|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov fevral ayının 25-də Salyan rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Biləsuvar rayonunda vətəndaşları qəbul edəcəklər.
Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu saat 10:00-da Salyan şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.
Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə saat 10:00-da Biləsuvar şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Bİləsuvar rayonunun sakinləri iştirak edə bilərlər.
Hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Qəbullar mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutacaq.
Son günlər 20 Yanvar dairəsində hərəkətin təşkili ilə bağlı edilən dəyişikliklər xaotik vəziyyət yaradıb. Ərazidə dəhşətli tıxac müşahidə olunur. Artıq bəzi sürücülər vəziyyətə öyrəşdiyi üçün qismən yaxşılaşma onları sevindirir. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakı Nəqliyyat Agentliyi ərazidə hərəkəti yeni formada təşkil etməyə çalışır. Bu barədə artıq videoçarx da hazırlanıb. Belə ki, Şamaxinka istiqamətindən gələrək dairəyə daxil olan sürücülər birbaşa Tbilisi prospektinə girə bilməyəcək. Digər dəyişikliklər də gözlənilir.
"Yol-xeber.az"ın Trend-ə istinadla verdiyi məlumata görə, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, adıçəkilən yolun təmiri yaxın üç ay müddətində başa çatdırılacaq:
"Biz çalışırıq ki, mayın sonuna qədər həmin yol hissəsini yeni açılmış tunellərlə birlikdə istifadəyə verək. Həmin yolun genişləndirilməsində siz yeni bir yol tənzimlənməsi də görəcəksiniz. Bu, "20 Yanvar" dairəsindən başlayaraq Masazır körpüsünə kimi yeni bir yol qovşağı olacaq. Həmin sistemi vətəndaşlar reallıqda görəcəksiniz. Bu yol sərnişinlərin rahat gediş-gəlişinə şərait yaradacaq.
Sumqayıtdan Bakı istiqamətində Beynəlxalq Avtovağzalın yaxınlığında yeni tunel salınması ilə bağlı layihəni hazırlayıb təqdim etmişik. Bakı Nəqliyyat Agentliyi, Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin Nəqliyyat İdarəsi, Arxitektura və Şəhərsalma Komitəsi ilə birlikdə layihəyə baxılacaq, təsdiqləndikdən sonra icrasına başlanılacaq".
“Bu ilin sonuna qədər Bakı-Şamaxı-Yevlax avtomobil yolunun üzərindəki Xaldan qəsəbəsindən Gürcüstan sərhədinə qədər olan yolun 54 km-lik Xaldan-Şəki hissəsinin çəkilib başa çatdırılması nəzərdə tutulur”.
Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.
Onun sözlərinə görə, bundan əlavə, respublika əhəmiyyətli 68 km-lik Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun çəkilişinin ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
“Bu il respublika əhəmiyyətli 36 yol, Bakı şəhəri üzrə isə rayon və qəsəbələrinin abadlaşdırılması üçün 12 yol üçün vəsait ayrılıb”, - o deyib.
“Azərbaycan Dəmir yolları” QSC-də hərəkətin tənzimlənməsində yeni Mikro Prossesor Mərkəzləşməsi sistemi tətbiq edilib.
Yol-xeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkət xidmətinin rəisi Elçin Məmmədov BAKU.WS-ə bildirib.
Onun sözlərinə görə, Mikro Prossesor Mərkəzləşməsi (MPM) qatarların hərəkətini avtomatik tənzimləyir, vaxta qənaət edir, dəqiq və operativdir, eləcə də səhvə yol vermir.
“Bizim xarici filmlərdə gördüyümüz kimi qatarlar kompüterlər vasitəsilə idarə olunur. Yollar, yol dəyişənlər, işıqforlar və s. bir sistemlə idarə edilir. Hazırda Azərbaycan dəmir yollarında həmin sistem tətbiq edilir.
Bu sistem Böyük Kəsik, Soyuq Bulaq, Salahlı, Poylu-baş, Ağstafa, Tatlı, Tovuz, Qovlar, Zəyəm, Dəllər, Şəmkir, Alabaşlı, Gəncə stansiyalarında və bu stansiyalar arasındakı 12 mənzildə tətbiq edilir.
