Avropada qurd sürfələrinin qidaların tərkibinə qatılmasına icazə verildi

Avropa İttifaqı ultrabənövşəyi şüalarla emal olunmuş un qurdu sürfələrinin qida kimi bazara çıxarılmasına icazə verib.

Xarici KİV xəbər verir ki, tenebrio molitor sürfələrinin yeni qida olaraq bazara çıxarılmasına icazə verən tənzimləmə Aİ rəsmi qəzetində dərc olunub.

Yeni qidalar siyahısına əlavə edilən məhsul fevralın 10-dan Aİ bazarında satılacaq.

Bu çərçivədə, yeni bir şirkət icazə alana qədər Fransanın "Nutri Earth" şirkəti 5 il müddətində çörək, tortlar, makaron, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları və tərkibində un qurdu olan mürəbbələri bazara çıxara biləcək. Bu məhsulların etiketlərində ultrabənövşəyi şüalarla müalicə olunmuş un qurdlarının sürfələri olduğu və allergik reaksiyalara səbəb ola biləcəyi açıq şəkildə göstərilməlidir.

Qeyd edək ki, 2023-cü ildə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) un qurdu sürfələri tozunun uyğun şərtlərdə və istifadə səviyyələrində təhlükəsiz olduğunu müəyyən edib. Yeni məhsul çörək, tortlar, makaron, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları və mürəbbələrə daxil edilə bilər.

Aİ daha əvvəl dondurulmuş, qurudulmuş və ya toz halına salınmış çəyirtkə və sisəklərin müəyyən miqdarda qidalara daxil edilməsinə icazə verib.

ABŞ Qəzzaya qoşun göndərəcək?

Birləşmiş Ştatların Qəzza zolağına qoşun yeritmək və amerikalı vergi ödəyiciləri hesabına Fələstin anklavının bərpasını maliyyələşdirmək niyyəti yoxdur.

Bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt “Fox News” telekanalına müsahibəsində bildirib.

“Prezident Qəzzaya qoşun göndərməyəcəyini açıq şəkildə bildirdi. Onun belə bir niyyəti yoxdur və o, Amerika vergi ödəyicilərinin bu səyləri maliyyələşdirməyəcəyini də açıq şəkildə bildirdi. Prezident elə bir sövdələşməyə çalışır ki, Qəzza əslində sülh içində yaşamaq istəyən insanlar üçün real iqtisadi inkişaf məkanına çevrilsin”, Ağ Ev rəsmisi bildirib.

Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər

Ermənistan və İran hərtərəfli strateji tərəfdaşlıq sənədi üzərində işləyir.

Bu barədə İranın Ermənistandakı səfiri Mehdi Sübhani ölkənin İrəvandakı səfirliyində keçirdiyi mətbuat konfransında məlumat verib.

"Biz Ermənistanla hər iki ölkənin liderləri tərəfindən imzalanacaq geniş, hərtərəfli strateji sənəd üzərində işləyirik. Bu sənəd hərtərəfli və uzunmüddətli olacaq, buraya uzunmüddətli layihələr daxil edilə bilər", - o qeyd edib.

İran diplomatik missiyasının rəhbərinin sözlərinə görə, Ermənistan və İran arasında elmi və mədəni layihələr iki ölkə arasındakı əlaqələrin ayrılmaz hissəsidir.(oxu.az)

Milyarder helikopter qəzasında öldü

İtaliyada helikopter qəzaya uğrayıb.

lent.az xəbər verir ki, hadisə Parma şəhəri yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində 3 nəfər həyatını itirib. Yerli medianın məlumatına görə, ölənlərdən biri tanınmış milyarder Lorenzo Rovaqnatidir. Onun musiqi alətləri sektorunda öndə gedən şəxslərdən biri olduğu bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Fransa dərin siyasi və iqtisadi böhran yaşayır - Hərbi ekspert

Fransa ictimai qalmaqallarla müşayiət olunan dərin siyasi və iqtisadi böhran yaşayır.

Bunu “TASS”a fransalı hərbi ekspert Ksavye Moro deyib.

Onun sözlərinə görə, Fransada vəziyyət fəlakətlidir: “İqtisadiyyatda dərin problemlər var, hökumət qeyri-sabitdir, onun gələcəyi isə qeyri-müəyyən olaraq qalır. İndiki Nazirlər Kabineti cəmi bir-iki aydır işləyir, bunun nə qədər davam edəcəyi məlum deyil”.

O qeyd edib ki, Fransada son iki ildə bir neçə baş nazir olub: “Bu da ciddi daxili problemlərə işarədir. Emmanuel Makron daxili siyasi problemlərdən qaçmaq üçün fransızların diqqətini xarici məsələlərə yönəltməyə çalışır. Bu məqsədlə Ukrayna mövzularından fəal istifadə edir və bununla da, 2022-ci ildən bəri Makron, xüsusən də seçki kampaniyaları zamanı özü üçün döyüşkən imici yaratmağa çalışır”.

Eyni zamanda, Moro qeyd edib ki, Avropa İttifaqı öz növbəsində Parisin köhnəlmiş avadanlıqları Kiyevə ötürməsi səbəbindən Makrona təzyiq göstərir. Məsələn, Almaniya Fransanın Ukraynaya silah tədarükünü artırmaqda israrlıdır.

Ekspert həmçinin qeyd edib ki, Fransa hərbi sənaye kompleksində çətinliklər yaşayır.(Report)

trampin-sulh-plani-yoxdur

“ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həlli ilə bağlı hələlik rəsmi planı yoxdur”.

“Ukrainska pravda” nəşri xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən deyib.

