![]() |
|
ABŞ ordusunun Soyuq müharibə dövründəki ən cəsarətli layihələrindən biri olan "Camp Century" illər boyunca sirr olaraq qalıb. Danimarka hökumətinin belə xəbərsiz olduğu bu buzaltı hərbi baza tərk edilmiş tunellərin dərinliklərində tapılan bankalarla yenidən gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, bu baza ABŞ-ın ekstremal şəraitlərdə yaşayış qurmaq bacarığını nümayiş etdirmək üçün inşa edilsə də, əsl məqsəd Sovet İttifaqına qarşı gizli bir nüvə raket bazası yaratmaq olub. Bu gün isə "Camp Century"nin gerçək mirası illərlə unudulmuş elmi tapıntılarla üzə çıxır.
Gizli baza necə yaradıldı?
1960-cı ilin oktyabrında ABŞ ordusu mühəndisləri Qrenlandiyanın buzlaqları altında eksperimental bir nüvə reaktoru quraşdırmaq üçün son hazırlıqları görürdü. O dövrdə atom enerjisi hələ yeni inkişaf edirdi və bu reaktor, buzun içində radiasiya sızmalarının necə bir təhlükə yarada biləcəyini göstərirdi.
"Camp Century" sovetlərə qarşı gizli nüvə silahları yerləşdirmək üçün istifadə ediləcək bir tunel sistemi olan "Project Iceworm" çərçivəsində yaradılmışdı. Bu plana görə, buzun altına 600 nüvə başlıqlı raket yerləşdirilməli idi.
Lakin layihə uzun müddət sirr olaraq saxlanılıb. Hətta ABŞ ordusu "National Geographic" kimi media qurumlarını bazanı ziyarət etməyə dəvət edərək buranı yalnız bir elmi araşdırma mərkəzi kimi təqdim edib. Ancaq əsl məqsəd sirr olaraq qalıb.
"Camp Century"də həyat: Ekstremal şəraitdə 7 il
"Camp Century" 7 il aktiv qalıb və burada işləyənlər ekstremal şəraitdə yaşamaq məcburiyyətində olublar. Baza ən yaxın hərbi hava bazası olan "Thule"dən 200 km uzaqda yerləşir.
Gündəlik həyat:
Buzun altında prefabrik kazarmalarda yaşayan əsgərlər və mühəndislər, kitabxana və kinoteatrla məhdud əyləncə imkanlarına sahib olublar.
Gündəlik istifadə edilən su, buzlağın dərinliklərindən çəkilib. Qida və yanacaq tədarükü xüsusi maşınlarla gətirilib.
Problemlər:
Hava şərtləri son dərəcə çətindir - qışın ən sərt vaxtlarında temperatur -50°C-yə qədər düşür. Monotonluq və darıxdırıcılıq əsgərlər üçün əsas çətinlik olub. Bu şərtlər altında orada çalışan mühəndislər və alimlər buzun hərəkətini və nüvə reaktorunun təhlükəsizliyini araşdırıblar.
"Camp Century"ni yox edən faktor: Buzlaqların hərəkəti
"Project Iceworm" uğursuzluğa məhkum idi. Çüki ABŞ ordusu buzlaqların sabit olmadığını düzgün hesablamamışdı.
Buzlaqlar zamanla hərəkət etdiyindən, tunellər çökdü və dəmir yolları bükülüb. 1967-ci ildə bazanın nüvə reaktoru sökülüb, lakin tunellər, atılmış materiallar və digər qalıqlar buz altında qalıb.
1969-cu ildə buraya qayıdan bir mühəndis bütün strukturların qarın altında basdırıldığını və çökdüyünü müşahidə edib.
Buzun altından tapılan sirli bankalar nəyi üzə çıxardı?
"Camp Century" tərk edildikdən sonra illər boyunca unudulub. Lakin 2019-cu ildə Vermont Universitetindən alimlər bazadan alınan torpaq nümunələrini araşdırmağa başlayıblar.
Yarpaqlar, budaqlar, yosunlar və hətta böcəklər tapılıb. Bu tapıntılar göstərib ki, Qrenlandiya bir vaxtlar buzsuz olub və bitki örtüyünə malik olub. Bu tapıntılar Qrenlandiya buz örtüyünün düşündüyümüzdən daha gənc olduğunu sübut edib.
