Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq, tezliklə Fransa hərbi kontingenti də peyda olacaq... Avropa Birliyinin də mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti göstərdiyini də nəzərə aldıqda, bu ölkəni gözləyən kataklizmləri təxmin etmək o qədər də çətin deyil...
Rusiya və Ermənistan arasında olduqca ciddi siyasi böhran yaşanır. Hər iki tərəf bu qarşıdurmada özünü tamamilə haqlı hesab edir. Eyni zamanda, qarşı tərəfi günahlandıraraq, sərt ittihamlarla hədəfə alır. Bu baxımdan, Kreml və rəsmi İrəvan arasında hələ uzun müddət siyasi gərginliyin mövcud olacağı qətiyyən istisna deyil. Və bu, hər iki müttəfiq ölkənin qarşılıqlı münasibətlərə yenidən baxmaq məcburiyyətində qala biləcəyini də biruzə verir.

Ermənistan mətbuatının yaydığı məlumata görə, Paşinyan hakimiyyəti daxilində Rusiya əleyhinə manevrlər artıq prinsipial mövqe xarakteri almağa başlayıb. Hətta Ermənistan baş naziri Nikol Paşinyanın öz partiyasının qapalı toplantısında Rusiyanı dövlət çevrilişi planı hazırlamaqda ittiham edib. Baş nazir Nikol Paşinyanın iddiasına görə, Kreml onu hakimiyyətdən devirib, Ermənistanda özünə yaxın siyasi qüvvələri iqtidara gətirməyə cəhd göstərir. Və bu səbəbdən də, Ermənistanda hakimiyyətin qorunması üçün bütün sərt addımların atılması vacibdir.

Ermənistan baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Rusiya ilə qarşıdurmaya tab gətirmək üçün partiyadaşlarına konkret tapşırıqlar da verib. Həmin tapşırıqlara görə, ilk növbədə "artsax" rəhbərliyinə daxil olan şəxslərin hamısı nüfuzdan salınmalıdır, onların haqqında müxtəlif ittihamlar irəli sürülməlidir. Erməni baş nazir hesab edir ki, bu şəxslər Kreml ilə yaxın münasibətlərə malik olmaqla yanaşı, həm də birbaşa Rusiya kəşfiyyatının nəzarəti altında hərəkət edirlər. Və bu, onların Ermənistanda hakimiyyət çevrilişi üçün Rusiya tərəfindən istifadə edilə biləcəyini aktuallaşdırır.

Digər tərəfdən, erməni baş nazir Ermənistan cəmiyyətində Rusiya əleyhinə təbliğatın gücləndirilməsini də vacib hesab edir. Ona görə də, baş nazir Nikol Paşinyan Ermənistan cəmiyyətinə Qarabağ klanının Rusiyanın dəstəyi ilə hakimiyyətə gəlmək üçün bütün vasitələrdən istifadə etməyə çalışdığı barədə tezislərin ötürülməsini də tapşırıb. Və bu, erməni baş nazirin devrilmə təhlükəsinə artıq isterik yanaşmağa başladığını da biruzə verir.

Maraqlıdır ki, rəsmi İrəvan Rusiya əleyhinə propoqandanı hətta siyasi-diplomatik alətlər üzərindən belə, aparmaq niyyətində olduğunu qətiyyən gizlətmir. Belə ki, Ermənistan Rusiyaya nota verib. Həmin notada Kremldən Ermənistan rəhbərliyi barədə Rusiya mətbuatında yer alan təhqiramiz ittihamlarla bağlı dərhal tədbirlər görülməsi tələb olunur. Eyni zamanda, Ermənistan parlamentinin spikeri Alen Simonyan Kremlə xəbərdarlıq edib ki, Rusiya mətbuatında ölkə hakimiyyətinə qarşı hücumlar əks effekt verir. Və bununla da, erməni spiker Paşinyan hakimiyyətinin Ermənistan cəmiyyətində Rusiya əleyhinə apardığı propoqandanın məsuliyyətini məhz Kremlin üzərinə yükləməyə çalışır.

Əslində, bu, kifayət qədər hiyləgər gediş təsiri bağışlayır. Ancaq Paşinyan hakimiyyətinin nümayəndələri onu da unudurlar ki, erməni baş nazirin Qərb mətbuatında Rusiya əleyhinə dilə gətirdiyi ittihamlar Kremldə də diqqətə alınır. Xüsusilə də, baş nazir Nikol Paşinyanın "Rusiya hərbi bazaları Ermənistana heç bir üstünlük qazandırmır, əksinə, problem yaradır" fikri Kremldə xüsusi qıcıqla qarşılanıb. Çünki Kremldə hesab edirlər ki, erməni baş nazir bu açıqlama ilə dolayısı da olsa, Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını gündəmə gətirmək niyyəti güdür.

Rusiyanın cavab reaksiyasını təxmin edən erməni baş nazir isə dərhal öz fikirlərində müəyyən izahata bağlı düzəlişlər etməli olub. O, bildirib ki, Ermənistan Kremllə Rusiya hərbi bazalarının çıxarılması ilə bağlı hər hansı məsələni müzakirə etmir. Onun fikrincə, hazırda rəsmi İrəvanı daha çox KTMT-ya üzvlüyün və Rusiya ilə ikitərəfli hərbi sazişlərin hansı səbəbdən Ermənistana heç bir üstünlük qazandırmadığı düşündürür.

