![]() |
|
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”ni imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və Konqo Respublikasının Milli Neft Cəmiyyətinin baş direktoru Maixent Raoul Ominga “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”nı imzalayıblar.
Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Konqo Respublikasının ətraf mühit, dayanıqlı inkişaf və Konqo hövzəsi naziri xanım Arlette Soudan Nonault “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu”nu imzalayıblar.
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü başlayıb.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Aprelin 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso ilə geniş tərkibdə görüşü keçirilib.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Aprelin 4-də Prezident İlham Əliyevin Konqo Prezidenti Deni Sassu-Nqesso ilə təkbətək görüşü başlayıb.
“Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikasına rəsmi səfərə gələn Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun aprelin 4-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Konqo Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Konqo Prezidenti Deni Sassu-Nqessonu qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Konqo Prezidentinə raport verib.
Prezident Deni Sassu-Nqesso Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Konqo Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Konqo Prezidentinə, Konqo nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Konqo Prezidenti Deni Sassu-Nqessonun qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.
Ermənistanın mina terrorunun qurbanları arasında uşaqlar da var.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X"də yazıb.
Onun sözlərinə görə, Ermənistanın 30 ildir davam edən hərbi işğalı nəticəsində Azərbaycanın azad edilmiş əraziləri Ermənistan tərəfindən minalarla ciddi şəkildə çirkləndirilib: "Minalar, müharibənin partlayıcı qalıqları və əldəqayırma partlayıcı qurğular mülki vətəndaşlarımızın ölümünə və yaralanmasına səbəb olmaqda davam edir, yenidənqurma işlərinə və məcburi köçkünlərin geri qayıtmasına mane olur. Qurbanlar arasında mülki şəxslər, o cümlədən uşaqlar da var".
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı bəyanat yayıb.
XİN-dən verilən məlumata görə, bəyanatda deyilir:
“4 aprel tarixi Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü kimi qeyd olunur.
Azərbaycan Respublikasının ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən hərbi işğalı zamanı, habelə hazırkı postmünaqişə dövründə mina təhdidindən əziyyət çəkən, çoxsaylı mina qurbanları verən ölkəmiz mina təhlükəsi ilə ciddi şəkildə mübarizənin vacib olduğunu vurğulayır.
Ermənistan tərəfindən hətta postmünaqişə dövründə belə davam etdirilən mina təhdidi bölgədə aparılan bərpa və yenidənqurma işlərini, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı prosesini ləngitməklə yanaşı, vətəndaşlarımızın həyat və sağlamlıqları üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.
44 günlük Vətən müharibəsi və münaqişənin bitməsindən sonra belə Ermənistan üzərinə götürdüyü öhdəliklərinə zidd olaraq, Laçın yolundan qeyri-qanuni məqsədlər, o cümlədən mina təhdidinin davam etdirilməsi məqsədilə istifadə edib. 2022-ci ildə Laçın və Kəlbəcər rayonlarının ərazisində 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə minanın aşkar edilməsi bu faktı təsdiqləyir. 2023-cü ilin sentyabr ayında antiterror tədbirlərindən sonra, Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində və bu ərazilərin perimetrləri boyunca 500 mindən artıq mina basdırıldığı faktının aşkarlanması bu təhdidin miqyasını sübut edən faktlardır. Bu, eyni zamanda, son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac olunmadığı barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirib.
Ermənistan tərəfindən davam etdirilən mina təhdidi nəticəsində demək olar ki, gündəlik əsasda baş verən mina partlayışları zamanı postmünaqişə dövründə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.
İndiyədək baş vermiş mina hadisələrinin coğrafiyası, onların əksəriyyətinin keçmiş təmas xəttindən kənarda, xüsusilə mülki obyektlərin, yaşayış məntəqələrinin, habelə məzarlıqların yerləşdikləri məkanlarda baş verməsi Ermənistanın mina təhdidinin məqsədyönlü şəkildə mülki əhali arasında itkilərin çox olmasına yönəldiyini sübut edir. Bu da öz növbəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı mövcud etnik nifrət və dözümsüzlüyün növbəti təzahürüdür.
