![]() |
|
Ermənistan teleqram kanalları, o cümlədən hakimiyyətlə əlaqəli olanlar Nikol Paşinyanın Qazaxın işğal altında olan 4 kəndi ərazisində qanunsuz yaşayan ermənilərlə görüşünün təfərrüatları informasiya məkanına sızdığından hiddətlənib.
Əsas ötürülən mesaj budur ki, “ermənilər döyüşmək istəyir, amma Paşinyan kəndləri təslim edir”.
Məlumata görə, ER Baş nazirinin mətbuat xidməti hələ də görüşün videosunun montajı ilə məşğuldur. Müxalifət kanallarının bildirdiyinə görə, Paşinyanın “səhvləri” və Azərbaycan ərazisini könüllü olaraq tərk etmək istəməyən qeyri-qanuni miqrantlarla emosional mübahisələr həddən artıq çoxdur.
Maraqlıdır ki, Suren Papikyanın informasiya resursları artıq açıq şəkildə Paşinyana hücum edir ki, bu da dolayısı ilə baş nazirlə müdafiə naziri arasında fikir ayrılıqlarının olduğunu təsdiqləyir.
Kreml qlobal savaş təhlükəsi barədə ciddi kəşfiyyat məlumatları alıb, ona görə də, Rusiya onun mümkün nəticələri barədə Qərbə sərt xəbərdarlıq mesajı verir... Fransa və onun Qərbdəki avantürist dəstəkçiləri isə qlobal savaş təhlükəsinə müqavimət göstərən Almaniya kansleri Olaf Şoltsu prezident Putin “öskürərkən” gizlənməyə “bunker” axtarmaqda qınayırlar...
Rusiyada keçirilmiş prezident seçkilərinin yekun nəticələri bəzi Qərb siyasi dairələri üçün “gözlənilməz” olub. Halbuki, onlar “kimin qalib gələcəyini” elə əvvəlcədən də bilirdilər. Hər halda, prezident Vladimir Putunun seçkilərdə məğlub olub, hakimiyyəti təhvil verəcəyinə dünayda yalnız sadəlövhlər inana bilərdilər. Qərb siyasi dairələri isə qətiyyən sadəlövh deyillər. Və həm Rusiya daxilindəki situasiyanın təhlili, həm də kəşfiyyat məlumatları sayəsində Qərbdə Kreml sahibinin daha bir dönəm də hakimiyyətdə qalacağına əminiydilər.
Ancaq Qərbdə bəziləri özlərini “möcüzəvi nəticələr”in ola biləcəyinə də inandırmağa çalışırdılar. Çünki onlar dünyanın, daha doğrusu, Qərbin əsas problemi kimi, məhz prezident Vladimir Putinin hakimiyyətdə olmasını qabartmağa çalışırlar. Hətta iddia edirlər ki, əgər, Rusiyada hakimiyyət dəyişərsə, dünya daha təhlükəsiz ola bilər. Və dünyada ədalətin, eləcə də, təhlükəsizliyin zərbə altında qalmasında, Qərbin ikilistandarlarının, riyakarlığının xüsusi rol oynadığı barədə isə israrla susurlar.
Ona görə də, kollektiv Qərb və Rusiya arasında hərbi-siyasi qarşıdurmanın hələ uzun müddət davam edə biləcəyi də artıq qətiyyən şübhə doğurmur. Ancaq indi əsas təhlükəli məqam olndan ibarətdir ki, Qərb-Rusiya qarşıdurmasında növbəti mərhələnin daha qlobal xarakter ala biləcəyi də qətiyyən istisna deyil. Hər halda, bu amansız qarşıdurmanın yalnız Ukrayna savaşı ilə məhdudlaşmayacağı elə indidən biruzə verilməkdədir. Və Fransa başda olmaqla, bəzi Qərb ölkələrində Ukrayna savaş poliqonuna NATO hərbi kontingentinin göndərilməsi ilə bağlı ideyaların müzakirə edilməsi belə bir təhlükənin tamamilə real olduğunu göstərir.
