Xırdalanda sərnişin avtobusu yeni qazılmış yolda batıb - FOTO
Avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb


Abşeron rayonunda sərnişin avtobusu yeni qazılmış yolda batıb. Yol-xeber.az xəbər verir ki, bu barədə “Report”a rayon sakinləri məlumat verib. Bildirilib ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi ilə hərəkət edən 119 nömrəli xəttin 10-TG-702 qeydiyyat nişanlı sərnişin avtobusu yeni qazılmış çuxurda batıb.

Daha sonra sürücü avtobusda olan sərnişinləri düşürməyə məcbur olub. Sürücü nə qədər çalışsa da, avtobusu batdığı çuxurdan çıxarmaq mümkün olmayıb.

 

Qeyd edək ki, bir müddətdir Xırdalan şəhərinin əksər küçə və prospektlərində qazıntı işləri aparılır.

 
Hava limanlarında 20-dən çox reys təxirə salınıb və ya gecikir
Gecikmələrin səbəbi açıqlanmayıb

Moskvanın hava limanlarında 20-dən çox reys təxirə salınıb və ya gecikir. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, bu barədə informasiya “Yandeks.Cədvəl” portalında yerləşdirilib. Məlumata əsasən, Domodedovo hava limanında 6 reys gecikir və 7 reys ləğv edilib. Vnukova hava limanında 6 reys, Şerementyevoda isə 4 reys gecikmə ilə həyata keçiriləcək. Jukovski hava limanındakı uçuşlarda isə gecikmə və ləğvetmə yoxdur. Gecikmələrin səbəbi açıqlanmayıb.
Yol polisi hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib - Zərurət olmadan...
Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib. İdarənin Mətbuat Xidmətindən Yol-xeber.az-a bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gündən etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir. Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər: "Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar. 

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalı olduğunu nəzərə alaraq, belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur.

Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər. Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan geyimlərə üstünlük verməyi, yolu özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmadan keçməyi tövsiyə edərdik".

Sürücülər bu yolda daha cərimələnməyəcək - ÖZƏL - FOTO - VİDEO
Sürücülərin rahat hərəkəti təmin olunub

Bakı-Şamaxı yolunda hərəkətin təşkilinə dəyişiklik edilib. Yol-xeber.az xəbər verir ki, Bakı-Şamaxı yolunun "At Yalı" deyilən ərazisindəki geriyə dönmə yerində sürücülər sol zolaqdan düzünə hərkət edərkən yol polisləri tərəfindən qanunsuz olaraq saxlanılıb cərimələnirdilər. Bu barədə sürücülər redaksiyamıza dəfələrlə şikayətlərini göndərirdilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Hərəkətin Təşkili Şöbəsi, sürücülərin hüquqlarının pozulmasını nəzərə alaraq hərəkətin təşkilinə dəyişiklik ediblər.
Dəyişiklikdən sonra ən sol zolaq geriyə dönənlər üçün ayrılıb, orta zolaqdan da sola dönməyə icazə verilib. Yol nişanları və nişanlanma xətlərini mükəmməl şəkildə təşkil edərək sürüclərin rahat hərəkətini təmin ediblər.

 

Bakıda avtomobillərin parklanması PULSUZDUR - BNA-dan AÇIQLAMA
Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub

“Əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş bütün parklanma yerləri hansı ki, parklanma üçün müvafiq nişanlar da qoyulub, həmin yerlərdə avtomobilləri park etmək olar və bu da ödənişsizdir”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev sürücülərin parklanma yerləri üçün tələb edilən ödənişlərə etirazına cavab verərkən bildirib. M.Ağayev qeyd edib ki, əvvəllər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan 423 parklanma yeri BNA-ya təhvil verilsə də, hələlik tariflər müəyyənləşməyib: “Küçə parklanma yerlərinin idarə olunması ilə bağlı zəruri komponentlər var. Ən vacib olanı isə tariflər məsələsidir. Tariflərin müəyyənləşdirilməsi üçün Nazirlər Kabinetinə müraciət olunub. Hazırda Nazirlər Kabinetində məsələyə baxılır. Bu yaxınlarda bizə rəsmi cavab veriləcəyi bildirilib”.

