“Dünyada beynəlxalq hüquq və münasibətlər iflic olub” - FAKT BUDUR!Ermənistan Qarabağı işğalda saxladığı 30 ildə və ərazilərimizi tərk etdikləri dönəmdə bu bölgəni başdan-başa minalayıb. 2020-ci ildən indiyədək işğaldan azad edilmiş zonada 300-dən çox Azərbaycan vətəndaşı, 10-dan çox Rusiya sülhməramlı kontingentinin hərbçiləri minaya düşüb.

Ermənistan mina terroruna görə məsuliyyət daşıyır və buna görə cəzalandırılmalıdır. Ən azı ona görə ki, müharibədən sonra verdikləri mina xəritələrinin saxta olduğunu artıq özləri də etiraf edir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistanda başqa mina xəritələrinin olduğunu etiraf edib!

Ermənistan XİN rəhbəri minalarla bağlı yeni məlumatların Azərbaycana ötürüləcəyini istisna etməyib.

Eyni zamanda Ararat Mirzoyan qeyd edib ki, İrəvan iki dəfə mina sahələrinin xəritələrini Azərbaycan tərəfinə ötürüb.

Belə çıxır ki, Paşinyan dünyanı aldadıb və indiyədək gerçək mina xəritələrini gizlədiblər. Bunun məsuliyyəti varmı? Faktiki, mina terrorunun davam etməsi üçün xəritələri gizlətməyin beynəlxalq hüquqa görə cəza mexanizmi varmı? Azərbaycan buna görə beynəlxalq məhkəmələrə müraciət etməlidirmi?

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev hər kəsin kimliyinin hər kəsə məlum olduğunu qeyd etdi: “Ermənilərin bizə qarşı ünvanladığı absurd iddia və ittihamların əsas səbəblərindən biri də məhz budur: öz törətdiyi cinayətlərdən yayınmaq, mövzunu dəyişmək və qabaqdangəlmişlik etmək.

Hərgah, hər kəsə məlumdur ki, kim kimdir. Eyni zamanda bütün faktlar da onu göstərir, ona dəlalət edir ki, əsl fitnəkar, riyakar ermənidir. O erməni ki, illər boyunca ağılasığmaz müharibə cinayətlərini törədib, bütün rəzalətlərə imza atıb, hər alçaqlığı edib. Və indi də hələ arsız-arsız xarici işlər nazirinin dili ilə mina xəritələrinin düzgün verilməməsindən danışırlar. Sanki böyük qəhrəmanlıq ediblər. Sanki fəxr ediləsi, qürur duyulası bir şeymiş. Paşinyan öz aləmində manevr edir. Amma əslində bunun adı manevr deyil, qeyri-ciddilikdir. Eyni zamanda növbəti cinayətin etirafıdır, düşmənçiliyi də kişi kimi edə bilməməyin göstəricisidir.

Sadəcə, mənim üçün çox maraqlıdır ki, ayrı vaxt demokratiyadan, insan haqlarından danışan Avropa təsisatları niyə görəsən məlum açıqlamaya münasibət bildirmir? Niyə bu qədər vacib mövzunun (hadisənin) üzərindən sakitcə keçirlər? Niyə demirlər ki, ay Mirzoyan, bu şəkildə sərsəmləmək olmaz?

Əlbəttə ki, deməyəcəklər. Çünki onlar hadisələr üzərindən deyil, tapşırıqlar üzərindən işləyirlər. Tezis gəlsə, dərhal aktivləşəcəklər. Gəlməsə, heç nə olmayacaq.

Bir daha təkrar etmək istəyirəm: Mina mövzusu barədə erməni tərəfin verdiyi açıqlama birbaşa rəzalət və cinayətdir. Bununla bağlı beynəlxalq məhkəmələrə müraciət etmək hüququmuzu isə heç şübhəsiz özümüzdə saxlayırıq. Ermənistan onsuz da enində-sonunda törətdiyi bütün cinayətlərə görə cavab verəcək. İnanın, bu hadisə, bu proses mütləq baş verəcək. Hər kəs əmin olsun".

