![]() |
|
Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır və “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilir.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Fərmanda qeyd edilib ki, Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla, 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Xidmətin nizamnamə fondu 500 min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Aydın Zöhrab oğlu Kərimov Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, “Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 27 yanvar tarixli 2460 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 76 (Cild I) ləğv edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.
"Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı vermək üçün rəsmi İrəvanın hərbi təxribatlarında maraqlı ola biləcəyi qətiyyən istisna deyil... Ancaq rəsmi Bakının Ermənistanla yanaşı, onun beynəlxalq himayədarlarının da məsuliyyətini qabartması, o deməkdir ki, hərbi təxribat törədərək, günahı Azərbaycanın üzərinə atmaq niyyəti qətiyyən baş tutmayacaq...
Ermənistanın yeni hərbi təxribatlara hazırlaşdığı barədə məlumatlar artıq təsdiqlənməyə başlayıb. Belə ki, rəsmi İrəvanın son vaxtlar konstruktiv mövqe tutmağa üstünlük verməsi daha çox aldadıcı manevr təsiri bağışlayır. Hər halda, Paşinyan hakimiyyətinin bəyanatları ilə davranışları kəskin ziddiyyət təşkil edir. Və son günlər bu kəskin ziddiyyətlər daha qabarıq şəkildə müşahidə olunmaqdadır.
Məsələ ondadır ki, Ermənistan baş naziri Nikol Paşinyan fevral ayının sonlarında erməni toplumuna gələcəyə yönəlik "böyük ümidlər" paylamağa çalışırdı. Erməni baş nazir mart və aprel aylarında baş verəcək hadisələrin Ermənistanın gələcək taleyi və təhlükəsizliyi üçün həlledici xarakter daşıyacağını bildirmişdi. O, xüsusilə də, aprel ayında Ermənistanın təhlükəsizliyinin təmin edilməsi istiqamətində önəmli addımların atılacağını vurğulamışdı. Və həmin vaxt erməni baş nazirin dedikləri müəyyən mənada, şəxsi maraqlara hesablanmış piar kimi görünürdü.
Bütün bunların ardınca baş nazir Nikol Paşinyan gözlənilmədən Azərbaycanın dörd kəndinin geri qaytarılmasının vacibliyini gündəmə gətirdi. Ardınca həmin kəndlərin sakinləri ilə görüşüb, əks halda, Azərbaycanın yeni müharibəyə başlayacağını sübut etməyə çalışdı. Əlbəttə, hələ də Ermənistanın işğalı altında qalan dörd kəndin geri qaytarılmasının vacibliyi barədə deyilənlər konstruktiv mövqe təsiri bağışlayır. Ancaq erməni baş nazirin rəsmi Bakının yeni savaş üçün bəhanə axtardığı barədə iddiaları isə Azərbaycana qarşı böhran atmaqdan başqa bir şey deyildi.
Düzdür, həmin vaxt erməni baş nazirin bu ziddiyyətli açıqlamaları daha çox rəsmi İrəvanın Ermənistan cəmiyyətini Azərbaycanla yeni müharibə təhlükəsi ilə qorxudaraq, dörd kəndin qaytarılmasına daxili müqaviməti qırmaq cəhdi kimi də izah olunurdu. Ancaq indi məlum olur ki, bu, heç də belə deyilmiş. Əksinə, baş nazir Nikol Paşinyan həmin ziddiyyətli açıqlamalarla aldadıcı manevrlər edərək, hansısa önəmli proses üçün əlavə zaman qazanmağa çalışırmış. Və artıq erməni baş nazirin manipulyasiyalarının arxasında gizlənən əsas niyyət ifşa edilmiş durumdadır.
