|
Xocalı soyqırımının iyirmi yeddinci ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsəsən Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı “dəyirmi masa”ların, konfrans, toplantı və xüsusi məşğələlərin, kitab, foto və rəsm sərgisinin təşkili, Həzi Aslanov adına Mərkəzi, eləcə də Gəncə Qarnizonu Zabitlər evləri kollektivlərinin iştirakı ilə faciəyə həsr olunan ədəbi-bədii kompozisiya və tamaşaların, sənədli və bədii filmlərin nümayiş etdirilməsi nəzərdə tutulub.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının ailə üzvləri, hadisələrin iştirakçıları ilə şəxsi heyətin görüşlərinin təşkili, həmçinin Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verənlərin xatirəsinə ucaldılmış abidələrin ziyarət olunması planlaşdırılıb.
Bundan əlavə, şəxsi heyət Bakı şəhərinin Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcək.
Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
2018-ci ildə Türkiyənin Bodrum şəhərinə 14,1 min Azərbaycan turisti səfər edib.
Trend-in xəbərinə görə, ümumilikdə ötən il Bodruma 781 min xarici turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 62 faiz çoxdur.
Ötən il Bodruma səfər edən turistlər arasında rusiyalılar çoxluq təşkil edib. Bu ölkədən Bodruma 97,5 min turist səfər edib.
Qeyd edək ki, 2018-ci ildə Türkiyəyə ümumilikdə 46,1 milyon turist səfər edib. Bu, 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur.
Xorvatiya parlamenti “Dövlət xidməti” haqqında qanuna əlavələri təsdiq edib. Əlavələr qüvvəyə mindikdən sonra deputatlar şəxsi avtomobildən istifadə hüququndan məhrum olacaq. Bunun əvəzində deputatlara avtobus, tramvay və metrolardan pulsuz istifadə hüququ veriləcək. Qanun layihəsinin müəllifi Oqnejki Slovanoviçin sözlərinə görə, yeni qanun xorvat xalqı ilə onun təmsilçiləri arasında boşluğu aradan qaldırmaq üçün nəzərdə tutulub.
Maraqlıdır, bu qanun ölkəmizdə qəbul edilsə, millət vəkillərinin münasibəti necə olar?
Məsələ ilə bağlı Axar.az-a danışan millət vəkili Aydın Mirzəzadə bildirib ki, Azərbaycanda da belə bir qanun qəbul edilsə, birinci qoşulanlardan olar:
“Bunu özüm üçün hər hansı bir məhdudiyyət hesab etmərəm. Amma bu qanun heç də millət vəkilləri və cəmiyyəti yaxınlaşdırmağa xidmət edən yeganə vasitə deyil. Millət vəkili, dövlət qulluqçusunun cəmiyyətlə münasibətlərini yaxşı qurması üçün başqa vasitələr də var. Millər vəkillərinin əhali ilə görüşlərinin keçirilməsi, vaxtaşırı cəmiyyətin arasında olması, telefon zənglərinə açıq olması da bu vasitələrdən biridir”.
A.Mirzəzadə avtomobilsiz ailədə böyüdüyünü də deyib:
“Milli Məclisin deputatı seçilənə qədər mənim nə şəxsi, nə də xidməti maşınım olub. Ona görə də avtomobilsiz həyat mənim üçün adi bir normadır. Hazırda xidməti maşından istifadə edirəm, bununla belə avtomobilsiz fəaliyyət göstərə bilərəm”.
Millət vəkili Aqil Abbas isə bu qanunun qəbulunun doğru olmadığını bildirib:
“Azərbaycanın qanunvericiliyində millət vəkillərinin ictimai nəqliyyatdan pulsuz istifadə etməsini təmin edən maddə var. Amma insanlara nəyisə qadağan etmək heç də demokratiyanın göstəricisi deyil. Şəxsi maşınından istifadədən məhrum edilməsi insanın şəxsi azadlığına, həyatına müdaxilədir. Demokratik ölkədə belə bir qadağa tətbiq oluna bilməz. Onda Xorvatiyanın prezidenti də, digər məmurları da şəxsi avtomobil istifadəsindən məhrum edilsin.
