![]() |
|
Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələri açıqlanıb.
Avronun məzənnəsi 1,11% artaraq 1,8304 manat, Rusiya rublunun məzənnəsi 1,35% geriləyərək 0,0220 manat, Türkiyə lirəsi 0,34% ucuzlaşaraq 0,0891 manat təşkil edib.
ABŞ dollarının məzənnəsi isə dəyişməyərək 1,7000 manat olub.
“ABŞ Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin 4.75 faizdən 5.0 faizədək artırılması ilə bağlı qərar qəbul etdi. Birləşmiş Ştatlarda uçot stavkası 2007-ci ildən bəri ən yüksək həddədir”.
Bunu millət vəkili, iqtisadçı Vüqar Bayramov öz feysbuk hesabında yazıb.
Onun sözlərinə görə, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:
“Belə ki, ABŞ-də illik 6.0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in hədəflədiyi 2.0 faizlik intervaldan hələ də xeyli uzaqdır.
Bu gün Azərbaycan-Rusiya sərhədində yerləşən “Xanoba” gömrük postunun yenidənqurmadan sonra açılış mərasimi keçirilib.
Report xəbər verir ki, tədbir iki ölkənin rəsmi şəxslərinin iştirakı ilə baş tutub.
Mərasimdə çıxış edən Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib ki, Rusiya ilə bütün sahələrdə səmərəli və işgüzar əməkdaşlıq qurulub.
Onun sözlərinə görə, ötən il iki ölkənin ticarət dövriyyəsinin dəyəri əvvəlki illə müqayisədə 24% artaraq 3,7 milyard ABŞ dollarına çatıb.
Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi üzrə ölkələrimiz arasındakı səmərəli əməkdaşlıqdan, Azərbaycan tərəfinin yol infrastrukturunun yenidən qurulması, logistika imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Ş.Mustafayev “Xanoba” sərhəd-buraxılış məntəqəsinin sərhədkeçmə proseslərinin sürətləndirilməsi, yükdaşımaların artırılması, nəqliyyat və sərnişin axınının səmərəli tənzimlənməsi üçün əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Hökumət rəsmisi əlavə edib ki, Azərbaycan Şimal-Cənub dəhlizi ilə yükdaşımaların illik həcminin 15 milyon tona çatdırılmasına hazırdır:
“Bu artım iki ölkə arasında logistikanı inkişaf etdirəcək”.
Zəngəzur dəhlizinin tərkib hissəsi olan Horadiz-Ağbənd dəmiryolu və avtomobil yolunun tikintisi 2024-cü ildə başa çatacaq.
Bunu Baş nazir Əli Əsədov parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı üzərinə düşən vəzifəni yerinə yetirməkdədir və nəzərdə tutulan işlər qrafikdə nəzərdə tutulduğu zamanda başa çatacaq.
Baş nazir əlavə edib ki, ölkə başçısının yürütdüyü məqsədyönlü islahatlar Şərqi Zəngəzur və Qarabağın sürətli inkişafına xidmət edir.
Ə.Əsədov onu da bildirib ki, Şərqi Zəngəzur və Qarabağın yenidən qurulması, inkişafı üçün 6,5 mlrd manat vəsait ayrılıb və onun 4,3 mlrd manatı icra olunub.
"Bakı Metropoliteni" QSC-nin iş rejimində dəyişiklik edilir.
Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun verdiyi məlumata görə, martın 19-21-i şəhər mərkəzinə, bayram gəzintisi və müxtəlif tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda əlavə işçi qüvvəsi cəlb edilməklə növbətçilik cədvəli tərtib olunub.
B.Məmmədov qeyd edib ki, 19-21 martda “Həzi Aslanov”-“28 May” sahəsində qatarların hərəkəti 2,5 dəqiqəlik, ayın 22-24-də isə 3 dəqiqəlik intervalla tənzimlənəcək:
“Bu stansiyada Qırmızı və Yaşıl xətlər birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində qatarların hərəkət intervalı iki dəfə çox olacaq. Bununla belə, sərnişin axınının tənzimlənməsi məqsədilə “Nərimanov” elektrik deposunda ehtiyat qatarlar saxlanılacaq və zərurət yaranacağı təqdirdə xəttə buraxılacaq.
“Bakmil” istiqamətinə və əksinə hərəkət edən sərnişinlərin diqqətinə çatdırılır ki, qatarların hərəkət cədvəli martın 19-21-də şənbə günü qrafikinə, ayın 22-24-də isə bazar günü qrafikinə uyğun olacaq”.
