Artıq beynəlxalq nizam yox, güclülərin hökmranlığı var - Politoloq

2020-ci il müharibəsindən sonra Ermənistanda hökm sürən hissləri indi Avropa yaşayır.

Bu barədə politoloq Stepan Danielyan yazıb.

Onun sözlərinə görə, Avropa məsələnin əsl mahiyyətini Bayden dövründə başa düşməli idi: “Onlar Rusiyanın enerji resurslarından və Rusiya vasitəsilə Çinlə ticarət kommunikasiyalarından məhrum edildilər”.

Politoloqun fikrincə, pozulan balans nəticəsində Avropa qeyd-şərtsiz ABŞ-nin qucağına düşdü. "Bir sözlə, Bayden Trampın çılpaq imperializminə pəncərə açıb", - o qeyd edib.

Politoloq bildirib ki, artıq himayədarlıq və sponsorluq yoxdur, yalnız maraqlar, quru gəlir və vəhşi kapitalizm var: "Əgər himayə və ya müdafiə olunmaq istəyirsinizsə, heç olmasa bədəninizin bəzi hissələri ilə xidmət göstərməyə və ödəməyə hazır olmalısınız. Bir ölkənin suverenlik dərəcəsi geyim ölçüsü ilə müəyyən edilir. Artıq beynəlxalq nizam yox, güclülərin hökmranlığı var. Ermənistan Türkiyənin təsir agentlərinin rəhbərliyi altında özünü məhv etmək üçün Türkiyəyə doğru gedir. Artıq Avropanın müstəqillik şansları müəyyən çərçivələr daxilindədir.

Reallıq nə qədər acı olsa da, onunla üz-üzə gəlmək lazımdır və nə qədər tez olsa, reallığın vurduğu zərbənin gücü bir o qədər zəif olar”, - deyə o yazıb.

Nazir: Tbilisi İrəvanla Bakıya kömək etməyə hazırdır

Gürcüstan Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili İrəvanda erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib

Boçorişvili bildirib ki, Gürcüstan regionda sabitlik və sülhə sadiqdir. "Bu məqsədə çatmaq üçün regionda sülh, sabitlik və firavanlıq hökm sürməlidir", - o qeyd edib.

Gürcü nazir ümidvar olduğunu bildirib ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hər iki tərəf üçün məqbul olacaq və sülh və sabitliyə nail olmağa imkan verəcək. Gürcüstan öz növbəsində bu istiqamətdə qonşuları ilə əməkdaşlığa hazırdır.

Gürcü nazir onu da qeyd edib ki, onlar regionda təhlükəsizlik çağırışlarından danışarkən Gürcüstanın bölgələrini işğal etmiş Rusiyadan qaynaqlanan çağırışları qeyd etməlidirlər.

Anti-Azərbaycan mövqeyi ilə tanınan senator 11 il azadlıqdan məhrum edildi

Anti-Azərbaycan və anti-türk mövqeyi ilə məşhur olan ABŞ-nin Nyu Cersi ştatının keçmiş senatoru Bob Menendes rüşvət və korrupsiya ittihamlarında təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Manhettendə federal məhkəmədə keçirilən iclasda hakim Sidney Stein Menendesin hökmünü elan edib.

Hakim Stein bildirib ki, Menendes vəzifəsindən sui-istifadə edərək xarici ölkələrə işləməklə yanaşı, qızıl külçələr, nağd pul, dəbdəbəli avtomobillər və digər rüşvətlər aldığı üçün 11 il həbs cəzasına məhkum edilib.

Hakim məhkəmədə çıxışında Menendes haqqında bunları deyib:

"Uğurlu idin, qüdrətli idin, siyasi sistemimizin zirvəsində dayandın. Amma yolunu azdın və ümumi rifah üçün çalışmaq əvəzinə öz şəxsi mənfəətin üçün çalışdın. Siz korrupsioner siyasətçi oldunuz".

71 yaşlı Menendes məhkəmə qərarından kövrələrək ağlayıb.

11 illik həbs cəzası ilə Menendes ABŞ tarixində ən uzun müddətə məhkum olunmuş keçmiş senator kimi tarixə düşüb.

