Gömrükçülər maşında 3000 ədəd siqaret aşkarladı

 
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ 21074" markalı avtomobil saxlanılıb və sürücü şifahi sorğu-sual edilib.
 
Dövlət Gömrük Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Bundan sonra avtomobilə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunda və yük yerində gizlədilən 3000 ədəd "King" markalı siqaret aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
Alimdən Azərbaycanda vulkan xəbərdarlığı

 
"Bu il Azərbaycanda biri güclü olmaqla üç vulkan püskürməsi ehtimal olunur”. 
 
Qaynarinfo xəbər verir ki, bunu "Report”a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
 
O bildirib ki, vulkanların püskürəcəyi ərazi Abşeron yarımdası və Ələt zonasını əhatə edəcək: "Bu il Abşeron rayonunda Bozdağ-Qobu, Ələt zonasında Bahar və Qobustanda da Şıxzahırlı vulkanlarının püskürəcəyini ehtimal edirəm. Həmin vulkanların bu ilin sonuna qədər püskürəcəyi gözlənilir. Bunların arasında Bozdağ-Qobu vulkanı güclü püskürür. Azərbaycanda mövcud olan vulkanların hamısının ayrıca fəaliyyət xüsusiyyəti var. Elə vulkanlar var ki, 10, 20 və ya 30 ildən bir il püskürür. Vulkanların püskürməsində standart zaman müddəti yoxdur”
Dövlət satınalmaları ilə bağlı əsasnamə təsdiqləndi

Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

“Qafqazinfo” xəbər verir ki, fərmanda deyilir:

1. “Dövlət satınalmalarının vahid internet portalı haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Dövlət satınalmalarının vahid internet portalının (bundan sonra - portal) operatoru Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə:

4.1. portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görsün;

4.2. portalın saxlanması xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına və dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq maliyyələşdirilməsi barədə təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi portalın “Elektron Hökumət” İnformasiya Sisteminə inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

Nardaran sakinindən silah götürülüb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, polis əməkdaşlarının apardıqları əməliyyat və profilaktik tədbirlər nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xudaverdiyev “İJ-26” markalı ov tüfəngini könüllü olaraq Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə təhvil verib.

Bakcell MMC-nin baş direktoru dəyişib.

Report xəbər verir ki, Nikolay Bekersini Rainer Rathgeber əvəz edib.

Rainer Rathgeber öz vəzifə səlahiyyətlərinin icrasına may ayında başlayacaq.

Bakı Metropoliteni QSC Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

QSC-dən Axar.az-a verilən məlumata görə, metroya ali təhsilli həkim-terapevt, orta-ixtisas təhsilli tibb bacısı tələb olunur. Həkim və tibb bacısının idarəedicilik qabiliyyəti olmalı, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı mütləqdir.

Azərbaycan dilini mükəmməl bilmə və kompüter bilikləri tələb olunur.

Vəzifə öhdəliklərinə gəlincə, metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməlidir.

İş rejimi saat 09:00-dan 17:00-dəkdir.

İddiaçılar Bakı Metropoliteninin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdır.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 sm azalma müşahidə olunub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə edilməyib.

Salyanda isə suyun səviyyəsi 8 sm azalıb və 154 sm olub.

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 4 sm artaraq 94 sm- çatıb. Bu rəqəm 2018-ci il aprelin 15-də 60 sm təşkil edib.

Dünən 27 şəhər və rayonda 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi keçirilib. Abituriyentlərin sözlərinə görə, 7 aprel tarixində keçirilən imtahanda düşən suallar ötən gün keçirilən imtahanın sualları ilə oxşar olub. Şagirdlər hətta bir neçə sualın eyni olduğunu deyiblər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, bir həftə ərzində test tapşırıqlarında ciddi dəyişiklik etmək fiziki və texniki baxımdan mümkün deyil:

“2019-cu ildən etibarən orta məktəblər üçün 11-ci sinifdə keçirilən buraxılış imtahanlarının nəticələri ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi hesab olunur və burda əldə edilən nəticə universitetlərə qəbula təsir göstərir. Ona görə də əvvəlki illərdən fərqli olaraq bu ildən etibarən qeyd olunan imtahanın əhəmiyyəti böyükdür.

DİM 7 apreldə bu prosesə başladı. İlk imtahanda müəyyən problemlər yaşandı. Belə ki, imtahan prosesində təhlükəsizlik və texniki xidmətlə bağlı qüsurlar yarandı, şagirdlər arasında sual kitabçasını kənara çıxaranlar oldu.

14 apreldə keçirilən eyni tipli imtahanda isə qeyd olunan qüsurlar aradan qaldırılsa da, test tapşırıqlarının müəyyən hissəsi artıq əvvəlki imtahanda istifadə olunduğu üçün bəzi şagirdlər ondan məlumatlı idilər. Ümumilikdə DİM hər iki eyni tipli imtahan arasında ciddi fərq yarada bilməzdi. Bir həftə ərzində test tapşırıqlarını kəskin şəkildə dəyişmək fiziki və texniki cəhətdən mümkün deyil. Bundan başqa, imtahan prosesində yoxlamada iştirak edənlərin sayının az olması yeni tipli test tapşırıqlarının yoxlanılmasında da problemlər yarada bilərdi”.

Ekspert bildirib ki, buraxılış imtahanlarının 3 fəndən keçirildiyini, bu fənlərdə test tapşırıqları üçün istifadə olunacaq mövzuların həddindən artıq məhdud olduğunu nəzərə alsaq, sualların yox, mövzuların təkrar olacağını gözləmək olar:

“Amma birinci imtahanda istifadə olunan test tapşırıqlarının məlum olması, növbəti imtahanın nəticələrinə təsir göstərəcək və növbəti imtahanların nəticələri əvvəlkindən daha yüksək olacaq. Çünki hər növbəti imtahanda iştirak edənlər artıq həmin mövzularla bağlı məlumata malik olurlar”.

Bir neçə gündür ki, “Delta Telekom”da ciddi texniki problemlər yaşanır.

Axar.az xəbər verir ki, “Delta Telekom”un xidmət etdiyi portallara girişdə məhdudiyyətlər tətbiq edilir. Ötən həftənin sonunda başlayan problem isə getdikcə genişlənməkdədir. Belə ki, “Delta Telekom”un xidmət etdiyi portallara giriş tam dayandıqdan qısa müddət sonra qurum problemi qismən aradan qaldırsa da, 5 gündür texniki nasazlığın öhdəsindən gələ bilmir. Hətta ötən gün “Delta Telekom”un öz saytına giriş də dayanmışdı.

Texniki problemin nədən qaynaqlandığı haqda qurumdan heç bir açıqlama verilməyib və “Delta Telekom” müştərilərinə hələ də səbəbi izah etməyib. Şifahi olaraq isə “Delta”ya hücum olduğu, bu səbəbdən saytlara girişin qismən məhdudlaşdırıldığı bildirilib.

Qeyd edək ki, hazırda Axar.az saytına da dünyanın bir çox ölkəsindən, o cümlədən ölkə daxilindəki bəzi provayderlərdən giriş bloklanıb.


Yanan binadakı 23 ailəyə kirayə pulu veriləcək

 

Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğının söndürülməsi zamanı sudan ziyan dəymiş 23 mənzildə yaşayan məcburi köçkünə dövlət tərəfindən kirayə pulu veriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirib ki, yanğın baş verdikdən sonra Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində, dəhlizdə baş verib.

Xəbər lenti