![]() |
|
Rusiyanın Xalq artisti Filipp Kirkorovun Bakıya gəlmə xəbəri səs-küysüz ötüşməyib.
Sənətçinin Azərbaycana təşrif buyurmasını birmənalı qarşılamayıb. Bəzi mənbələr iddia edib ki, Filippin maliyyə məsələləri ilə bağlı problemi olduğu üçün Rusiyanı tərk edib. Müxtəlif saytlarda çıxan iddialara Kirkorov və komandasından heç bir açıqlama gəlməyib.
OLAY-ın əldə etdiyi məlumata görə, sənətçinin Bakıya gəlmə səbəbi həmin gün qatılacağı toy mərasimi olub. Filipp paytaxtın dəbdəbəli restoranlarından birində keçirilən məclisdə iştirak edib və səhnə alıb. Lakin mərasimdən görüntülərin çəkilməsinə icazə verilməyib.
Azərbaycan Prezidenti İlham Əliyev pakistanlı həmkarı Asif Əli Zərdarini Pakistan Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Pakistan İslam Respublikasının milli bayramı − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Pakistan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsi bizi sevindirir. Dini-mədəni köklər və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin gündən-günə genişlənməsi, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımızın güclənməsi məmnunluq doğurur.
Bu gün siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə səmərəli əməkdaşlığımız ölkələrimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət edərək onları bir-birinə daha da yaxınlaşdırır. Aramızdakı fəal siyasi dialoq qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında mühüm rol oynayır. Biz Pakistana Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi daimi dəstəyinə və ədalətli mövqeyinə görə minnətdarıq.
Əminəm ki, Azərbaycan-Pakistan çoxşaxəli münasibətlərinin inkişafı, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə və qətiyyətlə həyata keçirəcəyik.
Belə bir bayram günündə Sizə ən xoş arzularımı çatdırır, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
***
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi ölkənin Milli Günü münasibətilə təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli cənab Baş nazir,
23 mart − Pakistan Günü münasibətilə Sizi və qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir və ən xoş arzularımı çatdırıram.
Pakistan Azərbaycanın yaxın dostu, qardaşı və etibarlı tərəfdaşıdır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin bütün sahələrdə genişləndirilməsinə, o cümlədən strateji tərəfdaşlığımızın daha da dərinləşməsinə xüsusi önəm veririk. Ali səviyyədə qarşılıqlı anlaşma və intensiv siyasi dialoq bunun üçün əlverişli zəmin və imkanlar formalaşdırmışdır.
Qardaş ölkələrimizin istər ikitərəfli qaydada, istərsə də beynəlxalq strukturlar çərçivəsində səmərəli əməkdaşlığı və bir-birini dəstəkləməsi məmnunluq doğurur. Ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Pakistanın davamlı dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı hər zaman yüksək qiymətləndirir.
Hazırda istər iqtisadi-ticari, istərsə də nəqliyyat, enerji, müdafiə, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətimizin genişlənməsi üçün yaxşı şərait mövcuddur. Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Pakistan ənənəvi dostluq münasibətlərini möhkəmləndirmək, çoxşaxəli əməkdaşlığımızı inkişaf etdirmək və strateji tərəfdaşlığımızı daha da dərinləşdirmək naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Tezliklə Bakıda görüşmək ümidi ilə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Moskva vilayətində “Krokus siti holl” əyləncə mərkəzində baş vermiş terror aktında ölən və ya yaralanan Azərbaycan vətəndaşlarının olub-olmaması ilə bağlı araşdırma aparılır.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, hələ ki, dəqiq məlumat yoxdur.
Xatırladaq ki, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, saat 10-da (Bakı saatı ilə 11) şəxsiyyəti müəyyən edilmiş ölənlərin siyahısı açıqlanacaq.
Ötən axşam Moskvadakı “Krokus siti holl”da terror aktı baş verib. Hadisə nəticəsində 70-dən çox adam ölüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızı Novruz bayramı münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:
“Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza bahar əhvali-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Öz mənşəyini tariximizin dərin qatlarından alan qədim Novruz bayramı ulu babalarımızın yüksək həyat eşqini, zəngin mənəviyyatını, geniş dünyagörüşünü və gələcəklə bağlı nikbin düşüncələrini dolğun təcəssüm etdirir. Onda cəmiyyətin təbiətlə vəhdətinin və insanlığa xas ali dəyərlərin – xeyirxahlığın, mərhəmətin, şəfqətin təntənəsi vardır. Milli özünüdərkin təşəkkülündə mühüm rol oynamış bu əziz bayram yurdumuzda, yüz illər əvvəl olduğu kimi, indi də xoş ovqatda rəngarəng mərasimlər və çoxsaylı el şənlikləri ilə qarşılanır.
Novruz ənənələrimiz çoxəsrlik mədəni keçmişinə həmişə xüsusi ehtiram göstərmiş müdrik xalqımızın bəşər sivilizasiyasına misilsiz töhfələrindəndir. Əcdadlarımızın müqəddəs yadigarı olan bu ənənələrin qorunub layiqincə yaşadılması və sonrakı nəsillərə çatdırılması hər bir azərbaycanlının vətəndaşlıq borcudur.
Builki Novruz bayramı ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası şəraitində həyatımızın yeni mərhələsinin başlanğıcına təsadüf etməsi ilə əlamətdardır. Yaz fəslinin yeniləşdirici ab-havası daha güclü Azərbaycan naminə hər birimizin qurub-yaratmaq əzmini artırır. Əminəm ki, azadlığına qovuşmuş əzəli torpaqlarımıza əbədi qayıdışımızı qalibiyyət duyğusundan aldığımız böyük ruh yüksəkliyi ilə ən qısa zamanda uğurla gerçəkləşdirəcəyik.
Qəlbləri nurla dolduran Novruz bayramının hər evə, hər ocağa bol sevinc, ruzi‑bərəkət və firavanlıq gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!”