![]() |
|
Son proseslər fonunda Ermənistan hakimiyyətinin Qazaxın anklav olmayan 4 kəndinin (Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimli) qaytarılması ilə bağlı mövqeyinin qətiləşdiyini demək mümkündür. Paşinyanın çıxışları erməni ictimaiyyətinə real vəziyyətin izah edilməsi idi. Erməni cəmiyyəti də baş nazirin anonsunu verdiyi mümkün müharibədən çəkindiyi üçün müxalifətin arzuladığı “müqviməti” göstərməyəcək.
İndi əsas suallardan biri 4 kəndin nə vaxt qaytarılacağıdır?
Ermənistan mediası Paşinyanın komanda üzvləri ilə qapalı görüşdə kəndlərin yaxın günlərdə qaytarılmasından bəhs etdiyini yazır. Görüşdə iştirak edən hakim “Mülki müqavilə” fraksiyasının deputatı Lilit Minasyan isə “konkret tarixdən” bəhs edilmədiyini desə də, onu da qeyd edib ki, “illərlə vaxtımız yoxdur və biz müəyyən müddət ərzində bu problemi həll edə biləcəyik”.
Prosesin uzunmüddətli olmayacağı gözləntisi çoxdur:
- İrəvan anlayır ki, Bakı onun bu məsələdə imitasiya etdiyini anlayarsa, hərbi varianta əl ata bilər;
- Ermənistan 4 kəndin qaytarılmasından sonra Tavuş istiqamətində delimitasiya prosesini başlatmaq və istədiyi “güzgü prinsipi” (qoşunların geri çəkilməsi) məsələsində praktiki irəliləyişə nail olmaq istəyir: Paşinyanın Tavuşda ermənlərlə görüşdə dediklərindən belə anlaşılırdı ki, tərəflərin təmaslarında kəndlərin qaytarılmasından sonra bu məsələnin müzakirə mərhələsinə keçə biləcəyi istisna edilməyib;
- Sülh sazişində müəyyən irəliləyişlərin edilməsi istəkləri var və əsas problemlərdən biri də sərhədin delimitasiyasına dair fikir ayrılığıdır: istisna deyil ki, tərəflər kəndlərin qaytarılmasından sonra delimitasiya ilə bağlı irəliləyişə nail olmaq haqda ortaq mövqeyə gəliblər;
Bu amillər 4 kəndin təhvil verilməsinin yaxın dövrdə reallaşmasının mümkün olduğu fikrini ön plana çıxarır.
Bağanis Ayrım 1990-cı ilin 23-24 mart, Xeyrimli 1992-ci ilin 8 mart, Qızılhacılı 1992-ci ilin 11 may, Aşağı Əskipara 1992-ci ilin 14 iyun tarixində işğal edilib. Bu kontekstdə rəsmi Bakının 4 kəndin 14 iyun – Aşağı Əspikara kəndinin işğal ildönümünə qədər qaytarılmasına çalışacağı ehtimalını irəli sürmək mümkündür.
“Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
Bunu Oxu.Az-a açıqlamasında Rusiyanın Moskva vilayətində, “Crocus City Hall” konsert kompleksində martın 22-də baş vermiş terror hadisəsi kontekstində Azərbaycan sərhədlərinin bağlı qalması məsələsini şərh edən Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, Cənubi Qafqaz tarixən sabit bölgə olmayıb və regionda marağı olan güclər daim bu mürəkkəb geosiyasi situasiyadan məharətlə istifadə ediblər:
“Elə son dövrlərə qədər Azərbaycan və Ermənistan arasında 30 il davam etmiş münaqişənin davamlılığına dəstək verməklə bir sıra Qərb dairələrinin işğal və separatizmə öz maraqlarını təmin etmək üçün fürsət kimi yanaşdığına şahidlik etmişik. Lakin Azərbaycan Vətən müharibəsi və antiterror tədbirlərində Ermənistan və havadarlarını kapitulyasiyaya məcbur etməklə vəziyyəti köklü şəkildə dəyişdi.
Faktiki olaraq, Fransa başda olmaqla, çoxsaylı imperialist dairələr işğal və separatizm amilləri ilə Azərbaycana təsir imkanlarından tam məhrum oldular. Lakin Prezident İlham Əliyevin ötən ay andiçmə mərasimində də qeyd etdiyi kimi, “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri zamanı sarsılmaz hesab olunan elə daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.
