![]() |
|
Dörd kənddən sonra Vardenis (Basarkeçər), daha sonra Sünik (Zəngəzur) veriləcək. Vardenisdən 10 kəndin, Sünikdən isə 8 kəndin Azərbaycana təhvil veriləcəyi haqda məlumatlar yayılır.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan bildirib.
Onun iddiasına görə, Zəngəzur dəhlizinin Ermənistan hissəsində artıq işlər başlayıb:
“Azərbaycanın Naxçıvana çıxışının təmin edəcək bu dəhlizdə yolların asfaltlandığı deyilir. Hakimiyyət bunu gizlədir, lakin sosial şəbəkələrdə yolların təmir edildiyi görüntüləri yayılır. Bu o deməkdir ki, kəndlərin verilməsindən sonra dəhlizin verilməsi də gündəmdədir”.
Xaçikyan qeyd edib ki, baş verənlər Ermənistanın yekun kapitulyasiya aktını imzalaması ilə nəticələnəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Rusiya Federasiyası Qaraçay-Çərkəz Respublikasının müftisi İsmayıl Berdiyevin başçılıq etdiyi Rusiya Federasiyası Şimali Qafqaz regionunun müftilərindən ibarət nümayəndə heyətini qəbul edib.
Nümayəndə heyətinə Çeçenistan Respublikasının müftisi Salah Mejiyev, Stavropol diyarının müftisi Muxamed Raximov, Kabardin-Balkar Respublikasının müftisi Həzrətəli Dzasejev, Şimali Osetiya - Alaniya Respublikasının müftisi Hacımurad Qatsalov, Adigey Respublikasının müftisi Askarbiy Kardanov, Kalmıkiya Respublikasının müftisi Soltanəhməd Karolayev, Şimali Qafqaz İslam Universitetinin rektoru Şarabuddin Çoçayev və Qafqaz Müsəlmanları İdarəsinin Dağıstan Respublikası üzrə nümayəndəsi Şahabiddin Kərimov daxildir.
“Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olub. Bizim coğrafi mövqeyimiz, Şərq ilə Qərb arasında yerləşməyimiz bu tendensiyaya imkan yaradıb”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda işə başlayan “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışında söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik Azərbaycan cəmiyyəti əsrlər boyu mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlığı qoruyub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bir qrup rektor "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı ilə təltif edilib.
Təltif olunanlar sırasında Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov, UNEC-in rektoru professor Ədalət Muradov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru Ceyran Mahmudova və Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev yer alıblar.
Yubiley medalını rektorlara elm və təhsil naziri Emin Əmrullayev təqdim edib.
Mayın 1-də Bakı Konqres Mərkəzində “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimi keçirilir.
Prezident İlham Əliyev tədbirdə iştirak edir.
Qeyd edək ki, Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO-nun, BMT-nin Sivilizasiyalar Alyansının, Dünya Turizm Təşkilatı və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkəni təmsil edən 700 mötəbər qonaq iştirak edir.
Yüksək səviyyəli dövlət xadimləri, parlament rəhbərləri, dini liderlər, alimlər, jurnalistlər və müxtəlif etnik və mədəni qrupa daxil olan şəxslərdən ibarət iştirakçılar mənalı dialoq vasitəsilə sülh və qlobal təhlükəsizliyə doğru irəliləyişə nail olmaq üçün bir araya gəliblər.
Üç gün davam edəcək Forum çərçivəsində 4 plenar sessiyanın və 12 panel müzakirənin keçirilməsi nəzərdə tutulur. Müzakirə olunacaq mövzular təhsil, gənclər, iqlim dəyişikliyi, süni intellekt, mədəni irsin mühafizəsi, qanunsuz miqrasiya və digər sahələri əhatə edir.
