BNA avtobus sürücüsünün sərnişini döyməsinə münasibət bildirib
Hadisə ilə bağlı onda izahat tələb olunub

Bakı Nəqliyyat Agentliyi (BNA) avtobus sürücüsünün sərnişin döyməsi ilə bağlı araşdırma aparır. Qurumun mətbuat katibi Mais Ağayev Avtosfer.az-a bildirib ki, həmin marşrut xətti üzrə daşıyıcı - “Menloqq” MMC-nin direktoru Hikmət Bağırov Agentliyə çağırılıb.

Hadisə ilə bağlı onda izahat tələb olunub.

M.Ağayev qeyd edib ki, bu kimi hadisələrin olması yolverilməzdir. Təbii hadisənin əsl səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacaq.

 

Eyni zamanda qeyd edim ki, bu xətt üzrə sərnişindaşımanın vəziyyəti ürək açan deyil. Vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur. Daşıyıcıya da xəbərdarlıq edilib ki, təsirli tədbirlər görməzsə onunla bağlanan müqaviləyə xitam veriləcək.

Daxili işlər orqanlarında yeni təyinat olub
Polis polkovnik-leytenantı əvvəlki vəzifəsinə qaytarılıb

Daxili işlər orqanlarında yeni təyinat olub. Yol-xeber.az “Report”a istinadən xəbər verir ki, Quba Regional Pasport Qeydiyyat İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Hidayət Babayev vəzifəsindən azad edilərək Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin edilib.

 

Qeyd edək ki, H.Babayev 2017-ci ilə qədər Qusar Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

Yola çıxanda buna diqqət edin, yoxsa... VİDEO
Digər avtomobil sizi hətta arxadan vursa belə günah sizdə olacaq

Bəzən sürücülər köməkçi yoldan əsas yola çıxan zaman diqqətsiz olurlar. Bu da çox zaman qəzalara səbəb olur. Odur ki, yola çıxan zaman hərəkət istiqamətindən gələn nəqliyyat vasitələrini buraxmaq, yolun tam boş olduğuna əmin olduqdan sonra hərəkətə başlamaq lazımdır. Yaxud da nəqliyyat vasitəsi o qədər uzaq məsafədə olmalıdır ki, yola çıxmaq, zolaq üzrə hərəkət sürətini almaq üçün zaman olsun. Avtosfer.az-ın təqdim etdiyi videoda VAZ 2107 markalı avtomobilin sürücüsü digər nəqliyyat vasitəsinin gəldiyini gördüyü halda yola çıxır.

Təbii ki, sürücünün əyləci basmasına səbəb olur. Bu halda digər sürücü ya zolağı dəyişməli, ya da əyləci basmalıdır. Hər iki halda isə müvafiq olaraq soldan və arxadan gələn avtomobillər ilə toqquşma baş verə bilər.

Odur ki, sürücülərə tövsiyə olunur ki, belə hallarda diqqətli olsunlar. Çünki digər avtomobil sizi hətta arxadan vursa belə günah sizdə olacaq.

 



Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda aşağıdakılar qeyd olunub:
"Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir. Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir".
Sumqayıt-Bakı qatarında nasazlıq

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya yola düşəcək qatarda texniki nasazlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıb. Onlar bildirib ki, Bakıya saat 08:40-da yola düşməli olan qatardan xəbər yoxdur. Dəmiryol İdarəsi bu istiqamətdə qatarların sayını artırdığını desə də, faktiki olaraq qatarın yola düşməməsi sərnişinlərdə narazılıq yaradıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları QSC-nin Mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova “Qafqazinfo”ya açıqlamasında yaxın dəqiqələrdə bu barədə məlumat yayacaqlarını bildirib.

***

Azərbaycan Dəmir Yolları QSC məsələ ilə bağlı açıqlama yayıb. Bildirilir ki, kəskin hava şəraiti ilə əlaqədar (güclü küləyin əsməsi nəticəsində) bu gün saat 03:25 radələrində Bakı-sərnişin Keşlə mənzilində kontakt şəbəkədə texniki nasazlıq yaranıb. Hadisə nəticəsində saat 07:50-də Bakıdan, 08:40-da Sumqayıtdan yola düşməli olan elektrik qatarları hərəkətdə olmayıb. Təcili bərpa işlərinə başlanılıb və texniki nasazlıq aradan qaldırılıb. Hazırda qatarlar cədvəl üzrə hərəkət edirlər.