Baş nazir Nikol Paşinyan növbəti dəfə KTMT-nın nizamnaməsinə istinad etməklə, bildirib ki, bu hərbi alyans və Rusiya öz müttəfiqlik öhdəliklərini yerinə yetirməyib. Ona görə də, rəsmi İrəvan hələ də həm KTMT-dan, həm də Rusiyadan konkret izah tələb edir. Halbuki, indiyə qədər bir neçə dəfə rəsmi İrəvana Azərbaycan ordusunun hərbi əməliyyatlar zamanı Ermənistan ərazisinə heç bir müdaxilə etmədiyi xatırladılıb. Və nədənsə, bu xatırlatmalar hələ də rəsmi İrəvanı qane etməyib.

Digər tərəfdən, Kreml rəsmi İrəvana Azərbaycanla sərhəd bölgəsində KTMT-nın müşahidə qrupunu yerləşdirməyi də təklif edib. Ancaq rəsmi İrəvan qəti şəkildə bu təklifdən imtina edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova məhz bu məqamı qabardaraq vurğulayıb ki, rəsmi İrəvan KTMT əvəzinə Avropa Birliyinin mülki müşahidə missiyasını dəvət etməyə üstünlük verir: "Onlar isə manitorinq bəhanəsi ilə Rusiya və İran əleyhinə kəşfiyyat məlumatları toplamaqla, məşğuldurlar".

Göründüyü kimi, Paşinyan hakimiyyətinin Rusiyaya qarşı apardığı propoqanda Kremldə kifayət qədər ciddi reaksiya doğurmağa başlayıb. Rusiya rəsmi dairələri bir tərəfdən Ermənistana xəbərdarlıq edirlər, digər tərəfdən isə mövcud problemlərin təktərəfli həllinin olmadığını qabardırlar. Rusiyanın nüfuzlu "İzvestiya" nəşrinin yaydığı son məlumat isə ümumiyyətlə, Kremlin sərt mesajı kimi izah edilə bilər.

Məsələ ondadır ki, Rusiya nəşri ABŞ və Qərbin təlimatları ilə Paşinyan hakimiyyətinin rus hərbi bazalarının Ermənistandan çıxarılması tələblərini hər hansı formada gündəmə gətirməsinin tamamilə mənasız olduğunu vurğulayıb. Belə ki, Ermənistan 2044-cü ilə qədər Rusiya hərbi bazalarından təktərəfli şəkildə imtina etmək hüququna malik deyil. Yəni, bu, o deməkdir ki, Paşinyan hakimiyyəti nə etsə də, Rusiya hərbi bazaları Kremlin istəyi olmadan Ermənistandan çıxarıla bilməz.

Onu da qeyd etmək lazımdır ki, məhz belə bir situasiya Paşinyan hakimiyyətinin yanlış siyasəti ucbatından Ermənistana daha böyük təhlükələr vəd edir. Belə ki, Rusiya hərbi bazaları 2044-cü ilə qədər Ermənistan ərazisində qalacaq. Eyni zamanda, rəsmi İrəvan Fransa ilə də hərbi əməkdaşlığa başlayıb. Hətta yaxın gələcəkdə Ermənistan ərazisində Fransa hərbi kontingentinin peyda ola biləcəyi də qətiyyən istisna deyil. Üstəlik, Avropa Birliyi mülki müşahidə missiyası adı altında Ermənistanda Rusiyaya qarşı kəşfiyyat fəaliyyəti qurub. Və bütün bunların Ermənistan üçün hansı kataklizmləri vəd etdiyi təxmin etmək isə o qədər də çətin deyil.(Yeni Müsavat)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın Baş naziri Əli Əsədov və erməni həmkarı Nikol Paşinyanla üçtərəfli görüşünün müzakirə mövzusunu açıqlayıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, hökumət başçısı “Facebook” paylaşımında həmkarları ilə görüş zamanı hər üç ölkənin marağına cavab verən irimiqyaslı regional layihələri müzakirə etdiyini bildirib.

“Tbilisi İpək Yolu Forumu çərçivəsində Ermənistan və Azərbaycanın baş nazirlərini qonaq etmək imkanına görə çox şadam, belə ki, biz birlikdə Cənubi Qafqazın gələcəyi, həyata keçirilməsi hamımızın ortaq marağına cavab verən irimiqyaslı regional layihələr barəsində danışa bildik. Biz BMT tribunasında bəyan etdiyim sülh təşəbbüsü çərçivəsində, ölkələrimizin xeyrinə regionda sülh, sabitlik və iqtisadi inkişaf istiqamətində səylərimizi davam etdirməyə hazırıq”, - Qaribaşvili bildirib.

Ermənistanda Fransa bazası... o zaman Azərbaycanda da Türkiyə bazası... - NİYƏ DƏ YOX?

Rusiya bazalarını çıxarıb, yerinə Fransanı gətirmək bir o qədər də asan deyil. Düzdür, Ermənistanın belə bir niyyəti var, lakin həyata keçirmək müəyyən zaman aparar. Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Ermənistanın bu planı torpaq bütünlüyünü bərpa etmiş Azərbaycan üçün hərbi təhlükə yaratmır:

“Ermənistan öz ölkəsində rusların yerinə fransızların hərbi bazasını yarada bilər. Bu, mümkündür, lakin asan deyil. Çünki Rusiya buna belə asanlıqla icazə verməz. Bunun Azərbaycan üçün hərbi təhlükə yarada biləcəyini düşünmürəm. Bu, sadəcə, siyasi təzyiq vasitəsi ola bilər, sülh və sabitliyin əldə olunmasına əngəl yaradan amildir”.

