İrəvanda panika: Mehri, Basarkeçər boşaldılır... - sərhəddə təxribat ssenarisiErməni tərəfi sistemli şəkildə xəbərlər tirajlayır - Azərbaycan Ordusu guya Qərbi Zəngəzura daxil olacaq. Halbuki sərhəddə döyüş yox, görüş var. Faktiki olaraq, delimitasiya danışıqları sərhəddə ikitərəfli qaydada aparılır. Di gəl, ötən həftə ABŞ Ermənistanda yaşayan vətəndaşlarına Azərbaycanla sərhədə getməmək barədə çağırış etməklə bu təbliğat maşınını sanki daha da gücləndirdi. Erməni deputat Taquhi Tovmasyan isə Daxili İşlər Nazirliyinə müraciət edib ki, sərhədyanı ərazilər boşaldılır, dövlət qurumları Basarkeçər və Çəmbərkəndi tərk edir, bunun izahatı verilsin. Sözsüz ki, sistemli xarakter daşıyan məlumatların tirajlanması, o cümlədən ABŞ və Fransadan “Azərbaycan hücuma hazırlaşır” tezislərinin eşidilməsi, sərhəddə təhlükə olduğunu yalandan demələri ssenarinin bir hissəsidir.

“Ermənistanın Azərbaycanla sərhədyanı əraziləri, demək olar ki, boşaldılır”, - Tovmasyan belə deyib. Deputat sərhədyanı kəndlərdə dövlət strukturlarının bir-bir bağlandığını qeyd edib: “Həmin ərazilərdə yaşayan şəxslər mənə dedilər ki, Vardenis (Basarkeçər) və Çəmbərəkdə pasport xidmətləri dayandırılıb, məntəqələri bağlayıblar. Məlumata görə, bununla bağlı İrəvandan göstəriş verilib. Həmin bölgələrdə islahat, genişlənmə adı ilə dövlət strukturlarının mərkəzləri bir-bir bağlanır, ərazi boşaldılır”. Daha bir erməni deputatı Qarnik Danielyan da deyib ki, Mehridə birinci instansiya məhkəməsi, kadastr komitəsinin bölməsi, notariat, xəstəxana, morq, arxiv, bir sözlə, dövlət qurumları bağlanıb. Deputat Mehridə bir çox müəssisələr fəaliyyətini dayandırdığı üçün insanların ətraf ərazilərə köçməyə başladığını bildirib: “Optimallaşdırma adı altında bu idarələr bir-bir bağlanır, nəticədə Mehri əhalisinin həyatı çətinləşir. Sıra haralardadır? İndi də uşaq bağçaları və məktəblər bağlanacaq? 2010-cu ildə tikilmiş 100-ə yaxın işçisi olan xəstəxana fəaliyyətini dayandırıb. Morq bağlıdır, insanlar ölüləri yerləşdirmək üçün Qafana getməlidirlər. Nəqliyyatın fəaliyyəti səngiyib, insanlar çətinlik çəkir. Yaşam şərtləri pisləşdiyi üçün bir çox ailələr ərazidən köçüb. Sərhədyanı ərazilərdə dövlət qurumlarının mərkəzləri bir-bir bağlanır”.

“Yeni Müsavat” qeyd edir ki, göründüyü kimi, erməni deputatlar sıraya düzülüblər. Hərçənd Azərbaycan-Ermənistan sərhədində sabitlik müşahidə olunur, hətta uzun müddətdir atəşkəs rejiminə riayət edilir. Diqqətçəkən məqam budur ki, sərhədyanı ərazilərdə əhali normal həyatına davam edir. Çıxarılan yalnız dövlət qurumlarıdır. Görünür, Bakıya sanksiya tətbiq etmək üçün işğalçı obrazı yaratmaq cəhdləri davam edir. Bu da şərti sərhəddə yeni münaqişə, hərbi toqquşmalar riski yaradır. Əgər eskalasiya olarsa, Azərbaycan Ordusu yeni strateji yüksəkliklərə nəzarət edəcək. Hazırda Qərb cəbhəsi maraqlıdır ki, şərti sərhəddə qarşıdurma baş versin. Bununla Ermənistanda olan Aİ mülki missiyası hesabat hazırlasın, patrul xidmətinin sayı artırılsın, Rusiya sərhədləri qoruya bilməməkdə ittiham edilsin, KTMT-dən çıxmaq barədə İrəvanda növbəti çağırışlar eşidilsin. Xüsusən NATO-nun regiona gələn nümayəndəsi Xavier Kolomina Ermənistanın alyansa yaxınlaşmaq istəklərindən məmnun olduqlarını deməklə, Rusiyanı qıcıqlandırdı. Zaxarova bu bəyanata kəskin reaksiya verdi. Kəsəsi, regionda strateji rəqabət güclənir, Ermənistanı Rusiyanın orbitindən uzaqlaşdırmaq siyasəti dinamikləşir, ona təhlükəsizlik sahəsində vədlər verilir, bunun üçün də şərti sərhəddə lokal müharibə Qərbin maraqlarına uyğundur.

