![]() |
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da Pakistan İslam Respublikasının MUSLİM İnstitutunun direktoru, Cunaqad Ştatının Baş naziri Sahibzadə Sultan Əhməd Əlini qəbul edib.
Görüşdə Bakıda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin müxtəlif mədəniyyətlərin nümayəndələri arasında əlaqələrin qurulması işinə töhfə verdiyi qeyd olunub.
Söhbət zamanı Azərbaycan-Pakistan əlaqələrinə toxunularaq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, müxtəlif məsələlərlə bağlı Azərbaycanın və Pakistanın daim bir-birini dəstəkləməsinin önəmi vurğulanıb.
Görüşdə Ulu Öndər Heydər Əliyevin Pakistana səfərinin iki ölkə arasında əlaqələrin təməlini qoyduğu qeyd edilib və yüksək səviyyədə həyata keçirilən qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin möhkəmlənməsi işinə töhfə verdiyi bildirilib.
Polis kapitanı Natiq Həsənov İsmayıllı Rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Publika.az xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb.
ABŞ-ın Avropa Birliyi və Ermənistanla ortaq şəkildə Azərbaycanı regional proseslərdə ikinci plana sıxışdırmaq niyyəti rəsmi Bakının çevik manevrləri ilə boşa çıxarıldı... Ona görə də, Qərb siyasi dairələri Cənubi Qafqazda kifayət qədər ciddi səhvlərə yol verildiyini gec də olsa, qəbul etməyə başlayıb, indi Azərbaycanla “əməkdaşlıq qapısı” axtarılır...
ABŞ və Qərb Cənubi Qafqaz uğrunda mübarizəni daha da inkişaf etdirmək niyyətində israrlı görünür. Hər halda, son vaxtlar bu regionla bağlı Qərb siyasi dairələrinin mesajları açıq şəkildə sərt qarşıdurma məzmunu daşıyır. Belə ki, Qərb siyasi dairələri Rusiyanın Cənubi Qafqazda hərbi-siyasi gərginliyin əsas qaynağı kimi təqdim etməyə çalışırlar. Və bu iddialarından da Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən çıxarılmasının vacibliyini arqumetləşdirmək üçün istifadə edirlər.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin bu iddiaları indiki situasiya üçün bir qədər şişirdilmiş kimi görünür. Ən azından ona görə ki, son vaxtlar bu regionda hərbi-siyasi gərginliyin yüksəlməsində Rusiya deyil, məhz ABŞ və Qərb stimullaşdırıcı faktor rolunu oynayır. Hər halda, ABŞ, Avropa Birliyi və Ermənistan arasında Brüsseldə keçirilmiş ortaq konfransın geopolitik nəticələri tədricən özünü biruzə verməyə başlayıb. Və bu, regional geopolitik proseslərin istiqamətlərinə birbaşa təsir göstərmək məqsədi güdən Brüssel təxribatı da hesab oluna bilər.
ABŞ və Avropa Birliyi ilk növbədə Azərbaycanı güncə sıxışdırıb, oyundankənar vəziyyətə salmağa can atır. Əsas məqsəd ondan ibarətdir ki, Cənubi Qafqazda geopolitik status-kvo dəyişdirilsin, rəsmi Bakının regional proseslərdə həlledici xarakter daşıyan geopolitik iradəsi məhduslaşdırılsın. Yeni regional şərtlərin yaradılması ilə Ermənistanın regional mövqelərinin möhkəmləndirilməsinə, effektiv forposta çüvrilməsinə cəhd göstərilirdi. Və bu, Azərbaycanın milli maraqlarına real təhlükənin ortaya çıxamaqda olması anlamı daşıyırdı.
Təbii ki, Azərbaycan ABŞ və Avropa Birliyinin bu planlarına müşahidəçi qala bilməzdi. Ona görə də, rəsmi Bakı əvvəlcə Brüssel təxribatına sərt məzmunlu reaksiya verdi, ardıncasa, heç kimə Cənubi Qafqaza belə kobud müdaxilə imkanı tanımayacağını bəyan etdi. Daha sonrasa, Azərbaycanın rəsmi dairələri siyasi manevrlər etməklə, demək olar ki, ABŞ və Avropa Birliyinin Brüssel təxribatının təsirlərini heçə endirdi. Və bununla da əslində, Qərbin yeni Cənubi Qafqaz ssenariləri bloklanaraq, iflasa uğradılmış oldu.