General bildirib ki, Ankara Bakıya arzu etdiyi hər bir dəstəyi göstərməyə hər zaman hazırdır:

“İstənilən halda Azərbaycan harada, Türkiyə də oradadır. Fransa Ermənistanda hərbi baza qurarsa, Bakı arzu etsə, Türkiyə də Azərbaycanda, Qarabağda hərbi baza yarada bilər - hər cür zəmanət də ola bilər, sülhməramlı kimi çıxış edər. Bu, artıq Azərbaycanın Türkiyədən istəklərinə aid məsələdir. Bakı ilə Ankaranın bərəbərliyi davam etdikcə, kimsə Azərbaycana təsir edə bilməz. Azərbaycan rəşadətli ordusu, güclü siyasi liderli olan ölkədir və milli birliyini tamamlamış bir xalqdır”.

Zəngəzur mövzusu bağlanır: Nikolu tora saldılar - ŞƏRH

İrəvan əvvəllər Türkiyə və Azərbaycanın onu blokadaya saldığını və bu blokadada boğulduğunu deyirdi. Münaqişə bitdikdən sonra Azərbaycan reallaşdırdığı Zəngəzur layihəsinə Ermənistanı da daxil etmək istədi. Lakin Ermənistan uzun müddət buna razılaşmadı.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, müəyyən dövrlərdə İran bu layihə ilə bağlı xeyli əngəllər də yaradırdı:

“Sonra Ermənistan İranla eyni mövqedən çıxış etdi. Nəticədə, gördüyümüz kimi, dəhliz Ermənistandan yox, İrandan açılır. Bu fakt üzə çıxandan sonra Nikol Paşinyan ardıcıl açıqlamalara başlayıb. Lakin onların yenə də problemləri var. Bu problemlər Rusiya ilə bağlıdır. Çünki 10 noyabr 2020-ci il bəyanatına görə, yolun təhlükəsizliyi Rusiya sərhəd qüvvələri tərəfindən təmin edilməlidir. Ermənistan isə yolun açılacağı təqdirdə ərazi bütövlüyünə xələl gətirə biləcək addımların atılmamalı olduğunu deyir. Yəni sərhəd və gömrük xidmətinin Ermənistanın sərəncamında olmasını istəyir. Bu, Rusiya və Ermənistanın problemidir, Azərbaycana heç bir aidiyyəti yoxdur”.

Q.Hüseynlinin sözlərinə görə, Ermənistanın tərəddüdləri Azərbaycanı İran ərazisindən keçən yola diqqət yetirməyə vadar etdi:

“Bu barədə razılaşma var. Hətta təməlqoyma mərasimi də keçirilib. Bundan dərhal Paşinyan oyuna düşdüyünü və uduzduğunu anladı. Nikol Paşinyan və onun komandası hərdəmxəyal insanlardır. Onlar bu məsələnin perspektivlərini görməyi bacarmalıydılar”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Politiko” nəşrinə açıqlamasında bildirib ki, Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini açmaqla bağlı razılığa gələ bilmədiyinə görə bu layihə Azərbaycan üçün cəlbediciliyini itirib. Buna görə də Naxçıvan Muxtar Respublikasına gediş-gəliş imkanlarının yaxşılaşdırılması və yüklərin asan daşınması üçün İran İslam Respublikası ilə razılıq əldə olunub.

Rusiya-Ermənistan münasibətlərində GƏRGİN NOTLAR - Bizim işimizə yarayır...

Moskva Ermənistanın baş naziri Nikol Paşinyanın “təhlükəsizlik sahəsində əlaqələrin şaxələndirilməsi” zərurətindən danışarkən nəyi nəzərdə tutmasına rəsmi İrəvanın izahat verməsini istəyir. Reyting.az xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov daha sonra əlavə edib:

“Bu halda biz “The Wall Street Journal”ı əsas mənbə kimi qəbul etməyə meylli deyilik, ona görə də cənab Paşinyanın nədən danışdığını dəqiq başa düşməliyik. Və təbii ki, erməni dostlarımızla söhbətdə bu məsələ ilə bağlı bütün məlumatları alacağımızı gözləyirik. Sözsüz ki, Rusiya və Ermənistanın qəzetlər, xüsusən də “Wall Street Journal” vasitəsilə əlaqə saxlaması yaxşı deyil. Ona görə də erməni dostlarımızla söhbəti, dialoqu davam etdiririk və davam etdirəcəyik, bizim çox geniş gündəliyimiz var”.

Kreml nümayəndəsi vurğulayıb ki, Rusiya Bakı və İrəvana sülh müqaviləsinin bağlanmasına kömək etməyə çalışır: “Bu, regionda vəziyyəti sabitləşdirmək və daha müsbət, yaradıcı həyat səviyyəsinə nail olmaq üçün lazımdır”.

Daha əvvəl “The Wall Street Journal”a müsahibəsində Paşinyan bildirib ki, Azərbaycanın “aqressiv” hərəkətləri və KTMT-nin fəaliyyətsizliyi İrəvanın təhlükəsizliklə bağlı əlaqələrini şaxələndirmək qərarı verməsinə səbəb olub.

Paşinyan ABŞ nəşrinə deyib ki, İrəvan Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini qaldırmır və işçi görüşlər çərçivəsində Rusiya Federasiyası və KTMT-nin bu davranışının səbəbini anlamağa çalışır.

Ermənistanın baş naziri əlavə edib ki, respublika KTMT-də qalır, “çünki indi tərəflər mövqelərin anlaşılması məsələlərini müzakirə etmək mərhələsindədirlər” və “bir-birini başa düşməkdə səhv etmək” istəmirlər.