Forum iştirakçılarının Azərbaycanın 30 illik işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili də gözlənilir. Tədbir çərçivəsində Ağdamda və Şuşada xüsusi panel sessiyaların keçirilməsi də nəzərdə tutulur. Bu, eyni zamanda, Azərbaycanın işğaldan azad etdiyi ərazilərdən beynəlxalq ictimaiyyətə müraciət üçün bir platforma yaratmaq fürsətidir.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsi sayılan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilk dəfə Bakıda 2011-ci ildə, sonra isə 2013-cü, 2015-ci, 2017-ci və 2019-cu illərdə təşkil olunub. Ötən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, tədbirə qoşulan ölkələrin və qurumların sayı xeyli artıb. Forumlara ümumilikdə 10 mindən çox iştirakçı – hökumət rəsmiləri, beynəlxalq təşkilat və institutlardan rəhbər və nümayəndələr qatılıblar. Eyni zamanda, forumlar çərçivəsində 200-dən artıq müxtəlif formatlı və miqyaslı tədbirlər, plenar və panel müzakirələr, təqdimatlar təşkil olunub. Bəşəriyyəti narahat edən qlobal çağırışların diqqət mərkəzinə çevrildiyi ötən beş Forum çərçivəsində aparılan müzakirələr, tərtib edilən sənədlər beynəlxalq təşkilatlar üçün əsas istinad rolunu oynayıb və “Bakı Prosesi” mədəniyyətlərarası dialoqa dair vacib platforma kimi qəbul edilib.
Cənubi Qafqazın "qapıları" Fransanın üzünə qapalıdır. Rəsmi Paris nə qədər cəhd göstərsə də, Fransa bu regionda peyda olmağı bacarmır. Böyük ehtimalla Fransanın siyasi dairələri öz geopolitik hesablamalarında və taktiki addımların atılmasında ciddi səhvlərə yol veriblər. Və bu səbəbdən də, indi prezident Emmanuel Makron Cənubi Qafqaza yalnız Avropa Birliyinin Ermənistandakı mülki cəsus qrupunun binoklları ilə baxmaq məcburiyyətində qalıb.
Təbii ki, bu, Afrikadan qovulsa da özünü Fransa hələ də nəhəng dövlət hesab edən Fransa üçün böyük uğursuzluq və rüsvayçılıqdır. Üstəlik bu uğursuzluq və rüsvayçılığın uzunmüddətli olacağı da artıq qətiyyən şübhə doğurmur. Çünki rəsmi Paris Ermənistanı əsas regional müttəfiq seçməklə taleyüklü səhv edib. Rəsmi Bakı isə bu səhvi bağışlamayıb və Fransanın Cənubi Qafqaza yerləşmək cəhdlərini bloklayıb.
Belə anlaşılır ki, rəsmi Paris Cənubi Qafqazı vaxtilə müstəmləkəyə çevirdiyi Afrika ilə səhv salıb. Fransa nəhayət ki, anlamalıdır ki, Cənubi Qafqaza Ermənistan üzərindən yerləşə bilməz. Çünki bu regiona artıq Azərbaycan dövləti nəzarət edir. İndi Cənubi Qafqazın şəriksiz geopolitik lideri məhz Azərbaycan dövlətidir. Və rəsmi Bakı Cənubi Qafqazda Ermənistana dəstək verən "fransız xoruzu"nun "başlamasına" imkan verməz.
Ona görə də, rəsmi Parisin Azərbaycana qarşı növbəti demarşının da uğursuz olması qətiyyən gözlənilməz deyil. Hər halda, prezident Emmanuel Makronun Fransanın Azərbaycandakı səfirini geri çağırmaqla, Azərbaycana "əzələ nümayiş etdirmək" cəhdi işə yaramadı. Və rəsmi Parisin bu siyasi manevri bumeranq effekti verdi.
Məsələ ondadır ki, fransız səfir artıq Bakıya qayıdıb və diplomatik fəaliyyətinə davam edir. Yəqin ki, "prezident-səfir məsləhətləşməsi" Azərbaycana daha effektiv təzyiq metodları tapmaq üçün yetərli olmayıb. Əksinə, prezident Emmanuel Makron rəsmi Bakının səbrinin tükənə biləcəyini də nəzərə almaq məcburiyyətində qalıb. Hər halda, fransız səfirin geri qayıdışı bir az da geciksəydi, rəsmi Paris Azərbaycanın analoji reaksiyası ilə üzləşə bilərdi. Və bu, Fransanın beynəlxalq məkanda nüfuzuna daha ağır zərbə vurardı, üstəlik, Azərbaycanla münasibətlərdə böhran həlledilməz həddə çatardı.