Doğrudur, praktikada məmurların işə piyada, velosipedlə, metro və digər ictimai nəqliyyat vasitələri ilə getməsi maraqla qarşılanır. Məsələn, Hollandiyada bəzi vaxtlar məmurlar, hətta baş nazir velosipedlə işə gedir. Amma bu o demək deyil ki, onlar şəxsi avtomobil istifadəsindən məhrum edilib. Nəyisə qadağan etmək sivil dövlətlərin işi deyil”.
Aqil Abbas da ictimai nəqliyyatdan istifadə etdiyini qeyd edib:
“Elə yer olur ki, ora avtomobillə getmək sərf eləmir, buna görə də metrodan istifadə edirəm. Amma mənim 1987-ci ildən şəxsi avtomobilim olub. Mənim üçün avtomobil məni A-dan B-yə aparan vasitədir. Digər tərəfdən maşını olmayan deputatlar çoxdur. Milli Məclisə avtobusla gələn deputatlar var. Bütün millət vəkillərinin şəxsi avtomobili yoxdur. Məsələn, Aydın Mirzəzadənin, Tahir Kərimlinin, Fazil Mustafanın adını çəkə bilərəm”.
Millət vəkili Elman Nəsirov da belə qərarın qəbul edilməsini müsbət qarşılamayanlardandır:
“Əvvəla bir şeyi qeyd edim ki, Xorvatiya, ümumiyyətlə, dünya miqyasında nümunə, model ola biləcək dövlət deyil. Hesab edirəm ki, biz inkişaf etmiş dövlət sırasında olmağı özümüzə hədəf seçmişik.
Avtomobili hansısa bir zinət əşyası kimi qəbul etmək lazım deyil, bu, sadəcə həyat tərzidir. Biz gün ərzində çoxsaylı tədbirlərdə iştirak edirik, digər tərəfdən tez-tez seçicilərlə görüşmək üçün rayonlara gedirik. Məsələn, bugünkü iş rejimimi deyim. Səhər 10:00-da İlahiyyat İnstitutunun 1 illiyi ilə bağlı tədbirdə iştirak və çıxış; 11:00 Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illiyi ilə bağlı Naxçıvan Muxtar Respublikasının Azərbaycandakı daimi nümayəndəliyində keçirilən tədbirdə iştirak və çıxış; 13:30 Xəzər TV-də çəkiliş; 15:00-da SƏS Agentliyində keçirilən toplantıda iştirak və çıxış... Fikir verirsiniz, hətta mənim nahar etməyə fiziki baxımdan vaxtım qalmır. Bizim üçün zaman məsələsi həlledicidir. Ona görə də hesab edirəm ki, avtomobil millət vəkilinə üzərinə düşən vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün lazımdır”.
Bu gün biz Azərbaycan-Rusiya sərhədində Rusiya İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə birlikdə yeni körpüyə baxış keçiririk.
Axar.az xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində salınan körpüyə baxış zamanı jurnalistlərə açıqlamasında deyib.
"Yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq. Yük maşınların keçid müddəti azalacaq. Bizim sahibkarlar Rusiyaya daşınan yüklərə sərf elədiyi vaxtı kifayət qədər azaldacaq. Bununla ölkələr arasında ticarət dövriyyəsi daha da artacaq. Körpü tikintisinin maliyyəsi Azərbaycan və Rusiya arasında bərabər hissələrlə ödəniləcək. Artıq 50 faiz Azərbaycan, 50 faiz isə Rusiya hökuməti tərəfindən ödənilib. Körpünün tikintisi bu il noyabrın sonunadək başa çatdırılacaq. Beləliklə yüklərin daşınması üçün daha rahat şərait yaranacaq".
Qeyd edək ki, körpünün maliyyə dəyəri 38 milyon manat təşkil edir.
Atamın görməsində və eşitməsində də problem yaranıb.
