![]() |
|
Türkiyə Hava Yolları (THY) 13 ildən sonra Suriyaya uçuşları bərpa edib.
“Qafqazinfo” Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu gün İstanbul Hava Limanından göyərtəsində 349 sərnişinin olduğu “TK 846” təyyarəsi Dəməşqə yola düşüb.
Bildirilib ki, həftədə 3 dəfə İstanbul Hava Limanından Dəməşq Beynəlxalq Hava Limanına birbaşa uçuşlar həyata keçiriləcək. Eyni günlərdə Dəməşq aeroportundan İstanbula dönüş reysləri olacaq.
Qeyd edək ki, THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.
Xatırladaq ki, bu ilin noyabrın 27-də Suriyada şiddətlənən qarşıdurmalardan sonra Bəşər Əsəd Hələb, İdlib, Həmadan və bir çox bölgələrdə nəzarəti itirib. Paytaxt Dəməşqdə xalqın küçələrə çıxması ilə isə rejim qüvvələri dövlət qurumlarından və küçələrdən çəkilməyə başlayıb, hakimiyyətə qarşı çıxan qruplar isə şəhər mərkəzində nəzarəti gücləndirib. Bununla da 61 illik BƏƏS rejimi devrilib.
Danimarkanın Avropa Parlamentinə üzv olan deputatı Anders Vistisen Qrenlandiyanı ölkəsinə qatmaq istəyən ABŞ prezidenti Donald Trampın ünvanına səsləndirdiyi ifadələr parlament tərəfindən sərt reaksiya qarşılanıb.
Fransanın Strasburq şəhərində keçirilən Avropa Parlamentinin Baş Assambleyasının iclasında çıxış edən Vistisen parlament tribunasından Qrenlandiyaya iddiasına görə Trampı lənətləyib.
"Hörmətli prezident Tramp, lütfən, diqqətlə dinləyin. Qrenlandiya 800 ildir, Danimarka Krallığının tərkibindədir. Bu, ölkəmizin ayrılmaz hissəsidir. Satılmır. İcazə verin, bunu başa düşə biləcəyiniz şəkildə ifadə edim. Hörmətli Tramp, rədd olun.... gedin", - danimarkalı deputat deyib.
Avropa Parlamentinin sədr müavini Nikolae Stefanuta bu çıxışa etiraz edərək parlamentdə Trampa qarşı belə ifadələr işlətməsinin qəbuledilməz olduğunu bildirib. O əlavə edib ki, belə ifadələr işlədilməsinin nəticələri olacaq. "Demokratiya parlamentində belə bir şey qəbuledilməzdir. Cənab Tramp haqqında nə düşünürük, düşünək, amma belə bir dildən istifadə etmək mümkün deyil", - Stefanuta bildirib.
Vistisen daha sonra sosial mediada yayımladığı açıqlamasında Avropa Parlamentində Tramp haqqında işlətdiyi ifadələrə görə cərimə olunacağı ilə hədələndiyini bildirib. "Tramp haqqında həqiqəti ifadə edəndə cəza ilə üzləşirsiniz", - danimarkalı deputat yazıb.
“2025-ci ilin dünya üçün sakit il olmayacağı aydındır. Regional və qlobal oyunçular üçün sağlam düşüncə və dözümlülüyün nə qədər kifayət edəcəyindən çox şey asılıdır”.
Bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
Narışkin əlavə edib ki, indi birqütblü, köhnəlmiş dünya nizamından yeni, ədalətli dünya nizamına keçid prosesinin şahid oluruq. "Və bu prosesin, əlbəttə ki, öz riskləri var, çox çətindir", - Narışkin qeyd edib.
ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Uitkoff Qəzza zolağında atəşkəsdən sonra təhlükəsizliyin necə təmin edilməsini yerində araşdıracaq.
Bu barədə Uitkoff "Fox News" müsahibəsində məlumat verib.
O bildirib ki, razılaşmanın ilkin altı həftəlik mərhələsindən ikinci mərhələyə keçidi təmin etməyə diqqət yetirəcək.