Qarabağ ermənilərinin kütləvi şəkildə Azərbaycanı tərk etməsinin əsas məqsədləri ortaya çıxıb. İstəyirlər ki, Ermənistana köçdükdən sonra İrəvan onlara elə bir status versin ki, onlar da istənilən ölkədən siyasi sığınacaq almaqda problem yaşanmasın. Lakin sən saydığını say, gör fələk nə sayır. Paşinyan onların gözləntilərini puça çıxardı. Belə ki, Paşinyan Qarabağdan köçən ermənilərə müvəqqəti qaçqın statusu verəcək. Bu da Qarabağ erməniləri arasında ciddi narazılığa səbəb olub və birmənalı qarşılanmayıb. 

“Hraparak”ın yazdığına görə, Qarabağ erməniləri Paşinyan hakimiyyətinin verəcəyi qərarı səbirsizliklə gözləyirdilər, lakin son nəticə onları məyus edib: “Qarabağ erməniləri Ermənistan hakimiyyətindən elə bir status verilməsini istəyirdilər ki, bunun əsasında onlara istənilən ölkədə siyasi sığınacaq üçün müraciət etmək imkanı verilsin. 
Qarabağa qayıtmaq ümidini itirməyən çox az sayda erməni isə ümidsizliyə qapıldı. Onlar hesab edirlər ki, Nikol Paşinyan yaxın gələcəkdə köçkünlərin öz yurdlarına qayıtması məsələləri ilə məşğul olmaq niyyətində deyil. Əvəzində o, baş ağrısından qurtulmağa çalışır. Bununla da Paşinyan Qarabağ ermənilərinin ümidlərini boşa çıxarmaqla Ermənistanı sürətlə tərk etməsinə təkan vermiş oldu. Burada  Ermənistan hakimiyyəti “insan yoxdur, deməli, problem yoxdur” prinsipini əsas götürüb”.

P.S: Onsuz da  Ermənistana köçən Qarabağ ermənilərinin mühüm bir hissəsi oranı tərk edib və bu proses davam etməkdədir. Hakimiyyət Ermənistandakı ciddi demoqrafik vəziyyətə görə ölkədə qalmasını istəsə də, onları bundan sonra orada heç cür saxlaya bilməyəcək. Ermənistanda yalnız əvvəlcədən evi olanlar və ya imkanı olub mənzil alanlar, özlərinə normal yaşam tərzi quranlar, yaşlılar və getməyə imkanı olmayanlar qalacaq. 

Azərbaycan və Ermənistan baş nazirləri Gürcüstanda görüş keçiriblər.

APA xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə görüşüblər.

Gürcüstanın “İmedi” telekanalının məlumatına görə, Gürcüstan, Azərbaycan və Ermənistan baş nazirlərinin görüşü bir neçə saat davam edib.
Danışıqların təfərrüatı açıqlanmayıb.

Oktyabrın 27-də Gürcüstanda 150 illik tarixi olan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının müasir üslubda inşa ediləcək yeni binasının təməlqoyma mərasimi keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, tədbirə Azərbaycanın Baş naziri Əli Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyəti, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, yerli ictimaiyyət və media nümayəndələri qatılıblar.

Toplantıda hər iki ölkənin baş nazirləri çıxış ediblər.

Ə.Əsədov bildirib ki, bu teatr mədəniyyət və incəsənətsevərlərə layiqli hədiyyə olmaqla yanaşı, həm də tarixi, qədimliyi və müasirliyi özündə mükəmməl şəkildə sintez edən Tbilisi şəhərinin görkəminə xüsusi gözəllik verəcək və Gürcüstan paytaxtının mədəni ocağına çevriləcək:

“Əlamətdar haldır ki, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət ocağının yeni binasının təməlqoyması məhz bu ilə - Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümünə təsadüf edir. Heydər Əliyevin bu mötəbər yubileyi münasibətilə Gürcüstanda da silsilə tədbirlər keçirilib”.

“2023-cü ilin payızında İrəvan Bakıya nəinki hərbi-siyasi baxımdan tamamilə uduzdu, həm də əsas müttəfiqi olan Rusiyanın da dəstəyini itirdi. Bu, İranı Ermənistanla xüsusi münasibətlər siyasətindən əl çəkməyə, yeni regional nizamla barışmağa və yeni nəqliyyat dəhlizlərinin yaradılmasında iştirak edərək ondan faydalanmağa çalışmağa sövq etdi”.

Bu barədə Karnegi (Carnegia) Beynəlxalq Sülh Fondunun hesabatında “Nəyə görə İran diqqətini Ermənistandan Azərbaycana yönəldib?” başlıqlı məqaləsində deyilir.

Qeyd olunub ki, 2020-ci ilin payızında Azərbaycanın Qarabağda qazandığı hərbi qələbələr nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. İran həmin hadisələrin birbaşa iştirakçısı olmadığından baş verənlərə ciddi təsir göstərə bilməzdi. Rəsmi Bakının Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən Zəngəzur dəhlizini reallaşdırmaq niyyəti Tehranı ciddi narahat etməyə başladı. Belə bir ssenaridə İranın Ermənistanla, o cümlədən Ermənistan üzərindən Qara dəniz tranzitinə çıxışı itiriləcək.