Qeyd edək ki, məhkəmə rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan ABŞ Senatının xarici əlaqələr komitəsinin keçmiş sədri və Nyu Cersi senatoru Menendesi 2024-cü il iyulun 16-da təqsirli bilərək, onu 16 ayrı-ayrı ittihamın hamısında günahkar olduğuna qərar verib. Məhkəmənin qərarından sonra Menendes 21 avqust 2024-cü ildə ABŞ Senatında 18 il, 7 ay və 4 gün olmaqla Nyu Cersi tarixində ən uzun müddət işləyən dördüncü senator vəzifəsindən istefa vermək məcburiyyətində qalıb.

Məqsəd İrəvanın xarici siyasətinin Bakıdan asılı olmasıdır - İskəndəryan

“Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünü əvvəlkindən qat-qat artıq müstəqil fəaliyyətə qadir hiss edir. 10 il əvvəl Putin bir telefon zəngi ilə Ermənistanla Azərbaycan arasında istənilən münaqişəni dayandıra bilərdi. İndi Bakının Ankara ilə sıx əlaqəsi var. Bundan əlavə, Qərbin İrana münasibəti yaxşılaşmır və Azərbaycan da bundan istifadə edərək özünü daha rahat hiss edir”.

Bunu politoloq Aleksandr İskəndəryan deyib.

Onun sözlərinə görə, 44 günlük müharibə nəticəsində Rusiya Cənubi Qafqazda hegemon olmaqdan çıxdı, bundan sonra Azərbaycan Türkiyəni bölgəyə buraxdı. "Bu, Bakının imkanlar pəncərəsinin genişlənməsinə səbəb oldu", - o qeyd edib.

Moskva-Bakı münasibətlərinə toxunan İskəndəryan deyib ki, bu gün Azərbaycan Rusiya üçün Ermənistandan daha dəyərlidir.

Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikri şərh edən erməni politoloq deyib ki, bu, Ermənistana təzyiqlərin davam etməsi deməkdir.

"Azərbaycanın məqsədi dəhlizi tələb etməklə yanaşı, həm də beynəlxalq vəziyyət imkan verdiyi müddətcə Ermənistana təzyiq göstərməkdir. Azərbaycanın əsl məqsədi sülh və ya hətta dəhliz deyil, Ermənistanın mümkün qədər zəif olması və xarici siyasətinin Bakıdan asılı olmasıdır. Demək istəyir ki, Ermənistan nəyisə istəyirsə, Londona, Parisə, Moskvaya yox, onun yanına getsin ki, erməninin bəzi tələblərini təmin etmək və ya təmin etməmək üçün göstərişlər versin.

Onu da qeyd edim ki, Zəngəzur dəhlizi iqtisadi deyil, geosiyasi layihədir", - o qeyd edib.

Müharibə ehtimalına gəlincə, o bildirib ki, bu, bəyanatlardan və ya müqavilələrdən asılı deyil.

Helikopterlə sərnişin təyyarəsi toqquşdu - Ölənlər var  - VİDEO

Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.

Bu barədə “CNN“ məlumat yayıb.

Məlumata görə, təyyarənin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur.

Qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.

Polis ölənlərin sayını açıqlamadan bir neçə cəsədi çaydan çıxarıb.

Merilend rəsmiləri qəza yerinə dalğıclar göndərib.

FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.

Əhməd əl-Şaraa Suriyanın Prezidenti elan edildi

Əhməd əl-Şaraa keçid dövründə Suriya Prezidenti vəzifəsini icra edəcək.

APA xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Putin konkret vaxt açıqladı: Hər şey bu müddətə...

Sponsor pulları və patronlar qurtararsa, bu əməliyyat bir ay yarımdan iki aya qədər başa çata bilər.

Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində Ukraynadakı müharibənin nə zaman başa çata biləcəyi ilə bağlı sualı cavablandırarkən deyib.

“Pul və daha geniş mənada desək, silah-sursat verilməsi dayansa, onlar bir ay tab gətirməyəcəklər. Hər şey bir ay, ay yarım və ya iki aya bitəcək”, - Putin qeyd edib.

Putin onu da vurğulayıb ki, hazırkı vəziyyətdə Ukraynanın suverenliyi faktiki olaraq sıfıra endirilib.

