![]() |
|
“Qələbəmizə qarşı BMT-dən başlayan sanksiya planları iflasa uğrayandan sonra indi Amerika Konqresində ölkəmizin seçilmiş adamlarına qarşı cəza layihəsi işə salınıb. Üstündən 32 il keçməsinə baxmayaraq, lantoslar ailəsinin əli ilə dünya erməniçiliyi ölkəmizə qarşı siyasi şantaja əl atır. Argentinanın ən varlı adamı, “aeroport maqnatı” kimi tanınan Eduardo Ernekyanın sədrlik etdiyi Raul Vallenberq adına İnsan haqları İnstitutu, eyni adlı Fond da hörümçək toru quraraq, sanksiyalara təşviq edir, qlobal hüquq və ədalət strukturlarında mütəşəkkil dəstə, “beynəlxalq hüquq mafiyası” kimi gecə-gündüz əleyhimizə işləyirlər”.
Bunu deputat Zahid Oruc parlamentdə çıxışı zamanı deyib.
O qeyd edib ki, 90-cı illərin 1 milyon məcburi köçkün, qaçqın, məğlub ölkəsi ilə müqayisədə indi bizi zəfərəmizə görə cəzalandırırlar: “Əlləri çatsa, təkcə Vətən müharibəsinin qəhrəmanlarına qarşı deyil, bütün xüsusi təyinatlılarımıza, komandoslara, hər bir şəhidimizə, bir sözlə, bütün Azərbaycan ordusuna qarşı hərbi hökmlər çıxararlar. Xalqımızın müqəddəs simvoluna çevrilən 44 rəqəmini ləkələmək üçün “44 Azərbaycan rəsmisi” ifadəsinin seçilməsi də sübut edir ki, 8 noyabr zəfəri təkcə bir ölkə üzərində qazanılmayıb.
Dövlət elitasında parçalanma və daxili inamsızlıq yaratmaq üçün bir sıra mühüm nazirlərin, rəsmilərin adları siyahıda yoxdur. Sənədin birinci variantından “türkiyəli komandirlər” Bəhtiyar Ersay, Şeref Önqay, Göksel Kahyanın adlarının sonradan çıxarılması Türkiyəni Azərbaycanla birləşdirməkdən çəkinmənin nəticəsidir.
ABŞ Konqresi və Fransa Senatı ilə müqayisədə Ermənistan parlamenti sülh göyərçini kimi görünür. “Gürcü arzusu”nun lideri İvanişvili haqlı olaraq, onları “qlobal müharibə partiyası” adlandırır. Bizə xarici siyasət kursumuzu dəyişməyi, Ağ Evin və Brüsselin təsir agentlərinə çevirdikləri qeyri-hökumət təşkilatlarına rəsmi hakimiyyət verməyi tələb edirlər”.
O əlavə edib ki, bu il aprelin 24-də Cozef Baydenin “artsax” kəlməsini işlətməməsi və Xankəndidə “etnik təmizləmə” iddiasına “sıfır reaksiyası “sənəd”i heç bir hüquqi əsası olmayan “erməni aktı”na çevirir. “Siz riyakarlığa baxın ki, Bob Menendesin korrupsiyaya əməllərinin ifşasından sonra indi konqresmen Henri Kuelyanı guya Azərbaycandan rüşvət almaqda ittiham edilərək ölkəmizin dostlarını linç etməyə qalxıblar.
Ona görə Azərbaycan dövlətinin sanksiyalara cavabı Böyük qayıdışı gücləndirməsi, delimitasiyasını addım-addım irəliyə aparması, regionda sülhü qazanması, qardaş Türkiyə ilə hərbi-siyasi ittifaqı möhkəmləndirməsi, region dövlətləri ilə konfrontasiyaya getməməsi, nəhayət, torpaqlarımızın işğalına dəstək verən konqresmenləri, dövlət katibi Ceyms Beykerdən, Göyçə dağlarına qədər gəlib çıxan Foq Rasmussenədək hamısını qara siyahıda dünyaya sülhün düşmənləri kimi göstərmək olmalıdır. Yəni Paşinyanı Bakıya dəvət etmək olar, məğlubların, siyasi düşmənlərimizn və sanksiyaçıların Azərbayacana yolu birdəfəlik bağlanmalıdır”, - deputat bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb.