Maraqlıdır ki, Rusiya siyasi dairələri son vaxtlar belə ideyaların gündəmə gətirlməsinə Qərbin bu istiqamətdə xüsusi planlar qurması kimi yanaşırlar. Kreml təmsilçiləri hesab edirlər ki, Qərb siyasi dairələri analoji müzakirələri intensivləşdirməklə, əslində, NATO-nun yaxın gələcəkdə Ukrayna savaşına qatılma planına dəstək qazanmaq üçün təbliğat kampaniyası aparmağa çalışırlar. Və indiki təbliğatən əsas hədəfi məhz tezliklə baş verə biləcək hadisələrə Qərb ölkələrinin cəmiyyətlərini vaxtında hazırlamaqdır.
Göründüyü kimi, Kreml Qərbi Rusiya-NATO savaşına hazırlaşmaqda suçlayır. Hətta Rusiya siyasi dairələrində bu savaşın mütləq və tezliklə baş verə biləcəyinə müəyyən mənada, əminlik də mövcuddur. Hər halda, prezident Vladimir Putinin son açıqlaması da məhz bu təhlükəli mövzu üzərində inkeksləşib. Belə ki, Kreml sahibi NATO və Rusiya arasında birbaşa savaşın olma ehtimalının artıq kifayət yüksək olduğunu vurğulayıb. Onun fikrincə, Qərb belə bir savaşa artıq hazırlaşır və tezliklə bu, həqiqətən də baş verə bilər.
Ancaq prezident Vladimir Putin bu məsələ ilə bağlı ABŞ və Qərbə sərt xəbərdarlıq mesajı göndərməyi də qətiyyən unutmayıb. Onun fikrincə, Rusiya və NATO arasında savaş başlayarsa, onu sonradan dayandırmaq və ya məhdudlaşdırmaq mümkün olmayacaq. Çünki bu savaş ətrafında cərəyan edən bütün hərbi-siyasi proseslər nəzrətdən çıxacaq. Nəticədə üçüncü dünya müharibəsinə keçid mərhələsi başlayacaq. Bu haldasa, dünya üçün nüvə müharibəsi qaçılmaz olacaq.
Belə anlaşılır ki, Rusiya siyasi dairələri daha qlobal savaş təhlükəsi barədə müəyyən kəşfiyyat məlumatları alıblar. Ona görə də, Kreml ən yüksək səviyyədə baş verəcək hadisələr barədə Qərbə sərt xəbərdarlıq etməyə çalışır. Rusiyanın geri çəkilməyəcəyini, ən radikal addımlarla reaksiya verəcəyinə eyham vurur. Hər halda, Kreml sahibinin NATO-Rusiya savaşının üçüncü dünya və nüvə müharibələrinə səbəb olacağını gündəmə gətirərərk, qabartması qətiyyən boşuna deyil. Və bu, hazırda dünyanı təhlükə qarşısında buraxa biləcək əsas problemlərdən biri sayılır.
Maraqlıdır ki, kollektiv Qərb daxilində də NATO-nun Ukrayna savaşına birbaşa bulaşdırılması cəhdlərinə münasibət qətiyyən birmənalı deyil. Belə ki, Fransa prezidenti Emmanuel Makronun bu avantürist ideyası hazırda əsasən, Almaniya və İtaliya tərəfindən kəskin müqavimətlə qarşılanmaqdadır. İtaliya bu ideyanın müəllifini – Fransa prezidentini məsuliyyətsizlikdə və dünyanı təhlükəyə atamaq cəhdində qınayır. Almaniya isə ümumiyyətlə, daha kəskin reaksiya verməklə, Fransa ilə münsibətlərinin korlanmasına səbəb olub. Və hazırda bu mövzu ucbatından Almaniya-Fransa qarşıdurması da yaşanır.