Eyni zamanda, rəsmi Bakı Kremllə qarşılıqlı münasibətlərini daha da inkişaf etdirə biləcəyinin açıq mesajını verdi. Belə ki, Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq üçün geniş geopolitik potensialı mövcuddur. Xüsusilə də, hazırda Azərbaycan və Rusiyanın Cənubi Qafqaz maraqlarında kifayət qədər ciddi uzlaşma müşahidə olunur. Kreml ABŞ və Qərbin hədəfində olan Rusiyanın regiondakı mövqelərinin qorunmasına çalışır. Rəsmi Bakı isə ABŞ və Avropa Birliyinin Cənubi Qafqaza Azərbaycandan yan keçməklə, yəni Ermənistan üzərindən müdaxilə cəhdlərini bloklamaqda qərarlıdır. Və bu baxımdan, həm Azərbaycanın, həm də Rusiyanın regionda əsas ortaq problemi demək olar ki, oxşardır.
Ona görə də, Prezident İlham Əliyevin Moskva səfəri ərəfəsində rəsmi Bakı və Kreml arasında əldə olunmuş tarixi anlaşma Qərbdə bir çoxlarını məyus etmək üçün yetərlidir. Belə ki, hər iki ölkənin siyasi rəhbərliyi Rusiya sülhməramlı qüvvələrinin vaxtından xeyli əvvəl Azərbaycan ərazisindən çıxarılması barədə razılığa gəlməyi bacardı. Halbuki, ABŞ və Qərb məhz bu məsələnin Azərbaycan-Rusiya ziddiyyətlərinə yol aça biləcəyinə böyük ümidlər bəsləyirdi. Və bunun baş verməməsi istər-istəməz regional situasiyanın dəyişdirilməsi planlarının da pozulmasına yol açmış oldu.
Bütün bunlara paralel olaraq, Prezident İlham Əlievin Moskva səfərinin uğurlu nəticələrlə yekunlaşması da Qərbin Qafqaz ssenariləri üçün kifayət qədər qəliz situasiya yaratdı. Çünki Azərbaycan lideri və Kreml sahibi iki ölkə arasında hər hansı ziddiyyətin olmadığını, üstəlik, müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinin ön plana keçirildiyini qabarıq şəkildə biruzə verməyi bacardılar. Və belə situasiyada Qərbin Cənubi Qafqaz planlarının böyük risk altında qaldığı qətiyyən şübhə doğurmur.
Maraqlıdır ki, Qərb siyasi dairələri, xüsusilə də, ABŞ Cənubi Qafqazda kifayət qədər ciddi səhvlərə yol verildiyini gec də olsa anladı. Belə ki, Avropa Birliyi və Ermənistanla ortaq şəkildə Azərbaycanı regional proseslərdə ikinci plana sıxışdırmaq niyyətində olan ABŞ rəsmi Bakının çevik manevrləri ilə çarəsiz duruma düşmüş kimi görünür. Hər halda, ABŞ-ın dövlət katibi Entoni Blinkenin Cənubi Qafqazdakı situasiyanı müzakirə etmək üçün Prezident İlham Əliyevə telefonla zəng etmək məcburiyyətində qalması bəzi məqamları da ortaya çıxartmış oldu.
Məsələ ondadır ki, Ağ Evdə Azərbaycandan yan keçməklə, sadəcə, Ermənistan üzərindən Cənubi Qafqazda geopolitik hədəflərə çatmağın mümkün olmayacağını artıq anlamağa başlayıblar. Ona görə də, Ağ Ev rəsmi Bakı ilə geopolitik əməkdaşlıq üçün açıq qapı saxlamaq məcburiyyətindədir. Əks halda, rəsmi Bakının ümumiyyətlə, “regionun qapısı”nı Qərbin üzərinə qapatmaqdan çəkinməyəcəyi indi qətiyyən şübhə doğurmur. Və bu, Qərbin Cənubi Qafqaz siyasətinin növbəti iflasına da yol aça bilər.