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov burada təkcə məsuliyyəti Ermənistanın daşımadığını bildirdi: “Bu, Ermənistanın mina xəritələri ilə bağlı yalanlarının ifşa olunduğu ilk hal deyil. Xatırlayırsınızsa, İkinci Qarabağ savaşından sonra rəsmi İrəvan uzun müddət ərzində onlarda, ümumiyyətlə, hər hansı mina xəritəsinin olmadığını bildirdi və yalnız davamlı təzyiqlərdən sonra həmin xəritələri vermək məcburiyyətndə qaldı. Azərbaycan isə o zaman təqdim olunan mina xəritələri müqabilində erməni əsirləri Ermənistana təhvil verdi. Sonradan məlum oldu ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqlik göstəricisi 25 faizdən də aşağıdır. Və Azərbaycan olaraq biz bu faktı indiyə qədər ən yüksək tribunalardan dəfələrlə bəyan etməyimizə baxmayaraq, Ermənistan yenə də onlardan başqa hər hansı xəritə olmadığını deyirdi. İndi isə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, faktiki olaraq, Ermənistanın mina xəritələri ilə bağlı növbəti yalanını ifşa edərək onlarda başqa mina xəritələri olduğunu da etiraf edib. Yəni başqa sözlə desək, Mirzoyan bu bəyanatı ilə Ermənistanın xəritələri gizlətməklə faktiki olaraq mina terrorunu davam etdirməkdə israrlı olduğunu nümayiş etdirmiş oldu. Ümumiyyətlə isə ermənilər tərəfindən ərazilərimizdən 1.5 milyondan çox mina basdırıldığı faktlarla təsdiq olunub. Azərbaycan dünyada mina ilə ən çox çirkləndirilmiş ölkələr arasındadır. Ermənistanın keçmiş təmas xəttinin arxasında yerləşən yollarla yanaşı, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə də tələ xarakterli minalar yerləşdirdiyi hər kəsə məlum olan faktdır. Ermənistan mina xəritələrini təqdim etməməklə "Müharibə qurbanlarının müdafiəsi haqqında" 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, BMT-nin 1999-cu ildə qəbul etdiyi “Piyadalara qarşı minaların tətbiqi, ehtiyatının toplanması, istehsalı və verilməsinin qadağan edilməsi haqqında” Konvensiyanın müddəalarını kobud şəkildə pozmaqda davam edir. Bu beynəlxalq sənədlərə görə, münaqişə tərəfləri müharibə başa çatdıqdan sonra minalardan təmizlənəcək sahələrin xəritələrinin təhvil verilməsi ilə bağlı, eləcə də piyadalara qarşı minalardan istifadə etməyəcəkləri barədə öhdəlik götürürlər. Odur ki, Azərbaycanın beynəlxaq hüququn norma və prinsiplərini pozmaqda davam edən Ermənistanla bağlı beynəlxalq məhkəmələrə müraciət etmək hüququ var və bu hüquqdan da istifadə olunmalıdır.

Onu da qeyd edim ki, bu cinayətlərə görə məsuliyyət təkcə Ermənistanın üzərinə düşməməlidir. Eyni məsuliyyət həm də bütün bu baş verənlərə göz yuman, xəritələrin verilməməsinə görə Ermənistana təzyiq göstərməyən ayrı-ayrı dövlətlərin, beynəlxaq qurumların üzərinə düşür".

Hərbi ekspert Səxavət Məmməd isə Azərbaycanın öz gücünə bu minalardan ərazilərimizi təmizləmək məcburiyyətində qaldığını vurğuladı: “Ermənistan ayrı-ayrı vaxtlarda mina xəritələrinin olmasını etiraf edib. Müharibədən dərhal sonra Ermənistan bunu danırdı, hətta işğal faktını da boynundan atırdı. Ancaq sonradan etiraf etməyə başladı. Ermənistanın xarici işlər naziri etiraf edib ki, onlarda mina xəritələri var. Onu da etiraf edib ki, iki dəfə mina xəritələri Azərbaycan tərəfinə ötürülüb. Məsələ ondadır ki, Azərbaycan tərəfinə ötürülən xəritələrin biri tamamilə boş çıxmışdı. Xəritə üzrə axtarış aparılan zaman mina çıxmamışdı. Birində isə qismən minaya rast gəlinmişdi. Yəni Ermənistan Azərbaycanı mina xəritələri ilə bağlı iki dəfə aldadıb. İlk başda erməni tərəfi bu xəritələri Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirdi. Azərbaycan tərəfi ərazilərin minalardan təmizlənməsi prosesinə ciddi maliyyə və insan resursu ayırdığını, bundan əlavə, psixoloji təzyiqin keçərsiz olduğunu anladıqdan sonra dirənişin mənasız olduğunu anladı. Hesab edirəm ki, erməni tərəfinə mina xəritələri ilə basqı etmək gərəksizdir. Yəni erməni tərəfinə bunu şərt kimi irəli sürdükcə, onlar əllərində kozur olduğunu düşünür və bunu əllərində vasitəyə çevirir. Kim qarantiya verə bilər ki, verəcəkləri mina xəritələri gerçək olacaq, yenə aldatmayacaqlar? Bundan əlavə, Qarabağda minalanmış ərazilərinin tam xəritəsini çıxarmaq mümkün də deyil. Xüsusilə birinci müharibə zamanı pərakəndəlik, xəritələrlə işlənməyən minalar basdırılıb. Ona görə də Azərbaycan tərəfi məcburdur ki, bütün əraziləri öz gücünə təmizləsin. Ermənistan tərəfinin bununla bağlı məsuliyyətə cəlb ediləcəyini düşünmürəm. İşğal faktı, kütləvi ölümlər, etnik təmizləməyə görə məsuliyyətə cəlb edilməyən Ermənistanın hansısa beynəlxalq qurum, hüquq tərəfindən məsuliyyətə cəlb ediləcəyi inandırıcı deyil. Nəzərə almaq lazımdır ki, dünyada beynəlxalq hüquq və münasibətlər iflic olub. Ona görə də indiki məqamda nəyəsə ümid etmirəm”.

