![]() |
|
Qlobal investorlar ilin birinci yarısında Çinin fond bazarına yatırdıqları vəsaitlərin təxminən 90 faizini bu yaxınlarda geri çəkiblər.
Bu barədə "Financial Times" məlumat verir. Nəşr yazır ki, bu, Pekinin iqtisadi artımı sürətləndirmək üçün ciddi addımlar atmağa hazır olduğuna dair artan şübhələrdən qaynaqlanır.
Avqustun əvvəlində ölkənin fond bazarına xalis xarici valyuta daxilolmaları Çin hakimiyyətinin iqtisadiyyata daha əhəmiyyətli dəstək vermək vədləri fonunda 235 milyard yuana (33 milyard dollar) çatıb. Bununla belə, Stock Connect məlumatlarına əsaslanan FT hesablamalarına görə, bu rəqəm indi 87 faiz azalaraq 30,7 milyard yuana düşüb (Honq Konq Birjası ilə Şanxay və Şençjendəki saytlar arasında ticarət modeli).
Treyderlər və analitiklər hesab edirlər ki, geri dönüş qlobal fondlar arasında dünyanın ikinci ən böyük iqtisadiyyatının perspektivləri ilə bağlı bədbinliyi əks etdirir. Beynəlxalq investorlar avqust ayından - daşınmaz əmlak nəhəngi “Country Garden”in istiqrazları üzrə ödənişlərini icra edə bilməməsindən sonra ölkənin əmlak sektorunda likvidlik böhranının kəskinliyi üzə çıxdıqdan bəri xalis satıcı olublar.
“UOB Kay Hian”ın baş investisiya direktoru Vanq Tsi bildirib ki, etibar məsələsi daşınmaz əmlakdan kənara çıxır: “Baxmayaraq ki, daşınmaz əmlak əsas mövzudur. Mən istehlakçı inamını, biznes etibarını və investor etibarını nəzərdə tuturam - həm yerli, həm də xarici".
Çin səhmləri, son həftələrdə bir sıra müsbət iqtisadi məlumatlara və ABŞ-Çin münasibətlərində ilıqlaşma əlamətlərinə baxmayaraq, qlobal bazarlarda aşağı performans göstərməyə davam edib. Bununla belə, ABŞ-ın S&P 500 indeksinin bu aykı 4,7 faizlik artımından fərqli olaraq, Çinin Şanxay və Şençjendə siyahıda olan şirkətləri əhatə edən CSI 300 indeksi 3 faizdən çox azalıb. Xaricilər tərəfindən Çin səhmlərinin xalis satışı dekabr ayında təxminən 26 milyard yuana çatıb.
CSI 300 indeksi bu il dollar ifadəsində 15 faizdən çox aşağı düşüb. Müqayisə üçün qeyd edək ki, Yaponiyanın Nikkei 225 indeksi 28 faiz, Cənubi Koreyanın Kospi indeksi 19 faiz, S&P 500 indeksi 25 faiz, Avropanın Stoxx 600 indeksi isə 13 faiz artıb.(Musavat.com)
Türkiyədə Şimali Mərmərə şosesində zəncirvari qəza baş verib.
Türkiyə mediası xəbər verir ki, 3-ü avtobus və 1 yük maşını olmaqla 7 nəqliyyat vasitəsinin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Qəza səbəbindən magistralın İstanbul istiqamətində nəqliyyat dayanıb.
Sakarya Böyükşəhər bələdiyyə başçısı qəzanın sıx sis səbəbi ilə meydana gəldiyini bildirib.
Sakarya Vilayət rəisi isə maşından düşən sərnişinləri arxadan gələn avtomobilin vurduğunu deyib.
Ədliyyə naziri Yılmaz Tunç qəzaya 3 baş prokurorun təyin edildiyini açıqlayıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Ermənistana Qarabağ məsələsində daha dərinə getməməyi məsləhət görürəm. Bu bizə heç nə vermir.
Globalinfo.az xəbər verir ki, bunu Qarabağdan Ermənistana köçən separatçıların nümayəndəsi Samvel Babayan deyib.
“Ermənistan üçün, sülh üçün gəlin sakit oturaq. Proses öz axarı ilə getsin. İrəvan Bakı ilə sülh danışıqları aparır, buna qarışmayaq. Qarabağ məsələsində nizam-intizam yox idi, səhifə bağlandı. Elə davranaq ki, sonralar sülh sazişinin əldə olunmasında problem yaranarsa, günahkar Qarabağdan gələnlər olmasın. Bu məsələnin daxil edilmədiyi bir müqavilə imzalamağa hazırdırlar, qoy etsinlər. Ermənistana sülh gətirəcəksə, bu addımı atsınlar”, – S.Babayan deyib.