Deputat qeyd edib ki, zəfərlərinin ardınca Azərbaycana qarşı BMT TŞ, Avropa Parlamenti, AŞPA kimi müxtəlif platformalarda açıq hücumlar müşahidə olundu və zərərsizləşdirildi:
“Həmçinin, Azərbaycanda təxribata hazırlaşan Fransa xüsusi xidmət orqanlarının nəhəng şəbəkəsi ifşa edildi. Lakin anti-Azərbaycan dalğası hələ də sakitləşməyib və bu mənada, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi şərtdir. Azərbaycan xüsusi xidmət orqanları, o cümlədən Azərbaycan polisi ictimai qayda və ictimai təhlükəsizliyi, habelə dövləti, cəmiyyəti və milli maraqları təhdid edən qəsdləri peşəkarlıqla sıradan çıxarır.
Məhz buna görə də İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycan üçün daxildə hər hansı bir təhlükə, təhdid yoxdur. Xüsusən, son bir neçə ayda Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi uğurlu tədbirlər nəticəsində bir sıra cinayətkar qəsdlərin qarşısının alınması bir daha sübut edir ki, vahid dövlət siyasətinə əsaslanan milli təhlükəsizliyimizin təmin olunması istiqamətlərinin tarazlaşdırılması, aidiyyəti orqanların bir-birini qarşılıqlı surətdə operativ məlumatlandırması, həmçinin beynəlxalq təhlükəsizlik sistemlərinə inteqrasiyasının mövcudluğu şəraitində xalqın və ölkənin milli maraqlarının, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici təhdidlərdən qorunması ən yüksək səviyyədə təmin edilir. Lakin Rusiyada baş verən son terror aktı da göstərdi ki, yalnız daxilə fokuslanmaq olmaz və bütövlükdə təhlükəsizlik mühiti xarici təhdidlərlə uzlaşdırılmış şəkildə qiymətləndirilməlidir”.
B.Məhərrəmov əlavə edib ki, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir:
“Xüsusən, nəzərə alsaq ki, xarici təhdidlər hələ də mövcuddur və Prezidentin fevralın 14-də parlamentdə də dediyi kimi, bizə qarşı elə qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Bu mənada, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təhlükəsizlik baxımından mühüm önəmə malikdir.
İndiki həssas dönəmdə, dünyada terror və digər cinayətkarlıq meyillərinin ayrı-ayrı dövlətlər səviyyəsində rəsmən dəstəkləndiyi bir şəraitdə məhz quru sərhədlərin bağlı qalması fonunda bu təhdidlər Azərbaycana yol tapa bilmir. Lakin unutmamalıyıq ki, quru sərhədlərin bağlı saxlanması sadə məsələ deyil. Yalnız güclü və suveren dövlət indiki həssas məqamda özünün təhlükəsizliyi ilə bağlı müstəqil qərar verə, o cümlədən quru sərhədini bağlı saxlaya bilər”.
“Azərbaycan isə bu güc və imkana sahibdir və məhz sərhədlərlə bağlı qərar milli maraqlarımızı hədəfə almış dairələrin əl-qolunu bağlayır. Regionda qeyri-sağlam maraqlar güdən güclərin bütün mümkün vasitələrdən, o cümlədən ölkə daxilində beşinci kolondan istifadə etməklə Azərbaycanı quru sərhədlərini açmağa məcbur etməyə çalışması bir daha göstərir ki, dövlət bu qərarında nə qədər haqlıdır. Təbii ki, heç kim Bakının siyasi iradəsinə təsir edə bilməz və bu qətiyyət Azərbaycanı daha təhlükəsiz coğrafiyaya çevirməkdədir. Nəticə etibarilə İlham Əliyevin 10 may 2023-cü ildə Şuşadan da ifadə etdiyi kimi, Azərbaycanda təhlükəsizlik təmin edilir, Azərbaycanda əmin-amanlıq hökm sürür. Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır”.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında növbəti buraxılış hazırlanıb.
“Ölkə.az” xəbər verir ki, “Şumer mədəniyyətinin izləri Qərbi Azərbaycanda” adlı buraxılışda əslən Göyçə mahalının Basarkeçər rayonunun Dərə kəndindən olan araşdırmaçı Niftalı Göyçəli qıpçaq yazısının ermənilər tərəfindən necə mənimsənildiyini üzə çıxarır.
