|
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası baş nazirinin Aparatı arasında qəbul olunmuş birgə bəyanat qarşılıqlı sülh gündəliyinin irəli aparılması və ölkələrimiz arasında münasibətlərin normallaşdırılması üçün qarşılıqlı siyasi iradənin bir daha nümayişidir.
Bu sözləri dövlət başçısı dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edərkən deyib.
Prezident vurğulayıb ki, Avropa Şurası da iki ölkə arasında etimad quruculuğu proseslərinə töhfə vermək üçün çox yaxşı platformadır.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Azərbaycanla Ermənistanın niyə sülhə bu qədər yaxınlaşmasını və bir gündə nələr yaşanmasını təhlil edib.
Ekspert səbəbləri aşağıdakı kimi sadalayıb:
“1. Qazaxda ikitərəfli görüşdən sonra baş verənlər gözlənilən olsa da, anlaşılan deyildi, çünki proseslərdə daim destruktiv mövqedə duran İrəvan üçün sınaq anı - üç ildir ki, neqativ rənglərdə davam edirdi.
Amma Qazax görüşü üç dünyəvi mərkəzin bir lokal mərkəzlə əvəz edilə biləcəyi təcrübəsi üçün mühüm qənaətlər yaratdı.
2. İlham Əliyevin "İstəsək, bir gündə Zəngəzur yolu və s." açıqlaması real politik baxımdan Ermənistanda olduqca tez və isti-isti oxundu, çünki 3 ilin bilançosunda Ermənistanın aktivində 5-ə yaxın məğlubedilmiş akt vardı.
3. Azərbaycan üç il ərzində Ermənistanın faktiki müttəfiqlərini nominallaşdırdı və onu meydanda tək qoydu.
4. Fransa silahları veriləsə də gücü, texniki imkanları qaneedici olmadığı üçün müharibə səbəbi ola biləcəyi ehtimalı İrəvanda qış ayında hər kəsi üşəndirdi, Əliyev o silahlarla da bağlı qapalı mesajını açıq verdi.
5. Rusiya Ukraynanın ək-hücumlarının "yedi" və üstünlüyü qismən də olsa, ələ keçirdi, Yaxın Şərq "xonçada" hədiyyəsini qəbul edən Moskvanın üzü Kiyevdən mütləq Qafqaza - məhz İrəvana, Paşinyanla məşhər haqq-hesabına dönəcəyi yəqinləşməkdədir”.
Ə.Əlibəylinin sözlərinə görə, İrəvana lokal mənada Türkiyə və Azərbaycan dəstək olacaq və Paşinyan bunu daha tez anlayıb:
“İran da "Zəngəzur qırmızı xəttimizdir" deyərək, onu aldatdı və "yağlı tikə"ni öz ərazisinə salaraq kiçik müttəfiqini oyudankənar duruma saldı. Bu, İrəvanda indi daha dəhşətli görünür.
Azərbaycan Qarabağda seçkilər keçirəcək, həm də müstəqllik dövrünün ilk seçkisini, bu seçki Ermənistanda bəlli qüvvələrin tabutuna vurulmuş son mismar olacaq ki, hər iki tərəf üçün yeni bir münasibətin başlanması hadisəsidir.
Azərbaycan indi Qarabağda, dünən prezidentin dediyi kimi isə, sabah Qərbi Azərbaycanda olmağı hədəfləyirlər”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 8-də Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriçi qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dünən Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanması niyyəti təsdiq edilib.
Bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezident Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının birgə bəyanatı dərc edilib:
“Dünən sülh sazişi bağlamaq niyyəti təsdiq edilib. Bu addımların davamını biz yaxın zamanlarda müşahidə edəcəyik”.
Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməni əsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
APA xəbər verir ki, otuz iki nəfərlik siyahıya Azərbaycan xalqına qarşı müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlər törətmiş qondarma rejimin rəhbərləri Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi şəxslər daxil deyil.
Ermənistana qaytarılması nəzərdə tutulan 32 nəfər (26 nəfər 2020-ci ilin dekabrında Hadrut istiqamətində keçirilmiş antiterror tədbirləri zamanı həbs edilmiş şəxslər, qalan 6 nəfər müxtəlif vaxtlarda sərhəddə saxlanılmış şəxslər) artıq cəzalarının böyük hissəsini çəkiblər.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.