Riyad Qasımov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə yeni rəis təyin olunub.
Sözügedən vəzifə R. Qasımova 2023-cü il martın 1-dən etibarən həvalə edilib.
O, daha əvvəl Komitədə və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsini icra edib.
Son zamanlar elan saytlarında çox yüksək qiymətə təklif edilən ev satışı elanlarına rast gəlirik. Belə fantastik məbləğlər daha çox rayonlarda satılan evlərlə bağlı olur. Biz də belə elanlardan bir neçəsinin izi ilə yolumuzu 200, 300 minə evlərin təklif edildiyi Göyçay rayondan saldıq.
Sakinlər bildirirlər ki, Göyçayda evlərin qiymətində əvvəlki aylara nisbətən kəskin bahalaşma müşahidə olunur. Onların sözlərinə görə mərkəz hissədə olan torpaqlar və evlərin qiyməti Bakı ilə eynilik təşkil edir. Elə yerlər var ki, orada torpağın sotu 10 min manata satılır.
Amma fantastik qiymətlərlə bərabər uyğun qiymətə və bir az da ucuz evlər də almaq mümkündür. Belə evlərin əksəriyyətinin isə ya sənədləri düz deyil, ya da təmirsizdir və ya mərkəzdən uzaqda yerləşir.
Göyçayda 1 ha meyvə bağının qiyməti 80.000 manatdan 100.000 manat arasında dəyiş. Qiymətlərin həm bağların şəhər mərkəzinə yaxınlığı həmdə içərisində olan meyvə ağaclarına görə deyişdiyi bildirilir.
Mingəçevir su anbarına daxil olan suyun nizamsız olaraq Kür çayının aşağı axınına və magistral kanallara verilməsi yay aylarında kənd təsərrüfatı bitkilərinin intensiv suvarılması dövründə çox ciddi çətinliklər yarada bilər.
Bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-dən bildirilib.
"Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır. Suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir. Hazırda çayın mənsəbində yerləşən rayonlara suyun verilməsində qısa müddət ərzində yaranmış çətinliklər aradan qaldırılır", - ASC qeyd edir.
Son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 m3 (500-600 m3 gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 m3, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 m3 və Yuxarı Şirvan kanalına 41 m3 suyun buraxılması təmin olunur.
Qeyd olunur ki, Mingəçevir su anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyaları vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli su təmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir.
Bir neçə gün öncə ABŞ-ın ən böyük banklarından biri olan “Silicon Valley Bank” müflis olduğunu elan etdi və bu, 2008-ci ilin maliyyə böhranından sonra ilk belə hal idi. Çox keçmədi ki, daha bir ABŞ bankı “Signature Bank” müflis olduğunu açıqladı.
Ard-arda bankların iflas açıqlamaları qlobal maliyyə böhranının yaxınlaşması ilə bağlı narahatlıqları özü ilə gətirdi.
İqtisadçı ekspert Elman Sadıqov açıqlamasında sözügedən bankların bağlanma səbəblərindən danışıb. O bildirib ki, ABŞ-ın 16-cı böyük bankı “Silicon Valley Bank”ın ötən ilin yekununda qiymətli kağızlar üzrə əməliyyatlarda 15 milyard dollarlıq reallaşdırılmamış zərəri var idi: “İflasın əsas səbəbi depozitarların öz vəsaitlərini bankdan çıxarmaları idi ki, nəticədə bank depozitlərin hamısını ödəyə bilmədiyi üçün özünü müflis elan etdi. Bankın zərərlərinin formalaşmasında əsas amillərdən biri Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən kəskin faiz artımları oldu. Bu faiz artımları nəticəsində xüsusilə texnoloji şirkətlərdə səhmərin qiymətlərinin aşağı enməsi bankda böyük zərərlərin formalaşmasına gətirib çıxarmışdı. Bank faktiki olaraq xilas planını hazırlamış, lakin son anda həmin planın həyata keçirilməsindən imtina etmişdi. Bankın ümumilikdə 211,8 milyard dollarlıq aktivləri, 175,4 mlrd dollarlıq depozit portfeli var.
Daha çox iri depozit müştəriləri ilə çalışan bankın depozit portfelinin 90%-ə qədəri sığortalanmayandır. Belə ki, ABŞ-da 250 min dollara qədər olan depozitlər sığortalanır.