O, Qərbi Azərbaycanda şumer mədəniyyətinin izləri, “Bilqamıs” dastanı ilə “Dədə Qorqud” dastanı arasında paralellər, şumer və urartu olan türk izləri, eyni zamanda, yer və şəxs adlarının türk dilində olması ilə bağlı tarixi faktlar açıqlayır.
Araşdırmaçı, həmçinin tapılan qayaüstü rəsmlər, eləcə də xristianlığa qədərki abidələrdə göytürk yazısı haqqında danışır.
N.Göyçəli sonda Qərbi Azərbaycanda alban irsi, xristian-qıpçaq mədəniyyəti, kilsələr və digər abidələr barədə maraqlı məqamlara toxunur.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Veriliş martın 26-da saat 19:30-da Baku Tv-nin efirində və 21:30-da YouTube kanalında yayımlanıb.
Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır.
Bu barədə Azərbayca Xarici İşlər Nazirliyindən bildirilib.
XİN qeyd edib ki, sözügedən konfrans tam şəffaf şəkildə keçirilmir, regional inklüzivlikdən məhrumdur və regionda təşviq edilən və çox ehtiyac duyulan etimad quruculuğuna və inteqrasiyaya ziddir.
"Bu konfrans, erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə, regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır", - nazirlik bildirib.
Qeyd olunub ki, Ermənistandakı revanşist əhval-ruhiyyə fonunda Vaşinqton və Brüssel tərəfindən bu kimi açıq ermənipərəst ictimai təzahür Ermənistanın Azərbaycana qarşı yenidən mümkün təxribatlarında Aİ və ABŞ-nin Ermənistanı dəstəkləyəcəyinə dair bu ölkədə təhlükəli illüziya yarada bilər:
"Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər. Beynəlxalq hüququn əsas norma və prinsipləri əsasında davamlı sülhə, sabitliyə və təhlükəsizliyə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bir daha bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginlik dalğalarına səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq".
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdəki hakim "Vətəndaş müqaviləsi" fraksiyasının deputatları ilə qapalı görüşdə Qazaxın 4 kəndinin Azərbaycan qaytarılması məsələsini ciddi şəkildə müzakirə edib.
Görüşdə hökumətin demək olar, bütün üzvləri, hətta Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryan da iştirak edib. İki saata yaxın davam edən görüş gərgin atmosferdə keçib. Hətta "Vətəndaş müqaviləsi" fraksiyasından olan deputatlar Paşinyanın kəndləri Azərbaycana qaytarması niyyətinə qarşı çıxıb.
"Hraparak"ın yazdığına görə, Nikol Paşinyan açıq mətnlə etiraf edib ki, qısa müddət ərzində birtərəfli güzəşt olacaq. O bildirib ki, yaxın günlərdə həmin ərazidəki Üçüncü Ordu Korpusu ərazilərdən çıxarıla, 4 yaşayış məntəqəsi Azərbayana qaytarıla bilər. "Əks halda Azərbaycan müharibə yolu ilə qalib gələcək. Bəzi deputatlar isə bildirib ki, sülh ilə verməkdənsə, müharibə yolu ilə vermək daha yaxşıdır, xalq bu dəfə hakimiyyəti mütləq bağışlamayacaq. Paşinyan bu mövqedə olanlara bildirib ki, o da belə yolu seçmək istəmir, amma başqa yolda yoxdur. Əks təqdirdə Azərbaycan hərbi yolla nəinki özünəməxsus əraziləri, bütövlükdə Lori vilayətini alacağına, hətta İrəvana da çatmayacağına zəmanət yoxdur. Bu dəfə Paşinyan, əslində, müavinlərini də müharibə ilə qorxudub", - nəşr yazır.
“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi öz üzərinə götürmək və COP29-a səmərəli ev sahibliyi etmək Azərbaycan üçün mühüm nailiyyət və xüsusi nəticədir. Bu, ölkəmizə həm çağırış, həm də fürsət təqdim edir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin “Global Times” qəzetinə müsahibəsində deyib.
O vurğulayıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi və beynəlxalq ictimaiyyətdən dəstək alması bir daha beynəlxalq ictimaiyyətin rəsmi Bakıya olan hörmət və etimadını göstərir.
