![]() |
|
Azərbaycanda istehsal olunan minik avtomobillərinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad olunacaq.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ölkə ərazisində istehsal olunan minik avtomobillərinin satışı 2023-cü il mayın 1-dən 10 il müddətinə ƏDV-dən azad olunacaq.
Dəyişiklik ölkə ərazisində minik avtomobillərinin istehsalının dəstəklənməsini nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Avtomobil satarkən maşının icbari sığorta müqaviləsinə xitam vermək təklif edilir.
Xezerxeber.az-ın məlumatına görə, ekspert Vüsal Bədəlov bildirib ki, alqı-satqı zamanı sığorta müqaviləsinə xitam verilmirsə və alan adam sonradan həmin avtomobillə qəza törədirsə, bu zaman əvvəlki sahibinin sığorta tarixçəsi korlanır. Başqa sözlə, avtomobilin əvvəlki sahibi növbəti dəfə icbari sığorta bağlayan zaman artıq pul ödəməli olur.
Ekspert deyib ki, təkcə satan zaman deyil, nəqliyyat vasitəsi uzun müddət sürülmürsə və ya hər-hansı bir hadisə zamanı tam yararsız hala düşürsə, bu zaman da sığorta müqaviləsi ləğv edilə bilər. Üstəlik, sığorta şirkəti sığortalı günlərin pulunu ümumi məbləğdən çıxaraq, qalığı sahibinə qaytarmalıdır.
Vüsal Bədəlov onu da bildirib ki, kasko sığortası müqaviləsinə də vaxtından əvvəl xitam verdirmək mümkündür. Qalıq məbləği geri ala və ya şəxsin digər avtomobilinin kasko müqaviləsi üçün istifadə edilə bilər.
Ekspert əlavə edib ki, kasko sığorta müqaviləsinin şərtləri sığortalı ilə sığorta şirkətinin arasındakı razılaşma əsasında müəyyən edilir. Qalıq ödəmələr də bu müqaviləyə uyğun aparılmalıdır.
"Bəzən vətəndaşlar notarial qaydada torpaq alır və elə hesab edirlər ki, artıq bu torpaqla bağlı heç bir problem yaşamayacaqlar. Lakin həmin torpaqda ev tikməyə başlayarkən müəyyən olunur ki, bu torpaq kənd təsərrüfatı təyinatlı torpaqdır".
Bunu vəkil Turan Abdullazadə deyib.
Vəkil qeyd edib ki, kateqoriyası kənd təsərrüfatı təyinatlı olan torpaqlarda fərdi yaşayış evi tikmək olmaz.
Vətəndaş həmin torpaqda fərdi yaşayış evi tiksə də, bu evə Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətindən çıxarış, yəni "kupça" ala bilməyəcək. Odur ki, torpaq alarkən sırf dəyərindən qat-qat ucuz olduğu üçün şirniklənməməyi və diqqətli olmağı tövsiyə edirəm", - T.Abdullazadə bildirib.
Ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.
AQTA-dan bildirilib ki, qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Azərbaycan paytaxtı Bakı və ətraf qəsəbələrdə bir çox torpaq, ev sahiblərinin əlində bələdiyyə sənədləri var, amma sənədləşmə işində heç bir dövlət qurumu həmin sənədlərə yaxın durmur. Məsələ burasındadır ki, 16 ildir bələdiyyələrin torpaqla bağlı sərəncam vermək səlahiyyəti əlindən alınıb.
Binəqədi rayonunda yaşayan Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, evi tikib və bələdiyyə sənədləri var: "İndi evi satmaq istəyirəm, çıxarış almaq istəyirəm, mənə deyirlər ki, bu sənədlər rəsmi sənəd sayılmır".