“Cənubi Qafqazda artan Türkiyə-Azərbaycan təsirinə qarşı çıxmağa çalışan İran Ermənistanla yaxınlaşmağa başladı. Düzdür, məsələ böyük ölçüdə simvolik jestlərlə - bəyanatlarla və yüksək vəzifəli məmurların tez-tez səfərləri ilə kifayətləndi. Bura həm də Ermənistanın Kapanda İran konsulluğunun açılması, eləcə də İran azərbaycanlılarının mərkəzi sayılan Təbriz şəhərində Ermənistan diplomatik nümayəndəliyinin açılması planları daxildir. Bunun fonunda İranla Azərbaycan arasında münasibətlər son onilliklərin ən ağır böhranını yaşayırdı. Rəsmi Tehran sərhədləri güc yolu ilə dəyişmək istəyəcəyi təqdirdə qətiyyətlə cavab verəcəyi ilə hədələyib və niyyətinin ciddiliyini sübut etmək üçün Azərbaycan sərhədində hərbi təlimlər keçirib. Bakı daha sərt cavab verdi və mahiyyət etibarı ilə İranda Azərbaycanın özündən daha çox insan yaşayan etnik azərbaycanlıların separatizmini dəstəkləməklə hədələdi. 2023-cü ilin əvvəlində Azərbaycan tərəfi Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə edərək diplomatik münasibətlərin səviyyəsini de-fakto aşağı salıb. Buna səbəb isə Azərbaycan səfirliyinə hücum olub”, -məqalədə qeyd olunub.

Məqalədə həmçinin bildirilir ki, 2023-cü ilin oktyabrın 19-20-də Azərbaycanın sürətlə həyata keçirdiyi Qarabağ əməliyyatdan sonra bölgədə tamamilə yeni reallığın yaranması, Tehranı yaranmış reallığa uyğun addım atmağa vadar edib.

“İran Qafqazda yeni nizamın labüdlüyünü anlayaraq öz yanaşmalarına yenidən baxdı. İranlıları Ermənistana yaxınlaşdırmaq cəhdləri Azərbaycanı qıcıqlandırsa da, heç bir ciddi fayda vəd etmirdi. Tehran hazırda Bakı və Ankaranın düşmən ittifaqının dominantlıq etdiyi regionda uduzmuş ölkəyə bağlanmaq riskini daşıyır.

İran üçün əlavə arqument Ermənistanın Qərblə münasibətləri yaxşılaşdırmaq cəhdləri olub. Erməni-Amerikan birgə hərbi təlimləri xüsusilə güclü qıcıqlandırıcı oldu. İran hakimiyyəti dəfələrlə sərhədlərində qeyri-regional qüvvələrin olmasını qırmızı xətt adlandırıb. Üstəlik, bu halda biz Amerika ordusundan danışırdıq.

Daha mühüm amil isə ondan ibarətdir ki, İrəvanın Vaşinqtonla əməkdaşlığı nəhayət, Rusiyanı Ermənistandan uzaqlaşdırdı. Moskva Qarabağ məsələsini güc yolu ilə həll etmək üçün faktiki olaraq Azərbaycana kart-blanş verdi. Tehran isə bu vəziyyətdə uduzan tərəfi inadla dəstəkləyən yeganə tərəf olmaq istəmirdi.

Həm Qarabağ hadisələri, həm də başqa bir müharibə - Rusiyanın Ukrayna ilə müharibəsi İranın xarici iqtisadi strategiyasına ciddi təsir göstərdi. Məsələn, götürək ki, Qərbin sanksiyaları fonunda Moskva alternativ əməkdaşlıq sahələrinə, o cümlədən İrana xüsusi diqqət yetirməyə başladı.

Ukrayna münaqişəsinin kəskin mərhələsi başlayandan sonra üzərində iş intensivləşən ən perspektivli layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizidir. Rusiya tranzitinin əhəmiyyətli hissəsini bu marşruta yönəltməyi gözləyir.

İran yeni nəqliyyat dəhlizindən çox şey gözləyir. Lakin layihədə təkcə Rusiya deyil, həm də yeni marşrutun ərazisindən keçəcəyi Azərbaycan da iştirak edir. Aydındır ki, Bakı ilə qarşıdurma şəraitində bu istiqaməti inkişaf etdirmək asan olmayacaq və sərhəddə gözlənilməz yüklərin gecikməsi kimi müntəzəm problemlər yetərincədir. Ona görə də İranın Azərbaycanla əlaqələrini istiləşdirmədən başqa yolu yoxdur. Üstəlik, artıq Rusiya və İran arasında sürətlə artan ticarətin əhəmiyyətli hissəsi (2022-ci ildə +20%) yük maşınları ilə Azərbaycan ərazisindən keçir.

Habelə Şimal-Cənub dəhlizindən qat-qat tez həyata keçirilə bilən başqa bir nəqliyyat layihəsində də Azərbaycan İran üçün vazkeçilməzdir. Söhbət Zəngəzur dəhlizindən gedir. Naxçıvandan keçən avtomobil yolları - dəmir yolu və avtomobil yolları təkcə Türkiyə ilə Azərbaycanı birləşdirməyəcək, həm də Şimal-Cənub dəhlizini bu marşruta birləşdirməyə imkan verəcək. Sovet dövründə İrandan Culfaya (Naxçıvan) dəmir yolu işləyirdi. SSRİ-nin dağılmasından sonra həmin yolun İrana gedən Qafqaz hissəsi Ermənistan və Azərbaycan arasında bölündü və ondan istifadə etmək mümkünsüz oldu. İndi bu marşrutu istifadəyə vermək üçün əsas Azərbaycan ərazisindən Culfaya qədər olan kiçik bir hissəni bərpa etmək və ya yenidən tikmək kifayətdir.

Tehran bundan əvvəl Zəngəzur dəhlizinə qarşı çıxıb, çünki Ermənistanla sərhəddə nəzarəti Azərbaycan tərəfinə vermək istəmirdi. Amma deyəsən, Bakı və Tehran kompromis tapa bildilər - dəmir yolunun qismən İran ərazisindən keçəcəyi ilə razılaşıblar. Beləliklə, Tehranın vəziyyətə nəzarət etmək üçün daha çox imkanları olacaq. İranlılar bu tənzimləmədən məmnundurlar. Layihə reallaşarsa, onların Türkiyə üzərindən Aralıq dənizinə, Azərbaycandan keçməklə Rusiyaya gedən dəmir yoluna çıxışı olacaq.

