“Sumqayıt”ın rəqibinə koronavirus şoku

“Sumqayıt”ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkendiya” klubu Azərbaycana ciddi itki ilə gələcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Xəbərdə komandanın aparıcı oyunçularından Armend Alimin koronavirusa yoluxduğu diqqətə çatdırılıb. Bu üzdən də o, qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək. Futbolçuda xəstəliyin simptomları hiss olunmasa da, o, öz evində karantinə alınıb.

Qeyd edək ki, avqustun 27-də “Sumqayıt”ın stadionunda keçiriləcək “Şkendiya” ilə oyuna saat 20:00-da start veriləcək.

“Qarabağ”dan yeni transfer

Bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə oyuna çıxacaq “Qarabağ” növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Bolqarıstanın “Çerno More” klubunun futbolçusu Patrik Andrade ilə anlaşıb.

Capo Verdedən olan mərkəz yarımmüdafiəçisi sabah Ağdam təmsilçisi ilə müqaviləsini rəsmiləşdirəcək. 

İspaniyanın "Barselona" futbol klubu argentinalı hücumçu Lionel Messidən komandanı tərk etmək istəyi barədə bildiriş aldığını təsdiqləyib.
Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi klubdakı mənbəyinə istinadən bildirib.
Bundan əvvəl İspaniya və Argentina mediası L.Messinin klubdan ayrılmaq istəyi barədə dediyini yazmışdı. Qeyd edildi ki, oyunçu müqavilədəki bir bəndi aktivləşdirmək niyyətindədir. Həmin bəndə əsasən o hər mövsümün sonunda birtərəfli qaydada komandanı tərk edə bilər.

“Qarabağ” – “Şerif” oyununun hakimləri dəyişdi

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib. “Qafqazinfo” xəbər verir ki, UEFA görüşü Ukraynadan olan hakimlər briqadasına tapşırıb.

Qarşılaşmaya daha öncə qazaxıstanlı referilər təyin edilsə də, qərarda dəyişiklik edib. Matçı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər.
Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Şerif" oyunu saat 20:00-da başlayacaq.

FİFA-dan milli üzvləri üçün yeni qaydalar

FİFA koronavirus pandemiyası dövründə oyunçuların milli komandalara gediş-gəlişini tənzimləyən müvəqqəti qaydaların tətbiqinə dair qərar qəbul edib.

Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni qaydalar yığmaların sentyabr pəncərəsi üçün nəzərdə tutulub. Buna əsasən, komandanın məskunlaşdığı və ya yığmanın oyununun keçirildiyi yerlərdə ən azı beş günlük məcburi karantin müddəti müəyyən edilsə və ya giriş-çıxışa məhdudiyyət qoyulsa, klub öz oyunçusunu milliyə buraxmaya bilər.

Bu hal, həmçinin bölgəyə məcburi karantin tətbiq edilməsi və ya giriş məhdudiyyəti qoyulması ilə əlaqədar qərarlar qəbul edən müvafiq orqanların bu məsələdə futbolçuları nəzərə almaması zamanı da baş verə bilər.

Bu qaydalar kişi futbolçular üçün avqustun 31-dən sentyabrın 8-dək, qadınlar üçün isə 14-22 sentyabr tarixlərində tətbiq olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi pandemiya dövründə ilk rəsmi matçını sentyabrın 5-də UEFA Millətlər Liqasında Bakıda Lüksemburqa qarşı keçirəcək. Yığma 3 gün sonra isə səfərdə Kipr seçməsinin qonağı olacaq.

“Bavariya” Çempionlar Liqasının qalibi oldu

Futbol üzrə UEFA Çempionlar Liqasının (ÇL) final matçı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabonda baş tutan görüşdə Fransanın PSJ komandası ilə Almaniya “Bavariya”sı üz-üzə gəlib.

İtaliyalı Daniele Orsatonun idarə etdiyi matç “Estadio da Luş” stadionunda keçirilib.

