Tramp İrana qarşı fərman imzaladı

ABŞ Prezidenti Donald Tramp İrana qarşı maksimum təzyiqin bərpası haqqında fərman imzalayıb.

Bu barədə TASS Ağ Evin mətbuat qrupuna istinadən məlumat yayıb.

İmzalama mərasimi zamanı Amerika lideri Vaşinqtonun bu alətdən tez-tez istifadə etməyəcəyinə ümid etdiyini bildirib.

"Ümid edirik ki, bundan çox tez-tez istifadə etməli olmayacağıq", – Tramp yeni sənəd haqqında söyləyib.

Daha əvvəl İrana qarşı təzyiqin artırılması niyyətini dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində açıqlamışdı.(Report)

Hitlerin İkinci Dünya Müharibəsi sırasında verdiyi 10 SƏHV QƏRAR

İkinci Dünya Müharibəsinin gedişatını təyin edən ən vacib şəxslərdən biri Adolf Hitler idi. Onun rəhbərliyi altında Almaniya ilk başlarda böyük uğurlar qazansa da, müharibənin irəliləməsi ilə Hitlerin strateji səhvləri artmağa başladı. Bu səhvlər, nəticədə Almaniyanın məğlubiyyətinə gətirib çıxardı.

Ölkə.az lent.az-a istinadən Hitlerin İkinci Dünya Müharibəsi zamanı verdiyi ən mühüm səhvləri təqdim edir.

1. Polşaya hücum (1939)

İkinci Dünya Müharibəsinin başlanğıcına səbəb olan Polşa işğalı, Hitlerin ilk böyük səhvi sayılmır, çünki bu, Almaniyanın ekspansionist siyasətinin bir hissəsi idi. Lakin Hitlerin müharibəni başlatmaq üçün bu qədər cəsarətli bir addım atması, həmçinin beynəlxalq aləmin ona qarşı hərəkətə keçməsini sürətləndirdi. Polşaya qarşı hücum, həm də Almaniyanın Sovetlər Birliyi ilə müqavilə bağladığı bir dövrə təsadüf etdi (Molotov-Ribbentrop paktı), amma SSRİ-nin müharibəyə gec qoşulması (17 sentyabr) müharibəni təkcə Hitler Almaniyasının başlatdığına dair ümumi fon yaratdı.

2. Sovetlər Birliyinə hücum (1941 - Barbarossa əməliyyatı)

Hitlerin ən böyük səhvlərindən biri, 22 iyun 1941-ci ildə Sovet İttifaqına hücum etməsi idi. Bu, Almaniyanın qərb cəbhəsindəki müvəffəqiyyətini təmin etmədən şərqə doğru irəliləməyə qərar verilməsi idi. Sovetlərə qarşı bu hücum Almaniyanın çox böyük resurslarını və qoşunlarını şərq cəbhəsində istifadə etməsinə səbəb oldu. Bu səhv, mövsümün dəyişməsi, alman qoşunlarının hazırlıqsız olması və Sovetlərin müqaviməti ilə nəticələndi. Sovetlər Birliyi ilə müharibə uzun, qanlı və çox çətin oldu.

3. İngiltərəyə qarşı hava hücumu (1940 - Battle of Britain)

Almaniya, 1940-cı ildə İngiltərəni işğal etməyi planlayırdı və bunun üçün əvvəlcə hava üstünlüyü qazanmağa çalışdı. Hitlerin İngiltərəyə qarşı hava hücumu, onun səhvi oldu, çünki Almaniyanın hava qüvvələri bu cür əməliyyatlar üçün yetərli deyildi. İngiltərə Krallığı, xüsusilə radar texnologiyasından istifadə edərək hava hücumlarına müqavimət göstərdi və nəticədə Almaniya geri çəkilməyə məcbur oldu. Həmçinin, Hitlerin hava hücumunu şəhərlərin mülki əhalisinə yönəltməsi, britaniyalıları birləşdirərək döyüş əzmini artırdı.

4. Müharibə elan etmək (1941)

Almaniyanın Yaponiyanın ABŞ-a qarşı hücumundan sonra, 11 dekabr 1941-ci ildə ABŞ-a müharibə elan etməsi də səhv qərarlardan biridir. Hitlerin ABŞ ilə müharibə aparmaq istəyi, Sovet İttifaqı ilə müharibə şəraitində onları əlavə bir düşmənlə mübarizə aparmağa məcbur etdi. Bu da Almaniyanın gücünü daha da zəiflətdi.