Baş nazir Nikol Paşinyanın eyham vurduğu Ermənistan üçün taleyüklü aprel gözləntisinin məhz ayın 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa Birliyi və Ermənistan arasında ortaq konfransının olduğu artıq məlumdur. Erməni baş nazirin manipulyasiyaları da elə bu ortaq konfransa hesablanıb. Belə ki, rəsmi İrəvan bu müddətə qədər Ermənistanı konstruktiv tərəf kimi təbliğ etməyə çalışır. Eyni zamanda, baş nazir Nikol Paşinyan ortaq konfrans çərçivəsində ABŞ və Avropa Birliyindən Ermənistan üçün sənədləşdirilmiş təhlükəsizlik təminatı qoparmağı da hədəfləyir. Bu səbəbdən də, Azərbaycanın "konstruktiv" Ermənistana qarşı yeni savaşa hazırlaşması barədə uydurma iddialara ehtiyac duyur.
Ancaq erməni baş nazir ABŞ və Avropa Birliyini Azərbaycanın yeni savaşa hazırlaşdığına inandırmağın qətiyyən asan olmayacağını da anlamamış deyil. Üstəlik, bəzi erməni mənbələri rəsmi İrəvanın böyük ümidlərinə baxmayaraq, ABŞ və Avropa Birliyinin Ermənistana təhlükəsizlik təminatı verməyə o qədər də həvəsli olmadığını vurğulayırlar. Onların qənaətinə görə, Qərbdə bundan tam imtina olunmasa da, hər halda, müəyyən tərəddüdlər hələ qalmaqdadır. Və indi baş nazir Nikol Paşinyan üçün bu tərəddüdləri arxa plana keçirtmək əsas hədəfə çevrilib.
Təbii rəsmi İrəvan indiki situasiyada qısamüddətli hərbi toqquşmaların Ermənistana Qərbin təhlükəsizlik təminatını qazandıra biləcəyi qənaətindədir. Ona görə də, Paşinyan hakimiyyəti aprelin 5-də baş tutacaq ortaq konfransa qədər mütləq sərhəd toqquşmalarına can atır. Rəsmi İrəvan çalışır ki, Azərbaycana qarşı hərbi təxribat törətsin, sonradan isə rəsmi Bakını günahlandıra bilsin. Bu haldasa, Ermənistanın yeni savaş vəziyyəti ilə üzə-üzə olduğunu qabardaraq, ABŞ və Avropa Birliyindən təhlükəsizlik təminatı qopara biləcəyinə ümid bəsləyir.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti aprelin 5-nə qədər planlaşdırdığı hərbi təxribatların hazırlıq prosesinə də başlayıb. Belə ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsinə yenə canlı qüvvə və hərbi texnika topladığını sübut edən video görüntülər yayılıb. Yəni, Paşinyan hakimiyyətinin manipulyativ planları müəyyən mənada, artıq ifşa edilib. Üstəlik, ortaq konfrans ərəfəsində belə bir uğursuzluq rəsmi İrəvan üçün "böyük ümidlər"in boşa çıxmasına da yol aça bilər.
Ona görə də, Ermənistan Müdafiə Nazirliyi isterik şəkildə əl-ayağa düşüb, canlı qüvvə və hərbi texnikanın Azərbaycanla sərhədə doğru hərəkətini təkzib etməyə çalışır. Ancaq Ermənistan Müdafiə Nazirliyinin verdiyi izahat və gətirdiyi arqumentlər məntiqsizdir. Çünki əsas izah ondan ibarətdir ki, guya bu, Ermənistanın sərhədə qoşun toplaması yox, sadəcə, yeni hərbi sürücülərin təlim prosesinin video görüntülərdir.
Ancaq Ermənistan Müdafiə Nazirliyi yeni sürücülərə təlim keçərkən, niyə hərbi avtomobilin silahlı əsgərlərlə dondurulduğuna heç bir aydınlıq gətirməyib. Digər tərəfdən, yeni sürücülərə təlim keçmək üçün avtomobilin qoşquları üzərində zirehli hərbi texnikaya, artilleriya qurğularına hansı səbəbdən ehtiyac duyulması da suallar doğurur. Ən əsası isə yeni sürücülərin təlim keçməsi üçün hansı səbəbdən canlı qüvvə və hərbi texnika yüklənmiş avtomobil karvanının Azərbaycanla sərhəd bölgəsinə istiqamət alması da izah olunmalıdır. Və belə anlaşılır ki, rəsmi İrəvan məntiqsiz yalanlar uydurarkən, hər kəsi onlara inandıra biləcəyi qədər sadəlövh hesab edir.
