Ermənistan ordusunun Baş Qərargah rəisi Edvard Asryan 2-ci Ordu Korpusunda olub və bölmələrdə baş vermiş insidentləri (iki zabitin güllələnərək öldürülməsini – red.) komandanlıqla müzakirə edib.

"Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Asryan baş verənlərin səbəblərini düzgün aydınlaşdırmaq, eləcə də gələcəkdə bunun baş verməməsi üçün mümkün olan hər şeyi etməyi tapşırıb.

Qeyd edək ki, ötən gün Göyçə bölgəsində, Basarkeçər rayonundakı mövqelərdə (2-ci Korpusun məsuliyyət zonasına daxildir) iki ölümcül insident baş verib. Belə ki, yanvarın 9-da saat 06:20-də döyüş mövqeyində müqaviləli əsgər Karen Karapetyanın güllə yarası ilə meyiti aşkar edilib. Həmin gün saat 11:30-da isə baş leytenant Mikael Danielyanın güllə yarası ilə meyiti başqa mövqedən aşkar edilib.

Azərbaycandan Fransa XİN-ə cavab

Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir.

"Bunları Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualına cavabında deyib.

"Fransa Respublikasının vətəndaşı Martin Rian 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.

Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvalamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqda əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan ediliblər.

Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq", - A.Hacızadə deyib.
Paşinyan komandasının Göyçə gölü sahilindəki ziyafətində nə baş verib?.. - “Hraparak”

“Paşinyan ilin yekunları ilə bağlı toplantıda komandasına qarşı elə davranıb ki, bəzilərində elə təəssürat yaranıb ki, vəzifələrindən məhrum olanların bir qismi yaxın gələcəkdə yeni, daha yaxşı vəzifələr alacaq…”

Moderator.az xəbər verir ki, bunu “Hraparak” nəşri yazır.

Söhbət ondan gedir ki, 2023-cü il dekabrın 23-də “Vətəndaş sazişi”(“VS”) partiyasının bütün elitası “Sevan” adlandırılan Göyçə gölünün sahilindəki hökumət malikanəsində qonaq olub və gecə yarısına qədər bayram öncəsi şənlik keçirib.

“İclasda Ermənistan prezidenti Vaaqn Xaçaturyan da iştirak edib. Üstəlik, baş prokuror, daxili işlər naziri və digər partiya üzvü olmayanlar iştirak etməyiblər. Yəni toplantı sırf “VS”-nin toplantısı olub. Vaaqn Xaçaturyan da özünün himayə etdiyi indi artıq keçmiş yüksək texnologiyalar sənayesi naziri, tezliklə prezident fərmanıyla azad olunacaq Robert Xaçatryanla yanaşı əyləşib”, - deyə xəbərin davamında bildirilir.

Xəbərdə tədbir zamanı Ermənistan baş nazirinin kefinin kök olduğu vurğulanır.

“Paşinyan prezidentin sağlığına tost söyləyərək ona xüsusi hörmət edib. Ümumiyyətlə, onun əhval-ruhiyyəsi yaxşı olub, komanda yoldaşlarına qarşı heç bir inciklik ifadə etməyib. O, bəzi hökumət üzvlərini, o cümlədən az sonra işdən çıxarılan yüksək texnologiyalar sənayesi nazirini tərifləyib… Bundan sonra bəzi “VS” üzvləri də güman ediblər ki, həqiqətən növbədənkənar seçkilərə gedirlər, burada hər bir səs və hər bir seçici vacibdir”- erməni qəzeti belə yazır.

Xatırladaq ki, dekabrın 29-da vəzifəsindən azad edilən Ermənistanın yüksək texnoloji sənaye naziri Robert Xaçatryan Rusiya telekanallarının ölkədə yayımının dayandırılmasının əleyhinə olub…h

İsveçdə də müharibə ola bilər, xalqımız müharibəyə hazır olmalıdır.

Bunu İsveçin Mülki Müdafiə naziri Karl Oskar Bohlin beynəlxalq konfrnasda çıxışı zamanı deyib.

