![]() |
|
Roma Papası Fransisk Rusiyaya səfər etmək istəyini dilə gətirib.
Axar.az xəbər verir ki, bu barədə Roma Papası TASS nəşrinə danışıb.
Papa səfərlə bağlı suala zarafatla cavab verərək “Gəlməliyəm” deyib və hazırkı səfərinin də coğrafi cəhətdən Rusiyaya yaxın olduğuna işarə vurub.
Qeyd edək ki, Papa hazırda Bolqarıstanda səfərdədir.
İsrail ordusu tank briqadasını Qəzza sektoru ilə sərhədə göndərib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin rəsmisi Yonatan Konrikus danışıb.
Konrikusun sözlərinə görə, bölgəyə cəlb olunan 7-ci zirehli-tank briqadası ehtiyac olacağı halda hücum əməliyyatları icra edəcək.
“Köçürülmə müdafiənin gücləndirilməsi üçün aparılmayıb, bunun üçün orada kifayət qədər gücümüz var”, - Konrikus bildirib.
Türkiyə bir çox ölkələrdən, o cümlədən Azərbaycandan, Rusiyadan və İraqdan neft alır. Ancaq İran bu sırada birincidir. Ona görə də Türkiyənin İran neftindən tamamən imtina etməsi problematikdir.
Axar.az xəbər verir ki, bu sözlər Atlas Araşdrımalar Mərkəzinin ABŞ-ın İrana tətbiq etdiyi yeni sanksiyalar barədə araşdırmasında qeyd olunub. Bildirilib ki, ABŞ sanksiyaları Türkiyəyə yaxşı heç nə vəd etmir:
“Onsuz da iki ölkə arasındakı münasibətlər İran neftinə qoyulan embarqoya qədər də soyuq idi. Türkiyənin Rusiyadan almaq istədiyi S-400 raketlərinə görə Vaşinqton Ankaraya təzyiqini azaltmır.
Ankara böyük ehtimalla o biri dövlətlərin addımlarına görə qərar verəcək. Məsələn, böyük iqtisadi potensiala malik olan Çin və Hindistan da İrandan neft alır. Çin və Hindistan hələ ki, İran neftindən imtina etməyəcəklərini bildirirlər. Belə olan halda Türkiyə də bu iki dövlət kimi hərəkət edəcək. Ancaq əgər bir müddət sonra Çin və Hindistan İran neftinin alışını azaltmağa başlayarlarsa, Türkiyə də neft strategiyasına yenidən baxa bilər.
Təsadüfi deyil ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bu günlərdə İraqa səfər edib. Türkiyə İraqın şimalından da neft alır və mümkündür ki, Ankara İraqdan aldığı neftin həcmini artırsın. Eynilə Türkiyə Azərbaycan və ya Rusiyadan da neft alışının artırılmasıyla bağlı danışıqlara başlaya bilər. Ancaq Rusiya nefti daşınma xərclərinə görə Türkiyəyə İran neftindən daha baha başa gələcək. Yəni bütün hallarda ucuz İran nefti Türkiyə üçün indiki şərtlər altında əvəzedilməzdir”.
Mərkəzin araşdırmasında qeyd olunub ki, Türkiyənin ABŞ-ın məsləhəti ilə Səudiyyə Ərəbistanından neft alması çətin məsələdir:
“ABŞ İrandan neft alan dövlətlərə məsləhət görür ki, Səudiyyə Ərəbistanından neft alsınlar. Ancaq Türkiyə İranı Səudiyyə Ərəbistanlı ilə əvəz edə bilməz. İki ölkə arasında soyuq münasibətlər mövcuddur. Səudiyyəli jurnalistin İstanbulda qətlə yetirilməsi bu münasibətləri daha da soyudub”.
Mərkəz Tehranın Ankaradan arxayın olmaq istədiyini, bu məqsədlə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin aprelin 17-də Ankaraya səfər etdiyini bildirib:
“Tehran ABŞ-ın sanksiyaları fonunda Türkiyə ilə iqtisadi və regional əməkdaşlığın əvvəlki həcmdə davam etdirilməsini istəyir. Məsələn, sanksiyalara qədər iki ölkə arasında dəmiryolunun çəkilişi gündəmdə idi. Ötən ilin aprelində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehrana səfəri zamanı iranlı həmkarı Həsən Ruhani ilə görüşündə belə bir hədəf səsləndirmişdi ki, ticarət mübadiləsini 30 milyard dollara çatdırmalıyıq. Sanksiyaların mövcudluğu şəraitində buna nail olmaq çətindir. Çünki ABŞ sanksiyaları İran üçün öldürücü mahiyyət daşımasa da, iqtisadiyyatında müəyyən problem yarada, inflyasiyanı arta bilər və s. Türkiyənin özündə də inflyasiyanı nəzarətdə saxlamaq çətindir.