Göründüyü kimi, ABŞ və Avropa Birliyinin Brüssel təxribatı ilə başlatdığı "Cənubi Qafqaz qambiti” uğursuz oldu. Çünki Ermənistan ona ayrılmış “əsas qurban statusu”nda qalsa da, əslində, ABŞ və Avropa Birliyi hələlik əliboş qaldı. Bu baxımdan, hesab etmək olar ki, Ağ Ev “Qafqaz qambiti”ni başlatsa da, onu məhz rəsmi Bakı uğurla bitirdi. Və nəticədə hazırda əsas məğlub vəziyyətində də elə Ermənistan qalmış oldu.(Yeni Müsavat)
Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnini təqdim edir:
“Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1997-ci il 25 iyul tarixli 622 nömrəli, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2003-cü il 5 iyun tarixli 878 nömrəli, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli 2224 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 7, maddə 949 (Cild I) 5.1-ci bəndindən “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla” sözləri çıxarılsın.
Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov və digər deputat Rasim Musabəyovun Başkəndlə bağlı çıxışı ciddi rezonans yaradıb.
Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya departamentinin rəhbəri, siyasi şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı fikirlərini sərt şəkildə ifadə edib:
"İTV-nin "Azərbaycanın 4 eksklav kəndi mübadilə edilə bilər?" materialında şərh verən tarixçi, alim, deputat Anar İsgəndərov Başkəndin Qazax ərazisində olduğunu bildirir (tarixçinin tarixdən məlumatlılıq dərəcəsi), digər deputat Rasim Musabəyov isə Başkəndin heç bir "strateji əhəmiyyəti" olmadığını bildirir və gələcəkdə "mübadilə üçün" öz aləmində "əsas yaratmağa" cəhd edir. Musabəyov tarixi yaxşı bilməli idi axı ki, Başkəndin erməni işğalında qalması Şınıx zonasının 28 kəndi ilə yanaşı, bütöv Gədəbəy, Şəmkir (dolayısı ilə Gəncəyə qədər) Tovuz ərazisinin təhlükə altına düşməsi deməkdir.
Bu şəxslərin səthi məlumatlılıq səviyyəsi ölkə rəhbərliyinin sözügedən istiqamətdə apardığı siyasətə nə dərəcədə adekvatdır və onun, komandasının baxışlarına zərbə vuraraq, niyə Ermənistan baş nazirinin istinad əlini gücləndirməyə xidmət etməlidir?
Nəhayət, bu iki şəxslə bağlı isə yalnız təəssüf edirəm və bildirirəm ki, Azərbaycan torpağı sizin şəxsi məqsədlərinizdən istifadə üçün nəzərdə tutulmayıb ki, onu kimə gəldi bəxş edəsiniz, üzərində minlərlə şəhidin haqqı var...", - deyə o bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalı qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Rəsmi İrəvan kütləvi etiraz dalğasının yatırılmasına nail olmazsa, növbəti mərhələdə ordunun siyasi proseslərə daha fəal şəkildə qoşulma ehtimalı olduqca yüksəkdir... Paşinyan hakimiyyəti nə qədər Qərbdən dəstək almış olsa da, Köçəryan-Sarkusyan klanına daha yaxın olan orduya müqavimət göstərmək şansından uzaqdır...
Ermənistanda ölkədaxili situasiya maksimum səviyyədə gərginləşib. İndi bu ölkədə bütün sahələr üzrə qarışıqlıq hökm sürür. Hətta son vaxtlar Paşinyan hakimiyyəti ölkədaxili situasiyaya nəzarət etməkdə çətinlik çəkir. Yəni, Ermənistanda mövcud olan siyasi-ictimai böhran hazırda yalnız dərinləşmə istiqamətində inkişaf edir. Və belə bir situasiyanın tezliklə Ermənistanı ölkədaxili xaosa düçar edə biləcəyi də qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanda baş qaldırmış siyasi-ictimai böhranın əsas səbəb kimi, Azərbaycanla sərhəd bölgəsində delimitasiya və demarkasiya prosesinin başlanılması göstərilir. Ermənistanın radikal-revanşist siyasi dairələri bu prosesə qarşı çıxır, onu əngəlləməyə cəhd edir. Əsas arqumentləri isə məzmun etibarilə məntiqsiz və absurd xarakter daşıyır. Və bu baxımdan, erməni radikalların sərhəd delimitasiya prosesini sadəcə, kütləvi iğtişaşlar üçün bəhanə olaraq, istifadə etməyə çalışdıqları qətiyyən şübhə doğurmur.
