Şərti adı B-04 olan yeni Metrostansiyanın inşası sürətlə davam etdirilir.
 
Nəsimi rayonu ərazisində yerləşən metrostansiyanın gələn ilin sonunda istifadəyə veriləcəyi planlaşdırılır.
 
Ən üst mərtəbədə kassa zalı və vestibül, üçüncü mərtəbədə isə texniki sahələr yerləşəcək. Burada xidməti otaqlar və 4 havalandırma kamerası tikiləcək.
 
İkinci mərtəbə keçid üçün nəzərdə tutulub. Stansiyada quraşdırılacaq 3 liftdən 2-si bu mərtəbədə olacaq.
 
Stansiyanın platforması 7 vaqonlu qatarların hərəkəti üçün nəzərdə tutulub.
 
Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov "Xəzər Xəbər”ə deyir ki, stansiyanın 4 giriş-çıxışı olacaq. Bu isə yerüstü sahədə avtomobil yolunun hər iki tərəfinə rahat və təhlükəsiz keçidi təmin edəcək.
 
Qeyd edək ki, şərti adı olan B-04 olan metrostansiyası bənövşəyi xətti üzrə Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasındakı ərazidə yerləşəcək. Tikinti işlərinin gələn ilin sonunda yekunlaşdırılması və stansiyanın istifadəyə verilməsi planlaşdırılır.

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı aparılan islahatların əsas hədəflərindən biri məhz qiymətlərin optimallaşdırılmasıdır”.

Bunu Report-a müsahibəsində Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

R.Hümmətov hesab edir ki, AZAL-ın qiymətləri rəqibləri ilə müqayisədə o qədər də baha deyil:

“AZAL-ı öz sinfinə və xidmət kateqoriyasına uyğun şirkətlərlə müqayisə etsək, görərik ki, qiymətlər, əslində, göstərilən xidmətlərə mütənasibdir. Amma əlbəttə ki, biz də aviabiletlərin daha ucuz olması, AZAL-ın xarici vətəndaşları ölkəmizə daşıyan şirkətə çevrilməsi, Heydər Əliyev Hava Limanının beynəlxalq tranzit məkana çevrilməsi istiqamətində işlər aparırıq. Hazırda bu istiqamətdə aparılan müvafiq tədbirlərin nəticəsi olaraq artıq müştərilərə müxtəlif qiymətlərdə biletlər təqdim edilir. Populyar istiqamətlər üzrə qiymətlərə nəzər yetirsək, Bakı-Moskva bileti almaq istəyən sərnişinə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 135 avrodan, Bakı-Dubay istiqaməti üzrə AZAL ilə 133 avrodan, Bakı-İstanbul reysi üzrə “Buta Airways” ilə 29 avrodan, AZAL ilə isə 114 avrodan başlayaraq seçim imkanı var.

Uzunmüddətli inkişaf strategiyasında təyyarə parkının yenilənməsi ilə yanaşı, qiymət siyasəti də nəzərə alınıb. Daha ucuz aviabiletlərlə bağlı AZAL tərəfindən müəyyən kampaniyalar keçirilir. 2022-ci ilin sonlarında AZAL 9 istiqamət üzrə 29 avrodan başlayan qiymətlərlə 10 min aviabileti satışa çıxarıb və bu kimi kampaniyaların gələcəkdə də baş tutması nəzərdə tutulur.

Onu da qeyd edək ki, AZAL tərəfindən sərnişin tutumu daha çox olan təyyarələrin alınması nəzərdə tutulub. Bu da, öz növbəsində, biletlərin qiymətinə təsir edəcək”.

Sosial şəbəkələrdə Azərbaycanda bankların bağlanacağı ilə bağlı şayiələr yayılıb.

Bəzi istifadəçilər bankların çökəcəyini, əmanətlərin dondurulacağını bildirərək vətəndaşların bankda olan pullarını çəkməsini tövsiyə ediblər.

Mövzu ilə bağlı Banklar Assosiasiyasından bildirilib ki, bu məlumatlar yanlışdır və təxribat xarakteti daşıyır.