Fransa ABŞ-ı HƏDƏLƏDİ - Qoşun göndərəcəyik

Fransa adanı ABŞ-a verməmək üçün Qrenlandiyaya qoşun göndərməklə hədələyib.

Bu barədə "Politico" məlumat yayıb.

Fransanın xarici işlər naziri Jan-Noel Barrot "Sud Radio"ya müsahibəsində deyib ki, Fransa Danimarka ilə qoşunların yerləşdirilməsi məsələsini müzakirə etməyə başlayıb. Onun sözlərinə görə, Aİ-nin digər ölkələri də lazım gələrsə, hərbi personalın göndərilməsi məsələsini nəzərdən keçirməyə hazırdır.

“Danimarka köməyə çağırsa, Fransa orada olacaq. Avropa sərhədləri istər şimal, istər cənub, istər şərq, istərsə də qərb olsun suverendir. Heç kəs bizim sərhədlərimizə müdaxilə edə bilməz”, - deyə Fransanın xarici işlər naziri bildirib.

Xatırladaq ki, ABŞ lideri Donald Tramp milli təhlükəsizliyi təmin etmək üçün adanın dövlətin bir hissəsinə çevrilməli olduğunu demişdi. Qrenlandiyanın keçmiş baş naziri Kuupik Kleist onun bəyanatını tənqid edib. Onun sözlərinə görə, yerli sakinlər“vətənlərinin daşınmaz əmlak alqı-satqısının predmeti kimi müzakirə olunduğuna görə özlərini təhqir olunmuş hiss edirlər.(Publika.az)

Makrondan ETİRAF: "Başqa seçimim yox idi"

Ötən ilin sonunda Fransa Prezidenti Emmanuel Makron Fransua Bayrunu Baş nazir təyin etməklə Fransanı təəccübləndirdi. Bu, gözlənilməz etimad mövzusu olan bir qərar idi.

“Le Monde”də dərc olunan məqalədə Fransua Bayrunun baş nazir postuna təyin olunması ilə bağlı yeni məlumatlar üzə çıxıb.

Bildirilir ki, xəbər 13 dekabr 2024-cü ildə Yeliseydə keçirilən rəsmi mərasim zamanı elan edilib. Bu tədbirin qonaqları arasında Ann Hidalqo da olub. Bu qərar Emmanuel Makron və Ann Hidalqonun uzun müddətdir gərginliklə yadda qalan münasibətlərinin bu yaxınlarda istiləşməsi ilə bağlıdır. İki seçilmiş məmur uzun müddət düşmən olsalar da, onların münasibətləri dəyişib.

Məqalədə bildirilir ki, E.Makron Paris merini kabinetinə aparıb. Söhbət zamanı Paris meri Fransua Berunun Baş nazir təyin edilməsi ilə bağlı təəccübünü gizlətməyib. “Başqa seçimim yox idi, o, hər şeyi məhv edəcəkdi!”, - deyə Emmanuel Makron ona etiraf edib.

Ann Hidalqo prezidentin bu şərhini yaxınlarına danışıb.(Publika.az)

Bizi yayındırırlar, döyüş yeri buradır - Mübarizə gedir

“Arktika gələcəyin sınaq poliqonudur. Bu gün bizim diqqətimizi Ukrayna və ya Ermənistana cəlb edib məsələni əsl mahiyyətindən ayırırlar. Əslində, əsas sınaq meydançası Arktikadır”.

Bunu “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk deyib .

Kovalçuk bildirib ki, Rusiya bu ərazinin qanuni sahibidir, çünki dünya buz parkının 50%-dən çoxu onların payına düşür.

"Bundan əlavə, ölkəmiz dünyada nüvə buzqıran gəmilərinə rəqabətdən kənar olan yeganə ölkədir".

Kovalçuk bildirib ki, hazırda Arktika üçün böyük mübarizə gedir: "Bunu Qrenlandiyada baş verənlər aydın şəkildə nümayiş etdirir. Əgər ABŞ bu adanı Kanada ilə birlikdə götürsə, o zaman onlar güc baxımından bizimlə bərabər olacaqlar. Biz çox güclü olmalıyıq və bu gün Arktikada bizi tutmağın çox çətin olacağı mövqelər tuta bilərik".

Xəbər lenti