Onu qeyd etmək lazımdır ki, hazırda Ermənistan ərazisi təxminən savaş poliqonunu xatırladır. Çünki Ermənistanın Azərbaycanla sərhəd olan və delimitasiya prosesinə start verilən Tovuş bölgədə başlayan kütləvi etiraz dalğası paytaxt İrəvan da daxil olmaqla, bütün ölkə ərazisinə yayılıb. Erməni radikallar Ermənistanın daxili və dövlətlərarası magistral yollarını bloklamağa çalışırlar. Əsas məqsəd Ermənistanda idarəedilməz daxili situasiyanın yaradılmasına nail olmaqdır.
Böyük ehtimalla Ermənistanda indiki situasiya hələ uzun müddət davam edə bilər. Çünki Azərbaycan-Ermənistan sərhədlərində delimitasiya və demarkasiya prosesi hələ yeni başlayıb. Tezliklə bu proses daha da inkişaf edəcək və yeni istiqamətlər alacaq. Rəsmi İrəvan Azərbaycana aid bütün kəndləri və əraziləri geri qaytarmalı olacaq. Və belə anlaşılır ki, əslində, Paşinyan hakimiyyəti bu prosesin mümkün qədər sürətlə aparılmasına qarşı deyil.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsini müəyyən mənada, Ermənistanın təhlükəsizlik maraqlarını əsas təminatı hesab edir. Rəsmi İrəvan artıq vurğulayıb ki, Ermənistana kənardan heç kim yardım göstərməyəcək. Ona görə də, sərhədlərin delimitasiyası Ermənistanın təhlükəsizliyinin təmin edilməsi yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir.
Ancaq nə qədər qəribə də olsa, erməni radikal-revanşistlər bu sadə reallığı ya anlamırlar, ya da anlamaq istəmirlər. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər. Halbuki, dövr dəyişib, onların təzyiq göstərə bildikləri keçmiş SSRİ artıq çoxdan dəyişib. Və bu metod artıq effektiv deyil.
Rəsmi Bakı üç-beş erməni radikalının etiraz edib, Ermənistanda yolları bağladığına görə Azərbaycan ərazilərini geri qaytarmaq niyyətini təxirə salmaz. Ermənistanda baş verən daxili qarşıdurmalar rəsmi İrəvanın problemidir. Üstəlik, bu etiraz dalğası Paşinyan hakimiyyətinə də delimitasiya prosesindən yayınmaq imkanı açmır.
Çünki rəsmi İrəvanın Azərbaycana təsir mexanizmləri mövcud deyil. Eyni zamanda, erməni radikalların davranışları beynəlxalq siyasi dairələr üçün də heç bir əhəmiyyət daşımır. Hər halda, ABŞ, Avropa Birliyi və Rusiya da daxil olmaqla, Qərb siyasi dairələri delimitasiya prosesinə başlanmasını alqışladıqlarını rəsmən bəyan ediblər. Və bu baxımdan, erməni radikalların beynəlxalq siyasi dairələrdən dəstək almaq şansı yoxdur.
Böyük ehtimalla Ermənistanı ölkədaxili xaosa sürükləyən erməni radikallar da bütün bu reallıqları anlayırlar. Ona görə də, hesab etmək olar ki, əslində, onların əsas hədəfi delimitasiya prosesini əngəlləmək deyil. Onlar bu prosesə qarşı çıxmaqla, ölkədə siyasi böhranı dərinləşdirmək, ardınca isə Paşinyan hakimiyyətinin devrilməsi üçün real situasiya yaratmaq məqsədi güdürlər. Və hətta bəzi məlumatlara görə, bu, Paşinyan hakimiyyətinin devrilməsi üçün son şans kimi də dəyərləndirilir.
