![]() |
|
“Çətin həyat şəraitində hesab edilmənin əsasları üzrə şəxsin (ailənin) çətin həyat şəraitində olmasını təsdiq edən sənədlərin Siyahısı”nda dəyişiklik edilib.
Bu barədə Əli Əsədov qərar imzalayıb.
Dəyişikliklə 10.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib:
“10.1.1. şəxsin sosial xidmət müəssisələrini, habelə ümumi təyinatlı internat tipli və internat tipli xüsusi ümumtəhsil məktəblərini tərk etməsi ilə bağlı həmin müəssisələrin arayışı;”.
ABŞ-ın Xarici Əlaqələr Şurası (CFR) Azərbaycan və Ermənistanı 2024-cü ildə müharibə ehtimalı olan ərazilərə daxil edib. Qərb platformasında belə proqnozlar intensiv şəkildə irəli sürülür və daha çox “Azərbaycanın Ermənistana hücumu” kontekstində təqdim edilir.
CFR-nin proqnozu fonunda müəyyən ssenariləri təxmin etmək mümkündür.
Birinci ssenari Zəngəzur dəhlizi uğrunda müharibədir: Qərbdə daha çox bu ssenarinin üzərində dayanılır, hərçənd, Azərbaycan beynəlxalq reaksiyanı nəzərə alaraq, bu istiqamətdə hərbi addım atmayacaq: Bakı rəsmi İrəvanın Naxçıvana maneəsiz keçidin verilməsinə razı olacağı situasiyanın yaradılması məqsədilə Zəngəzur dəhlizi layihəsində alternativ marşturların işə salınması, Ermənistanın “dalan ölkə” olaraq saxlanılması planı üzrə hərəkət edir;
İkinci ssenari Qazaxın 4 kəndinin azad edilməsidir: Bakı və İrəvan arasında birbaşa təması həyata keçirən sərhədin delimitasiyası üzrə komissiyalarda aktual məsələ 8 kəndin taleyinin həll edilməlidir; rəsmi Bakı anklav olmayan 4 kəndin - Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli kəndləri – qaytarılmasını, anklav olan kəndlərin ikinci mərhələdə müzakirəsini təklif edir, lakin Ermənistan bu və ya digər formada prosesdən yayınır; seçkilərdən sonra 4 kəndə nəzarətin bərpası istiqamətdə hərbi addımın atılması ssenarisi mümkün variantlardan biridir;
Üçüncü ssenari Ermənistanın sərhədboyu ərazilərdə təxribat hücumlarına əl atmasıdır: bu ssenaridə məqsəd hərbi üstünlük əldə etməkdən daha çox siyasi prosesləri sərhəd eskalasiyası üzərindən idarə etməkdir; rəsmi İrəvan Moskvanın “müttəfiqliyindən” imtina etmək və Qərbin “təhlükəsizlik çətiri” altına sığınmaq məqsədilə Azərbaycanla eskalasiyaya getmək ssenarisini hələ də aktual olaraq saxlayır; qarşıdakı dövrdə bu ssenarinin tətbiqi istisna edilməməlidir.
Daha öncə də yazmışdıq: Qərb platformasında Azərbaycan-Ermənistan arasında müharibə riskinin qalması, məsələni xüsusilə “Azərbaycanın Ermənistana hücum hazırlığı” kontekstində təqdim edilməsi mümkün erməni təxribatına hazırlıq məqsədi daşıyır; eyni zamanda, Azərbaycan ətrafında informasiya vakuumu yaradaraq, rəsmi Bakını danışıqların Qərb platformasında davam etdirilməsinə razı salmağa çalışırlar.
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başa çatıb.
Seçki Məcəlləsinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılmalıdır.
Növbədənkənar prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına 2024-cü il yanvarın 15-i başlanılıb və təşviqat fevralın 6-sı saat 8.00-da dayandırılmalıdır.
Bu günü qeyri-rəsmi olaraq “sükut günü” də adlandırırlar.
