![]() |
|
Kiyev Ukraynada ümumilikdə 100 min nəfərə qədər Qərb hərbi kontingentinin yerləşdirilməsi xəritəsini hazırlayıb.
Bu barədə Ukrayna lideri Vladimir Zelenski deyib.
O bildirib ki, bu planı fevralın 14-dən 16-dək keçiriləcək Münhen Təhlükəsizlik Konfransında müzakirə etməyi planlaşdırır.
Ukraynanın Qərb tərəfdaşlarından ala biləcəyi təhlükəsizlik zəmanətlərini müzakirə edən Zelenski NATO-ya qoşulmaq, əlavə silahlar, raketlər və nüvə silahları da daxil olmaqla, müxtəlif variantları sadalayıb. O, bir gün əvvəl Britaniyanın “Ekonomist” jurnalına verdiyi müsahibədə səsləndirdiyi “öz NATO-muzu” yaratmaq variantını da xatırladıb.(axar.az)
Ermənistanda parlamentin spikeri Alen Simonyanın bir neçə gün əvvəl jurnalistlərlə söhbətində səsləndirdiyi fikirlər ölkədə müzakirələrə səbəb olub.
“Sputnik Ermənistan” xəbər verir ki, o, Qarabağı könüllü tərk edən ermənilər haqda suala cavab verərkən onları 44 günlük müharibədə döyüşməməkdə günahlandırıb.
“Onlar döyüşməli idilər, getməli yox” – deyə Simonyan qeyd edib.
Onun bu açıqlamasından sonra Qarabağ separatçılarının sonuncu “rəhbəri” Samvel Şahramanyan Ermənistan parlamentinin spikerinin səsləndirdiyi fikirlərə görə ictimai olaraq üzr istəməsini tələb edib.
Məlum olduğu kimi, fevralın 12-də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında uzun müddətdir müzakirə edilən telefon danışığı baş tutub. Bu, Trampın Ağ Evə yenidən qayıtmasından sonra liderlər arasında ilk rəsmi təmas olub.
“Qafqazinfo” xəbər verir ki, təqribən 1 saat yarım davam edən sözügedən telefon danışığı hazırda bütün dünyanın diqqətindədir.
Belə ki, söhbət zamanı müzakirə edilən mövzuların hazırda dünyada davam edən bir çox siyasi, hərbi proseslərə təsirsiz ötüşməyəcəyi aydındır.
Bəs Trampla Putinin 2 saata yaxın davam edən bu söhbəti zamanı əsas olaraq nələr müzakirə edilib və hansı qərarlar verilib?
İlk olaraq qeyd edək ki, ABŞ lideri söhbətdən sonra özünün “Trutj Social” sosial şəbəkə hesabında paylaşım edərək müzakirələrin uzun və məhsuldar olduğunu bildirib. Onun sözlərinə görə, rusiyalı həmkarı ilə ilk növbədə Ukraynadakı münaqişəni müzakirə edib:
“Biz danışıqların dərhal başlaması barədə razılığa gəldik və Ukrayna Prezidenti Volodimir Zelenskiyə danışığımız barədə məlumat verəcəyəm. Dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retkliff, Milli Təhlükəsizlik üzrə Müşavir Maykl Uolts və xüsusi nümayəndə Stiv Uitkoffdan ABŞ nümayəndə heyətinə rəhbərlik etmələrini xahiş etdim”.
Həmçinin münaqişənin başa çatmalı olduğunu vurğulayan Tramp hərbi əməliyyatların dərhal dayandırılmasına və münaqişənin dinc vasitələrlə həllinə çağırış edib.
Tramp Putinlə söhbətindən sonra vəd etdiyi kimi Zelenskiyə zəng edərək ona müzakirələr barədə məlumat verib. Zelenskinin ofisi söhbətin bir saat davam etdiyini, Tramp isə söhbətin “yaxşı keçdiyini” bildirib.