O əlavə edib ki, potensial planla bağlı mətbuatda çoxlu məlumatlar yayılacaq. Bu, reallıqla qismən üst-üstə düşə bilər, lakin əksər hallarda uyğun gəlmir.

“Nəşrlərdə nələr var... Əminəm ki, bu, prezident Trampın rəsmi planı deyil. Gəlin, rəsmi danışıqlarımızı və rəsmi nəticələri gözləyək”, - deyə Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, konkret məsələlər hələ Trampın andiçmə mərasimindən əvvəl Amerika tərəfi ilə müzakirə olunub.

Ukrayna münaqişəsinin həllində irəliləyiş - Tramp açıqladı

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb.

Bu barədə o, Vaşinqtonda çıxışı zamanı bildirib.

“Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”, - o deyib.

Tramp bir daha bildirib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi də sələfi Cozef Baydenin üzərinə düşür.

Paşinyan dini tədbirə Azərbaycana görə gedib - Sarkisyandan şok

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 3-dən 7-dək ABŞ-yə işgüzar səfərinin əsl motivləri başqadır.

Bu barədə politoloq Suren Sarkisyan Paşinyanın Vaşinqton səfərini şərh edərək yazıb:

"Hesab edirəm ki, Paşinyanın səfərinin əsas məqsədi 5-ci illik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin milli ibadət səhər yeməyində iştirak deyil. Hər kəs bilir ki, Paşinyan inanc və dinlə xüsusilə maraqlanmır. Bu o deməkdir ki, onun səfərinin məqsədi başqadır, dini tədbirlər isə sadəcə bəhanədir.

1. Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini anlaması həyati əhəmiyyət kəsb edir. O, ABŞ-nin dəstəyinə arxalana bilərmi və Tramp administrasiyası Paşinyana iqtisadi, maliyyə və siyasi dəstəyi verəcəkmi?

2. Paşinyan Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyə davam etməyə hazır olub-olmadığını başa düşmək istəyir.

3. O, başa düşməlidir ki, bu administrasiya onun “Sülh kəsişməsi” adlanan konsepsiyasına nə dərəcədə dəstək verməyə hazırdır.

4. Amerikalıların Türkiyə vasitəsilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün işləməyə davam edib-etməyəcəyini öyrənməlidir.

5. O, Trampın İran və Rusiyaya qarşı siyasətinin nədən ibarət olacağını başa düşmək istəyir ki, onlarla münasibətlərində nə qədər manevr imkanı olacaq və ya onlardan nə qədər uzaqlaşa bilsin.

6. O bu administrasiyanın ümumilikdə erməni-amerikan strateji tərəfdaşlığında və xüsusilə ABŞ prioritetlərində nə dərəcədə maraqlı olduğunu anlamağa çalışacaq.

7. Nəhayət, Paşinyan ABŞ hakimiyyətini, erməni icmasını və lobbiçiləri inandırmalıdır ki, Vaşinqton Azərbaycana təzyiq etməməli, Azadlığın Müdafiəsi Aktının 907-ci maddəsindən imtina etməli və Azərbaycana qarşı yönələ biləcək hər hansı digər qətnamənin mümkün qəbulundan imtina etməlidir.

Ermənistan hakimiyyəti demokratların seçkilərdə qalib gələcəyinə əmin idi və səfərin səbəblərindən biri də budur”, - o yazıb.

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb

“Crocus City Hall”da terror aktı ilə bağlı istintaq başa çatıb, zərərçəkənlər istintaq materiallarıilə tanış olurlar.

“Report” xəbər verir ki, bu barədə vəkil məlumat verib.

Qeyd edək ki, ötən il martın 22-də axşam saatlarında Moskva vilayətinin Krasnoqorsk şəhərində "Piknik" qrupunun konserti başlamazdan əvvəl bir neçə nəfər “Crocus City Hall”a girərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib.

Son məlumatlara görə, 144 nəfər ölüb, 551 nəfər xəsarət alıb.

Türkiyə üçün həyəcanlı gecə: iki saatda yeddi zəlzələ

2023-cü ildə Türkiyədə baş verən əsrin fəlakəti adını alan və minlərlə insanın həyatına son verən dəhşətli zəlzələninin ikinci ildönümü günü yenidən ölkə silkələndi.

Artıq son iki gündə Türkiydə davamlı olaraq zəzlələlər qeydə alınır.

AFAD-ın açıqlamasına görə, fevralın 6-da səhərə yaxın Ege dənizində iki saatda yeddi zəlzələ baş verib.

Belə ki, Egey dənizində saat 04.41-də 4.1 bal gücündə, 05.02-də 4.1 bal, 05.24-də 4.4 bal, 05.45-də 4.4 bal, 05.54-də 4.6 bal, 06.23-də 4.6 bal, 06:36-da isə 4,5 bal gücündə ardıcıl yeddi zəlzələ qeydə alınıb.

Egey dənizindəki Santorini adası və ətrafı son günlər bir-birinin ardınca baş verən zəlzələlərlə sarsılıb. Bu təkanlar vulkanik fəaliyyətlə bağlı narahatlıqları da artırıb. Ada xüsusilə keçmişdə böyük püskürmələrə səhnə olan Kameni vulkanı ilə diqqət çəkir. Zəlzələ fırtınası nəticəsində vulkan püskürməsi və 7 baldan yuxarı zəlzələnin baş verməsi istisna edilmir. 1925-ci ildə bölgədə böyük bir vulkan püskürməsi baş verdi, 1956-cı ildə 7,8 və 7,2 bal gücündə iki zəlzələ baş verdi.

Xəbər lenti