Qeyd edək ki, fevralın 7-də seçki məntəqələri səhər saat 8-də açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
MSK tərəfindən prezidentliyə 7 nəfər qeydiyyata alınıb - hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.
Azərbaycanda növbədənkənar prezident seçkisinin əhəmiyyətini, geosiyasi miqyasa təsirlərini həzm edə bilməyənlər yenə hərəkətə keçib.
Onlar yalnız bağlı olduğu mərkəzlərdən təlimatlar alırlar və həmin tezislər uyğun hərəkət edirlər, ictimai rəyi çaşdırmağı qarşıya məqsəd qoyurlar.
Elə bu günlərdə Qərbin ənənəvi oyuncaq təşkilatı kimi Azərbaycan əleyhinə istifadə edilən “Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi”nin (SMDT) və onun rəhbərliyində təmsil olunan Anar Məmmədliyə Qərbdən xüsusi tapşırıq alması haqda məlumat yayıldı.
Məlumat siyasi ekspert Telman İsaya istinadən mediada işıqlandırıldı..
Xəbərə görə, Anar Məmmədliyə seçki günü ictimai rəyi manipulyasiya etmək və neqativ məcraya yönləndirmək üçün 500 nəfər müəyyənləşdirmək, həmin adamları “seçki pozuntuları” videoları çəkmək üçün texniki avadanlıqlarla təchiz etmək tapşırılıb.
Lakin necə deyərlər, bu plan suya düşüb və təlimatı hazırlayanlarla onu icra etmək öhdəliyi təyin edilən şəxslər bu istiqamətdə heç bir şeyə nail ola bilməyiblər.
İflasa uğrayan cəhdlə bağlı Oxu.Az-a bir sıra əlavə detallar da məlum olub.
Aldığımız məlumata əsasən, Anar Məmmədli səriştəsizliyini ört-basdır etmək üçün dəridən-qabıqdan çıxır.
İndi o, özünü sübut etməkdən ötrü yeni plan üzərində işləyir.
İndiyədək Anar Məmmədli cəmi 20-30 nəfərlik təxribat qrupu formalaşdırmağa nail olub, onların əksəriyyəti “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun əməkdaşlarından ibarətdir.
Lakin Anar Məmmədlinin xüsusi qruplar formalaşdırmaq cəhdləri plana uyğun nəticə vermir və o, faktiki olaraq, üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir.
Anar Məmmədli və onun ətrafına topladığı bir neçə nəfərlə seçki günü müxtəlif məntəqələrin işini pozacaq təxribatlar törətmək, məntəqələrdə səs-küy salmaq, bilərəkdən gərginlik yaratmaq və xüsusi video görüntülər paylaşmaq tapşırılıb.
Aldığımız məlumata görə, Anar Məmmədliyə verilən tapşırıq (500 nəfərlik qrup) faktiki olaraq, icra olunmadığından, ona öz qüvvəsini jurnalist Xədicə İsmayılın “dəstəsi” ilə birləşdirmək tövsiyə olunub və bu günlərdə məsələ müzakirə də edilib.
Bu da çıxış yolu... Daha doğrusu növbəti fiasko.
Qısası, Anar Məmmədli və onun ətrafı ağalarının istəyinə uyğun istənilən effektiv fəaliyyətə malik deyillər.
Buna görə də, bəzi səbəblərdən, o cümlədən, ayrılan vəsaitin bölüşdürülməsi məsələdəki fikir ayrılıqları üzündən “koalisiya” baş tutmayıb və Anar Məmmədli ilə Xədicə İsmayılın ayrı-ayrılıqda “işləməsi” qərara alınıb.
Azərbaycan ATƏT-in müşahidəçisi kimi ölkəmizə daxil olmağa cəhd edən Nik Quqqerin girişinə əngəl olub. Polis onu hava limanında yoxladıqdan sonra İstanbul reysi ilə geri göndərib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Caliber” “Telegram” kanalı məlumat verib. Qeyd olunur ki, o, İsveçrədəki erməni lobbisinin fəal dəstəkçisidir və Azərbaycanı “xristianların soyqırımı”nda ittiham edərək sanksiyalar tətbiq olunmasını tələb edir.