Bütün bu amillər Qara dənizin Ermənistan ərazisindən tranzitinin əhəmiyyətini açıq şəkildə üstələyir. İdeal olaraq, Tehran nə birindən, nə də digərindən imtina etmək istəməzdi. Ancaq seçim etməlisənsə, qərar göz qabağındadır.

Tehran Bakı ilə mənasız mübahisələr əvəzinə yeni regional nizamla barışmaq və ondan faydalanmaq qərarına gəldi. Gələcəkdə İran tərəfi yeni tranzit marşrutlarına çıxış əldə edəcək və Tehranın ciddi ümidlər bəslədiyi Rusiya ilə ticarətin inkişafına zəmanət verəcək. İranla Azərbaycan arasında normal münasibətlər olmasa, bütün bunlar qeyri-real olardı”, - məqalə bildirilir.

Üç mühüm xəbəri oxuyandan sonra qiymət vermək xeyli dərəcədə asanlaşır:

1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.

2. Hindistan və Fransa Ermənistana silah daşıyır.

3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı…

Ermənistan iddia edir ki, “Rusiyanın vasitəçilik formatını seçərək Azərbaycan Ermənistan, Aİ və ABŞ-ni şantaj etməyə başlayıb. Azərbaycan Qərbin məhdudlaşdırıcı siyasətinə cavab olaraq Aİ-nin Ermənistanla danışıqlar görüşünü boykot edib. Oktyabrın 5-də Avropa Parlamentinin qəbul etdiyi qətnamədə Azərbaycan sərt şəkildə tənqid edilib və sanksiyalar tətbiq edilib”.

Maraqlıdır ki, Azərbaycan görüşü ona görə təxirə saldı ki:

1. Fransa masada Ermənistanı kənara itələyib özü böyük Ermənistan rolunu oynamağa başladı və Azərbaycanın təklif etdiyi Türkiyəni masaya qoymadı.

2. Danışıqlar baş tutan ərəfədə Fransa – Ermənistan hərbi müqaviləsi imzaladı. Paris balaca Ermənistanın növbəti dəfə bədbəxt olmasının təməllərini atdı.

Hətta bu azmış kimi avroparlamentin ermənipərəst deputatlari ermənilərin Qarabağdan kütləvi şəkildə getməsini “etnik təmizləmə” adlandırıblar. Avropa Parlamentinin üzvləri Azərbaycanın beynəlxalq öhdəliklərini pozduğunu nəzərə alaraq, Avropa Komissiyasından Bakı ilə enerji sektorunda strateji tərəfdaşlığa təcili şəkildə yenidən baxılmasını tələb ediblər.

Hətta onlar tələb və təklif ediblər ki, Azərbaycanın Ermənistana hərbi təcavüzü və ya hibrid hücumları olacağı təqdirdə Aİ Azərbaycan qazı və neftinin idxalından asılılığını azaltmalı və bu tədarüklərdən tamamilə imtina etməlidir. Bundan əlavə, bir çox Avropa ölkələrinin parlamentləri ermənilərin Qarabağdan məcburi deportasiyasını pisləyib və Bakını ermənilərin geri qayıtmaq hüququnun həyata keçirilməsini təmin etməyə çağırıb.

Avropa dövlətləri də BMT İnsan Haqları orqanlarında Ermənistanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyən bəyanat imzalayıblar.

Bu Avropa fəaliyyətinə Qranadada Şarl Mişel, Olaf Şolts, Emmanuel Makron və Nikol Paşinyanın dördtərəfli bəyannaməsini də əlavə etmək olar. Orada Aİ, Fransa və Almaniya Ermənistanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstəklərini vurğuladılar.

Yəni göründüyü kimi kollektiv Qərb nəinki 30 il ərzində işğal altında olan və qaçqın, köçkün sayı bir milyona çatan Azərbaycan ilə bağlı qərar qəbul edib, əksinə, ilahi ədaləti icra edib ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı birlikdə mövqe nümayiş etdirib, İrəvanı silahlandırılmasına imkan yaratmaq onların məntiqinə görə çox təbii imiş.

“Onlar bəyan ediblər ki, Qarabağdan didərgin salınmış qaçqınlar beynəlxalq monitorinq altında heç bir şərt qoyulmadan öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququndan sərbəst istifadə etməlidirlər”.

Şübhəsiz ki, qaçqınlar kimdir, necə tərk ediblər ərazini…

Hamısı video və fotolarda mövcuddur.

Erməni əhali Azərbaycanın reinteqrasiya planına baxmayaraq, könüllü şəkildə bölgəni tərk etməyə üstünlük verdi.

İkincisi, bu şəxslərin çox böyük faizi Ermənistan pasportu daşıyır və Azərbaycan vətəndaşı deyillər.

Üçüncüsü, yenə çox böyük faizi Yaxın Şərq bölgəsindən köçən ermənilərdir.

Qərb bunların Azərbaycana qayıtmasını leqal olaraq tələb etmək haqqına malik də deyil axı.

“Avropa liderləri həmçinin bir-birinin suverenliyi, sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün (Ermənistanın 29,800 kvadrat kilometri və Azərbaycanın 86,600 kvadrat kilometri) qarşılıqlı tanınması əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün bütün səylərə sadiq qalırlar. Onlar güc tətbiq etməmək və güc tətbiq etməklə hədələmə prinsipinə ciddi əməl etməyə çağırıblar”.

