"The Coca-Cola Company"nin 6 ölkədəki məhsulları bazardan yığışdırıldı - Səbəb

Qida nəhəngi "The Coca-Cola Company"nin məhsulları Belçika, Böyük Britaniya, Lüksemburq, Hollandiya, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırılıb.

Bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Məhsullar "The Coca-Cola Company"nin törəmə şirkəti olan "Coca-Cola Europacific Partners Belgium" tərəfindən geri çağırılıb. Buna səbəb kimi isə məhsullarda xloratların miqdarının artması göstərilib.

"Bizim dəqiq rəqəmlərimiz yoxdur, amma aydındır ki, əhəmiyyətli bir rəqəmdən danışırıq" - deyə elanda bildirilib.

Geri çağırılan məhsullar 2024-cü ilin noyabrın sonundan dövriyyədə olan "Coca-Cola", "Sprite", "Fanta", "Fuze Tea", "Minute Maid", "Nalu", "Royal Bliss" və "Tropico" brendlərinə aiddir.

Şirkət bildirib ki, problem içkilərinin keyfiyyətinin yoxlanılması zamanı aşkarlanıb.

Agentlik qeyd edir ki, standartlara cavab verməyən məhsulların əksəriyyəti artıq dövriyyədən çıxarılıb və ya bazara buraxılmayıb.

Tramp tezliklə Netanyahu ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşünün planlaşdırıldığını təsdiqləyib.

Trampın sözlərinə görə, Netanyahu yaxın bir zamanda Vaşinqtona səfər edəcək.

İsrail hakimiyyəti hələlik bu məlumatı şərh etməyib. Netanyahunun ABŞ-yə sonuncu dəfə səfəri 2024-cü ilin iyulunda baş tutub.

İsrailin "Walla" portalı baş nazir Netanyahunun 3-5 fevralda Vaşinqtona səfər edəcəyi barədə məlumat yazıb.

Azərbaycanı təhqir edən imam vəzifədən çıxarıldı

Azərbaycan əleyhinə çıxışlar edən Qəzvinin cümə imamı vəzifəsindən uzaqlaşdırılıb.

Bu yaxınlarda Azərbaycana və ölkə rəhbərliyinə qarşı utanmazcasına aşağılayıcı ifadələr işlədən İran rəhbərinin Qəzvin əyalətindəki nümayəndəsi, Qəzvin şəhərinin cümə imamı Əbdülkərim Abedini vəzifəsindən kənarlaşdırılıb. Ancaq İranın hökumət saytları bunu "öz istəyi ilə istefa verib" kimi qələmə veriblər.

Hökumət mediasının xəbərinə görə, bu barədə hökumət mollası istefa verməsi ilə bağlı çıxış edib. O, çıxışında 10 ilə yaxındır ki, cümə imamı kimi fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı müvəqqəti işlər vəkilinə Qəzvinin cümə imamı da daxil olmaqla bir sıra hökumət mollalarının anti-Azərbaycan fəaliyyətlərinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.

Ərdoğan erməni katolikosla görüşdü

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun erməni katolik icmasının rəhbəri Vardan Kazancyanı qəbul edib.

Bu barədə Türkiyə Prezident Administrasiyasının mətbuat mətbuat xidməti məlumat yayıb.

Görüşün təfərrüatları barədə məlumat verilmir.

Ayşe Barım həbs olundu, məşhur aktyorlar barədə araşdırma başladıldı

Son günlər adı qalmaqallarda hallanan, Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barım həbs olunub.

"Anadolu" agentliyi xəbər verir ki, buna səbəb kimi isə onun Türkiyədə 2013-cü ildə baş verən “Gəzi Parkı” hadisələrini planlayanlardan biri olması göstərilir.

O, “Türkiyə Cümhuriyyəti hökumətini devirməyə cəhdlərə köməklik göstərmək və vəzifələrin yerinə yetirilməsinə mane olmaq” ittihamı ilə hakim qarşısına çıxarılıb və barəsində qərar verilib.