Buzun əriməsi ilə katrilyonlarla litr şirin suyun okeanlara qarışa biləcəyi və dəniz səviyyəsinin kəskin şəkildə yüksələ biləcəyi ehtimal edilir. Qrenlandiyanın təxminən 400 min il əvvəl buzsuz olduğu və o dövrdə iqlimin bugünkündən daha isti olduğu ortaya çıxıb. Bu nəticələr, iqlim dəyişikliyinin gələcəkdə dünya okeanlarına necə təsir edəcəyi ilə bağlı yeni suallar doğurub.
"Camp Century"nin mirası: Sirrli baza, yoxsa elmi irs?
Soyuq müharibə dövründə ABŞ-ın nüvə silahlarını gizlətmək üçün qurduğu bu buzaltı baza indi iqlim elmi üçün mühüm bir tədqiqat mənbəyinə çevrilib.
Alimlər buz təbəqələrinin altındakı sirrləri araşdırmağa davam edir və bu araşdırmalar iqlim dəyişikliklərinin gələcəkdə Yerə necə təsir edəcəyini anlamamıza kömək edir.
"Camp Century"ni planlayan generallar bu layihənin əsl irsinin hərbi deyil, elmi olacağını heç vaxt düşünməmişdilər. Lakin elmi araşdırmalar üçün saxlanılan bu bankalar Yer kürəsinin keçmişini və gələcəyini öyrənməyimizə imkan yaradır.
Nəticə
"Camp Century" əvvəlcə ABŞ-ın Sovet İttifaqına qarşı nüvə üstünlüyü əldə etmək üçün gizli bir layihəsi kimi yaradılıb. Lakin buzlaqların hərəkətini düzgün hesablamayan plan uğursuzluğa düçar olub və baza tərk edilib.
İllər sonra tapılan bankalar Qrenlandiyanın iqlim tarixini yenidən yazmağa və buz örtüyünün gələcək taleyi haqqında vacib məlumatlar əldə etməyə imkan yaradıb.
Bu, hərbi bir layihənin gözlənilmədən elm üçün əvəzsiz bir tapıntıya çevrilməsinin ən maraqlı nümunələrindən biri olub.
El Salvadorun Teçoluka bölgəsində yerləşən və "Yer üzündəki cəhənnəm" kimi tanınan terrorizm həbs mərkəzi 1 fevralda fəaliyyətə başlamasının ikinci ilini qeyd etməyə hazırlaşır.
Ölkə.Az xəbər verir ki, Latın Amerikasının ən böyük həbsxanası olan bu müəssisə prezident Nayib Bukelenin hökuməti tərəfindən kriminal qruplara qarşı mübarizənin rəmzinə çevrilib.
“Həbs Mərkəzi" paytaxt San Salvadordan təxminən 75 kilometr (47 mil) cənub-şərqdə cəngəlliyin kənarında yerləşir.
AFP xəbər agentliyinin məlumatına görə, MS-13 və "18-ci küçə" kimi təhlükəli qruplaşmaların yüzlərlə üzvünün saxlanıldığı bu həbsxana, təxminən 18 min dəstə üzvünü həbs edərək El Salvador küçələrini təmizləməkdə mühüm rol oynayıb. Həbsxananın ümumi tutumu 40 min nəfərdir.
Məlumata görə, həbsxananı 1000-ə yaxın həbsxana zabiti, 600 əsgər, 250 çevik polis qoruyur və təhlükəsizlik kameraları 24 saat işləyir.
Agentlik yazır ki, burada məhbuslara gün ərzində cəmi 30 dəqiqəliyə kameralardan çıxmağa icazə verilir, yaxınlarının ziyarətləri isə qadağandır. Həmçinin qeyd olunur ki, məhbuslar burada döşəksiz paslanmayan polad çarpayılarda yatmağa, kameralardakı böyük plastik çəlləkdən su içməyə məcbur edilirlər.
Hətta məhbuslar arasında 200 ildən çox müddətə azadlıqdan məhrum edilənlər olduğu deyilir.
Dünyada məşhur olan və pis şöhrət qazanan MS-13 dəstəsinin üzvlərindən biri, 41 yaşlı Marvin Vaskes həbsxanaya göndərilməzdən əvvəl təxminən 20-30 nəfəri öldürdüyünü iddia edir.
Həbsxana həyatı ilə bağlı fikirlərini bölüşən Vaskes üç dəfə yemək verildiyini, idmanla məşğul olmaq və dini proqramlar izləmək imkanı olduğunu qeyd edib:
"Həbsxana beşulduzlu otel deyil, amma bizim üçün fərqi yoxdur. Biz burada etdiyimiz pis əməllərin cəzasını çəkirik və bu cəzanı qəbul edirik", - deyə məhbus bildirib.
