|
“Rusiya Ermənistan və Azərbaycanla təmasları davam etdirir”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Rusiyanın Moskvanın tərəflər arasında sülh planının hazırlanması üçün platforma olaraq istifadə olunması təklifi ilə bağlı irəliləyiş hələ ki yoxdur.
Prezident İlham Əliyev oktyabrın 25-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.
Bu barədə President.az xəbər verir.
Məktubda deyilir:
“Hörmətli Kasım-Jomart Kemeleviç, 25 Oktyabr - Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Qazaxıstan sürətlə inkişaf edən, gündən-günə müasirləşən və güclənən dövlətdir. Sizin qətiyyətli rəhbərliyiniz altında aparılan əhəmiyyətli islahatlar ölkənizin sosial-iqtisadi yüksəlişini, beynəlxalq aləmdə nüfuz qazanmasını təmin edib.
Biz dərin tarixi kökləri olan, qardaşlıq və qarşılıqlı etimad üzərində qurulmuş və bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Çoxşaxəli əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə səmərəli qarşılıqlı fəaliyyətimiz dövlətlərarası münasibətlərimizi səciyyələndirən əsas cəhətlərdəndir. Daim genişlənən siyasi dialoq ilə yanaşı, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın dərinləşməsi tərəfdaşlığımızın yüksək səviyyəsindən və dinamik inkişafından xəbər verir.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq birgə səylərimizlə Azərbaycan ilə Qazaxıstan arasında müstəsna xarakter daşıyan əlaqələrin möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, fəaliyyətinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.
Azərbaycan və Ermənistan liderləri bu ay Brüsseldə görüşməyəcək.
APA xəbər verir ki, bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.
“Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatarük - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar”.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” paylaşımında qeyd olunub.
“Biz iki bədəndə bir canıq! Birliyimiz, dirliyimiz və gücümüz daimi olsun”, - nazirlikdən bildirilib.
Qeyd edək ki, oktyabrın 23-də Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi başlayıb.
Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.
Təlimdə müasir döyüş üsullarından istifadə etməklə artilleriya, aviasiya və digər qoşun növlərinin hərbi əməliyyatlarda tətbiqi, onların qarşılıqlı əlaqədə fəaliyyətinin təşkili, çaylar üzərindən keçid açmaq məqsədilə panton körpülərin salınması və şərti düşmənin dərinliyinə desant endirilməsi üzrə müxtəlif tapşırıqlar icra edilir.
“Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində əsas diqqət qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəldilib.
Xatırladaq ki, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimində oktyabrın 24-də "Yüksək səviyyəli müşahidəçi günü” keçirilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə Türkiyənin milli müdafiə naziri cənab Yaşar Güler, Tacikistanın müdafiə naziri general-polkovnik Şerali Mirzo, Qazaxıstan Müdafiə Nazirliyinin Hərbi Təhsil və Elm Departamentinin rəisi general-mayor Jumabek Axmetov və Özbəkistan müdafiə nazirinin döyüş hazırlığı üzrə müavini polkovnik Kadirjon Tursunovun rəhbərlik etdiyi nümayəndə heyətləri, eləcə də Türkiyənin müdafiə sənayesi sahəsində çalışan bir neçə şirkət rəhbəri və nümayəndəsi "Mustafa Kamal Atatürk-2023" birgə taktiki təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.
Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyir.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilir.
Bildirilib ki, azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir:
“Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.
Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.
Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksimum uzaq durmalıdır”.
Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə iclası başlayıb.
Məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçirilir.
***
Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezov Xaçatryanın cinayət işi üzrə növbəti məhkəmə keçiriləcək.
Oxu.Az-ın məlumatına əsasən, məhkəmə iclası Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək.
Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verəcəklər.
Qeyd edək ki, oktyabrın 18-də keçirilmiş məhkəmədə prokuror ittiham aktını elan edib. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb.
Xatırladaq ki, V.Xaçatryanın müdafiəçisi Natiq Bəybalayev səhhəti ilə bağlı məhkəməyə müraciət edib. O, daha müdafiə çıxışlarına gələ bilməyəcəyini bildirib. Bundan sonra Xaçatryanın vəkili Radmina Abulova olacaq.