5. Yaponiyanı müttəfiq olaraq seçmək (1939-1941)

Hitlerin Yaponiyanı müttəfiq olaraq seçməsi də strateji səhv idi. Almaniya və Yaponiyanın maraqları bir-birinə zidd idi. Hitler, Yaponiyanın Sakit Okean regionunda genişlənməsini nəzərə alaraq müttəfiq olmaq istəsə də, bu, heç vaxt real müttəfiqlik əlaqələrinə çevrilmədi. Yaponiyanın işləri Almanyanın maraqlarına uyğun gəlmirdi və hətta 1941-ci ildə Sovet İttifaqına qarşı Yaponiyanın da hücuma qoşulmaması Almaniyanı zəiflətdi.

6. Afrika kampaniyasını uzatmaq (1941-1943)

Hitlerin Şimali Afrikada, xüsusən də general Rommelin rəhbərliyindəki Afrika Korpsu ilə müharibə aparmağı planlaşdırması, onun səhvlərindən biri idi. Şimali Afrikada müharibənin uzadılması, Almaniyanın resurslarının boşuna sərf olunmasına və ümumi müharibə cəbhəsinin genişlənməsinə səbəb oldu. Afrika cəbhəsi, real strateji fayda vermədən Almaniyanın itkilərini artırdı.

7. Stalinqrad döyüşü (1942-1943)

Sovet İttifaqının Stalinqrad (ind. Volqoqrad) şəhəri uğrunda döyüşlər, Almaniyanın İkinci Dünya Müharibəsindəki ən böyük məğlubiyyətlərindən birinə səbəb oldu. Hitlerin Stalinqradı ələ keçirmək üzərində təkidi, alman qoşunlarının əksəriyyətinin qışda mübarizəyə davam etməsinə və nəticədə təslim olmasına gətirib çıxardı. Bu məğlubiyyət, Sovet İttifaqına qarşı qələbə arzusunun artıq reallaşa bilməyəcəyini göstərdi.

8. Əsas strateji məqsədin yerinə yetirilməməsi (1942)

1942-ci ildə, Hitlerin bir neçə strateji məqsədinə çatmaqda çətinliklər yaşaması, onun müharibədə səhv qərarlar verdiyini göstərdi. Sovet İttifaqına qarşı cənubdan irəliləyərək Azərbaycan da daxil olmaqla, bütün Qafqazı işğal etməklə yanaşı, Hitler qərb və şərq cəbhələrində də hücumlar təşkil etdi və qoşunları parçaladı. Bu böyük itkilərə və onun gücünü itirməyə başlamasına yol açdı.

9. Normandiyada desant əməliyyatı (1944)

Normandiya əməliyyatı (D-Day) başlamadan əvvəl, Hitlerin buraxdığı əsas səhvlərdən biri, bu əməliyyatı nəzərə almamaq və qərb cəbhəsində düşmənin çıxışını əngəlləyəcək müdafiə tədbirləri görməmək idi. Bu səhv, müttəfiqlərin qərb cəbhəsindən Almaniyaya doğru böyük bir hücum etməsinə və Fransada yeni cəbhə açmasına səbəb oldu.

10. Arden döyüşü (1945)

Bu döyüş Adolf Hitlerin İkinci Dünya Müharibəsində qalib gəlmək üçün son cəhdi. O, eyni strategiyadan istifadə edərək müttəfiqlərə hücum edərək 1940-cı ilin uğurunu təkrarlamağa çalışdı. Alman qüvvələri 1940-cı illə müqayisədə xeyli kiçik idi, yanacaq çatışmazlığı var idi və 1940-cı il Fransa ordusundan xeyli böyük düşmənlə qarşılaşdılar. Arden döyüşü alman ordusunun son hücum əməliyyatı idi və böyük uğursuzluqla bitdi.

Beləliklə, Adolf Hitlerin xarici siyasətdə yanlış hesablamaları, təxminləri və qərarları Üçüncü Reyxin süqutunu sürətləndirən əsas amillərdən biri sayılır.

Paşinyandan şok: 44 günlük müharibədə məğlub olduq, amma... 

"44 günlük müharibədə məğlubiyyət bizə suveren, müstəqil dövlətə sahib olmaq imkanı verdi. Mən də istəməzdim ki, itkilərimizin əbəs olduğu qənaətinə gələk".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-də erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.

“Mən də istəməzdim ki, bu təhlillər bizi itkilərimizin boşa getdiyi qənaətinə gətirsin. Mən bu mövqe ilə razı deyiləm. Bu mövzu üzərində uzun müddət düşündüm və əmin oldum ki, bu qurbanlar Ermənistan Respublikasının müstəqilliyi və suverenliyi naminə verilib. Biz bu fədakarlığın fürsətindən istifadə etməyə diqqət etməliyik. Bu, asan olmayacaq", -Paşinyan deyib.