Analitik Elxan Şahinoğluna görə, Ermənistan Fransanın təhriki ilə İstisu istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum edib yüksəkliklərə nəzarəti geri qaytarmaq istəyərsə, bunun Ermənistan üçün ağır nəticələri olacaq: “Birincisi, Azərbaycan Ordusu həmin yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək. İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, ordumuzun həmin kəndlərə daxil olmasına əngəl qalmayacaq. Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq”.

Politoloqun fikrincə, aydındır ki, Ermənistanın təxribat planı varsa, bundan əvvəl İrəvan dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq: “Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəş açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəblə "ərazilərini" geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq". Ekspert hesab edir ki, Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır: “Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantürası ona və ölkəsinə baha başa gələcək”.

Siyasi təhlilçi Asif Nərimanlı isə yada salır ki, ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib: “Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox "Azərbaycanın Ermənistana hücumu" kontekstində təqdim edilir. CFR-in proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür: birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir. Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd Azərbaycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq. Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyasının yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşrutların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir".

Siyasi şərhçinin sözlərinə görə, ikinci ssenari Qazağın 4 kəndinin azad edilməsidir: “Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməsidir. Rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazağın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin - qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır. Seçkidən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir. Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır. Bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox, siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir. Rəsmi İrəvan Moskvanın "müttəfiqliyindən" imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır. Qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir".
İran Türkiyə və Azərbaycana qarşı oyunda - Hakan Fidan xəbərdarlıq etdiPolitoloq Natiq Miri Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- İranın Ermənistandakı səfiri Mehdi Sübhani etiraf etdi ki, Hindistandan İrəvana daşınan silahlar ölkəsi üzərindən ötürülüb. O, həmçinin Tehranın Ermənistanın güclənməsində maraqlı və yardıma hazır olduğunu, bunu da bölgədə hərbi balansın təmin edilməsi üçün istədiyini açıqladı. Sübhaninin mesajını necə şərh etmək olar?

- Əlbəttə, bu, Azərbaycana qarşı açıq düşmənçilik münasibətidir. Məlum idi ki, Ermənistan İran üzərindən silahlandırılır. Tehran bu prosesdə əsas körpü rolunu oynayır. Fransa ilə Dehli arasında birgə hərbi müəssisələrin açılması və yeni silahların istehsalına dair anlaşma imzalanıb. Müqavilədə istehsal ediləcək silahların “dost ölkələr”ə verilməsinə dair müddəa da var. “Dost ölkələr” dedikdə həm də Ermənistan nəzərdə tutulur. Ermənistanın silahlandırılması hədəf olaraq qoyulub, əlbəttə, bu, Azərbaycana qarşıdır.

Sübhaniyə gəlincə, o, həddini aşdı. Çünki açıq şəkildə bildirir ki, məqsəd regionda hərbi balansın yaradılmasıdır. Anlamadıq, niyə İran Ermənistanla Azərbaycan arasında hərbi balansın yaradılmasını prioritet olaraq qəbul edir? Niyə İran başqa bir ölkənin Azərbaycana qarşı silahlandırılmasında maraqlı olmalıdır? Bu, açıq düşmənçilik mövqeyidir. Bir məsələ də var: Hindistan-İran-Ermənistan-Gürcüstan nəqliyyat dəhlizinin çəkilməsi. İran bu xətlə Qara dənizə çıxmaq istədiyini deyir. Tehranın istəyinə baxmayaraq, bu xəttin perspektivi yoxdur. Sübhani bu yolun daha qısa olduğunu söyləyir, məsələ bu deyil. Məsələ budur ki, İranın Qara dənizə çıxmaq istədiyi bu yolun bir hissəsi Azərbaycan kəndidən - ərazisindən keçir. Söhbət Yuxarı Əskipara kəndindən gedir. Azərbaycan gec-tez bu və digər ərazilərini istər danışıqlar, istərsə də hərbi yolla geri qaytaracaq. Bunun alternativi yoxdur, iş yenə Azərbaycandan keçir.

