![]() |
|
ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı ilk üzbəüz danışıqların keçiriləcəyi Səudiyyə Ərəbistanına uçmazdan əvvəl Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff Kiyevin qarşıdakı müzakirələrdə iştirakı ilə bağlı bir sıra sualları cavablandırıb.
O, ABŞ rəsmilərinin Ukrayna rəsmiləri ilə ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.
Ukraynanın danışıqların bir hissəsi olduğunu qeyd edən rəsmi nümayəndə Kiyev nümayəndələrinin Səudiyyə Ərəbistanında iştirak edib-etməyəcəyinə konkret açıqlama verməyib.
O, həmçinin söyləyib ki, danışıqlar “kimsəni onlardan kənarlaşdırmaq” məqsədi daşımır və əlavə edib ki, görüşlər Trampın göstərişi ilə keçiriləcək.
Səudiyyə Ərəbistanı təkcə Rusiya və ABŞ arasında Ukrayna nizamlanması üzrə danışıqlar üçün platforma yaratmaq niyyətində deyil, həm də danışıqlarda vasitəçi kimi çıxış edəcək.
Bu barədə "CNN" məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı nümayəndə heyətinə adı açıqlanmayan ölkənin milli təhlükəsizlik müşaviri rəhbərlik edəcək.
Bundan əlavə, Rusiya və Ukrayna nümayəndələrinin ilk görüşü fevralın 18-də Səudiyyə Ərəbistanında baş tutacaq. Ukrayna nümayəndə heyəti görüşə dəvət edilməyib. "NBC News"un məlumatına görə, ABŞ hakimiyyəti əvvəlcə Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparmağı, yalnız bundan sonra birgə sammit keçirməyi planlaşdırır.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-yə Ukraynanın mineral ehtiyatlarının 50%-nə sahib olmaq hüququnu verən sənədi imzalamaqdan imtina edib.
Bu barədə “The Washington Post”un jurnalisti Coş Roqin yazıb.
“Münhendə bir neçə rəsmi şəxs mənə dedi ki, ABŞ Konqresinin nümayəndə heyəti Zelenskiyə ABŞ-nin Ukraynanın gələcək mineral ehtiyatlarının 50%-nə hüquqlarını verəcək kağız parçası təqdim edib. Zelenski nəzakətlə onu imzalamaqdan imtina edib”, - o bildirib.
Bundan əvvəl ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə görüşdən sonra Zelenski Kiyev və Vaşinqtonun nadir torpaq metalları ilə bağlı sənəd üzərində işləməyə davam edəcəklərini söyləyib.
Digər tərəfdən, Ukrayna Prezidenti "NBC News"a müsahibəsindən deyib ki, ABŞ-nin hərbi dəstəyi olmadan Ukraynanın “sağ qalmaq şansı azdır”.
“Yəqin ki, çox, çox, çox çətin olacaq. Və təbii ki, bütün çətin vəziyyətlərdə şansınız var. Lakin ABŞ dəstəyi olmadan sağ qalmaq şansımız az olacaq”, - deyə Zelenski qeyd edib.
Rusiyanın Həştərxan, Vladiqafqaz, Volqoqrad, Qroznı, Kaluqa, Saratov və Ulyanovsk hava limanları müvəqqəti olaraq reysləri qəbul etmir və göndərmir.
Bu barədə "Rosaviasiya" (Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi) nümayəndəsi Artem Korenyako məlumat verib.
Bildirilib ki, məhdudiyyətlər dron hücumlarından sonra tətbiq edilib. Müdafiə Nazirliyinin məlumatına görə, gecə saatlarında Rusiya səmasında 40 pilotsuz uçuş aparatı məhv edilib.
Altay Respublikasında 6,4 bal gücündə zəlzələ baş verib.
Bu barədə Altay Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar respublikanın bütün ərazisində və Altay diyarının şərq hissəsində, eləcə də Tuvanın bir sıra rayonlarında hiss olunub.
Zəlzələnin episentri Qoş-Ağaç rayonunun Starı Beltir kəndi yaxınlığında qeydə alınıb. Təbii fəlakətin ocağı 10 km dərinlikdə yerləşib. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Liviyanın cənub-şərqində, Kufrada kütləvi məzarlıqda ən azı 11 qaçqının cəsədi tapılıb.
Tapılan 55 kütləvi məzarlıqdan çıxarılan cəsədlərin sayı bugünkülər də daxil olmaqla 39-a çatıb.