Şimali Koreya lideri Kim Çen In Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumunun ikinci günündə ABŞ-nin, Koreyanın “görünməmiş” intriqaları səbəbindən müharibəyə hazırlaşmaq üçün səyləri gücləndirməyə çağırıb.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
“ABŞ və onun əlaltılarının respublikamıza qarşı misli görünməmiş intriqaları nəticəsində Koreya yarımadasında son həddə çatan ciddi hərbi-siyasi vəziyyətin dərin təhlili əsasında Xalq Ordusuna hərbi sənaye, nüvə silahı və mülki müdafiə sahələri üzrə müharibəyə hazırlığın təkmilləşdirilməsini daha da sürətləndirmək həvalə edilib”, - deyə agentliyin açıqlamasında bildirilir.
Şimali Koreya lideri, həmçinin, antiimperialist və müstəqil ölkələrlə strateji əməkdaşlıq əlaqələrini genişləndirməyi söz verib.
Qeyd olunur ki, Kim Çen In xarici siyasət və Cənubi Koreya ilə əlaqələr üzrə istiqamətləri də müəyyənləşdirib.
Dekabrın 27-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin IX Plenumu açılıb. Onun məqsədi bu ilin nəticələrini nəzərdən keçirmək və 2024-cü il üçün planlar hazırlamaqdır.
Onu artıq “Rusiyanın Tixonovskayası” adlandıranlar var. Kreml onu nəinki seçkidə namizəd statusunda iştiraka, hətta imzatoplama kampaniyasına belə buraxmaq istəmir. Çünki o, Kremlin “cib müxalifəti” deyil və bunu hamı, elə həmin “cib müxalifəti”nin təmsilçiləri də bilir və etiraf edirlər...
Söhbət Putinin sağa-sola ölüm, təhdid, repressiyalar yağdırdığı bir zamanda müstəqil namizəd kimi prezidentliyə iddiasını ortaya qoyan Tver vilayətinin Rjev şəhərindən olan jurnalist Yekaterina Duntsovadan gedir. Hüquq və telejurnalistika sahəsində iki ali təhsilə malik, həmçinin bir neçə il əvvəl Rjev şəhər Dumasının deputatı olan Duntsovanın üç övladı var. Buna baxmayaraq, artıq onu Rusiya siyasi səhnəsində son illərin ən cəsarətli qadını hesab edənlər var. Çünki Duntsova belə bir təhlükəli dönəmdə - Kremlin öz “yetirməsi” olan Priqojini havada partlatdığı, Navalnını uzaq şərqə sürgünə göndərdiyi, Rusiya ziyalı elitasını hətta “xüsusi hərbi əməliyyatı” öz adı ilə - “müharibə” adlandırdığı üçün ölkədən didərgin saldığı, həbs etdirdiyi, “xarici agent” damğası vurduğu, bir sözlə, açıq repressiyaların hökm sürdüyü bir vaxtda sadəcə, prezidentliyə namizədliyini irəli sürməyib. O, həm də ilk bəyanatlarındaca Ukraynada müharibənin dayandırılması, sülh danışıqlarının başlanması və Navalnı da daxil olmaqla, bütün siyasi məhbusların azad edilməsi tələblərilə çıxış edib, öz siyasi islahatlar proqramını təqdim edib.
Müasir Rusiyada belə tələblərlə çıxış edərək, prezidentliyə namizədlik iddiasını ortaya qoymaq xüsusilə də bir qadın üçün doğrudan da böyük cəsarət tələb edir və böyük ehtimalla Navalnının, hətta Priqojinin aqibətini yaşamaq perspektivinin siqnallarını verir...
Duntsovanın prezidentlik iddiası artıq Kremlin onu seçkiyə buraxmayacağı təqdirdə belə geniş ictimai rezonansa səbəb olub. Jurnalistlər onu Vladimir Putinə, Ukrayna ilə müharibəyə qarşı çıxan və rusiyalı siyasi məhbusların azad edilməsini tələb edən yeganə namizəd adlandırırlar.