Qeyd edək ki, Vaqif Xaçatryanın iştirakı ilə Qarabağ iqtisadi rayonunda yaşayan, həmçinin Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı hərbi birləşmələrdən ibarət cinayətkar birliyin tərkibində Xocalı (keçmiş Əsgəran rayonu ərazisində) rayonunun Meşəli kəndində yerli azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı, təqib etmə, didərgin salma, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma cinayətləri nəticəsində ümumilikdə 27 nəfər qəsdən öldürülüb, 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 2 nəfər kənd sakini girov götürülüb, 81 ailə təsərrüfatından ibarət 340 nəfər daimi yaşayış yerlərindən Azərbaycan Respublikasının digər ərazilərinə didərgin salınıb, kənd sakinlərinə ümumilikdə 13 568 060 manat, dövlətə isə 130 800 manat məbləğində maddi ziyan vurulub.
12 noyabr 2013-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan barəsində Cinayət Məcəlləsinin 103 və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə dair qərar qəbul edilib, 14 noyabr 2013-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib və 21 noyabr 2013-cü il tarixdə axtarışı elan edilərək müvafiq sənədlər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinə və “İnterpol”un Azərbaycandakı Milli Mərkəzi Bürosuna göndərilib.
29 iyul 2023-cü il tarixdə Vaqif Çerkezov Xaçatryan səhhəti ilə bağlı Ermənistan Respublikasının ərazisinə keçmək istəyən zaman “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təqdim olunub və həmin tarixdə ona Cinayət Məcəlləsinin 103 və 107-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu il sentyabrın 22-də təqsirləndirilən şəxs Vaqif Xaçatryana Cinayət Məcəlləsinin müvafiq maddələri ilə yenidən ittiham elan edilib və sentyabrın 29-da isə cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür.
Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib.
İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqlayıb, eyni zamanda, Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan edib.
Qubadlı şəhərinin işğaldan azad edilməsi uğrunda şiddətli döyüşlər gedib. Düşmənin müqavimətini qıran Azərbaycan Ordusu onu geri çəkilməyə məcbur edib, ağır məğlubiyyətə uğradıb. Qubadlı əməliyyatı zamanı Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı da təsis olunub.
Prezident İlham Əliyevin Sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub.
Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama əsasən, 25 oktyabr – Qubadlı şəhəri günü kimi təsis edilib.
Xatırladaq ki, Qubadlı 1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Ermənilər işğal müddətində Qubadlı şəhərini, rayonun kəndlərini dağıdıb, dini, tarixi, mədəni abidələrə, qəbiristanlıqlara, eləcə də təbiətə qarşı vandallıq əməlləri törədib. İşğalçılar Qubadlının zəngin təbiətinə, flora və faunasına qarşı da ekoloji terror törədib, meşələri, nadir ağac və bitki növlərini qırıb, yandırıb.
Rəsmi Bakı öz hərbi qüdrətini qətiyyən gizlətmir, əksinə, beynəlxalq və regional rəqiblərinə öz “qırmızı cizgilər”ini həm xatırladır, həm də diqtə edir, Azərbaycanın regional güc mərkəzinə çevrilməsi indi onların qarşısında aşılması çətin əngəl olaraq, durur... Ona görə də, hətta xarici himayədarlarının israrlı dəstəyinin olacağı təqdirdə belə, Ermənistan hələ uzun müddət Azərbaycanla hərbi qarşıdurmağa cəsarət edə bilməyəcək...
Azərbaycanın Cənubi Qafqazın şəriksiz liderinə çevrilməsi indi beynəlxalq siyasi məkanda ciddi narahatlıqla qarşılanmağa başlayıb. Belə ki, Cənubi Qafqazda maraqları olan dünya nəhəngləri hazırda bu regiona yerləşmək cəhdlərinin böyük risk altında olduğunu anlayırlar. Hər halda, belə bir önəmli geopolitik prosesin məhz Ermənistan üzərindən reallaşdırılmasının mümkün olmayacağı hər kəsə aydındır. Və bu vəziyyətdən çıxış yollarının tapılması isə hələlik müsbət nəticələrdən çox-çox uzaqdır.