İranın bu iddiası absurddur. İranın qərar və addımları göstərir ki, o, dost deyil, Azərbaycan və Türkiyəyə qarşı dost münasibətində olmayacaq. Tehrandakı səfirliyimizdə baş vermiş terror aktı ilə bağlı molla rejimi tərəfindən yaradılan məzhəkəyə baxın. Terror aktını “məişət zəminində baş vermiş olay” kimi dəyərləndirdilər, aktı törədən terrorçunun edam ediləcəyi ilə bağlı iddia var. Belə bir qərar olsa belə, bu, reallığı ortaya qoyan durum deyil. Hər kəsə bəllidir ki, bu, Azərbaycana gözdağı vermək və təzyiq üçün törədilmiş terror hadisəsidir. Bunun arxasında İranın xüsusi xidmət orqanları durur.

Hesab edirəm ki, olaya real qiymət verilməyənə qədər Azərbaycan Tehrandakı səfirliyini açmağa tələsməli deyil. Eyni zamanda, Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizi kontekstində İranla dəmir yolunun tikilməsinə də tələsməməlidir. Əgər İran öz siyasətində adekvat deyilsə, Azərbaycan niyə tələsməlidir?

- Sübhani “Azərbaycan Zəngəzur dəhlizini açmağa cəhd etsə, İranın təpkisi necə olacaq” kimi təxribatçı suala da təxribatçı kimi cavab verdi. Onun sözlərinə görə, bu, Ermənistanın qərarından asılıdır. İranlı diplomat bununla nə demək istəyir?

- İran Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Tehran maraqlıdır ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında yollar İran üzərindən keçsin. Çünki yüklərin bu yollarla daşınmasından qazancı İran götürəcək. Həmin yollar qlobal əhəmiyyət qazansa, İranın önəmi artmaqla yanaşı, bu, həm də ona ciddi maliyyə qazandıracaq.

Sübhaninin “İranın davranışı Ermənistandan asılıdır” açıqlamasına gəlincə, bu, reallığı ortaya qoyur. İndi Ermənistan Azərbaycanın şərtlərini qəbul edib Zəngəzur dəhlizinin açılmasına razılıq versə, İran nə edəcək? Tehran sadəcə başından yekə, reallığa uyğun gəlməyən iddialar ortaya qoyur. İranın iddiaları ciddi rəqabətə tab gətirmir. Çünki İranın edə biləcəyi heç nə yoxdur.

İran İsrail-HƏMAS münaqişəsi kontekstində özünü elə hala salıb ki, həm ərəb, həm də müsəlman dünyasında nüfuzdan düşüb. İran HƏMAS-ı İsrailə qarşı terrora sövq etdi, sonra arxasından çəkildi. İran bununla müsəlman dünyasındakı nüfuzuna ciddi zərbə vurdu. Zaman-zaman proksi qüvvələr vasitəsilə üç-beş raket atmaqla İsrail ordusunu məğlub etmək mümkün deyil. Minlərlə insan həlak olub, ortada soyqırımı ittihamları var, hadisələri bu yerə qədər tətikləyən İrandır. İndi Tehran ABŞ və onun rəhbərlik etdiyi koalisiyaya qarşı “savaş”dan danışır, bu, başından yekə iddiadır. Sınıq-salxaq ordu və bir-iki ballistik raketlə müharibəni udmaq mümkün deyil.

- ABŞ İranın proksi qüvvələrinin Yaxın Şərqdəki həmlələrinə hansı cavabı verə bilər? Ağ Ev və Pentaqon İranla birbaşa toqquşmanı istisna edir.

