Azərbaycanda növbədənkənar prezident seçkilərində seçici fəallığı açıqlanıb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 4 971 032 nəfər səs verib, seçici fəallığı 76,73 faiz olub.

Bildirilib ki, 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsindən 6522-i hesabat verib.

Azad olunmuş ərazilərdə isə seçici fəallığı 118 saylı Ağdam Şəhər Seçki Dairəsində 78,64 faiz, 119 saylı Ağdam Kənd Seçki Dairəsində 48,25 faiz, 120 saylı Cəbrayıl-Qubadlı Seçki Dairəsində 76,55 faiz, 121 saylı Laçın Seçki Dairəsində 79,7 faiz, 122 saylı Xankəndi Seçki Dairəsində 83,28 faiz, 123 saylı Kəlbəcər Seçki Dairəsində 80,57 faiz, 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd Seçki Dairəsində 79,58 faiz, 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsində 78,86 faiz olub.

Qeyd edək ki, növbədənkənar prezident seçkilərinə bu gün saat 08:00-da start verilib, seçkilər saat 19:00-da başa çatıb.

Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

Son məlumata görə, respublika üzrə seçicilərin sayı 6 478 840 nəfərdir.

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 7-də Azərbaycanda keçirilən seçkilərdən inamlı qələbə qazanması münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubunda dövlətimizin başçısına türk milləti və şəxsən öz adından səmimi təbriklərini çatdıran Rəcəb Tayyib Ərdoğan qeyd edib: “Zati-alinizin uğurlu liderliyi ilə Azərbaycanın əmin addımlarla əldə etdiyi inkişaf, bütün torpaqlarını işğaldan azad etməsi və beynəlxalq aləmdə getdikcə artan nüfuzu bizim üçün daim qürurverici olub.

Türkiyə ilə Azərbaycan arasında “Sevincdə və kədərdə birlik” ilə “Bir millət, iki dövlət” şüarları zəminində formalaşan qardaşlıq və həmrəylik əlaqələri Şuşa Bəyannaməsi ilə münasibətlərimizin güclü əsasını təşkil etməyə davam edəcəkdir.

Qardaş Azərbaycan xalqı tərəfindən yenidən lider seçilməyinizin təkcə ölkələrimiz arasındakı bənzərsiz münasibətlər baxımından deyil, bölgəmizin uzun illərdir ehtiyac duyduğu sülh və sabitliyin bərqərar olması baxımından da böyük bir nailiyyət olduğunu düşünürəm.

Bu baxımdan müzəffər lider kimi seçkiləri uğurla başa vurmağınızdan sonra böyük əmək sərf etdiyiniz Ermənistanla müzakirələrin də sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəyinə ümid edirəm”.

Türkiyə Prezidenti seçkilərdə zəfərin həm qardaş Azərbaycan xalqı, həm də bölgə üçün xeyirli olmasını diləyib, dövlətimizin başçısına ali vəzifəsində müvəffəqiyyətlər arzulayıb.

İlham Əliyevin ünvanına TƏBRİKLƏR - YENİLƏNİR

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Sizi Azərbaycan Respublikasında keçirilmiş növbədənkənar Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə səmimi-qəlbdən təbrik etməkdən məmnunam. Bu qələbə Azərbaycan vətəndaşlarının Sizin liderliyinizə olan hədsiz etimadının təzahürüdür. Bununla yanaşı, bu nəticə dahi Heydər Əliyev tərəfindən qoyulmuş təməl üzərində son 20 ildə Sizin daxili, regional və beynəlxalq müstəvidə əldə etdiyiniz misilsiz nailiyyətlərə verilmiş qiymətdir.

Sizin strateji siyasətiniz və sadiqliyiniz sayəsində Azərbaycan sosial və iqtisadi inkişaf istiqamətində ciddi irəliləyişə nail olmuş, hər bir vətəndaşın təhlükəsizliyi və firavanlığı təmin edilmiş, ölkəniz regional liderə çevrilərək beynəlxalq arenada həsədaparılası nüfuza sahib olmuşdur.

Serbiya Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir və heç vaxt unutmur ki, ölkəniz həqiqi dost və həyati əhəmiyyətli maraqlarımızın müdafiəçisi olduğunu dəfələrlə sübut edib. Fürsətdən istifadə edərək, beynəlxalq hüququn prinsipləri və BMT nizamnaməsinə sadiqliyinə, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dəstəklə bağlı Azərbaycanın dəyişməz mövqeyinə görə səmimi minnətdarlığımı bildirirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, bizim siyasi, iqtisadi və humanitar sahələrdə strateji əməkdaşlığımız və əlaqələrimiz bir çox aspektlər üzrə genişlənmişdir. Mən tam əminəm ki, Sizin davamlı müdrik rəhbərliyiniz və liderliyiniz sayəsində Serbiya və Azərbaycan arasında uzunmüddətli və sıx tərəfdaşlıq qarşılıqlı maraqlar naminə güclənəcək və inkişaf edəcəkdir.
Öz növbəmizdə Sizi əmin etmək istəyirəm ki, biz bütün sahələrdə dostluq, qarşılıqlı hörmət, etimad və dəstək prinsiplərindən çıxış edərək daha da səmərəli və inkişaf edən əməldaşlığın təmin olunmasına, birgə layihə və ideyaların həyata keçirilməsinə güclü şəkildə sadiqik.