Bəyəm Azərbaycan Ermənistan ərazisinin bütövlüyünü haradasa tanımadığını qeyd edib?

Prezidenti İlham Əliyev hətta sentyabrın 20-də axşam xalqa müraciətində Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanıdığını söyləyib: “Biz onların ərazi bütövlüyünü tanıyırıq və bunu bəyan etmişik, bütün ölkələrin ərazi bütövlüyünü tanıyırıq” - deyə açıq mətnlə ifadə etdi.

Və hətta bunlara baxmayaraq, Qərb sənədlərlə qeyd edir:

– Qərb Azərbaycanın Ermənistana qarşı hərbi hücumlar və təcavüzkarlıq siyasətini bölüşmür.

– Qərb BMT Təhlükəsizlik Şurasının sessiyaları zamanı da Ermənistanın ərazi bütövlüyünü müdafiə edib və Azərbaycanı təcavüzdən çəkinməyə çağırır.

Qərbin bu mövqeyi Azərbaycan davranışını qəbuledilməz hesab edir.

Əvvəla, ona görə ki, Azərbaycan Ermənistana hücum etmək niyyətində deyil.

İkincisi, Azərbaycan Ermənistan ilə sülh bağlamağa çalışır.

Üçüncüsü, Azərbaycana kommunikasiyaları açmaq lazımdır.

Dördüncü, Qərb Ermənistanı Azərbaycana qarşı çıxmağa hazırlayır və qəbul etdiyi sənədlərlə Azərbaycanın əl – qolunu bağlamağa hazırlıq işləri görür.

Qərb iddia edir:

Azərbaycanın Ermənistana qarşı hərbi hücum planı var və ona görə Qərb platformalarını boykot etmək qərarına gəlib. Əliyev Rusiyanın danışıqlar formatını seçib.

Və ya guya ki, "Azərbaycan Ermənistana qarşı hərbi hücumların Azərbaycan tərəfindən təşviq edildiyi Rusiya formatını seçib. Azərbaycanın hər bir hücumu Rusiyanın maraqlarına uyğundur, çünki Moskva və Kreml Zəngəzur dəhlizi adlandırdıqları Ermənistana təqdim etdikləri ərazi iddiasında ümumi maraqlara malikdir”.

(Hər kəs bilir ki, nə üçün bizim daxili radikal müxalifətin sosial media səhifələrində eyni tezislər yayılır, hansı ki, həmin dırnaqda verdiyimiz fikirlər Ermənistan mediasında ortaya atılır əvvəlcə).

Yəni əsas sual budur: Azərbaycan nə üçün Rusiyada olan platformanı seçir?

1. Azərbaycan hazırda Rusiya ilə münasibətlərində hansısa problem yaşamır.

2. Azərbaycan Türkiyə – Rusiya əməkdaşlığının bəhrəsini görür.

3. Azərbaycan 3+3 mexanizminin daha real və praktik hesab edir.

4. Son proseslər də Azərbaycana Rusiyanın Fransadan daha yaxın olduğunu göstərir.

İşin anlaşılmayan tərəfi də var:

Azərbaycana da ABŞ tərəfindən təzyiqlər edilir ki, Ermənistana qarşı hərbi hücum həyata keçirməsin.

Ümumiyyətlə, "Politico" nəşrinin iddiası anlaşılmaz və qəribə idi: dərhal da Blinken kabineti tərəfindən təkzib edildi. Lakin üzərindən 10 gündən artıq vaxt keçsə belə, həmin feyk xəbər Ermənistan gündəmində saxlamaqdadır.

Qaldı ki, Ermənistanda da düzgün başa düşüblər ki, hər danışıq platformasından sonra Azərbaycan istədiyini alır. Bundan sonra Bakı hansı formata üstünlük verirsə, o formata keçir. Çünki Azərbaycan haqlıdır və hüquqi çərçivədə prosesləri idarə edir.

Digər bir tezis: Ermənistan hesab edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanımasına baxmayaraq, Azərbaycan sentyabr ayında Qarabağda əməliyyat keçirib.

Yəni nə dəxli var:

Azərbaycan öz ərazisində əməliyyat keçirdi və Ermənistan lobbisinin rüşvəti ilə Qərb parlamentində əyləşənlərdən başqa sivil dünya bizi ittiham etmədi ki. Hətta BMT-də iki dəfə dinləmə oldu və səsvermədə Ermənistan ilə yanaşı, Fransa da məğlub oldu.

Ermənistanın məntiqinə görə Azərbaycan separatçıları Qarabağda saxlamalı və anklavlarda qalan kəndləri istəməməlidir.

O zaman haqlı sual yaranır:

Ermənistan Azərbaycanın ərazi bütövlüyü necə tanıyıb?

İkincisi, Ermənistan indi də ittiham edir ki, Qərb Azərbaycanın qarşısını almaq və müharibəyə başlamamaq vədini pozmaq üçün heç bir sərt addım atmadı.

Açığı Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etmədən niyə söz verməlidir ki?! Bu iddia da məlum deyil.

Lakin  Rusiya üçün məqbul olan məsələlər var.

Qərb Ermənistanın "demokratiyasına və suverenliyinə" zərbə vurmaq üçün addım atacaq ölkəni Qafqazda yox, Rusiyada axtarsa, daha məntiqli olmazdı?

Çünki Rusiyanın Ermənistana qarşı yeni hərbi hücumlara başlayacağı çox böyük ehtimaldır.