Ölkəmiz tərəfindən bu təhdidə son qoymaq məqsədilə minalanmış ərazilərin xəritələrinin Ermənistan tərəfindən təqdim edilməsinə dair dəfələrlə çağırışlara baxmayaraq, bu ölkə uzun bir müddət ərzində ümumiyyətlə belə xəritələrin mövcudluğunu inkar edib. Beynəlxalq ictimaiyyət tərəfindən göstərilən təzyiqlər nəticəsində təqdim olunmuş, minalanmış ərazilərin kiçik bir hissəsinin əhatə olunduğu məlumatların etibarlılığı isə cəmi 25% təşkil edib. Son dövrlərdə baş verən mina hadisələrinin 55%-dən çoxu təqdim olunmuş məlumatların əhatə etdiyi ərazilərdən kənarda baş verib.
Ermənistan tərəfindən mina təhdidinə münasibətdə sərgilənən davranış postmünaqişə dövründə bölgədə dayanıqlı sülh və etimad quruculuğu istiqamətində görülən tədbirlərə daha bir zərbədir.
4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günündə Azərbaycan bir daha beynəlxalq ictimaiyyəti Ermənistanın mina təhdidinin qınanılması, bu ölkə tərəfindən mina xəritələrinin təqdim olunması, eləcə də Azərbaycanda mina təhdidinin aradan qaldırılması istiqamətində dəstək göstərmək məqsədilə ardıcıl tədbirlər görməyə çağırır”.
Aprelin 5-də Nikol Paşinyan, Ursula fon der Lyayen və Antoni Blinken arasında Brüsseldə keçirilən görüşdə İrəvana siyasi, iqtisadi, hərbi və humanitar yardım planının təsdiqlənməsi gözlənilir.
Caliber.az-ın etibarlı mənbələrdən aldığı məlumata görə, burada məqsəd Ermənistanın Avro-Atlantik məkana inteqrasiyasını təmin etməkdir. Görüşdə xüsusilə MDB ölkələri üçün Qərblə misli görünməmiş təhlükəsizlik sahəsində əməkdaşlığın razılaşdırılması nəzərdə tutulur.
Belə ki, kiberməkanda əməkdaşlıq sahəsində tərəflər ABŞ-Ermənistan və Aİ-Ermənistan kiberdialoq formatını işə salmağı planlaşdırırlar. Bu format həm də kibertəhdidlər və kritik infrastrukturun mühafizəsi məsələləri sahəsində müntəzəm məsləhətləşmələr üçün platformaya çevriləcək. İrəvan Qərb tərəfdaşlarının köməyi ilə kompüter insidentlərinə operativ reaksiya verən qrupların imkanlarını gücləndirmək niyyətindədir. Bu addım faktiki olaraq Ermənistanın internet və İT infrastrukturuna nəzarətin Qərb tərəfdaşlarına keçməsinə gətirib çıxara bilər. Eyni zamanda hibrid və kiber təhdidlərə qarşı mübarizədə avropalılar İrəvana Strateji Kommunikasiyalar üzrə Avropa Əməliyyat İşçi Qrupu - “STRATCOM” ilə əməkdaşlıq təklif edəcəklər.
Enerji təhlükəsizliyi sahəsində Vaşinqton və Brüssel Ermənistana Metsamor AES-in istifadəsi başa çatdıqdan sonra onun istismardan çıxarılmasında kömək etmək niyyətindədir. İclasda İrəvana yeni atom elektrik stansiyasının tikintisi üçün texnologiya, avadanlıq və maliyyə resursları söz veriləcək. Bundan əlavə, Paşinyan hökuməti Ermənistanda enerji saxlama qurğuları və modul nüvə reaktorlarının quraşdırılmasında maraqlıdır. Qeyd edək ki, ötən ilin sonundan etibarən Ermənistan və ABŞ arasında nüvə enerjisi üzrə çərçivə sazişinin - “Saziş 123” adlandırılan sazişin bağlanması məsələsi üzrə məsləhətləşmələr davam edir. ABŞ və Aİ həmçinin Paris sazişinin müddəalarına uyğun olaraq Ermənistanın yaşıl enerjiyə keçidini dəstəkləməyi, günəş və su elektrik stansiyalarının tikintisinə sərmayə qoymaqla bərpa olunan enerjinin inkişafına yardım etməyi planlaşdırır. Bütün bunlar İrəvanın xəyanətinə cavab olaraq Rusiya tərəfindən hazırlanan enerji blokadası şəraitində Ermənistana yardım planının həyata keçirilməsindən xəbər verir.
