![]() |
|
Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-sipər” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktik tədbirlərin icrasından ibarətdir.
İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin ölkəmizin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunaraq reallaşdırılan belə kompleks əməliyyat-axtarış tədbirləri mütəmadi olaraq həyata keçirilir.
Ermənistan işğaldan azad edilmiş ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib.
Bu barədə ANAMA-dan məlumat verilib.
Təqdim olunan formulyarlar əsasən Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair qeydlərdən ibarətdir.
Normativ texniki qaydalara əsasən mina sahələrinin formulyarlarında istinad nöqtələri, basdırılmış minaların növləri, sayları, ara məsafələri, basdırılma və gizlətmə üsullarına dair məlumatlar qeyd olunur. Lakin, əvvəl olduğu kimi son təqdim edilən formulyarlarda da məlumatlar qeyri-dəqiq, etibarsız və natamam əks olunub. Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib.
Ümumilikdə mina sahələrinə dair Ermənistan tərəfindən təqdim edilən formulyarlar keçmiş təmas xətti boyu ərazilərin bir qismini əhatə edir. Keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.
Qeyd edək ki, Ermənistan tərəfindən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarında basdırılan mina sahələrinə dair 2021-ci ildə verilmiş məlumatların dəqiqliyi 25% təşkil edib.
Baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu ərazilərin deyil, eyni zamanda yaşayış məntəqələrinin, əkin sahələrinin, çay kənarlarının, meşə massivlərinin, məzarlıqların minalarla yüksək səviyyədə çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 345 nəfər mina qurbanından 247 nəfəri keçmiş təmas xəttindən kənarda baş verən mina hadisələri nəticəsində həlak olub və ya müxtəlif dərəcədə bədən xəsarətləri alıb.
Mülki təyinatlı ərazilərin kütləvi şəkildə minalanması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması ilə yanaşı, insanlıq əleyhinə törədilən cinayətdir.
Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində namizədlərin topladığı yekun səslər məlum olub.
“Report”un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının prezident seçkilərinə dair protokolunda öz əksini tapıb.
Beləliklə, İlham Əliyev 92,12 % (4 567 458 səs) səslə seçkilərin qalibi olub.
Digər namizədlərin səs faizi aşağıdakı kimidir:
Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc - 2,17 faiz (107 632 səs);
Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa - 1,99 faiz (98 421 səs);
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev - 1,72 faiz (85 411 səs);
Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev - 0,80 faiz (39 643 səs);
Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev - 0,66 faiz (32 885 səs);
Namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev - 0,54 faiz (26 517 səs).
Xatırladaq ki, növbədənkənar prezident seçkilərində seçici fəallığı 76, 43 faiz olub.
“Azərbaycanda yaşayan Rusiya vətəndaşları prezident seçkisində Rusiya səfirliyindəki seçki məntəqəsində, həmçinin iki səyyar seçki məntəqəsində səs verə biləcəklər”.
Bu açıqlamanı Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov verib.
“Ənənəvi olaraq biz seçki məntəqəsini səfirlikdə açırıq, o, martın 17-də saat 08:00-dan 20:00-dək açıq olacaq. Və adət üzrə iki səyyar məntəqənin təşkili ilə bağlı Azərbaycan tərəfi ilə razılığa gəlinib”, - deyə rusiyalı diplomat əlavə edib.
Mixail Yevdokimov əlavə edib ki, Rusiya sülhməramlıları Gəncə və Xankəndidəki stasionar seçki məntəqələrində səs verəcəklər.
© Oxu.az
Paşinyan hakimiyyəti Rusiya və Azərbaycanın təzyiqləri qarşısında artıq tab gətirə bilmir, Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığı ilə barışmağa məcbur olub... Kreml isə dərhal bu anlaşmanı ictimailəşdirməklə, rəsmi İrəvanın sonradan mövqeyini dəyişmək şansını qapatmağa çalışır, erməni propoqanda mövzularını "vurur"...
Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi İrəvanın Avropa Birliyinə yaxınlaşma niyyətini yenidən təkrarlayıb. Erməni baş nazir vurğulayıb ki, Ermənistan Avropa Birliyinə bu qurumun imkan verəcəyi qədər yaxınlaşmaqda israrlıdır. Halbuki, bu yaxınlaşmanın müddəti və rəsmi İrəvanı qane edəcək məzmunda ola biləcəyi də olduqca ciddi şübhələr doğurur. Və bu baxımdan, Ermənistanın içəri buraxılmayacağı qapının ağzında vurnuxmaq məcburiyyətində qaldığını əslində, rəsmi İrəvan hamıdan yaxşı bilir.
Avropa Birliyinə Ermənistan yalnız "geopolitik alət" kimi lazımdır. Rəsmi İrəvanın bundan artığına ümid bəsləməsi sadəcə, "erməni xəyalları"ndan başqa bir şey deyil. Üstəlik, Avropa Birliyi Ermənistana regional sülh prosesində dəstək olmaq niyyəti güdmədiyi də qətiyyən şübhə doğurmur.
Birincisi, bu qurumun Cənubi Qafqaza təsir mexanizmləri ümumiyyətlə, mövcud deyil. Digər tərəfdən isə hətta olsaydı belə, Ermənistanın yekun sülh sazişini imzalaması Avropa Birliyinin geopolitik maraqlarından çox-çox uzaqdır. Və bu reallıqlar rəsmi İrəvan üçün Azərbaycanla ikitərəfli birbaşa təmasları alternativsiz varianta çevirir.
Baş nazir Nikol Paşinyan da Ermənistan hökumətinin qapalı toplantısında Azərbaycanla ikitərəfli təmasların əhəmiyyətini birmənalı şəkildə etiraf edib. O, sülh prosesinin detalları barədə danışarkən, Azərbaycanla birbaşa əlaqə mexanizmlərinin aktiv olduğunu vurğulayıb. Erməni baş nazir bildirib ki, Ermənistan Azərbaycanın Prezident Administrasiyası ilə təmasları işlək saxlamaqda maraqlıdır. Və rəsmi Bakının buna analoji qarşılıq verməsi Ermənistanı məmnun edir.
Belə anlaşılır ki, bundan sonra sülh prosesi əsasən Azərbaycan və Ermənistan arasında birbaşa müzakirələr formatında davam edəcək. Rəsmi Bakı Avropa Birliyinin qərəzli və tərəfli vasitəçilik missiyasına yenidən şans tanımağa hazırlaşmır. Yalnız Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin vasitəçilik missiyası istisna təşkil edə bilər. Və bu baxımdan, birbaşa təmaslara alternativ variantlar demək olar ki, qalmayıb.
Məsələ ondadır ki, rəsmi İrəvan Azərbaycanın Avropa Birliyi ilə müqayisədə daha tolerant yanaşdığı Rusiyanın vasitəçilik missiyasını yaxına buraxmaq istəmir. Çünki Paşinyan hakimiyyəti Rusiyadan uzaqlaşıb, ABŞ və Qərbə yaxınlaşmaq siyasəti yürüdür. ABŞ və Qərb isə rəsmi İrəvana Rusiya ilə analoji müzakirələri demək olar ki, qadağan edib. Və Paşinyan hakimiyyətinin həmin qadağanı pozmaq şansı ümumiyyətlə, mövcud deyil.
Maraqlıdır ki, rəsmi İrəvanın ABŞ və Qərbə yaxınlaşmağa çalışması, Avropa Birliyi ilə əlaqə qurmağa can atması isə indiki mərhələdə Ermənistana əlavə problemlər yaradır. Belə ki, Kreml Ermənistanın davranışlarından ciddi şəkildə qıcıqlanır. Və üstəlik, bunu son vaxtlar daha qabarıq şəkildə biruzə verməyə çalışır.
