|
Məlum olduğu kimi, 2019-cu il Avropa Liqasının finalı Bakıda keçiriləcək.
Həlledici qarşılaşmada iştirak etməyə namizəd klublardan biri də “Napoli”dir.
1/4 finalda “Arsenal”la ilə üz-üzə gələcək neapollular Bakıya gəlməyə ən real namizədlərdən biridir.
“Napoli” AL finalında iştirak etsə, komandanın əfsanəsi Dieqo Maradona da paytaxtımıza gələcək. Onunla birlikdə italiya yığmasının keçmiş üzcü Çiro Ferrara Azərbaycanda keçiriləcək finalı stadiondan izləyənlər arasında olacaq.
Qeyd edək ki, Napoli 30 il əvvəl, 1989-cu ildə UEFA kubokunu qazanıb. O vaxt heyətdə Maradona və Ferrara da olub. 30 ildən sonra bu kuboku qazanmaq istəyən italyanlara Maradona Bakıda dəstək olacaq.
Xəbər verdiyimiz kimi, aprelin 5-də Nazirlər Kabineti daxili bazarda qiymət artımı müşahidə olunan soğan, kartof və kələmin ixracına əlavə rüsum tətbiq edib. Qurumun qərarı ilə soğan və kələmin ixracına 1 kiloqram üçün 2 dollar, kartofda isə 1 dollar rüsum müəyyənləşdirilib.
Soğan və kələmin ixracına rüsum tətbiq olunması razılıqla qarşılansa da, kartofla bağlı atılan addım etirazlara səbəb olub. Cənub bölgəsində faraş kartof yetişdirən fermerlər etirazlarını rayon icra strukturlarına çatdırmaq üçün toplantı belə keçiriblər. Bu etirazlar Nazirlər Kabinetinin kartof ixracına əlavə rüsum tətbiq etməsinə dair qərarının doğru addım olub-olmadığına dair müzakirələrə yol açıb.
"Qafqazinfo" xəbər verir ki, sabiq maliyyə naziri, professor Saleh Məmmədovun məsələ ilə bağlı Musavat.com-a dediyinə görə, kartofun qiymətindəki bahalaşma mövsümi xarakterli olub: “Qiymət artımı mövsüm üçün xarakterik bir haldır: köhnə məhsul bitmək üzrədir, yeni isə bazara çıxmayıb. Bir-iki həftəlik müddətdə çox da yüksək həddə olmayan bahalaşma baş verdi. Bu, hər il baş verən prosesdir. Bunu bilə-bilə Nazirlər Kabinetinin kartofun bir tonu üçün birdən-birə 1000 dollar rüsum təyin etməsi məntiqsiz və heç bir iqtisadi qanunauyğunluğa sığmayan addımdır. Bu qərar meşədən meyvə və giləmeyvələrin yığılmasına cərimə tətbiq olunması qərarı qədər absurd, bütün bazar prinsiplərinə ziddir. Digər tərəfdən, son vaxtlar ölkədə müəyyən qədər iqtisadi fəallıq müşahidə olunur, iqtisadi artım müəyyən qədər sürətlənib. Bu isə istər-istəməz qiymətlərə də artım yönündə təsir edir. Qiymətlərin uzun müddət dəyişməməsi və ya azalması iqtisadi durğunluqdan xəbər verir. İnkişaf etmək istəyiriksə, qiymət artımının da davamlı olacağını nəzərə almalıyıq. Hökumət müəyyən iqtisadi rıçaqlarla bahalaşmanın effektiv həddə saxlamağa çalışmalıdır. Bu rıçaqlar bazar iqtisadiyyatı prinsiplərinə uyğun olmalıdır, əks halda, iqtisadi fəallığı zəiflədəcək.
Başqa bir tərəfdən, qərar prezident İlham Əliyevin müəyyən etdiyi qeyri-neft ixracının dəstəklənməsi siyasətinə, islahatlar kursuna qarşıdır. Bu siyasət qeyri-neft məhsullarının ixracının dövlət tərəfindən bir neçə istiqamətdə dəstəklənməsini nəzərdə tutur: ixracın təşviqi, prosedurların sadələşdirilməsi və sair. İxracat ölkənin valyuta ilə təminatı, qeyri-neft istehsalının stimullaşdırılması deməkdir. Bu qərar isə həyata keçirilən siyasətə qarşı yönəlib və düşünürəm ki, prezident onu dayandıracaq”.