- Proses artıq başlayıb, İranın Suriya və İraqda bəslədiyi proksi qüvvələr qarşı əməliyyatlar keçirilir. Amma ABŞ bundan o tərəfə adlamır. Halbuki ABŞ bilir ki, İsrailə qarşı çıxan proksi qüvvələrin arxasında İran durur. İordaniyadakı Amerika bazasına hücumun da İranla əlaqəli olduğuna dair kəşfiyyat məlumatları var. Maraqlıdır: Yəmən, Suriya və İraq bombalanır, amma İrana müdaxilə üçün ciddi əsas ortaya çıxanda ABŞ çəkinir. Yəni ortada səhnələşdirilmiş oyun var. ABŞ İrana qarşı müharibə aparmaq niyyətində deyil. Çünki İran həmişə qlobal güclər, eləcə də ABŞ üçün regionda Türkiyəyə qarşı “balanslaşdırıcı güc” roluna çıxış edib, indi də belədir. ABŞ üçün İran daxilində lazımi hədəfləri vurmaq asan məsələ idi, hətta nüvə obyektlərini darmadağın edə bilərdi. Bəs niyə etmir, İranın “adekvat cavab”ından qorxur? Bunu heç kim ciddi qəbul etmir.

Səhnələşdirilmiş oyunu oynayırlar. Guya Suriya və İraqda obyektlər vurulur, amma atılan raketlər bu obyektlərin yan-yörəsinə düşür, nəticələr barədə dəqiq açıqlamalar verilmir. İstisna İordaniyadakı hadisə idi ki, üç amerikalı hərbçisinin öldüyü açıqlandı. Digər bu kimi olaylarla bağlı informasiyalar məxfi saxlanılır. Ona görə də, ABŞ və İran arasında hansısa qarşıdurmanın olacağına inanmaq doğru deyil. ABŞ-la İran arasında həmişə gizli danışıqlar olub, tərəflər arasında konkret, ortaq maraqlar və bu maraqları ünvanı bəllidir. Bölgədə güclü Türkiyəni neytrallaşdırmaq üçün İran kimi vasitəyə ehtiyac var. ABŞ həmişə belə riyakar siyasətin tərəfdarı olub.

- Türkiyənin İranın alət olduğu oyuna təpkisi necə olacaq? Artıq xarici işlər naziri Hakan Fidan ABŞ və İrana odla oynamamaları barədə xəbərdarlıq edib.

- Türkiyə regionda böyük qarşıdurmada maraqlı deyil. Türkiyənin özü də yaxşı bilir ki, səhnələşdirilmiş bir oyun oynanılır, amma yenə də hər ehtimala qarşı xəbərdarlığını edir. Eyni zamanda, Türkiyə bu proksi qüvvələrdən hansı səviyyələrdə istifadə edildiyinin aydınlaşdırılmasını tələb edir. Türkiyə Fələstin-İsrail münaqişəsinin həlli ilə bağlı çoxtərəfli qarant təklifini verib. Türkiyə Fələstinə və bundan sonrakı proseslərə qarant durmağa hazır olduğunu bəyan edir. Yəni Ankara münaqişənin birbaşa çözümünü təklif edir. Bəs İran nə təklif edir? Qeyri-müəyyənlik, həll təklif etməyən xaos, terrorçularla prosesləri tətikləmək... İran yanğının üstünə benzinlə gedir. Türkiyə də belə mesajlarla İranı real işə köməyə çağırır.

İran dini-siyasi maraqlarını təmin etmək üçün istənilən oyuna gedir. Bölgədə “şiə ayparası”nın qurulması və “İslam dünyasının lideri” olmaq İranın iddialarıdır. Amma İranın bu yöndə atdığı addımlar əks nəticə verir. Bu gün ərəb dünyası və Türkiyə İranı məsələnin həllinə töhfə verən dövlət kimi qəbul etmir. Heç bir dövlət Tehrana belə baxmır. İranın oyunları ifşa edilib.

İsrail-HƏMAS qarşıdurmasını yaradan, Qəzzada münaqişəni tətikləyən Çin-Rusiya-İran üçlüyüdür. Bunun G-20-nin Hindistanda keçirilən son sammitindən sonra baş verməsi də təsadüfi deyil. Həmin sammitdə Çindən yan keçən Hindistan-Yaxın Şərq-Avropa dəhlizinin çəkilməsi razılaşdırılmışdı. İsrail-HƏMAS qarşıdurmasının başlaması ilə bu ideya doğulmamış məhv edildi. Yaxın zamanda buna qayıdışı görmürəm. Çin bu marağını təmin etdi. Rusiya da ABŞ-nin diqqətini Ukraynadan İsrailə yönəltdi. İndi Amerika öz hərbi resurslarını İsrail və Ukrayna arasında bölməyə məcburdur. İranın da bu posesdə öz dini-siyasi məqsədləri var. Oyun budur.