Onu da qeyd etmək lazımdır ki, Kremlin Ermənistana qəzəbli olması Rusiya siyasi dairələrinin nümayəndələri tərəfindən verilən açıqlamalarda qabarıq şəkildə nəzərə çarpır. Kreml hər imkanda rəsmi İrəvanın siyasi-ictimai mövqelərinə zərbə vurur, Paşinyan hakimiyyətinin yalan üzərində qurulmuş təbliğat tezislərini, uydurma iddialarını darmadağın edir. Və üstəlik, Kreml Ermənistana qarşı geopolitik iddialar irəli sürür.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova erməni jurnalistin sualına cavab verərkən, dolayısı ilə onun iddialarının yalan olduğuna eyham vurub. Belə ki, erməni jurnalist Azərbaycanın Qarabağ regionunda II Dünya Müharibəsinin qəhrəmanlarına ucaldılmış abidələrin dağıdıldığını iddia edib və Rusiyanın buna münasibətini soruşub. Və Rusiya rəsmisinin cavabı Ermənistan cəmiyyətində ciddi narazılıq doğurub.
Məsələ ondadır ki, Mariya Zaxarova erməni jurnalistə sual verdiyi iddiaları sübuta yetirmək üçün faktların olub-olmadığını soruşub. O, əgər, belə faktlar mövcuddursa, ona göndərilməsini istəyib və yalnız bundan sonra bu mövzuda mövqe açıqlana biləcəyini vurğulayıb. Və bu, əslində, erməni jurnalistin iddialarının uydurma olduğuna dolayısı eyhamdır.
Belə ki, Azərbaycanın Qarabağ regionunda hazırda Rusiya sülhməramlı qüvvələri müvəqqəti dislokasiya edilib. Onlar tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycan heç bir abidəni dağıtmayıb. Əgər, belə bir fakt olsaydı, rus sülhməramlılar onu qeydə alıb, Rusiya rəhbərliyinə göndərərdilər. Əksinə, Kremldə tam dəqiqliyi ilə bilirlər ki, Azərbaycanın Qarabağ regionunda II Dünya Müharibəsinə aid abidələrin bir hissəsini işğal dövründə ermənilər dağıdıblar. Bir hissəsində isə müəyyən dəyişikliklər edərək, erməni terrorçuların abidələrinə çeviriblər.
Digər tərəfdən, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin açıq mətnlə bəyan edib ki, Qarabağ erməniləri regionu könüllü tərk edib. O, bildirib ki, ermənilərə Azərbaycanın Qarabağ bölgəsini tərk etmələri üçün hər hansı zorakılıq və ya təzyiq göstərilməyib: “Təəssüf ki, Qarabağ ermənilərinin əksəriyyəti regionu tərk edib. Bu, ağır, lakin könüllü seçim olub”.
Göründüyü kimi, bütün dünyaya "genosid" və "etnik təmizləmə" nağılları danışan ermənilərin uydurma iddiaları məhz Rusiya tərəfindən birmənalı şəkildə təkzib edilir. Belə ki, Rusiya Azərbaycanın Qarabağ iqtisadi regionunda baş verənləri hazırda tam dəqiqliyi ilə bilən yeganə dövlətdir. Rusiyanın sülhməramlı qüvvələri bölgədə olduğu üçün ermənilərin könüllü şəkildə ərazini tərk etmələrinin şahididir. Və Kremlin "ermənilər regionu könüllü tərk ediblər" bəyanatından sonra rəsmi İrəvanın uydurma iddialarının beynəlxalq gündəmdə saxlanılması mümkün deyil.
Bütün bunlar o deməkdir ki, Rusiya Ermənistanın gələcək "propoqanda predmetləri"ni bir-birinin ardınca vurub, sırasından çıxarır. Halbuki, Rusiyanın Ermənistana vurduğu sarsıdıcı zərbələr heç bunlarla da məhdudlaşmır. Belə ki, Kreml Azərbaycan, Ermənistan və Rusiya arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı prinsipial anlaşmanın əldə olunduğunu da bəyan edib.