Nə qədər qəribə də olsa, Fransa və onun Qərbdəki avantürist dəstəkçiləri Almaniya kansleri Olaf Şoltsu qorxaqlıqda suçlayırlar. Onların fikrincə, Rusiyada prezident Vladimir Putin “öskürərkən” Almaniyada kansler Olaf Şolts gizlənməyə “bunker” axtarır. Kansler Olaf Şoltsu Ukraynaya NATO hərbi kontingentinin göndərilməsinə əngəl törətməsinə görə qınamaqla yanaşı, onu həm də rəsmi Kiyevə Almaniya istehsalı olan “Taurus” uzaqmıənzilli raket sistemləri verməkdən yayınmaqa suçlayırlar. Və Ukrayna ordusunun Rusiyanın daxilində strateji hədəfləri, eləcə də, Krım körpüsünü vura bilməməsinin əsas məsuliyyətini məhz kansler Olaf Şoltsa aid edirlər.
Ancaq bütün bunlara baxmayaraq, rəsmi Berlin Almaniyaya yönəlik Fransa və onun dəstəkçilərinin artan təzyiqlərinə hələlik müqavumət göstərməyi bacarır. Almaniya liderini haqlı sayanlar onu “sülh kansleri” kimi təbliğ etməyə çalışırlar. Kremldə Almaniya liderindən Ukraynaya göstərilən hərbi yardımlara görə narazı olsalar da, hər halda, kansler Olaf Şoltsun müəyyən “qırmızı cizgilərə” sadiq qalmağa çalışmasını da nəzərə alırlar. Və bu baxımdan, Qərbin üçüncü dünya, ardınca isə nüvə savaşlarına səbəb ola biləcək davranışlarının bloklanmasında Almaniya kanslerinin pozitiv rolu da hər halda, etiraf edilir.(Yeni Müsavat)
Baş nazir Nikol Paşinyanın Ermənistanı regionda və dünyada iqtisadi cəhətdən azad, cəlbedici ölkə kimi qələmə verməsi mif və cəfəngiyyatdan başqa bir şey deyil. Bu fikir hansısa xarici medianın səhifələrində deyil, məhz erməni mətbuatında yer alır. Ölkənin əcnəbi investorlar üçün cəlbedicilik reytinqinin sürətlə aşağı düşdüyü, hakimiyyətin də hər vəchlə buna çalışdığı vurğulanır. Erməni KİV-i yazır ki, bir sıra beynəlxalq şirkətlər artıq Ermənistan hökumətini beynəlxalq məhkəməyə veriblər. Onların arasında Sanitek International Group, Amulsar Investor Ventures LLC, eləcə də, Lydian International Ltd var. Sonuncu Zəngəzur mis-molibden kombinatının səhmlərinin 12,5 faizinə sahibdir. Pastinfo.am saytının yaydığı məlumata görə, adları qeyd olunan şirkətlərin müxtəlif sahələr üzrə maraqları təmin olunmayıb. Bura zibil daşınmasından tutmuş qızılın və molibdenin, misin çıxarılması da daxildir. Adları çəkilən şirkətlər N.Paşinyan hökumətinin qanunazidd, hətta cinayətkar əməllərindən narazıdırlar. Hesab ediblər ki, məhz bundan sonra xarici investorlar böyük itkilərlə üzləşiblər.
