![]() |
|
Ehtiyacımız olan tək şey alman müsəlmanları üçün Almaniyaya aid bir islamdır.
Axar.az xəbər verir ki, bunu “Faynənşl Tayms”a müsahibəsində Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Markus Kerber deyib.
O, alman islamının yaradılmasının önəmindən danışıb:
“Burada əsas məqsəd Almaniyadakı müsəlman cəmiyyəti üzərindəki xarici təsirləri həm maddi, həm də şəxsi ölçüdə azaltmaq və ölkəmizdəki imamların Almaniyada yetişməsini, müsəlman toplumun alman cəmiyyətinə daha yaxşı inteqrasiya olunmasını təmin etməkdir”.
Kerber Türkiyə hökumətinin Almaniyadakı müsəlmanlar üzərindəki təsirinin zəiflədiyini bildirib:
“Türkiyə hökuməti Almaniyada DİTİB tərəfindən idarə olunan məscidlərə nəzarət etdiyi günlərin geridə qaldığını artıq qəbul etməlidir”.
Qeyd edək ki, Almaniyadakı 2400 məsciddən 900-nün Türkiyənin Dəyanət İşləri Nazirliyinin bir qolu olan DİTİB tərəfindən idarə olunması Almaniya hökumətini narahat edir.
Ermənistandakı ağır sosial-iqtisadi durum artıq silahlı qüvvələrə də sirayət etməkdədir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. E.Nəsirov bildirib ki, aprel döyüşlərindən sonra bəlkə də ilk dəfədir ki, Ermənistan ordusunda çox ciddi böhranın yaşandığı haqqında məlumatlar yayılır:
“Xüsusilə də Ermənistanda geniş rezonans doğuran hadisə erməni əsgərlərin öz zabitlərinə qarşı qiyam qaldırması ilə bağlıdır. Ermənistanda əsgərlərin öz zabitlərinə etiraz olaraq hərbi hissəni tərk etməsi yerli kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisəyə çevrilib və iş o yerə gəlib çatıb ki, Sarkisyan rejimi zamanı olduğu kimi Ermənistanda yenidən əsgər analarının etirazları başlayıb”.
Deputatın sözlərinə görə, diqqətdən yayınmayan digər məqam isə odur ki, qiyama cəhd edən və hərbi hissəni tərk edən əsgərlərin tutulması və onların cəzalandırılaraq Dağlıq Qarabağa cəbhə xəttinə göndərilməsi faktını məhz Ermənistan mətbuatı yayır:
“Fikir verirsinizsə, qiyam qaldıran əsgərlərin cəza yeri məhz Dağlıq Qarabağdır. Bununla da növbəti dəfə Ermənistanın Dağlıq Qarabağ münaqişəsində iştirakı və Ermənistan hərbi qulluqçularının birbaşa Dağlıq Qarabağda hərbi xidmət keçməsi ilə bağlı faktlar Ermənistan mətbuatı tərəfindən dilə gətirilir".
E.Nəsirov hesab edir ki, bu hadisə çox mətləblərdən xəbər verir: "İlk növbədə onu göstərir ki, təkcə erməni əhalisi ac-yalavac deyil, eyni zamanda, Ermənistan silahlı qüvvələrində özbaşınalıq baş alıb gedir və əsgər və zabitlər arasında çox böyük uçurum var, bu gün erməni əsgəri öz zabitinə etibar etmir, ona inanmır. Belə bir əsgərdə hansı döyüş ruhu ola bilər? Bu, Ermənistan rəhbərliyi üçün çox ciddi siqnaldır: əgər vəziyyət belə davam edərsə və Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı tezliklə konstruktiv mövqe ortaya qoymazsa, istisna deyil ki, çox uzaq olmayan bir perspektivdə, ümumiyyətlə, Ermənistanın ali baş komandanı silahlı qüvvələrsiz qala bilər və yaxud silahlı qüvvələrin olması belə nominal xarakter daşıyar".
Millət vəkili vurğulayıb ki, heç bir döyüş ruhunun olmadığı, əsgərin zabitə heç bir etimad və etibarının olmadığı ordu əslində ordu sayılmaz.
Qeyd edək ki, Yerevanda bir qrup əsgər anası etiraz aksiyası keçirib. Ermənistanın Mehri şəhərində hərbi xidmətdə olan əsgərlərdən birinin anası oğlundan bir neçə gün xəbər ala bilmədiyini deyib. Daha sonra onun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə göndərildiyi məlum olub.
Ermənistan KİV-ləri yazır ki, Mehridə 20-yə yaxın əsgər zabitlərdən birinə etiraz olaraq hərbi hissəni tərk edib. Həmin əsgərlərin bir hissəsini cəzalandıraraq Dağlıq Qarabağa cəbhə xəttinə göndəriblər.
İranın cənubunda, Xuzistan vilayətindən paytaxt Tehrana benzinin nəql olunduğu borunun Şuş rayonundan keçən hissəsində yanğın baş verib.
Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayəti Şuş rayon qubernatoru Adnan Qəzi İRNA-ya açıqlamasında deyib.
A.Qəzi bildirib ki, yerli vaxtla saat 09:30-da boru kəmərində çürümə və deşilmə səbəbindən partlayış baş verib.
O əlavə edib ki, hadisə yerinə yanğınsöndürmə briqadaları ezam olunub: “Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir”.
Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.
Axar.az xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri yaradılıb.
Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.
Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Maku, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.