Günel Türksoy

 


 
Yol Polisi hava şəraiti ilə bağlı müraciət edib
Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarədən Yol-xeber.az-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, bu gün axşam saatlarından etibarən ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi gözlənilir.

Bununla əlaqədar olaraq yollarda yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması üçün Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, avtomobil idarə edərkən daha diqqətli olsunlar, sürət həddini hava şəraitinə uyğun seçsinlər, kəskin tormozlama, zərurət olmadan ötmə və digər manevrlər etməkdən çəkinsinlər. Yağışlı havalarda su gölməçələrindən keçərkən ehtiyatlı olmağı unutmasınlar. 

Ölkənin bəzi dağlıq ərazilərində yolların buz bağlama ehtimalının yüksək olduğunu nəzərə alaraq,  belə hava şəraitində sürücülük təcrübəsi az olan şəxslərdən sükan arxasına əyləşməmələri xahiş olunur: "Həmçinin, piyadalar da hava şəraitinin kəskin dəyişməsini nəzərə alaraq yollarda təhlükəsizlik tədbirlərinə daha ciddi riayət etməlidirlər.

 

Piyadalara sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində yola çıxarkən əlvan və ya işıqqaytarıçı elementlərlə təchiz olunmuş geyimlərə üstünlük verməyi, yolu keçərkən özlərinə və digər hərəkət iştirakçılarına təhlükə yaratmamağı tövsiyə edirik".

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib - VİDEO
Rəyi öyrənilən respondentlərin bir qisminin fikirləri ilə bu linkdən tanış olmaq olar

Vətəndaş məmnunluğunu öyrənmək məqsədi ilə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sorğu keçirilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib. 

Məlumata görə, “Nəqliyyat Agentləri” könüllülərinin iştirakı ilə keçirilən sorğuda rəyi öyrənilən 50 nəfər sərnişinin tam əksəriyyəti mərkəzdə yaradılan şəraitdən razı qaldıqlarını bildirib.

 

Sərnişinlər “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin yenidən qurulmasının dövlətin son illər şəhər nəqliyyatının inkişafına ayırdığı xüsusi diqqətin təzahürü kimi dəyərləndiriblər.

Rəyi öyrənilən respondentlərin bir qisminin fikirləri ilə bu linkdən tanış olmaq olar.

 
 Polis əməkdaşları narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat keçirib - FOTO
Faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyat tədbirləri həyata keçirilib. İdarənin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Lənkəran rayon sakini Şəyar Əskərov 3 kiloqram 255 qram qurudulmuş marixuananı 7000 manata satmaq istəyən zaman saxlanılıb. Onun İdarə etdiyi “VAZ 21074” markalı avtomobildən həmin narkotik vasitə aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Şəyar Əskərovun yaşadığı evdən əlavə olaraq 9 kiloqram 265 qram kibrit və digər qutularda qablaşdırılan qurudulmuş marixuana və 1 ədəd müvafiq sənədləri olmayan “İJ 58” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Şəyar Əskərov ifadəsində narkotik vasitələri həyətində satıb qazanc əldə etmək məqsədi ilə əkdiyini bildirib.

Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı isə Abşeron rayonu Masazır qəsəbəsində yaşayan İslam Abdullayev tutulub. Onun üzərindən 10,252 qram, yaşadığı evdən isə 41,016 qram heroin, 19,316 qram psixotrop maddə metamfetamin, 52,421 qram narkotik vasitə tiryək və 1 ədəd elektron tərəzi aşkar edilib.

 

Baş İdarə əməkdaşları tərəfindən keçirilən daha bir əməliyyat zamanı isə Suraxanı rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin İbrahimov narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərinə baxış zamanı 100,627 qram qurudulmuş marixuana, 1,068 qram heroin və 1,239 qram psixortop maddə metamfetamin aşkar edilib.