Milli Məclisin deputatı Fazil Mustafa "Turan"a bildirib ki, Azərbaycanda bələdiyyələrin faktiki olaraq heç bir fəaliyyəti nəzərdə tutulmur: "On illərlə bələdiyyə vergisini ödəyən adamın birdən gəlib mülkiyyətini əlindən alırlar ki, bəs səndə bələdiyyə sənədi var, bu, keçərli deyil. Olduqca yanlış bir yanaşmadır. Mülkiyyət hüququnun qorunması istiqamətində lazımi səviyyədə addımlar atılmır. Bu da onu göstərir ki, ümumi qanunla qorunmayan mülkiyyət ölkədə əsas problemlərin birinə çevrilib. Vətəndaş güvənlik hiss etmir, hətta elə olur ki, əmlak olduğu torpağı özəlləşdirmirlər. Bu düzəlməlidir".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə AzadlıqRadiosuna bildirib ki, qeyri-rəsmi statistikaya görə, hazırda Bakı və Abşeron ərazisində çıxarış ala bilməyən 500 mindən artıq fərdi ev var: "Bu evlərin böyük əksəriyyətinin sənədi bələdiyyə tərəfindən verilmiş sərəncamlardır ki, vətəndaşlar onların əsasında torpaq alıblar, onun üzərində ev tikiblər və həmin mülkiyyəti özəlləşdirə bilmirlər. Amma bu, bütün bələdiyyə sənədlərini əks etdirmir. Yəni, sağlam şəkildə bələdiyyələr tərəfindən (hərrac yolu ilə) satılmış torpaqlar var ki, həmin torpaqlarda rahat şəkildə çıxarış almaq olur".
Onun deməsinə görə, bəzən bilərəkdən, bəzən də bilməyərəkdən müxtəlif təyinatlı torpaqları da bələdiyyə torpaqları kimi satıblar: "Əkin sahələri, neft əraziləri da bələdiyyə torpağı kimi satıldı. O torpaqlarda tikilən evlərin sahibləri sənədi götürüb çıxarış almaq istəyəndə bəlli olur ki, o torpaq bələdiyyənin deyil, tam fərqli qurumun balansında olan torpaqdır və bələdiyyələrin onları satmağa hüququ yox imiş".
Mövzu ilə bağlı bələdiyyələrlə də danışmağa cəhd göstərdik. Amma bəzi bələdiyyələrdən adlarının çəkilməsini istəmədən vurğuladılar ki, bu problem hələ bələdiyyələr yaradılmamış (1999-cu ildən öncə) bir sıra vətəndaşların torpaqları qanunsuz zəbt etməsi ilə başlayıb. Onlara görə, əgər qanunsuzluqlarda hansısa bələdiyyələr də iştirak edibsə, qanun qarşısında cavab verməlidirlər.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4311,0 milyon manat vəsait ayrılıb.
Bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində qeyd olunub.
Bildirilib ki, bu vəsaitin 2665,4 milyon manatı və ya 61,8 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 1079,7 milyon manatı (“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq 2022-ci il dövlət büdcəsinin bəzi xərclərinin icrası zamanı qənaət olunmuş vəsait hesabına dövlət büdcəsinin ehtiyat fonduna əlavə yönəldilmiş 1073,5 milyon manat vəsait nəzərə alınmaqla) və ya 25,1 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 467,1 milyon manatı və ya 10,8 faizi dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) xərclərinin, 98,8 milyon manatı və ya 2,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.