Daha ətraflı Baku TV-nin süjetində:

Azərbaycanda siqaretlərin qiyməti yenidən bahalaşıb.

Bu barədə Qaynarinfo-ya Bakıdakı mağazaların satıcıları məlumat verib.

Bildirilib ki, bu gün səhərdən markasından asılı olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb.

Qeyd edək ki, bu barədə sosial şəbəkə istifadəçiləri də paylaşım edib. Paylaşımlarda qeyd olunub ki, "Kent-4" 10 qəpik bahalaşaraq, 3.80-dən 3.90-a, "Winston" 3.70-dən 3.80 qəpiyə qalxıb.

Hələlik bununla bağlı böyük market şəbəkələrindən rəsmi açıqlama verilməyib.

2021-ci ilin avqust ayından sonra sonra ilk dəfə əhalinin banklardakı əmanətlərinin həcmində azalma qeydə alınıb. Mərkəzi Bankın məlumatına görə, bu ayın 1-də əhalinin banklardakı əmanəti əvvəlki aydakı 11 milyard 928 milyon manatdan 11 milyard 901 milyon manata düşüb. Bu isə o deməkdir ki, ötən ay ərzində əhalinin əmanətləri 27 milyon manat azalıb.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, əhalinin əmanətlərinin azalmasının əsas səbəbi banklardakı depozit gəlirlərinin ötən aydan etibarən vergiyə cəlb edilməsi ilə bağlıdır:

"Belə ki, ümumi depozit faizlərində hiss edilən artımlar reallaşmadığı üçün müddəti başa çatmış bəzi depozitlərin vaxtının uzadılmaması və ya geri götürülməsi qeydə alınıb. Monitorinqlərə görə, bu daha çox fevral ayının ilk yarısına təsadüf edib. Daha sonra prosesinin stabilləşməsi müşahidə olunub".

Millət vəkilinin sözlərinə görə, növbəti aylarda əmanət həcmlərindəki artım tempinin yenidən bərpa ediləcəyi gözlənilir: "Bununla yanaşı, əmanət həcmlərindəki azalmalar bir daha təsdiq edir ki, bank sektorunda iştirakçılar ilə birbaşa kommunikasiyanın daha da gücləndirilməsi vacibdir. Bu işin yalnız Mərkəzi Bank tərəfindən deyil, eyni zamanda ayrı-ayrılıqda hər bir bank tərəfindən həyata keçirilməsinə ehtiyac var".

Azərbaycanda “Notariat haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər təklif olunur.

Dəyişikliklərə əsasən Azərbaycanda notariuslar xarici rəsmi sənədləri şəhadətnamə (apostil) verildikdə leqallaşdırmadan qəbul edə biləcək.

Müvafiq qanun layihəsinə əsasən, notariuslar “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya” ilə müəyyən edilmiş hallarda xarici rəsmi sənədə kağız və yaxud elektron formada həmin Konvensiya ilə nəzərdə tutulan şəhadətnamə verildikdə leqallaşdırmadan qəbul edə biləcəklər. Bu zaman elektron formada verilmiş şəhadətnamə bu qanunun 27-ci maddəsində nəzərdə tutulmuş notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata uyğun olaraq yoxlanıldıqdan sonra qəbul ediləcək.

Eləcə də, Azərbaycanda notariuslar tərcüməçinin gücləndirilmiş elektron imza ilə təsdiq etdiyi tərcüməni özləri də təsdiq edə biləcək. Bu halda, notarius tərcümənin mətninə görə məsuliyyət daşımayacaq.

Həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna da əlavə və dəyişikliklər təklif olunur ki, qanun layihəsi hazırlanarkən "Notariat haqqında" qanuna istinad edilib.

Belə ki, dəyişikliklə Azərbaycanda notariuslar kommersiya hüquqi şəxsinin təsisçiləri və onların nizamnamədəki payları, eləcə də kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsini və nizamnaməsini elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcək.

Azərbaycanın Gürcüstan və Türkiyə ilə quru sərhədlərinin mayın 1-dən açılacağı iddia edilir.