“Qalıq yanacaq ixrac edən ölkə kimi Azərbaycan yerli, regional və qlobal səviyyədə mövcud keçid layihəsini və gündəmini həyata keçirmək üçün güclü iradə və qətiyyət nümayiş etdirib. İqlim dəyişikliyi hər kəs üçün əsas problemdir və qlobal ictimaiyyətin buna qarşı səylərini birləşdirməsi vacibdir. Azərbaycan COP danışıqlar prosesinin bütün fundamental aspektləri üzrə qlobal səviyyədə daha çox həmrəylik və konsensusa nail olmağı hədəfləyir. Azərbaycan həmçinin “Qlobal Şimal” və “Qlobal Cənub” arasında anlaşma və həmrəylik yaratmağa çalışır”, - Prezident köməkçisi söyləyib.
H.Hacıyev vurğulayıb ki, COP29-un uğur qazanması üçün təkcə ev sahibi ölkə kimi Azərbaycan deyil, bütün beynəlxalq ictimaiyyətin bərabər öhdəliyə sahibdir:
“Ev sahibi ölkə kimi Azərbaycan COP29-un mövzusu olan real iqlim maliyyəsi gündəmini inkişaf etdirməyə çalışacaq”.
Azərbaycanın COP29-un inklüziv olmasını və həssas icmalar başda olmaqla bütün səslərin eşidilməsinin necə təmin edəcəyi məsələsinə gəlincə, şöbə müdiri bildirib ki, COP29-da inklüzivlik prioritetlərdən biridir:
“Biz hamının daha yaxın və fəal iştirakını təmin etmək üçün bir çox beynəlxalq platforma və qurumlarla işləyəcəyik. Bu baxımdan beynəlxalq ictimaiyyət kiçik ada ölkələrinə xüsusi önəm verməlidir. Azərbaycan gündəlik həyatlarında praktiki problemlərlə üzləşən kiçik ada dövlətləri ilə artıq təmas qurmağa başlayıb. Qlobal Cənub ölkələri kimi onlar da iqlim dəyişikliyinin dərhal nəticələrini görə bilərlər. Qrup 77 (G77) və Çin öz səslərinin eşidilməsini təmin etmək istəyən Qlobal Cənub ölkələrini təmsil edir. Biz həmçinin Qlobal Şimal ölkələri ilə sıx əməkdaşlıq edəcək və Qlobal Şimal və Qlobal Cənub arasında daha çox dialoq və həmrəyliyə töhfə verəcəyik.
Bundan əlavə, biz beynəlxalq QHT-lərə və beynəlxalq media ilə fəal əməkdaşlığa açığıq”.
Prezident köməkçisi diqqətə çatdırıb ki, Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır:
“COP qlobal səydir və biz COP-u hamı üçün daha açıq və başa düşülən etmək məqsədilə beynəlxalq media ilə yaxından işləməyi səbirsizliklə gözləyirik. Azərbaycan COP ilə bağlı ictimaiyyəti daha çox məlumatlandırma kampaniyalarının həyata keçirilməsini, əsas gündəliyə dair inklüzivliyi və şəffaflığı təmin etmək istəyir.
Azərbaycan COP29-un fundamental məsələləri üzrə bütün tərəflərlə dialoqa və əlaqəyə açıqdır. Çin Xalq Respublikası dünyanın aparıcı dövlətlərindən biridir. Ona görə də danışıqlar prosesində Çinin mövqeyini anlamaq üçün ilkin məsləhətləşmələrin və müzakirələrin aparılması bizim üçün çox vacibdir”.
“Cənab Toyvo Klaar qərəzlərdən qurtula bilmir və yalnız Azərbaycan kəndlərinin qaytarılması ilə bağlı qanuni diskursu şər kimi görür, Ermənistan mətbuatında qanunsuz işğalın davam etdirilməsi üçün mübarizə çağırışlarına isə tamamilə məhəl qoymur”.
Bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə “X” səhifəsindəki hesabında yazıb.
O bildirib ki, həmin kəndlər ərazi mübahisəsi məsələsi deyil.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Azərbaycana qarşı qərəzli bəyanatla çıxış edib. O, Azərbaycan mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.