“Mən, əslində, İsrailə gedəcəyəm. Mən Netzarim, həm də Filadelfiya dəhlizində təftiş qrupunun tərkibində olacağam. Burada işim insanların təhlükəsiz olduğuna, içəri girənlərin silahlı olmadığına və heç kimin pis niyyətinin olmadığına əmin olmaqdır”, - Uitkoff bildirib.
Qeyd edək ki, İsraillə HƏMAS arasında əldə olunan atəşkəs razılığı yanvarın 19-dan qüvvəyə minib.
ABŞ prezidenti Donald Tramp Yəməndə husilər kimi tanınan İran dəstəkli "Ənsarallah" təşkilatını yenidən terror təşkilatları siyahısına salıb.
O, İranın müxtəlif vasitələrlə Yaxın Şərqdə terror fəaliyyətləri yaydığını və Yəməndə husilər kimi tanınan "Ənsarallah"ı bu məqsədlər üçün istifadə edildiyini, xüsusən də Qırmızı dənizdəki gəmilərə etdiyi hücumları əsas gətirərək bu qərarı verib.
Tramp açıqlamasında 2021-ci ildə səlahiyyət müddətinin son günlərində husiləri terror təşkilatı siyahısına əlavə etdiyini, lakin Baydenin hakimiyyətə gəldikdən bir neçə ay sonra husiləri siyahıdan çıxardığını qeyd edib.
Trampın fərmanına əsasən, ABŞ Dövlət Departamenti 30 gün ərzində husiləri yenidən terror təşkilatları siyahısına rəsmən əlavə edəcək.
Onu da qeyd edək ki, ABŞ-nin keçmiş dövlət katibi Antoni Blinken "Ənsarullah" təşkilatının 16 fevral 2021-ci il tarixindən etibarən xarici terror təşkilatları siyahısından çıxardıqlarını açıqlayıb.
"ABŞ-nin yeni rəhbərliyi ilə Rusiya arasında hansısa formada razılığın əldə olunması barədə nəsə demək çətindir. Bununla belə, Ağ Evin əvvəlki sahibi Co Baydenin hər mənada ümid vermədiyi ilə müqayisədə bu gün çox az şey var".
Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Trampın hakimiyyəti dövründə ABŞ-Rusiya münasibətlərini dəyərləndirərkən deyib.
Ryabkov əlavə edib ki, ABŞ ilə münasibətlərin necə bərpa edilməsi imkanı və risklərin azaldılmasını anlamaq vacibdir.
Putin-Tramp görüşünə gəldikdə Ryabkov deyib ki, bu istiqamətdə hazırlıqlar davam edir: "Vaşinqtondan görüşlə bağlı daha aydın mövqe olandan sonra görüş tarixini müzakirə etməyə başlayacağıq".
Los-Ancelesin şimalında yeni meşə yanğınları başlayıb.
Yanğın yanvarın 22-də səhər saatlarından başlayıb. Bir neçə saat ərzində yanğın 39 kv. km. ərazini əhatə edib.
Yanğının yayılma təhlükəsi ilə əlaqədar hakimiyyət orqanları Kastaik gölünün ətrafındakı ərazilərində yaşayan 50 insanın məcburi təxliyəsini elan edib.
Milli Meteoroloji Xidmətin məlumatına görə, güclü külək alovun yayılmasına kömək edir. Yanğın əhalinin sıx məskunlaşdığı əraziləri təhdid edir.
Qeyd edək ki, yanvarın 7-də Los-Anceles dairəsində başlayan meşə yanğınları ştat tarixinin ən böyük yanğınları hesab olunur. Həmin yanğınlar nəticəsində ən azı 25 nəfər ölüb.
Tramp administrasiyasının qərarından sonra Gürcüstanda “Xarici təsirin şəffaflığı haqqında” qanun aktuallığını itirə bilər.
Teleqraf.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradze brifinqdə bildirib.
Onun sözlərinə görə, bu qanuna Gürcüstanda ehtiyac olmaya bilər.