Göründüyü kimi, prezident Emmanuel Makron Azərbaycanla münasibətlərin inkişaf istiqamətlərinin müzakirəsi üçün tamamilə yanlış tərəfdaş tapıb. Çünki Azərbaycan-Fransa münasibətlərinin hansı istiqamətə yönələ biləcəyini yalnız rəsmi Bakı ilə konstruktiv müzakirələr sayəsində müəyyən etmək mümkün ola bilər. Əgər, rəsmi Paris ermənipərəst inadından geri çəkilərsə, bu, Fransanın Cənubi Qafqaz maraqları baxımından da pozitiv nəticələr vəd edir. Əks halda, Fransa Ermənistana sadəcə, uzaqdan "bacılıq" etməkdən başqa heç nəyə nail ola bilməyəcək. Və rəsmi Paris mövqeyinə düzəliş etmək üçün tələsməlidir, əks halda, çox gec qalacaq.
Ancaq müşahidələr onu göstərir ki, hələlik rəsmi Paris bu reallıqları qəbul etmək qabiliyyətindən uzaqdır. Makron hakimiyyəti hələ də Fransanın "nəhənglərinə" güvənə biləcəyinə ümid bəsləyir. Çünki bu ölkənin prezidenti Emmanuel Makron ilə yanaşı, baş naziri və xarici işlər naziri Azərbaycana qarşı qərəzli açıqlamaları davam etdirməkdə israrlı davranır. Üstəlik, onlara Fransanın daxili işlər naziri Jerald Darmanen də qoşulub. Fransız nazir Azərbaycanı Fransanın daxili işlərinə qarışmaqda ittiham edib. Onun fikrincə, rəsmi Bakı Fransanın erməniləri dəstəkləməsinə cavab olaraq, Yeni Kaledoniya mövzusundan istifadə edir. Və bu, əslində, rəsmi Parisin bəşəri cinayətlər törətdiyini dolayısı ilə etiraf etməsi anlamı da daşıyır.
Məsələ ondadır ki, Fransa son 30 ildə sadəcə, erməniləri dəstəkləməyib. Rəsmi Paris Azərbaycanın ərazi bütövlüyünü təhdid edən erməni separatçı-terrorçuları dəstəkləyib. Yəni, rəsmi Paris bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdidləri müdafiə edib. Digər tərəfdən isə silahlı erməni terrorçuları dəstəkləməklə, həm də beynəlxalq terrorizmə dayaq olub, beynəlxalq hüquq normalarına görə cinayət törədib. Və rəsmi Parisin erməni terrorçularla kaledoniyalılar arasında paralellər aparmağa çalışması isə tamamilə absurddur.
Çünki Yeni Kaledoniya Fransa ərazisi deyil. Fransa həmin ərazini işğal edərək, müstəmləkəyə çevirib. Kaledoniyalılar da haqlı olaraq, Fransa müstəmləkəçiliyindən xilas olmaq üçün dinc yollarla mübarizə aparırlar. Rəsmi Bakı isə Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxması beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Və bu baxımdan, fransız nazir Azərbaycanı ittiham etməkdən əvvəl Fransanın beynəlxalq cinayətlərinə diqqət etsə, daha doğru olar.
Fransız nazir onu da nəzərə almalıdır ki, Azərbaycanın müstəmləkədən xilas olmaq istəyən kaledoniyalıları müdafiə etməsi Fransanın daxili işlərinə qarışmaq kimi qiymətləndirilə bilməz. Çünki hər hansı xalqın müstəmləkə altında saxlanılması bəşəri cinayətdir və Fransanın daxili işi hesab oluna bilməz. Rəsmi Paris Azərbaycanı ittiham etmək əvəzinə kaledoniyalıların öz tarixi vətənlərində azad yaşamaq hüquqlarını tanımaq barədə düşünməlidir. Əks halda, Fransanın beynəlxalq rüsvayçılığı daha da böyüyəcək.
Bütün bunlar onu göstərir ki, rəsmi Paris Azərbaycan qarşısında gücsüz qaldığını əslində, anlayır. Çünki rəsmi Bakı beynəlxalq hüquq normaları qarşısında tamamilə haqlı mövqedədir. Ona görə də, Fransanın Azərbaycanın geri çəkiləcıyinə ümid bəsləməsi üçün heç bir əsas yoxdur. Əksinə, Fransa öz mövqeyindən geri çəkilməyə məcburdur. Fransız səfirin Bakıya qaytarılması da bu reallığı birmənalı şəkildə təsdiqləyir. Və rəsmi Paris bunu edərkən, əli heç yerə çatmayan Fransanın gücsüzlüyündən də qıcıqlandığını gizlətməkdə də çətinlik çəkir.(musavat.com)