A.Barım prokurorluqdakı ifadəsində 2002-ci ildə menecerlik şirkəti yaratdığını və aylıq gəlirinin 300 min lirə olduğunu bildirib.
O, "Gəzi parkı" hadisələrinin əvvələində 2013-cü ilin mayında ona heç kimin zəng etmədiyini deyib. Menecer "Muhteşem Yüzyıl" serialında birgə rol alan bəzi aktyorlarla "Gəzi parkı" hadisələri başlayan zaman ora getdiklərini deyib.

"Tam xatırlamıram, onlardan birinin zəng edərək çəkilişdən çıxıb Gəzi parkına gedəcəyini, "uşaqlar neyləyir baxmaq istəyirik" dediyini xatırlayıram. Mən də özüm tək getdim, aktyorları müşayiət etmək üçün onlarla görüşdüm", - deyə söyləyib.

O, Gəzi Parkı etirazlarında rol oynayan birləşmələrlə heç bir əlaqəsinin olmadığını iddia edib.

Menecer “Gəzi Parkı” hadisələrində şübhəli bilinən Mehmet Osman Kavala və Memet Ali Alabora ilə sıx əlaqə olması ilə bağlı deyilənləri də təkzib edib.

Sözügedən hadisələrlə əlaqədar məşhur aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu barəsində də yalançı şahidlik ittihiamı ilə araşdırmalara başlanılıb.

Qeyd edək ki, məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.
Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.
Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib.

Qərb dalana dirəndi: Ukrayna alver predmeti oldu - DETALLAR

Rusiya-Ukrayna müharibəsi dönüş mərhələsinə yaxınlaşır. Münaqişədə Kiyev və Moskva da daxil olmaqla Qərb də tez bir zamanda müharibənin aktiv fazasının dayandırılmasında maraqlıdır. Qərblə yanaşı, Kiyev də bir daha anladı ki, nə qədər dəstək verilsə də, Ukrayna təkbaşına Rusiya hərb maşınının qarşısında dayanması qeyri-mümkündür. Ukraynaya daha ciddi hərbi dəstəyin verilməsi isə müharibənin Avropa coğrafiyasında genişlənməsinə, ehtimal olunan Üçüncü Dünya müharibəsinin başlanmasına və bu hərbi qarşıdurma zamanı Rusiyanın çətin vəziyyətlə üzləşəcəyi təqdirdə nüvə silahlarından da istifadə edəcəyinə səbəb olacağını istisna etmir. Yəni Qərb və Kiyev bir daha anladı ki, bu yolla Rusiyanı məğlub etmək Ukraynanın ərazi bütövlüyünü təmin edərək parçalamaqdan xilas etmək qeyri-mümkündür. Ukraynanın ərazi bütövlüyünün təmin olunması indiki mərhələdə yalnız NATO-Rusiya açıq şəkildə hərbi qarşıdurmasından keçə bilər ki, bu da həddindən artıq təhlükəli ssenaridir. Bu qarşıdurmanın dünya üçün hansı fəlakətlərə, faciələrə yol açacağını kimsə proqnozlaşdıra bilməz.

Digər mühüm bir məqam isə ondan ibarətdir ki, müharibənin aktiv fazasının davam etməsi təkcə Rusiyada deyil, Qərb iqtisadiyyatını çökdürməklə yanaşı, Avropda ciddi siyasi böhranlara, Qərb ölkələrində fikir ayrılıqlarına və digər kataklizmlərə yol açır.

Bütün bu və digər amillər Qərbi Kiyev-Moskva atəşkəsinin əldə olunması üçün çalışmasına diktə edir.

Ən azından Qərbin özünü yenidən toparlaması üçün atəşkəsə ciddi ehtiyacı var və bunu da açıq şəkildə Moskvanın diqqətinə çatdırır.