Bundan sonra Paşinyan hakimiyyətinin fəaliyyəti məhz erməni terror təşkilatlarının mövqeyindən birbaşa asılı olacaq... Bu isə o deməkdir ki, əgər, bir dövlət terrorçulara təslim olubsa, deməli, o ümumiyyətlə, mövcud deyil...
Ermənistanda dövlətin mövcudluğu artıq olduqca ciddi mübahisə mövzusudur. "Erməni dövlətçiliyi" həmişə müəmmalı məzmun daşıyan bir anlayış olub. Hətta bəziləri hesab edirlər ki, bunu yalnız ermənilər özləri anlaya bilərlər. Halbuki, Ermənistanda baş verən son hadisələr onu göstərir ki, əslində, "erməni dövlətçiliyi" anlayışı elə qəbilə təfəkküründə işilib, qalmış bu tayfanın özündə də doğru-düzgün başa düşülmür. Və bu səbəbdən də, nə vaxtsa, ermənilərin normal dövlətinin ola biləcəyinə şübhə edənlər, hətta ironiya ilə yanaşanlar tamamilə haqlı görünürlər.
Onu da qeyd etmək lazımdır ki, Ermənistan baş naziri Nikol Paşinyanın son açıqlamalarında qəbilə təfəkkürlü erməni toplumunun normal "dövlətçilik anlayışı"ndan çox-çox uzaq olduğu dolayısı ilə etiraf edilir. Əks halda, erməni baş nazir "Ermənistanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində olanlar bizimdir. Ancaq həmin sərhədlərdən kənarda olanlar isə bizim deyil. Yəni, geri qaytarmaq lazımdır" demək məcburiyyətində qalmazdı. Yəni, baş nazir Nikol Paşinyan istəmədən də olsa, özünü "bütün dünya intellektual səviyyəsinin üzərində görən" erməni düşüncə tərzinin və təfəkkürünün nə qədər bəsit, məntiqdən uzaq, absurd, faydasız, hətta bu qəbiləyə münasibətdə belə, təhlükəli olduğunu ifadə etməyə çalışıb.
Erməni baş nazirin belə detalları izah etməyə məcbur olması onun tayfasının müasir sivilizasiyadan çox-çox geri qaldığını göstərir. Çünki ermənilər hələ də bilmirlər və ya anlamırlar ki, sərhəd hər bir dövlətin əsas atributlarından biridir. Üstəlik, hər hansı bir dövlətin onun sahib olduğu sərhədlərdən kənarda heç bir ərazisi və ya başqa iddiası ola bilməz. Bu, bütün dünyada qəbul edilmiş normal və sivil beynəlxalq hüquq faktorudur. Ancaq bu hüquqi faktor yalnız hələ də qəbilə təfəkkürü ilə yaşayan ermənilər üçün keçərli deyil. Və 21-ci əsrdə belə, onlar üçün dünyada absurd "erməniçilik"dən, eləcə də, az qala bütün planeti əhatə edən "böyük Ermənistan"dan başqa heç nə yoxdur.
Təbii ki, baş nazir Nikol Paşinyan bunun doğru olmadığını, hətta Ermənistanın gələcək taleyinə təhlükə törətdiyini erməni toplumuna izah etmək məcburiyyətində qalıb. Ona görə də, erməni baş nazir Ermənistan cəmiyyətini tarixdən uzaqlaşıb, reallığa yaxınlaşmağa çağırır. Hər halda, onun erməni toplumuna "tarixi Ermənistan"dan əl çəkib, real olanlara dəyər verməyi məsləhət görməsi maraqlı məqamdır. Çünki baş nazir Nikol Paşinyan da daxil olmaqla, ermənilərin hər birisi hamıdan yaxşı bilirlər ki, "Ermənistan tarixi" kimi "tarixi Ermənistan" da "xəyali uydurma"dan başqa bir şey deyil. Və indi bu "xəyali uydurmalar" Ermənistanın gələcək taleyinə real təhlükə törədir.
Ancaq "xəstə təxəyyül"ün girovuna çevrilmiş erməni toplumu bu sadə reallıqları anlamaq istəyindən hələlik çox-çox uzaqdır. Ona görə də, baş nazir Nikol Paşinyan öz sivilizasiyadan uzaq tayfasına daha konkret məzmunlu xəbərdarlıq mesajı vermək məcburiyyəti hiss edib. O, bildirib ki, əgər, ermənilər "tarixi Ermənistan"dan əl çəkib, real Ermənistanı qorumaq barədə düşünməsələr, onda tezliklə real Ermənistan da "tarixi Ermənistana" çevriləcək. Yəni, erməni baş nazir başqalarına aid olanları ələ keçirtmək "ehtiras"ının Ermənistan dövlətçiliyini məhv edəcəyini anlatmağa çalışır.