Erməniləri qorxuya salan etiraf: Türklər bu ərazilərə yerləşir

Son zamanlarda çox sayda türk və ərəb Türkiyə ilə sərhəddə yerləşən Marqara kəndində yarım milyon dollar ödəyib, torpaq və ev alırlar.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Milli Heykəltəraşlıq Muzeyinin təsisçi direktoru Artur Gevorqyan deyib.

Onun sözlərinə görə, həmin şəxslər əmlak alışını diaspor erməniləri vasitəsi ilə həyata keçirirlər:

“Bu, ilk dəfə deyil, artıq bir neçə ildir ki, eyni hal müşahidə olunur. Ərəblər oradakı evlərin qarşılığında istənilən məbləği ödəməyə hazırdırlar, Türkiyə ilə sərhəddən mülk alırlar. Bölgədə yaşayan insanlar da evlərini, torpaqlarını satıb gedirlər.

Lakin ən çox alış-verişi Avropada yaşayan türklər 2012-ci ildən bəri edirlər. Alınan bu mənzillərin çoxu lüks evlər, villalardır. Ermənistanda bir çox əcnəbi millətlərin nümayəndələri ev alırlar, amma aralarında türklərin olması diqqət çəkir. Bir müddət əvvəl Şirak vilayətində də əmlak alan türklər vardı. Maraqlıdır ki, aidiyyəti qurumlar bunu təkzib etmirlər”.

Zəngəzur dəhlizinin açılmasını ABŞ da istəyir - Kiviryan 

Sirr deyil ki, Azərbaycan həmişə Naxçıvanla birləşmək istəyib və bu ideya ABŞ və Türkiyə tərəfindən dəstəklənib.

Bunu politoloq Argişti Kiviryan deyib.

Onun sözlərinə görə, Ankara və Ağ Evin də belə bir niyyətinin olmasına baxmayaraq, bu məsələ ətrafında heç bir danışıqlar sənədə çevrilmədi.

Politoloq əlavə edib ki, ilk dəfə belə bir sənəd 9 noyabr 2020-ci ildə ortaya çıxıb və Paşinyanın imzası onun altında olub.

“Paşinyan bu bəyanatın 9-cu bəndini yerinə yetirməmək üçün Qarabağı qurban verdi və indi Meğri mövzusuna qayıtdılar. Mən hələ zamanında demişdim ki, Qarabağdan sonra Zəngəzur dəhlizi məsələsi gündəmə gələcək”, - deyə Kiviryan əlavə edib.

Analitik hesab edir ki, Paşinyan mahiyyət etibarilə Azərbaycanın bütün tələblərini yerinə yetirməyə hazır olduğunu bildirib.

İranda məcburi hicab qanunu təxirə salınıb

İranda məcburi hicab geyinilməsi barədə qanun layihəsinin tətbiqi təxirə salınıb.

Xarici KİV xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Tehranın Əllamə Təbatəbai Universitetində tələbələr qarşısında çıxışı zamanı deyib.

Belə ki, bir qrup mühafizəkar tələbə əvvəlki hökumət tərəfindən hazırlanan və 2023-cü ilin sentyabrında Məclisdə qəbul edilən "Əxlaq və hicab mədəniyyətinin dəstəklənməsi" qanun layihəsinin nə üçün tətbiq edilmədiyini sual edib.

İran parlamentinin sədri isə suala belə cavab verib:

"Milli Təhlükəsizlik Ali Şurasının əgər bir qanun gərginliyə səbəb olursa, Şura Katibliyinin bunu dayandırmaq səlahiyyəti var".

Qeyd edək ki, hicab qadağasını pozduğuna görə 2022-ci ilin sentyabrında saxlanılan Məhsa Əmininin ölümündən sonra bu ölkədə etirazlar başlayıb. Çox sayda insanın öldüyü hadisələrdən sonra qadağaya əməl etməyənlərin sayı artıb.

Suriya prezidenti: Türkiyəyə söz vermişik

Biz PKK-nin Suriyada varlığını davam etdirməyəcəyi ilə bağlı Türkiyəyə söz vermişik.

Bunu Suriya prezidenti Əhməd Əl-Şara Türkiyəyə səfər öncəsi deyib.

Qeyd edək ki, bu gün Suriya prezidenti Əhməd Əl-Şara prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya səfər edəcək. Səfər çərçivəsində Əhmd əl-Şara Türkiyə prezidenti Ərdoğanla görüşəcək.