Zati-aliləri, əziz dostum, Sizə möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və əmin-amanlıq arzu edirəm".

***

Fevralın 7-də İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

İraq Prezidenti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib, ölkəmizin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan ilə İraq arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunaraq əməkdaşlığın genişlənəcəyinə əminlik bildirib.

***

Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkilərində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlət başçısının rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycanın qələbə çalmasının və suverenliyimizin tam bərpa olunmasının böyük önəm daşıdığını bir daha vurğulayıb, bu xüsusda Azərbaycanda prezident seçkilərinin bütün ölkə ərazisində keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə gələcəkdə də inkişaf edəcəyinə və möhkəmlənəcəyinə, “bir millət, iki dövlət” prinsipi əsasında ölkələrimizin və xalqlarımızın bundan sonra da çiyin-çiyinə irəli gedəcəklərinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

***

Fevralın 7-də Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Viktor Orban İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırıb, ona Azərbaycanın inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Viktor Orbana minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

***

Fevralın 7-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Aleksandr Lukaşenko İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, ona ölkəmizin inkişafı və firavanlığı naminə fəaliyyətində uğurlar arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Belarus Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Belarus dostluq əlaqələrinin bundan sonra da möhkləmlənəcəyinə əminliklərini ifadə edərək, əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

***

Fevralın 7-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Özbəkistanın dövlət başçısı İlham Əliyevi prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, ölkəmizin daha da inkişafı və xalqımızın firavanlığı naminə prezidentlik fəaliyyətində yeni uğurlar arzulayıb. Şavkat Mirziyoyev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizin böyük nailiyyətlər qazanmasının və Azərbaycan torpaqlarının geri qayıtmasının önəmini bir daha vurğulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Şavkat Mirziyoyeva minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə və əməkdaşlığımızın daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər, ikitərəfli münasibətlərin perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova fevralın 7-də 19 saylı Nərimanov birinci seçki dairəsinin 11 saylı seçki məntəqəsində səs verib.

"Report" xəbər verir ki, məntəqədə səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Səhər saatlarından etibarən 11 saylı seçki məntəqəsində də seçicilərin yüksək fəallığı müşahidə olunur. Məntəqədə 1493 seçici qeydiyyatdadır, onlardan 26 nəfəri qeydiyyatdan çıxma vərəqəsi alıb.

Qeyd edək ki, bu seçkilər ilk dəfə olaraq ölkəmizin bütün suveren ərazisində keçirilir. Seçkilərdə 7 namizəd mübarizə aparır. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 6 milyon 478 min 623 nəfərdir. Seçki prosesini 790 beynəlxalq müşahidəçi izləyir. Onlar 72 beynəlxalq təşkilatı və 89 ölkəni təmsil edirlər. Yerli müşahidəçilərin ümumi sayı isə 90 minə yaxındır. Seçkiləri 109 beynəlxalq media qurumunun 216 təmsilçisi işıqlandırır. Səsvermə saat 19:00-da başa çatacaq.

Vilayət Eyvazov bu iki hadisəyə görə polisləri mükafatlandırdı

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib.

Nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar Prezident seçkilərində səs verib.

Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb.

©Trend

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib.

Səhər saat 08:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyirlər.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki qutusu ayrılıb.

İlham Əliyev ailəsi ilə Xankəndidə səs verdi

Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov növbədənkənar prezident seçkilərində səs verib.

Axar.az xəbər verir ki, nazir 17 saylı Yasamal 3-cü seçki dairəsi, 1 saylı məntəqədə səsvermə hüququndan istifadə edib.

 

 

 

Baş prokuror Kamran Əliyev növbədənkənar prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

“Qafqazinfo”nun məlumatına görə, o, Yasamal rayonunda yerləşən 15 saylı seçki məntəqəsində səs verib.

Həmin görüntüləri təqdim edirik:

 

 

 

 

O ölkədən sürpriz Zəngəzur mesajı – “Azərbaycan istədiyini alacaq, biz də...”

Politoloq Oqtay Qasımov Teleqraf.com-a müsahibə verib.

Onunla müsahibəni təqdim edirik.

- ABŞ-nin Xarici Əlaqələr Şurasının (Council on Foreign Relations) iddiasına görə, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı var və bu, Vaşinqton üçün prioritet deyil. Sizcə, yeni qarşıdurma üçün zəmin varmı və hansı həll edilməmiş məsələlər toqquşmaya yol aça bilər?

- Nə qədər ki, sülh müqaviləsi imzalanmayıb, Ermənistan öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır, yəni Zəngəzur dəhlizinin açılmasından yayınır, mina xəritələrini vermir və sürətlə silahlanır, gərginlik qalacaq. Bu baxımdan, eskalasiya ola bilər. Bəzi Avropa təsisatlarından Azərbaycana təzyiqlər Ermənistan cəmiyyətində belə bir əhval-ruhiyyə yaradıb ki, guya müəyyən bir zəmin yarana, Azərbaycan sanksiyalara məruz qala və Ermənistandan da bundan yararlanaraq revanş götürə bilər.