N.Paşinyan hökumətinə qarşı beynəlxalq məhkəməyə müraciət edən şirkətlər arasında Sanitek International Group xüsusilə aktivdir. 2021-ci il martın 29-da rəsmən bəyan edilib ki, adıçəkilən şirkət (bütün səhmdarları xarici investorlardır-red) rəsmi İrəvana qarşı beynəlxalq məhkəməyə müraciət edib. İddiada vurğulanıb ki, mübahisə Ermənistan hakimiyyətinin diskriminasiya hərəkətləri nəticəsində ortaya çıxıb. İlk növbədə İrəvan meriyası şirkətlə imzalanan müqavilə üzrə öhdəliklərini yerinə yetirməyib və Saniteki dövlət şirkəti ilə əvəzləyib. Adıçəkilən şirkət bu yanaşmanı siyasi motivli hesab edib, bununla da siyasi üstünlük əldə etmək məqsədilə onu “günah keçisi” vəziyyətinə salmağa çalışıblar. Hökumətin də hədəfi bütün ittihamları Sanitekin üzərinə yıxıb. Diqqəti ona yönəldib ki, dövlətə məxsus şirkət üçün hər cür əlverişli şərait yaradılıb. Bu da Ermənistan hökumətinin xarici investorlara qarşı ayrı-seçkilik siyasətinin göstəricisidir.
Adıçəkilən iddia ilə bağlı sonuncu məhkəmə prosesi ötən ilin dekabrında keçirilib. Qeyd olunub ki, Ermənistan hökumətinin qanunsuz fəaliyyəti nəticəsində şirkət xeyli zərər çəkib. Ekspertlərin hesablamalarına görə, söhbət 40 mln. dollar məbləğində kompensasiyadan gedə bilər. Rəsmi İrəvan iddiaya cavab olaraq hüquqşünaslar tutub və indiyə kimi 1 mln. dollara yaxın kompensasiya ödəyib. Bununla yanaşı, hakimiyyətin mövqeyi zəif qiymətləndirlir, əksinə, Sanitekin uğur qazanmaq şansı yüksəkdir. Beynəlxalq məhkəmənin bu il ərzində qərar qəbul edəcəyi gözlənilir. Hökumət məğlub olacağı təqdirdə, qərardan apellyasiya verə bilər, lakin bu addımın effektivliyi sıfıra bərabərdir. Vəziyyət faktiki olaraq “Lidian” və Zəngəzur mis-molibden kombinatı ilə bağlı vəziyyəti xatırladır. Erməni mediası yazır ki, bir qrup insan öz gəlirlərini milyonlarla dollar artırmağa müvəffəq olublar. Əvəzində isə məhkəmə çəkişmələri nəticəsində vergiödəyiciləri bir neçə milyon dollar ödəməli olurlar.
Ermənistan hakimiyyətinə qarşı iddia qaldıran şirkətlər arasında Amulsar Investor Ventures LLC də var. Yanvar ayının sonunda bu şirkət də N.Paşinyan hakimiyyətinə qarşı iddia qaldırıb. Bu şirkət də hökuməti üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə günahlandırıb. Konkret olaraq hökuməti fəaliyyətsizlikdə, onların fəaliyyətinə olan maneələri aradan qaldırmamaqda ittiham edib.
“Lydian”ın törəmə şirkəti olan Lydian International Ltd 2020-ci ilin iyun ayına kimi “Lydian Armenia”ın səhmlərinin sahibi olub. Lakin 2020-ci ilin iyulunda bütün səhmlərindən məhrum olub. Bu şirkət Amulsar qızıl yatağında faydalı qazıntıların çıxarılması hüququna malik olub. Bundan əlavə, Ermənistana bir neçə milyon dollarlıq investisiya yatırıb. N.Paşinyan hakimiyyətə gəldikdən sonra şirkətin işi fəallar tərəfindən dayandırılıb, bundan sonra şirkət yatağın işlənməsi ilə bağlı bütün hüquqlarından məhrum olunub. Az sonra Ermənistan İstintaq Komitəsi Ətraf Mühitin Müdafiəsi Nazirliyinin yüksək rütbəli əməkdaşlarına qarşı cinayət işi qaldırıb. Qurumun rəsmiləri şirkətin yatağın işlənməsi zamanı ətraf mühitə zərər vurmasına göz yummaqda ittiham olunublar. Hökumətin apardığı fəaliyyət nəticəsində şirkətin itkiləri 150 mln. dollara yüksəlib. Sadə dillə ifadə etsək, N.Paşinyan hökuməti ona “atıb”. Əvəzində 12 faizlik paya sahib olub. İndi də yatağın işlənməsini həyata keçirir. Sosial şəbəkələrdə isə baş nazirin bəyanatları lağa qoyulub. Bildirilib ki, o əvvəl deyirdi ki, yatağı işlətmək olmaz, indi isə söyləyir ki, olar. N.Paşinayn isə əvəzində iddia edir ki, hökumət dağ-mədən müəssisələrinin səhmlərini almır, şirkət rəhbərləri sadəcə hökumətin timsalında onları xalqa qaytarırlar.