Düzdür, Türkiyə də bu nəqliyyat dəhlizində maraqlı deyildi, çünki bu xətt ondan da yan keçirdi. Amma buna baxmayaraq, Türkiyə bu oyunu bitirmək üçün çalışır, bitirici təkliflər verir. Düşünürəm ki, bölgədə Türkiyənin təklifləri çərçivəsində təmin ediləcək sülh uzaqda deyil. Bu reallığı İran və ya başqası yox, Türkiyə yaradacaq.
Ermənilər əgər sülh istəyirlərsə... - GƏLİŞMƏErmənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə Konstitusiyaya dəyişiklikdən danışdı. Baş nazir vurğuladı ki, bu barədə alınmış qərar Bakının təzyiqləri ilə bağlı deyil. Paşinyanın sözlərinə görə, mövcud konstitusiya və müstəqillik bəyannaməsi ilə qalıcı sülh mümkün deyil və belə məqamda müharibə riski qalmaqdadır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə demişdi ki, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən dövlət başçısı vurğulamışdı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Paşinyan Konstitusiya dəyişikliyi ilə bağlı bütün iddialara son qoydu. Ekspert vurğulayıb ki, son günlər Ermənistan rəsmilərinin bu məsələdə fərqli, bir-birinə zidd açıqlamaları gündəməə gəlirdi:
"Məsələn, parlament sədri Alen Simonyan Konstitusiya dəyişikliyindən danışır, buna ciddi ehtiyac olduğunu söyləyir, amma digər erməni rəsmisi bu məsələnin müzakirə predmeti olmadığını iddia edirdi. Müxalifətlə yanaşı, iqtidar düşərgəsində də Paşinyan "Konstitusiya dəyişikliyi" fikirlərinə qarşı çıxırdılar. Həmçinin vurğulayırdılar ki, konstitusiyanın preambula hissəsi dəyişməyəcək. Halbuki həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddiaları, qondarma "soyqırım" məsələsi konstitusiyanın məhz preambula hissəsində yer almaqdadır. Yəni preambulada dəyişiklik olmadan Azərbaycan-Ermənistan arasında sülh və qonşularla normal əməkdaşlıq qeyri-mümkündür".

Həmsöhbətimizin qənaətincə, Paşinyanın çıxışından belə başa düşülür ki, baş nazir də bu düşüncədədir:
"Baş nazir açıq bəyan edir ki, mövcud ali qanunnamə sülhün əleyhinədir. Həqiqətən də, qalıcı sülh üçün Ermənistan konstitusiyası dəyişməli, qeyd edilən məqamlar mütləq çıxarılmalıdır. Əks halda sülh sənədinə imza atılsa belə sabah başqa hökumət sazişi "konstitusiyaya zidd olmaq" bəhanəsi ilə ləğv edə bilər. Azərbaycan tərəfi tələb etməsəydi belə, İrəvan hökuməti özü bunu həyata keçirməlidir".
İlham Əliyev Mehmet Süreyya Eri və Osman Mesteni qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Eri və TÜRKPA beynəlxalq seçki müşahidə missiyasının rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Osman Mesteni qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mini qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Türkiyədə prezidentliyə keçmiş namizəd Sinan Oğan İlham Əliyevi yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Siyasətçi bu barədə “X” hesabında paylaşım edib.

“Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələrək yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edirəm. 30 illik işğaldan sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bölgələri də daxil olmaqla bütün Azərbaycan ərazisində keçirilən bu seçkinin nəticələrinin Azərbaycandakı qardaşlarımıza və bütün türk dünyasına xeyir-dua gətirməsini diləyirəm”, - deyə S. Oğan bildirib.

Qeyd edək ki, Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) eks-sədri, sabiq prezidentliyə namizəd Kamal Kılıçdaroğlu da Prezident İlham Əliyevi təbrik edib.

“Azərbaycanda keçirilən seçkilərdə yenidən Prezident seçilən cənab İlham Əliyevi təbrik edir, bu nəticənin Azərbaycan və regionumuz üçün xeyirli olmasını arzulayır, dost və qardaş ölkə olan can Azərbaycan xalqına sevgi və hörmətimi çatdırıram.