Bu atəşkəs Moskvaya da bu atəşkəs hava-su kimi lazımdır. Amma Moskva atəşkəsi tamam fərqli formada düşünür.

Qərbin atəşkəs planı

ABŞ-nin yeni prezidenti Donald Trampın fəaliyyətə başladığı ilk gündən Moskvaya təhdid dolu bəyanatları, Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsini müzakirə etməsi, Kiyevin atəşkəslə bağlı səsləndirdiyi fikirlər, əslində, bu məqsədə xidmət edir.

Lakin burada əsas ciddi məsələ müharibənin aktiv fazasının dayandırılıb atəşkəsin əldə olunması, məsələnin danışıqlar masasında davam etdirilməsi ilə bağlı mexanizmin tətbiqi ilə bağlıdır. Çünki ilk növbədə atəşkəsin əldə olunmasında nəinki Qərblə Kiyev arasında, o cümlədən Qərb ölkələri arasında fərqli fikirlər və baxışlar mövcuddur.

Qərb və Kiyev bu məsələdə vahid mövqe formalaşdırıb Kremli buna vadar etmək mexanizmi mövcud deyil. Müharibənin aktiv fazada davam etməsi isə Kiyevlə Qərbi daha da çıxılmaz dalana sürükləyir.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov da bildirib ki, müharibənin uzanması ciddi problemlərə yol aça bilər. "Ukrainskaya pravda"nın yazdığına görə, Budanov ölkə parlamentində qapalı toplantıda çıxışı zamanı deyib ki, yayadək ciddi danışıqlar aparılmasa, Ukraynanın mövcudluğu üçün çox təhlükəli proseslər başlaya bilər.

Mövcud vəziyyətdə atəşkəsdən başqa alternativi qalmayan Kiyev Qərbdən gələcəkdə Rusiyanın yenidən eskalasiya yaratmayacağına zəmanət istəməsidir.

Burada onu da qeyd etmək yerinə düşər ki, Donald Trampın ABŞ-də prezident seçilməsindən sonra Kiyevin son dövrlərdə Qərbi Rusiya-Ukrayna məsələsində təhdid, şantaj siyasətindən geri çəkildiyi açıq hiss olunur.

Amma bununla belə, Kiyev etibarlı atəşkəsin ancaq təmas xəttinə NATO sülhməramlısının yerləşdirilməsi nəticəsində mümkün ola biləciyini bəyan edir və bu məsələdə israrlıdır. Kiyev etibarlı zəmanət üçün NATO-nun 200 minədək hərbçisinin təmas xəttinə yerləşdirilməsini istəyir.

Bundan əlavə olaraq, Kiyev Ukraynın yenidən bərpasına lazım olan maliyyə vəsaitini, ordusunun yenidən tam və ən müasir NATO silahları ilə təchiz olunmasını, ölkənin NATO və Avropa İttifaqına sıx inteqrasiyasını tələb edir.

Qərb isə Kiyevin bu təkliflərini həyata keçirməkdə həm çətinlik çəkir, həm də Kiyevin Qərb strukturlarına inteqrasiyası məsələsində Moskvadan çəkinir.

Qərb yaxşı anlayır ki, Kiyevin bu şərtlərini qəbul etmək Kremlin əks-reaksiyasına səbəb olacaq və bu səbəbdən də danışıqlar masasına əyləşməyəcək.

Moskvanın atəşkəs planı

Moskva da Qərbin Ukrayna məsələsində vahid və konkret mövqeyinin olmadığını və son vaxtlarda Kiyevə dəstək vermədiyini gördüyündən yaranmış fürsətdən maksimum faydalanır. Bu ilk növbədə özünü hərbi əməliyyatların getdiyi ərazilərdə göstərir. Rusiya ordusu demək olar ki, Ukraynada Luqansk, Donetsk vilayətlərini tam nəzarətə keçirib. Mariupol, Zaporojye, Xerson, Xarkov kimi ərazilərdə mövqe möhkəmləndirməsi istqamətində əməliyyatlarını davam etdirir. Bir sözlə, Qərbin sanksiya və təzyiqlərinə baxmayaraq Moskva Ukraynanın şərq hissəsində hər ötən gün yeni-yeni yaşayış məntəqlərini nəzarətə götürməklə danışıqlar masasındakı əlini gücləndirir.