2000-ci illərin ortalarında nüvə çalışmaları ilə bağlı İrana qarşı beynəlxalq sanksiyaların mövcud olduğu illərdə də Türkiyə qonşu ölkədən müxtəlif yollarla neft alırdı. Çünki İran neftinin həm özü, həm də çatdırılma xərci ucuzdur. Türkiyə və beynəlxalq aləm Donald Trampdan sonrakı ABŞ prezidentinin İranla bağlı siyasətini yumşaldacağına və sanksiyaları ortadan qaldıracağına ümid edir. Çünki bundan əvvəl də ABŞ-ın keçmiş prezidenti Barak Obama İranla razılaşsa da, ondan sonra gələn Ağ Ev sahibi razılaşmanı pozmuşdu. Deməli, yeni prezidentin də Trampın siyasətindən imtina edəcəyi mümkündür”.
Qeyd edək ki, ABŞ 2 may tarixindən İrandan neft alan ölkələrə qarşı da sanksiyaların tətbiqinə başladığını elan edib.
Şimali Koreya lideri Kim Çen İnin ögey qardaşı Kim Çen Namın 2017-ci ildə Malaziyada sui-qəsd nəticəsində öldürülməsində şübhəli bilinən vyetnamlı Doan Thi Huonq azadlığa buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Huonqun vəkili Hisyam Teh Poh Teik danışıb.
Vəkilin sözlərinə görə, Huonq Kuala-Lumpur hava limanından Vyetnama yola salınacaq.
Qeyd edək ki, cinayət işində ittiham olunan digər bir şəxs - İndoneziya vətəndaşı Siti Ayşə isə martın 11-də azadlığa buraxılmışdı.
Moskvanın “Şeremetyevo” aeroportunda texniki xidmət avtomobili park edilmiş sərnişin təyyarəsi ilə toqquşub.
Axar.az xəbər verir ki, təyyarənin “Nordvind Eyrlayns” şirkətinə məxsus olduğu bildirilib.
Hadisə zamanı avtomobilin sürücüsü xəsarət alıb.
Keçmiş amerikalı prezident Barak Obamaya məxsus olan Higher Ground Production şirkəti Maykl Lüisin “Beşinci Risk” adlı kitabının ekranlaşdırılacağını elan edib.
Axar.az xəbər verir ki, bu haqda “Varieti” yazır.
Kitab Obama və Donald Tramp administrasiyaları arasındakı keçid dövründən, hakimiyyətin təhvil-təslimindən bəhs edir. Kitabın motivləri əsasında çəkiləcək ekran əsəri bir növ Ağ Ev nümayəndələrindən götürülmüş müsahibələrin toplusu şəklində olacaq.
“Hekayələri hansı şəkildə danışmaq lazım gəldiyini göstərmək üçün “Higher Ground” şirkətini yaratdıq. İrqlər və siniflər, demokratiya və vətəndaş hüquqları kimi mövzulara toxunmaqla, hər bir ekran əsərinin təckə əyləncə olmayacağına, həm də hamımızı maarifləndirəcəyinə, birləşdirəcəyinə və ilhamlandıracağına inanırıq”, - deyə B.Obama bildirib.
Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko yeni partiya yaratmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ukraynalı deputat İqor Kononenko deyib.
Onun sözlərinə görə, yeni yaradılacaq partiya avropayönlü kursu dəstəkləyəcək. Partiyanın Pyotr Poroşenko Blokunun bazasında yaradılacağı vurğulanıb. O, Poroşenkonun yeni partiya ilə bütün avropayönlü gücləri birləşdirmək istədiyini və birgə seçkiyə getməyə çalışdığını deyib.
Ermənistana Avrasiya İttifaqından çıxmağa heç nə mane olmur, lakin hakimiyyətdə olan amerikayönlü siyasətçi bu addımı atmır. O anlayır ki, Ermənistanın Avrasiya İttifaqından çıxması ilk növbədə ölkənin özünə ziyandır.
Axar.az xəbər verir ki, bunu “Tert.am”a açıqlamasında Rusiya Ali İqtisadiyyat Məktəbinin professoru Oleq Matveyçev deyib.
“Əgər kimsə düşünürsə ki, Ermənistanın xeyrinə pulsuz möcüzə baş verəcək, Avrasiya İttifaqı məhdudiyyətsiz yardımlar göstərəcək, o zaman çox yanılır. Bu, gömrük ittifaqıdır. Əgər Ermənistana Avrasiya İttifaqı sərfəli olmasaydı, o buradan çıxa bilərdi.