Avropanın İrəvana dəstəyinin əsas elementlərindən biri qlobal miqyasda ticarət və investisiyaların artırılması olacaq. Bu məqsədlə Ermənistanın “Sülh kəsişməsi” təşəbbüsü Aİ-nin ticarət siyasətinin tərkib hissəsi olan “Global Gateway” strategiyasına daxil ediləcək. Bu, infrastrukturun və yaşıl enerjinin inkişafı üçün layihələrə investisiyaları nəzərdə tutur. Bu məqsədlər üçün ilkin mərhələdə Aİ bir dəfəyə 20 milyon avro ayırmağa hazırdır. Qeyd edək ki, ABŞ və Aİ Ermənistanın Qara Dəniz Sualtı Ötürmə Xətti və Qara Dəniz Genişzolaqlı Şəbəkə layihələri kimi regional iqtisadi və infrastruktur təşəbbüslərinə qoşulmasını dəstəkləyir. Bundan əlavə, Aİ və Ermənistan viza rejiminin liberallaşdırılması üzrə dialoqa mümkün qədər tez başlamaq və “İkiqat vergitutma haqqında saziş” üzrə start vermək niyyətindədir.
Brüssel görüşünün əlamətdar nailiyyəti Rusiyanın məhdudlaşdırıcı tədbirləri zamanı İrəvanın iqtisadi və sosial nəticələrin öhdəsindən gələ bilməsi üçün Ermənistana büdcə dəstəyinin göstərilməsi məqsədilə ABŞ və Avropa İttifaqının əlavə maliyyə resursları ayırması olacaq. Xüsusilə, Qərb tərəfdaşları Ermənistan hökumətinin aşağı likvidlik və yüksək inflyasiya risklərini yumşaltmaq səylərini dəstəkləməklə yanaşı, Ermənistanı zəruri mal və xidmətlərə, eləcə də strateji istehlak məhsullarına maneəsiz çıxışla təmin etmək niyyətindədir. Ermənistanın maliyyə sabitliyini yaxşılaşdırmaq üçün İrəvanın xarici borcunun təcili silinməsi və ya onun restrukturizasiyası variantlarının müzakirəsi gözlənilir. Ənənəvi satış bazarlarında fors-major hallar yaranarsa, Aİ Ukraynadakı kimi Ermənistanın kənd təsərrüfatı məhsulları üçün kvotalar haqqında müddəaları nəzərdən keçirməyi planlaşdırır. Bununla yanaşı, ABŞ və Aİ böhranlı vəziyyətlərdə enerji təchizatını təmin etmək üçün Ermənistana strateji yanacaq ehtiyatları yaratmağa kömək etməyə hazırdır. Ermənistanın elektrik şəbəkələrinin modernləşdirilməsi və enerjiyə qənaət edən texnologiyalardan istifadə etməklə enerji səmərəliliyi proqramının həyata keçirilməsi üçün xüsusi yardım fondunun yaradılması nəzərdə tutulur. Bundan əlavə, enerji təchizatının şaxələndirilməsi və Rusiyadan asılılığın azaldılması məsələsində Ermənistana yardım göstərilməsinə dair razılığın əldə olunması gözlənilir. Bununla da “Qızılgül inqilabı”ndan sonra Gürcüstanda həyata keçirilən planabənzər Ermənistanı Qərbdən asılı salmaq planı işə düşəcək.
Bununla belə, ən böyük marağı ABŞ və Aİ-nin Ermənistana hərbi əməkdaşlıq və hərbi yardım planları, o cümlədən qabaqcıl hərbi texnologiyaların və silah sistemlərinin ötürülməsi, Ermənistan ordusu üçün təlim proqramlarının sayının artırılması və müştərək təlimlər planları yaradır. Xüsusilə, Ermənistanın hərbi ehtiyaclarını təmin etmək üçün Aİ hazırda Rusiya ilə müharibədə Ukraynaya hərbi dəstəyin maliyyələşdirilməsində əsas alət olan Avropa Sülh Fondu mexanizmindən istifadə etməyi öhdəsinə götürür.