“Xarici təsirin şəffaflığı haqqında” qanun mütləq idi. Trampın ilk qərarlarından biri bunu təsdiqlədi”, - M.Mdinaradze qeyd edib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın imzaladığı ilk fərmanlardan biri digər ölkələrə bütün yardım proqramlarının 90 gün müddətinə dayandırılması haqqında olub.
Gürcüstanda etirazlara səbəb olan, Avropa İttifaqı və ABŞ-nin tənqid etdiyi sözügedən qanun ötən ilin avqustun 1-dən qüvvəyə minib.
Qanunla maliyyələşməsinin 20%-ni xaricdən alan qeyri-hökumət təşkilatlarının qeydiyyatı tələb olunur.
Donald Trampın ABŞ prezidenti postuna qayıdışından sonra İran Zəngəzur dəhlizinin açılmasının qarşısını ala bilməyəcək.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.
Onun fikrincə, bu vəziyyətdə Ermənistana artacaq təzyiq Zəngəzur dəhlizinin açılmasına imkan yaradacaq.
“Türkiyə və Azərbaycan lobbisi Tramp administrasiyası ilə fəal işləyir, Ermənistanda belə iş görə biləcək peşəkar kadrlar yoxdur. Diaspor nümayəndələri Ermənistanın Tramp üçün heç bir hərbi-strateji əhəmiyyətinin olmadığını bildirirlər. ABŞ-nin regionda birinci müttəfiqi Azərbaycanla ittifaqda olan İsrail, ikincisi isə Türkiyədir” , - Xaçikyan əlavə edib.
Ekspert bildirib ki, bu yaxınlarda Vaşinqtonla İrəvan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında sənəd Ermənistanın təhlükəsizliyi ilə bağlı ABŞ qarşısında heç bir öhdəliyi özündə ehtiva eləmir: “Bu, “yeni Sevr müqaviləsi”dir və bunun sayəsində Ermənistan Rusiya və İranla münasibətləri korlayacaq. Artıq regionda dörd düşmənimiz olacaq”.
Politoloq hesab edir ki, Ermənistan hakimiyyətinin siyasəti ölkədə enerji tariflərinin kəskin artmasına, əhəmiyyətli ixrac bazarları və transferlərin itirilməsinə gətirib çıxara bilər. O, Ermənistanda aclığın başlaya biləcəyini istisna etməyib. Xaçikyanın sözlərinə görə, artıq Rusiya bu nəticələrlə bağlı xəbərdarlıq edib.
O, güman edir ki, Tramp ABŞ-ni Ukrayna münaqişəsindən çıxarmaq və resursları Yaxın Şərqə yönəltmək istəyir, çünki İsrailin müdafiəsi onun xarici siyasətinin mütləq prioritetidir:
“İrana hücum edilə bilər və ya Birləşmiş Ştatlar Tehranı güzəştə getməyə və nüvə proqramını məhdudlaşdırmağa, habelə İranın Yaxın Şərqdəki proksilərinə yardımının qarşısını almaq üçün sərt tədbirlərə əl atacaq. Bunlar olmasa, İrana hücum başlayayacaq. ABŞ-nin yeni administrasiyası hesab edir ki, İran məsələsini həll etməyin vaxtı çatıb. İsrail uzun illərdir bu fürsəti gözləyirdi. Hesab edirəm ki , Qəzza zolağında “Hizbullah”la döyüşlər bərpa olunacaq.
İranın başı üzərində qara buludlar yığılır: ya nüvə proqramını məhdudlaşdırmaqla güzəştə getməli, ya da hava hücumu ilə üzləşməlidir. Bu halda Tehran reaksiya verəcək ki, bu da gözlənilməz və təhlükəli eskalasiyaya gətirib çıxaracaq, o cümlədən bizim üçün”.