Ermənistan buradan çıxsa belə, Moskvanın ona heç bir cavabı olmayacaq. Avrasiya İttifaqı Ermənistana imkan verir ki, qazı Rusiyadan daxili qiymətlərlə alsın. Avrasiya İttifaqından çıxdıqdan sonra Ermənistan qaza görə daha çox ödəniş etməli olacaq, tərəvəzlər bahalaşacaq. Ermənistan bunu istəyirmi? Avrasiya İttifaqından çıxdıqdan sonra Ermənistan öz mallarının ixracı üçün əlavə gömrük rüsumları verməli olacaq. Bəs Ermənistan bunu istəyirmi? Rusiya heç bir cavab verməyəcək, İrəvanın çıxışla bağlı qəbul etdiyi qərarın özü ona cavab olacaq. Heç kim addıma görə cəzalandırılmayacaq, sadəcə zərəri çox böyük olacaq”, – deyə o bildirib.
ABŞ İranla bağlı vəziyyəti daha da gərginləşdirəcək.
Bunu Axar.az-a ABŞ-ın İrana qarşı sanksiyalarının bu gündən tam qüvvəyə minməsinə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib. O bildirib ki, İrana tətbiq edilən sanksiyalar nəticəsində beynəlxalq münasibətlər korlana bilər:
“Əlbəttə, bu, ABŞ-ın digər ölkələrlə də münasibətlərinin gərginləşməsinə gətirib çıxaracaq və neftin qiymətinə təsir edəcək. Çox güman ki, yaxın vaxtlarda neftin qiyməti qalxacaq. Hələlik bu tendensiyanın neft bazarında qalacağını düşünürəm. Bəzi ölkələr artıq məcbur olub digər neft ixrac edən ölkələrlə sıx münasibət quracaq. Nəzərə alaq ki, burada təkcə İrandan söhbət getmir. Çünki ABŞ tərəfindən Venesuelaya da embarqo qoyulub. Bütün bunlar neft bazarında müəyyən restruktizasiyaya gətirib çıxaracaq. İran ABŞ sanksiyaları qarşısında, əlbəttə ki, sakit qalmayacaq. Hazırda İran tərəfindən adekvat addımların atılması gözlənilir. Çox güman ki, bu addımlar hərbi və siyasi müstəvidə atılacaq. İran artıq nüvə sazişindən çıxmaqla və Hörmüz körfəzini bağlamaqla hədələyir. Bu hədələr boş deyil, vəziyyət nəzarətdən çıxa bilər. İranın bu vasitələrə əl atması istisna olunmur. Bu, beynəlxalq münasibətlərin gərginləşməsinə gətirib çıxara bilər”.
Ekspert onu da bildirib ki, İrana tətbiq edilən sanksiyalar ABŞ-Türkiyə münasibətlərinə təsirsiz ötüşməyəcək:
“Türkiyə-ABŞ münasibətləri son olaylar nəticəsində mürəkkəb vəziyyətdədir. Düşünmürəm ki, yaxın vaxtlarda bunu düzəltmək mümkün olacaq. Lakin müəyyən addımları nəzərə almaq lazımdır. Türkiyə rəsmilərinin ABŞ-a səfərini, Trampla Ərdoğanın danışıqlarını və digər məsələləri nəzərə alsaq, demək olmaz ki, Türkiyəylə ABŞ arasında tammiqyaslı böhran yaşana bilər. Hazırda böhranın əlamətləri var və dərinləşə bilər. Lakin hələlik mən bunun baş verməyəcəyinə ümid edirəm. Türkiyə bütün hallarda çalışacaq ki, alternativ vasitələrə əl atsın. Çox güman ki, Rusiyayla münasibətlər daha çox inkişaf edəcək. Bu, Türkiyənin Qafqazda mövqeyinin artmasına da gətirib çıxara bilər”.
Qeyd edək ki, ABŞ-ın İrana qarşı sanksiyaları bu gündən tam qüvvəyə minir.
ABŞ Rusiyaya qarşı məhdud nüvə müharibəsi aparmaq ssenarisi hazırlayır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. O bu müharibə ssenarisinin Avropada gerçəkləşdirilə biləcəyini deyib:
“Rusiyanın Pentaqon generallarının hər sözünə reaksiya verməsinə ehtiyac yoxdur. Rusiya ordusunun hazırlığı və təlimləri istənilən ssenarinin neytrallaşdırılmasına imkan verir. Pentaqonun Rusiyaya qarşı taktiki nüvə silahı tətbiqi avtomatik ABŞ-ın mərkəzinə nüvə raketlərinin endirilməsi anlamına gələcək”.
Qeyd edək ki, bundan öncə ABŞ Müdafiə nazirinin müavininin köməkçisi Devid Traxtenberq ABŞ-ın Rusiyanın qarşısını alması üçün kiçik güclü nüvə silahları hazırladığını bildirib.