“Yeni Müsavat”

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev növbəti 5 illik müddətə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) prezidenti seçilib.

Qurumun 2023-cü ilin idman nəticələrinin yekunlarına həsr olunmuş tədbirində prezident, eləcə də vitse-prezidentlər və İdarə Heyəti üzvləri ilə bağlı seçki keçirilib.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov və onun müavini Mariana Vasilevanın da iştirak etdiyi 2023-cü ilin yekunlarına həsr olunan tədbirdə əvvəlcə ARAF-nin baş katibi Bəhruz Nəbiyev il ərzində ölkə ərazisində keçirilən tədbirlər, beynəlxalq turnirlərdə iştirak və əldə olunan nailiyyətlər barədə məlumat verib. Federasiyanın fəaliyyət sahələrinə daxil olan hər bir atçılıq idman sahəsi üzrə tədbirlər barədə qısa, hesabat xarakterli videomateriallar təqdim olunub.

Daha sonra il ərzində əldə edilmiş nailiyyətlərə əsasən xüsusi nominasiyalar üzrə qaliblər elan olunub. Qalibləri Çingiz Hüseynzadə, Fərid Qayıbov və Elçin Quliyev təltif ediblər.

Elçin Quliyev göstərilən etimada görə minnətdarlığını bildirərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün idman növlərinə, o cümlədən atçılığa göstərdiyi xüsusi diqqət və qayğısı, atçılığın inkişafı, həmçinin gələcək planlar, xüsusilə komandaların sayının artırılması və atçılığın hər bir növünün ayrılıqda inkişaf məsələləri, federasiyanın qarşısında duran məqsədlər və görüləcək işlər haqqında fikirlərini yığıncaq iştirakçılarına çatdırıb. Federasiyanın prezidenti 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına atçılıq üzrə vəsiqə qazanılmasının əsəs prioritet məsələ olduğunu bildirib.

Daha sonra çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə federasiyanın yeni seçilmiş rəhbər heyətini təbrik edib və ölkəmizdə atçılığın əhəmiyyətindən, gələcəkdə milli atçılığın növü olan çövkən üzrə beynəlxalq yarışların keçirilməsi imkanlarından danışıb. Atçılığın Olimpiya proqramında ən qədim idman növlərindən biri olan dresaj üzrə milli komandanın artıq formalaşmasını yüksək qiymətləndirib.

Gənclər və idman naziri Fərid Qayıbov isə atçılıq idman növünün spesifikliyi, Azərbaycanın bölgələrində də atçılığın inkişafı, yeni zavodların fəaliyyətə başlaması məsələlərinə toxunub. Nazir çıxışının sonunda yeni seçilmiş heyəti təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, Elçin Quliyev 2009-cu ildən Azərbaycan Respublikası Atçılıq Federasiyasına rəhbərlik edir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü prosesində olduqca ciddi qərarlarla həlledici mərhələyə start vermək üzrədir, rəsmi Ankara geopolitik oyunun şərtlərini açıq müstəviyə çıxarır... ABŞ Türkiyəyə verdiyi vədlərə sadiq qalmayaraq, rəsmi Ankaraya qarşı hiyləgər bəhanələr icad etmək vərdişlərini davam etdirsə, NATO üzrə iki müttəfiqin münasibətlərində çatlar daha da dərinləşə bilər...
NATO-nun genişlənməsi prosesində növbəti addım atılıb. Belə ki, Türkiyə parlamenti İsveçin NATO-ya üzvlüyü ilə bağlı müraciətini ratifikasiya edib. Bununla da İsveçin NATO-nun “qapıları” ağzında çəkdiyi növbənin sona çatması istiqamətində müəyyən irəliləyiş hər halda, baş tutmuş sayıla bilər. Rəsmi Ankaranın bu addımı həm NATO- rəhbərliyində, həm də İsveç hakimiyyət dairələrində məmnunluqla qarşılanıb. Və artıq NATO-nun sıralarına daha bir dövlətin qatılacağı qətiyyən şübhə doğurmur.

İsveçin baş naziri Ulf Kristerssen Türkiyə parlamentinin qərarına “Biz NATO-ya tamhüquqlu üzvlüyü istiqamətində daha bir addım irəlilədik” məzmunlu açıqlama ilə reaksiya verib. NATO baş katibi Yens Stoltenberq isə Türkiyə parlamentinin qərarını alqışlayıb, Macarıstanı da analoji addımın atılmasına çağırıb: “Ümid edirəm ki, Macarıstan da ən qısa zamanda İsveçin NATO üzvlüyünü təsdiqləyəcək. Çünki İsveçin üzv olması ilə NATO daha da güclənəcək və bizim təhlükəsizlik imkanlarımız genişlənəcək”.

Məsələ ondadır ki, İsveçin NATO üzvlüyü ilə bağlı müraciəti Macarıstan tərəfindən də ratifikasiya edilməyib. Bu ölkənin baş naziri Viktor Orban isveçli həmkarını rəsmi Budaşeşti narahat edən məsələləri müzakirə etmək üçün Macarıstan paytaxtına dəvət edib. Ancaq nə qədər qəribə də olsa, İsveçin baş nazirinin əvəzinə bu ölkənin xarici işlər naziri bildirib ki, indiki mərhələdə Macarıstanla müzakirələrə səbəb görülmür.