Türkiyə Prezident Administrasiyasının kommunikasiyalar üzrə direktoru Fahrettin Altunun sözlərinə görə,
keçiriləcək görüşdə Suriyadakı son hadisələr bütün aspektlərdə müzakirə ediləcək.

Tacikistanda ŞOK: İŞİD həbsxananı ələ keçirdi - Rəis ÖLDÜRÜLDÜ

İŞİD terror təşkilatının tərəfdarı olan bir qrup məhbus Tacikistanın Vahdat şəhərindəki həbsxana koloniyasını ələ keçirib.

Bu barədə Müasir Əfqanıstan Araşdırmaları Mərkəzinin eksperti Andrey Serenko vəziyyətlə tanış olan mənbəyə istinadən məlumat verib.

İlkin məlumata görə, ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi həlak olub, daha bir neçə əməkdaş isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Tacikistan təhlükəsizlik qüvvələri üsyanı yatırmaq üçün əməliyyat keçirib. Nəticədə azı 10-15 məhbus, bütün İŞİD tərəfdarları məhv edilib”, - mənbə qeyd edir.

Hazırda ölkənin bütün güc strukturları yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Vahdat şəhərindən paytaxt Düşənbəyə qədər nəzarət-buraxılış məntəqələri qurulub. Tacikistanın Daxili İşlər Nazirliyi və digər güc strukturlarının əməkdaşları bütün ərazidə patrul xidmətini gücləndiriblər.

Yaxın Şərqin dəyişən xəritəsi - Kimlərə nə düşəcək?

"Yaxın Şərqdə böyük güclərin maraqlarına cavab verən yeni hərbi-siyasi ittifaqlar yaranacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Yaxın Şərqin gələcək mənzərəsinin necə olacağını şərh edərkən deyib.

Azər Hüseynov bildirib ki, Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələr, xüsusilə İsrail ilə HƏMAS arasında artan gərginlik, regionda yeni geosiyasi dəyişikliklərin əlaməti kimi qiymətləndirilir:

"ABŞ, bölgədəki mövcud güc balansını yenidən formalaşdırmaq üçün Türkiyə və ərəb ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır. Bu strategiyanın məqsədlərindən biri, HƏMAS kimi assimetrik aktorların təsirini azaltmaqdır. ABŞ, Türkiyə və ərəb ölkələri arasında siyasi və iqtisadi əlaqələrin dərinləşdirilməsilə bölgədə transmilli sərmayənin də maraqlarına uyğun olan sabitliyin təmin edilməsinə çalışır".

Ekspertin fikrincə, bu əməkdaşlıq, təhlükəsizlik sahəsində də özünü göstərə və regionda böyük güclərin maraqlarına cavab verən hərbi-siyasi ittifaqlar yarana bilər:

"HƏMAS kimi qrupların fəaliyyətinin məhdudlaşdırılması üçün birgə əməliyyatlar və kəşfiyyat məlumatlarının paylaşılması planlaşdırılır. Regionda böyük aktorların maraqlarına uyğun olan sabitliyi təmin etmək məqsədilə yeni hərbi və siyasi ittifaqların qurulması mümkündür. ABŞ, bölgədə əsas aktorlardan biri olaraq qalır və bu ölkə yeni strategiyalarla nüfuzunu artırmağa çalışır. Türkiyə isə coğrafi mövqeyi və tarixi əlaqələri sayəsində Yaxın Şərqin geosiyasi dinamikasında mühüm rol oynayır. Bundan əlavə, Rusiya və Çin kimi güclər də regionda öz təsirlərini genişləndirmək üçün müxtəlif siyasi və iqtisadi vasitələrdən istifadə edirlər".

Həmsöhbətimiz qeyd edir ki, Türkiyə Yaxın Şərqdəki proseslərdə strateji mövqeyə malikdir:

"Onun NATO üzvü olması və regiondakı hərbi gücü, ABŞ və digər Qərb ölkələri üçün əhəmiyyətli bir tərəfdaş halına gətirir. Bundan əlavə, Türkiyənin ərəb ölkələri ilə tarixi və mədəni əlaqələri, onu bölgədəki diplomatik təşəbbüslərdə açar rolunda çıxış etməyə imkan verir. Nəticə etibarilə, Yaxın Şərqdə baş verən son proseslər, bölgədə yeni geosiyasi konfiqurasiyaların formalaşmasına səbəb olur və Türkiyə bu dəyişikliklərdə əsas aktorlardan biri kimi ön plana çıxır".