Həbsxananın müdiri Belarmino Qarsiya bildirib ki, silahlı mühafizəçilər məhkumları daima izləyir. O, məhkumlara əsasən lobya, pendir və ya düyü-lobya qarışığı, bəzən banan və səhər yeməyi üçün bir fincan qəhvə və ya qarğıdalı əsaslı "atole" adlı içki verildiyini deyib.
"Frans 24" yazır ki, bu həbsxanada məhkumlara ət verilməsi qadağan edilib.
Qarsiya həbsxananın hüquqi prosedurlara və insan hüquqlarına ciddi riayət etdiyini iddia edərək deyib:
"Bu şəraitdə əgər məhkumlar buradan çıxarlarsa, reabilitasiya olunmayacaqlar və dövlət üçün yükə çevriləcəklər. Onlar həm fiziki, həm də psixi cəhətdən xəstə, həmçinin qəzəblə dolu halda azadlığa çıxacaqlar".
El Salvadorun ictimai təhlükəsizlik naziri Qustavo Vilyatoro bildirib ki, məhkumların əksəriyyətinin ömrünün sonuna qədər həbsdə qalma ehtimalı çox yüksəkdir:
"Biz reabilitasiyaya inanırıq, amma bu, yalnız adi cinayətkarlar üçündür".
Həbsxana, təkcə El Salvadorun deyil, bütün Latin Amerikaaının ən böyük və ən mübahisəli həbs mərkəzlərindən biri olaraq diqqət çəkməyə davam edir.
Cinayətkarların “Terrorizm Həbs Mərkəzi" ndə toplanmasından sonra Salvadorda cinayət saylarında azalma olduğuna görə Nayib Bukeleyə təriflər yağdırılsa da, bu vəziyyət hüquq təşkilatlarını narahat edir.
Məhbusların cinayətləri etiraf etməyə məcbur edilməsi, zorakılığa məruz qalmaları, eləcə də onlara vəkilləri və ailə üzvləri ilə görüşməməyə icazə verilməməsi kəskin tənqid edilir.
"Socorro Juridico Humanitario" hüquq müdafiə qrupu hesab edir ki, saxlanılanların demək olar ki, üçdə biri günahsızdır.
Suriya prezidenti Əhməd əş-Şəraa fevralın 4-də Türkiyəyə səfər edəcək.
Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Türkiyə prezidentinin administrasiyası məlumat yayıb.
Afrikanın təbii sərvətlərini əldən buraxmaq istəməyən keçmiş müstəmləkə dövlətləri hər vəchlə qitəni nəzarət altında saxlamağa çalışırlar. Mövqelərin itiriləcəyindən ehtiyat edən qüvvələr indi hər yola əl atır, hərbi əməliyyatlara belə gedirlər.
Ölkə.az "Kaspi" qəzetinə istinadən mövzuya dair məqaləsini təqdim edir.
Konqo və Ruanda rəsmilərindən qarşılıqlı ittihamlar
Məsələn, bölgənin ən narahat ölkəsi Konqo Demokratik Respublikası (KDR) ilə qonşusu Ruanda arasında gərginlik müharibə həddinə çatıb. KDR hökuməti ölkənin "müharibə vəziyyətində olduğunu" bəyan edib. Bu, "23 Mart Hərəkatı" (M23) qruplaşmasının ölkənin şərqində Şimali Kivu əyalətinin inzibati mərkəzi, təxminən 300 min əhalisi olan böyük Qoma şəhərini nəzarətə götürdüyünü elan etməsindən sonra baş verib. Qruplaşmanın şəhərə hücumundan əvvəl Konqo hərbçilərinə ultimatum verilmişdi. Onlardan 48 saat ərzində silahı yerə qoymaq tələb olunurdu. KDR hakimiyyətinin iddiasına görə, qruplaşma birbaşa Ruandadan dəstəklənir və onunla birgə bu ölkənin nizami ordusu döyüşür. Ruanda hakimiyyəti isə iddiaları rədd edir. Xatırladırlar ki, KDR-də təxminən yüz silahlı qruplaşma fəaliyyət göstərir və ölkə hakimiyyəti bir sıra rayonlarda vəziyyətə çox zəif nəzarət edə bilir.
Qərb ölkələrinin səfirliklərinə hücum
İndi hər kəs "Böyük Afrika müharibəsi"ndən danışır, prosesə bir çox dövlətin qoşula biləcəyini bəyan edir. Qeyd etdiyimiz kimi, Konqoda hakimiyyətə qarşı çıxan qüvvələrə Ruanda dəstək verir. Bu ölkəni isə Fransa özündən asılı vəziyyətə salıb. Afrikadakı digər müstəmləkələrindən qovulan Fransa indi Ruanda vasitəsilə mövqelərini bərpa etməyə çalışır. Bu məqsədlə Ruandada yerli tayfalar KDR-ə qarşı qaldırılır.