Böyük ehtimalla rəsmi Stokholm Türkiyənin mövqeyindən tamamilə məmnun olduğu üçün Macarıstanın İsveçə NATO “qapıları”nı bağlı saxlaya bilməyəcəyindən tamamilə əmindir. Çünki Qərb siyasi dairələrində belə qənaət mövcuddur ki, Türkiyə və Macarıstan İsveçin NATO-ya üzvlük məsələsində razılaşdırılmış ortaq mövqedən çıxış edirlər. Və əgər, Türkiyə İsveçə NATO “qapıları”nı açmağa qərar veribsə, Macarıstan buna əngəl olmayacaq.

Ancaq bəzi ehtimallara görə, rəsmi Stokholmun İsveçin NATO üzvlüyünə tam inamı indiki situasiyada bir qədər şişirdilmiş xarakter də daşımış ola bilər. Çünki Türkiyə parlamentinin ratifikasiya qərarının hüquqi qüvvə qazanması üçün həmin sənədin məhz prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanması lazımdır. Türkiyə prezidentinin imzası üçün isə müəyyən şərtlərin ödənməsi vacibdir. Və bu baxımdan, rəsmi Ankaranın İsveçin NATO üzvlüyünü artıq ən son mərhələyə keçirtməklə, müəyyən mənada, riskli addım atdığını da düşünmək olar.

Bu məsələdə ən önəmli məqam ondan ibarətdir ki, ABŞ İsveçin NATO-ya üzvlük müraciətinin ən qısa zamanda ratifikasiyasının qarşılığında Türkiyəyə “F-16” döyüş təyyarələrinin modifikasiya olunmuş yeni modellərini satmağı vəd edib. Türkiyə parlamenti İsveçi NATO üzvlüyünə maksimum səviyyədə yaxınlaşdırsa da, ABŞ rəsmi Ankaraya “F-16” döyüş təyyarələri ilə bağlı vədlərini hələ də yerinə yetirməyib. Və prezident Rəcəb Tayyib Ərdoğanın ratifikasiya sənədini nə vaxt imzalayacağı da böyük ölçüdə Ağ Evin öz öhdəlikləri ilə bağlı davranışlarından asılı ola bilər.

Maraqlıdır ki, rəsmi Ankaranın Ağ Evə ABŞ-ın öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə, Türkiyə prezidentinin imza məsələsini təxirə sala biləcəyi barədə mesaj göndərdiyi də bildirilir. Yəni, Ağ Ev Türkiyəyə “F-16” döyüş təyyarələrinin satışına icazə alınması prosesini mümkün qədər sürətləndirməli olacaq. Halbuki, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsinin rəhbəri Ben Kardin artıq bəyan edib ki, Konqres bu məsələ ilə bağlı qərarın verilməsi üçün İsveçin NATO üzvlüyü prosesinin tam və müsbət yekunlaşmasını gözləyir. Və bu, o deməkdir ki, ABŞ Konqresində Türkiyə əleyhinə olan bəzi qruplar rəsmi Ankaranın “F-16” döyüş təyyarələrini aldıqdan sonra belə, İsveçin NATO üzvlüyü ilə bağlı prosesi digər ziddiyyətli problemləri səbəb göstərməklə, uzada biləcəyini istisna etmirlər.

Məsələ ondadır ki, rəsmi Ankara və Ağ Ev arasındakı kəskin ziddiyətləri doğuran problemlərin sırasında ABŞ-ın Suriya və İraqda Türkiyə əleyhinə fəaliyyət göstərən terrorçu qruplaşmaları, xüsusilə də, PKK/YPG-ni himayə etməsi önəmli yer tutur. Türkiyənin bütün sərt etirazlarına baxmayaraq, Ağ Ev terrorçu PKK/YPG-ni ABŞ-ın bölgədə əsas tərəfdaşı hesab edir. Halbuki, ABŞ-ın bu mövqeyi NATO üzrə müttəfiqlik öhdəlikləri ilə kəskin ziddiyyət təşkil edir. Və bu baxımdan, rəsmi Ankaranın PKK/YPG-ni himayə edən ABŞ-ı müttəfiqlik prinsiplərini kobud şəkildə pozmaqda suçlaması tamamilə başadüşüləndir.

Ancaq bütün bunlara baxmayaraq, ABŞ siyasi dairələrinin rəsmi Ankaraya münasibətdə sürəkli olaraq, müxtəlif bəhanələr icad etməsi tamamilə yersizdir. Çünki bu ilin yaz aylarında NATO-nun “soyuq müharibə” dövründən sonra ilk genişmiqyaslı hərbi təlimlərinin keçirilməsi nəzərdə tutulub. Hərbi təlimlərin əhatə edəcəyi ərazilərə İsveç də daxil edildiyindən rəsmi Ankara bu ölkənin NATO üzvlüyü ilə bağlı tam vaxtında addım atmaq qərarına gəlib.