Ulu öndərimiz Qazi Mustafa Kamal Atatürkün vurğuladığı kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”, - deyə siyasətçinin  “X” hesabındakı paylaşımda deyilir.

 

 

 

 
İlham Əliyev Kubanıçbek Ömüralıyevi qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Prezident Sergey Lebedevi qəbul edib

Fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevi qəbul edib.

"Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Azərbaycan Demokratik Maarifçilik Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Yeni Azərbaycan Partiyasının namizədi, müzəffər Ali Baş Komandan İlham Əliyevin namizədliyini dəstəkləyən Azərbaycan Demokratik Maarifçilik Partiyası 7 fevral – Prezident seçkilərində çoxsaylı üzvləri və müşahidəçiləri ilə yaxından iştirak etmişdir. Bir sıra seçki dairələrində və səsvermə məntəqələrində seçkini canlı izləyən müşahidəçilərimiz səsvermənin genişatı və bütünlüklə seçki prosesi ilə bağlı öz fikir və rəylərini mütəmadi olaraq Partiyanın qərargahı ilə bölüşmüşdür.

Demokratik və dinc şəraitdə keçən seçkiöncəsi proses bir çox xüsusiyyətləri ilə fərlənmişdir. Namizədlər üçün yaradılmış geniş imkanlar, onların effektiv təbliğat işi aparması üçün ödənişsiz televiziya və radio efir vaxtları ilə təmin edilməsi, dövlət qəzetlərinin səhifələrində ödənişsiz təbliğat imkanlarının yaradılması, ölkənin hər bir yerində açıq və qapalı məkanlarda görüşlərin təşkili üçün yerlər ayrılması olduqca diqqətəlayiq haldır. Açıq-aydın hiss edilmişdir ki, Prezident seçkilərinə hazırlıq və səsvermə prosesi peşəkarlıqla, texniki baxımdan olduqca yaxşı təşkil olunmuşdur.
Hər bir seçki məntəqəsində səsvermə prosesi bütün qayda və qanunlara uyğun, şəffaf şəkildə təşkil edilərək hər bir seçiciyə sərbəst və gizli seçim etməsi üçün şərait təmin edilmiş, səsvermə prosesində seçicilərin seçimlərinə müdaxilə hallarına rast gəlinməmişdir. Partiymız adından bəyan edirik ki, Prezident seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun keçirilmiş və önəmlisi demokratik əsaslarla təşkil edilmişdir. İşğaldan azad edilən ərazilər də daxil olmaqla bütün ölkə ərazisində seçicilərin fəallığı açıq şəkildə hiss olunmuşdur. Vətən müharibəsi qələbəsindən sonra xalqımız Prezident seçkilərinə qələbə əhvalında qatılmış və öz siyasi iradəsini ortaya qoymuşdur.

Azərbaycan Demokratik Maarifçilik Partiyası seçkilərin elan edilmiş ilkin nəticələrini legitim və xalqın iradəsinin ifadəsi hesab edir, bu seçimlərdə Azərbaycan xalqının böyük dəstəyini qazanaraq qalib gəlmiş Azərbaycan xalqının inam və ümid yeri olan cənab İlham Əliyevi səmimi qəlbdən təbrik edir, Prezidentimizə fəaliyyətində şanlı qələbələr, xalqımıza isə bu qələbələrə layiq firavan həyat arzulayırıq".

***
Fevralın 8-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qazaxıstanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin hərtərəfli inkişafı və tərəqqisi naminə fəaliyyətində uğurlar arzulayıb. Kasım-Jomart Tokayev dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə böyük uğurlar qazanması və ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinin önəmini qeyd edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Qazaxıstan dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da möhkəmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***
Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

N.Maduro bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Azərbaycan xalqını və onun yenidən seçilmiş Prezident İlham Əliyevi təbrik edirəm. Liderliyiniz, müdrikliyiniz və humanistliyiniz sayəsində nəcib xalqınızı inkişaf və tərəqqi yolunda irəliyə aparmaqda davam edəcəksiniz. Daha yeni zirvələrə doğru irəli! Yaşasın Azərbaycan!”.

