Bakıda üçmərtəbəli bina yanır

Bakının Nəsimi rayonu ərazisində, Füzuli və Topçubaşov küçələrinin kəsişməsində, “Günaybank”ın arxasında 3 mərtəbəli bina yanır.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, yanğın zamanı xəsarət alanlar var.

Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, təcili yardım briqadaları hadisə yerindədir. 57 yaşlı qadın başın 2-ci dərəcəli yanığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb. 16 yaşlı oğlan isə zəhərlənmə diaqnozu ilə həmin xəstəxananın taksikologiya şöbəsinə yerləşdirilib.

8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb

 

Bu günədək artıq 8300 vətəndaşa avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunmuş qanunla pensiya təyinatının 2019-cu il 1 yanvar tarixindən avtomatlaşırılmış rejimdə həyata keçirilməsi sosial təminat sistemində proaktiv xidmətə keçid istiqamətində ilk mühüm addımdır.

Bununla da pensiya yaşına çatmış şəxslərin heç bir sənəd toplamadan və heç yerə müraciət etmədən pensiya hüquqları elə pensiya yaşı çatan gün reallaşdırılır və özlərinə də bu barədə e-qaydada məlumat göndərilir.

Eyni zamanda, fərdi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı qeydə alınan pensiya yaşı çatmış şəxslərə 2006-cı ilin yanvarın 1-dək 25 il sosial sığorta stajı avtomatik hesablanır ki, bu da onların pensiya təminatı sistemi ilə əhatə olunmasına imkan verib.

 

Dünən 43 nəfər saxlanılıb

 

Aprel ayının 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb. 

DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 22 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 26 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 16 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

 

 
Prezident şeyxlə bağlı sərəncam verdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Nazirin növbəti görüşü

 

Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev aprelin 9-da Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun rektoru, Mədəniyyət və İncəsənət Təhsil Müəssisələri Assosiasiyasının prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Vladimir Malışevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, Rusiya nümayəndə heyəti “MDB ölkələrində Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu günləri. Dünyanın ilk kino məktəbinin 100 illiyi” layihəsi çərçivəsində ölkəmizdə səfərdədir.

Nazir Əbülfəs Qarayev qonaqları salamlayaraq mədəniyyət sahəsində iki ölkə arasında əlaqələrin dinamik inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu bildirib. Nazir qeyd edib ki, kinematoqrafiya ilə bağlı birgə təşəbbüs və layihələrin həyata keçirilməsi iki ölkənin mədəni əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfə olardı. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu arasında əməkdaşlığa dair sazişin imzalanmasına toxunan nazir vurğulayıb ki, bu, birgə tədbirlərin, konfransların, ustad dərslərinin, tələbə mübadiləsinin təşkil olunmasına xidmət edəcək.

Görüşdə Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun professorları – Rusiyanın xalq artistləri Vladimir Fokin,  institutun kafedra müdiri Vladimir Xotinenko, institutun emalatxana rəhbəri Tatyana Yakovlyova, tədris-yaradıcılıq emalatxanasının rəhbəri İqor Klebanov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova  da iştirak ediblər.

 


 

 

Azərbaycan beynəlxalq sammitdə təmsil olunur

Azərbaycan İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammitində (WSIS-2019) təmsil olunur.

“Qafqazinfo” xəbər verir ki, sammitdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndə heyəti iştirak edir.

Sözügedən sammit BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə şərait yaradan çoxsaylı maraqlı tərəflərin platformasıdır. Bu tədbir inkişafda olan informasiya cəmiyyətinin yeni tendensiyalarını müəyyən etmək, informasiya mübadiləsi və qabaqcıl təcrübələrin bölüşdürülməsi baxımından unikal imkanlar yaradır.

Bu il sammit “Dayanıqlı İnkişaf Məqsədlərinin əldə olunması üçün İnformasiya-Kommunikasiya Texnologiyaları”  mövzusunda öz işinə başlayıb və 12 aprel tarixinədək davam edəcək.

Bununla da, artıq illərdir ki, WSIS bütün maraqlı tərəflər üçün “ədalətli və bərabərhüquqlu informasiya cəmiyyəti” platformasını təşkil etməkdədir.

Forum çərçivəsində 9-10 aprel tarixlərində yüksək səviyyəli siyasi sessiyalar keçiriləcək. Hökumət, özəl sektor və ictimai təşkilatların yüksək səviyyəli təmsilçiləri tərəfindən İKT sahəsində yaranmaqda olan tendensiyalar, imkanlar və  çağırışlar müzakirə olunacaq.

Sammit çərçivəsində “İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti - 2019 Mükafatları” (WSIS Prizes - 2019) da sahiblərinə təqdim olunacaq. Ölkəmiz  müsabiqəyə “Made in Azerbaijan” brendi ilə layihələr təqdim edib.

 


 
Bakının mərkəzindəki tıxacı azaltmaq üçün bu yeniliklər ediləcək

 

Paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, mövcudlarındakı çatışmazlıqlar aradan qaldırılacaq. Həmçinin yol nişanları yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil ediləcək.

Layihəyə uyğun olaraq artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. Davamlı olaraq digər kəsişmələrdə də müvafiq işlər aparılmaqdadır.

İlkin hesablamalara əsasən 74 yol kəsişməsi layihəsinin icrası ilə şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyat şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşacaq. Yolların nəqliyyat buraxma qabiliyyəti artacaq, hərəkətin intensivliyi təmin ediləcək. Bu isə öz növbəsində hərəkət iştirakçılarının xüsusən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin tıxacda qalaraq lüzumsuz vaxt itirməsinin qarşısının alınması baxımından əhəmiyyətlidir.

 

 

 
Babək prospektində yol yenə çökdü

 

Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub.

“Qafqazinfo” “XəzərXəbər”ə istinadən xəbər verir ki, yolun bir hissəsində yaranan çökəklik bu yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər məcbur olaraq ya avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.

Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.

Sürücülər deyir ki, yolda yaranan maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq ya sağa sola çəkməli olur. Nəticədə isə digər sürücülər üçün real qəza şəraiti yaranır. Xüsusilə də axşam qaranlıq saatlarında çuxuru görmək daha çətin olur.

Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən isə bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq.

 

 

Azərbaycan İrana yardım göndərdi

 

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan Hökuməti adından İran İslam Respublikasında aramsız yağan yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar cari ilin aprel ayının 10-da bu ölkəyə humanitar yardım yola salıb.

“Qafqazinfo” xəbər verir ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 ədəd çadır, 150 ədəd müxtəlif parametrli su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, “Katerpiller” və “Komatsu” markalı 2 ədəd ekskavator daxildir.

 


 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 12-də saat 11:00-da Quba şəhərində vətəndaşları qəbul edəcək.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, Qubadakı Heydər Əliyev Mərkəzinin binasında keçiriləcək qəbulda yalnız Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı 11 aprel 2019-cu il tarixində Heydər Əliyev Mərkəzinin binasında saat 09.00-dan başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər lenti