Türk alpinistin cəsədi 26 il sonra tapıldı

Alp Dağlarında 1992-ci ildə 21 yaşında olarkən itkin düşən türk alpinist Həsən Tarımın cəsədi tapılıb.

cəsəd buzlaqların əriməsindən sonra dünən bir qrup alpinist tərəfindən üzə çıxarılıb.

Aparılan ilkin ekspertizadan sonra cəsədin Həsən Tarıma məxsus olduğu müəyyən edilib.

Qeyd edək ki, son zamanlada Alp dağlarında buz qatlarının əriməyə başlamasından sonra bir neçə alpinistin cəsədi aşkar edilib.

 

İranda sürücülərdən hökumətə etiraz

İranda ağır yük maşını sürücüləri tətil elan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə "Sputnik Armeniya" saytı məlumat yayıb. Tətil səbəbindən Ermənistana gətirilməsi nəzərdə tutulan bəzi yüklər İranın Bəndər-Abbas limanında gecikir. 

Sürücülər hökumətin həyata keçirdiyi iqtisadi siyasətə etiraz edirlər. Çoxsaylı sosial şəbəkə istifadəçiləri onların yük maşınlarını yandırdığını əks etdirən kadrlar yayıblar. 

 

İran mediası isə etirazla bağlı heç bir məlumat dərc etməyib.

Qeyd edək ki, İran İslam Respublikasının iqtisadiyyatı ABŞ-ın sanksiyaları səbəbindən böyük zərərə uğrayıb.

 


Ekspert: “Kosmik sahədə biznes qurmağı hər ölkə bacarmır”

Bir neçə gün əvvəl Azərbaycan orbitə sayca üçüncü olan ikinci telekommunikasiya peykini buraxdı. Peykin orbitə buraxılışı Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən  reallaşdırılıb.

Rəsmi məlumata görə, “Azerspace-2" peyki ABŞ-ın ”Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.

Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.

“Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk ”Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a  bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə  iştirak etmək imkanı yaradacaq.

“Azərkosmos”dan verilən məlumata əsasən “Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan ”İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.

Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon  ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

“Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1" peykinin gəlirlərinin 80 faizi, ”Azersky" peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu müştəri bazası mövcuddur. Onlar arasında Reuters, MTV, National Geographic kimi media nəhəngləri də var.

Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən “Azerspace-1" peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon  ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.

Azərbaycanın orbitə buraxılan ikinci peyki “Azresky”nin başlıca tətbiq sahəsi ölkənin müdafiə və təhlükəsizliyinə xidmətdir. Bu peykin də kommersiya potensialı var. “Azersky” peykinin xidmətlərindən Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə olunur. Dəyəri 157 milyon Avro olan “Azersky” peykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.

2017-ci ildə “Azərkosmos ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 milyon 530,4 min manat təşkil edib. Xatırladaq ki, 2016-cı ildə cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 milyon 085,2 min manat olub.

Osman Gündüz ile ilgili görsel sonucu

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, Azərbaycanın peyklərə sahib olması ölkənin imici və peyk ailəsində öz yerini möhkəmlətməsi baxımından xeyli əhəmiyyətlidir: “Bu, ilk növbədə dövlətin gücünün göstəricisidir. Hazırda kosmik sahədə biznes qurmağı hər ölkə bacarmır. Peyk buraxılışı varsa, ona xidmət göstərən infrastrukturu, kadr potensialı olmalıdır. Azərbaycanda belə infrastruktur yaradılıb. Eyni zamanda şəxsən tanıdığım neçə gənc var ki, bu sahə üzrə xaricdə təhsil alıb gəlib. Yəni artıq kadr potensialı da formalaşdırılır və bu, çox müsbət haldır. Peyklərə malik olmaq, kosmik sahədə fəaliyyətlər bu istiqamətdə elmin inkişafı üçün əlverişli zəmin yaradır”.

Ekspert deyir ki, kosmik biznes bazarı böyük rəqabətin olduğu bir sahədir: “Burada uğur qazanmaq, biznesi genişləndirmək çox çətin bir prosesdir. Çünki bizdən əvvəl bu sahəyə yatırım edənlər var, bazar demək olar ki, onların əllərindədir. Belə rəqabətli bazara daxil olmaq üçün yüksək keyfiyyətli xidmətlər təklif etməlisən. Necə deyərlər, göydə də resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərin də ömrü xeyli məhduddur. Yəni yüz milyonlarla xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həm də normal fəaliyyət üçün bir peyk yetərli olmur, dayanıqlı olmur. Adətən müştərilər bir peyki olanla deyil, çoxlu sayda peyki olanlarla müqavilə bağlayırlar. Deməli, bir peyk buraxan məcburdur ki, xidmətini satmaq üçün yenisini də buraxsın və bu halda xərclər də artmış olur”.