Minimal hesabla üstün olan Münhen təmsilçisi turnirin qalibi olub. Daha öncə 5 dəfə Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə son olaraq 2013-cü ildə bu titulu əldə etmişdi. Münhen klubu 6-cı dəfə də istəyini gerçəkləşdirməklə İngiltərə “Liverpul”u ilə birlikdə ÇL-i ən çox qazanan üçüncü komanda olub.

UEFA Çempionlar Liqası
Final
23 avqust

PSJ (Fransa) – “Bavariya” (Almaniya) 0:1
Qol: Koman, 59.
Lissabon. “Estadio da Luş” stadionu.

 





 
Millimizin hücumçusu İsveçrə klubuna icarəyə verildi
Milli komandamızın hücumçusu Renat Dadaşov karyerasını İsveçrədə davam etdirəcək.

Klubdan verilən məlumata görə, Dadaşovun transfer hüququna sahib olan İngiltərənin “Vulverhempton” klubu hücumçumuzu “Qrasshopers”ə icarəyə verib.

İsveçrə Birinci divizion təmsilçisi Dadaşovla bir illik icarə müqaviləsi imzalandığını açıqlayıb.

Bundan əlavə, “Qrasshopers” "Vulverhempton”dan Konnor Ronanı da icarəyə götürüb. Onunla da bir illik icarə müqaviləsi imzalanıb.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda keçdiyi “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. Gənc forvard hələ ki əsas komandada debüt etməyib.

Millimizin üzvü 2019/20 mövsümünün ilk yarısını icarə əsasında Portuqaliyanın “Pakuş de Ferreyra” klubunda keçirib. O, mövsümün ikinci yarısında “Vulverhempton”un U-21 komandasında çıxış edib.oxu.az

Azərbaycan reytinqdə gerilədi

Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA reytinqində növbəti dəfə dəyişikliklər olub. Azərbaycan ötən günlə müqayisədə iki pillə geriləyib.

Aktivində 14,750 xalı olan millimiz 26-cı yerdə qərarlaşıb. Norveçin “Molde” və Rumıniyanın ÇFR klublarının qələbə qazanaraq növbəti mərhələyə yüksəlməsi Azərbaycanın geriləməsinə səbəb olub.
Siyahıda Norveç 14,875 xalla 24-cü, Rumıniya isə 14, 825 xalla 25-ci sıradadır.

Xatırladaq ki, “Qarabağ”ın “Sileks” 4:0 hesabı ilə məğlub etməsinin ardından yığmamız 24-cü pilləyə yüksəlmişdi.

Çempionlar Liqasında finalçılar məlum oldu

Çempionlar Liqasında yarımfinal mərhələsi başa çatıb.
Apasport.az xəbər verir ki, bu gün ikinci finalçının adına aydınlıq gəlib.

Həlledici matça sonuncu vəsiqə uğrunda mübarizədə “Bavariya” ilə “Lion” qarşılaşıb. Bir gün əvvəl PSJ “Leypsiq” üzərində qələbə qazansa da, bu dəfə Fransa-Almaniya duelində ikincilərin təmsilçisi üstün olub.
"Lion" müvafiq olaraq “Yuventus” və “Mançester Siti”ni mübarizədən kənarlaşdırsa da, Bundesliqa çempionu ilə bacarmayıb. Münhen klubu Serj Qnabrinin birinci hissədəki dublu və Robert Levandovskinin son dəqiqələrdəki qolu sayəsində böyükhesablı qələbə qazanaraq, sensasiyaya imkan verməyib.

Beləliklə, avqustun 23-də Lissabonun “Da Luş” stadionunda baş tutacaq finalda PSJ ilə "Bavariya" üz-üzə gələcək. Turnirin qalibini müəyyən edəcək görüş Bakı vaxtı ilə 23:00-da start götürəcək.

Çempionlar Liqası
Yarımfinal
19 avqust
23:00. “Lion” (Fransa) – “Bavariya” (Almaniya) - 0:3
Qol: Qnabri, 18, 33, Levandovski, 88
Baş hakim: Antonio Mateu Lahos (İspaniya)
Lissabon. “Joze Alvalade” stadionu

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqindəki mövqeyində yeri dəyişib. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi olub.

Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 2 pillə irəliləyərək 24-cü pilləyə yüksəlib.

Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.

Xəbər lenti