Görüşün nəticəsi olaraq ABŞ-nin Xarici Hərbi Maliyyələşdirmə proqramı çərçivəsində Ermənistan ordusunun qabaqcıl hərbi texnika və texnologiya ilə təmin edilməsi planı razılaşdırılacaq. İlkin mərhələdə ABŞ Ermənistanı müasir anti-dron və hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyi planlaşdırır. ABŞ-nin Beynəlxalq Hərbi Təhsil və Təlim proqramı vasitəsilə Amerika hərbi təhsil müəssisələrində erməni hərbçilərin hazırlanması və ixtisaslarının artırılması üçün fəaliyyətlər planlaşdırılacaq. Amerikalılar Ermənistan ordusunun kiçik zabitlərinin peşəkar hazırlığı sahəsində də köməklik göstərəcəklərinə söz verirlər. Bundan əlavə, Ermənistan hərbi birləşmələrinin ABŞ Silahlı Qüvvələri ilə döyüş effektivliyi və qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədilə ABŞ-Ermənistan birgə təlimlərinin sayının artırılması gözlənilir. Gələcəkdə ABŞ Ermənistanın xüsusi əməliyyat qüvvələrinə, xüsusən də Ermənistan Milli Təhlükəsizlik Xidmətinin guya ölkə ərazisindən keçən beynəlxalq kommunikasiyaların mühafizəsinin təşkili məqsədilə yaradılan xüsusi bölməsinə təlim keçəcək. Ermənistanın kəşfiyyat xidməti ilə Qərb tərəfdaşları arasında sıx əməkdaşlıq qurmaq planlarını “Frontex” (Aİ Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyi) ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibinə daxil olan erməni sərhədçiləri arasında planlaşdırılan dialoqda da görmək olar. Bununla yanaşı, Aİ-nin Ermənistandakı missiyasının uzunmüddətli fəaliyyətini təmin etmək və imkanlarını genişləndirmək məqsədilə Brüssel və İrəvan arasında birgə səylərin birləşdirilməsi gözlənilir.
Qeyd edək ki, sammitin yekunu olaraq tərəflər ABŞ-Ermənistan ikitərəfli münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üzərində işləməyə başlayacaq, həmçinin Aİ-Ermənistan arasında yeni genişləndirilmiş əməkdaşlıq proqramının qəbulunu sürətləndirəcəklər. Bu mənada Brüssel və İrəvan təhlükəsizlik və müdafiə üzrə müntəzəm məsləhətləşmələrə başlamağı planlaşdırır.
Fransa kəşfiyyatına yaxın “Intelligence Online” media resursunun məlumatına görə, Pentaqon artıq özəl hərbi şirkətlər vasitəsilə İrəvana hərbi yardım göstərmək planlarını həyata keçirməyə başlayıb. Xüsusilə, nəşrin məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin subpodratçısı, Virciniyadan olan “Culmen International Group” şirkəti artıq Ermənistanın hərbi infrastrukturunun NATO standartlarına uyğunlaşdırılması üzərində işləyir. Bu şirkət Ermənistan Müdafiə Nazirliyinə strateji planlaşdırma və dəstək, silahların tədarükü və logistik təchizat zəncirlərinin yaradılması məsələləri üzrə məsləhətlər verir. Şirkətə Ermənistan ordusunun “sovet modeli”ndən “Qərb standartlarına” keçidini təmin etmək tapşırılıb.
Beləliklə də, Qərb Ermənistanda Ukrayna ssenarisi təkrarlanır və Ermənistanın “ukraynalaşması” baş verir. Regionda disbalans yarada biləcək təhlükəli oyun baş verənləri diqqətlə izləyən Moskva və Tehranın, eləcə də Bakı və Ankaranın kəskin reaksiyasına səbəb olacaq, həmçinin Cənubi Qafqazda yeni ayırıcı xətlərin yaranmasına gətirib çıxaracaq.