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Liviyada iki kütləvi məzarlıqda tapılan cəsədlərin güllə yaraları olduğunu açıqlayıb. Bundan əvvəl Kufrədə daha 28 cəsədin tapıldığı açıqlanıb.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, qlobal məkanda olduqca ciddi qarışıqlıq yaşanmağa başlayıb. Belə ki, dünyanın dərin xaos dönəminə doğru irəliləməyə başladığı artıq açıq-aşkar nəzərə çarpır. Üstəlik, yeni yaranmaqda olan qəliz situasiya ilk növbədə kollektiv Qərb üçün real təhlükələr vəd edir. Xüsusilə də, son vaxtlara qədər ortaq və sınaqdan keçmiş təhlükəsizlik sisteminə sahib olan Avropa Birliyi ölkələri indi yaxın gələcəklə bağlı ciddi narahatlıq içində olduqlarını qətiyyən gizlətmirlər. Və bu Avropa pessimizminin kifayət qədər ciddi səbəbləri mövcuddur.
Onu da qeyd etmək lazımdır ki, Qərb siyasi dairələri Avropa məkanına yönəlik əsas təhlükələri məhz ABŞ prezidenti Donald Trampın strateji hədəfləri ilə bağlayırlar. Onların fikrincə, Ağ Evin sahibi Avropa Birliyi ilə strateji müttəfiqlik fəaliyyətini pozmaq niyyətindədir. Çünki prezident Donald Trampın ABŞ üçün prioritet elan etdiyi əksər strateji hədəflər ilk növbədə Avropa Birliyinin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Və hətta yaxın gələcəkdə ABŞ-Avropa Birliyi müttəfiqliyinin əvvəlcə kəskin rəqabətə, ardıncasa, ümumiyyətlə, düşmənçiliyə doğru yönələ biləcəyi ehtimal olunur.
Ukrayna savaşının dayandırılması ilə bağlı məxfi danışıqların bəzi detalları ortaya çıxdıqdan sonra isə Ağ Ev sahibinin Avropa Birliyini Rusiyanın qarşısında müdafiəsiz buraxa biləcək addımlara razılıq verdiyi dəqiqləşmiş oldu. Ona görə də, indi Avropa Birliyi yalnız Ukraynanın deyil, həm də bu quruma üzv ölkələrin gələcək taleyi barədə də düşünmək məcburiyyətində qalıb. Və mövcud situasiya, Tramp adminstrasiyasının Kremllə Ukrayna anlaşmasına çox yaxın olması ucbatından, Avropa Birliyi ölkələrini Rusiya ilə qaçılmaz savaşa hazırlaşmaq ehtiyacı doğurub.
Danimarka hərbi-siyasi dairələri Avropa ölkələrinin ən yaxşı halda, cəmisi beş ilə yaxın bir zamanı olduğunu iddia edirlər. Onların yaydığı hesabatda Ukrayna savaşının dayandırılmasından sonra Rusiya təxminən yaxın beş il ərzində Avropa ölkələrinə hərbi müdaxilə etməyə hazır olacaq. Kreml mövcud situasiyanı maksimum səviyyədə dəyərləndirməyə çalışaraq, eyni vaxtda bir neçə Avropa ölkəsinə qarşı savaşa başlaya bilər. Və hesabata görə, Avropa Birliyi ölkələri vaxt itirmədən dərhal Rusiya ilə müharibəyə hazırlaşmalıdır.
Maraqlıdır ki, Avropa Birliyini gözləyən real hərbi təhlükəni şərh edən son Avstriya-Macarıstan imperatorunun nəvəsi və Avstriya parlamentinin deputatı Karl fon Habsburq isə avropalıların Rusiya dövlətinin dağılmasına nail olmasının vacib olduğunu bildirib. Onun fikrincə, əslində, Rusiya hələ də klassik müstəmləkə imperiyasıdır. Və bu, müstəmləkələrin iqtisadi istismarı ilə başlayır, imperiya əhalisinin hətta Ukraynaya qarşı müstəmləkə müharibəsində qurban verilməsi cəhdləri ilə davam edir.
Karl fon Habsburq hesab edir ki, vətəndaşlarının təhlükəsizliyində maraqlı olan Avropa Birliyi ölkələri mümkün qədər tez bir zamanda Rusiyanın müstəmləkə imperiyasının dağılması üçün ssenarilər hazırlamağa başlamalıdır. O, həmçinin ukraynalı siyasətçilərin tez-tez təkrarladığı tezisi də xatırladıb: "Böyük Rusiya böyük problemlər gətirir, kiçik Rusiya – kiçik problemlər..."
Avstriyalı siyasətçi hələlik Rusiya dövlətinin dağılacağına dair heç bir real əlamət görmədiyini də qeyd edib. Lakin onun sözlərinə görə, cəmisi bir neçə ay bundan əvvələ qədər Suriyada Əsəd rejiminin süqutu da inandırıcı təsir bağışlamırdı. Onun fikrincə, "Rusiyanın dekolonizasiyası" indi Avropa Birliyi məkanının təhlükəsizliyi üçün əsas siyasi və strateji hədəfə çevrilməlidir. Və Qərb, xüsusilə də, Avropa Birliyi strateqləri vaxt itirmədən Rusiyanın çökdürülməsi planlarının hazırlanmasına başlamalıdırlar.