Sual olunur - bu, milyonlarla dollar sərmayə qoyan müəssisə rəhbərlərinə bundan nə xeyir? Cavab odur ki, N.Paşinyan hökuməti bu addımı ilə özəl sektoru çökdürməyə çalışır. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistana qarşı həm dövlətdaxili, həm də dövlətləarası iddiaların sayı artmaqda davam edəcək. N.Paşinyan hökumətinə qarşı iddia qaldıran şirkətlər arasında Walnort Finance Limited MMC də var. Beləliklə, N.Paşinyanın ölkənin xarici investorlar üçün cəlbedici olduğu barədə iddiaları sabun köpüyündən başqa bir şey olmadığını elə ermənilərin özləri faktlarla sübut edirlər. İqtisadiyyatda inkişaf əvəzinə geriləmə tendensiyası müşahidə olunur. Artıq Ermənistanın xarici dövlət borcu illik dövlət büdcəsindən bir neçə dəfə artıq həddə gəlib çatıb. Əgər tendensiyalar bu səpgidə davam etsə, yaxın gələcəkdə Ermənistan dövləti xarici borc bataqlığında boğulmağa məhkum olacaq. Hakimiyyət də bundan çıxış yollarını xarici investorlara qarşı mübarizə aparmaqda görür.
Ermənistanın Azərbaycana qarşı 30 il davam etdirdiyi işğalçı siyasət İrəvanı regiondakı beynəlxalq layihələrdən kənarda qoyub. Eyni zamanda ölkə ərazisində elə də ciddi resurslar, təbii ehtiyatlar yoxdur, müttəfiqi olduğu dövlətlər isə Ermənistana ciddi investisiya yatırmayıblar. Bütün bunlar Ermənistanın sürətlə iqtisadi tənəzzülə daxil olmasından xəbər verir. Reallıq odur ki, Ermənistan iqtisadiyyatı can vermək üzrədir. Yuxarıda sadalanan faktorlar da problemin günü-gündən ciddiləşməsindən xəbər verir. Mövcud vəziyyətdə Ermənistanın yeganə çıxış yolu Azərbaycanla münasibətləri normallaşdırmaq, destruktiv və sərsəm bəyanatlar səsləndirməkdən vaz keçmək, Fransanın qoynuna sığınmamaq və Bakı ilə sülh müqaviləsi imzalayaraq regiondakı kommunikasiyanın blokdan çıxmasını təmin etməkdir.
“Report” İnformasiya Agentliyi
“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur”.
“Report” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bu o deməkdir ki, Ermənistan sərhədinin əslində harada olduğunu dəqiqləşdirmək lazımdır. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır”, - deyə o, bildirib.
Özümüzü silahlandırmaqdansa, ordunu bacarıqla idarə etmək lazım idi ki, Azərbaycanda 5 milyardlıq silah qalmasın.
Axar.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan İrəvan hakimiyyətinin Ermənistan ordusuna tanış olmayan bahalı Qərb silahları almaq istəyinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsində götürülmüş hərbi qənimətlərin dəyərinin beş milyard ABŞ dollarına yaxın olduğunu bildirib.
Qazaxıstan televiziyasında nümayiş olunan Azərbaycan xəritəsi diqqət çəkib.