Bütün bunları nəzərə aldıqda, erməni kilsəsinin Paşinyan hakimiyyətinə qarşı kütləvi etiraz aksiyalarında əsas siyasi-ideoloji mərkəz rolunu öz üzərinə götürməsi qətiyyən təəccüblü deyil. Erməni kilsəsi hazırda Ermənistan cəmiyyətini açıq mətnlə Paşinyan hakimiyyətini devirməyə çağırır. Bəzi məlumatlara görə, erməni katalikos son vaxtlar davamlı olaraq, keşişlərə əhalinin kütləvi etiraz aksiyalarına qoşulmasını təmin etmək barədə təlimatlar verib. Və erməni keşişlərə kütləvi aksiyalarda daha fəal iştirak etmək tapşırılıb.
Göründüyü kimi, erməni kilsəsi Paşinyan hakimiyyətinin devrilməsi üçün bütün resurslarını artıq hərəkətə gətirib. Bu Ermənistanda kilsəsinin fəal şəkildə siyasi mübarizəyə qoşulması anlamına gəlir. Üstəlik, bu prosesdə kilsə erməni diasporundan maliyyə dəstəyi də alır. Yəni, kilsə və diaspor hazırda Paşinyan hakimiyyətinə qarşı ittifaq qurub. Və Ermənistanda dövlət çevrilişi üçün qəti qərar verilmiş kimi görünür.
Ancaq Ermənistan cəmiyyətinin mövqeyi hələlik Paşinyan hakimiyyətinin devrilməsinə yetərli olacaq səviyyədə sərt deyil. Çünki yerli əhali dövlət çevrilişindən sonra hakimiyyətə məhz Qarabağ klanının qayıda biləcəyindən də ehtiyatlanır. Ermənistan cəmiyyətində Köçəryan-Sarkisyan klanının hakimiyyətə qayıtmasını istəyənlər o qədər də çox deyil. Xüsusilə də, baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlişindən sonra nisbətən güclənməyə imkan tapmış orta təbəqə Qarabağ klanına müqavimət göstərir. Və Paşinyan hakimiyyətini dəstəklədiyini biruzə verir.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin gələcək taleyi məhz Ermənistan ordusunun tutacağı mövqedən asılı vəziyyətə düşmüş kimi görünür. Çünki əgər, hərbi dairələr erməni radikalları dəstəkləyərsə, Ermənistanda dövlət çevrilişinin reallaşa biləcəyi qətiyyən istisna deyil. Erməni kilsəsi və Qarabağ klanı hazırda ordunun kütləvi etiraz dalğasına cəlb olunmasına cəhdlər göstərir.
Hətta son günlər məhdud sayda erməni hərbçinin aksiyaçılara qoşulduğu barədə məlumatlar mövcuddur. Bunu real təhlükə kimi qəbul edən Paşinyan hakimiyyəti dərhal həmin hərbçilərə qarşı cinayət işi açmaqla, eyni mövqedə olanlara sərt cəzalar barədə açıq mesaj verdi. Yəni, Ermənistanda hələlik hərbi qiyam təhlükəsinin qarşısı alınmış kimi görünür. Halbuki, kütləvi etiraz dalğası yatırılmazsa, növbəti mərhələdə ordunun siyasi proseslərə daha fəal şəkildə qoşulma ehtimalı hələ də aktualdır.
Bu, o deməkdir ki, Ermənistan hazırda hərbi qiyam üzərindən dövlət çevrilişi təhlükəsi ilə qarşılaşıb. Yəni, Ermənistan ordusu hər an paytaxt İrəvana doğru hərəkət edərək, situasiyanı dəyişə bilər. Və bu baxımdan, Paşinyan hakimiyyəti nə qədər Qərbdən dəstək almış olsa da, Köçəryan-Sarkusyan klanına daha yaxın olan orduya müqavimət göstərmək şansından uzaqdır.(Yeni Müsavat)