Artıq Kreml bu potensial namizədi “sevmədiyini” dərhal nümayiş etdirib. Onun öz tərəfdarları ilə görüş keçirdiyi binanın elektrik enerjisi kəsilib. Onun “VTB Bank”dakı hesabı bağlanıb, ödənişləri dayandırılıb, özü prokurorluğa “söhbət üçün” çağırılıb və s. Ən əsası isə onun tərəfdarları imzatoplama kampaniyasına buraxılmayıb. Belə ki, dekabrın 20-də Duntsovanın namizədliyi üzrə təşəbbüs qrupu qeydiyyat üçün sənədləri MSK-ya təqdim edib. Ayın 23-də isə Mərkəzi Seçki Komissiyası təşəbbüs qrupu üzvlərinin təqdim etdikləri sənədlərdə 100 ədəd səhv aşkar edildiyini bildirərək qeydiyyatdan imtina edib. Beləliklə də, hələ ki, Duntsova onun namizədliyinin müdafiəsi üçün imzatoplama mərhələsinə belə buraxılmayıb.
İlk baxışdan belə sual yaranır ki, Kreml cəmi 300 minlik “telegram” kanalı olan və namizədliyini irəli sürənə qədər demək olar, heç kimin tanımadığı bir jurnalist xanımdan nədən bu qədər ehtiyat edir, hətta qorxur? Məsələ ondadır ki, Duntsovanı Putin üçün təhlükəli edən onun hansısa siyasi çəkisi, siyasi bacarıqları, nüfuzu və s. yox, daşıdığı ideya, seçicilərə təklif etdiyi sülh, əminamanlıq, inkişaf gündəliyidir. Rusiya cəmiyyəti hər nə qədər aqressiv, “çar sevən”, imperiyaçı, şovinist xüsusiyyətlərə malik olsa da, artıq müharibədən, ölümlərdən, bütün dünyada “izqoy” olmaqdan, iqtisadi imkanların daralmasından yorulub. Putin isə faktiki olaraq, müharibə, ölüm təhlükəsi, tənəzzül və təcriddən başqa rusiyalılara heç nə vəd etmir. Ona görə də Duntsovanı cazibədar edən yalnız onun təmiz reputasiyası, siyasətdə yeni sima olması, cəsarəti və digər şəxsi keyfiyyətləri deyil, Putindən fərqli olan yeni bir gələcək vəd etməsi, müharibəyə son qoymaq, Rusiyanı dünyaya açmaq və repressiyalar ab-havasını yumşaltmaq perspektividir. Məhz bunlardır Putini və onun rəhbərlik etdiyi hakim klanı qorxudan...
Məlum məsələdir ki, 2024-cü ildə Rusiyada həmişəki kimi real prezident seçkiləri olmayacaq. Müvafiq olaraq, bu prosedurda heç bir müxalifət və ya müstəqil namizəd iştirak edə bilməz və bilməyəcək. Əgər belə olmasaydı, Kreml mütləq hamını, o cümlədən Duntsovanı qeydiyyata alardı.
Buna baxmayaraq, Duntsova hələ ki, təslim olmur. O da maraqlıdır ki, ondan təkcə Kreml yox, Rusiyadakı ənənəvi müxalifət də qorxur. Belə ki, o, imzatoplama kampaniyasına buraxılmadığı üçün “Yabloko” kimi köklü partiyaya müraciət edərək, ona həmin partiya tərəfindən namizədliyinin irəli sürülməsini təklif edib. Lakin partiya lideri Qriqori Yavlinski Duntsovanı öz partiyasının namizədi kimi irəli sürməkdən imtina edib. Yavlinski birmənalı olaraq, özünün seçkiyə qatılmayacağını və “Yabloko” partiyasının namizəd irəli sürməyəcəyini elan edib. Duntsova ilə bağlı suala isə könülsüz cavab verərək, onu tanımadığını və patiyanın seçki ilə bağlı qərarının dəyişməyəcəyini deməklə kifayətlənib. Bu da “Yabloko” liderinin Vladimir Putinlə anlaşdığına dair söz-söhbətləri daha da artırıb.
Eynilə də digər müxalif siyasətçi Boris Nadejdin Duntsova ilə əməkdaşlıq təklifindən imtina edib. Bütün bunlar isə Duntsovanın əhali arasında populyarlığını daha da artırır və onun nə Kremlin layihəsi, nə də “cib müxalifəti” olmadığını bir daha təsiqləyir...