 

M.Ağayev qeyd edib ki, tariflər müəyyənləşənədək küçə parklanmasına görə vətəndaşlardan pul yığan şəxslərin, yaxud təşkilatın fəaliyyəti tam qanunsuzdur: “Çünki Bakı da daxil olmaqla ölkə üzrə avtomobil parklanmasına görə tariflər təsdiqlənməyib. Hətta qanunsuz ödənişlərlə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hüquq mühafizə orqanlarına, prokuroluğa da müraciət edilib”.

Xilasetmə əməliyyatlarında şücaət göstərən dənizçilər təltif edildilər - FOTO
Onlar öz həyatları bahasına qəhrəmanlıq nümayiş etdiriblər

May ayında “SAIPEM” şirkətinin Xəzər dənizində boru düzmə əməliyyatları üçün istismar olunan “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilərlə görüş olub. Görüşdə çıxış edən Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov bildirdi ki, hadisə barədə Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olan andan etibarən xilasetmə əməliyyatlarının koordinasiyası, aidiyyəti qurumların hadisənin nəticələrinin aradan qaldırılmasına cəlb edilməsi istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi Milli Mərkəzin təcrübəli kapitanları tərəfindən təmin edilib. 
Hadisə baş verən zaman pis hava şəraiti ilə əlaqədar helikopterin və sairə xilasedici vasitələrin cəlb olunması mümkün olmadığından “BUE CASPIAN LTD”  şirkətinə məxsus “CITADEL” gəmisindən “İsrafil Hüseynov” gəmisinin yaralı personalını dərhal təxliyə etmək xahiş olunub. “CITADEL” gəmisinin kapitanı Elbrus İsmayılovun rəhbərliyi altında 17 nəfərdən ibarət gəmi heyət üzvləri hadisə zamanı yaralı personalın təxliyə olunmasında təqdirəlayiq şücaət nümayiş etdiriblər. Təxliyə zamanı xəsarət alanların sürətli və təhlükəsiz şəraitdə sahilə çıxarılaraq onlara yardım göstərilməsi təmin olunub. 
Dənizdə qatı duman şəraitində gəminin dəniz qurğusuna təhlükəsiz yanalmasının təmin edilməsi, zərərçəkən personalın gəmiyə təhlükəsiz transferi və onların tibbi yardım müəssisəsinə vaxtında çatdırılmasında operativliyin təmin olunması, dənizçilərimizin peşəkarlığından və yüksək fədakarlıqla cəsarətli addım atmasından xəbər verir.
“BUE CASPİAN LTD” Şirkətinin Azərbaycandakı nümayəndəliyi tərəfindən Dövlət Dəniz Agentliyinin rəhbərliyinə rəsmi müraciət ünvanlanaraq qəzada xəsarət alanların xəstəxanaya çatdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər zamanı dənizçilərin göstərdiyi şücaətlə bağlı məlumat verilib.
Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun əmri ilə “Dəniz nəqliyyatında xilasetmə əməliyyatları zamanı göstərdiyi şücaətə görə” dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif ediliblər. 
Tədbirdə qeyd olundu ki, hər il Beynəlxalq Dəniz Təşkilatı dəniz nəqliyyatı sahəsində müstəsna cəsarət göstərən dənizçilər arasında seçim edərək xüsusi fərqlənən bir nəfərə Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatını təqdim edir. Gələn il Beynəlxalq Dəniz Təşkilatının “Dənizdə müstəsna cəsarətə görə” mükafatına Kapitan Elbrus İsmayılovun namizədliyi təqdim ediləcək.
Tədbirdə çıxış edən qonaqlar bildirdilər ki, Azərbaycan nümayəndəsinin belə bir mükafat alması çox sevindirici hal ola bilər və ən azından Londonda Beynəlxalq Dəniz Təşkilatının Baş Qərargahında müvafiq Komissiya tərəfindən Kapitan İsmayılovun göstərdiyi peşəkarlığın və cəsarətin müzakirə olunması, nəticədən asılı olmayaraq hər birimiz üçün qürurvericidir. 
Görüşdə vurğulandı ki, dövlətçiliyinə sədaqətlə xidmət edən dənizçilər insan həyatının xilası üçün hər zaman öz həyatları bahasına qəhrəmanlıq nümayiş etdiriblər. Vəzifələrini layiqincə yerinə yetirən, vicdanla, şərəflə peşələrinə xidmət edən dənizçilərin əməyi minnətdarlıq hissi ilə xatırlandı və sonda “İsrafil Hüseynov” gəmisində partlayış baş verən zaman xəsarət alanların xilasedilməsi zamanı şücaət göstərən dənizçilər “Donanmanın fəxri işçisi” döş nişanı və Fəxri Fərmanlarla təltif edildilər.