S.Məmmədov bildirir ki, faraş kartof böyük əziyyət və maliyyə tələb edən məhsuldur: “Faraş kartof istixana şəraitində yetişdirilir, çox da baha başa gəlir. Yəni əldə olunan məhsulun maya dəyəri yüksək olur. Bunun əziyyətini və xərcini çəkib becərən fermer-kəndli ümidini ona bağlayır ki, məhsulunu xaricə satıb qoyduğu xərci çıxaracaq, əlavə də qazanc əldə edəcək. Nazirlər Kabinetinin qərarı isə onları nəinki əlavə gəlirdən, həm də qoyduqları vəsaiti geri qaytarmaqdan məhrum edir. Çünki faraş kartof-soğanı uzun müddət saxlamaq qeyri-mümkündür, iki-üç həftəyə məhv olub gedir. Məhsulun yenicə çıxarılmasına başlandığı günlərdə bu qərarın verilməsi istehsalçının gözlədiyi bütün gəlirini əlindən almaq deməkdir. Yüz min tonlarla kartofu Azərbaycan bir neçə həftəyə istehlak etmək gücündə deyil. Buna görə də qərar qüvvədə qalarsa, yüz minlərlə ton məhsul məhv olacaq. Digər tərəfdən, ixrac edilən ölkələrlə əvvəlcədən müqavilələr imzalanıb, onlar məhsul gözləyirlər. Bu məhsulu almasalar, növbəti il bir daha Azərbaycandan nəsə almayacaqlar, beləliklə də fermerlər böyük bir bazarı itirmiş olacaqlar və beynəlxalq etibardan düşmə, kəskin ziddiyyətlər olacaq”.
Professor deyir ki, belə qərarlar məhsul istehsalı planlaşdırılarkən elan olunmalıdır: “Minlərlə fermer işini planlaşdırıb, məhsul istehsal edib. Bu adamlara 5-6 ay əvvəldən məlumat verilməliydi ki, onların da işlərini başqa istiqamətdə qurmağa vaxtları olardı. Məsələn, indi qərarı gələn ilin məhsulu ilə bağlı qəbul etmək mümkündür, əgər bu bütün bazar prinsiplərinə uyğundursa. Məhsul yetişən zaman bu cür qərar verlməsi peşəkar baxımından da qəbuledilməzdir. Başqa bir tərəfdən, ötən ilin istehsal dövründə soğanın qiyməti 10 qəpik idi. Dövlət həmin vaxt daxili istehlakı planlaşdırmaqla, məhsulun bir qismini alıb anbarlarda saxlamalı idi. Bu, həm məhsul yetişdiyi dövr üçün hədsiz ucuzlaşmanın qarşısını almağa imkan verərdi, həm də indiki bahalaşma dövründə bazara məhsulla intervensiya edib qiymətləri tənzimləməyə. Bütün dünya bu yolla gedir, çünki bazar iqtisadiyyatı prinsipləri bunu tələb edir. Düşünülməmiş inzibati qərar ciddi siyasi və iqtisadi zərərləri ola biləcək bir addımdır və ümid edirəm ki, dövlət başçısı bu prosesi dayandıracaq”.
Qazaxda top və minaatan mərmisi tapılıb.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 8-i saat 17:53-də Dövlət Sərhəd Xidmətindən Agentliyə Qazax rayonu, Cəfərli kəndi ərazisində 3 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətin əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb.
Agentliyin mütəxəssisləri tərəfindən Qazax rayonun Cəfərli kəndi ərazisində aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (BK-14M) və 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, daşınması mümkün olmadığına görə yerində zərərsizləşdirilib.
Partlamamış hərbi sursatların (PHS) ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Əlavə olaraq Dövlət Sərhəd Xidmətin əməkdaşları tərəfindən Ağstafa rayonun Köhnə Qışlaq kəndi ərazisində partladıcının olması barədə verilmiş məlumata əsasən Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda qeyd olunmuş ərazidə aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd MRV-U partladıcısı və 2 ədəd yanmış-partlamış partladıcı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
"Problemli kreditlərə görə kompensasiya alacaq vətəndaşlarımızın bəzisi Maliyyə Bazarlarına Nəzarət Palatasının istifadəyə verdiyi onlayn portalda öz ödənişi ilə bağlı məlumat əldə etmək istərkən onların sorğusu “əsas kredit borcu üzrə məlumatlar dəqiqləşdirilmə mərhələsindədir və məlumatlar dəqiqləşdiriləndən sonra portala daxil olunacaq” kimi cavablandırılır".