Ancaq rəsmi Bakıya təzyiq mexanizmlərinin yaradılması istiqamətində də Qərbin elə bir ciddi uğuru müşahidə olunmur. Əsas səbəbsə, ondan ibarətdir ki, beynəlxalq məkanda yalnız hərbi və iqtisadi güc keçərli faktordur. Bu iki önəmli faktora sahib olan dövlətlər isə öz siyasi iradəsini diqtə etmək imkanlarına sahib olurlar. Və Azərbaycan hər iki faktora eyni vaxtda sahib olduğundan dünya nəhənglərinin regional maraqları da qəliz geopolitik situasiya ilə üzləşib.
Üstəlik, geniş iqtisadi resurslara sahib Azərbaycan özünün hərbi gücünü də qətiyyən gizlətmir. Əksinə, hər imkanda bu hərbi gücü daha da inkişaf etdirərək, beynəlxalq və regional rəqiblərinə öz “qırmızı cizgilər”ini həm xatırladır, həm də diqtə edir. Və rəsmi Bakının regional geopolitik güc mərkəzinə çevrilməsi indi beynəlxalq rəqiblərin qarşısında aşılması çətin əngəl olaraq, durur.
Halbuki, Azərbaycan öz regional hegemonluğunu möhkəmləndirməkdə davam edir. Belə ki, Azərbaycan və Türkiyənin ortaq keçirtdikləri “Mustafa Kamal Atatürk-23” hərbi təlimləri həm Ermənistanda, həm də beynəlxalq ermənipərəst dairələrdə ciddi narahatlıq doğurmağa başlayıb. İndi bir çoxları tam dəqiqliyi ilə anlayırlar ki, NATO ölkəsi olan Türkiyənin hərbi müttəfiqi Azərbaycanla geopolitik qarşıdurma qətiyyən sərfəli deyil.
Ermənistandasa, Azərbaycan-Türkiyə hərbi təlimlərini real hərbi təhlükə kimi qəbul etdiklərini qətiyyən gizlətmirlər. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki Ermənistan Azərbaycanın hərbi gücü və qüdrəti ilə artıq bir neçə dəfə üzləşib, hamısında da biabırçı məğlubiyyətə uğrayıb. II Qarabağ savaşı Azərbaycan ordusunun tam tarixi zəfəri ilə yekunlaşıb. Bir neçə həftə əvvəlsə, Azərbaycan ordusu Qarabağ regionunda terrorçu dəstələr kimi fəaliyyət göztərən Ermənistan ordusunun qalıqlarını darmadağın və tərksilah edib.
Ona görə də, hazırda rəsmi İrəvan Azərbaycanın hərbi gücü ilə təkrar üz-üzə qalmaqdan ciddi şəkildə qorxur. Azərbaycan ordusunun Qarabağ regionunda reallaşdırdığı lokal antiterror tədbirləri zamanı da rəsmi İrəvanın bu qorxusu silahlı erməni terror dəstələrinin sıradan çıxarılmasında müəyyən rol oynayıb. Və bu barədə artıq Ermənistan mətbuatı müəyyən detalları ictimailəşdirib.
Məsələ ondadır ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti baş naziri Nikol Paşinyanın Qarabağ separatçı-terrorçuların “rəhbəri” Samvel Şahramanyandan Azərbaycanın bütün şərtləri ilə razılaşmağı tələb etdiyini iddia edib. Erməni nəşrinin iddiasında bildirilir ki, Samvel Şahramanyanın qondarma “dqr”ın ləğvi barədə “fərman” imzalamasından Ermənistan baş naziri Nikol Paşinyanın xəbərsiz olması barədə deyilənlər həqiqətdən uzaqdır. İddiaya görə, baş nazir Nikol Paşinyan bu “fərman”ın mətnindən şəxsən xəbərdar olub, üstəlik, S.Şahramanyanı Azərbaycanın bütün tələbləri ilə razılaşaraq, hərbi eskalasiyanı dayandırmaq üçün hər şeyi etməyə çağırıb.