 

Polis olmaq istəyənlərin diqqətinə - DİN işə qəbul elan etdi
Daxili İşlər Nazirliyi polis orqanlarinda orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

Respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirilir. Cəmi 100 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"nin tələblərinə cavab verən namizədlərlə qanunvericilik aktları və nəzəri bilik sahələri üzrə test imtahanının proqramı, eləcə də məntiqi nəticə çıxarmaq qabiliyyətini əhatə edən suallar əsasında keçirilir. Test imtahanından müvəffəqiyyətlə keçmiş iştirakçıların xidməti vəzifələrini yerinə yetirən zaman qanunvericilik aktlarını tətbiq etmək üçün bilik və bacarığı, ünsiyyət yaratmaq, özünü təqdimetmə  bacarığı, təmkinliyi, fikir və rəyini ifadə etmək qabiliyyəti kimi xüsusiyyətləri Daxili İşlər Nazirliyinin Mərkəzi Müsabiqə Komissiyası tərəfindən keçirilən müsahibə zamanı qiymətləndirilir. 
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində hüquqşünas ixtisası üzrə təhsil almış, yaşı 28-dək olan, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş (kişilər üçün), əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla) "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları (daxili işlər və digər hüquq mühafizə orqanlarında zabit vəzifələrindən xaric edilmiş, Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan və qeydiyyatda olan şəxslər istisna olmaqla) iştirak edə bilərlər.
Müsabiqə qaliblərinin təyinatı zamanı ilk növbədə həmin rayonda yaşayış şəraiti olanlara üstünlük veriləcək və təyinatlarından sonra onların xidməti iş yerləri Daxili İşlər Nazirliyinin Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yerləşən polis orqanlarına 5 il müddətində dəyişdirilməyəcəkdir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2019-cu il noyabr ayının 18-dən dekabr ayının 18-dək http://www.mia.gov.az/index.php?/az/content/29799/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər. 
Elektron ərizələr Daxili İşlər Nazirliyində qeydiyyatdan keçirilərək namizədlər barədə məlumatlar  Baş Kadrlar İdarəsi tərəfindən öyrənildikdən sonra müvafiq qərar qəbul edilir. 
Namizədlər məlumatlandırıldıqdan sonra aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi; 
- ali təhsil haqqında diplom;
- hərbi bilet (kişilər üçün);
- əmək kitabçası (olanlar üçün); 
Təqdim olunmuş sənədlər əsasında şəxsin müsabiqədə iştirakı üçün zəruri sənədləşmə aparılır.
Müsabiqədə iştirak edəcək şəxslərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş normativlər üzrə yoxlanılır. 
«Daxili işlər orqanlarında xidmətə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları», test imtahanının proqramları və fiziki hazırlıq üzrə ödəniləcək normativlər Daxili İşlər Nazirliyinin www.mia.gov.az ünvanlı Veb saytında yerləşdirilmişdir.  
Əlavə məlumat almaq üçün əlaqə telefonları:  
                                     
(012) 590-92-37; 590 -80-66; 590-93-27; 590-93-45; 590-93-64; 590-95-23.
Bu ərazinin sakinləri küçə adının olmamasından əziyyət çəkirlər - VİDEO
Mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər

Bakıda yüzlərlə sakinin yaşadığı ərazidə heç bir küçə adı yoxdur. Yol-xeber.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, söhbət Xəzər rayonu, Binə qəsəbəsinin "Hövsan südçülik sovxozu" adlanan ərazisindən gedir. Vəziyyətdən çıxış yolunu isə sakinlər özləri tapıblar. Onlar yaşadıqları küçəyə Milli Qəhrəman Mübariz İbrahimovun adını veriblər.