Bu baxımdan, əslində, rəsmi Ankaranın ratifikasiya qərarının özü Türkiyənin maraqları nəzərə alındıqda, daha riskli mövqe təsiri bağışlayır. Çünki adətən, öz öhdəliklərini yerinə yetirməyi unutmaq vərdişləri olan ABŞ-ın prezident Rəcəb Tayyib Ərdoğanın İsveçlə bağlı parlament qərarını imzalamasından sonra Türkiyəyə “F-16” döyüş təyyarələrini satmamaq üçün yeni bəhanələr icad edə biləcəyi də qətiyyən istisna deyil. Və ona görə də, hazırda Türkiyənin ABŞ-a etimad göstərməməsi üçün daha tuturlı səbəbləri mövcuddur.

Belə anlaşılır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyü prosesində olduqca ciddi qərarlar vermək üzrədir. Üstəlik, Türkiyə prezidentinin verəcəyi qərarlar həm də böyük risk xarakteri də daşıyır. Çünki rəsmi Ankara ilə anlaşmalara qətiyyən sadiq olmayan ABŞ Türkiyəyə verdiyi vədlərlə bağlı yenidən hiyləgər oyunlara və məkrli planlara başlaya bilər. Və bu halda, Türkiyə-ABŞ münasibətlərində çatların dərinləşə biləcəyi də qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)

Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının tərkibi təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Müşahidə Şurasının sədri

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Müşahidə Şurasının üzvləri:

Əliyev Vüqar Zifər oğlu

Mehrəliyeva Şəfəq Akif qızı

Mikayılova Sevil Əlirazı qızı

Şıxlinskiy Elçin İsmayıl oğlu.

Fevralın 7-nə təyin olunan növbədənkənar prezident seçkilərində həssas təbəqədən olan seçicilərin iştirakı üçün pandusların quraşdılmasına başlanılıb.

“Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə işlər görülür: "Həssas təbəqədən olan insanların seçki hüquqlarının təmin olunması üçün əlimizdən gələni edirik".

Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri yeni Konstitusiyanın qəbulu ilə bağlı tələb-təlimatı Azərbaycandan almadıqlarını inkar etsələr də ölkənin “Hraparak” qəzeti bunun əksini iddia edir.

“Yeni Sabah” xəbər verir ki, qəzetin iddiasına görə diplomatik mənbələr bildirib ki, Azərbaycan sülh müqaviləsi layihəsində həmin tələbi yazılı şəkildə qeyd edib. Tələb isə ondan ibarətdir ki, Ermənistan qanunvericiliyi yeni Konstitusiyaya uyğunlaşdırılmalı, müqavilə bağlayan tərəflərin bir-birinə qarşı ərazi iddiaları olmamalıdır.

Erməni nəşri yazır ki, yeni Konstitusiya ümumxalq səsverməsi yolu ilə qəbul ediləcək:

“Referendumda iştirak edənlərin yarıdan çoxu, lakin referendumda iştirak etmək hüququ olan vətəndaşların dörddə birindən az olmayaraq yeni Konstitusiyanın lehinə səsvermədə iştirak etməlidir. Bu isə təxminən Nikol Paşinyan və komandasının parlament seçkilərində qazandığı səsə bərabərdir. Çünki hakim fraksiya 2021-ci il seçkilərində 688 min səs toplayıb”.

Qəzet onu da əlavə edib ki, hesablamalara görə ən azı 647 min insan yeni Konstitusiyanın lehinə səs verməlidir:

“Məsələnin həlli Ermənistan hakimiyyətinin müzakirə etdiyi seçici siyahılarının “təmizlənməsi” ola bilər. Qeyd edək ki, yeni Konstitusiyanın olmasında məqsəd əsas qanunun preambulasından İstiqlal Bəyannaməsinə istinadın silinməsidir.

Ermənistanın mövcud Konstitusiyasına gəldikdə isə onun preambulasında Ermənistan Respublikasının Müstəqillik Bəyannaməsinə istinad edilir. Bu da öz növbəsində Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli birgə qərarına gətirib çıxarır. Həmin qərar isə Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqındadır.

Həmçinin bəyannamədə bildirilir ki, Ermənistan Respublikası Osmanlı Türkiyəsi və “Qərbi Ermənistan”da 1915-ci ildə “Erməni Soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını dəstəkləyir.

Erməni analitiklərin fikrincə, Baş nazir Paşinyanın ərazi iddiaları ilə dolu olan köhnə Konstitusiyanı dəyişdirməsi erməni ictimai mühitində etirazlara səbəb ola bilər. Lakin Azərbaycanın bu məsələ ilə bağlı israrlı tələbi İrəvana sözügedən addımı atmaqdan başqa çıxış yolu qoymur.

Seçki prosesində xəstələrin və qocaların səs vermələrini təmin etmək üçün mobil səsvermə qutuları təşkil olunacaq.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, əlilliyi olan seçicilərin rahat şəkildə seçki prosesində iştirak etmələri üçün seçki məntəqələrində pandusların quraşdırılmasına da başlanılıb.