“Azərkosmos” ile ilgili görsel sonucu

O.Gündüzün fikrincə, “Azərkosmos”un işi əslində elə indi başlayır ki, hər iki peykin xidmətini satmaq üçün “yağlı” müştərilər tapsın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin: “Hazırda telekommunikasiya xidməti verən peyklər cəlbedici və biznes baxımından uğurlu hesab olunmur.

Çünki artıq dünyada yerüstü telekommunikasiya infrastrukturu yetərincə inkişaf edib və siqnalı daha ucuz və keyfiyyətli formada, elə göyə çıxartmadan yerdən göndərmək sərf edir.

Bu baxımdan, düşünürəm ki, gələcəkdə telekommunikasiyayönümlü deyil, elmi və biznes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyatyönümlü peyklərə diqqət göstərmək, həm də təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək daha doğru olardı. Yəni hərbi-kəşfiyyat, ekoloji, elmi-informasiya sahələrinə yönəlmək lazımdır. Bu gün Google milyardlarla dollar verir ki, müəyyən ərazilərin dəqiq görüntülərini əldə etsin. Belə imkanlardan yararlanmaq lazımdır.  Əks halda, qoyulan xərcin bəlli bir müddətdə çıxarılmaması kimi böyük risk qarşıdadır".

Müsahibimiz deyir ki, peyk interneti kifayət qədər baha olduğundan heç kim ondan istifadədə maraqlı olmur: “Bu baxımdan bizim peykin də cüzi bir internet tutumu var ki, ondan da yalnız fövqalədə hallarda istifadə oluna bilər. Yəni peykdən internetin inkişafını gözləmək sadəlövhlükdür. Bildiyim qədər, ”Azərkosmos" öz ofisində istifadə üçün zəruri olan interneti özünün peykindən deyil, Bakıdan Şamaxıyadək olan yol boyu “Aztelekom” və ya “Delta”nın çəkdiyi yeraltı fiber-optikdən alır".

Turist 40 min dollarlıq brilyantı oğurladı, sonra uddu

Türkiyənin Muğla rayonunun Marmaris qəsəbəsində qəribə hadisə baş verib.

Yan Kampel adlı irlandiyalı turist qızıl mağazalarından birindən oğurladığı briliyant üzüyü udub.

Belə ki, 54 yaşlı kişi alış-veriş bəhanəsi ilə dükana daxil olub. O, satıcının bir anlıq diqqətinin yayınmasından istifadə edərək brilyant üzüyü ovcuna alıb. Lakin, vəziyyəti anlayan satıcı turisti qapıda dayandıraraq əlindəki verməsini tələb edib. Bu zaman Kampel dəyəri 40 min dollar olan üzüyü udub.

 

Hadisə yerinə dərhal polis çağırılıb və o, saxlanılaraq polis idarəsinə aparılıb. Kampel burada iddiaları qəbul etmədiyi üçün təhlükəsizlik kameraları izlənilib, həmçinin rentgen müayinəsindən keçirilib və onun oğurluq etdiyi sübut olunub. Bundan sonra üzüyün mədədən çıxarılması üçün irlandiyalı turist xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma davam etdirilir.

 


Günəş sistemində yeni kəşf

 

Karnegi Elmi İnstitutundan Skot Şepard, Şimali Arizona Universitetindən Çad Truxilyu və Havay Universitetindən Devid Tolen Günəş sistemində yeni göy cismi kəşf ediblər.

Həmin göy cisminə “2015 TG387” adı verilib.

 Bu kəşf Günəş sisteminin sərhədlərinin harada bitdiyini yenidən nəzərdən keçirməyə əsas verib.

Yeni göy cismi Günəş sistemində uzaq süper dünya və X planeti axtarışı zamanı ortaya çıxıb. Plutondan çox uzaqda yerləşən “2015 TG387” cisminin Günəşə uzaqlığı Günəşlə Yer arasındakı məsafədən təxminən 80 dəfə çoxdur.

