Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu
Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib.

Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib. 

Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.

Azərbaycanda sərnişindaşıma fəaliyyəti dayandırıldı
Azərbaycanda mülkiyyət növündən asılı olmayaraq, ölkə üzrə rayon və şəhərarası sərnişindaşınma fəaliyyəti dayandırılır.

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Həmin müddətdə Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında müəyyən edilmiş marşrut əsasında saat 06:00-22:00 arası xüsusi ekspress avtobus xətlərini tətbiq edəcək. Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin, yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

İctimai iaşə müəssisələrində xidmət vaxtı üç saata endirildi
Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunacaq.

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Qərara əsasən ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

BNA yeraltı qarajlarda dezinfeksiya aparıb
Avtomobil qarajları xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib

COVİD-19 virusunun yayılmasının qarşısını alınması məqsədi ilə şəhər nəqliyyatında da qabaqlayıcı tədbirlər davam etdirlir. Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Yol-xeber.az-a bildirib ki, müntəzəm marşrut xətləri ilə yanaşı vətəndaşların istifadə etdiyi nəqliyyat infrastrukturlarında da dezinfeksiya işləri aparılır. Bu çərçivədə "Azadlıq" meydanı, eləcə də Mirzəağa Əliyev və Məhəmməd Füzuli küçələri arasındakı yeraltı avtomobil qarajları da xüsusi dərman məhlulları ilə dezinfeksiya edilib.
Yol Polisindən Bakıya təcili tibbi yardım maşınında sərnişin daşınması ilə bağlı RƏSMİ AÇIQLAMA
“Bu, birbaşa sürücünün səhlənkarlığı və məsuliyyətsizliyidir. Həmin şəxs barədə, yəqin ki, Səhiyyə Nazirliyi tərəfindən zəruri addım atılacaq”.

Oxu.az xəbər verir ki, açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sosial şəbəkələrdə təcili tibbi yardım maşınında sərnişin daşınmasına dair yayılan görüntülərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu hadisə Bakı-Şamaxı yolunda qeydə alınıb:“Belə addım atmaq məsuliyyətsizlikdən xəbər verir. Həmin sürücü özbaşına başqa şəxsləri təcili tibbi yardım maşınına mindirib. O fikirləşmir ki, həmin şəxslərdən hər hansı biri virus daşıyıcısı da ola bilər.

Əməkdaşlarımız tərəfindən həmin sərnişinlər boşaldılıb və paytaxt qeydiyyatı olmayan şəxslərin şəhərə girişinin qarşısı alınıb. Düşünürəm ki, Səhiyyə Nazirliyi bununla bağlı zəruri tədbirlər görəcək”.

Təcili tibbi yardım maşınında Bakıya sərnişin daşınır
Sosial şəbəkələrdə Dövlət Yol Polisinin əməkdaşları tərəfindən Bakıya sərnişin daşımağa cəhd edən təcili tibbi yardım maşını saxlanılıb.

''Ölkə.Az'' xəbər verir ki, kadrlarda təcili tibbi yardım maşınının içində sürücüdən əlavə, ən azı dörd nəfərin olduğunu görmək olar.

Yeri gəlmişkən, sürücü polis əməkdaşlarının haqlı suallarına cavab verə bilməyib.

İlk növbədə bəhanə gətirmək istəyən həmin şəxs sonra polisin əmrinə tabe olub.

Qeyd edək ki, təcili tibbi yardım maşınında olanlar avtomobili tərk ediblər.

Rayondan gələnlər Bakıya 25 manat müqabilində buraxılır?
Daxili İşlər Nazirliyi (DİN) rayon qeydiyyatında olan şəxslərin 25 manat müqabilində Bakı şəhərinə buraxılması barədə yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılan həmin məlumatlar yalandır və qərəzlidir:

“Bu qərəzli məlumatları o şəxslər yayırlar ki, onlar məlum qadağanı bilərək Bakı şəhərinə üz tuturlar və polis onları paytaxta buraxmır. Buna görə də yalan və qərəzli məlumatlar yaymaqla ictimaiyyəti çaşdırmaq istəyirlər.

Nəzərinizə çatdırım ki, Bakı-Qazax, Bakı-Şamaxı və Bakı-Quba istiqamətlərində qoyulmuş postların fəaliyyəti DİN rəhbərliyi tərəfindən müşahidə kameraları vasitəsilə daim izlənilir. Bir daha vətəndaşları Nazirlər Kabinetinin məlum qərarına əməl etməyə çağırırıq”. 

E.Zahidov həmçinin rayon qeydiyyatında olan şəxslərin Bakı, Sumqayıt və Abşeron qeydiyyatında avtomobillərlə də paytaxt ərazisinə daxil ola bilməyəcəklərini qeyd edib.

Mehriban Əliyevadan koronavirusla bağlı xalqa — MÜRACİƏT


Azərbaycanın Birinci-vitse-prezidenti Mehriban Əliyeva koronavirusla bağlı əhaliyə müraciət edib.
Həmin müraciəti təqdim edirik:

“Dünya qlobal çağırışla üz-üzədir. Hələ bir il bundan əvvəl bizim əksəriyyətimiz sadəlövhcəsinə güman edirdik ki, pandemiya, bugünədək bəlli olmayan və insan həyatına son qoyan təhlükəli xəstəliklər dövrü keçmişdə qalıb.

İnanırdıq ki, biologiya elminin, tibbin, əczaçılığın və texnologiyaların müasir inkişaf səviyyəsi, o cümlədən bəşəriyyətin kollektiv intellekt səviyyəsi bizi müəyyən “sürprizlərdən” sığortalayıb. Reallıq isə fərqli oldu. Nassem Talebin müzakirələrə səbəb olan “Qara qu quşu” dünyada hökm sürür.