***
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu münasibətlə ən xoş arzularımı qəbul edin.

Qardaş Azərbaycanın ali dövlət vəzifəsinə yenidən seçilməyiniz Azərbaycan cəmiyyətinin Sizə olan yüksək etimadının daha bir inamlı təsdiqidir və ölkənin ardıcıl sosial-iqtisadi inkişafına, həmçinin dövlətinizin beynəlxalq arenada nüfuzunun möhkəmləndirilməsinə yönəlmiş strateji kursunuzun xalqınız tərəfindən geniş şəkildə dəstəklənməsinin göstəricisidir.

Sizin Tacikistan-Azərbaycan dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və dərinləşməsinə sanballı şəxsi töhfənizi vurğulayaraq bu əlaqələrin gələcəkdə də hərtərəfli inkişafına marağımızı ifadə edirəm.

Əminəm ki, biz gələcəkdə də birgə səylərlə iki ölkənin çoxplanlı qarşılıqlı münasibətlərini inkişaf etdirəcəyik, xalqlarımızın rifahı naminə bu əməkdaşlığı yeni praktiki məzmunla zənginləşdirəcəyik.

Əziz İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və təşəbbüslərinizin reallaşdırılmasında yeni böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

***
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu.

Müstəqillik dövründə ilk dəfə ölkənizin bütün ərazisində keçirilən Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermə zamanı seçicilərin nümayiş etdirdikləri güclü dəstək cəmiyyətin birliyini və Sizin Azərbaycan xalqı arasında yüksək nüfuzunuzu bir daha çox aydın şəkildə təsdiq etdi.

İyirmi il ərzində Sizin qətiyyətiniz, yüksək siyasi mədəniyyətiniz, xalqınızın səsini eşitmək bacarığınız sayəsində dünyada rəyi ilə hesablaşılan güclü, müstəqil dövlət qurulmuşdur. İqtisadi tərəqqi və vətəndaşların rifahının yüksəlməsi, ölkənin suverenliyinin möhkəmlənməsi və beynəlxalq aləmdə rolunun artması haqlı olaraq Sizin adınızla bağlıdır. Belarusun timsalında Sizin ədalətli və bərabərhüquqlu dövlətlərarası münasibətlərin qurulmasına, təhlükəsizliyin, dialoqun və etimadın möhkəmləndirilməsinə yanaşmaları bölüşən etibarlı dostunuz vardır.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə bütün planlarınızı həyata keçirmək üçün tükənməz enerji arzulayıram.

Sizi qonaqpərvər Belarus torpağında salamlamaqdan həmişə məmnunam.

***
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

Hörmətli İlham Heydər oğlu, əziz Qardaşım.

Azərbaycan Respublikasında yüksək səviyyədə keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi - əziz Qardaşımı səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı bildirməkdən sonsuz məmnunluq duyuram.

Bu seçkilərdə Sizin namizədliyinizin əhali tərəfindən hərtərəfli dəstəklənməsi xalqınızın irəli sürdüyünüz strateji proqram və planlara sonsuz inamının əyani təzahürüdür. Bu, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və tarixi ədalətin bərqərar olması, ölkənizdə bütün sahələrdə aparılan genişmiqyaslı islahatlar və böyük quruculuq işləri ilə bilavasitə bağlıdır desəm, əsl həqiqəti ifadə etmiş olaram.

Bu gün Sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, Sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir.

Əziz qardaşım, bu məqamda xüsusi qeyd etmək istərdim ki, son illərdə bizim ali səviyyədə fəal təmaslarımız və aramızda olan sıx qardaşlıq münasibətlərimiz, həyata keçirilən konkret layihələr və “yol xəritələri” qarşılıqlı faydalı əlaqələrimizə güclü təkan verir.

Sizinlə razılaşdığımız kimi, Özbəkistan və Azərbaycan arasında çoxtərəfli əlaqələrin sürətli inkişafı ili elan edilən cari il ərzində daha on yeni sahə üzrə, o cümlədən kimya, neft-qaz, mədənçıxarma, energetika, elektrotexnika, zərgərlik, maşınqayırma, əczaçılıq, tikinti materialları və bank-maliyyə sahələrində əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş böyük planlarımızın tam şəkildə həyata keçiriləcəyinə inanıram.

Əminəm ki, qəti siyasi iradəmiz və birgə səylərimiz sayəsində uzunmüddətli strateji tərəfdaşlığımız qardaş xalqlarımızın ümumi rifahı naminə bundan sonra da səmərəli şəkildə inkişaf edəcəkdir.