Kremlin rəsmi sözçüsü Dmitri Peskov isə Putinin Moskvada münaqişənin nizamlanması da daxil olmaqla, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə ABŞ-nin yüksəkvəzifəli şəxslərini qəbul etməyə hazır olduğunu qeyd edib.
Söhbətin nəticələri barədə danışan Peskov onu da deyib ki, “Rusiya Prezidenti ABŞ liderinin ölkələrimizin artıq birgə işləməsi zamanının yetişməsinə dair ideyasını dəstəkləyib”.
Bununla yanaşı, liderlərin söhbəti zamanı şəxsi görüşlər məsələsi də müzakirə edilib. Tramp Putinlə qarşılıqlı iş və səfərlər barədə razılığa gəldiyini deyib. Bu xüsusda, Putin Trampı Moskvaya dəvət edib. Lakin telefon danışığından bir neçə saat sonra ABŞ lideri jurnalistlərə açıqlamasında rusiyalı həmkarı ilə görüşünün Səudiyyə Ərəbistanında ola biləcəyini deyib.
Tramp, həmçinin bildirib ki, Putinlə söhbətində Yaxın Şərqdəki vəziyyət, eləcə də dolların dünya iqtisadiyyatına təsiri kimi məsələlər də qaldırılıb.
D.Peskov isə öz növbəsində söhbətdə İranın nüvə proqramı, eləcə də iqtisadi sahədə Rusiya-ABŞ münasibətlərinə də diqqət ayrıldığını vurğulayıb.
Onu da qeyd edək ki, iki ölkə liderinin söhbəti Ukrayna və digər region ölkələrində olduğu kimi, Avropada da siyasi dairələrdə narahatlıqla qarşılanıb. Prezidentlərin söhbətindən sonra Fransa, Almaniya, Polşa, İtaliya, İspaniya və Böyük Britaniyanın XİN rəhbərləri bəyanatla çıxış edərək bildiriblər ki, Ukrayna və Avropa danışıqların bir hissəsi olmalıdırlar, Kiyevə isə etibarlı təhlükəsizlik zəmanətləri verilməlidir. Onların sözlərinə görə, ədalətli və dayanıqlı sülh etibarlı Transatlantik təhlükəsizlik üçün zəruri şərtdir.
Hazırda dünya mediası da gündəm olan bu məsələni və bunun nə ilə nəticələnə biləcəyini şərh edib.
Belə ki, “Politico” nəşri yazıb: “Avropalı məmurlar uzun müddətdir ehtiyat edirdilər ki, Trampın Putinlə olan yaxın şəxsi münasibətləri onların qitənin gələcəyi ilə bağlı yüksəksəviyyəli müzakirələrdən kənarda qalmalarına səbəb ola bilər”.
“Bloomberg” agentliyi isə avropalı məmurların Tramp-Putin söhbəti ilə bağlı əvvəlcədən məlumatlandırılmadığını yazıb. Agentliyin mənbələrinin sözlərinə görə, Aİ məmurları bu addımı “xəyanət” adlandırıb və ABŞ-nin Rusiyaya güzəştlər edəcəyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Fransanın “Le Point” qəzeti isə gələcəkdə danışıqlar prosesində Ukrayna nümayəndəsinə yer olmaya biləcəyinə toxunub.
“New York Times” qəzeti isə telefon danışığının Rusiyanın ölkə həbsxanasında saxlanılan amerikalı müəllim Mark Foqelin sərbəst buraxılmasına razılıq verməsindən sonra baş tutduğuna diqqət çəkib.
Bir neçə siyasi ekspert isə telefon danışığından erkən nəticələr çıxarmamağı, prosesin gələcək inkişafını izləməyi məsləhət görüb.
Günel İbrahimova
Müxalifətçi deputatın xarici işlər naziri Ararat Mirzoyanla bağlı baş nazir Nikol Paşinyana ünvanladığı sual gərginliyə səbəb olub.