Bəli, Ermənistanda belə fikirlər var. Dediyim kimi, nə qədər ki, sülh müqaviləsi imalanmayıb və sözügedən öhdəliklər Ermənistan tərəfindən yerinə yetirilməyib, hansısa gərginlik ola bilər. Ən azı nəzəri baxımdan belədir.

- Bəs sülh müqaviləsi hansı aralıqda imzalanacaq? Məsələn, ABŞ-nin “Fitch Group” reytinq şirkətinin fikrincə, bu, ilin ilk yarısında ola bilər.

- Belə bir müddət üçün yüksək ehtimal vermirəm. Ən azı gedişat və prosesin sürəti belə bir ehtimal yaratmır.

Bilirsiniz ki, Ermənistan tərəfi Azərbaycana mina xəritələrini verməli idi. Özlərinin dediklərinə görə, bu, yeni formatda olacaq, amma hələ də baş verməyib. Ermənistan qanunvericiliyi, vaxtilə bu ölkənin parlamentinin qəbul etdiyi bir sıra qərarlar, o cümlədən Konstitusiya və Müstəqillik aktı da sülh müqaviləsinin imzalanmasına əngəl olan ciddi faktorlarlardır. Son dövrlərdə Ermənistanda Konstitusiya dəyişikliyinin müzakirə edilməsi də bu qəbildəndir.

Hansısa müddətdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Amma Ermənistan Konstitusiyası və digər qanunvericilik aktları dəyişdirilməsə, bu ölkədə nə vaxtsa hakimiyyətə gələcək hansısa qüvvə bunları əlində “əsas” tutaraq, yenə də Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış edə bilər.

Bu məsələnin həlli də xeyli vaxt aparacaq. Yəni referendumun təyin edilməsi və cəmiyyətin buna hazırlanması uzun zaman aparan məsələlərdir. Qeyd olunan müddətdə bunların tamamlanması problematik görünür.

- “Fitch Group”in başqa bir iddiasına görə, mümkün sülh müqaviləsində Zəngəzur dəhlizinə Azərbaycanın nəzarətini gücləndirəcək müddəaların yer alması ehtimalı yüksəkdir. Bunun haqda fikriniz necədir?

- Azərbaycan mövqeyini açıq şəkildə ortaya qoyub. Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəa 10 noyabr üçtərəfli bəyanatının 9-cu bəndində yer alıb. Həmin bənddə Ermənistanın maneəsiz və təhlükəsiz keçidə təminat verməsi məsələsi nəzərdə tutulur. Eyni zamanda, burada keçidə Rusiya sərhədçilərinin nəzarəti məsələsi yer alır. Əlbəttə, Azərbaycan Ermənistanın son davranışlarını da izləyir.

Azərbaycan prezidenti yanvarda yerli telekanallara müsahibəsində açıq şəkildə dedi ki, Ermənistan bu müddəadan geri çəkilməyə çalışır və öhdəliklərini yerinə yetirmir.

Ermənistan bəyan edir ki, guya dəhlizin təhlükəsizliyini özü təmin edə bilər. Amma Azərbaycan Ermənistanın verdiyi təhlükəsizlik təminatlarını yetərli saymır. Azərbaycan istəyir ki, orada sərbəst və təhlükəsiz hərəkət təmin olunsun. Əlbəttə, bu, müzakirə edilməli mövzudur. Hər halda bu (“Fitch”in proqnozu – red.) iddiadır, Ermənistan buna reaksiyası necə olacağını görəcəyik.

- Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının üzvləri qonşulara ərazi iddialarının məntiqsizliyindən danışmağa başlayıblar. Məsələn, partiyanın deputatı Vaaqn Aleksanyanın sözlərinə görə, üç milyon əhalisi olan Ermənistanın bütün qonşularına ərazi iddiasında olması məntiqli deyil. Hətta Aleksanyan ərazi iddialarını “illər əvvəl ermənilər üçün yazılmış arzu” adlandırıb. Ermənistanın hakim komandasından gələn bu mesajları necə şərh etmək olar?

- Bu onu göstərir ki, Ermənistan cəmiyyəti və siyasi qüvvələri arasında reallığı, rasional düşüncəni mənimsəyən insanlar var və onların sayı getdikcə artır. Əlbəttə, Ermənistanın dörd qonşusuna qarşı ərazi iddiasında olması bu ölkənin özünün mövcudluğunu şübhə altına alır. Nəticədə belə iddiaların Ermənistan üçün ciddi problemlər yaratdığı fikirləri səslədirilməyə başlayıb. Əslində bu, müsbət haldır.

Ermənistan bu zərərli iddia və fikirlərdən nə qədər tez daşınsa, onun üçün daha faydalı olacaq.

Bir düzəliş etmək də yerinə düşər: həmin deputatın söylədiyi kimi, Ermənistan əhalisi 3 yox, 1.5 milyondur. Bunu da Ermənistan rəsmilərinin açıqladıqları rəqəm əsasında deyirəm.

Xəbər lenti