Bununla belə, sözügedən ərazidə küçələrin adlarının olmaması sakinlərə problemlər yaradır. Sakinlər deyirlər ki, mövcud vəziyyətə görə bir çox hallarda təcili tibbi yardım avtomobilləri dəqiq ünvanı tapmaqda çətinlik çəkirlər.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov bildirdi ki, küçə adları ilə bağlı sakinlər ərazi üzrə qəsəbə nümayəndəsinə rəsmi qaydada müraciət etməlidirlər. Bundan sonra isə qəsəbə nümayəndəsi rəsmi müraciəti icra hakimiyyətinə çatdırır. İcra hakimiyyəti də öz növbəsində küçə adının verilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir və bu məsələ araşdırılır. Daha sonra isə müvafiq qərar qəbul edilir.

 

 

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq - VİDEO
Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər

Noyabrın 19-da Sumqayıt şəhərinin 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək. Yol-xeber.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov bildirib ki, bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəsişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

 

Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.

 
“Onların bildiyi tək bir qayda var, pul yığmaq” – "Parkinqlərdəki qəzalara səbəb nədir?
Problemi necə həll etmək olar?

Paytaxtımızda demək olar ki, bütün sürücülər parkinq problemindən əziyyət çəkirlər. Yalnız onlar deyil, bundan sakinlər də narazılıq edirlər. Dəfələrlə bununla bağlı yazılıb, işıqlandırılsa da, problem yenə də qalmaqdadır. Parkinqlərdəki problemlərdən biri də orada baş verən qəzalardır. Adətən sürücülər parkinqlərdə qaydaların çalışmadığını hesab edir və bir-birini başa düşmürlər. Ya maşını saxlayarkən hansısa qəza olur, ya da nəzarət güclü olmadığı üçün geri dönmə zamanı avtomobildə hansısa hallarla (zədə, cızıq və s.) qarşılaşa bilərlər.

Bəs parkinqlərdə yaşanan qəzalara səbəb nədir? Problemi necə həll etmək olar?

 

Mövzu ilə bağlı Azadinform-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı danışıb: “Hazırda parkinqlər kor-təbii şəkildə idarəolunan bir ərazidir. Rəsmi olaraq dövlət qurumları tərəfindən burada heç bir qayda-qanun tətbiq olunmur. Bəzi parkinqlərdə sadəcə parklanma qaydaları göstərilib, yəni səkiyə paralel, perpendikulyar və ya ödənişli parkinq nişanı quraşdırılıb. Qalan hansısa bir qanunda nəzərdə tutulan funksiya yerinə yetirilmir. Çünki hələlik Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda bu sistemi qurmayıb. Bu istiqamətdə işlər gedir. Bunun üçün vəsait, pul lazımdır. Eyni zamanda, müxtəlif yeni, müasir texnologiyalar tətbiq edilməlidir. Bu baxımdan işlər tam başa çatmayıb. Ona görə parkinqlər belə desək, tamam yad adamların əllərində cəmləşib. Onlar da orada istədikləri qaydanı tətbiq edirlər. Onların bildiyi tək bir qayda var, o da hər maşın dayananda yaxınlaşıb sürücüdən pul almaq.

Məsələn, “İskəndər Asa Parkinq” MMC parkinqləri zəbt edir, hər yerə öz adamını qoyur, sürücülərə hədə-qorxu gələrək onlardan qanunsuz olaraq pul alırlar ki, guya pul veriləndən sonra cərimə olunmayacaq. Sürücülərin də əksəriyyəti cərimədən ehtiyat edib pul verir”.

Ekspertin sözlərinə görə, parkinqlərdə qaydalar müəyyən edilir: “Bəzən 1 avtomobil parkinqə daxil olduqda və ya oradan çıxanda başqa maşına sürtünə, qəza törədə bilir və sürücü də avtomobilini sürüb gedir. Bunun da məsuliyyəti heç kimin üzərində qalmır. Əslində məsuliyyəti hadisəni törədən şəxs daşıyır. Amma orada 1 manatdan yığan şəxs yaxasını çəkir qırağa ki, mənlik deyil. Bəs pul yığanda yaxşıdır, amma nəzarət mexanizmi yoxdur? Bu necə ola bilər? Düşünürəm ki, bu dövlət tərəfindən nizamlanmalı və mütləq ciddi nəzarət olmalıdır. Nəzarət kamerası olmalı və yaxud da işçi tərəfindən daima nəzarətdə saxlanılmalıdır”.

 

Xəbər lenti