Halbuki, son baş verənlərə diqqət etdikdə, baş nazir Nikol Paşinyanın Ermənistanı xilas etmək üçün artıq gecikdiyini də düşünmək olar. Çünki hazırda Ermənistanda dövlətin olduğuna kifayət qədər ciddi şübhələr mövcuddur. Hər halda, indi Ermənistan siyasi idarəetmə prinsiplərindən çox-çox uzaqdır. Və Paşinyan hakimiyyətinin bu vəziyyəti dəyişə biləcəyi də artıq qətiyyən inandırıcı görünmür.
Məsələ ondadır ki, baş nazir Nikol Paşinyan son bir neçə həftə ərzində erməni toplumuna Azərbaycana aid kəndlərin geri qaytarmağın vacib olduğunu izah etməyə çalışır. Hətta əks halda, Ermənistanın növbəti müharibə ilə üz-üzə qalacağını arqumentlərlə gündəmə gətirir. Halbuki, onun hələ də Ermənistanın işğalı altında qalan və Azərbaycana qaytarılması qaçılmaz olan kəndlərdə qeyri-qanuni məskunlaşmış ermənilərlə görüşləri müsbət nəticələr vermir. Əksinə, erməni toplumu buna radikal-revanşist davranışlarla reaksiya verir.
Məsələ ondadır ki, bəzi erməni terror təşkilatları Azərbaycana qaytarılmalı olan kəndlərdə döyüş mövqeləri qurmağa başlayıblar. Erməni terrorçuların təlim keçmək üçün həmin kəndlərə toplandıqları barədə də ciddi məlumatlar mövcuddur. Hətta Ermənistan polisi "döyüş qardaşlığı" adlanan terrorçu təşkilatın 50 nəfərlik bir silahlı qrupunu həbs etmişdi. Ancaq məhz bu hadisədən sonra Ermənistan dövlətçiliyi iflasa uğramış oldu.
Səbəb isə çox sadədir. Belə ki, "döyüş qardaşlığı" terror təşkilatının digər üzvləri həbs olunmuş terrorçuların azad olunması üçün İrəvanda polis idarəsinə silahlı basqın edərək, dövlət binasını ələ keçirib. Paşinyan hakimiyyəti isə "döyüş qardaşlığı" terror təşkilatı ilə danışıqlar aparmaq və nəticədə 50 terrorçunu azad etmək məcburiyyətində qalıb. Və bu, o deməkdir ki, Paşinyan hakimiyyəti erməni terrorizminə təslim olub.
Əgər, Ermənistanda normal dövlət olsaydı, terrorçular polis binasına silahlı basqın edə bilməzdi. Eyni zamanda, hökumət silahlı basqınçıların tələbi qarşısında geri çəkilib, terrorçuları azadlığa buraxmazdı. Əksinə, polis binasına silahlı basqın edənlər də, onların təmsil edildiyi terrorçu təşkilat da məhv edilərdi. Və bunun əksinə olaraq, indi terrorçuların Ermənistanda onsuz da mövcudluğu ciddi mübahisələr doğuran dövləti məhv etdiyini düşünmək olar.
Belə anlaşılır ki, bundan sonra Paşinyan hakimiyyətinin fəaliyyəti məhz erməni terror təşkilatlarının mövqeyindən birbaşa asılı olacaq. Yəni, əgər, Paşinyan hakimiyyətinin hər hansı siyasi və ya hüquqi qərarı erməni terrorçuların müqaviməti ilə üzləşərsə, deməli, o dərhal ləğv ediləcək. Ermənistan artıq terrorçuların nəzarəti və təsiri altına düşmüş kimi görünür. Bu isə o deməkdir ki, əgər, bir dövlət terrorçulara təslim olubsa, deməli, o ümumiyyətlə, mövcud deyil. Və bu baxımdan, hazırda Ermənistanda dövlətin təməldən ləğv edildiyini düşünmək daha doğru olar.(Yeni Müsavat)