“Bəzi Avropa ölkələri tərəfdən kolonializm siyasəti davam etdirilir. Onlar, eyni zamanda, hərbi gücdən istifadə edirlər”.

Bunu oktyabrın 20-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq biz öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirilən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - deyə Hikmət Hacıyev vurğulayıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupa, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.

Azərbaycanın bu ərazisi İrana verilib, əvəzində Füruzə vadisi alınıb - Şok faktlar

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirdi. Necə düşünürsünüz, qarşıdakı iki ayda sülh üçün bütün proseslərin yekunlaşacağı nə dərəcədə real görünür?

- Sülhlə bağlı Azərbaycan və erməni tərəfindən də işçi qrupu yaradılıb. Bir neçə dəfə də bu istiqamətdə görüş olub. Demək olar ki, sülhlə bağlı çərçivə sazişinin imzalanması mümkündür. Azərbaycan sülhlə bağlı özünün 5 bəndlik təklifini irəli sürüb. Ermənistan da burada təkliflərinin olduğunu deyir. Sözsüz ki, bunlar beynəlxalq prinsiplərə uyğun olmalıdır. Azərbaycan tərəfi buna uyğun olaraq öz konsepsiyasını hazırlayıb. Ona görə də, burada vaxt itirməyə ehtiyac yoxdur. Azərbaycan bu addımı atmaq üçün hazırdır.

- Çərçivə sülh sazişinin imzalanması qaydaları nədən ibarətdir?

- Tərəflər burada işçi qrupları arasında məsələləri razılaşdırdıqdan sonra şərtlər səhifə-səhifə imzalanır, yəni paraflanır. Daha sonra isə hər iki tərəfə bu təqdim edilir. Burada şərtlər Azərbaycan və erməni dilində hazırlanacaq. Uyğunlaşmalar aparıldıqdan sonra eyniləşmələrə baxılacaq. Məhz bu məsələlər həll edildikdən sonra dövlət rəhbərlərinin imzalanmasına təqdim ediləcək.

- Sülhlə bağlı müzakirələrdə daha çox keçmiş sovet dövrünə aid müxtəlif xəritələrə istinad edilir. Erməni tərəfi 1975-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşməsini təklif edir. Belə olan halda Azərbaycan hansı dövrün xəritələrini daha məqbul hesab edə bilər?

- Burada bir çox faktlara istinad etmək lazımdır. 1925-ci ildə belə Azərbaycanla Ermənistan arasında heç bir sərhəd dəqiqləşməsi aparılmayıb. Ona görə də, Paşinyanın danışdıqları yalandır. 1924-cü ildə federasiya yarandıqda belə 1920-ci ilin xəritələri əsas götürülüb. Belə olan halda Azərbaycan 1920-ci il xəritələrini əsas kimi qəbul edə bilər. Çünki 1929-cu ildə Azərbaycanın Naxçıvan bölgəsindən 9 kənd, Cəbrayıldan, Cülfadan və Şahbuzdan xeyli ərazi Ermənistana birləşdirilib. Ona görə də, 1920-ci il xəritələri əsasında sərhədlərin dəqiqləşdirilməsi Azərbaycan üçün daha əlverişli olacaq. 1975-ci ildə də həmçinin iki dövlət arasında heç bir sərhəd dəqiqləşdirilməsi aparılmayıb. 1975-ci ildə SSRİ daxilində Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsinin aparılması mümkün deyildi. 1954-cü ildə isə keçmiş SSRİ qeyri-qanuni olaraq Azərbaycanın Yardımlı rayonu ərazisindəki torpaqlarının bir qismini İrana verib. Bunun əvəzində SSRİ İrandan indiki Tükmənistan ərazisi olan Aşqabadın yaxınlığındakı Füruzə vadisini alıb. O vaxt SSRİ birinci katibinin (keçmiş SSRİ Nazirlər Şurasının sədri Georgi Malenkov 6 mart 1953 – 8 mart 1955) istirahət yeri yox idi. Füruzə dağlıq ərazi olduğuna görə birinci katibin istirahət yeri üçün Yardımlı rayonunun ərazisi İranla dəyişdirilib. O vaxt süzsüz ki, Azərbaycandan heç bir razılıq alınmamışdı. Faktiki olaraq Azərbaycan ərazisi İrana verilib Türkmənistandan torpaq alınıb. Ona görə də, SSRİ yarandıqdan sonra Azərbaycan-Ermənistan sərhəddində hər hansı bir dəqiqləşdirilmə aparılmayıb. 1984-cü ildə isə Azərbaycanın Qazax rayonu istiqamətindən meşə zonası Ermənistana verilib. Bu da Şamil Rəsizadənin imzası ilə edilib.

- Bişkekdə Rusiya prezidenti sülh imzalandıqdan sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsinin texniki məsələ kimi həll edilə biləcəyini deyib. Belə çıxır ki, sülh razılaşmasından sonra sərhədlərin konkretləşdirilməsi prosesi uzun müddət davam edəcək?

- Burada tək sərhədlərin dəqiqləşməsi deyil, anklavlarla bağlı da məsələlər həllini tapmalıdır. Hazırda Qazağın 7-i, Naxçıvanın 1 kəndi Ermənistanın işğalındadır. Erməni tərəfi isə Başkəndlə bağlı iddia irəli sürür. Əslində bu kənd Gədəbəyin tarixi ərazisidir və sovet dövründə bu torpaqlar da Ermənistana peşkək edilib. Bu torpaqlar heç bir əsas olmadan Ermənistana verilib. Fakt odur ki, Ermənistanın ərazisi 9 min kv km-dir. Qalan torpaqları yəni, 20 min kv km-lik ərazi 1920-ci ildən sonra Azərbaycandan qopardılıb Ermənistana verilən torpaqlardır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqda ərazisi 114 min kv km-r olub. Belə olan Azərbaycanla ərazi mübahisəsi aparmaq Ermənistan üçün sərfəli deyil. Əgər erməni tərəfi nədəsə inad edirsə, Azərbaycanla Ermənistan dövləti yarandıqda mövcud olan ərazi və xəritələr gündəmə gəlməlidir.

“Fransa həm də dünyada ən çox mina istifadə etmiş ölkələrdən biridir. Təkcə Əlcəzair ərazisində beş milyondan artıq mina basdırılıb. Nəticədə Azərbaycan kimi, Əlcəzair də dünyada mina partlayışından ən çox əziyyət çəkən ölkələr sırasında ön yerlərdən birini tutur”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.
“Bu siyahıda Fransadan sonra onun yaxın müttəfiqi Ermənistan gəlir. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minalar nəticəsində təkcə son üç ildə 340-a yaxın azərbaycanlı mina qurbanı olub. Onların arasında mülki şəxslər də var. Bu iki ölkəni bir-birinə belə sıx bağlayan səbəblərdən biri də hər iksinin mina terroru ilə məşğul olmaq təcrübəsidir”, - deyə müraciətdə vurğulanıb.

“Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib”.

Bu fikirlər Prezident İlham Əliyevin Bakıda keçirilən “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.
Müraciətdə bildirilib ki, Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean, Latın Amerikasında onlarla ölkəni işğal edən, sərvətlərini talan edən, xalqlarını uzun illər əsarətdə saxlayan Fransa həmin ərazilərdə hərbi və bəşəriyyət əleyhinə çoxsaylı cinayətlər törədib. Fransız silahlı qüvvələri etnik və dini mənsubiyyətinə görə yüzminlərlə dinc sakini soyqırımına məruz qoyub.

23-25 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimi ərəfəsində hər iki qardaş ölkənin komando bölmələri ilə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər məşq etdirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, komandolar gecə məhdudgörmə şəraitində taktiki yerdəyişmə icra edərək basqınla şərti düşmənin diversiya qrupunu yerləşmə məntəqəsində zərərsizləşdiriblər.

Təlimin əsas məqsədi hərbi qulluqçuların məhdudgörmə şəraitində taktiki vərdişlərinin təkmilləşdirilməsi və komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Məşqlər zamanı yüksək peşəkarlıq nümayiş etdirən komandolar bütün tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

İlham Əliyev ABŞ Dövlət Departamentinin nümayəndəsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Görüşdə regionda sülhün və sabitliyin təmin edilməsi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyi, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi və tezliklə imzalanması ilə bağlı niyyətini bir daha ifadə etdi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 20-də ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunda dövlət katibi köməkçisinin müavini Coşua Hakı qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Ölkəmizdə keçiriləcək Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir.

Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) təlimə cəlb olunan bölmələri daimi dislokasiya məntəqələrini tərk edərək ərazidə yerdəyişmə etməklə texnikanın döyüş tətbiqinə hazırlanması üzrə normativləri icra ediblər.

İki qardaş ölkənin hərbi qulluqçularının, döyüş texnikası və aviasiya vasitələrinin cəlb edilməsi ilə 23-25 oktyabr tarixlərində keçiriləcək birgə təlimdə əsas məqsəd qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının daha da artırılmasıdır.

"Beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır".

Bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, hazırda dünyanın müxtəlif bölgələrində müstəmləkəçilik problemi ilə üzləşmiş dövlətlər hələ də mübarizə aparmaqda davam edirlər: "Təəssüf doğuran odur ki, beynəlxalq təşkilatlar insan hüquqlarının pozulması hallarına biganə qalır. Bu cür ikili standartlarla üzləşən ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın 30 ilə yaxın dövr ərzində işğal altında saxlanmış ərazilərində aşkar edilmiş məzarlıqlar, tarixi, dini, mədəni abidələrin dağıdılması bunu bir daha sübut edir. Bundan başqa, itkin düşmüş 4 000 soydaşımızın taleyi qaranlıq qalmaqdadır. Ermənistan torpaqlarımızı yalnız işğal altında saxlamaqla kifayətlənməyib, həmin əraziləri həm də minalayıb. Bu baxımdan mina xəritələrinin verilməməsi, bərpa işlərini ləngidir, insanların yurdlarına qayıdışına mane olur".

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.

BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.

Paytaxtda Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun konfransı keçirilir

Bu gün paytaxtda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçirilir.

Konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsikanın təmsilçiləri də iştirak edirlər.

Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupu iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində yaradılıb.

Bakı Təşəbbüs Qrupu Qoşulmama Hərəkatının müstəmləkəçilik və yeni-müstəmləkəçilik təcrübələrinə qarşı mübarizədə prinsipial mövqeyinin əsaslılığını və aktuallığını təsdiqləyib, Fransanın xaricdəki müstəmləkələrində ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq barədə razılığa gəliblər.

“Xankəndidə Azərbaycan bayrağının sancılmasının elə bir böyük tarixi əhəmiyyəti var ki, onu insan sözlə ifadə etməkdə çox çətinlik çəkir. İlk olaraq onu qeyd edim ki, Xankəndidə ucalan Azərbaycan bayrağı dünya düzəninə təsir edən bir hadisədir”.

Bunu açıqlamasında Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib.

Vitse-spikerin sözlərinə görə, Dağlıq Qarabağ məsələsi yüz il idi ki, Azərbaycanın başı üzərində asılmış domokl qılıncı idi.

“Dağlı Qarabağ nəinki sovetlər dönəmində və ya ondan sonrakı dövrdə, hətta 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda da böyük rol oynadı. Bir sözlə, Dağlıq Qarabağ bu ötən yüz ildə Azərbaycan üçün bir faciə mənbəyi oldu. 1920-ci ilin mart-aprel aylarında ermənilər Qarabağda Azərbaycana qarşı üsyan qaldırdılar və o zaman Cümhuriyyətin 40 mindən bir az artıq ordusunun 33 mini Qarabağa göndərildi. Yerdə qalan azsaylı qoşun isə Bakıda dövlət idarələrini və dövlətin təhlükəsizliyini qoruyurdu. Dövlətin diqqəti bu istiqamətə yönəldiyi zaman rus qoşunları aprel ayında Azərbaycana daxil oldu. Burada artıq şərhə ehtiyac qalmır. Bu azsaylı ordu ilə nə etmək olardı? Bax, o zaman da ermənilərin Qarabağda üsyan qaldırması, AXC-nin süqutuna gətirib çıxardı”, - deputat qeyd edib.

Vitse-spiker əlavə edib ki, 70 illik sovet hakimiyyəti dövründə də sakit durmurdular, ancaq Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə onlar heç nə edə bilmədilər: “Heydər Əliyev Moskvada Siyasi Büronun üzvlüyündən uzaqlaşdırıldıqdan sonra ermənilər yenidən fəallaşdılar və Dağlıq Qarabağ məsələsi gündəmə gəldi. O dövrdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyası ilə Aqanbekyan Fransa mediasında çıxış etdi. 1988-ci ildən keçən 35 il müddətində Cənubi Qafqazda marağı olan bütün dünya gücləri bu erməni layihəsindən özü üçün faydalanmağa çalışdı. Avropa, ABŞ, Rusiya, İran erməni layihəsi üzərində Qafqaz siyasətini qurdular. Cənab Prezident Xankəndidə Azərbaycan bayrağını dalğalandırmaqla 35 illik erməni layihəsini yerlə yeksan etdi. Bölgədə marağı olan güclərin əlindən bu kartı alıb atdı. O baxımdan Xankəndidə ucalan bayrağın Azərbaycanın həm keçmişi, həm də gələcəyi baxımdan çox mühüm əhəmiyyəti var.

Birincisi, bayrağın sancılması ilə Azərbaycan yenidən Cənubi Qafqazda geosiyasi yol xəritəsini müəyyən etdi.

İkincisi, rəsmi Bakı “artsax” planını Cənubi Qafqazın geosiyasi gündəliyindən çıxartı. Bu, qalsa-qalsa ancaq ermənilərin sərsəm düşüncəsində qala bilər, vəssalam.

