixtisaslar” qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlarla adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.

“Kənd təsərrüfatı ixtisasları” qrupunda mövcud olan 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (“Aqromühəndislik” digər qrupa keçirilib, “Zootexnik”) çıxarılıb və 1 yeni ixtisas (“Zoomühəndislik”) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var.

“Səhiyyə, rifah və xidmət ixtisasları” qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (“Həkim yardımçısı”, “Bədən tərbiyəsi və idman” və “Turizm və otelçilik”) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var.

“Tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar” qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (“Tibbi profilaktika”) çıxarılıb, 1 ixtisas (“İctimai səhiyyə”) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib.

“Xüsusi təyinatlı ixtisaslar” qrupunda mövcud 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Yeni ixtisaslardan 2-si artıq keçən il Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Ümumilikdə ixtisasların sayı 8-ə enib.

Qeyd edək ki, ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı barədə ilkin məlumatlar ötən gün yayılmışdı.

Avropada Azərbaycan əleyhinə təbliğat apararaq ölkə rəhbərliyini, eləcə də diaspor nümayəndələrini təhqir edən Orduxan Teymurxanın əsas məqsədi Xocalı faciəsi ərəfəsində ajiotaj yaradaraq erməni diasporundan qrant almaqdır.

Bu sözləri Axar.az-a açıqlamasında diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili deyib. O, Orduxan və komandasının konkret məqsəd üçün çalışdığını söyləyib:

“Çox adam Orduxanın təhqirlərini təsadüfi saya bilər. Bəziləri hesab edə bilər ki, ümumiyyətlə, bu adamın xəmiri söyüşlə yoğrulub, həyat tərzi belədir və s. Əslində isə bu düşüncə doğru deyil. Çünki bu adamlar yalnız düşünülmüş şəkildə, lazımi vaxtlarda və yerlərdə ortaya çıxır. Xocalı soyqırımının ildönümü yaxınlaşdıqca dünyada yaşayan azərbaycanlılar, Azərbaycan diasporu soyqırımla bağlı səfərbər olur, dünyanın hər bir yerində, o cümlədən Avropada tədbirlər, aksiyalar keçirməyə hazırlaşırlar. Orduxan isə fürsətdən istifadə edərək xaricdə yaşayan Azərbaycan diasporunu, məmurlarımızı, Diasporlarla İş üzrə Dövlət Komitəsinin rəhbərini təhqir və ittiham etməyə başlayıb. Bu adam artıq yolunu azıb”.

Ekspertin sözlərinə görə təhqirlə ölkənin nüfuzunu aşağı salmaq istəyən bu şəxslərə qarşı mübarizə aparılmadıqca onların sayı artmağa davam edir:

“Statistikaya nəzər salsaq görərik ki, dünənə qədər Orduxan və Tural vardısa, bu gün mehmanlar, məhəmmədlər, vidadilər var. Getdikcə bu adamlar yüksələn xətt üzrə çoxalırlar. Hələ burdan köçüb Avropada yaşayan azsaylı azərbaycanlılar var ki, onlara qoşulub bərabər fəaliyyət göstərirlər. Bu gün Haaqada öz toplantılarını keçirirlər, Orduxangil də onları dəstəkləyir. Avropada bir sıra qrant verən təşkilatları onlara yönləndirirlər. Söyüş və təhqir siyasi mübarizə üsulu deyil. Söyüş söyərək Azərbaycan rəhbərliyini nüfuzdan salmağa çalışan bu şəxslər elə düşünürlər ki, cəhdləri fayda verəcək.

İftiralar zamanı səsləndirdikləri ifadələrin hamısı düşmən tərəfindən seçilmiş metoddur. Necə olur ki, bütün bu radikallar eyni zamanda söyüşə, təhqirə başlayır? Bunlar sırf erməni diasporunun, lobbisinin Orduxangilə ayırdığı maliyyə dəstəyindən irəli gəlir. Onlar Xocalı soyqırımı ərəfəsində Azərbaycan diasporunun başını belə məsələlərlə qatmaqla vəzifələndirilib.

Xaricdə fəaliyyət göstərən diaspor nümayəndələri var ki, özlərini lider, sədr, hətta bir az da irəli gedərəkAzərbaycan diasporunun banisi adlandırırlar. O adamlar nədən qorxurlar, niyə susurlar ki? Nəyə görə Orduxan və komandasına bir cavab verməyə çəkinirlər? Niyə Avropada özlərinə hüquqşünas tutub məhkəməyə müraciət etmirlər, toplantılar keçirmirlər?

Onların əksəriyyəti biznesmənlərdir, buna maddi imkanları da çatır. Orduxana qarşı hüquqi müstəvidə mübarizə başlatmağın vaxtı yetişib. Bu, xahiş yox, tələbdir”.


08:45

Təhsil nazirinin müavini Firudin Qurbanov Bakı Dövlət Universitetində rektor əvəzi vəzifəsini icra etməyə başladıqdan sonra ali təhsil ocağında imtahan nəticələrinin təkrar yoxlanılması ləğv edilib. Əvvəlki rektorun dövründə isə qrupda kəsir olmayanda yazılar 2, bəzən 3 dəfə yoxlanılırdı.

Axar.az xəbər verir ki, bu barədə sözügedən universitetin müəllimlərindən biri məlumat paylaşıb. O, F.Qurbanovun bu vaxta qədər tələbələrin xeyrinə gördüyü işlərdən danışıb:

“İmtahanların cavabı 1 gün sonra elan olunmağa başlayıb. Bundan öncə isə imtahan cavabları bəzən 10-15 günə çıxırdı. Apellyasiya şikayəti nəticəsində xeyli tələbənin qiyməti düzəldilib. Təkcə mən 10-a yaxın tələbənin balını artırmışam. Əvvəlki rektorun dövründə heç kimin qiyməti düzəlməzdi. Bu, yalnız digər vasitələrlə mümkün idi. Doktoranturaya öz biliyi ilə qəbul olmaq mümkün olub. Sənəd qəbulunda olan süni maneə əvvəlki rektorun vaxtından qalmışdı. İmkanlı və yüksək vəzifəli şəxslərin oxumadan A alan övladları kəsildi. Əvvəlki rektorun dövründə tapşırıq və digər vasitələrlə A alan tələbələr kəsilib və ya onlardan bəziləri artıq oxumağa başlayıb. Tələbə və müəllimlərin bütün müraciətlərinə dərhal və humanizm prinsipləri əsasında baxılmağa başlayıb”.

Qeyd edək ki, BDU-nun rektoru A.Məhərrəmov vəzifəsindən azad edildikdən sonra F.Qurbanov 2018-ci ilin dekabrında rektor əvəzi təyin edilib.

Xəbər lenti