Prezident İlham Əliyev tərəfindən 30 dekabr 2023-cü ildə imzalanmış və 19 yanvar 2024-cü ildə qüvvəyə minmiş qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 281-1 və 284-2-ci maddələr əlavə edilib.

Cinayət Məcəlləsinin 281-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributların və ya simvolların nümayiş etdirilməsi, yayılması, nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya gəzdirilməsinə görə cinayət məsuliyyəti müəyyən edildi. Bu əməllərə görə beş ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Həmin əməllərin xarici təşkilatlar və onların nümayəndələrinin tapşırığı ilə törədilməsi isə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Cinayət Məcəlləsinin yeni 284-2-ci maddəsi isə müharibə vaxtı və ya döyüş şəraitində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların yayılmasına görə cinayət məsuliyyəti nəzərdə tutur. Bu əməlləri törədənlər üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, ağır nəticələrə səbəb olduqda isə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası ilə üzləşəcək.

Məzmunundan göründüyü kimi, qeyd olunan əməllər dövrümüzdə ictimai təhlükəliliyinin yüksəkliyi, doğurduğu nəticələrin ağırlığı ilə əlaqədar kriminallaşdırılmışdır.

Qeyd olunan cinayətlərin ibtidai istintaqının aparılması Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə həvalə olunub.

Daxili işlər naziri Vilayət Eyvazov paytaxtda avtomobillərin sıxlığı və yaranan tıxaclarla bağlı göstərişlər verib.

Yol-xeber.az xəbər verir ki, bu barədə nazir Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Paytaxtda nəqliyyat sıxlığının mövcudluğuna və tıxacların yaranmasına da diqqət çəkən nazir aidiyyəti qurumlarla birgə bu cür halların, o cümlədən nəqliyyat vasitələrinin və piyadaların sərbəst, rahat, təhlükəsiz hərəkətinə maneə yaradan qanunsuz parklanmaların, dayanma və ya durmaların qarşısının alınmasını tələb edib.

Qərb diplomatları İrəvandan Bakıya niyə keçmir - AKTUALÖtən həftəsonu Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda oldu. Lakin Aİ təmsilçisi Bakıya gəlmədi. Diplomatın ofisindən verilən məlumata görə, səbəb hazırda Azərbaycanda seçki kampaniyasının getməsidir.

Elə T.Klaar özü də səfəri ilə bağlı “X”dəki mikrobloqundakı qeydlərində məmnunluq nümayiş etdirib. “Ermənistana yaxşı görüşlərlə dolu iki günlük səfər başa çatdı. Mən Avropa İttifaqının (Aİ) hərtərəfli sülh prosesinə davamlı dəstəyini vurğuladım”, - yazan Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Azərbaycan və Ermənistan arasındakı ikitərəfli danışıqları da təqdir edib. “Biz İrəvan və Bakı arasında ikitərəfli əsaslı təmaslardan ruhlanırıq, həmçinin seçkilərdən sonra Azərbaycandan olan həmsöhbətlərimizlə əlaqələrin tam bərpasını gözləyirik”, - deyə avropalı diplomat qeyd edib. Məlumata görə, Klaar İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan və baş nazirin müavini Mher Qriqoryanla görüşlər keçirib. Sonuncu ilə o, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasının prinsipləri və hüquqi əsaslarını müzakirə edib.

Erməni mediası yazıb ki, bir neçə saat əvvəl İrəvana iki günlük səfərə gələn Klaarın Bakıya getməyəcəyi məlum olub. “Bildiyiniz kimi, hazırda Azərbaycanda seçkiqabağı təşviqat dövrü var və bu səbəbdən Bakıya səfər nəzərdə tutulmur. Lakin Aİ-nin xüsusi nümayəndəsi Azərbaycan rəhbərliyi ilə də sıx və mütəmadi olaraq əlaqə saxlayır”, - Klaarın ofisi “Azatutyun”a bildirib.

Yada salaq ki, regiona öncəki səfərləri zamanı Klaar bir qayda olaraq Bakıya da baş çəkib. O zaman sual yaranır: Azərbaycanda seçki kampaniyasının getdiyini öncədən bilə-bilə bölgəyə niyə gəlib? Belə birtərəfli səfərlərin nə əhəmiyyəti var? Qeyd edək ki, diplomat İrəvanda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşüb. Hazırda onun missiyasına Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh danışıqları prosesinin təşkili məsələləri daxildir.

Toivo Klaarın ardınca keçən həftə NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Kolomina da İrəvanda olub. Yanvarın 19-da o, baş nazir Nikol Paşinyanla görüşdə Ermənistan və NATO arasında əməkdaşlıq, regionda sülh və təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə edib. Ancaq Kolominanın proqramına da Bakıya səfər daxil edilməyib. Olmaya səbəb yenə Azərbaycandakı seçki kampaniyasıdır? Onlardan az öncə isə ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə xüsusi nümayəndəsi Lui Bono İrəvana səfər etmişdi. Rəsmi İrəvan bildirib ki, ATƏT-in keçmiş Minsk Qrupunun amerikalı həmsədrinin əsas məqsədi sülh müqaviləsinin yekunlaşdırılması və imzalanmasına kömək etmək məqsədilə Vaşinqtonda üçtərəfli görüş təşkil etmək olub. Lakin Bono da İrəvan səfərindən sonra Bakıya gəlməyib və bunun səbəbi bilinmir. Bununla belə, erməni mediası fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisinin keçiriləcəyini xatırladıb.