BMT Təhlükəsizlik Şurası da Konqo Demokratik Respublikasındakı vəziyyəti müzakirə etmək üçün toplantı keçirib. Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ruanda Prezidenti Pol Kaqame ilə telefon danışığında Ruanda ilə KDR arasındakı sərhəddə gərginliyin azaldılmasına nail olunmasının zəruriliyini bəyan edib.
Konqonun paytaxtı Kinşasada ABŞ səfirliyi, bir neçə diplomatik nümayəndəliyə hücum edilib. Basqınçılar Ruanda, Fransa, Belçika, Uqanda və Keniya səfirliklərini hədəfə alıblar. Paytaxtın hər yerində ölkənin şərqində döyüşən Konqo silahlı qüvvələri ilə həmrəylik aksiyaları keçirilir.
Konqo böyük qarşıdurmanın astanasında
Görünən odur ki, iyirmi il əvvəl ən qanlı silahlı münaqişənin (Böyük Afrika və ya İkinci Konqo müharibəsi kimi tanınan) mərkəzində olan KDR yenidən böyük müharibənin astanasındadır. Ölkə mərkəzi Konqo hökumətinə qarşı uğurlu döyüşlər aparan tutsi xalqının üsyançı qruplaşmalarını dəstəkləyən qonşu Ruanda ilə diplomatik əlaqələrini kəsib. İki ölkənin tezliklə birbaşa müharibə aparması ehtimalı da var. 1990-cı illərdə Ruandada yerli hutu etnik qrupunun digər etnik qrup olan tutsilərə qarşı törətdiyi soyqırımı hər kəsin yadındadır. Bu müharibə sonradan hutu və tutsi qarşıdurmasının qonşu KDR-ə yayılması və qitənin bir çox dövlətinin bu münaqişəyə cəlb olunması səbəbindən alovlandı. İndi həmin hadisələrin təkrarlanması ehtimalı var.
"Ruanda qoşunları ərazimizə daxil olub"
"Mən sizin qarşınızda dayanarkən bütün dünyanın gözü qarşısında görünməmiş bir hücum gedir. Ruanda qoşunları ərazimizə daxil olub və bu, suverenliyimizin pozulmasıdır. Bu, təcavüzdür, bu, müharibə elanıdır", - deyə KDR xarici işlər naziri Teresa Kayivamba BMT Təhlükəsizlik Şurasının iclasında deyib. Nazir vurğulayıb ki, Ruandanın hərəkətləri beynəlxalq hüquqa açıq çağırışdır və regional sabitliyə təhlükə yaradır. O, Təhlükəsizlik Şurasının üzvlərindən hərbi əməliyyatların dayandırılmasını, Ruanda qoşunlarının ölkə ərazisindən çıxarılmasını və qonşu ölkəyə qarşı sanksiyaların tətbiqini istəyib.
KDR Prezidenti Feliks Çisekedi isə ruandalı həmkarı Pol Kaqameni təbii ehtiyatlarla zəngin əyaləti ələ keçirmək məqsədi daşıyan diqqətlə hazırlanmış təcavüzdə ittiham edib. Dekabrda ABŞ-nin səyləri nəticəsində onlar arasında danışıqlar keçirilməli idi. Lakin Kaqame bundan imtina edib. Eyni zamanda, Ruanda lideri heç vaxt ölkəsinin üsyançıları dəstəklədiyini etiraf etməyib.
Fransa qarşıdurmanı qızışdırır
Qeyd edək ki, bəşər tarixinin ən böyük soyqırımlarından biri sayılan və 800 min insanın həlak olduğu 1994-cü il Ruanda soyqırımında Fransanın rolu olduğu üzə çıxıb. Ruanda soyqırımından bir qədər əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda əksini tapıb.
Bu gün - XXI əsrdə Fransa yenə də öz imperialist niyyətindən əl çəkməyib. Çünki onlar Afrika xalqlarının əlindən alınan sərvətlər hesabına ayaqda qalırlar. Ruanda və Konqo da bu sıradadır. Son hadisələrdə də Fransanın əlinin olduğu istisna deyil. Bu mənada Fransa Prezidenti Emmanuel Makronun ilin əvvəli fransız səfirlər qarşısında söylədiyi fikirləri xatırlatmaq yerinə düşərdi. Makron sözügedən görüşdə itaətsizlik nümayiş etdirən Afrika dövlətlərinin rəhbərlərini hədələmişdi. Qeyd etmişdi ki, Fransa 2013-cü ildən Afrikada terrora qarşı silahlı müdaxilə edib, amma region dövlətlərinin rəhbərləri Parisə "sağ ol" deməyi unudublar.
Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının dayandırılması ətrafında qeyri-müəyyən situasiya yaranıb. Belə ki, Tramp adminstrasiyasının öz səlahiyyətlərinin icrasına başlamasından sonra bu "savaş bataqlığı"nın ən qısa zamanda qurulacağı iddia olunurdu. Hər halda, Ağ Evin yeni sahibi Donald Tramp bu barədə hay-küylü vədlər vermişdi. Ona görə də, kollektiv Qərb daxilində bu məsələ ciddi müzakirələrə, hətta müəyyən parçalanmalara da yol açmışdı. Və üstəlik, Kremldə Rusiyanın Ukrayna savaşından daha uduşlu şərtlərlə çıxa biləcəyinə böyük ümidlər yaranmışdı.
Ancaq beynəlxalq məkanda cərəyan edən son proseslər Kremlin həmin ümidlərinin boşa çıxa biləcəyini göstərir. Hətta Ukrayna savaşının hələ bir müddət davam edə biləcəyi indi daha inandırıcı görünməyə başlayıb. Hər halda, prezident Donald Tramp Ağ Evə yerləşdikdən sonra bu barədə vədlərinə olduqca ciddi dəyişikliklər etməyə çalışır. Xüsusilə də, Ukraynanın işğal olunmuş ərazisilərinin Rusiyaya güzəştə gedilməsi ilə bağlı variant artıq demək olar ki, gündəmdən çıxarılmaq üzrədir. Və bu, Rusiya üçün ən əlverişsiz sülh şərtlərinin ön plana keçə biləcəyindən xəbər verir.
Ağ Evin yeni sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putin ilə ən qısa zamanda görüşəcəyini bəyan etsə də, indi buna o qədər də həvəsli görünmür. Halbuki, Kreml sahibi amerikalı həmkarı ilə dərhal görüşməyə hazır olduğunu artıq dəfələrlə vurğulayıb. Buna baxmayaraq, Ağ Ev sahibi birbaşa görüşdən yayınaraq, daha çox emissarlar üzərindən səhnəarxası siyasi-diplamatik təmaslara üstünlük verir. Eyni zamanda, iki prezidentin birbaşa görüşünün ən yaxşı halda, bir neçə aydan sonra reallaşa biləcəyi vurğulanır. Və bu, Ukrayna savaşının yaxın vaxtlarda sülh sazişi ilə yekunlaşmaya biləcəyini göstərir.
Bəzi ehtimallara görə, Ağ Evə yerləşdikdən sonra prezident Donald Tramp Ukrayna savaşı ətrafında yaranmış vəziyyət, eləcə də, Rusiyanın düşdüyü uğursuz durum barədə daha detallı məlumatlar almağa nail olub. Ona görə də, indi məhz həmin məlumatların əsasında qurulmuş yeni planlara görə hərəkət edir. Ağ Evin yeni sahibi Rusiyanın tezliklə daha böyük güzəştlərə məcbur qalacağına əmin görünür. Və bu baxımdan, Rusiyanın qələbəsi deyil, ağır məğlubiyyəti kimi dəyərləndirilə biləcək ciddi geri çəkilmə variantı üzrə Ukrayna savaşını dayandırmağa üstünlük verir.
Təbii ki, buna nail olarsa, prezident Donald Tramp beynəlxalq məkanda olduqca ciddi siyasi dividentlər qazana bilər. Belə ki, birincisi, kollektiv Qərb Rusiyanın ciddi şəkildə zəiflədilərək, böyük güzəştə getməsindən məmnun qalacaq. İkincisi, ABŞ həm Rusiya kimi önəmli beynəlxalq rəqibini küncə sıxışdırmış olacaq, həm Ağ Evin qlobal nüfuzunu maksimum həddə çatdıra biləcək. Və nəhayət, ABŞ-ın qlobal hegemonluq hədəfləri qarşısında Rusiya ilə yanaşı, digər rəqibləri də geri çəkilmək məcburiyyətində qalacaq.