"Qafqazinfo" xəbər verir ki, bu barədə ekspert Vüqar Bayramlı sosial şəbəkələrdə yazıb. O bildirib ki, son günlər bizə olan müraciətlərdə bunun səbəbi və nə zaman dəqiqləşdirmənin başa çatacağı soruşulur:
"Əvvəla, bu heç də həmin vətəndaşımıza kompensasiya düşməməsi anlamına gəlmir. Bu məlumatı alan vətəndaşlarımıza kompensasiya düşürsə, onlar öz vəsaitlərini bütün hallarda digərləri kimi bu ayın sonundan etibarən alacaqlar. Bizdə olan məlumata görə, dəqiqləşdirmə bəzi banklarda olan məlumatlar ilə Mərkəzləşdirilmiş Kredit Reysterində (MKR) olan rəqəmlərin üst-üstə düşməməsi ilə bağlıdır. Devalvasiyalar zamanı əsas kredit məbləğləri üzrə bəzi banklarda MKR-da olan rəqəmlərdən fərqli məlumatlar var. Devalvasiyalardan sonra, 2016-cı il fevralın 3-də, yaradılan palata devalvasiyalaradək olan bütün məlumatları dəqiqləşdirdikdə sonra kompensasiya məbləğlərini hesablaya bilər. Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən bütün siyahılar sənədə təsdiq olunduqdan 45 gün ərzində dəqiqləşdirilməlidir. Bu o deməkdir ki, belə mesaj alan vətəndaşlarımız ilə bağlı məlumatlar ən geci aprelin 15-dək dəqiqləşdiriləcək. Deməli, ən geci növbəti bazar ertəsinədək bütün vətəndaşlarımızın kompensasiya məbləğləri ilə məlumatlar portala daxil olunmalıdır".
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalinin artım səviyyəsi ilə bağlı məlumat yayıb.
"Qafqazinfo"ya daxil olan məlumatda qeyd edilir ki, 2003-cü ilin əvvəlindən ölkə əhalisinin sayı 18 faizdən çox və ya 1 milyon 731 min nəfər artıb. Azərbaycanda hər il doğulanların sayı artır, misal üçün 2018-ci ildə ölkədə 139 min doğulmuş körpə qeydə alınıb. Ölkəmizdə doğulanların sayı ölənlərin sayını 2-2,5 dəfə üstələyir. Müsbət miqrasiya saldosu davam edir. 2018-ci ildə daimi yaşamaq üçün ölkəmizə gələnlərin sayı gedənlərin sayından iki dəfədən çox olub. 2003-cü ildə ölkədə doğulanda gözlənilən ömür uzunluğu 72,3 yaş (o cümlədən kişilər arasında 69,5 yaş, qadınlar arasında 75,1 yaş) idisə, 2018-ci ildə bu göstərici 75,6 yaşa (o cümlədən kişilər arasında 73,1 yaşa və qadınlar arasında 77,8 yaşa) çatıb.
ABŞ-ın Viskonsin ştatında 23 yaşlı ukraynalı Tatyana Qujva qəddarlıqla qətlə yetirilib. Hüquq-mühafizə orqanları qətlin törədilməsində onun həyat yoldaşı Fuad Paşayevi şübhəli bilirlər.
“Qafqazinfo” “uapost.us” portalına istinadən xəbər verir ki, Viskonsin-Dels şəhərinin polis departamentindən bildirilib ki, Qujvanın meyiti aprelin 4-ü axşam saatlarında Vaşinqton bulvarında yerləşən evdə tapılıb.
Polis onun 31 yaşlı əri Fuad Paşayevi şübhəli qismində saxlayıb.
İlkin məlumata görə, Paşayevə qarşı hələ yanvar ayında məişət zorakılığına görə 11 bənd üzrə ittiham irəli sürülüb. Belə ki, o zaman da zərərçəkmiş Tatyana olub.
Hazırda iş Kolumbiya dairə məhkəməsinin sərəncamındadır. Şübhəliyə qarşı boğma, azadlıqdan qanunsuz məhrumetmə, əmlakın məhv edilməsi, hücum və daha beş qanundan kənar davranış tərzi üzrə ittihamlar irəli sürülüb.
Qeyd olunur ki, T. Qujva hələ yanvarın 3-də polisə müraciət edərək Paşayevin onu öldürəcəyindən qorxduğunu deyib. O bildirib ki, birlikdə yaşadıqları üç il ərzində Paşayev alkoqollu içkilər qəbul edib və dəfələrlə onu döyüb.
Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fləşmob keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, 200-dən artıq rayon gəncinin iştirak etdiyi fləşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.
Fləşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.