Baş İdarənin əməkdaşları tərəfindən paytaxt ərazisində keçirilən daha bir əməliyyat zamanı əvvəllər məhkum olunmuş Sabunçu rayon sakini Ceyhun Əkbərov saxlanılıb. Onun üzərindən 1,487 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Kamil adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı

olaraq narkotik vasitələrin satışı ilə məşğul olan Nərimanov rayon sakini Kamil Dadaşov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 53,033 qram çəkidə heroin və 1 ədəd elektron tərəzi aşkar edilib. Kamil Dadaşov isə ifadəsində ona narkotik vasitələri satmaq üçün Fərid adlı şəxsin verdiyini bildirib. Əməliyyat zamanı narkotik vasitələrin mənbəyi olan Cəlilabad rayon sakini Fərid Səmədov paytaxtın Nəsimi rayonu ərazisində Baş İdarənin əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində bir müddət ki, paytaxt ərazisində əldə etdiyi narkotik vasitələrin müxtəlif şəxslər vasitəsi ilə satışını təşkil etdiyini etiraf edib.

Faktla bağlı saxlanılan hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, istintaq əməliyyat tədbirləri davam etdirilir.

 
BNA əlilliyi olan insanlar üçün yeniliklər edib - FOTO
Vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılmasıdır

Əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılması baxımından vacib məqamlardan biri də şəhər nəqliyyatının əlçatan olmasıdır.

Əlilliyi olan şəxslərin digərləri ilə bərabər səviyyədə fiziki mühit və nəqliyyat xidmətlərdən istifadəsinin təmin olunması məqsədi ilə dövlət başçısı tərəfindən Bakı Nəqliyyat Agentliyi qarşısında müvafiq tapşırıqlar qoyulub. Ötən dövrdə qarşıya qoyulan tapşırıqların icrası ilə bağlı bir sıra layihələr icra edilib. Cənab Prezidentin əlilliyi olan vətəndaşlarımıza yönəlik sosial siyasətin tərkib hissəsi olan bu tədbirlər şəhərimizin nəqliyyat sistemində bir ilk olaraq dəyərləndirilməkdədir.

Nəqliyyatda müyəssərliyin təmin olunması ilə bağlı ilk addım “BakuBus” MMC-nin yaradılması və bu çərçivədə əlilliyi olan şəxslərin xüsusiyyətlərinə uyğun avtobusların gətirilməsi ilə atıldı. İlkin mərhələdə şəhərimizdə 300 belə avtobus var idisə qısa zamanda bu tip nəqliyyat vasitələrini sayı 500-ə çatdırıldı. Ölkə başçısının avtobus parkının yenilənməsi məqsədi ilə imzaladığı müvafiq sərəncama əsasən alınan 300 ədəd müasir avtobusları da əlavə etdikdə bu rəqəm daha da artmış olur. Müyəssərliyin olması sərnişin avtobusları üçün müəyyən olunan tələblərdə əsas faktor olaraq göstərilmişdir.

 

Nəqliyyatda əlçatanlıqdan danışarkən diqqət yetirilməli olan vacib məqamlardan biri də piyada infrastrukturunun uyğun olmasıdır. Bu məqsədlə piyada səkilərində eynisəviyyəli piyada keçidlərində pandusların quraşdırılmasına başlanıldı. Son statistikaya əsasən hazırda Bakı şəhərində 130-dan küçə və prospektdə 2000-nə yaxın pandus quraşdırılıb. İlkin mərhələdə bu işlər mərkəzi küçə və prospektlərdə icra olundu. Hazırda mərkəzdən kənar ərazilərdə, əlilliyi olan şəxslərin daha çox üz tutuğu sosial reablitasiya mərkəzləri ətrafında uyğun şəraitin yaradılması istiqamətində iş aparılır. Pandusların üzərində gözdən əlil şəxslər üçün yola yaxınlaşma barədə xəbərdaredici səthlər (taktil döşəmə) və yan hissələrində piyadaların piyada keçidindən istifadəsini stimullaşdıracaq və təhlükəsizliyini artıracaq məhəccərlər quraşdırılıb.

Dövlət başçısının əlçatanlıqla bağlı Agentliy qarşısında qoyduğu tapşırıqların icrası çərçivəsində reallaşdırılan daha bir layihə isə görmə imkanları məhdud vətəndaşlarımızla bağlıdır. Artıq 5 küçədə piyada səkisi boyunca taktil döşəmələri vurulub.