 

Ən varlı amerikalı o oldu
 

“Forbes” “Ən zəngin 400 amerikalı” siyahısının növbəti buraxılışını yayımlayıb.

Siyahıya “Amazon”un qurucusu Ceff Bezos başçılıq edir.

Onun sərvəti 160 milyard dollar məbləğində dəyərləndirilib. Məlumata görə, Bezos son 1 ildə qazancını 78,5 milyard dollar artırmağı bacarıb.

 

24 il ərzində ən varlı amerikalı olaraq siyahıda ilk pillədə yer almış Bill Qeyts isə ikinci pilləyə enib. “Microsoft”un qurucusunun sərvəti 97 milyard dollardır.

“Berkshire Hathaway” şirkətinin sahibi, məşhur biznesmen Uorren Baffet isə hazırda 88,3 milyard dollarlıq sərvəti ilə ən zəngin üçüncü amerikalıdır.

400 nəfərlik siyahıda ilk “10-luq” aşağıdakı kimidir:

1. Ceff Bezos - 160 milyard dollar

2. Bill Qeyts - 97 milyard dollar

3. Uorren Baffet - 88,3 milyard dollar

4. Mark Sukerberq - 61 milyard dollar

5. Larri Ellison - 58,4 milyard dollar

6. Larri Peyc - 53,8 milyard dollar

7. Çarlz Koç - 53,5 milyard dollar

8. Deyvid Koç - 53,5 milyard dollar

9. Sergey Brin - 52,4 milyard dollar

10. Maykl Blumberq - 51,8 milyard dollar

Qeyd edək ki, ABŞ prezident Donald Tramp siyahıda 3 pillə geriləyərək 259-cu yerdə qərarlaşıb. Onun sərvəti ötən il olduğu kimi 3,1 milyard dollar qalıb.

 

 

 

ABŞ İranla 63 illik sazişə son qoydu

“İran BMT məhkəməsini siyasi məqsədlərinə alət edir. Bu səbəbdən 1955-ci ildə imzaladığımız “Dostluq sazişi”nə xitam veririk”.

Bunu ABŞ-ın xarici işlər naziri Mayk Pompeo deyib.

 

Amerikanın bu addımına BMT məhkəməsinin İran əleyhinə sanksiyalara qarşı tədbirlər görülməsi qərarı səbəb olub. Pompeo, həmçinin, İranın İraqda ABŞ üçün təhlükə olduğunu bəyan edib. 

Qeyd edək ki, 1955-ci ildə Rza Şah Pəhləvinin dövründə imzalanmış “Dostluq sazişi” 50 milyard dollarlıq ticarət anlaşmasıdır. Bu saziş “Bəşər tarixinin ən böyük ticarət müqaviləsi” kimi tanınır. 

 

Erməni lobbisinin qanun layihəsinə veto qoyuldu

ABŞ-ın Kaliforniya ştatında erməni lobbisinin Türkiyə əleyhinə hazırlatdırdığı qanun layihəsinə veto qoyulub.

Erməni lobbisinə yaxınlığı ilə tanınan senator Adrin Nazaryanın hazırladığı layihə 29 avqustda Senat tərəfindən qəbul edilmiş və təsdiqlənməsi üçün Kaliforniya valise Cerri Brauna göndərilmişdi.

 

Braun isə qanun layihəsinin həyata keçməsi üçün federal hökumətin qərarının lazım olduğunu bildirib və layihəni təsdiqləməyib.

Türk-Amerikan Milli Yönləndirmək Komitəsi məktub yazaraq verdiyi qərara görə C.Brauna təşəkkür edib.

 

 

 

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Kimya üzrə Nobel mükafatının builki qaliblərinin adları açıqlanıb.

alimlər Frensis Arnold, Corc Smit və Qreqori Vinter yeni dərmanların yaradılmasına imkan verəcək kimyəvi molekulların təkamülü istiqamətindəki işlərinə görə mükafata layiq görülüblər.

 

Qeyd edək ki, mükafatın təqdimat mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da keçiriləcək. Mükafatın məbləği təxminən 940 min dollardır. 

 

 

Aralıq dənizində növbəti faciə

Aralıq dənizinin qərbində qaçqınların olduğu qayığın batması nəticəsində 34 nəfər ölüb.

Bununla bağlı məlumatı BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı yayıb.

 Məlumata görə, qayıqda 60 nəfər olub. Onlardan 34 ölüb, 26-sı isə xilas edilib.

Xəbər lenti