Bu sözləri Kult.az-a açıqlamasında meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil deyib. O, müalicə xərclərinin qarşılanması üçün dostlarının kampaniya başlatdığını söyləyib:
“Hazırda atamın ayaqları tutulub, yeriyə bilmir. Meyxanaçı dostları da tez-tez gəlib baş çəkirlər. Sənət dostlarından maddi yardım göstərənlər də olub. Atamın müalicəsinə lazım olan pulun yığılması üçün dostlarım məndən xəbərsiz kampaniya başladıb, efirə çıxmağıma şərait yaradıblar. Tarix (Tolik) bəy özü mənə zəng elədi ki, bu barədə efirdə insanları məlumatlandırım. Sonradan müxtəlif efirlərdən zəng edib müsahibə almaq istədiklərini dedilər. Amma atamın bu vəziyyətdə efirdə görünməsinə razı olmadım. Hələlik toplanan pul müalicə üçün lazım olan məbləğin cüzi bir hissəsidir. Həkimlər deyir ki, müalicədən sonra görməsi və eşitməsi də qaydasına düşəcək”.
Meyxanaçı Samirə isə saytımıza açıqlamasında Ağakərimin vəziyyətindən xəbərsiz olduğunu bildirib:
“Bundan əvvəl hospitalda yatanda Kərimə baş çəkmişdim. Biz onunla çox yaxınıq, ailəvi dostuq. Uzun müddətdir ölkə xaricində olduğuma görə səhhətinin pisləşməsindən xəbərsiz idim. Mütləq gedib maraqalanacam. Müalicə xərclərinin qarşılanması üçün əlimdən gələni edəcəyəm. Tələb olunan pul böyük məbləğdir. Bu, bir-iki adamın işi deyil. Hamımız bunun üçün dəstək olmalıyıq”.
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov da yaxın dostu K.Novruzovun ayağa qalxması üçün ona dəstək olacağını deyib:
“Gedib evində Kərimi görmüşəm. Onun üçün əlimdən nə gəlirsə, etməyə hazıram. Düzü, edilən yardımı demək yaxşı deyil. Ona görə də bu barədə danışmaq istəmirəm. Kərim bizim əziz adamımızdır”.
Qeyd edək ki, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkən və efirlərdən uzaqlaşan meyxanaçı Ağakərimin (Kərim Novruzov) ayaqları tutulub. "Hər şey daxil” verilişinə telefon vasitəsi ilə qoşulan meyxanaçının oğlu Kamil atasının 2 aylıq müalicəsi üçün 20-25 min manat tələb olunduğunu söyləyib.
Finlandiya Respublikasının beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tutulub.
Report-un xəbərinə görə, Finlandiyada vergidən yayındığına görə "İnterpol” xətti ilə axtarışda olan Rusiya Federasiyası vətəndaşı 66 yaşlı Pavel Bağırov Azərbaycanın Qusar rayonunda saxlanılıb.
Faktla bağlı Qusar Rayon Polis Şöbəsində aaraşdırma aparılır.
P.Bağırovun Finlandiyaya ekstradisiya ediləcəyi gözlənilir.
Çudo Peçka və ÇP Aqro MMC-lərinin təsisçisi Çingiz Cəlilovun barəsində hökmdən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Axar.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Çingiz Cəlilovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Cəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, müxtəlif hüquqi və fiziki şəxslərin adına bankdan kredit kimi aldığı külli miqdarda vəsaiti bankın vəzifəli şəxsi ilə birgə təyinatından yayındıraraq şəxsi ehtiyacları üçün mənimsəyən şirkət rəhbərinin qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Müəyyən edilib ki, Çudo Peçka və ÇP Aqro MMC-lərin təsisçisi Çingiz Cəlilov Bank Standard QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan yaxın qohumları və qohumluq münasibətində olduğu, eləcə də rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub.
Daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsü yaradaraq bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Çingiz Cəlilovun qeyd edilən kredit məbləğlərini bankın vəzifəli şəxsləri ilə əlbir olaraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından ona Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
İstintaq dövründə aparılan araşdırmalardan sonra "Bank Standart"ın İdarə Heyətinin keçmiş sədri Heydər Orucov da həbs edilib.
17:14
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Şamaxı, İsmayıllı və Ağsu rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri haqqında sərəncam imzalayıb.
Axar.az sərəncamın mətnini təqdim edir:
1. Baş vermiş zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında yaşayış evlərinə, sosial və infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;
2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə uyğun olaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2018-ci il üzrə orta aylıq nominal əməkhaqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq 2019-cu ilin 1 yanvar tarixinə:
1.1. bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin;
1.2. fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.