Həmin vəsaitin 4070,9 milyon manatı infrastruktur təyinatlı layihələrin tikintisinə, yenidən qurulmasına (yol infrastrukturlarının layihələndirilməsinə, tikintisinə, yenidən qurulmasına 3677,6 milyon manat (avtomobil yollarına 3347,8 milyon manat, dəmir yollarına 329,8 milyon manat), yeni su elektrik stansiyalarının və enerji qovşaqlarının tikintisinə (128,8 milyon manat), ərazilərin içməli su təchizatının yaxşılaşdırılmasına (30,3 milyon manat), meliorasiya işlərinə (115,7 milyon manat), yeni yaşayış komplekslərinin layihələndirilməsi və tikintisi işlərinin aparılmasına (82,8 milyon manat), bərk məişət tullantıları infrastrukturunun yaradılmasına (5,5 milyon manat), kadastr xidmətlərinin həyata keçirilməsinə (15,0 milyon manat), hava limanlarında aeronaviqasiya sistemlərinin quraşdırılmasına 10,0 milyon manat), 99,9 milyon manatı ərazilərin minalardan təmizlənməsinə, 60,9 milyon manatı müdafiə və hüquq mühafizə təyinatlı obyektlərin tikintisinə, təmirinə, 54,5 milyon manatı sosial təyinatlı layihələrin (təhsil, səhiyyə, mədəniyyət və bu kimi digər sosial tədbirlərə), 24,8 milyon manatı isə digər tədbirlər üzrə xərclərə yönəldilib.
Yeni təsdiqlənən ''Elektroenergetika haqqında'' qanun elektrik enerjisinin qiymətinin artmasına səbəb olmayacaq. Əksinə, bu qanun hazırda istehsalı və satışı yalnız azərenerji və azərişıq tərəfindən həyata keçirilən enerji sektorunda özəl iştirakçıların fəaliyyət göstərməsinə şərait yaradacaq.
Bu barədə Energetika Nazirliyindən verilən açıqlamada deyilir.
Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənov "Xəzər Xəbər"ə deyib ki, bu qanunda elektrik enerjisinin pərakəndə qiymətinin sərbəstləşməsindən söhbət getmir. Burada tariflər yenə də dövlət tərəfindən tənzimlənəcək.
Şöbə müdrinin sözlərinə görə, yeni qanun xüsusilə böyük müəssisələrə enerji təminatçısını seçmək şansı verəcək. Onlar enerjini ən ucuz satan təminatçı ilə müqavilə bağlaya biləcəklər.
Bütövlükdə, bazarda müstəqil enerji istehsalçılarının artması keyfiyyətin də yüksəlməsinə səbəb olacaq.
Qeyd edək ki, yeni qanun 2024-cü ildən qüvvəyə minəcək və mərhələli şəkildə tətbiq ediləcək.
“Qubadlı rayonunun Bərgüşad və Həkəri çayının qovşağında yerləşən Zilanlı kəndi bir il yarıma tikilib təhvil veriləcək. Sonra isə sakinlərin doğma yurdlarına köçürülməsi başlanacaq”.
Xezerxeber.az-ın məlumatına görə, bunu “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyyə Rza bildirib.
O qeyd edib ki, Zilanlıya ilk mərhələdə 772 nəfərin köçürülməsi nəzərdə tutulub.
80 hektarı əhatə edən layihələndirilmiş ərazidə yerli materiallardan istifadə olunur, tikintinin hər mərhələsində iqlim şəraiti də nəzərə alınır.
Ümumiyyətlə, tikinti-quruculuq işləri Qubadlının şəhər mərkəzində, Xanlıq kəndi, Kürdmahruzlu kəndlərində də başlayıb.
Daha ətraflı süjetdə:
1. Masallıda 51 min əhalinin istifadə etdiyi yolun əsaslı təmiri davam edir-15 May
2. Kəlbəcərdə müxtəlif təyinatlı yollar qardan təmizlənib-16 May
3. Neftçala rayonunda 11 yaşayış məntəqəsinin yolları yenidən qurulur-17 May
4. Salyanda 16 min əhalinin istifadə etdiyi yollar yenidən qurulur-18 May
5. Qəbələ və Oğuz rayonlarından olan vətəndaşların qəbulu keçirilib-19 May
YOLUNUZ AÇIQ OLSUN...
2023-cü ilin yanvar-aprel ayları ərzində Azərbaycana ümumilikdə 433 milyon 146,85 min dollar dəyərində 29 855 ədəd avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 28% və ya 6 499 ədəd artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 dəfə və ya 476 ədəd artıb.