Maraqlıdır ki, bütün bunları nəzərə aldıqda, Kremldə Ağ Evin yeni sahibinə yönəlik mövqenin sürətlə neqativə doğru dəyişməkdə olması qətiyyən təəssüf doğurmur. Çünki Ukrayna savaşı ətrafında siyasi-diplomatik proseslər artıq Rusiyanın əleyhinə çevrilmiş kimi görünür. Ancaq bununla belə, prezident Donald Trampın öz vədlərindən imtina etməsinə baxmayaraq, Kreml Ağ Evin emissarları ilə səhnəarxası təmasları davam etdirməyə məcbur durumdadır. Və bu, Rusiyanın hazırda nə qədər həm ağır, həm də sarsıdıcı mərhələdən keçməkdə olduğunu göstərir.
Belə anlaşılır ki, hazırda prezident Donald Trampı nə Rusiyanın mövqeyi, nə də Ukraynanın gələcək taleyi qətiyyən düşündürmür. Əksinə, indi Ağ Ev sahibi üçün ilk növbədə Ukrayna savaşının birmənalı şəkildə ABŞ-ın strateji maraqlarına uyğun sona çatdırılması əsas hədəfdir. Yəni, prezident Donald Tramp ABŞ-ın Ukrayna savaşında təkbaşına qalibə çevrilməsinə çalışır. Və bu, kollektiv Qərb daxilində bəzi beynəlxalq siyasi iradə mərkəzləri ilə yanaşı, Ukraynanın hakim dairələrini də narahat edir.
Bütün bunları nəzərə aldıqda, Ağ Ev sahibinin emissarlar üzərindən yürütdüyü sülh danışıqları prosesinə rəsmi Kiyevin verəcəyi əsas reaksiyanın necə olacağı da böyük maraq doğurur. Prezident Volodimir Zelenskinin son açıqlamaları həmin reaksiyanın neqativ məzmun daşıyacağına artıq indidən şübhə yeri buraxmır. Belə ki, o, Ukraynanın ABŞ və Rusiya arasında müharibə ilə bağlı aparılan danışıqlardan kənarda saxlanılmasının "çox təhlükəli" davranış olduğunu bildirib.
Maraqlıdır ki, Ukrayna lideri Ağ Ev sahibinin savaşı yekunlaşdırmaq üçün yalnız Rusiya ilə təmaslar qurmasını absurd hesab edir. Onun fikrincə, bu təmaslarda yalnız ABŞ-Rusiya münasibətlər müzakirə edilmiş olsa, hər hansı iradlar üçün səbəb qalmaz. Ancaq müzakirələr Ukrayna savaşının dayandırılması üzərində aparıldığı üçün rəsmi Kiyevin kənarda buraxılması həm məntiqsiz, həm də yolverilməzdir. Və prezident Volodimir Zelenski hesab edir ki, əgər, savaşı dayandırmaq istəyirlərsə, onda Ukrayna da mütləq danışıqlar prosesinə daxil olunmalıdır.
Ukrayna lideri əmindir ki, Rusiya prezidenti Vladimir Putinin savaşın dayandırılması üçün daha detallı danışıqlara başlamaq və ya güzəştlərə getmək kimi niyyəti yoxdur. Onun fikrincə, Ağ Evin yeni sahibi Donald Tramp Rusiya prezidenti Vladimir Putini danışıqlar masası arxasına tələsməyə məcbur edə bilər. Ancaq buna nail olmaq üçün ABŞ ilk növbədə həm Ukrayna ordusuna dəstəyi davam etdirərək artırmalıdır, həm də Rusiyanın enerji və bank sisteminə daha ağır sanksiyalar tətbiq etməlidir. Və prezident Volodimir Zelenski Ağ Ev sahibini rusiyalı həmkarı ilə səhnəarxası danışıqlar aparmaq əvəzinə məhz belə həlledici səviyyədə təsirli addımlar atmağa çağırıb.
Göründüyü kimi, Ukrayna savaşının nə vaxt sona çatacağı hələlik qeyri-müəyyən xarakter daşıyır. Üstəlik, yaxın vaxtlarda sülh danışıqlarının başlanma ehtimalı da qətiyyən inandırıcı görünmür. Çünki hazırda ABŞ və Rusiya arasında səhnə arxası "siyasi bazarlıq" davam edir. Ona görə də, Ukraynanın gələcək taleyini həll edə biləcək bu prosesdə rəsmi Kiyevə masa arxasında ehtiyac duyulmayıb. Və bu, onu göstərir ki, savaşı yalnız öz xeyrinə yekunlaşdırmaq niyyətində olan ABŞ üçün Ukrayna hazırda sadəcə, "siyasi bazarlıq" predmeti rolunu oynayır.
ABŞ-də daha bir təyyarə qəzaya uğrayıb.