Zaqatala və Qax rayonunda zəlzələ olub.
Report-un məlumatına görə, zəlzələ yerli vaxtla saat 12:26-da Zaqatala rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.
Dənizkənarı Bulvar İdarəsinin Milli Arxiv İdarəsində apardığı araşdırmalar nəticəsində Bulvarın yaranma tarixi ilə bağlı yeni sənədlər əldə edilib.
Bulvar İdarəsindən Trend-ə verilən məlumata görə, tarixi faktlar Bulvarın yaranma tarixinin aprelin 7-dən başladığını göstərir.
Məhz 7 aprel 1909-cu ildə Bakı Şəhər İdarəsinin Tikinti şöbəsinin rəisi Məmməd Həsən Hacınski Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. M.Hacınskinin alovlu çıxışı dənizkənarı bulvarın salınmasında önəmli rol oynayır. Aprelin 9-da “Kaspi” qəzetinin 77-ci sayında Hacınskinin Dənizkənarı bulvarın tikintisi ilə bağlı iclasdakı məruzəsi çap olunur. O, çıxışında şəhərdə yeganə olan Mixaylovski bağının azlıq etdiyini, şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün geniş bir yerin ayrılmasının zəruriliyini vurğulayır. Hacınski çıxışında əsaslandırırdı ki, iqtisadi cəhətdən də sərfəlidir - yeni salınacaq dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşkləri şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gəlir gətirəcək. Nəticədə Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq, bu layihənin icrasına 10 min rubl ayırır. M.Hacınskinin bu layihəsi Bulvarın salınması tarixində ilk maliyyələşdirilmiş sənəd idi.
Aparılan tədqiqatların nəticəsi Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutuna, Memarlıq və İncəsənət İnstitutuna, Azərbaycan Respublikası Memarlar İttifaqına rəsmi olaraq təqdim olunub. Yekun olaraq bu qurumlar Dənizkənarı bulvarın yaradılma tarixinin 7 aprel 1909-cu ildən başlanmasına dair müsbət rəylər veriblər.
Qeyd edək ki, bu il Dənizkənarı bulvarın yaradılmasının 110 ili tamam olur. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.
2016-cı ilin aprel ayının 2-dən 5-dək cəbhə xəttində gərginliyin artmasının və Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatlar törətmək cəhdinin qarşı tərəfdən əvvəlcədən planlaşdırıldığına şübhə yoxdur.
Bu sözləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı Axar.az saytının sorğusuna cavab olaraq deyib.
O bildirib ki, 2016-cı ilin əvvəllərindən Ermənistanın silahlı qüvvələri təxribatlarını artıraraq cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin dinc əhalisinin atəşə tutulmasını daha da gücləndirdi:
“Erməni tərəfi iriçaplı silahlardan, qumbaraatan, minaatan, eləcə də kalibri 120 mm-dən yuxarı olan artilleriya sistemlərindən istifadə etməyə başladı. Azərbaycan Ordusunun bölmələri hər dəfə düşmənə zərbə vuraraq onu canlı qüvvə və döyüş texnikası sarıdan itkiyə məruz qoyurdu.
2016-cı ilin aprel ayının 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz müxtəlif silahlardan intensiv atəşə tutuldu. Eyni zamanda qoşunların təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qaldı.
Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən hərbi hissələr, artilleriya bölmələri və digər qoşun növlərinin birgə əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə erməni silahlı bölmələrinə qarşı cavab tədbirləri görüldü”.
V.Dərgahlı bildirib ki, əməliyyat zamanı Ermənistan silahlı qüvvələrinin Ağdərə, Madagiz və digər yaşayış məntəqələrindən hərəkətə gətirmək istədiyi ehtiyat qüvvələri bölmələrimizin önləyici zərbələri ilə dağıdıldı:
“Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məlumatlara görə, 320-dən artıq düşmən məhv edildi və minədək erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Ordumuz tərəfindən 2000 hektardan artıq ərazi azad edildi və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçdi.
Azərbaycan Ordusunun həyata keçirdiyi bu əks-həmlə əməliyyatının əsas məqsədi - erməni hərbi birləşmələrinə zərbə vuraraq onları təmas xəttində yerləşən kəndlərimizdə yaşayan dinc əhaliyə qarşı mütəmadi olaraq törətdikləri təxribatlarının qarşısının alınması və yaşayış məntəqələrimizi hədəfə alan atəş nöqtələrinin təsirinin azaldılmasından ibarət idi. Bu tapşırıq da uğurla yerinə yetirildi”.