Müəllif öz məşhur kitabında yazır: “Hamı özünü təhlükədən qorumaq istəyir. Üsullardan biri – riskləri qiymətləndirmək və onları idarə etməkdir... Bizim nə qədər səy göstərməyimiz vacib deyil. Hər hansı bir riski dəqiqliklə proqnozlaşdırmaq qeyri-mümkündür”.

“COVID-19” barədə kifayət qədər məlumat var. Yeni virus və ona yoluxmanın bütün fəsadları real zaman rejimində əsas dünya informasiya trendidir. Paradoksaldır, amma informasiya bolluğuna baxmayaraq, suallar cavablardan daha çoxdur.

Ümumdünya Səhiyyə Təşkilatının rəsmi statistikasına görə, dünyada virusa yoluxanların sayı 198 737 nəfər, həlak olanların sayı 7989 nəfər, sağalanların sayı 82 779 nəfərdir. Pandemiya elan olunan epidemiya 167 ölkədə yayılıb.

Təkzibolunmaz faktdır ki, dünya belə riskə hazır deyildi. Hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələr belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər.

Misilsiz tədbirlər görülür, sərhədlər bağlanır, dövlətlər təcrid olunur.

İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacayıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır.

Virusa qarşı immunitet vaksin tapıldıqdan sonra yaranacaq. Biganəliyə qarşı immuniteti isə hər kəs özündə formalaşdırmalıdır.

Əziz həmvətənlər!

Ölkəmizdə bütün qüvvələr hadisələrin ən pis yöndə inkişafının qarşısının alınmasına səfərbər olunub. Bütün dövlət strukturları mobilizasiya olunub və birgə fəaliyyət göstərir. Biz ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edir və bu qurumun tövsiyələrinə çox ciddi yanaşırıq.
Epidemiyanın sürətlə yayılması, onun pandemiyaya çevrilməsi bu xəstəliklə mübarizədə vahid strategiya və taktikanın hazırlanmasını çətinləşdirir. Virusun və xəstəliyin tədqiqatı onlara qarşı mübarizə ilə eyni vaxtda aparılır.

Buna görə də bir çox tövsiyələr situativ xarakter daşıyır və məlumat bazası genişləndikcə dəyişir. Aydın olan odur ki, təhlükəsizlik tədbirlərinə ciddi riayət edilməsi, şəxsi məsuliyyət və intizamlılıq özünüzü və ətrafınızdakıları qorumağın əsas şərtləridir.

Koronavirus epidemiyası ilə mübarizədə Azərbaycan dövləti ilə sıx əməkdaşlığa görə Ümumdünya Səhiyyə Təşkilatına minnətdarlığımı bildirirəm.

Bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıram.

Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir.

Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq. Bu gün laqeydlik yolverilməzdir.

Bu gün infeksiya ilə mübarizədə ön cəbhədə olanların, Azərbaycan vətəndaşlarının sağlamlığını və həyatını qorumaq üçün bütün lazımi tədbirləri görənlərin hər birinə – həkimlərə, tibbi personala, müxtəlif dövlət qurumlarının əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm.

Əziz dostlar!

Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik. Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram!

Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun.

Hər birinizə dualar və sevgi ilə,

Sizin MEHRİBAN”.
Teledərslərin yayımı müvəqqəti dayandırılacaq
Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının yayımı müvəqqəti dayandırılacaq.

Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, sabah teledərslərin keçiriləcəyi son gün olacaq. Dərslərə Novruz bayramı ilə əlaqədar fasilə verilir. Martın 24-dən həm Azərbaycan, həm də rus bölməsi üzrə teledərslərin yayımı davam etdiriləcək.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən bütün təhsil müəssisələrində tədris dayandırılıb. Bununla əlaqədar, martın 11-dən etibarən Təhsil Nazirliyinin dəstəyi ilə şagirdlər üçün teledərslərin keçirilməsinə başlanılıb.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.

İbtidai sinif şagirdləri üçün “Azərbaycan dili”, “Riyaziyyat”, “Həyat bilgisi”, “Təsviri incəsənət”, “Xarici dil”, 5-11-ci sinif şagirdləri üçün isə “Azərbaycan dili”, “Riyaziyyat”, “Xarici dil”, “Tarix”, “Coğrafiya”, “Kimya”, “Fizika”, “Biologiya” fənləri üzrə qısa videodərslər təqdim edilir.

Bizimlə əlaqə saxlayın.

Bakı Dəmir Yolu Vağzalında dezinfeksiyaedici avadanlıq quraşdırılıb - VİDEO
“Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb

Koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədi ilə dəmir yollarında da sanitariya-epidomoloji tədbirlər davam etdirilir.

Yol-xeber.az “Report”-a istinadən xəbər verir ki, Bakı sərnişin vağzalında virusun yayılmasının qarşısını almaq üçün aparılan mübarizə tədbirləri çərçivəsində xüsusi avadanlıq quraşdırılıb. Fərdi qoruma vasitəsi olan bu avadanlıq məhlullarla təmin edilib. Vağzalın ərazisindən istifadə edənlər, qatarlara minmək istəyən sərnişinlər əllərini bu məhlullar vasitəsilə təmizləyə bilərlər. 

Profilaktik tədbirlər eyni zamanda qatarlarda, stansiya və platformalarda da həyata keçirilir. Vaqonlar xüsusi tibbi qutularla, həmçinin bələdçi heyəti maska və əlcəklərlə təmin edilib. Koronavirusun dəmiryol nəqliyyatında yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə “Azərbaycan Dəmir Yolları” QSC-də xüsusi qərargah yaradılıb. Həmiçin Bakı sərnişin vağzalında 499 61 11 nömrəli "qaynar xətt" də fasiləsiz fəaliyyətdədir.

 

 

Xəbər lenti