"Rusiyanın Ukraynaya hücumu nəticəsində onsuz da pis olan Avropada təhlükəsizlik vəziyyəti son bir ildə daha da pisləşib. Rusiyanın sürətlə silahlanmasına çox ciddi yanaşmaq lazımdır", - nazir qeyd edib.

Rusiyanın ciddiyə alınması lazım olduğunu bildirən Bohlinin sözlərinə görə, təxminən 210 ilə yaxındır ki, sülh isveç xalqı üçün xoş yoldaş olub. "Lakin bu gün belə deyil. Təhlükəsizlik vəziyyəti pisləşib. Mən məsul bir nazir kimi bu faktı İsveç xalqına izah etməliyəm".

İsveç hökumətinin ölkənin müharibəyə gedə biləcəyi ilə bağlı zehni şüur yaratmaqla müdafiə qabiliyyətini artırmağa çalışdığını bildirən Bohlin, Ukraynanın Rusiyaya qarşı müqavimətini də nümunə götürdüklərini bildirib.

 

Ankara Fələstin-İsrail münaqişəsinin həlli üçün Yaxın Şərq regionunda əlaqələrdən istifadə etməyə hazırdır. Bunu ABŞ dövlət katibi Antoni Blinken Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan və Türkiyə xarici işlər naziri Hakan Fidanla danışıqlardan sonra bildirib.

“Türkiyə münaqişənin sona çatması və davamlı sülh və təhlükəsizliyə aparan yol tapılması üçün görüləcək işlərdə müsbət rolda olmağa hazırdır”, - deyə Blinken Krit adasında jurnalistlərə açıqlamasında bildirib.

“Düşünürəm ki, onlar əvvəlki kimi, münaqişənin gərginliyini azaltmaq və yayılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etmək üçün regionun ən mühüm oyunçularından bəziləri ilə mövcud əlaqələrdən, təsirlərdən və münasibətlərdən istifadə etməyə hazırdırlar”, - deyə dövlət katibi qeyd edib.

Blinken münaqişənin genişlənməsinin qarşısının alınmasının vacibliyini bir daha vurğulayıb. O əlavə edib ki, münaqişənin gərginliyini azaltmaq üçün atıla biləcək əlavə addımları araşdırmaq üçün yaxın günlərdə regiondakı müttəfiqləri və tərəfdaşları ilə danışıqları davam etdirmək niyyətindədir.
“7 oktyabrın bir daha təkrarlanmaması və hamı üçün davamlı, dinc və təhlükəsiz gələcəyə aparan yolu təmin etmək üçün atılması lazım olan addımlara diqqət yetirəcəyik”, - deyə Blinken əlavə edib.

Qeyd edək ki, Blinken daha əvvəl İstanbulda Ərdoğan və Fidanla görüşlər keçirib. Tərəflər Fələstin-İsrail münaqişəsini, Ukraynanı, eləcə də İsveçin NATO-ya daxil olması prosesini müzakirə ediblər.

Avropa İttifaqı Şurasının sədri Şarl Mişel vəzifəsini vaxtından əvvəl tərk edə bilər.

“Bu barədə məlumatı Ş.Mişel Belçika qəzetlərinə müsahibəsində açıqlayıb.

Buna səbəb isə Mişelin Avropa Parlamentinə bu ilin iyun ayında keçiriləcək seçkilərdə iştirak etmək niyyətində olmasıdır.

“2024-cü ildə keçiriləcək seçkilərdə iştirak etmək qərarına gəlmişəm. Seçilsəm, öz yerimi tutacağam. Avropa Şurası isə iyunun sonunda və ya iyulda yeni sədri elan edə bilər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Şarl Mişel 2019-cu ildən Avropa İttifaqı Şurasına rəhbərlik edir. Bundan əvvəl isə Belçikanın Baş naziri olub. Onun Aİ Şurasının Prezidenti olaraq səlahiyyət müddəti cari ilin noyabrında başa çatır. Avropa Parlamentinə seçkilər isə iyunun 6-dan 9-na qədər keçiriləcək.

Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Ukraynaya səfər edib.

Bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Onun ukraynalı həmkarı Dmitri Kuleba ilə danışıqlar aparacağı gözlənilir.

Kamikavanın Polşa, Finlandiya, həmçinin ABŞ və Türkiyəyə səfər edəcəyi bildirilib.

Onun Ukraynaya səfəri barədə əvvəlcədən məlumat verilməyib.

 

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsini türk dünyası ilə birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin 2028-ci ildə həyata keçirilə biləcəyini bildirib.

O, bu barədə “Tvnet”ə müsahibəsində danışıb.

Nazir söyləyib ki, qarşıdakı 5 ildə dəhlizlə bağlı işlər davam edəcək: “Son vaxtlar bu məsələdə Ermənistandan da müsbət mesajlar var. Dəhlizin 43 kilometrlik hissəsi Ermənistan ərazisindədir. Oranın planlaşdırılması da başa çatanda məsələ həllini tapmış olacaq. Beləliklə, biz türk dünyasına daha rahat çata biləcəyik”.

A.Uraloğlu diqqətə çatdırıb ki, İran da Zəngəzur dəhlizinə qoşulmaq istəyir: “Bunun üçün İranla Türkiyə arasında müzakirələr gedir. Bizim üçün Zəngəzur dəhlizi çox vacibdir. İranın bu layihəyə qoşulmasına da kömək edə bilərik. Zəngəzur dəhlizinin Türkiyə tərəfindən 224 kilometrlik hissəsi ilə bağlı addımlar atmışıq. İnşallah, 2028-ci ildə bütün işləri tamamlayacağıq”.

İranın Kirman şəhərində baş vermiş terror aktı ilə əlaqədər 32 nəfər həbs olunub.

Bu barədə İran KİV-i məlumat yayıb.

Bildirilib ki, tədbirlər davam edir.

Qeyd edək ki, yanvarın 3-də Kirman şəhərində iki partlayış törədilib. Nəticədə 103 nəfər ölüb, 211 nəfər yaralanıb. İndiyədək ölənlərdən 84 nəfərin şəxsiyyəti müəyyənləşdirilib.

Məlumata görə, partlayışları terrorçu-kamikadzelər törədib. İran Prezidenti İbrahim Rəisi terror aktının qisasının alınacağını bildirib.

Pekin ABŞ-ın Tayvan administrasiyasına silah tədarükü, Vaşinqtonun Çin müəssisələri və fiziki şəxsləri ilə bağlı məhdudiyyətləri ilə əlaqədar ABŞ-ın beş şirkətinə qarşı cavab sanksiyaları tətbiq edəcək.

Bu barədə Çinin Xarici İşlər Nazirliyi xəbər yayıb.

“ABŞ Çinin Tayvan bölgəsinə silah satmaqla “vahid Çin” prinsipini açıq şəkildə pozur və müxtəlif bəhanələrlə Çin müəssisə və şəxslərinə qarşı qeyri-qanuni birtərəfli sanksiyalar tətbiq edir”, - Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.

ABŞ tərəfinin yuxarıda göstərilən ciddi qanun pozuntularına cavab olaraq, ÇXR-in “Xarici sanksiyalara qarşı Qanunu”na əsasən, Pekin “BAE Systems Land and Armament”, “Alliant Techsystems Operation”, “AeroVironment”, “ViaSat” və “Data Link Solutions” şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

Xarici İşlər Nazirliyi aydınlaşdırıb ki, tətbiq edilən sanksiyalar bu şirkətlərin Çin ərazisindəki daşınmaz əmlakı da daxil olmaqla aktivlərinin dondurulmasını nəzərdə tutur.

“Təşkilatlar və şəxslərə onlarla əqdlər bağlamaq, əməkdaşlıq etmək və ya digər qarşılıqlı fəaliyyət növlərini həyata keçirmək qadağandır”, - bəyanatda vurğulanır.

Xəbər lenti