Göründüyü kimi, sıralamalar təəccüblü vəziyyət yaradır. Cənubi Qafqaz təkcə Ermənistandan ibarət deyil və Ermənistan bölgənin sondan birinci statusuna sahibdir. Bu mənada əcnəbilərin bölgəyə səfərlərini İrəvanda başa vurmaları suallar doğurur. Bəllidir ki, amerikalı diplomatın ziyarətində əsas məqsəd Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün təşkili, sülh müqaviləsinin hazırlanması və imzalanması üzrə danışıqların aparılması olub. Lakin Bono da İrəvandan sonra Bakıya ayaq basmadı - hərgah, məntiqə danışıqlarını təşkili üçün o, Azərbaycan tərəfi ilə də müzakirələr aparmalı idi. Bu da diqqətçəkicidir ki, rəsmi qaynaqlar amerikalı diplomatın Bakıya gəlməməsinin səbəbini açıqlamadı. Nə baş verir? Qərb (ABŞ, Avropa Birliyi, NATO) diplomatlarının İrəvandan Bakıya keçə bilməməsinin əsas səbəbi gerçəkdənmi Azərbaycandakı 7 fevral seçkisidir, yoxsa rəsmi Bakı, sadəcə, danışıqların Qərb (ABŞ + Avropa) platformasında davam etməsini istəmir - sonuncunun axır vaxtlar artan qərəzli və ermənipərəst mövqeyi üzündən?

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında ortada məkrli hiylənin olduğuna şübhə etmədiyini aşağıdakı fikirlərlə bildirdi: “Guya vasitəçlik niyyəti ilə regiona gələn Qərb diplomatlarının səfərlərinin ancaq Ermənistanla məhdudlaşmasının səbəbi elə özləri, daha dəqiqi, onları göndərənlərdir. Ona görə yox ki, həmin diplomatlara, sadəcə, Ermənistana getmək tapşırığı verilib. Xeyr, Qərbdə vasitəçi rolunda çıxış edənlər kazimirovcasına davranırlar və son zamanlar bunu gizlətmək belə istəmədiklərindən bir növ Azərbaycana yollarını bağlayıblar. Yəni hazırda Azərbaycanda yüksək səviyyədə demirəm, orta səviyyədə də onlara vaxt ayıracaq kimsə yoxdur. Ancaq məsələ burasındadır ki, indi nə ötən əsrin 90-cı illəridir, nə də Azərbaycan o Azərbaycandır. Ona görə də Qərbdəki bəlli çevrələrin yeni status-kvonun qorunub saxlanmasına xidmət edən davranışlarından ən çox əziyyət çəkən guya dəstəklədikləri Ermənistandır. Onların üzərində dayandıqları "süh anlaşması" adlansa da, əslində Azərbaycanla Emənistan arasında qarşıdurmanın gələcəkdə də qalmasını ön görən plana gəldikdə onunla biz heç zaman razılaşmayacağıq". Deputat qeyd etdi ki, Azərbaycan regionda revanşizmə və “Böyük Ermənistan” xülyasına birdəfəlik son qoyacaq hər iki xalqın maraqlarına cavab verən davamlı, dayanıqlı sülhün tərəfdarıdır: “Ona görə də bütün gücü ilə danışıqların vasitəçisiz və ikitərəfli formatda aparılmasına çalışır. Eyni zmanada bunun üçün nə gərəkirsə, bir sıra hallarda böyük risklərə də getməklə onu da edib. Bir daha vurğulayıram, Azərbaycanın üzərində durduğu məhz ikitərəfli danışıqlar formatı şərçivsində əldə edilcək dayanıqlı sülhdür. Və yenə qeyd edirəm ki, bu, əgər subyekt olmaq istəyirsə, Azərbaycan kimi Ermənistanın da maraqlarına cavab veirir. Ancaq təəssüf ki, qarşı tərəf ya bunun fərində deyil, ya da ”böyük qardaşsız", yaxud da “böyük bacısız” gələcəklərini görmürlər. “Böyük bacı” demişkən, baxıram, Fransa prezidenti Makronun üç gün öncə ölkəsinin silahlı qüvvələrinin təmsilçiləri qarşısındakı nitqində Ermənistanı qoruyacaqları haqda dedikləri sosial şəbəkənin hay seqmentində aşırı nikbinlik yaradıb. Ancaq onlar düşünmürlər ki, Fransa qanunlarına görə, ordu həmin ölkənin özünün və dənizaşırı torpaqları qorumaq üçündür. Ermənistanla Fransa arasında, məsələn, Azərbaycanla Türkiyəninki kimi hərbi müttəfiqlik anlaşması olmadığından - bəlli səbəbdən indiki halda bu mümkünsüzdür - Makronun bu çıxışı ölkəsində daha çox daşnak tör-töküntülərinin cəmləşdiyi hay diasporunun və islamafobların rəğbətini qazanmaqdan başqa heç bir anlam daşımır. Bəli, yəqin Yelisey Sarayında Ermənistanı da dənizaşırı torpaqları arasında görmək istəyənlər və qarşı tərəfdə bunu özləri üçün gözəl perspektiv kimi qiymətləndirənlər var. Amma orası da unudulmamalıdr ki, hazırda kim Ermənistanda hərbi baza saxlayır, kim onun sərhədlərini özü üçün “qırmızı xətt” sayır, belədə həmin o hərbi baza saxlayanın forpostunu dənizaşırı torpaq gözündə görmək, sadəcə, xülya təsiri bağışlayır və belə bir planın baş tutmaması üçün Azərbacanla Türkiyənin hər hansı tədbir görmələrinə heç bir ehtiyac qalmır".