Bu barədə "Report"un əməkdaşı xəbər verir
Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də Azərbaycanda yeni parlament seçkilərinin nə vaxt keçiriləcəyi ilə bağlıdır. Yayılan məlumatlar bu prosesin çox da uzaqda deyil, yaxın 2-3 ay ərzində baş tutacağını söyləməyə əsas verir.
"AzPolitika"ya müxtəlif mənbələrdən daxil olan məlumatlar göstərir ki, hakimiyyət yeni parlamentin daha gənc və dinamik şəxslərdən formalaşmasında maraqlıdır. Ona görə də hakim partiyanın siyahısının xeyli "gəncləşəcəyi" gözlənilir. Eyni zamanda seçkilərə bitərəf və başqa partiyanın namizədi kimi qatılan yaşlı şəxslərin də bu dəfə hakimiyyətin dəstəyini ala bilməyəcəyi iddia edilir. Odur ki, yaşı 70-i ötmüş, hamısı olmasa da, bir çox köhnə simaların deputat mandatı ilə vidalaşacağı gözlənilir.
Məlumat üçün qeyd edək ki, hazırda Milli Məclisdə təmsil olunan 125 deputatın 21-i 70 yaş və üzərindədir.
Parlamentin ən yaşlı deputatı Ziyad Səmədzadədir (83 yaş). Onu Eldar İbrahimov (79 yaş) və Mixail Zabelin (78 yaş) izləyir.
“70-i ötmüşlər” siyahısındakı digər deputatların adlarını təqdim edirik:
- Fəzail Ağamalı (77 yaş);
- Sabir Rüstəmxanlı (77 yaş);
- Vahid Əhmədov (77 yaş);
- Əhliman Əmiraslanov (76 yaş);
- İsa Həbibbəyli (75 yaş);
- Tahir Rzayev (74 yaş);
- Aqiyə Naxçıvanlı (74 yaş);
- Fəzail İbrahimli (73 yaş);
- Elman Məmmədov (73 yaş);
- Rasim Musabəyov (73 yaş);
- Bəxtiyar Sadıqov (73 yaş);
- Eldar Quliyev (72 yaş);
- Anatoliy Rafailov (71 yaş);
- Əli Məsimli (71 yaş);
- Aqil Abbas (71 yaş);
- Cavanşir Paşazadə (71 yaş);
- Sabir Hacıyev (70 yaş);
- Asim Mollazadə (70 yaş).
Eyni zamanda hazırda deputat olan və seçiləcəyi təqdirdə bundan sonrakı seçkidə yaşı 70-i ötəcək Milli Məclis üzvlərinin sayı da az deyil.
Belə ki, hazırda parlamentdə pensiya yaşını keçən, yəni 65-69 yaş aralığında olan daha 14 deputat var – Oqtay Əsədov (69 yaş), Rauf Əliyev (68 yaş), Rafael Hüseynov (68 yaş), Anar İsgəndərov (68 yaş), Hicran Hüseynova (68 yaş), Tahir Kərimli (68 yaş), Səttar Möhbalıyev (68 yaş), Sədaqət Vəliyeva (67 yaş), Məlahət İbrahimqızı (66 yaş), Aydın Mirzəzadə (66 yaş), Musa Qasımlı (66 yaş), Ağalar Vəliyev (66 yaş), Tamam Cəfərova (65 yaş), İmamverdi İsmayılov (65 yaş).
Türkiyənin Konya şəhərində “Anadolu Ankası – 2024” ("Anatolian Phoenix - 2024") beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir.
Azərbaycan Müdafiə Nazirliyindən ilkin mərhələdə təlim iştirakçılarına brifinq təqdim olunub.
Brifinqdə təlimin məqsədi, ssenarisi, keçiriləcəyi ərazi, müxtəlif mərhələlər üzrə icra olunacaq tapşırıqlar və təhlükəsizlik qaydaları baradə ətraflı məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin iştirak etdiyi təlimdə Azərbaycanı Hərbi Hava Qüvvələrinin Paraşüt desant və axtarış-xilasetmə xidmətinin bir qrup şəxsi heyəti, aviasiya vasitələri, həmçinin Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları təmsil edirlər.
“Anadolu Ankası – 2024” təlimi mayın 17-dək davam edəcək.
Azərbaycanın müxtəlif platformalarda neokolonializmə qarşı apardığı mübarizə, atılan addımlar effektiv nəticələr verməkdədir. Neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərə qarşı siyasi mübarizə aparılır, Bakı Təşəbbüs Qrupu kimi effektiv qurum təsis edilir. Əsas vəzifəsi müstəmləkədən əziyyət çəkən ölkələrin azadlıq səsini beynəlxalq müstəviyə yayan Qrup indiyə qədər Bakıda, BMT-nin Cenevrə ofisində vacib tədbirlər həyata keçirib.