24Kz kanalında Qərbi Zəngəzur Azərbaycan sərhədlərinin daxilində göstərilib.
Görüntü insanlar tərəfindən maraqla qarşılanıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev bu yaxınlarda Azərbaycana səfər edib və Qarabağ bölgəsində olub.
Biz müharibəyə yol verməmək üçün 4 kəndi Azərbaycana qaytarmalıyıq. Ona görə də Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrlimli və Qızıl Hacılıkəndləri ərazisində sərhədi tənzimləməliyik.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində kənd sakinləri ilə görüşündə bildirib.
“Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik. Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Yuxarı Əskipara (Voskepar) və Kirants kəndləri və onların təhlükəsizliyini təmin etmək üçün edirik”, - Paşinyan qeyd edib.
Paşinyan əlavə edib ki, bu baxımdan Bağanis Ayrımdan Berkaberə qədər olan ərazidə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var.
Əfqanıstan tərəfdən Pakistanın sərhədə hücumuna cavab olaraq hava hücumu təşkil edib.
Bu barədə Taliban sözçüsü Zabihullah Mücahid məlumat yayıb.
Bildirilir ki. Pakistan tərəfinin hücumu nəticəsində 8 nəfər həyatını itirib, onlardan 3-ü uşaqdır.
Taliban sözçüsü Zabihullah Mücahid bu hücumu Əfqanıstanın suverenliyinin pozulması kimi qiymətləndirib. "Pakistan öz ərazisinə nəzarət edə bilməməsi, bacarıqsızlığa və problemlərə görə Əfqanıstanı günahlandırmamalıdır", - Mücahid qeyd edib.
Qeyd edək ki, martın 16-da Əfqanıstan sərhədinə yaxın bir bölgədə hərbi post partlayıcı yüklü avtomobillə hücuma məruz qalıb və azı 7 təhlükəsizlik əməkdaşı həlak olub.
Pakistan prezidenti Asif Əli Zərdari əsgərlərin dəfn mərasimində iştirak edib və qisas alacağını vəd edib.
İslamabad son vaxtlar artan hücumlara görə Talibanı ittiham edərək onun məsuliyyət daşıdığını bəyan edir.
Fransada “II Napoleona” çevrilmək xəyalına düşmüş prezident Emmanuel Makron yalnız öz ölkəsini deyil, ümumiyyətlə, Avropa qitəsini kataklizmlərə doğru sürükləyir... Çünki Fransa prezidenti son avantürist ideyasından imtina etməzsə, Rusiyanın radikal cavab reaksiyası Ukrayna savaşının öz indiki əhatə dairəsini aşaraq, “qoca qitə”yə sıçramasına da yol aça bilər...
Ukrayna savaşı ətrafında situasiyanın gərginləşməkdə olduğu müşahidə olunur. Bu gərginləşmə həm siyasi, həm də hərbi faktorlar üzrə nəzərə çarpır. Belə ki, hazırda ABŞ və Qərb Ukraynanın savaş meydanında üzləşdiyi və yaxın gələcəkdə yaranacaq yeni situasiyadan olduqca narahatdır. Bu baxımdan, Qərbdə müəyyən siyasi hərəkətliliyin qabarıq şəkildə ortaya çıxmaqda olması o qədər də təəccüblü deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda Qərb siyasi dairələrində Ukrayna savaşının gələcək taleyi ilə bağlı qənaətlər daha çox pessimist məzmun daşıyır. Belə ki, indi Ukrayna ordusunun qələbə şansları bir müddət öncə ilə müqayisə də o qədər də yüksək hesab olunmur. Hətta bəzi mülahizələrə görə, Ukrayna hərbi qələbə imkanlarını sürətlə tükəndirir və tezliklə ağır məğlubiyyət qaçılmaz ola bilər. Və bu səbəbdən də, ən qısa zamanda mövcud situasiyanın dəyişdirilməsi istiqamətində radikal addımların atılması vacibdir.