Etibarlı mənbənin Globalinfo.az-a verdiyi məlumata görə, mayın 1-dən etibarən bu iki ölkə ilə quru sərhədlərin açılması gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu addım yay mövsümünün gəlməsi ilə əlaqədar atılır. Belə ki, yüksək qiymətə satılan aviabiletlər hər kəsə əlçatan olmadığı üçün belə bir qərarın verilməsi gözlənilir.

Məlumatın hələ rəsmən təsdiqlənmədiyi qeyd edilisə də, artıq bu barədə müvafiq işlərə başlanıldığı deyilir.

Xatırladaq ki, bir qədər əvvəl Gürcüstan mediasının ölkə rəhbərliyindəki mənbəsinə istinadən verdiyi xəbərdə Azərbaycanla sərhədlərin mayın 1-dən açılacağı yazılmışdı.

Daxili bazarda inflyasiyanın pikdən azalma dinamikası müşahidə edilsə də, tələb-təklif amillərinin gözlənilən dəyişimi və iqtisadi subyektlərin davranışları ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

"Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında qeyd olunur.

Bildirilir ki, stimullaşdırıcı fiskal siyasət və ölkənin xarici valyuta daxilolmalarının artması şəraitində məcmu tələb genişlənir və qeyri-neft sektorunda iqtisadi artım yüksək olaraq qalır. Cari ilin əvvəlindən reallaşdırılan 4-cü sosial islahat paketi və kredit aktivliyinin davam etməsi məcmu tələbin əsas komponenti olan istehlakı dəstəkləyir. Banklar və qeyri-bank kredit təşkilatları üzrə kredit portfelinin illik artımı bir qədər səngisə də, yüksək olaraq qalır və cari ilin fevralında 15,7% təşkil edib. İlin əvvəlindən bəri qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən bəzi xidmətlərin (məhsulların) qiymətlərinin dəyişdirilməsi ilə bağlı qəbul edilmiş qərar inflyasiya gözləntilərinə təsir edə bilər.

"Qeyd olunanlar proqnozlaşdırılan inflyasiyanın qəbul edilmiş hədəfi hələ də üstələməsinə təsir edir. Baza ssenari üzrə fərziyyələrlə 2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalır", - deyə açıqlamada qeyd olunur.

Sabah Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı açıqlanacaq.

“Bu barədə AMB məlumat yayıb.

Görüntülər göstərir ki, İran Naxçıvanla sərhədə silah-sursat və canlı qüvvə yığmaqda davam edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ilə sərhəddə uğursuz təlimlər keçirən Tehran yenə də təhdid yolunu davam etdirir. Aydındır ki, bu təlimlər və təhdidlər regiondakı yeni düzəni dəyişmək gücündə deyil. Digər tərəfdən, Tehran rejiminin müsəlman qonşusu ilə təhdid alətlərinə üstünlük verməsinin özü də İranın xarici siyasətinin qüsurlu olduğunu göstərir.

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, bu siyasətdən itirən tərəf, təbii ki, Tehran özü olacaq. Azərbaycan bütün təhdidlərə cavab vermək gücündədir.

 Millət vəkili məsələnin iqtisadi tərəflərinə də toxunub: "İran ilə Azərbaycan arasında ticarət dövriyyəsi ötən il 476 milyon 438 min dollar olub. İran ölkəmizdən 29 milyon 831 min dollarlıq mal alıb. Bu o deməkdir ki, İran 2022-ci ildə Azərbaycana 446 milyon 607 min dollar dəyərində məhsul ixrac edib". 

"Deməli, Azərbaycan ilə ticarət əlaqələrində İranın illik xalis qazancı 446 milyon dollardır. Bu isə həm də o deməkdir ki, İranın qüsurlu xarici siyasəti xarici iqtisadi əlaqələrə yansıyarsa, o zaman itirən tərəf məhz Tehran olacaq. İranda inflyasiya səviyyəsinin kifayət qədər yüksəlməsi və xarici valyutaya tələbin kəskin artdığını nəzərə aldıqda, biznes üçün bu heç də kiçik rəqəm deyil".

 

 

 

Xəbər lenti