ABŞ-da prezident Donald Trampın andiçmə mərasimindən dərhal sonra qorxuya düşmüş “qoca qitə”də hökm sürən əsas siyasi-strateji tezis “Avropalılar nəhayət ki, öz təhlükəsizliklərini qorumağı artıq öyrənməlidirlər” məzmunu daşıyır... Halbuki, Avropa Birliyi ölkələri çox gecikiblər, çünki Ağ Evin yeni sahibinin avropalılara öz güclərinə inanacaq qədər zaman tanıyacağı və onlara ABŞ-a qarşı müqavimət imkanı verəcəyi qətiyyən inandırıcı görünmür...
"Yeni Müsavat" xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Ağ Evə ikinci dəfə gəlişi dünyada böyük rezonans doğurub. Belə ki, beynəlxalq məkanda indi əksər siyasi iradə mərkəzləri məhz Ağ Evin yeni sahibinin ABŞ-da hakimiyyətə gəlməsi ətrafında ciddi müzakirələr aparırlar. Əsas məsələ də ondan ibarətdir ki, bundan həm narahat, həm də məmnun olanlar mövcuddur. Üstəlik, narahatlıqla məmnunluq arasdında da o qədər uzaq məsafə yoxdur. Və bu, o deməkdir ki, prezident Donald Trampın siyasi mesajları onun gələcək strateji planları barədə hələ aydın təsəvvürlər yaratmaq üçün qətiyyən yetərli olmayıb.
Ona görə də, hesab etmək olar ki, prezident Donald Trampın Ağ Evə dönüşü hələ uzun müddər ciddi müzakirələrə və mübahisələrə səbəb ola bilər. Belə ki, onun ABŞ-da hakimiyyətə gəlişindən məmnun olanlar artıq buna ciddi əsasların olduğuna o qədər də əmin deyillər. Bu baxımdan, bütün dünyanın olduqca qəliz bir mərhələyə sürətlə yaxınlaşdığı indi o qədər də ciddi şübhə doğurmur. Hər halda, yalnızca andiçmə mərasimi ilə qlobal rezonansa səbəb olan prezident Donaldın zaman keçdikcə, öz fəaliyyəti ilə dünyanı daha çox silkələyə biləcəyi qətiyyən şübhə doğurmur. Və ABŞ-ın əsas qlobal rəqiblərinin indi yeni təhlükəli çağırışlara hazırlaşmağa üstünlük vermələri də artıq gözlənilməz xarakter daşımır.
Onu da qeyd edək ki, prezident Donald Tramp yalnız ABŞ-ın ənənəvi hərbi-siyasi rəqiblərini narahat etmir. Ağ Evin yeni sahibinin ikinci hakimiyyət başlanğıcından əndişə keçirən beynəlxalq siyasi iradə mərkəzləri sırasında ABŞ-ın müttəfiqləri də yer alır. Xüsusilə də əksər NATO ölkələri, eləcə də Avropa Birliyi prezident Donald Trampın ehtimal olunan hərbi-siyasi hədəflərinin kollektiv Qərb üçün real təhlükəyə çevrilə biləcəyini istisna etmirlər. Bu səbəbdən də, Qərb ölkələri müəyyən mənada, “qlobal siyasi fövqəladə vəziyyət” elan etmiş kimi görünürlər. Və yaxın gələcəkdə prezident Donald Trampın idarə etdiyi ABŞ-la siyasi qarşıdurmanın qaçılmaz ola biləcəyi qənaətinə çox yaxındırlar.
Maraqlıdır ki, Qərb mətbuatı da hazırda tədricən prezident Donald Trampın hədəfə alınmasına yönəlik beynəlxalq təbliğat kampaniyasına start verməyə başlayıb. Üstəlik, bu təbliğat kampaniyasının Avropa Birliyi və NATO daxilindən sifariş edilmiş ola biləcəyi də qətiyyən istisna deyil. Böyük ehtimalla Ağ Ev sahibinin aqressiv və proqnozlaşdırılmayan davranışlarına qarşı indidən müqavimət immunitetinin yaradılmasına ehtiyac duyulmaqdadır.