Maraqlıdır ki, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali təmsilçisi Cozep Borrel Ukrayna savaşının hansı nəticələrə yol açacağının məlum olması üçün yaxın üç ay ərzində baş verəcək hadisələrin həlledici xarakter daşıyacağını vurğulamışdı. O, Qərb ölkələrini dərhal Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsi prosesini bərpa etməyə çağırmışdı. Bu isə o deməkdir ki, Qərb ölkələrinin həm Ukraynanı, həm də bu dövlətlə birlikdə Avropanın gələcək taleyini real təhlükədən xilas etmək üçün ən uzağı üç ay vaxtı qalıb.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden də Ukraynanın savaş meydanında məğlub duruma düşməsinə görə öz ölkəsinin konqresmenlərini suçlamışdı. Ağ Ev sahibi vurğulamışdı ki, ABŞ Konqresinin hərbi yardımları bloklaması ucbatından Ukrayna ordusu döyüş qabiliyyətini sürətlə itirir və bununla da Rusiyanın bütün dünya üçün daha real təhlükəyə çevrilmə ehtimalı artır. Prezident Co Bayden də Qərb siyasi dairələrini tələsməyə və qətiyyətli olmağa çağırmışdı, Ukrayna ordusunun döyüş sursatının tükənmək üzrə olduğunu xatırlatmışdı və bir müddətdən sonra rəsmi Kiyevə göstəriləcək yardımların effektiv olmayacağını bildirmişdi.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət olduqca ciddidir. Üstəlik, son bir neçə gün ərzində Ukrayna ordusunun bütün döyüş potensialının cəmləşdirərək, Rusiyaya qarşı hücum əməliuyyatlarına başladığı da diqqəti çəkir. Rəsmi Kiyevin silah-sursat çatışmazlığının yaşandığı bir şəraitdə belə riskli addımlar atması əsasən iki səbəblə izah olunur. Belə ki, ABŞ və Qərb növbəti prezident seçkiləri dövründə Kremlə ciddi problemlər yaratmaqda, Rusiyanı daxili xaosa sürükləməkdə maraqlıdır. Çünki Ukrayna ordusunun savaşı Rusiyanın daxilinə keçirtməyə çalışdığı açıq-aşkar nəzərə çarpır.
Digər tərəfdən, rəsmi Kiyev Ukrayna ordusunun qısamüddətli də olsa, hücum taktikasına qayıtması ilə Qərbə qətiyyətli mesajlar verməyə çalışır. Belə ki, Ukrayna ordusunun döyüş qabiliyyətindən ümidini kəsən bəzi Qərb ölkələrinə qənaətlərinin yanlış olduğunu anlatmağa cəhd göstərir. Yəni, rəsmi Kiyev Ukrayna ordusunun döyüş qabiliyyətinin hələ də çox yüksək olduğunu nümayiş etdirməklə, Qərb ölkələrini hərbi yardımlar üçün maliyyə ayırmağa həvəsləndirmək istəyir. Və bu metodun hansı nəticələr verəcəyi isə hələlik müəmmalı xarakter daşıyır.
Ukrayna savaşı ətrafında yaranmış gərginliyin ikinci istiqaməti isə daha çox kollektiv Qərb düşərgəsinin daxilində olan kəskin ziddiyyətlərlə birbaşa bağlıdır. Əsas ziddiyyətlər Ukraynaya hərbi yardımların ayrılması məsələsində yaşanan ciddi tərəddüdlərlə bağlıdır. ABŞ-ın yardımları dayandırıldıqdan sonra bəzi Avropa ölkələri də bu məsələdə geri addımın atılmasına meyl göstərirlər. Və bu, Qərb siyasi düşərgəsində ciddi mübahisələrə yol açmağa başlayıb.