Hüquq müdafiəçisi Sahib Məmmədov da hesab edir ki, Avropa İttifaqının Cənubi Qafqaz regionu üzrə xüsusi nümayəndəsi Toivo Klaarın, eləcə də NATO nümayəndəsinin Ermənistana səfər edib Azərbaycana növbədənkənar prezident seçkisinin keçiriləcəyinı səbəb kimi göstərməsi həqiqəti əks etdirmir: “Bu, yalnız bəhanədir. Onlar, sadəcə, ABŞ rəsmilərini təkrarlayırlar. Bundan əvvəl Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun İrəvan səfəri də qeyri-rəsmi olaraq seçkilərin keçirilməsi ilə "əsaslandırılıb". Səbəb isə başqadır. Qərb, sadəcə, fürsətdən istifadə edib Ermənistanla intensiv danışıqlar aparır. Məqsəd də Azərbaycanla münaqişənin davam etməsində marağın olmasıdır. Qərb ümid edir ki, Ermənistanı Rusiyadan tam olmasa da, qismən qoparacaq, amma “ipə-sapa yatmayan” Azərbaycanla bunu edə bilməyəcək. Nəticədə Cənubi Qafqazı tam təsir altına ala bilməyəcək. Bu halda yeganə yol Ermənistanı Azərbaycana qarşı qaldırmaq, yenidən münaqişəni alovlandırmaq ola bilər. Onsuz da Ermənistan bir tərəfdə sülhdən danışır, o biri tərəfdə-konkret olaraq beynəlxalq hüquq müstəvisində və qlobal informasiya məkanında havadarları ilə birgə bizə qarşı cəbhəni genişlədirir". S.Məmmədov qeyd etdi ki, hazırda Qərb ölkələrinə rəhbərlik edənlərin, bu ölkələrin xarici siyasət idarələrinin, parlamentlərinin əsas diqqət yetirdikləri regionlardan biri də Cənub Qafqazdır: “Fransa Senatının son qətnaməsi, Avropa İttifaqı Parlamentinin növbəti anti-Azərbaycan gedişi və digər məsələlər Azərbaycana təzyiqləri artırmaq, əksinə, Ermənistanın yanında olduqlarını nümayiş etdirməkdir. Fikir versəniz daxildə olan bəzi siyasətçi adlandırlan şəxslərin də mövqeyi Qərb dairələrinin təmsilçilərinin mövqelərinin təkrarlanmasıdır. Guya Azərbaycan Qərb dövlətlərini inkar edir, amma Rusiya ilə münasibətləri daha da yaxınlaşdırır. Əslində isə Azərbaycanın xarici siyasətində dəyişiklik yoxdur”. Ekspertin sözlərinə görə, Rusiya XİN rəhbəri Lavrovun son açıqlamaları da onu göstərir ki, Rusiya Qərbin bu gedişlərindən bəhrələnmək istəyir: “Digər tərəfdən, Ermənistanın qərbyönümlü addımlarından narazıdırlar və bunu gizlətmirlər. Görünən həm də budur ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı Paşinyanın açıqlamaları Rusiyada, yumşaq desək, o qədər də xoş qarşılanmayıb. Bir sözlə, bizim ərazi bütövlüyümüzü tam təmin etməyimiz kimlərisə pis vəziyyətə salıb. Ona görə bu tipli və digər üstüörtülü demarşlara da hazır olmalıyıq”.

Yazı çapa hazırlanarkən məlumat yayıldı ki, yanvarın 22-də Brüsseldə 27 üzv ölkənin xarici işlər nazirlərinin iştirakı ilə Avropa İttifaqının Xarici İşlər Şurasının iclası keçiriləcək. İclasa Aİ-nin ali nümayəndəsi Cozep Borrel sədrlik edəcək.

Brüsseldən verilən açıqlamada Şuranın Ukrayna və Yaxın Şərqi müzakirə edəcəyi bildirilib. ""Cari məsələlər" mövzusu çərçivəsində biz Ermənistan və Azərbaycandan danışacağıq" - açıqlamanın sonunda vurğulanır. Bakıya gəlməyə həvəsli olmayanlar nələr danışacaqlar və ya artıq danışıblar, maraqlıdır...

Xəbər lenti