Xarici KİV xəbər verir ki, hadisə Filadelfiya şəhərində baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimal-Şərqi Filadelfiya Hava Limanından saat 18:06-da havaya qalxan və Missuri ştatının Sprinqfild-Branson Milli Hava Limanına doğru hərəkət edən "Learjet 55" təyyarəsi havaya qalxdıqdan təxminən 30 saniyə sonra 487 metr yüksəklikdə radarlardan itib.
Təyyarənin yaşayış məntəqəsinə çırpılmasından sonra ərazidə yanğınlar başlayıb, hadisə yerinə axtarış-xilasetmə qrupları cəlb olunub.
Məlumata görə, qəza zamanı təyyarədə 6 nəfər olub. Hələlik rəsmi məlumat olmasa da, hadisə nəticəsində çox sayda ölən və yaralananların olduğu bildirilir.
Əyalət polisi qəza baş verən ərazidə vətəndaşları təxliyə edib və onlara əraziyə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.
Qəzaya uğrayan təyyarənin təcili yardım təyyarəsi olduğu və xəstə uşaq daşıdığı da məlumatlar arasındadır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-də “American Airlines” sərnişin təyyarəsi ilə “Black Hawk” hərbi helikopteri toqquşub. Hava gəmisinin göyərtəsində 64 nəfər olub, onlardan dördü ekipaj üzvüdür. Helikopterdə isə 3 hərbçinin olduğu məlumdur. ABŞ Prezidenti Donald Tramp qəza nəticəsində sağ qalanların olmadığını açıqlayıb.
“Google Maps” xidmətində ABŞ-dan olan istifadəçilər xəritədə Meksika körfəzi əvəzinə “Amerika körfəzi”, Denali dağı əvəzinə isə “Mak-Kinli dağı” coğrafi adlarına rast gələcəklər. Bu yenilik ABŞ Prezidenti Donald Trampın müvafiq fərmanı qüvvəyə mindikdən sonra tətbiq ediləcək.
Publika.az xəbər verir ki, bu barədə “Google” şirkətindən məlumat verilib.
Bildirilib ki, şirkət rəsmi dövlət mənbələrinə daxil edildikdən sonra yeni adlardan istifadə etməklə bağlı mövcud təcrübəyə sadiq qalacaq. İndiki halda söhbət coğrafi adların məlumat sistemindən (GNIS) gedir.
“Baş verəndən sonra biz tez bir zamanda ABŞ-dakı “Google Maps” xidmətini yeniləyəcəyik ki, Mak-Kinli dağı və Amerika körfəzi xəritədə görünsün”, - deyə şirkətin məlumatında qeyd olunub.
Eyni zamanda, “Google” şirkətinin bəyanatında vurğulanıb ki, Meksikadan olan istifadəçilər xəritədə ölkələrində qəbul edilmiş körfəzin əvvəlki adını görəcəklər. Çünki rəsmi adlar ölkələrə görə dəyişəndə digər dövlətlərin istifadəçiləri hər iki adı görürlər. Obyektlərin adlarının hansı ardıcıllıqla göstəriləcəyi ilə bağlı “Google” dəqiq məlumat verməyib.
"Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması və pislənməsi Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır.
Bunu Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Arsen Torosyan deyib.
“Bu, müxtəlif dövlətlərin vəzifəsidir. Amma "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması və pislənməsi, Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır. Türkiyənin "erməni soyqırımı"nı tanıyacağı və ya təzminatlara razı olacağı kimi bu boş ümidlərlə, real olmayan xəyallarla nə qədər yaşaya bilərik? Əgər buna görə Ermənistanda yaşayırıqsa, məni bağışlayın, razı deyiləm. Əsas vəzifəmiz vətəndaşların rifahını, təhlükəsizliyini və bütün digər atributlarını təmin etməkdən başqa heç nə olmamalıdır. Əgər biz Ermənistanın qarşısına başqa məqsədlər qoysaq, o zaman qeyd etdiyim o mühüm keyfiyyətləri şübhə altına alacağıq”, - Torosyan deyib.
Suriya keçid hökumətinin prezidenti Əhməd Şara xalqa ilk müraciətini edərək ölkənin gələcəyi ilə bağlı mesajlar verib. Bununla yanaşı, Əhməd Şəranın ilk xarici rəsmi səfər edəcəyi ölkələr də bəlli olub.
Alınan məlumata görə, Əhməd Şara ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcək. Növbəti səfəri isə Türkiyə olacaq. Əhməd Şara Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ən mühüm gündəm mövzusu terror təşkilatı PKK/YPG-nin Suriyada varlığı olacaq.