Həmin bəyanatda açıq mətnlə bildirilir ki, prinsipial anlaşma məhz Azərbaycanın materik hissəsini Naxçıvan ilə birləşdirəcək Sünik marşrutu (Zəngəzur dəhlizi) ilə birbaşa bağlıdır. Belə məlum olur ki, rəsmi İrəvan Rusiya və Azərbaycanın təzyiqləri qarşısında artıq tab gətirə bilmir. Ona görə də, Zəngəzur dəhlizinin açılmasının qaçılmazlığı ilə barışmağa məcbur olub. Kreml isə dərhal bu anlaşmanı ictimailəşdirməklə, Paşinyan hakimiyyətinin sonradan mövqeyini dəyişmək şansını qapatmağa çalışır. Və rəsmi İrəvanın əldə olunmuş razılaşmaları etiraf etməyərək, pozmaq vərdişləri Kremli belə davranmaq məcburiyyətində buraxır.(Yeni Müsavat)
Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.
"Yol-xeber.az"ın məlumatına görə, məktubda deyilir:
"Sizi və Sizin simanızda dost Çin xalqını qarşıdan gələn Bahar bayramı münasibətilə öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Ay təqvimi ilə Yeni ilin gəlişini tərənnüm edən və təbiətlə insanın sarsılmaz vəhdətinə dərin ehtiramın ifadəsi olan qədim Çuntsze bayramı özünün tükənməz yeniləşdirici ruhu ilə səmimiyyət, xeyirxahlıq, başqalarına qayğı kimi duyğuları gücləndirir. Zəngin milli-mənəvi ənənələri yaşadan xalqınıza bu bayramın xoşbəxtlik, firavanlıq və yeni-yeni uğurlar bəxş etməsini diləyirəm.
Fürsətdən istifadə edərək Azərbaycan-Çin dostluq və əməkdaşlıq münasibətlərinin yüksələn xətlə inkişafından məmnunluğumu, dövlətlərarası əlaqələrimizin bundan sonra da birgə səylərimizlə möhkəmlənəcəyinə və genişlənəcəyinə dair əminliyimi ifadə edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah və əmin-amanlıq arzulayıram".
“Bizim hər iki ölkə tərəfindən təsdiq edilmiş iş prosedurumuz var. Rəsmi olaraq dərc olunan çərçivədə görüşlərin nəticələri barədə məlumat verəcəyimiz barədə razılaşmamız var.
Növbəti görüşlə bağlı hələlik razılaşmamız yoxdur, amma düşünürəm ki, yaxın vaxtlarda onu təşkil edəcəyik".
Bunu Ermənistan hökumətinin baş nazirinin müavini Mher Qriqoryan deyib.
Onun sözlərinə görə, qanuni əsası olan topoqrafik xəritələrlə məşğul olmağa çalışırıq.
“Sərhədin delimitasiyası və demarkasiyası üçün çoxlu materiallara ehtiyac var. İş çoxdur ”, - Qriqoryan deyib.
Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Zati-aliləri, əziz qardaşım.
Sizin seçkilərdəki uğurunuz və Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz Sizə ən xoş arzularımı və ən səmimi təbriklərimi çatdırmaq üçün gözəl fürsətdir. Bu fürsətdən istifadə edərək Sizə Albaniya hökuməti adından və şəxsən öz adımdan aramızdakı yüksək səviyyəli dialoqa və iqtisadiyyatlarımız üçün, xüsusilə enerji və turizm kimi əhəmiyyətli sahələrdə əməkdaşlığa görə minnətdarlığımı bildirirəm.
Qəti şəkildə inanıram ki, Sizin yeni prezidentlik mandatınız dost ölkələrimiz arasındakı münasibətlərə yeni təkan olacaq. Həmçinin Albaniya Respublikasının tezliklə Bakıda səfirliyinin açılması aramızdakı kommunikasiyanın daha da sürətlənməsinə töhfə verəcək.
Bir daha ən xoş arzularımı çatdırıram. Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Xəbər verdiyimiz kimi, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.
Sonra Ali Baş Komandan yeni hərbi obyektdə müxtəlif tipli PUA üçün uçuş-enmə zolağına gəlib.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan Türkiyədən yeni “Akıncı” hücum pilotsuz uçuş aparatları (PUA) alıb.
Həmin PUA-lar Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul edilib.
Qeyd edək ki, fevralın 9-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər.