Azərbaycanda polislər arasında koronavirusa yoluxanlar var                          - RƏSMİ
Hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir

“Koronavirusa yoluxanlar arasında polis əməkdaşları var”.

Yol-xeber.az xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib.

E.Zahidov qeyd edib ki, gücləndirilmiş rejimdə çalışan polis əməkdaşlarının koronavirusa yoluxması normaldır:

 

“Çünki onlar gün ərzində xidmət zamanı yüzlərlə insanla ünsiyyətdə olurlar. İlk gündən indiyədək vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, onların maariflənməsi istiqamətində xidmət aparırlar. Maksimum qaydada qorunmalarına, tibbi əlcək, tibbi maskadan istifadə etmələrinə baxmayaraq, polislər də koronavirusdan sığortalanmayıblar”.

E.Zahidovun sözlərinə görə, hazırda koronavirusa yoluxan polis əməkdaşlarının vəziyyəti stabildir:

“Dəqiq say açıqlaya bilmərəm. Amma onların hər birinin səhhəti normaldır, müalicələri davam edir”.

Yaşlarına gəlincə, DİN rəsmisi koronavirusa yoluxan polislərin gənclər olduğunu deyib:

“Şəhərdə xidmətdə olan polislərimizin hamısı gənclərdir. Ona görə yoluxanlar da elə gənc polislərimizdir. Allahdan hər birinə şəfa diləyirik"

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi kursunun və strateji inkişaf konsepsiyasının layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli əsaslandırılmış müdrik dövlət siyasətinin, yüksək siyasi iradəsi və dönməz qətiyyəti nəticəsində uğurla reallaşdırılan sistemli islahatlar ölkəmizin davamlı və dayanıqlı inkişafını təmin etməklə dövlətimizin daha da qüdrətlənməsinə, xalqımızın rifahının ildən ilə yüksəlməsinə səbəb olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, ölkəmizdə hüquq institutlarının möhkəmləndirilməsi, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının etibarlı təmin olunması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi prosesi sistemli olaraq davam etdirilir.

Dövlət başçısı tərəfindən 2019-cu il aprelin 3-də imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanda məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, onların fəaliyyətində şəffaflıq və açıqlıq prinsiplərinin rəhbər tutulması, infrastrukturun təkmilləşdirilməsi və məhkəmə qərarlarının icra mexanizmlərinin müasirləşdirilməsi istiqamətində verilən tövsiyə və tapşırıqlar məhkəmə-hüquq sistemində institusional potensialın gücləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərin davamı olub.

Müasir dövrün çağırışlarına cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması, o cümlədən ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi daşıyan həmin fərmanla müəyyən edilmiş vəzifələrin icrası istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu Ədliyyə Nazirliyi və Ali Məhkəmə ilə birgə sistemli tədbirlər hazırlayaraq həyata keçirib.

Fərmanın 2-ci bəndində cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi istiqamətində dövlət başçısının tapşırıq və tövsiyələrinin icrası ilə əlaqədar Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyi tərəfindən Cinayət, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrinə 400-ə yaxın dəyişikliklər edilməsi haqqında qanun layihələri hazırlanaraq təqdim edilib.

Fərmanla məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üçün tədbirlərin görülməsi Baş Prokurorluğa tövsiyə edilmiş və bu məqsədlə müvafiq komissiya yaradılmaqla bu sahədə vəziyyət ətraflı və dərindən təhlil olunmuş, beynəlxalq standartlar və xarici dövlətlərin təcrübəsi öyrənilib.

Məhkəmələrdə dövlət ittihamının müdafiəsinin daha effektiv həyata keçirilməsi, vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi, əhalinin prokurorluğa müraciət etmək imkanlarının asanlaşdırılması məqsədilə, Baş prokurorun 24 fevral 2020-ci il tarixli əmri ilə apellyasiya instansiyası məhkəmələrinin ərazi yurisdiksiyasına müvafiq olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturu yenidən təşkil edilmiş və idarənin tərkibində Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan regional şöbələri, eləcə də Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi üzrə və İttihamın təşkili və təhlili şöbələri təsis edilib.

Eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunaraq Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsinin nümayəndələrinin də iştirak etdiyi Müsabiqə Komissiyası yaradılmışdır. Müsabiqənin nəticələrinə əsasən idarənin prokuror və böyük prokuroru vəzifələrinə təyinatlar həyata keçirilərək ştat tərkibi 44 faiz yenilənib.

Bununla yanaşı, qeyd edilən sahədə elektron xidmətlərin tətbiqinin genişləndirilməsi və məhkəmələrdə dövlət ittihamının müdafiəsinin səmərəliliyinin daha da artırılması məqsədilə cinayət işlərinə məhkəmələrdə baxılmasının nəticələrinin elektronlaşdırılmasını əhatə edən “Elektron İttiham” proqramı hazırlanaraq istifadəyə verilib.

Həmçinin, dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi təhlil edilməsi və fəaliyyətin keyfiyyətinin artırılması üzrə zəruri tədbirlərin görülməsi davam etdirilərək 3 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sitemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında müəyyən edilmiş tapşırıq və tövsiyələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən müvafiq sahəvi əmrlər imzalanıb.

Ümumilikdə, Fərmanın icrası vətəndaşlarımızın və hüquqi şəxslərin hüquqlarının məhkəmə müdafiəsinin yüksək tələblər səviyyəsində daha etibarlı təmin olunmasına, ədalət mühakiməsinə ictimai etimadın yüksəlməsinə, əhaliyə daha çevik, asan və alternativ xidmətlərin göstərilməsinə, regionlarda hüquq institutlarının inkişafına, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsinə, məhkəmələrə kənar müdaxilələrin qarşısının alınmasına, qeyri-prosessual münasibətlərin, süründürməçiliyin və digər neqativ halların yolverilməzliyinin, məhkəmə qərarlarının ədalətliliyinin və vaxtında icrasının təmin olunmasına, şəffaflığın və işlərə baxılmasının keyfiyyətinin artırılmasına, o cümlədən cinayət təqibi orqanlarında başlanmış cinayət işlərinin istintaqı zamanı cinayət qanunvericiliyinin müddəalarına düzgün istinad edilməklə əmələ obyektiv hüquqi qiymət verilməsi, cinayət işlərinin yüksək peşəkarlıqla istintaq edilməsi, prokurorlar tərəfindən ibtidai araşdırmanın həm prokurorluq, həm də digər istintaq orqanlarında keyfiyyətlə aparılması istiqamətində kəsərli tədbirlərin görülməsinə yönəlmiş məhkəmə təcrübəsinin formalaşdırılmasına və icra olunması mexanizminin təsbit edilməsinə xidmət edib.

Azərbaycan Respublikasının prokurorluq orqanları bundan sonra da öz fəaliyyətini dövlət başçısı tərəfindən göstərilən etimada layiq səviyyədə qurmaqla, qanunun aliliyinin təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi istiqamətində üzərinə düşən vəzifələri daha da məsuliyyətlə yerinə yetirərərək cinayətkarlığa qarşı ciddi və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsini təmin edəcəkdir.

“Karantin rejimindən çıxmağımız mövcud vəziyyətin, epidemioloji situasiyanın həkimlərimiz tərəfindən qiymətləndirilməsindən və yekun rəyindən asılı olacaq”.

Bunu modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

İ.Məmmədov qeyd edib ki, qiymətləndirmə zamanı yalnız ölkədaxili deyil, dünya və qonşu ölkələrdəki vəziyyət də nəzərə alınacaq:

“Bununla belə, bu həftədən başlayaraq, karantin rejimindən hansı mərhələlərlə çıxmaq planı hazırlanır. Plan təsdiq oluna da bilər, olunmaya da bilər. Hər şey mayın 4-dək gedişatdan, xəstəliyin dinamikasından asılı olacaq. Pozitiv tendensiya var, amma vəziyyət bu şəkildə davam edərsə, karantin rejimindən mərhələli çıxışa keçiləcək”.

Hökumət rəsmisi bir daha vətəndaşları karantin rejiminə əməl etməyə çağırıb:

“Plan hər şeyin müsbətə doğru gedəcəyilə bağlı hazırlanır. Yəni hər şey yaxşı olarsa, yoluxma sayındakı dinamika azalmağa doğru davam edərsə, o zaman karantindən mərhələli şəkildə çıxa bilərik. Mərhələli çıxış planı məhz həmin situasiyaya hazır olmaq üçün hazırlanır. Amma hər şey mayın 4-nə kimi vəziyyətin necə dəyişəcəyindən asılı olcaq. Əgər biz karantindən çıxmaq istəyiriksə, qoyulan qadağalara sonuna kimi əməl etməliyik. Əməl etməliyik ki, pozitiv tendensiya davam etsin”.

Prezident İlham Əliyev əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, əhalisi 193 696 nəfər olan 10 şəhər və rayonun 13 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə Azərbaycanın rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə subartezian quyularının qazılması üçün göstərilmiş vəsaitin 1,19 milyon (bir milyon bir yüz doxsan min) Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başladığı sosial aksiya davam edir.

“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.

Aksiya çərçivəsində müraciətlər əsasında ölkə üzrə qeyd olunan kateqoriyadan olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanılır.

Köməyə ehtiyacı olanlar bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. Yardım etmək istəyənlər isə bu linkə daxil olub ianə edə bilər.

Ərzaq məhsullarının ümumi dəyəri 70 manatdır.

Fondun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən 150 Çağrı mərkəzinə daxil olan müraciətlər əsasında sovqatların hazırlanması və onların ünvanlara çatdırılması təmin edilir.

Aksiya çərçivəsində 100 mindən artıq sovqatın paylanılması nəzərdə tutulur.

Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti dəstək verir.

Aksiya karantin rejimi müddətində davam edəcək.

Ərzaq ehtiyacı olan aztəminatlı ailələr müraciətlərini “Regional İnkişaf” İctimai Birliyinin 150 Çağrı mərkəzinə edə bilərlər.

(baku.ws)

Bakı-Sumqayıt yolunun genişləndirilməsi məqsədilə aparılan işlər çərçivəsində “20 Yanvar” metrostansiyasının Azərsu ASC-nin inzibati binasının qarşısındakı çıxışının istiqaməti dəyişdirilir.

Aparılan işlərlə əlaqədar ASC-nin qarşısında quraşdırılan kiçik fontan söküləcək. Sərnişinlər artıq Azərsu ASC-nin qarşısına tərəf çıxacaqlar.

Metronun bağlanan çıxış hissəsi vasitəsilə isə yol genişləndiriləcək. Bu, “Şamaxinka” ərazisindən “20 Yanvar” istiqamətində hərəkət edən avtomobillərin tıxaca düşmədən üzü Respublika Kliniki Xəstəxanasına tərəf rahat hərəkət etməsinə şərait yaradacaq. (axar.az)


Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin müddəti may ayının 4-nə qədər uzadılıb.

Bəs mayın 4-dən sonra nə baş verəcək? Karantin rejimi necə yumşaldılacaq? Tədris necə bərpa olunacaq?

Bu sualları Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat katibi İbrahim Məmmədov cavablandırıb.

İbrahim Məmmədov insanları rəsmi xəbərləri gözləməyə çağırıb. O bildirib ki:

”Mayın dördündən sonrakı dövründə karantindən çıxış dövrü başlayır. Dərslərin başlanması ilə bağlı hal-hazırda qərar yoxdur. Biz dərhal karantindən çıxmırıq, amma mart ayındakı vəziyyətə də qayıtmırıq. Bu məsələlər müzakirə olunur. Götür-qoy edilir. Burada açar mövqe həkimlərə aiddir.

İnsanların sağlamlığı həkimlərin üzərinədir. Onlar hansı yanaşmanı uygun görsələr, operativ qərargahda bu barədə biz qərar qəbul edəcəyik. Mən insanlara demək istəyirəm ki, dezinformasiyalara inanmayın . Karantin rejimi ilə bağlı bütün informasiyaları Nazirlər Kabinetinin rəsmi saytından eşitmədikcə inanmasınlar.

Yalnız rəsmi məlumatlara inansınlar.” /konkret.az/

Abşeron dairəvi dəmir yolundan istifadə edən sərnişinlərin icazə haqqında sənədləri artıq yeni qaydada yoxlanılır.

Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.

Qeyd olunur ki, bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb:

“Azərbaycan Dəmir Yolları” QSC bu günlərdə sərnişinlərin karantin qaydalarına əməl etməsinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Sumqayıt və Abşeron istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşınması dayandırılıb. Lakin karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edir. Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlarda isə sərnişinlərin sənədlərinin yoxlanılması Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qatarda həyata keçirilir. Məlumat üçün deyək ki, bundan əvvəl vətəndaşların sənədləri Bakı Sərnişin Vağzalında onlar qatarı tərk etdikdən sonra yoxlanılırdı. Bu prosesin sərnişinlər arasında sıxlıq yaratması ilə əlaqədar müraciətlər daxil olurdu. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb.

Sərnişinlərimizdən hər birimizdən xüsusi məsuliyyət tələb edən bu günlərdə karantin rejiminin qaydalarına daha ciddi əməl etmələrini xahiş edirik”.

Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiya alacaq
Bu gün Bakının daha yeddi rayonu üzrə sakinlər müavinət, təqaüd və kompensasiya alacaqlar.

Bu, Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonlarının sakinləridir.

Qeyd edək ki, ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanılıb.

Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də, Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

Paytaxtın bu ərazisində işıq olmayacaq
Yasamal rayonu ərazisində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Bu barədə  “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Yasamal rayonu xidməti ərazisində yerləşən 669 saylı transformator məntəqəsində yenidənqurma və cari təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq, rayonun Zahid Xəlilov, Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinin elektrik enerjisi ilə təchizatında bu gün saat 10:30-dan 12:00-dək qısamüddətli fasilə yaranacaq.

Xəbər lenti