Hazırkı vaxtadək “Azərbaycan Dəmir Yolları” QSC-nin stansiyalarında, postlarında, məntəqələrində və mənzillərdə qatarların hərəkəti və manevr işləri rele sistemləri vasitəsilə idarə olunurdu.
Bu stansiyalarda, postlarda, məntəqələrdə və mənzillərdə fəaliyyət göstərən idarəetmə tabloları, Siqnalizasiya Mərkəzləşmə və Bloklama (SMB) qurğuları həm müasir tələblərə, həm də texniki tələblərə cavab vermirdi”, - deyə Elçin Məmmədov bildirib.
Onun sözlərinə görə, əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə hazırlanan və tətbiq edilən Mikro Prossesor Mərkəzləşməsi sistemi bir çox üstünlüklərə malikdir:
- Texniki qurğular 60 faiz az yer tutur.
- Mərkəzdən kənarda yerləşən texniki avadanlıqlar 35 faiz azalır.
- Stansiyalararası mənzillərdəki avadanlıqlar ləğv olunur.
- Elektrik enerjisinə 15-18 faiz qənaət edilir.
- Əl əməyi tam avtomatlaşdırılır.
- Baş verə biləcək nöqsanlar əvvəlcədən müəyyənləşdirilir və bu haqda aidiyyəti üzrə məlumat verilir.
- Qatarların hərəkəti və manevr işləri Dispetçer Mərkəzindən idarə oluna bilir.
- İdarəetmə kompüter monitorları vasitəsilə həyata keçirilir.
"Biz burada da hər şeyə ədalətli yanaşmalıyıq. Parkinq imkanları olmalıdır ki, sonra biz vətəndaşlardan bu qaydalara riayət etmələrini tələb edək. Ona görə, bəzi hallarda sürücülər bu qaydaları kobudcasına pozurlar. Parkinq olan yerdə maşınları münasib olmayan yerlərdə saxlayıb, həm piyadalara maneə törədirlər, həm də nəqliyyata problem yaradırlar". Yol-xeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimlini qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, kifayət qədər böyük imkanlar, yəni, parkinq yerləri olmalıdır ki, biz sürücülərə bu tələbləri irəli sürək: "Burada da heç bir qanun pozuntusu olmamalıdır. Qanun qarşısında hamı bərabərdir. Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır. Yenə də deyirəm, havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir, xüsusilə, tıxac olan yerdə. Tıxacın olmaması isə sizin əsas vəzifənizdir. Siz bundan sonra da aidiyyəti dövlət qurumları ilə bu istiqamətdə fəal olmalısınız".
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Prezidentin sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə işlər davam etdirilir. Dövlət Agentliyindən Yol-xeber.az-a verilən məlumata görə 42 km uzunluğa malik olan avtomobil yolu uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlmişdi. Bu problemlərin aradan qaldırılması üçün ölkə başçısının imzaladığı sərəncamdan dərhal sonra, yolun yenidən qurulmasına agentlik tərəfindən kifayət qədər texnika cəlb olunmaqla işlərə başlanıldı və hazırda bu çərçivədə sürətlə və keyfiyyətlə yenidənqurma işləri davam etdirilir.
35 min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Zərdab avtomobil yolunda aparılan torpaq işləri yekunlaşmaq üzrədir. Yol boyu yeni yol yatağı inşa edilib. Bunun üçün yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri görülüb. Bunun ardınca layihədə nəzərdə tutulmuş qarışıq və qalınlıqda yol əsasının işlənilməsi işlərinə də başlanılıb.
Mövcud suötürücü boruların sınmış və ya çökərək yararsız vəziyyətdə olduğundan aparılan işlər çərçivəsində müxtəlif diametrli yeni suötürücü borular, həmçinin kollektor su keçdiləri inşa olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrdə isə əlaqələndirici bitum səpilməklə yola asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 250 min kv.m-dən çox sahəni əhatə edəcək.
Təbii ki, layihənin sonunda avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün siqnal dirəkləri, km göstəriciləri, yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yol xətlənməsi işləri aparılacaq, yol birləşmələri təmir ediləcək, 41 ədəd avtobus dayanacağı qurulacaq.