Üçüncüsü, regionda mövqelərini təmin etmək istəyən güclərin əlindən Qarabağ kartı alındı.
Bütün bunların nəticəsidir ki, Fransanın artıq sancısı tutub. Özünü sağa-sola vurur, özünü gah yolun altına, gah da üstünə atır. Vurnuxur, amma heç nə edə bilmir.

ABŞ bundan istifadə edib Rusiyanı bölgədən çıxarıb öz siyasi nüfuzunu təmin etmək istəyir. Bunlara baxmayaraq Xankəndidə Azərbaycan bayrağı dalğalanır”.

Fransanın, bəzi Qərb ölkələrinin, Avropa təşkilatlaırnın son günlərdəki can-fəşanlığına, Azərbaycana qarşı qərəzli mövqe sərgilməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu hərəkətlər erməni lobbisinin xidməti qarşısında bir borc qaytarmağa bənzəyir: “Çünki seçkilər zamanı həmin ölkələrin siyasətçiləri erməni lobbisi qarşısında müəyyən öhdəlikləri var və bu yolla həmin borcu geri qaytarmaq istəyirlər. Vurnuxub nəsə etməyə can atırlar, amma alınmır. Nəticədə də özləri daha pis vəziyyətə düşümüş olurlar.

Ona görə də belə bir mürəkkəb siyasi şəraitdə Prezidentin Xankəndidə bayraq sancması yuxuya bənzəyir. Belə hadisələr nağıllarda olur. Dastanlarda və yaxud filmlərdə olur ki, qəhrəman sonda qalib gəlir. Amma Azərbaycanda bu reallıqdır. Dövlət başçısı, qalib sərkərdə Xankəndidə bayrağı sancmaqla dünyaya mesaj verdi ki, bu yerlər əzəli Azərbaycan torpaqlarıdır və buranın öz sahibləri var. Bundan sonra onlar əbədi olaraq bu torpaqlarda yaşayacaqlar”.

Millət vəkili məsələ ilə bağlı daha vacib bir məqəma toxunaraq bildirdi ki, tarixin dərinliyinə varsaq, o zaman bayrağın sancılması ilə Pyotrun vəsiyyətinin və düşüncələrinin üzərindən xətt çəkildiyini görərik:

“Hələ 1723-cü ilin noyabrında Birinci Pyotr üç erməni katalikosu ilə görüşündən sonra bölgədəki gələcək planlarını reallaşdırmaq üçün ermənilərin Azərbaycanın müxtəlif ərazilərinə - Bakıya, Qarabağa, Dərbənd, Mazandarana və sair ərazilərə ermənilərin köçürülməsi ilə bağlı göstəriş verir. Bu plan ancaq Birinci Pyotrun ölümündən yüz il sonra Gülüstan və Türkmənçay müqaviləsindən sonra icra olundu. Bu məqsədlə İran və Osmanlı ərazilərindən yüz mindən artıq erməni bu ərazilərə köçürüldü. Bununla da ermənilərin bu ərazilərdə yerləşdirilməsinə başlandı.

Prezident Xankəndidə bayrağımızı dalğalandırmaqla Azərbaycan tarixinin qaranlıq və qara ləkələrini silmiş oldu. Bununla da dəfn etməkdə olduğumuz “Böyük Ermənistan” ideologiyasının tabutuna son mismarı vurmuş olduq”.

Zəngəzur dəhlizi ilə bağlı mövqeyini açıqlayan Fəzail İbrahimli deyib ki, siyasətdə zamanlama xüsusi əhəmiyyət kəsb edir: “Odur ki, cənab Prezident nəyi nə vaxt edəcəyini çox gözəl bilir. Zamanı gələndə o məsələ də həllini tapacaq”.

Avropa strukturlarının və ölkələrinin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib sənədlər qəbul etməsinə gəldikdə isə vitse-spiker deyib ki, bu ölkələr Azərbaycanın qələbəsindən şoka düşüb başlarını itiriblər və nə edəcəklərini özləri də bilmir: “Qəbul edilən kağız parçalarının Azərbaycan üçün elə bir əhəmiyyəti yoxdur. Buna eyni zamanda ermənilərin başını aldatmaq, ovundurmaq üçün əllərinə verilən yaxmaca bənzəyir.

Ağlı başında olan, ciddi ölkələr isə Qafqaz siyasətində uğur qazanmaq üçün Azərbaycanla münasibətlərini qurmağa çalışır. Azərbaycan Qarabağ məsələsinə nöqtə qoymaqla bölgədə yeni bir mərhələ başlanğıcına start verdi. Bu mərhələdə də bizi ciddi qələbələr gözlənilir”.

Xəbər lenti