“Hraparak”ın yaydığı məlumatda vurğulanır ki, Azərbaycan tərəfi erməni separatçı-terrorçulara qondarma rejimin ləğvi, yəni “dövlət qurumları”nın, “ordu”nun buraxılması, silahların təhvil verilməsi tələblərini çatdıranda S.Şahramanyan Ermənistan baş naziri Nikol Paşinyanla əlaqə qurmağa çalışıb. Nəticədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın vasitəçiliyi ilə o, Nikol Paşinyanla telefonla əlaqə saxlamağa nail olub. Baş nazir Nikol Paşinyan isə onu Azərbaycanın bütün tələblərinin dərhal yerinə yetirilməsinə, müharibənin Ermənistan ərazisinə keçməsinin qarşısını almağa çağırıb.
Göründüyü kimi, rəsmi İrəvan son hadisələr zamanı Qarabağ erməniləri barədə ümumiyyətlə, düşünməyib. Paşinyan hakimiyyəti üçün əsas önəmli məqam ondan ibarət olub ki, Qarabağda başladılmış antiterror əməliyyatları Ermənistan ərazisinə keçməsin. Hətta baş nazir Nikol Paşinyan həmin vaxt açıq şəkildə bəyan etmişdi ki, hərbi əməliyyatlar Azərbaycan ərazində reallaşdırılır və Ermənistanla sərhəd bölgəsində hər hansı silahlı toqquşma mövcud deyil, tam sakitlikdir. Və bütün bunlar onu göstərir ki, hətta xarici himayədarlarının israrlı dəstəyinin olacağı təqdirdə belə, Ermənistan hələ uzun müddət Azərbaycanla hərbi qarşıdurmağa cəsarət edə bilməyəcək.(musavat.com)
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistan tərəfindən ilin sonuna kimi Azərbaycanla sülh sazişinin imzalanmasının mümkünlüyü gündəmə gətirilir. Necə düşünürsünüz qarşıdakı iki ayda çərçivə sülh sazişinin imzalanması nə dərəcədə realdır?
- Bu, əslində elə çərçivə sülh sənədi ola bilər. Daha çox deklorativ mahiyyət kəsb edəcək. Yəni bu sənədin daxilində bir çox problemlərə aid bəyanatlar yer alacaq. Bəyanat şəklində hansısa bir fikirlər olacaq. Sərhədlərin müəyyənləşməsi kimi məsələlər burada öz əksini tapacaq. Sözsüz ki, iki aya sərhədlərin dəqiqləşməsini aparmaq mümkün deyil. Eyni zamanda kommunikasiyaların işlək vəziyyətə gətirilməsi məsələsi də əsas amil kimi önə çıxır. Təbii olaraq bu məsələni də qısa zamanda həll etmək mümkün olmayacaq. Bununla yanaşı konpensasiyalar məsələsi də burada əksini tapacaq. Siyasi baxımdan Ermənistanın işğal dövründə Azərbaycana qarşı törətdiyi cinayətlərin etirafı və bununla bağlı ən azı üzr istəməsi məsələsi də razılaşmada əks oluna bilər. Reallıq odur ki, post-konfilikt dövründə bir sıra məsələlər var ki, onların həlli illərlə davam edəcək. Məhz çərçivə sülh sənədi burada ilkin baza rolunda çıxış edəcək.
- Azərbaycanı Beynəlxalq Məhkəmə ilə şantaj edən Ermənistanın nəhayət sülh müstəvisində səmimi olacağına kim zəmanət verə bilər?
- Təbii ki, bütün bunlar realdır. Ona görə də, iki dövlət arasındakı sülh sazişi sadəcə olaraq bir bəyanat şəklində öz əksini tapa bilər. Misal olaraq iki ölkənin qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıması məsələsinin burada başlıca prinsip kimi götürülməsi mümkündür. Amma sərhədlərin konkret haradan keçməsi dəqiq göstərilə bilməz. Bununla bağlı müxtəlif baxışlar var. Bu gün erməni tərəfi 1975-ci ilin keçmiş sovet dövrünün xəritələrini gündəmə gətirir. Belə olan halda Azərbaycan da ilkin mövqe üçün 1920-ci ilin xəritələrini əsas götürəcək. Ona görə də, iki ölkə arasında imzalanacaq sülh sazişi daha çox siyasi sənəd olacaq.