Ermənistan parlamentinin müxalifətçi deputatı Qeqam Manukyan Ermənistanın baş naziri Nikol Paşinyana bu sualla müraciət edərək “Ararat Mirzoyanın adını nə vaxt dəyişəcəksiniz və ya Ararat Mirzoyanı dəyişəcəksiniz?” sualı hakim komanda tərəfindən qəzəblə qarşılanıb.
İlk olaraq Ararat Mirzoyan müxalifətçi deputata qəzəbli reaksiya verib: “Sən çox, çox cılız düşüncəli birisən”.
Parlamentin spikeri Alen Simonyan Mirzoyanın bu replikasından sonra dərhal müxalifətçi deputatın mikrofonunu söndürərək deyib: “Mən sizə ədəb-ərkan həddinə riayət etməyi təklif edirəm, yoxsa mən də buna bənzər misallar verməyə başlayacağam”.
Tribunaya yaxınlaşan baş nazir Nikol Paşinyan isə cavabında deyib: “Cənab Manukyan, adları dəyişmək səlahiyyətim olsaydı, ilk növbədə sizdən və siyasi liderlərinizdən başlayardım. Əminəm ki, mənim bu gücdən başqa insanlara münasibətdə istifadə etmək üçün heç bir əsasım olmazdı, çünki belə bir səbəb olmazdı. Mən isə sizin işinizlə bağlı ona görə danışıram ki, belə bir səbəb göstərən sizsiniz və sadəcə olaraq bunun üçün də səbəb yaratdınız”.
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Səudiyyə Ərəbistanında görüşmək niyyətini açıqlayıb.
Bunu Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
O, Putinlə ilk görüşünün tezliklə Səudiyyə Ərəbistanında baş tuta biləcəyini deyib.
Trampın sözlərinə görə, Rusiya və ABŞ liderləri arasında görüşün təşkilində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud iştirak edir. “Mən Putinlə əsasən telefonla əlaqə saxlayacağam və nəhayət görüşməyi gözləyirik. Əslində, biz onun bura gəlməsini gözləyirik, mən də ora gedəcəyəm və biz də yəqin ki, Səudiyyə Ərəbistanında görüşəcəyik. Biz ilk dəfə Səudiyyə Ərəbistanında görüşəcəyik", - Tramp qeyd edib.
Tramp görüşün konkret vaxtını açıqlamasa da deyib ki, görüş çox da uzaq olmayan zamanda baş tutacaq.
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə baş tutan telefon danışığı ilə bağlı açıqlamalar verib.
Tramp Putinlə görüşü barədə verdiyi açıqlamalardan belə qənaətə gəlmək mümkündür ki, Rusiya-Ukrayna müharibəsində qalib tərəf yoxdur. Müharibə ancaq kompromislər əsasında bitə bilər.
Trampla Putin arasındakı telefon danışığından gəlinən qənaət isə belədir:
- Tramp Ukraynada Putinə atəşkəs təklif etdiyini və bunun müvəqqəti olmasını istəmədiyini eşitdiyini bildirib;
- Ukraynanın NATO-ya üzvlüyü qeyri-mümkündür;
- Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması ehtimalı demək olar mümkün deyil;
- Ukraynanın itirilən ərazilərinin yalnız bir qismini geri qaytara bilər;
- Volodimir Zelenski olmadan ABŞ və Rusiya arasında birbaşa dialoq təhlükə yaratmır ;
- Ukraynada prezident seçkiləri keçirilməlidir;
- Birləşmiş Ştatlar Ukraynaya kömək etməyə davam edəcək, lakin bu yardımlar nəzarət altında həyata keçiriləcək. Bundan əlavə olaraq Ukraynaya dəstək üçün yatırılan vəsaitlərin geri qaytarılması ilə bağlı zəmanət tələb olunacaq;
- Tramp Səudiyyə Ərəbistanında Rusiya prezidenti Vladimir Putinlə görüşmək niyyətini ortaya qoyub;
- Tramp Putinin ABŞ-yə səfərini gözləyir və özü də Rusiyaya səfər etmək niyyətindədir;
- Putinlə davamlı əlaqə saxlamağı planlaşdırır.