Heç şübhəsiz ki, Zati-alinizin gələcəkdə ölkəmizə həyata keçiriləcək səfəri mövcud potensialımıza və imkanlarımıza uyğun olaraq çoxşaxəli və dostluq əlaqələrimizi tamamilə yeni səviyyəyə ucaldacaqdır.

Hörmətli İlham Heydər oğlu, bu mühüm qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, tükənməz güc-qüvvət, ailə səadəti, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram.

***Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Çin hökuməti və xalqı adından, həmçinin şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırıram. Əminəm ki, Azərbaycan Sizin rəhbərliyinizlə bütün dövlət quruculuğu təşəbbüslərində yeni nailiyyətlər əldə edəcək.

Son illər Çin-Azərbaycan münasibətləri öz inkişafının nümunəvi və sabit olması ilə fərqlənir. Yüksək səviyyəli siyasi etimad mühiti yaranır, “Bir kəmər, bir yol” təşəbbüsünün birlikdə həyata keçirilməsində irəliləyiş, beynəlxalq münasibətlərdə sıx qarşılıqlı fəaliyyət müşahidə olunur.

Mən Çin-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm, bizim işgüzar münasibətlərimizi və şəxsi dostluğumuzu yüksək qiymətləndirirəm. Sizinlə birlikdə ikitərəfli münasibətlərin inkişafı və bütün sahələrdə əməkdaşlığın yeni səviyyəyə yüksəldilməsində birgə səylər göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı və məsuliyyətli fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dost Azərbaycana tərəqqi, xalqınıza isə xoşbəxtlik və əmin-amanlıq diləyirəm".

***

İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasında prezident seçkilərinin uğurla keçirilməsi və Zati-alinizin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə səmimi təbriklərimi çatdırıram.

Azərbaycan Respublikasının suverenliyinin bərpasından sonra ölkənizin bütün ərazilərində ilk dəfə bu seçkilərin keçirilməsi daha böyük əhəmiyyət kəsb edir.

İki qonşu və müsəlman ölkəsi olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası xalqları arasındakı qədim tarixi, dini və ortaq mədəni cəhətlər, dərin mənəvi bağlar, iki ölkənin müxtəlif sahələr üzrə birgə maraqları ölkələrimiz arasındakı əlaqələrin genişləndirilməsi üçün möhkəm dayaqlar yaratmışdır. Əmin olduğumu bildirirəm ki, Zati-alinizin yenidən prezidentliyi dövründə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı dostluq, qardaşlıq münasibətlərinin və əlaqələrin yüksələn xətlə inkişaf etməsinə şahid olacağıq.

Allah-Taaladan Sizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram".

***

Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Bu barədə o, "X"də yazıb.

"İlham Əliyevi Azərbaycanda keçirilən prezident seçkilərində əldə etdiyi qəti qələbə münasibəti ilə təbrik edirəm", - Pakistan Prezidenti qeyd edib.

A.Alvi iki ölkə arasındakı davamlı dostluq və əməkdaşlığı daha da gücləndirməyi səbirsizliklə gözlədiklərini də vurğulayıb:

"Sizin liderliyiniz tərəqqi və sabitliyə ilham verməkdə davam edir. Pakistan davamlı dostluğumuzu və əməkdaşlığımızı gücləndirməyi səbirsizliklə gözləyir. Uğurlarınızın davamlı olmasını arzu edirik!".

***

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkisində qazandığı qələbə münasibətilə təbrik edib.

Şimali Kipr Prezidenti bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidenti vəzifəsinə seçkidə ilkin nəticələrə görə tarixi zəfərlə yenidən Prezident seçilən cənab İlham Əliyevi ürəkdən təbrik edir, seçkinin nəticələrinin bütün qardaş Azərbaycana xeyirli olmasını diləyirəm”, - paylaşımda qeyd olunub.

***

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

***

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.

***

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsi prosesi fevralın 17-dək yekunlaşacaq.

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir.

Növbədənkənar prezident seçkisi ilə əlaqədar bu müddət fevralın 17-dək olan dövrü əhatə edir.
Qeyd edək ki, fevralın 7-də keçirilən səsvermənin ilkin nəticələrə əsasən, İlham Əliyev 92,05% səslə liderdir.

©APA

Xəbər lenti