Təbii ki, rəsmi Bakı bütün fəaliyyəti təxribatlardan ibarət olan Ermənistanın uydurma izahatlarına inanmamaqda tamamilə haqlıdır. Çünki rəsmi İrəvanın dediklərinin əksinə olaraq, mövcud sübutlar tamamilə fərqli niyyətlərdən xəbər verir. Hər halda, Ermənistanın aprelin 5-nə qədər Azərbaycana qarşı hərbi təxribat törətməyə hazırlaşdığı açıq-aşkar nəzərə çarpır.
Hətta ola bilər ki, ABŞ və Avropa Birliyi də Ermənistana təhlükəsizlik təminatı vermək üçün rəsmi İrəvanın hərbi təxribatlarında maraqlı olsun. Bu səbəbdən də, Azərbaycanın Müdafiə Nazirliyi rəsmi İrəvanın törətməyə hazırlaşdığı hərbi təxribatlara görə həm Ermənistanın, həm də onun beynəlxalq himayədarlarının məsuliyyət daşıyacağını bəyan edərkən, tamamilə məntiqə əsaslanır. Və bütün bunlardan sonra Ermənistanın hərbi təxribat törədərək, günahı Azərbaycanın üzərinə atmaq niyyəti baş tutmayacaq.(Yeni Müsavat)
Son zamanlar Ermənistan-Azərbaycan şərti sərhədinin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi, zirehli texnikası, artilleriya qurğuları, habelə digər ağır atəş vasitələrinin cəmləşdirilməsi və qoşunların intensiv hərəkəti müşahidə olunur.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Son vaxtlar Ermənistanda Azərbaycanı müharibə ilə hədələyən revanşist qüvvələrin daha da fəallaşması, ölkəmizə qarşı aqressiv ritorikanın yüksək həddə çatması və təxribat cəhdlərinə hazırlıq məqsədilə informasiya məkanında vəziyyətin gərginləşməsinə xidmət edən təhrikçi məlumatların sayının artması özünü büruzə verir.
Xəbərdarlıq edirik ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycana qarşı hər hansı hərbi təxribat cəhdi olarsa, onun qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınacaqdır.
Bir daha bəyan edirik ki, vəziyyətin gərginləşməsinə və baş verə biləcək hər hansı təxribata görə bütün məsuliyyət tamamilə Ermənistan və onun havadarlarının üzərinə düşəcəkdir.
Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazir müavinləri, qoşun (qüvvə) növləri komandanları, nazirliyin baş idarə və idarə rəisləri, eləcə də hərbi hissə komandirlərinin bilavasitə və videobağlantı vasitəsilə iştirak etdiyi müşavirədə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların, həmçinin 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdıran müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin martın 18-də Xankəndi şəhərində Novruz bayramı münasibətilə xalqımızı təbrik edərkən İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı zamanı Ordumuzun döyüş qabiliyyəti ilə bağlı səsləndirdiyi fikirlərin Azərbaycan Ordusuna verilən yüksək dəyərin göstəricisi olduğunu qeyd edib.
Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib, hərbi hissələrin döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi barədə vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyulub.
General-polkovnik Z.Həsənov silahlanmaya yeni qəbul edilmiş müasir silah, texnika və digər döyüş vasitələrinin tətbiqi ilə real döyüş şəraitinə uyğun keçirilən təlimlərin və praktiki məşqlərin intensivliyinin daha da artırılmasının vacibliyini vurğulayıb.
Müdafiə naziri şəxsi heyətin sağlamlığının qorunmasının daim diqqət mərkəzində saxlanılması, xüsusilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2024-cü ilin aprel ayının 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yeni çağırılacaq gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması və xidmət müddətini başa vurmuş hərbi qulluqçuların planlı şəkildə yola salınması ilə bağlı müvafiq göstərişlər verib.
Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində görülən işlərin davam etdirildiyi qeyd olunub. Bunun bariz nümunəsi olaraq dövlətimizin başçısının 28 dekabr 2011-ci il tarixli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanının icrasının təmin edilməsi məqsədilə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara daimi mənzillərin verilməsinin hərbi qulluqçularda böyük ruh yüksəkliyi yaratdığı xüsusi vurğulanıb.
Gündəlik xidməti fəaliyyətdə təhlükəsizlik qaydalarının şəxsi heyətə mütəmadi olaraq çatdırılması və bu qaydalara onlar tərəfindən əməl olunmasına ciddi nəzarət edilməsinin, eləcə də silah, döyüş və xüsusi texnikanın istismarı zamanı iqlim şəraitinin xüsusiyyətlərinə diqqət yetirilməsinin vacibliyi qeyd olunub.
Müdafiə naziri qoşun xidməti və ideoloji işin yüksək səviyyədə təşkilinə, hərbi qulluqçuların sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına, həmçinin mühəndis və tibbi təminat üzrə həyata keçirilən zəruri tədbirlərə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslər qarşısında konkret tapşırıqlar qoyub.
Sonda general-polkovnik Z.Həsənov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım və maarifləndirici tədbirlərin keçirilməsi barədə göstərişlər verib.
Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin təəssüf ki, buna mane olurlar.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Phoenix” telekanalına müsahibəsində deyib.
Lakin onun fikrincə, bu vəziyyətə çatana qədər Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməli, ərazi bütövlüyünü və suverenliyini bərpa etməli oldu: "Azərbaycan həqiqətən də bunu etməyə məcbur idi, çünki biz ikili standartlarla, xarici hərbi təcavüz və hərbi işğal siyasətinə bəraət qazandırmaqla yanaşı, separatizmin təşviqi ilə də üzləşmişdik. Yenə də hər bir ölkə kimi bu, Azərbaycan üçün də qəbuledilməz idi”.
"Biz sülhü və təhlükəsizliyi təmin etmişik. İndi Ermənistan və Azərbaycan sülhə heç vaxt olmadığı qədər yaxındırlar. Son altı ayda Ermənistan-Azərbaycan sərhədində iki ölkə tarixində ən sakit dövrlərdən biri olub", - Prezidentin köməkçisi vurğulayıb.
"Biz (Azərbaycan və Ermənistan) sülh sazişi ilə bağlı irəliləyiş əldə edirik. Azərbaycanın yanaşması ondan ibarətdir ki, sülh Azərbaycanla Ermənistan arasındadır, çünki bu region bizə məxsusdur. Vaşinqtonda, Brüsseldə, Parisdə yox, iki ölkə arasında Cənubi Qafqaz regionunda sülh təmin edilməlidir”, - o bildirib.
H.Hacıyevin fikrincə, Bakı və İrəvan qarşıdurma səhifəsini çevirib irəli getməli, həmçinin sülh sazişinə görə məsuliyyəti gücləndirməlidir: "Ola bilsin ki, bu, uzun proses olacaq”.
O, həmçinin qeyd edib ki, Azərbaycanın hədəfi Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq regionuna çevirməkdir: "Biz hərbi işğalın hədəfi olmasına baxmayaraq, sülh sazişinin mətnini hazırladıq, sülh sazişinin 5 fundamental prinsipini də formalaşdırdıq. Görürük ki, biz irəliləyirik, amma təəssüf ki, regional əməkdaşlığa, sülh gündəliyinə mənfi təsir göstərən müəyyən siyasət yürüdənlər var”.