Açıqlamanı təqdim edirik: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.
Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.
Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.
Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Asim bəy, Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri Jozef Borrelin Azərbaycana qarşı hikkəsi davam edir. Bu şəxsin ölkəmizə qarşı nifrət üzərində qarayaxma kampaniyasının arxasında kimlər durur?
- Əslində Fransa Afrika, Sakit okean və Karib hövzəsində müstəmləkə siyasətində məğlub olub. Amma bu ölkə özünün imperialist maraqları naminə indiki halda Cənubi Qafqazdakı boşluqdan istifadə edərək yeni müharibələr, silahlanma, erməni diasporunun istəyi ilə revanşizm siyasətini həyata keçirməyə dəstək verir. Bununla yanaşı rəsmi Paris Avropa Birliyində öz imkanlarından istifadə edərək Azərbaycana qarşı çirkin kampaniya aparır. Ona dəstək verən Avropa siyasətçiləri də az deyil. Zəngin erməni diasporunun maliyyə imkanlarından bəhrələnərək Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.
- Sizcə, bu proses nə vaxt bitəcək?
- Bu heç vaxt bitməyəcək. Amma əsas odur ki, müharibə bitib, Azərbaycan ərazi bütövlüyünü təmin edib. Ölkəmiz artıq qarşıda duran digər məsələləri həll edir. Karvan öz yoluna davam edir. Ona görə də, bu cür çirkin və siyasi korrupsiyaya qurşanmış siyasətçilər heç nəyə nail ola bilməyəcəklər.
- Növbəti dəfə ATƏT-in Minsk Qrupunu Azərbaycanla Ermənistan arasındakı prosesə daxil etmək cəhdləri var. Bunun hansısa perspektivi varmı?
- Minsk Qrupu artıq rəsmi şəkildə mövcud deyil. BMT Təhlükəsizlik Şurası bu təşkilata mandan vermişdi. Münaqişə olmadığına görə, Minsk Qrupu da yoxdur. Separatizm yuvası dağılıb həmsədrlərin məşğul olacağı heç nə qalmayıb.
- İkitərəfli danışıqların vasitəçi olmadan irəliləməsi mümkün olacaqmı?
- Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan danışıqlara başlamalıdır. Bu müzakirələri sürətlə bitirib sülh sazişi imzalanmalıdır. Bunun ardınca isə delimitasiya və demarkasiya məsələləri həll olunmalıdır. Eyni zamanda kommunikasiyaların açılması üzərində bilavasitə danışıqlar aparılmalıdır. Bu proses bizim bölgəyə aid olduğu üçün iki ölkə bunu həll etməlidir.
- Sülh üçün perspektivləri necə dəyərləndirirsiniz?
- Bunun üçün yaxşı imkanlar var. Xarici ölkələrin bura müdaxiləsi ancaq sülh prosesini pozmağa hədəflənir. Erməni diasporasının niyyəti bundan ibarətdir. Reallıqda isə erməni xalqının bu cür siyasətdən bezdiyi, yorulduğu müşahidə edilir. Ona görə də, ikitərəfli danışıqlarla sülh sazişi imzalanmalıdır. Bununla da Ermənistan bölgənin məsuliyyətli ölkəsinə çevrilməsi üçün imkanlar açıla bilər.
- Erməni tərəfinin ikitərəfli danışıqlarda sona qədər səmimi olacağına kim qarantiya verə bilər?
- Bunun səbəbləri başqadır. Ermənistan hakimiyyətinin terror qorxusu amilini də burada nəzərə almaq lazımdır. 1999-cu ildə Ohanyanın terrorçu bandası İrəvanda parlamentdə daxil olub güllə-baran etmişdi. Paşinyan komandası da bu halda ola biləcək terrordan qorxur. Çünki çox gözəl bilirlər ki, radikal erməni qrupların terror ənənələri var. Onlar hazırda da ermənistan daxilində vəziyyəti gərginləşdirmək istəyir. Qərb ölkələri sülh istəyirsə Ermənistana bu məsələdə kömək etməlidir.