Məsələ ondadır ki, bəzi Avropa ölkələri Ukraynaya dəstəyin kəsilməsinin “qoca qitə”ni fəlakətə sürükləmək anlamı daşıdığını iddia edirlər. Onların mövqeyinə görə, indiki situasiyada Ukraynaya daha çox müasir hərbi texnika göndərilməlidir ki, Rusiyanı zəiflədərək, gücsüz vəziyyətə salmaq mümkün olsun. Əks halda, Ukrayna savaşından qalib çıxacağı təqdirdə, Rusiya bütün Avropanı təhdid edən real hərbi təhlükə mənbəyinə çevrilə bilər.
Maraqlıdır ki, Ukraynaya hərbi dəstək çağırışlarına indi daha çox Fransa müəlliflik edir. Halbuki, savaşın başlanmasından üzübəri Fransanın Ukraynaya ayırdığı maliyyə vəsaitinin ümumi həcmi bir milyard dollara belə, çatmayıb. Almaniya isə indiyə qədər Ukraynaya 17 milyard avro göndərib. Buna baxmayaraq, indi Fransa prezidenti Emmanuel Makron Ukraynaya hərbi qüvvə göndərmək barədə avantürist xarakterli təklifin müəllifidir. Və o, bu təklifində israrlı mövqe tutmağa çalışır.
Prezident E.Makron bir müddət öncə Avropa Birliyi ölkələri cəsarət göstərməsələr, Ukraynaya Fransa qoşunlarını göndərmək məcburiyyətində qala biləcəyini vurğulamışdı. Son açıqlamasındasa, o, bildirib ki, Qərb ölkələri ilə bu məsələ ətrafında anlaşmanın mümkün olmadığını etiraf edib. Tərəfdaşlarını sərt şəkildə ittiham edən prezident E.Makron Ukraynanın hərbi qələbəsinin Avropa üçün taleyüklü olduğunu da qabardıb.
Ancaq Fransa prezidenti deyəsən, Ukraynaya hərbi qüvvə göndərmək məsələsini özünün siyasi piarına çevirmək niyyətinə düşüb. Belə ki, o, indi olmasa da, istənilən halda, yaxın gələcəkdə Fransa ordusunun bir hissəsini Ukraynaya göndərmək məcburiyyətində qala biləcəyini qətiyyən istisna etmir.
Təbii ki, Qərb siyasi dairələri Fransa prezidenti E.Makronun Rusiya ilə birbaşa savaşa girməyə cəsarət edə biləcəyinə ehtimal vermirlər. Onlar hesab edirlər ki, prezident E.Makron hazırda siyasi şizofrenyadan əziyyət çəkir və özünü az qala yeni Napoleon Banapart hesab edir. Qərbdə hesab edirlər ki, prezident E.Makronun Ukraynaya hərbi qüvvə göndərmək kimi avantürist ideyanı tez-tez təkrarlaması Avropa ölkələri üçün real təhlükə mənbəyidir. Çünki Kreml Qərbə “dərs vermək” üçün Fransa prezidentinin bu avantürist ideyasından bəhanə kimi istifadə edə bilər. Və bu halda, Rusiyanın preventiv addım kimi, nüvə dövləti olan Fransaya deyil, məhz digər Avropa ölkələrinə raket zərbəsi endirmə ehtimalı istisna sayılmır.
Bütün bunlar onu göstərir ki, Fransada II Napoleona çevrilmək xəyalına düşmüş prezident E.Makron yalnız öz ölkəsini deyil, ümumiyyətlə, Avropa qitəsini kataklizmlərə doğru sürükləyir. Çünki Fransa prezidenti bu davranışlarını davam etdirərsə, hansısa mərhələdə Rusiyanın cavab reaksiyası Ukrayna savaşının “qoca qitə”yə sıçramasına da yol aça bilər. Və bu halda, Ukrayna müharibəsinin qlobal savaşa çevrilməsi qaçılmaz olacaq.(Yeni Müsavat)