Hazırda Duntsovanı hansı perspektiv gözlədiyi ilə bağlı mülahizələr haçalanır. Təəssüf ki, onların çoxu pessimist çalarlar üzərində qurulub və buraya onun “sındırılmasından”, ələ alınmasından, qorxudulmasından, həbsindən tutmuş fiziki məhvinə qədər bir çox ssenarilər aid edilir. Ancaq istənilən halda, tanınmış rusiyalı politoloq Abbas Qalyamovun dediyi kimi, bu xanıma təkcə indiyə qədər göstərdiyi cəsarətə görə böyük təşəkkür düşür: “Ümumiyyətlə, Duntsovaya bu cəhdinə görə çox minnətdaram. İndi bütün rusiyalılar olmasa da, heç olmasa cəmiyyətin siyasətlə maraqlanan hissəsi Putinin populyarlığının mif olduğunu dəqiq bilir. Duntsova məsələsindən sonra Rusiyada guya “Putinsiz həyatı təsəvvür edə bilməyən dərin xalq” haqqında danışmaq sadəcə, mümkünsüzdür”.
Azpolitika.info
“Rusiya Federasiyası hesab edir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.
Oxu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.
XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçirlər.
“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”.
Azərbaycanla sərhədin delimitasiyası prosesinin proqnozlaşdırıla bilən olması son dərəcə vacibdir.
Ermənistan mətbuatının məlumatına görə, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı ilə birgə mətbuat konfransında deyib.
Mirzoyanın sözlərinə görə, delimitasiya prosesinin proqnozlaşdırıla bilən olması və onun əsaslarının sülh müqaviləsində təsbit edilməsi erməni tərəfi üçün mühüm əhəmiyyət kəsb edir.
“Sazişin yekun mətni yoxdur. Hazırda bura xəritələr haqqında bəndin daxil edilməsinin mümkünlüyü müzakirə olunur. Bu, delimitasiyanın prinsiplərini və proqnozlaşdırıla bilənliyini təmin etmək cəhdi kimi qiymətləndirilməlidir”, - Mirzoyan bildirib.
“Krım Ukraynaya qarşı müharibədə Rusiyanın ən zəif nöqtəsinə çevrilib”.
Bunu alman hərbi ekspert Yulian Riptsi deyib.
“2014-cü ildən işğalda olan Krım niyə tez-tez hücuma məruz qalır? Çünki bu, Ukraynaya qarşı müharibədə Putinin “Axilles dabanı”dır”, - Riptsi bildirib.
Onun sözlərinə görə, bunun bir neçə səbəbi var:
“Krımın coğrafi mövqeyi NATO-nun Qara dəniz üzərindəki kəşfiyyat təyyarələrinə Rusiya ordsunun hər bir hərəkətini və yarımadadakı hər bir radiomesajını qeydə almağa imkan verir. Bu məlumatı Ukraynaya ötürürlər, bu da vaxtında zərbə endirməyə zəmin yaradır.
Krım Qərbin Ukraynaya ötürdüyü raketlərin əhatə dairəsindədir. Məsələn, “Storm Shadow”un uçuş məsafəsi 250, “Patriot”unku 160 kilometrdir.
Qərb Ukraynanın Rusiya ərazisinə zərbə endirməsini dəstəkləmir. Amma işğal olunmuş Krımı Rusiya ərazisi kimi də tanımır, ona görə də Ukrayna ordusu bütün mövcud silahlarla yarımadaya hücum edə bilər.
Krımda Rusiyaya ilhaqdan narazı minlərlə ukraynalı qalıb. Onlar məlumat ötürücüləri qismindən çıxış edirlər, dəqiq hücumlar üçün istifadə oluna bilən məlumatları Kiyevə ötürürlər”. (Teleqraf.com)
Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması perspektivini bu üç ölkənin liderlərinin imzaladığı üçtərəfli bəyanatlar çərçivəsində görür.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Əsas səhvim o idi ki, verdiyimiz itkilərin sayının kimisə dayandıracağını düşünürdüm. Ancaq bu, Rusiyanı dayandırmadı.
Bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Kiyevdə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Zalujnı bildirib ki, son günlər texnologiyadan istifadə səviyyəsində güclü qarşıdurma olub.
O, əmin edib ki, 2024-cü il hərbi sahədə 2023-cü ildən fərqli olacaq. Zalujnı qeyd edib ki, Ukrayna hərbçiləri gələn il daha effektiv fəaliyyət göstərmək və insanları xilas etmək üçün problemləri, eləcə də bu problemlərin 90%-ni müəyyənləşdiriblər.