NATO baş katibinin sabiq köməkçisi, ABŞ müdafiə nazirinin sabiq müavini Vitali Qarber bu yaxınlarda belə bir fikir səsləndirib:

"Rusiya Ukraynada işğal etdiyi əraziləri qaytarmasa, Kreml ərazilərlə birlikdə 26 trilyon dollardan çox olan faydalı qazıntılar əldə edəcək. Odur ki, bu müharibə son nəticədə Rusiya üçün öz bəhrəsini verə bilər.

Əgər biz sülh naminə açıq təcavüzü mükafatlandırsaq, bu gələcəkdə bizə qan və xəzinə bahasına başa gələcək”.

Odur ki, Qərb dilemma qarşısında qalıb. Sanksiyalar təsir etmir, müharibəni davam etdirmək Avropanın özünü çökdürür. Daha ciddi hərbi dəstək isə müharibə coğrafiyasını genişləndirib daha ciddi fəlakətlərə yol aça bilər.

Qərbin Moskvanı atəşkəsə məcbur etməyin yollarından biri Çini bu prosesə cəlb edib beynəlxalq təzyiqi daha da sərtləşdirməklə mümkün ola bilər.

Qərb, başda ABŞ olmaqla davamlı olaraq Çinə belə mesajlar verir. ABŞ-nin yeni prezidenti Donlad Tramp Kremlin ünvanına sərt bəyanatlar səsləndirməklə yanaşı, Çinə Rusiyanın işğlaçılıq siyasətindən geri çəkilməsində yardımçı olmaq mesajını verib.

Tramp Putinlə bu məsələnin həllində tez bir zamanda Putinlə görüşmək niyyətini ortaya qoyub, amma Kreml hələlik diplomatiya oyunu oynamaqla prosesi uzadır. Yəqin ki, Kreml Ağ Evlə görüşün baş tutması istiqamətində diplomatik kanallarla aparılan müzakirələrdə Rusiya tərəfinin ən vacib şərtlərinin hansısa formada qəbul ediləcəyi təqdirdə baş tutmasına çalışır. Moskva son günlərdə hərbi əməliyyatları aktivləşdirib daha çox Ukrayna ərazisini işğal etməklə buna nail olmaq istəyir.

Qərbin Ankara planı: Paşinyan gedəcək və... - Zakaryan

Moskva ilə münasibətləri kəsmək və Qərblə müttəfiqliyə ümid bəsləmək yolunda Nikol (Paşinyan) Ermənistanı növbəti məğlubiyyətə aparır.

Bunu erməni siyasətçi Artak Zakaryan deyib.

Zakaryan hesab edir ki, hakimiyyəti saxlamaq üçün öz biabırçı cəhdlərində Ermənistanı qurban verməkdə davam edir və nəticədə ölkəni heç nə ilə tərk edəcək.

Onun fikrincə, Ukrayna münaqişəsi, Suriyada hakimiyyət dəyişikliyi nəticəsində yaranan proseslər Cənubi Qafqazın geosiyasi əhəmiyyətini bir daha nümayiş etdirir və dünya oyunçularının burada hansı strateji addımlar atdığını açıq şəkildə ortaya qoyub.

"Nikolun avantürist “siyasəti” Ermənistanın xarici və daxili siyasi sabitliyini daha böyük təhlükə altında qoyur. Gürcüstanda baş verən hadisələr ölkədə ciddi siyasi parçalanmaya yol açdı. Ermənistanda da oxşar ssenarinin təkrarlanması ehtimalı var. Son nəticədə İrəvanın Aİ-yə daxil olmaq qərarı həm də Qərblə Rusiya arasında hakimiyyət mübarizəsinin nəticəsi kimi qiymətləndirilə bilər. Hesab edirik ki, Aİ ilə inteqrasiyanın başlaması Ermənistana Qərb və Rusiya tərəfindən təzyiqlərin artmasına gətirib çıxaracaq və onu öz mövqeyini aydınlaşdırmağa məcbur edəcək.