Azər Hüseynov bildirib ki, İsrailin bölgədə rolu isə assimetrik oyunçuların hərbi qanadlarını aradan qaldırmaqdan ibarətdir:

"Təl-Əviv ABŞ ilə birlikdə əsasən assimetrik oyunçuların hərbi qanadlarını ortadan qaldırmaq istəyir. Son hadisələr onu deməyə əsas verir ki, assimetrik oyunçuların bölgədə fəaliyyəti bir çox böyük oyunçunun planlarını poza bilir. Bununla belə, Yaxın Şərqdə bir həqiqət var. Fələstin xalqı sülh şəraitində yaşamasa və onun dövlət olma hüququ təmin edilməyincə bölgədə tam sabitlik mümkün olmayacaq".

Qeyd edək ki, bir il 4 aydır Yaxın Şərqdə cərəyan edən proseslər bölgədə mühüm dəyişikliklərin ola biləcəyindən xəbər verir. HƏMAS və "Hizbullah" kimi iranpərəst proksi qüvvələr artıq demək olar zərərsizləşdirilib. Suriyada çoxillik Əsəd diktaturasına son qoyulub. Nəticədə İranın bölgədəki mövqeyi xeyli zəifləyib. Rusiya da indiki halda bölgəyə əvvəlki tək təzyiq etmək imkanında deyil. Yaranmış fürsətdən isə ABŞ, Türkiyə və İsrail kimi dövlətlər istifadə etməyə çalışır və onlar bu istiqamətdə ümumən müəyyən uğurlar da əldə ediblər. Prosesin gedişaatı belə deməyə əsas verir ki, yaxın gələcəkdə Yaxıın Şərqin mənzərəsi xeyli dərəcədə dəyişəcək.

Avropadan Trampa: Hücuma hazırıq!

Avropa İttifaqı liderləri ABŞ prezidenti Donald Trampın əlavə ticarət rüsumları tətbiq edəcəyi təqdirdə cavab tədbirləri görməyə hazır olduqlarını bildiriblər.

APA xəbər verir ki, siyasətçilər ticarət müharibəsinin hər iki tərəfə zərər verəcəyi barədə xəbərdarlıq ediblər.

Bundan əvvəl Tramp Çin, Kanada və Meksikaya qarşı daha əvvəl elan edilmiş rüsumlar siyasətini davam etdirərək Avropaya məhdudiyyətlər tətbiq etmək niyyətini təsdiqləyib. Konkret tədbirlər və onların tətbiqi vaxtı hələ dəqiqləşdirilməyib.

Fransa prezidenti Emmanuel Makron Aİ-NATO sammitində çıxışı zamanı Avropanın iqtisadi təzyiqlərə məruz qalacağı təqdirdə kənarda durmayacağını vurğulayıb.

“Əgər bizə ticarət sferasında hücum olarsa, Avropa müstəqil qüvvə kimi özünü təsdiq etməli və müvafiq cavab verməlidir.

Brüssel cavab tədbirlərinin tətbiqini istisna etmir. Avropa Komissiyası artıq mümkün cavab ssenarilərini hazırlayıb, lakin detallar hələ açıqlanmayıb.

“Biz Trampın bəyanatlarını diqqətlə dinləyirik və təbii ki, cavab verməyə hazırlaşırıq”, - deyə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.

Almaniya kansleri Olaf Şolts vəziyyəti şərh edərkən vurğulayıb: “Avropa güclü iqtisadi regiondur və müstəqil şəkildə öz ticarət siyasətini formalaşdırmaq iqtidarındadır. Brüssel simmetrik tədbirlərlə cavab verə bilər.”

Bir sıra Avropa liderləri Vaşinqtonla dialoqun davam etdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Finlandiyanın baş naziri Petteri Orpo məsələ ilə bağlı deyib: “Biz Trampla danışıqlar aparmalıyıq. Ticarət müharibəsinə başlamaq bizim maraqlarımıza uyğun deyil”.

Avstriya kansleri Aleksandr Şallenberq xatırladıb ki, Aİ-nin ABŞ ilə mal ticarətində müsbət saldosu var, lakin xidmət sektorunda kəsir var.

“Biz balanslaşdırılmış həll yolu tapmalıyıq”, - deyə o bildirib.

Litva Prezidenti Gitanas Nauseda ABŞ maye qazı və silahlarının alınması da daxil olmaqla iqtisadi əməkdaşlıq yollarını axtarmağı təklif edib

“Biz ABŞ-a əlverişli şərtlər təklif etməliyik, istər avtomobil sənayesi, istərsə də enerji sahəsində sazişlər”, - deyə o bildirib.

Vəziyyət müzakirə mərhələsindədir, lakin Brüssel Vaşinqtonun gələcək addımlarından asılı olaraq hərəkət etməyə hazır olduğunu açıq şəkildə bildirir.

Xəbər lenti