İflas olan “Signature Bank”ın aktivləri i110,4 mlrd dollar, depozit portfeli 82,6 mlrd dollar, kredit portfeli 62,25 mlrd dollardır. Hər iki bankın qiymətli kağızlar bazarında ciddi payı var idi. Qiymətli kağızların dəyərlərini itirməsi həmin banklara ciddi zərbə vurdu və depozit qaçışı bankların öhdəliklərini həyata keçirmələrinə əngəl törətdi”.
Ekspertin sözlərinə görə, ortaya çıxan suallardan biri ABŞ requlyatorlarının bu halı gözdən qaçırmalarıdır. “Adətən daha öncədən məsələlər mətbuata çıxır və müzakirə olunur. Həmçinin ABŞ hökuməti bu bankı xilas edə bilməzdimi? Likvidlik dəstəyinin göstərilməsi ən azından psixoloji olaraq depozitarların bankdan qaçışının qarşısını alardı. Digər tərəfdən, uçot faizlərinin sürətlə artırılmasının sektordakı digər banklara necə təsir göstərəcəyi də ciddi sual doğurur”.
E. Sadıqovun fikrincə, digər banklara yoluxma riski narahatlıq yaratsa da, bu risk yüksək qiymətləndirilmir: “Son məlumatlara görə, Böyük Britaniyanın “HSBC” bankı “Silicon Valley Bankın İngiltərə qolunu aldı və depozitlərə qarantiya verdi. Bu da bir tərəfdən riski azaltdı. Həmçinin bu bankların dünya maliyyə bazarlarına təsir imkanları da çox deyil. Bankın aktivlərinin dəyəri maliyyə bazarlarına böyük zərbə vura bilməyəcəyini göstərir. Lakin digər böyük banklara zərər vuraraq domino effekti yaradarsa, ciddi böhranlar baş verə bilər. Hazırda ABŞ-da trilyon dollarlarla aktivləri olan banklar var ki, onların vəziyyəti qənaətbəxşdir. İstənilən halda 2 bankın iflası requlyatorlara qarşı inzamsızlıq yaratdı”.
Dünya maliyyə sisteminə güclü təsirin gözlənilmədiyini deyən ekspert qiymətli kağızlar bazarında enişləri iflas edən 2 bankın qiymətli kağızlarının bazara çıxarılaraq təklifi artırması ilə əlaqələndirir: “Ümumilıikdə sözügedən bankların ciddi maliyyə böhranları yaratma imkanları zəifdir. Lakin hər bir halda FED-in faiz artımının banklara mənfi təsiri, artırmamasının isə inflyasiyanı tətikləməsi kontrollu resessiyanı istisna etmir”.
“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti martın 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadaraq Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımalarını həyata keçirəcək.
Bu barədə ADY-dən bildirilib. Biletlər martın 10-dan satışa çıxarılacaq.
Qeyd olunub ki, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən sərnişin qatarı ilə 8 saata çatdırılırdısa, artıq bu məsafə 4 saat 55 dəqiqəyə qət olunacaq.
Marşrut xəttinin uzadılması Tovuz stansiyasında da fəaliyyətin təmin olunmasına imkan yaradır.
Hərəkət cədvəlinə gəlincə sürətli sərnişin qatarı hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşərək saat 13:40-da mənzil başına çatacaq. Ağstafa-Bakı marşrutu üzrə isə qatar hər gün saat 17:10-da yola düşəcək və Bakı Dəmiryol Vağzalına saat 22:05-də çatacaq. Sürətli sərnişin qatarının müvafiq marşrut üzrə orta sürəti 100 km/saat təşkil edəcək.
Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gediş haqqı standart sinif üçün yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün isə 16 manat təşkil edir. Biletləri Dəmiryol Vağzallarının kassalarından və ya ADY-nin rəsmi saytından (//ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.
459 km uzunluğunda olan Bakı-Ağstafa-Bakı marşrutu üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edəcək. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.
Qeyd edək ki, Azərbaycan da daxil olmaqla MDB-də qüvvədə olan dəmir yollarının sürət nornativlərinə əsasən, sərnişin qatarının orta sürəti 50-90 km/saat təşkil edərsə, bu, sürət qatarı, 91 km/saatdan artıq olduqda isə sürətli sərnişin qatarı hesab olunur. Azərbaycan Dəmir Yolları MDB Dəmir Yolları Şurasının üzvü olduğundan öz fəaliyyətində həmin Şuranın normativlərinə istinad edir.