Tramp Putin telefon danışığı bir daha onu deməyə əsas verir ki, Ukrayna Rusiya-Qərb arasındakı geosiyasi mübarizədə alver predmetidir və bundan da itirən ancaq Ukraynadır.
Rusiya həm də ABŞ-nin əlində Avropa üçün “dodmokl” qılıncı olmaqda davam edəcək.
"Ukrayna çətin ki, Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytarsın".
Bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Onun fikrincə, itirilmiş ərazilərin bir hissəsi geri alına bilər, lakin Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması çətindir:
"Rusiya çoxlu ərazilər ələ keçirdi, bu torpaq uğrunda vuruşdular və çoxlu əsgərlərini itirdilər. Bir çox insanlar da Ukraynanın torpaqlarını geri qaytara bilməyəcəyini düşünür”, - Tramp deyib.
ABŞ Dövlət katibi Marko Rubio fevralın 15-18-də İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Səfər çərçivəsində yüksəksəviyyəli görüşlərdə regional əməkdaşlıq, sabitlik və sülhün inkişaf etdirilməsi, amerikalıların və bütün digər girovların HƏMAS tərəfindən azad edilməsi, Qəzzada atəşkəs razılaşmasının II mərhələsinə keçmə və İran məsələsi müzakirə ediləcək.
Daha əvvəl fevralın 13-də dövlət katibi Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Münhenə səfər edəcək və G7 Xarici İşlər Nazirlərinin Toplantısına da qatılacaq.
Suriya ordusu Livanla sərhəddə devrilmiş rejimin saxta əskinas çap etdiyi obyekti ələ keçirib.
APA xəbər verir ki, Suriyada ordu sərhəddə qeyri-qanuni fəaliyyətlərin qarşısını almaq üçün Homs şəhərinin Qusayr bölgəsində genişmiqyaslı əməliyyat keçirib.
Əməliyyat zamanı devrilmiş Əsəd rejimi üzvlərinin bölgədə müasir maşınlarla saxta xarici valyuta istehsal etdikləri obyekt müəyyən olunub.
Avropa ölkələri Baltik dənizində Rusiya neftini daşıyan tankerlərin kütləvi şəkildə ələ keçirilməsi ilə bağlı qapalı danışıqlar aparır.
“Politico”xəbər verir ki, Aİ ölkələri ətraf mühitin qorunması və dəniz quldurluğu ilə mübarizə bəhanəsi ilə xarici gəmilərə hücumları leqallaşdırmaq üçün gəmilərin keçidi ilə bağlı tələbləri birgə sərtləşdirmək niyyətindədir.
Nəşrin yazdığına görə, Rusiyadan karbohidrogenlərin alınmasına qarşı sanksiyaların və qiymət məhdudiyyətlərinin tətbiqinə baxmayaraq, dünyada bütün tankerlərin təxminən 17%-i mövcud qadağalardan yayınaraq Rusiya neftini daşıyır.
Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin Rusiya-Avropa şöbəsinin rəhbəri İsaak Levinin sözlərinə görə, nəqliyyat üçün əsas dəniz arteriyası Finlandiya körfəzi və Baltik dənizidir. Keçən il Baltikyanıdan 348 neft gəmisi keçib və bu, Rusiyanın "qara qızıl" ixracının ümumi həcminin təxminən 40%-ni təşkil edir. Məhz buna görə də Avropa rəsmiləri bu yükü nəyin bahasına olursa olsun, qarşısını almaq üçün bir yol tapmağa qərar veriblər.
Nəşr onu da qeyd edib ki, Qərbdə nəzərdən keçirilən digər potensial variant isə məqsədyönlü sanksiya təzyiqinin davam etdirilməsi, xidmətdən, sığortadan və limanlara girişindən imtina ediləcək tankerləri qara siyahıya salmaq, həmçinin bu gəmilərin qeydiyyatda olduğu ölkələri nəticələrlə hədələməkdir.