Yəni, hesab etmək olar ki, prezident Donald Tramp hakimiyyətə gələr-gəlməz özünə qarşı çoxsaylı “siyasi düşmənlər ordusu” yaratmağa nail olub. Və onların bir çoxunun zaman keçdikcə, Ağ Evin müttıfiqindən ABŞ-ın yeni düşməninə çevrilmə ehtimalı da hazırda aktualdır.
Almaniyanın dünyaca ünlü “Der Spiegel” nəşri bütün dünyaya, eləcə də, Avropa Birliyinə xəbərdarlıq materialı dərc edib. Nəşr iddia edir ki, həm Avropa Birliyi, həm də dünyanın qalan hissəsi prezident Donald Trampın ikinci hakimiyyət dönəminə xüsusi illyüzaya qapılması tamamilə yanlış və yersizdir.
Çünki andiçmə mərasimindən sonra prezident Donald Tramp bəzi vədlərindən geri çəkildiyini biruzə verdi. Digər tərəfdən, sadiq qaldığı vədlərində isə daha da irəli getməyə çalışdı. Və bununla da, ABŞ prezidentinin öz hakimiyyəti dönəmində hansı addımları ata biləcəyini təxmin etmək demək olar ki, mümkün deyil.
“Der Spiegel” nəşri hesab edir ki, Avropa dövlətləri öz tarixi gücünü xatırlamalıdır və ABŞ-ın Tramp administrasiyasına münasibətdə qarşıdurma səviyyəsində müqavimətə hazır olmalıdır. Çünki prezident Donald Trampın andiçmədən sonra öz sərt riktorikasına düzəliş edəcəyini, daha sülhpərvər mövqeyə yönələcəyini düşünənlərin ümidləri çox qısa müddətdə boşa çıxmış oldu. Hər halda, Ağ Evin yeni sahibi indiyə qədər qarşıya qoyduğu hədəflərin hamısını reallaşdırmaq niyyətində tamamilə ciddi görünür. Və bu, o deməkdir ki, prezident Donald Tramp indiyə qədər ABŞ-Avropa Birliyi münasibətlərində ön planda olan ortaq hədəflər sistemini davam etdirməyə qətiyyən həvəsli deyil.
Indi yalnız Almaniya deyil, ümumiyyətlə, bəzi Avropa siyasi dairələri və analitik təhlil mərkəzləri Tramp administrasiya dönəmində ABŞ üçün beynəlxalq qaydalar və hüquq normaları böyük ehtimalla elə bir ciddi əhəmiyyət daşımayacağını vurğulayırlar. Çünki prezident Donald Tramp yalnız ABŞ-ın geostrateji maraqlarını qorumaq niyyətində olan dövlət başçısı kimi ölkəsinin tarixinə düşməyə qərar verib. Ona görə də, Ağ Evin yeni sahibi Avropa Birliyi ölkələrinin zəifliklərini ABŞ-ın hegemon gücünə çevirməyə çalışacaq. Və bununla da ABŞ prezidenti Donald Tramp “qoca qitə” ölkələrinə ABŞ-ın siyasi iradəsini qəbul etdirməyə cəhd göstərəcək.
Avropa Birliyi dövlətlərində prezident Donald Trampın dünya siyasi məkanına qayıdışı ilə yaranmış ümumi əhval-ruhiyyə həm pessimist, həm də aydın xarakter daşıyır. Belə ki, “qoca qitə”də hökm sürən əsas siyasi-strateji tezis “Avropalılar nəhayət ki, öz təhlükəsizliklərini qorumağı artıq öyrənməlidirlər” məzmunu daşıyır.
Halbuki, Avropa Birliyi ölkələri bunun üçün olduqca çox vaxt itiriblər və demək olar ki, gecikiblər. İndi onlar prezident Donald Trampa qarşı dolayısı ilə siyasi savaş açmaq məcburiyyətində qalsalar da, Ağ Evin yeni sahibinin avropalılara öz güclərinə inanacaq qədər zaman tanıyacağı isə qətiyyən inandırıcı görünmür.