Neokolonial təfəkkürlü dövlətlər sırasında Fransa liderlik edir, hər vəchlə buna qarşı çıxanları hədəfə alır. Qarabağdan qovulan erməni separatçılara Parisdə sığınacaq verən, birtərəfli qaydada Ermənistanı dəstəkləyən, onu silahlandıran Emmanuel Makron Fransası hələ də kolonial dövlət təfəkküründən çıxmadığını göstərir. Fransa dünyada yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini davam etdirir.
Məlumat üçün bildirək ki, XIX-XX əsrlərdə daha da genişlənən Fransa müstəmləkə imperiyasının ərazisi 1939-cu ilə kimi 13 milyon 500 min kvadratkilometrə çatmışdı. Bu da təxminən dünyanın 10 faizinə nəzarət demək idi. 1958-ci ildə Afrika müstəmləkələrinə müstəqillik verərək geri çəkilən Fransa özündən asılı gördüyü bəzi ölkələrə mədəni, iqtisadi və siyasi baxımdan nəzarəti bu gün də davam etdirmək istəyir. Rəsmi Paris bu cür çirkin əməlindən nəinki uzaq durmağa çalışır, hətta azadlıq çağırışı edən xalqları əzməkdə davam edir.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev Bakıda keçirilən son tədbirlərdən birində “Biz imkan verə bilmərik ki, XXI əsrdə Avropanın bəzi ölkələri digər xalqlara müstəmləkə kimi yanaşsın. Biz səsimizi ucaltdıqda - Qoşulmama Hərəkatına sədrliyimiz zamanı bu məsələni qaldırdıqda bu, onunla bağlı deyildi ki, hansısa ölkəyə qarşı idik. Biz, sadəcə ədalətə, beynəlxalq hüquqa bağlı idik”, - deyə bəyan edib.
Artıq neomüstəmləkəçi təfəkkürü ilə yaşayan dövlətlərlə Azərbaycanın siyasi mübarizəsinin effektivliyini rəsmi Paris də dərk etməyə başlayıb. Bakıdan başlanan neokolonializm hərəkatının öz bəhrəsini verməsi Fransa hakimiyyətini bütün təbliğat resurslarını Azərbaycana qarşı hərəkətə keçirməsinə vadar edib. Bu ölkənin “Le Monde” nəşri ölkəmizi hədəfə alan materialla çıxış edib. Mətndə Fransanın keçmiş müstəmləkələrində - Yeni Kaledoniya, Polineziya və Fransız Qvineyasında başlanan hərəkatın geniş vüsət aldığından narahatlıq ifadə olunub.
Qeyd edək ki, BMT-nin Vyana ofisində “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı konfrans çərçivəsində Bakı Təşəbbüs Qrupu ilə Fransız Polineziyasının Tavini Huiraatira siyasi partiyası arasında memorandum imzalanıb. Bu memorandum assimilyasiya təsirlərinin azaldılması ilə milli kimliyə olan təhdidlərin qarşısının alınmasına və dekolonizasiya istiqamətində mühüm nəticələrin əldə edilməsinə yol açacaq. Eyni zamanda, gənc nəsillər üçün yerli mədəniyyətin qorunub saxlanmasında və maariflənməyə yönəlmiş gələcək layihələrin həyata keçirilməsində mühüm başlanğıc olacaq. Nəşr bundan irəli gələrək Azərbaycanın ünvanına hədyanlar yağdırıb.
Xatırladaq ki, aprelin ortalarında Azərbaycanda səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri Omayra Naiselin də bəyan edib ki, Azərbaycan parlamenti ilə əməkdaşlıq Yeni Kaledoniya üçün "yol xəritəsi"dir. Onun sözlərinə görə, iki ölkə parlamentləri arasında əməkdaşlıq memorandumunun imzalanması Yeni Kaledoniyaya bir çox sahələrdə yeni qapılar açacaq. Beləliklə, son dörd ildə Azərbaycanın xarici siyasətində xüsusi bir xətt - müasir müstəmləkəçilik əleyhinə hərəkat aparılır və bu da alqışalayiqdir.