Onu da qeyd edək ki, Şaranın ötən həftə planlaşdırılan səfəri bəzi texniki səbəblərə görə təxirə salınıb. Şaranın yaxın iki həftə ərzində Türkiyəyə gedəcəyi gözlənilir.
İndiyə qədər Şimali Amerika və Avropanı ayrı qitələr kimi qəbul edirdik. Lakin yeni araşdırmalar bu məsələyə fərqli yanaşma gətirir. Okeanların altında düşündüyümüzdən daha mürəkkəb geoloji strukturlar olduğu ortaya çıxıb.
Yeni geoloji kəşflər və qitələrin sərhədləri
Earth.com xəbər verir ki, alimlər Qrenlandiyadan İslandiyaya və oradan Farer adalarına qədər uzanan gizli bir quru sahəsinin izlərini tapmış ola bilərlər. Bu isə qitələrin və tektonik plitələrin hələ də dəyişməkdə olduğunu göstərir.
Derbi Universitetindən Dr. Cordan Petean bu tədqiqatın aparıcı alimlərindən biridir. İsveçrə, İtaliya və ABŞ-dan olan tədqiqatçılarla birlikdə çalışan Petean İslandiyanın vulkanik təbəqələrinin altında nələrin gizləndiyini araşdırıb.
Alimlərin hesablamalarına görə, Şimali Amerika və Avrasiya plitələri düşündüyümüz kimi tam ayrılmayıb. Daha əvvəl bu ayrılmanın 52 milyon il əvvəl tamamlandığı güman edilirdi. Lakin yeni məlumatlar bu prosesin hələ də davam etdiyini göstərir.
Dr. Petean bildirir ki, qitələrin təkamülü ilə bağlı mövcud nəzəriyyələr dəyişə bilər: "Bu plitələr hələ də hərəkətdədir və parçalanmağa davam edir".
İslandiya və Afrika arasındakı oxşarlıqlar
Araşdırmalar göstərir ki, İslandiyadakı geoloji proseslər Afrika qitəsindəki Rift Vadisi ilə oxşarlıq təşkil edir. Alimlər "Yarılmış Okean Maqmatik Platosu" (ROMP - Rifted Oceanic Magmatic Plateau) adlı yeni bir termin də təqdim ediblər. Bu anlayış, okean dibi təbəqələrinin və plitələrin necə formalaşdığını anlamağımıza kömək edə bilər.
Bəzi tədqiqatçılar hesab edirlər ki, İslandiyanın altında qədim qitə qabığı parçaları mövcud ola bilər. Bu isə bölgənin geoloji tarixini daha da mürəkkəbləşdirir. Dr. Petean bu kəşfləri "Atlantidanı tapmağa" bənzədib.
Yeni "mikro-qitə" kəşfi
Maraqlı bir başqa kəşf isə Kanada ilə Qrenlandiya arasındakı Davis boğazında yerləşən təxminən 400 km uzunluğunda bir mikro-qitədir.
Bu bölgənin 60 milyon il əvvəl formalaşdığı və plitə hərəkətlərinin kiçik quru parçalarının necə meydana gəldiyini anlamağımıza kömək edə biləcəyi bildirilib. Alimlər bu mikro-qitəni peyk məlumatları və seysmik metodlarla müəyyən ediblər.
Bu kəşflər niyə vacibdir?
Bu araşdırmalar sadəcə nəzəri elmi müzakirələr deyil. Plitə hərəkətlərinin və gizli quru parçalarının öyrənilməsi, bir sıra real problemlərin həllinə kömək edə bilər:
Təbii ehtiyatların kəşfi - Yeni qitə strukturlarının aşkarlanması, yeraltı sərvətlərin və enerji mənbələrinin xəritələnməsinə yardım edə bilər.
Zəlzələ və vulkan təhlükəsinin qiymətləndirilməsi - Plitə hərəkətləri daha yaxşı anlaşılsa, təbii fəlakətlərin proqnozlaşdırılması mümkün ola bilər.
Təmiz enerji mənbələrinin inkişafı - Məsələn, İslandiya geotermal enerjinin liderlərindən biridir. Yeni geoloji biliklər başqa bölgələrdə də alternativ enerji mənbələrinin istifadəsinə imkan aça bilər.
Bu araşdırmalar yer qabığının hələ də formalaşmaqda olduğunu və qitələrin sərhədlərinin zamanla dəyişə biləcəyini sübut edir. Beləliklə, gələcəkdə 7 qitə modeli yenidən nəzərdən keçirilə bilər və bəzi bölgələr fərqli qitə statusu ala bilər. / Qaynarinfo