Rəsmi İrəvan Kremldən Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını tələb etməyə başlayıb, çünki Qərb hərbi kontingentinin bu ölkədə yerləşdirilməsi üçün məkan açmaq məcburiyyətindədir... Paşinyan hakimiyyəti üçün Qərb hərbi bazalarının Ermənistana yerləşdirilməsi əsas hədəf hesab olunur, əks halda, ABŞ və Avropa Birliyi ilə imzalanacaq təhlükəsizlik təminatı barədə pakt elə bir ciddi önəm daşıya bilməz...
ABŞ və Qərb Cənubi Qafqaza yerləşmək planlarını aktiv fazaya keçirib. Qərb siyasi dairələri bu planların reallaşması üçün müxtəlif radikal manevrlər etməyə çalışırlar. Bəzi ehtimallara görə, 5 apreldə ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilməsi planlaşdırılan ortaq konfrans Qərbin Cənubi Qafqaz ssenarilərinə start verdiyini təsdiqləyir. Və bu baxımdan, Cənubi Qafqazda geopolitik proseslərin məhz bu ortaq konfrans üzərində indeksləşməyə başlaması qətiyyən təəccüblü deyil.
Məsələ ondadır ki, Paşinyan hakimiyyətinin ortaq konfransa xüsusi önəm verməsi Ermənistanın ABŞ və Avropa Birliyindən müəyyən uzaqgedən vədlər aldığını göstərir. Hətta Qərb siyasi dairələri hələlik etiraf etməyə həvəsli olmasalar da, ortaq konfransda ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verilməsi barədə pakt imzalayacağı iddia olunur. Və belə bir yolverilməz addım atılarsa, bu, Cənubi Qafqazda hərbi-siyasi gərginliyi ən yüksək həddə çatdıra bilər.
Onu da qeyd etmək lazımdır ki, Ermənistanın siyasi dairələrində ortaq konfransa böyük ümidlər bəsləyirlər. Baş nazir Nikol Paşinyan öz yaxın ətrafına bildirib ki, ortaq konfransın nəticələri Ermənistanın və mövcud hakimiyyətin xilası baxımından, “kosmik” səviyyədə böyük əhəmiyyət daşıyır. Erməni baş nazir eyham vurub ki, Ermənistanın hansı istiqamətə yönələcəyi, kimin “təhlükəsizlik çətiri”nə sığınacağı həmin ortaq konfransın necə təticələnməsindən birbaşa asılı olacaq. Və rəsmi İrəvanın bu ümidlərinin arxasında gizlənən bəzi maraqlı detallar da artıq məlum olmağa başlayıb.
Paşinyan hakimiyyəti ortaq konfransdan dərhal sonra Ermənistanın mövcud situasiyadan çıxarılması istiqamətində “növbətçi bəyanatlar”dan daha təsirli konkret addımların atılmasını gözləyir. Rəsmi İrəvan belə addımlardan biri kimi, ABŞ və Qərbdən irihəcmli maliyyə yardımları gözləyir. Paşinyan hakimiyyəti Qərbdəki kuratorlarına mesaj verib ki, Ermənistanın Rusiyadan iqtisadi asılılıqdan çıxması üçün bir neçə milyard dollara ehtiyacı var. Əgər, Qərb belə nəhəng maliyyə vəsaitini ən qısa zamanda Ermənistana verməyə razılaşarsa, onda, rəsmi İrəvan təhlükəsizlik vektorunun istiqamətini Rusiyadan əks tərəfə çevirməyə artıq hazırdır.
Belə anlaşılır ki, rəsmi İrəvan ABŞ və Avropa Birliyindən Ermənistanın hərbi faktorlarla qorumasını, eləcə də, maliyyə ehtiyaclarının tam şəkildə təmin olunmasını umur. Üstəlik, Paşinyan hakimiyyəti bu iki məsələnin həll ediləcəyi təqdirdə, ABŞ və Qərbin “etimad”ını doğrulda biləcəyini qabartmaq üçün Ermənistanın kuratorlarının geopolitik hədəflərinə - Rusiyaya qarşı xüsusi aqressivlik də göstərir. Yəni rəsmi İrəvan Rusiyaya xəyanət mövqeyini davam etdirməkdə tərəddüd göstərməyəcəyini isbatlamağa çalışır.