Fəallarla yanaşı bir çox peşə adamları, o cümlədən idmançılar da yardım aksiyasına biganə yanaşmayıb. Güneyli idmançı Mustafa Quluzadә türkmәn soydaşlarımıza dәstәk çağrışı yayıb.
Artan yardımlar türkmənlərin güzəranına az da olsa təsirini göstərir.
Xəzər dənizində Qazaxıstanın Manqistau ərazisindəki Kalamkas neft quyusunda yanğın baş verib.
Qaynarinfo xəbər verir ki, "JSC Mangistaumunaigaz" şirkətinə məxsus quyuda müşahidə edilən yanğının hündürlüyü 10 metr çatır, ərazisi isə 900 kvadrat metri əhatə edir. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğını söndürmək üçün 14 yanğınsöndürən və 4 texniki vasitə cəlb edilib.
Qeyd edək ki, "JSC Mangistaumunaigaz" Qazaxıstanın ən böyük neft şirkətlərindən biridir. 1996-cı ildə fəaliyyətə başlayan şirkətin ölkədə 36 neft və qaz yatağı var.
Yeni Zelandiyada 50 nəfərin ölümü, 50 nəfərin də yaralanması ilə nəticələnən məscid teraktını araşdırmaq üçün Krallıq İstintaq Komissiyası yaradılıb.
Axar.az xəbər verir ki, bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern deyib.
O, sözügedən komissiyanın iki və ya üç həftə ərzində yekun sənədi hazırlayacağını bildirib.
Qeyd edək ki, martın 15-i cümə namazı vaxtı Yeni Zelandiyanın Kraystçerç şəhərinin Hagley Park qəsəbəsində yerləşən Əl-Nur və Linvud məscidlərinə silahlı hücum edilib. Terror aktı nəticəsində 50 nəfər həlak olub, 50 nəfər isə yaralanıb.
Ankara Qolan təpələri ilə bağlı məsələni BMT Baş Assambleyasında müzakirəyə çıxartmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"BMT artıq bu məsələdə qəti qərarı qəbul etdi. Mən Trampla görüşməyə və ona deməyə hazırlaşıram ki, o seçkilərlə bağlı Qolan təpələrini qızıl sinidə Netanyahuya hədiyyə etməklə səhv edir. Bu, bütün dünyada sülhə təhdiddir. Biz bu problemi BMT-də gündəmə gətirəcəyik. Mümkün deyil ki, BMT ABŞ-ın bu qərarını bəyənsin", - Ərdoğan vurğulayıb.
Qeyd edək ki, 1967-ci ildə İsrail Suriyanın Qolan təpələrini tutub. ABŞ Prezidenti Donald Tramp isə az öncə İsrailin Qolan təpələri üzərində hakimiyyətini tanıyacağını bəyan edib.
Aya Sofya muzeyi məscid statusu alacaq.
Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Aya Sofya muzey statusundan çıxarıla və giriş pulsuz ola bilər. Hətta üzərində elə durarıq ki, adını da Aya Sofya Məscidi edərik. Oranı muzey kimi deyil, məscid kimi ziyarət edə bilərlər", - Ərdoğan bildirib.
Prezidentin səlahiyyətləri rəhbərə (Vəliyyi-i Fəqh) verilsin və rəhbəri də xalq seçsin.
Axar.az xəbər verir ki, bu açıqlama ilə iranlı siyasətçi Mustafa Taczadə çıxış edib.
Taczadə İranda tək gücün var olmasının lazımlılığından danışaraq, ölkənin ali dini liderinin xalq tərəfindən seçilməsinin labüd olduğunu vurğulayıb:
"Səlahiyyətin iki nəfərdə olması gözlənilən faydanı vermədi. Bu problemin səbəbi ortadadır. Rəhbər ölkəni "mən idarə etməliyəm" deyir. Prezidentin səlahiyyəti Ali dini liderə verilməlidir".
Qeyd edək ki, son vaxtlar İranda prezidentin xalq tərəfindən deyil, parlament tərəfindən seçilməsi məsələsi gündəmə gəlib.
Bəşəriyyətin türk-islam birliyinə, mədəniyyətinə və bu mədəniyyətdən doğan ədalətə ehtiyacı var.
Bunu Trend-ə müsahibəsində Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu deyib.
Y.Topçu bildirib ki, enerji mənbələri, insan potensialı və coğrafi mövqe baxımından türkdilli dövlətlər əsrimizin ən güclü birliyini qurmaq potensialına sahibdirlər:
"İnanıram ki, rifah və sabitliyə müsbət mənada təsir edə biləcək bu birliyə dünyanın da ciddi ehtiyacı var".
Baş müşavirin sözlərinə görə, tarixdə türk-islam mədəniyyətinin güclü olduğu dövrlərdə heç vaxt digər millətlər və dinlərin nümayəndələri ayrı-seçkiliyə məruz qalmayıb və əmin-amanlıqda yaşayıblar:
"Bu gün məzlumların halı göz qabağındadır. Tarix göstərir ki, bəşəriyyətin yenidən bizim mədəniyyətimizə və ədalətimizə ciddi ehtiyacı var".
Y.Topçu əlavə edib ki, müstəqilliklərini əldə etdikdən sonrakı 27 il müddətində türkdilli dövlətlər arasında bütün sahələrdə möhkəm əlaqələr qurulub:
"Müstəqillik illərində türkdilli dövlətlər bir çox sahələrdə əməkdaşlıq edərək vətəndaşlarının gələcəyinə yönəlmiş mühüm layihələr həyata keçiriblər".