Şəhərimizin ictimai nəqliyyat sistemində yenilik hesab edilən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində də müyəssərlik tam formada təmin edilib. İstər perronlarda, istərsə də park ərazisində taktil döşəmələr vurulub.

Gözdən əlil vətəndaşların rahatlığı baxımından vacib olan məsələlərdən biri də xüsusi səs siqnalları ilə təchiz edilən svetoforlar quraşdırılmasıdır.

Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən şəhərin müxtəlif yerlərində əsasən isə bu qəbildən olan vətəndaşların daha çox istifadə etdiyi küçələrdə səsli svetoforlar quraşdırlıb.

Bakı Nəqliyyat Agentliyi eyni zamanda sosial məsuliyyət layihələri çərçivəsində də əlilliyi olan şəxslər üçün nəqliyyat xidmətlərinin əlçatan olması üçün tədbirlər həyata keçirir. Bu mənada Azərbaycan Milli Paralimpiya Komitəsi arasında anlaşma memarandumunun imzalanmasını vurğulamaq istərdim. Sənədə əsasən Agentlik Komitənin təşkil etdiyi idman tədbirləri və yarışlar zamanı idmançıları ehtiyac olan nəqliyyat vasitəsi ilə ödənişsiz təmin edir. 10-15 may 2019-cu il tarixləri ərzində ölkəmizdə keçirilən beynəlxalq “Bakı 2019 Qran-Pri” yarışında xarici və yerli idmançıların nəqliyyat vasitəsi ilə təmin edilməsi BNA tərəfindən icra edilib. Bundan əlavə hər il müxtəlif əlil təşkilatlarından fiziki imkanları məhdud şəxslərin müxtəlif tədbirlərə daşınması ilə bağlı müarciətlər daxil olur ki, onların da hər biri müsbət cavablandırılıb.

 
Şəki DYP universitetdə tədbir keçirib - FOTO
Təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirilir

Şəki Dövlət Yol Polisi yol hərəkətinin təhlükəsizliyinin təbliğinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramının məqsədlərinə uyğun, eləcə də "Piyadaların intizamının artırılmasına dair" Daxili İşlər Nazirliyinin müvafiq göstərişinin icrası ilə əlaqədar ,təhsil müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir.

Bu dəfə, Şəki Dövlət Yol Polisi orta məktəb şagirdlərini deyil, universitet tələbələrini maarifləndirdi.

03 dekabr 2019-cu il tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialında keçirilən tədbir zamanı, Şəki Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, tələbələrə piyadanın vəzifələri barədə ətraflı məlumat verib,onları maraqlandıran sualları cavablandırıb. Tələbələrə, küçə və yollarda hərəkət edən zaman,mobil telefondan xüsusilədə qulaqlıqdan istifadə etməmələri tövsiyyə olunub.İzah olunub ki,küçə və yollarda hərəkət edən zaman piyada qulaqlıqdan istifadə etməklə mobil telefonla danışarsa və ya musiqiyə qulaq asarsa bu vaxt, yaxınlaşan nəqliyyat vasitəsinin səsini eşitməyəcək həm öz həyatını həmdə sürücüləri təhlükədə qoyacaq. Bundan başqa, son zamanlar, xüsusilədə yeniyetmələr və gənclər arasında küçə və yollarda hərəkət edən zaman mobil telefonla “WhatsApp” yazışmalarına yol verilirki, bu zaman qəzanın baş verməsinə daha çox zəmin yaranır.

 

Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Dövlət Yol Polisi tərəfindən görülən bu və ya digər tədbirlərin insanların həyat və sağlamlığının qorunmasına xidmət etdiyini bildirib. Qeyd olunub ki, tələbələrin maarifləndirilməsində əsas məqsəd , yeniyetmələrin iştirakı ilə baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsidir.

Azərbaycan Dövlət Pedoqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dossent Nuralı Çələbiyev çıxış edərkən, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələrlə maarifləndirici tədbirin keçirilməsinə görə, Dövlət Yol Polis Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyevə öz minnətdarlığını bildirib.

Tədbirin sonunda, universitetin müəllim və tələbələri ilə xatirə şəkli çəkdirilib.

 

Xəbər lenti