Nik Quqqer bir müddət əvvəl AŞPA-da Azərbaycan əleyhinə çıxış edib. Daha əvvəl isə Qarabağ məsələsinə görə Ermənistana dəstək nümayiş etdirib. İsveçrə XİN onun geri göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib.
Bununla belə hazırda ATƏT-in Azərbaycanda seçkiləri müşahidə missiyasının tərkibində qatı ermənipərəstlər yenə də var. Onlardan biri Lüksemburq parlamentin keçmiş spikeri Fernand Etgendir. Etngenin Qarabağ münaqişəsinə görə Ermənistanı açıq müdafiə etməsinin və Azərbaycana qarşı çıxışlarının uzun tarixçəsi var. 44 günlük Vətən müharibəsindən sonra - daha dəqiq, 2020–ci il dekabrın 24-də Lüksemburq Böyük Hersoqluğunun Deputatlar Palatasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamədə Fernand Entgenin də imzası var.
Sözügedən qətnamədə Azərbaycan hakimiyyəti "dağlıq Qarabağın" yekun "statusu"na aparan siyasi prosesə təşəbbüs göstərməyə, "kasset silahlarından istifadə daxil olmaqla, mülki infrastruktura hücumlara dair sənədləşdirilmiş hərbi cinayətlərin müstəqil araşdırılmasına" tərəfdar olmağa, "erməni monastrlarının, kilsələrin və abidələrin müdafiəsinə zəmanət verməyə" çağırılıb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi həmin bəyanatı pisləyən bəyanat vermişdi. XİN-in bəyanatında deyilir ki, parlamentin Xristian-Sosialist Siyasi Partiyasının ermənipərəst üzvü Klod Viseler tərəfindən irəli sürülən bu qətnamədə bölgədəki vəziyyətlə bağlı həqiqətlər təhrif olunur, Azərbaycan və Türkiyəyə qarşı tamamilə əsassız ittihamlar irəli sürülür.
“Vurğulamaq istərdik ki, bu kimi təxribat xarakterli və qərəzli sənədlərin qəbulu bölgənin beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında gələcək inkişafı və tərəqqisinə maneə ola bilməyəcək”, - XİN-in bəyanatında deyilir.
Onu da xatırladaq ki, bu il yanvarın 31-də Lüksemburq parlamenti sədrinin dəvəti ilə bu ölkəyə Ermənistan-Lüksemburq Dostluq Qrupunun rəsmi səfəri olub. Məlumata görə, dostluq qrupunun rəhbəri S.Qazaryan, deputatlar T.Vardanyan, A.Culakyan və A.Yeqoyan Lüksemburqun Deputatlar Palatasının sədri Fernand Etgen ilə görüşüblər. S.Qazaryan Lüksemburq parlamentinin 15 oktyabr, 24 dekabr 2020-ci il və 10 noyabr 2021-ci il tarixlərində yekdilliklə qəbul etdiyi qətnamələrə görə təşəkkür edib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “AzPolitika.info”ya açıqlamasında bildirib ki, bu barədə onlarda məlumat yoxdur.
“Sorğunun aidiyyatı qurumlara, o cümlədən Mərkəzi Seçki Komissiyasına ünvanlanması məqsədəuyğun olar”, - o deyib.
Zərdab Rayon Polis şöbəsinin iki rəis müavini sərəncama göndərilib.
Qaynarinfo-nun məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə RPŞ-nin xidmət üzrə rəis müavini polis polkovnik-leytenatı Urman Ağayev və əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı İkram Əhmədov vəzifəsindən azad edilib.
Onların hər ikisi sərəncama götürülüb.
Qeyd edək ki, Urman Ağayev 2020-ci ildə, İkram Əhmədov 2021-ci ildə sözügedən vəzifələrə təyin olunub.