Maraqlıdır ki, Kremlə yaxın siyasi dairələr də Paşinyan hakimiyyətinin Rusiya-Ermənistan əlaqələrini tamamilə kəsməyə hazır olmasına indi daha ciddi yanaşırlar. Onların fikrincə, rəsmi İrəvan artıq həqiqətən də belə bir riskə gedə bilər. Bu baxımdan, ABŞ və Qərbin Cənubi Qafqaza həm hərbi, həm də geopolitik yerləşməsi üçün “qapılar” demək olar ki, artıq açılmaq üzrədir.
Ancaq nə qədər qəribə də olsa, Kreml hələlik rəsmi İrəvanın Rusiyaya belə genişmiqyaslı xəyanət əməliyyatına çevik reaksiya verməkdə çətinlik çəkir. Kremlin rəsmi İrəvanın davranışlarına müqaviməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın Ermənistan hökumətinə yönəlik qınaqları ilə məhdudlaşır. Belə anlaşılır ki, başı Ukrayna savaşına qarışmış Rusiyanın Ermənistanın açıq və israrlı xəyanətinə bundan daha təsirli reaksiya potensialı mövcud deyil. Mariya Zaxarovanın isə Rusiyanın maraqlarını qorumaq üçün “Avropa Birliyinin mülki müşahidə missiyasının tədricən NATO-nun Ermənistandakı kəşfiyyat missiyasına çevrildiyini” vurğulamaqdan daha artığına gücü çatmır.
Kremldə nəhayət ki, anlamalıdırlar ki, Ermənistanı Rusiyadan qaçıb, Qərbə sığınmaq niyyətindən imtinaya məcbur etmək üçün bu, qətiyyən yetərli deyil. Hər halda, Paşinyan hakimiyyəti hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bir müddət öncə Ermənistana yönəlik təhdid mesajlarına belə, əhəmiyyət vermir. Çünki rəsmi İrəvan artıq Rusiya bazalarının və rus sərhədçilərin Ermənistandan çıxarılması ilə bağlı tələbləri gündəmə gətirərərk, daha israrla səsləndirməyə başlayıb. Və bu tələblər məhz Paşinyan hakimiyyətinin təmsilçiləri tərəfindən irəli sürülməkdədir.
Bütün bunlar onu göstərir ki, baş nazir Nikol Paşinyan 5 apreldə Brüsselə ABŞ və Avropa Birliyindən Rusiyaya qarşı konkret təlimatların alınması üçün gedəcək. Çünki ortaq konfransda rəsmi İrəvan həm təhlükəsizlik təminatı, həm də maliyyə dəstəyi ilə bağlı ABŞ və Avropa Birliyindən istədiklərini ala bilərsə, aprel Ermənistanın Rusiyadan qopma prosesinin başlanğıc dövrünə çevrilə bilər. İlk növbədə Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqından çıxmaq barədə qərar qəbul edəcəyi qətiyyən istisna deyil.
Bunun ardıncasa, rəsmi İrəvanın Kremldən Rusiya hərbi bazalarının Ermənistandan çıxarılmasını rəsmi müraciətlə tələb edəcəyi şübhə doğurmur. Çünki Paşinyan hakimiyyəti Qərb hərbi kontingentinin Ermənistanda yerləşdirilməsi üçün məkan açmaq məcburiyyətindədir. Hər halda, həm Qərb, həm də Rusiya hərbi bazalarının Ermənistan ərazisində eyni vaxtda dislokasiyasının mümkünlüyü o qədər də inandırıcı görünmür. Rəsmi İrəvan üçün isə Qərb hərbi bazalarının Ermənistana yerləşdirilməsi əsas hədəf hesab olunur. Və bu, baş verməzsə, Ermənistana təhlükəsizlik təminatı barədə paktın imzalanması elə bir ciddi əhəmiyyət daşıya bilməz.(Yeni Müsavat)