Bu tədbirlərin icrası, ilk növbədə, sözügedən marşrutlar üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
Respublika əhəmiyyətli Ağsu–Kürdəmir–Bəhrəmtəpə avtomobil yolunun 53-cü km–dən ayrılan Zərdab avtomobil yolunun yenidən qurulması ilə Kürdəmir və Zərdab rayonları arasında nəqliyyat əlaqəsinin yaxşılaşdırılması, yol boyu yaşayan vətəndaşların hər iki rayon istiqamətində rahat hərəkətinin təmin olunması, yük və sərnişin daşımasının yaxşılaşması ilə ərazi boyu kənd təsərrüfatının inkişafı hədəflənir.
Uzun illərdir ki, nəqliyyat şəraitinin xaotik olduğu "20 Yanvar" dairəsi ətrafında nizamın yaradılması istiqamətində Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib. Onun sözlərinə görə, adıçəkilən dairə ətrafında hərəkətin nizamlanması və hərəkət sıxlığının aradan qaldırılması məqsədi ilə layihə işlənib hazırlanıb: "Artıq layihə Nazirlər Kabineti yanında Yol Hərəkəti Təhlükəsizliyi komissiyasına təqdim edilib. Bundan əlavə, dairə ətrafındakı yollarda qanunsuz parklanma hallarına qarşı intensiv tədbirlər görülməkdədir. 3-cü mikrorayon dairəsi və Moskva prospekti (Şamaxinka adlanan ərazi) istiqamətində qanunsuz parklanmaya qarşı intellektual nəzarət sisteminin kameraları quraşdırılıb. Bununla yanaşı, ərazidə gündəlik olaraq əməkdaşlarımız tərəfindən xidmət təşkil olunub. Dairə ətrafında taksi duracaqları da yaradılıb".
M.Ağayev bildirib ki, qeyd edilən ərazidə icra olunan digər mühüm tədbir səkilərin dəmir məhəccərlə əhatələnməsidir: "Aparılan müşahidələr də onu göstərir ki, "20 Yanvar" dairəsində nəqliyyatın hərəkətinə maneə yaradan əsas amillərdən biri də piyadaların dairə ətrafında xaotik hərəkətidir.
"20 Yanvar" dairəsi ətrafında, eləcə də "Şamaxı yolu" adlanan ərazidə hərəkəti çətinləşdirən digər bir süni amil qanunsuz sərnişindaşıma hallarının mövcudluğudur. Biz tərəfdən ərazidə qanunsuz parklanma hallarına qarşı tədbir görülür. Amma tam nəticə əldə olunması üçün mütləq şəkildə qanunsuz sərnişindaşıma fəaliyyətinə qarşı da müvafiq qurumlar tərəfindən tədbirlər görülməlidir". (trend)
Respublika ərazisində kəndlərarası və qəsəbələrarası avtomobil yolların yenidən qurulması və tikintisi layihələrinin davam etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən mühüm yol infrastrukturu layihələri icra olunur.
Balakən rayonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, cari ildə uzunluğu 39.2 km olan və başlanğıcını Yevlax-Zaqatala-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 155-ci km-dən götürən Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa kəndlərarası avtomobil yolunun yenidən qurulmasına start verilib.
Avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması yol boyu yerləşən yaşayış məntəqəsinin əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edir.
Hazırda yol boyu deformasiyaya uğramış hissələr bərpa olunur, zəruri olan yerlərdə yeni yol yatağı 10 metrə qədər genişləndirilərək yeni yataq inşa edilir, həmçinin optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşası işləri də aparılır.
Layihə çərçivəsində yol boyu suların ötürülməsi üçün mövcud suötürücü borular işlək vəziyyətə salınır, zəruri olan yerlərdə yeniləri qurulur. Artıq bu işlərin nəticəsi olaraq bir-çox yerdə müxtəlif diametrlərə malik yeni suötürücü boru quraşdırılıb və 1 dördbucaqlı su keçidi inşa edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsası hazır olan hissələrin isə asfaltlanması işləri aparılacaq. Belə ki, yolun təqribən 230 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa ediləcək.
Tikinti işləri tam olaraq yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qullar-Tülü-Talalar-Acılıqbinə-Qaysa avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu 7 yaşayış məntəqəsində yaşayan 30 min əhalinin istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.
Bütün işlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə aparılan işlərin tərtib olunmuş qrafikə uyğun bu il ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.