Yaxın günlərdə Rusiya və Qərbin bu qərara cavab olaraq hansı əməli addımlar atacağı bəlli olacaq.

Türkiyənin Afrika, Orta Asiya və Qafqazda artan təsirini nəzərə alsaq - Qarabağın azad edilməsi, Suriyada baş verən hadisələr, Rusiyanın sıxışdırılması və İrana artan təzyiqlər - əminliklə demək olar ki, Qərb Ermənistanın NATO-dakı müttəfiqi Ankaranın tam təsiri altına düşməsi üçün hər şeyi edir. Bunu Nikolun təkcə xarici deyil, həm də daxili siyasəti sübut edir”.

İsrail qərar verdi: Ordu geri çəkilir

Fələstinlə əldə olunan atəşkəs razılşamasına əsasən İsrail ordusunu bu gün səhər saatlarından etibarən Qəzza zolağından geri çəkməyə başlayıb.

Bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adraee məlumat verib.

Onun sözlərinə görə, bundan sonra Qəzza zolağının sakinləri cənubdan şimala keçə biləcəklər.

O eyni zamanda əlavə edib ki, avtomobillərdə silah daşınması pozuntu sayılacaq.

Adraee əlavə edib ki, İsrail əsgərlərinin yerləşdiyi nöqtələrdən uzaq durmaq lazımdır və İsrail ordusu bufer zonaya doğru geri çəkiləcək.

Tramp bunu edərsə, ABŞ çökəcək - Bloomberg

ABŞ prezidenti Donald Tramp bütün qeyri-qanuni mühacirləri qovarsa, ucuz miqrant işçi qüvvəsi olmayan Amerika iqtisadi böhran və inflyasiya ilə üzləşir. Bu da nəticədə ABŞ iqtisadiyyatının çöküşünə səbəb olacaq.

Bu barədə "Bloomberg" yazır.

Nəşrin yazdığına görə, Tramp qanunsuz miqrantları deportasiya etməklə bağlı vədinə əməl edərsə, ABŞ iqtisadiyyatı 8% azalacaq.

Miqrantların çıxarılması eyni zamanda Amerikanın böyüməsinə və mənfəətinə dağıdıcı təsir göstərəcək.

Tramp Mərkəzi Amerikanı cəzalarla əzir: yeni və heyrətamiz sanksiyalar

ABŞ prezidenti Donald Tramp Kolumbiyanın deportasiya edilmiş miqrantları qəbul etməkdən imtina etməsi səbəbilə bu ölkəyə qarşı yeni sanksiyalar tətbiq edildiyini açıqlayıb.

Trampın bəyanatına görə, Kolumbiyadan idxal olunan bütün məhsullara 25%-lik rüsum tətbiq ediləcək.

Bununla yanaşı, Tramp Kolumbiya vətəndaşlarının ABŞ sərhədlərində daha ciddi yoxlamalara məruz qalacağını bildirib. O, həmçinin Kolumbiya hökumət nümayəndələrinin ABŞ-a girişinə qadağa qoyulduğunu elan edib və idxal rüsumlarının bir həftə ərzində 50%-ə qədər artırılacağı ilə hədələyib.

Bu sanksiyalar ABŞ-Kolumbiya münasibətlərində gərginliyin artmasına səbəb olub və geniş beynəlxalq reaksiyalara yol açıb. Ekspertlər, sanksiyaların hər iki ölkə arasında iqtisadi və siyasi əlaqələrə ciddi təsir göstərə biləcəyini qeyd edir.

Xəbər lenti