Keçək digər məsələyə:

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, onlar Süniki zəbt edib oradan dəhliz almaq fikrində deyillər.

Hətta prezident köməkçisi bildirib ki, Zəngəzur dəhlizi artıq Azərbaycan üçün maraqlı deyil.

Lakin Azərbaycan vacib mərhələyə keçid də elan edir:

Anklavların qaytarılması…

Qayıdaq yazının əvvəlinə:

1. Ukrayna müharibəyə baxmayaraq, tövsiyələri yerinə yetirib və Avropa İttifaqına üzv olmaq üçün cavab gözləyir.

Ukrayna Prezidenti Zelenskinin son açıqlamları Yaxın Şərq hadisələri kontekstində Qərbin Ukraynaya marağının azalması dinamikasının müşahidə edildiyinə sübutdur.

Əgər Ukraynya yardımlarla bağlı ortaya çıxan tərəddüd Kiyevi Moskva qarşısında əzdirrəcəksə, bu Qərb üçün strateji səhv olacaq kimi görünür. Lakin fakt faktlığında qalır, İsrail Ukraynanı ikinci plana atdı. Bu aqibət kimi görünməsə də, Qərbin “ipinin üstünə odun yığılmaması” mənasında Ermənistana ciddi siqnal olmalı idi ki, İrəvan tam tərsinə – oyunun mərkəzinə doğru yön almaqdadır.

2. Hindistan və Fransa Ermənistana silah daşıyır.

“The Economic Times of India” qəzeti yazıb ki, yüksək rütbəli erməni rəsmi bu yaxınlarda daha çox silah alınmasını müzakirə etmək üçün Hindistana səfər edib. Səfər Hindistanın 2022-ci ildə bağlanmış yüz milyonlarla dollarlıq müqavilələrə uyğun olaraq, bu ilin iyul-avqust aylarında İran vasitəsilə Ermənistana silahların ilk partiyası, o cümlədən özüyeriyən və yedəkli “Pinaka” reaktiv yaylım atəşi sistemləri, artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, tank əleyhinə raketlər və sursatlar təhvil verilib və ya veriləcək.

Fransa isə İrəvana “Mistral” qısa mənzilli zenit-raket kompleksləri göndərməyə hazırlaşır.

3. Paşinyan Azərbaycan bayrağını başının üstündən asdı.

Azərbaycanın Baş naziri Əli Əsədov və Ermənistanın Baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarları İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tbilisidə keçirilən dördüncü Tbilisi İpək Yolu Forumunda iştirak ediblər.

Ermənistan Baş naziri Nikol Paşinyan yaxın aylarda Alma-Ata bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına ümid etdiyini bildirib.

“Hazırda Azərbaycanla sülh müqaviləsi və münasibətlərin normallaşması üzərində işləyirik və ümid edirəm bu proses yaxın aylarda uğurla başa çatacaqdır”, – Nikol Paşinyan bildirib.

Ermənistan Baş naziri Nikol Paşinyan tədbirdə “Sülh Qovşağı” adını verdiyi layihəsini də açıqlayıb.

“Bu layihənin əsas mənası avtomobil yollarının, dəmir yollarının, boru kəmərlərinin, kabel və kommunikasiya xətlərinin təmiri, tikintisi və istismara verilməsi yolu ilə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında əlaqələrin inkişafıdır”, – Nikol Paşinyan deyib.

Nəticə:

“Bərpa olunan enerji sektoruna sərmayə qoymaq Azərbaycana indi elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük miqdarda təbii qaza qənaət etməyə imkan verəcək”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində deyib .

“Bu investisiya bizə hal-hazırda elektrik enerjisi istehsal etmək üçün istifadə etdiyimiz böyük həcmdə təbii qaza qənaət etməyə imkan verəcək. Bu isə ixraca qənaət olunacaq bir neçə milyard kubmetrdir. Çünki son geosiyasi dəyişikliklərlə bağlı Avropanın Azərbaycan qazına hər zamankından daha çox ehtiyacı var”, – deyə dövlət başçısı vurğulayıb.

Azərbaycanın böyük nəqliyyat infrastrukturunu – Xəzər dənizindəki dəniz yataqlarından Avropaya uzanan 3500 km uzunluğunda qaz kəmərini vaxtında istifadəyə verdiyini vurğulayan İlham Əliyev əlavə edib ki, bu, daha da geniş regionun enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Prezident İlham Əliyevin çıxışının kiçik bir hissəsindən çıxardığımnız qənaət bizə imkan verməlidir ki, Azərbaycan bölgə dövləti kimi və oynadığı straeji müttəfiqlik roluna görə imtina ediləsi güc deyil.

Hələ Qərb üçün deyə bilərik ki, enerji sahəsində artan tələbatlar Azərbaycan kimi ölkənin zəruriliyini mütləq təcəlli etdirir.

İkincisi, Ermənistan sülhə doğru gəlmir, ümumiyətlə, bu ölkəni çox güman ki, bir neçə Qərb emissarı idarə edir və Nikol Paşinyan üçün mətnləri də onlar yazır.

Çünki açar sözlər və məqsədlər göstərir ki, Ermənistan qalıcı sülhdən, bölgədəki əməkdaşlıq istəyindən çox kənardadır.

Üçillik gecikmə İrəvan üçün Zəngəzur dəhlizinin itkisinə başa gəldi, Nikol Paşinyan Gürcüstanda təqdim etdiyi “Sülh Qovşağı” isə reallıqdan uzaq, daha çox “Silah Qovşağı” olaraq meydana çıxmaqdadır.

Mənbə: 27sentyabr.az

Xəbər lenti