Beləliklə, görünən odur ki, Makron hakimiyyəti baş verənlərdən ciddi təşviş keçirməkdədir. Bu səbəbdən də çirkin təbliğat kampaniyasına start verilib. Çox güman ki, yaxın vaxtlarda bu istiqamətdə təbliğat daha da genişlənəcək. Çünki Bakının təşəbbüsü hədəfinə çatmaq üzrədir və Yelisey Sarayı da bunu anlayır.
Reallıq odur ki, Afrikanı və dünyanın fərqli regionlarını hələ də müstəmləkəsi kimi görən, vaxtilə qətliamlar törədən, əli milyonlarla insanın qanına batan Fransa hazırda xarici və daxili siyasətində ciddi problemlər yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən biabırçı formada qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən artır. Məsələn, son etiraz aksiyalarında Fransa kolonializminə qarşı təşkil olunmuş etiraz aksiyasına minlərlə insan qatılıb. İştirakçılar Fransanın müstəmləkəçilik siyasətinə qarşı şüarlar səsləndirib, müstəqillik tələb ediblər. Aksiyada Azərbaycan bayrağı da daxil olmaqla BMT və Yeni Kaledoniya bayraqları qaldırılıb.
Azərbaycanla mübarizə üçün öz təbliğat vasitələrini işə salmaq Makron hakimiyyətini xilas etməyəcək. Yeganə yol ölkənin bu çirkin siyasətindən əl çəkməsi, insanlar arasında fərq qoymaması və Azərbaycana qarşı qərəzli olmamasıdır.
“Report” İnformasiya Agentliyi
Ağ Evin Ukrayna savaşı ilə bağlı bütün “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar, ona görə də, bu müharibə ətrafındakı situasiya tədricən daha təhlükəli istiqamətlər almağa başlayıb... Fransa prezidenti Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər...
Ukrayna savaşı ətrafında yaranmış situasiyanın qlobal müharibəyə çevrilmə ehtimalı artir. Belə ki, son geopolitik proseslər Ukrayna savaşının daha geniş areala yayılma təhlükəsi yaratmaqdadır. Xüsusilə də, bəzi NATO dövlətlərinin avantürist davranışları üçüncü dünya müharibəsinin demək olar ki, təməlini atmağa başlayıb. Və belə situasiya istər-istəməz dünyanın gələcək taley ilə bağlı ciddi narahatlıqlar doğurur.
Onu da qeyd etmək lazımdır ki, hazırda beynəlxalq avantürizmin avanqard qüvvəsi rolunda məhz Fransa çıxış edir. Bu ölkənin prezidenti Emmanuel Makron hər imkanda bəşəruyyəti böyük fəlakətlərə düçar edə biləcək manevrlərlə diqqəti çəkir. Hər halda, prezident Emmanuel Makron Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi ilə bağlı təhlükəli ideyanın əsas müəllifidir. Və Fransa prezidenti Avropa ümumi ordusunun yaradılması ilə Rusiyaya qarşı müharibəyə hazırlaşmaq çağırışlarına da müəlliflik edir.
Maraqlıdır ki, prezident Emmanuel Makronun çağırışlardan artıq real addımların atılmasına keçdiyi barədə məlumatlar da mövcuddur. Belə ki, ABŞ müdafiə naziri müavininin keçmiş köməkçisi Stiven Brayen Fransanın avantürist addımını artıq ifşa edib. Onun dediyinə dörə, Fransa ordusunun hərbi hissəsi artıq Ukraynaya göndərilib. Stiven Brayen onu da vurğulayıb ki, Fransa Ukraynaya ilkin mərhələdə təxminən 1500 nəfərlik hərbi kontingent göndərmək niyyətindədir.
Ancaq nə qədər gözlənilməz olsa da, Fransa prezidenti Emmanuel Makronun ABŞ siyasi dairələrində də müdafiəçiləri mövcuddur. Belə ki, ABŞ Konqresindəki demokratların lideri Xakim Ceffris təxminən oxşar çağırışlarla çıxış etməyə başlayıb. Onun fikrincə, ABŞ Rusiya-Ukrayna savaşına müdaxilə etməlidir. Demokrat-konqresmen hesab edir ki, ABŞ əvvəl-axır Ukraynaya hərbi kontingent gördərməli olacaq: “Ukraynanın məğlub olmasına imkan vermək olmaz. Əgər, bu təhlükə reallaşarsa, ABŞ yalnız maliyyəsi deyil, həm də ordusu ilə Ukrayna savaşına qatılmaq məcburiyyətində qala bilər”.