- Praktiki baxımdan çərçivə sülh sənədi nəyi dəyişəcək?
- Çərçivə sülh sənədinin real olaraq nəyisə dəyişəcəyi gözləntisi azdır. Uzun on illiklər davam etmiş qarşıdurma və düşmənçiliyin bu sənədlə öz həllini tapacağını gözləmək sadəlövhlük olar.
- “3+3” formatında Tehranda bölgə dövlətlərinin iştirakı ilə baş tutan görüşdən gözləntilər nədən ibarətdir?
- İlk növbədə bu formata siyasi iradə kimi baxmaq lazımdır. İstisna edilmir ki, burada hansısa müzakirələr baş verəndən irəli sürülmüş ideyalar bu formatı cəlbedici edə bilər. Çünki hələ də bu formatın nəyi əhatə edəcəyi bilinmir. Formatın fəaliyyəti, prinsiplərin nədən ibarət olacağı müəyyənləşməlidir. Məhz bu hallara aydınlıq gətirmək üçün belə görüşlər faydalı olacaq. İndiki mərhələdə bu formata hər bir ölkənin öz baxışı var. Ona görə də, ilkin görüş bu ideyalara aydınlıq gətirəcək.
- Fransanın açıq şəkildə Ermənistana siyasi dəstəyinin ardınca onu silahlandırması faktı var. Bu addım bölgədəki proseslərə necə təsir edəcək?
- Burada məntiqi ziddiyyət var. Fransa daim Ermənistanın təhlükəsizliyi barədə fikirlər səsləndirib. Amma heç bir ay olmaz ki, Ermənistana məxsus 10 minlik hərbi kontingent Azərbaycanı tərk edib. Hələ də Azərbaycanın 7 kəndi Ermənistanın işğalı altındadır. Bunun fonunda səhərdən-axşama kimi Ermənistanın təhlükəsizliyindən danışmaq ədalət prinsipindən uzaqdır. Əslində onların mövqeyində təzə bir şey yoxdur. Münaqişə dövründə Fransa hər zaman Ermənistanın yanında olub. Ona görə də, burada təəccüblü heç nə yoxdur. Görünən odur ki, Fransa düşmənçilik mövqeyi seçib. Burada da problem yoxdur. Lazımi cavabı alacaqlar.
- Ərazisində Rusiyanın hərbi bazasının olması fonunda Fransadan silah-sursat tədarük etmək Ermənistan üçün nə vəd edir?
- Hazırda bəyanatlar dövrü yaşanır. Bu baxımdan da Fransa istədiyi məsələ ilə bağlı bəyanat verə bilər. Amma bunun icrası milyardlarla pul və uzun illər tələb edir. Ona görə də, bunlar təbliğat baxımından istifadə edilən mövzulardır. Sadəcə olaraq Ermənistanın Rusiyadan üz döndərib Qərbə meyl etməsini cəlbedici etmək üçün bu kimi bəyanatlar verilir. Amma istəklər heç də reallıq demək deyil. Bunun real olmasına hələ var.
Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının cəlb edildiyi "Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminin "Yüksək səviyyəli müşahidəçi günü”ndə silah və texnika sərgisi nümayiş etdirilib.
"Qonaqlar Azərbaycan Ordusunun arsenalında olan zirehli döyüş maşınları, müxtəlif təyinatlı hərbi texnika, pilotsuz uçuş aparatları, eləcə də digər hərbi vasitələrlə tanış olublar.
"Yüksək səviyyəli müşahidəçi günü”ndə, həmçinin Türkiyənin "ROKETSAN", "HAVELSAN", "ASELSAN", "BAYKAR" və digər şirkətlərin stendləri də qonaqlara təqdim edilib.
Sərgi qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.