Belə anlaşılır ki, Avropa Birliyinin gələcək taleyi yaxın beş illik zaman intervalını necə keçirəcəyindən birbaşa asılı ola bilər. Hər halda, təxminən bir il əvvəl Avropa Birliyi ölkələrinin müdafiə nazirləri də yaxın beş il ərzində Avropa dövlətlərinin Rusiya ilə müharibə aparmalı olacağını açıq mətnlə ifadə etmişdilər. Bu barədə ilk olaraq, Almaniyanın müdafiə naziri Boris Pistorius həyəcan təbili çalmışdı. O, Almaniyanın tezliklə hərbi təhdidlərlə qarşılaşa biləcəyini" vurğulayaraq, Rusiya ilə müdafiə sahəsində ayaqlaşmaq üçün beş-səkkiz illik bir zamana ehtiyac olduğunu bildirmişdi.
Eyni zamanda, Belçika ordusunun baş qərargah rəisi, admiral Mişel Hofman da Rusiya ilə müharibə təhlükəsi barədə xəbərdarlıq edərək, ölkəsinin vaxt itirmədən dərhal hərbi iqtisadiyyat modelinə keçid etməsinin vacibliyini qabartmışdı. Niderland ordusunun komandanı, general-leytenant Martin Veynen son açıqlamasında bildirib ki, onun ölkəsi də Finlandiya və Baltikyanı dövlətlər kimi, Rusiya ilə müharibəyə hazır olmalıdır. İsveç Silahlı Qüvvələrinin baş komandanı Mikael Byuden və mülki müdafiə naziri Karl-Oskar Bulin isveçliləri ölkədə müharibənin başlama ehtimalına hazır olmağa çağırıblar.
Göründüyü kimi, Avropa Birliyi ölkələri hazırda müharibə təlaşı keçirirlər. Halbuki, son vaxtlara qədər onlar daha çox Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təchiz olunması barədə düşünürdülər. İndisə, Avropa məkanında yaxınlaşan savaşın əndişəsi yaşanır. Üstəlik, hazırda Avropa Birliyi ölkələri Ukraynanı deyil, məhz "qoca qitə"ni Rusiyanın hərbi təcavüzündən qorumağın yollarını axtarırlar. Və bu baxımdan, Rusiya təhlükəsi Avropa Birliyi məkanını böyük sürətlə "qaranlıq tunelə" doğru sürükləyir.
ABŞ-nin vitse-prezidenti J.D.Vens Ukraynadakı münaqişənin həlli üzrə danışıqların şok edici razılaşmaya gətirib çıxaracağını gözləyir.
O, bu barədə fikirlərini "The Wall Street Journal"a deyib.
“Düşünürəm ki, bu, bir çox insanı şoka salacaq bir razılaşma olacaq”, - deyə o bildirib.
Qeyd edək ki, J.D.Vens fevralın 14-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Bundan əlavə Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini də müzakirə ediblər. Kremlin məlumatına görə, Tramp hərbi əməliyyatlara tez son qoyulması və problemin sülh yolu ilə həllinin tərəfdarı olub. Putin də öz növbəsində münaqişənin əsas səbəblərini aradan qaldırmağın vacibliyini qeyd edib.
ABŞ prezidenti Donald Tramp ABŞ məhsullarına rüsumlar tətbiq edən beynəlxalq ticarət tərəfdaşlarına oxşar cavab rüsumlarının tətbiq edilməsini nəzərdə tutan sərəncam imzalayıb.
Bu haqda Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Əgər məhsullarınızı ABŞ-də istehsal etsəniz, heç bir rüsum olmayacaq", - deyə Tramp vurğulayıb. Onun fikrincə, rüsumlar illər əvvəl tətbiq edilməli idi.
Tramp həmçinin əlavə edib ki, yeni rüsumlar polad və alüminium üçün əvvəllər tətbiq edilən rüsumları tamamlayacaq.
ABŞ dövlət katibi Marko Rubionun Münhenə uçan təyyarəsi texniki nasazlığa görə Vaşinqtona qayıtmağa məcbur olub.
Bu barədə ABŞ Dövlət Departamentindən "CBS" telekanalına məlumat verilib.
Bildirilib ki, katib Almaniya və Yaxın Şərqə səfərini ayrıca təyyarə ilə davam etdirəcək.
Qeyd edək ki, dövlət katibinin fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirakı planlaşdırılır. Dövlət katibinin səfər çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşü gözlənilir.
Bundan əlavə, ABŞ prezidenti Donald Trampın sözlərinə görə, bu gün konfrans çərçivəsində Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin görüşünün keçirilməsi planlaşdırılır. Hər üç ölkənin rəsmiləri iştirak edərsə, bu, Rusiya və Ukrayna nümayəndələri arasında 2022-ci ildən bəri ilk görüş olacaq.