Onu da nəzərə almaq lazımdır ki, bu fikirləri söyləyən məhz Bayden administrasiyasına yaxınlığı ilə seçilən demokrat-konqresmendir. Onun demokratların parlament lideri kimi, Ağ Evdən müəyyən məlumatlar almaq imkanları da olmamış deyil. Bu baxımdan hesab etmək olar ki, ABŞ ordusunun Ukraynaya göndərilməsi ilə bağlı variant ehtimal səviyyəsində də olsa, hər halda, Ağ Ev kluarlarında müzakirə edilir. Və ona görə də, belə müzakirələrin nə vaxtsa, real addımlarla müşayiət oluna biləcəyi isə qətiyyən istisna deyil.
Maraqlıdır ki, ABŞ-ın “Politico” nəşri ABŞ-ın Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” artıq çoxdan keçdiyini iddia edib. Həmin iddiaya görə, ABŞ uzaqmənzilli ATACMS raketlərini məxfi şəkildə Ukraynaya göndərib və bu silahdan Rusiyaya qarşı istifadə də olunub. Və bundan sonra Ukraynaya NATO hərbi kontingentinin göndərilməsi, eləcə də, nüvə savaşı barədə danışmaq mümkündür.
Bayden administarsiyasının yüksəkrütbəli və adının gizli qalmasını istəyən təmsilçisi Ukraynanın Rusiyanın dərinliklərinə, eləcə də, Krıma endirdiyi zərbələrin, məhz bunun sayəsində mümkün olduğunu vurğulayıb. Onun fikrincə, həmin raketlərin Ukraynaya gizli şəkildə göndərilməsi məhz prezident Co Baydenin razılığı ilə baş verib. Və bu baxımdan, NATO-Rusiya savaşı başlayarsa, bunun siyasi məsuliyyəti ilk növbədə ABŞ prezidenti Co Baydenin üzərinə düşəcək.
Bəzi iddialara görə, Ağ Evin Ukrayna savaşı ilə bağlı “qırmızı cizgiləri” keçməsindən Kremldə də məlumatlıdırlar. Ancaq Rusiyanın siyasi dairələri bu mövzu ilə bağlı mümkün qədər təmkinli və ehtiyatlı mövqedən çıxış etməyə üstünlük verirlər. Hələlik, Kreml Rusiyanın Qərbdə heç bir dövlətə qarşı təhlükə törətmədiyini vurğulamaqla, kifayətlənir. Eyni zamanda, Kreml Qərb ölkələrinin də Rusiyaya qarşı yeni savaşa cəhd göstərməyəcəyinə təminat verməlidir. Və Kreml Qərb ölkələrindən Rusiya ilə yeni şərtlər daxilində anlaşmağı tələb edir.
Böyük ehtimalla Rusiyanın bundan sonrakı davranışları Kremlin bu tələblərinə Qərbin verəcəyi reaksiyadan asılı ola bilər. Yəni, Qərbdə NATO-nu Rusiya ilə savaşa çəkən dairələr oyundankənar vəziyyətə salınarsa, Kreml bu halda, sülh masası arxasında öz geopolitik maraqlarını xilas edə biləcəyinə hələ də ümid bəsləyir. Əks haldasa, Kremlin Ukraynaya uzaqmənzilli raketlərin verilməsindən Qərbə qarşı daha sərt addımlar üçün bəhanə kimi istifadə edə biləcəyi istisna deyil. Və bu halda, Fransanın Ukraynaya hərbi kontingent göndərməsi də Rusiyanın Qərb ölkələrinə cavab zərbələrinə legitimlik qazandıra bilər.
Göründüyü kimi, Ukrayna savaşı ətrafında situasiya tədricən təhlükəli istiqamətlər almağa başlayıb. Bundan sonra prezident Emmanuel Makron və Qərbdəki digər avantüristlər NATO-nu Rusiya ilə hərbi toqquşmalara çəkməyi bacararlarsa, onda, yeni qlobal savaş qaçılmaz ola bilər. Nəticədə bəşər tarixi növbəti dünya müharibəsi ilə üzləşməli olacaq. Üstəlik, bu savaşda məlum olanlardan tamamilə fərqli və daha böyük fəlakətlər törədə biləcək gizli silah növlərindən istifadə ediləcəyi qətiyyən şübhə doğurmur. Və bu baxımdan, artıq məxfilyi qalmayan nüvə silahı da onların sırasına daxildir.(Yeni Müsavat)